Azərbaycan respublikasinin cinayət hüququnda qulluğa səHLƏnkar yanaşmaya göRƏ Cİnayət məsuliYYƏTİNİn hüquqi-tariXİ TƏDQİQİ



Yüklə 15,22 Kb.
tarix14.04.2018
ölçüsü15,22 Kb.
#38279


AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT HÜQUQUNDA QULLUĞA SƏHLƏNKAR YANAŞMAYA GÖRƏ CİNAYƏT MƏSULİYYƏTİNİN HÜQUQİ-TARİXİ TƏDQİQİ
Ceyhun ƏZİZOV,

BDU-nun Cinayət hüququ və

кriminоlogiya kafedrasının magistrantı
Azərbaycan Respublikası müstəqil dövlət və beynəlxalq hüququn subyekti kimi Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq öz silahlı qüvvələrinə malikdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələri (daha sonra -SQ) Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücümun qarşısının alınmasına, təcavüz olarsa, onun dəf edilməsinə xidmət edir [1, maddə 1, səh.2]. 1995-ci il Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikası qısa bir müddət ərzində müdafiə, hərbi quruculuq, SQ-in komplektləşdirilməsi məsələlərini nizama salan qanunlar qəbul etmiş, hərbi xidmətin əsasları, hərbi xidmətə çağırışın və qəbulun, hərbi vəzifəlilərin və çağırışçıların hərbi uçotu, hərbi xidmətin yüksək nizam-intizamla keçirilməsi, SQ-in döyüş və səfərbərlik hazırlığının saxlanması qaydaları müəyyən edilmişdir. Silahlı qüvvələrin daimi döyüş qabiliyyətli və döyüş hazırlıqlı olmasının zəruri şərti – hərbi qulluqçular tərəfindən onların vəzifələrini, funksiyalarını və onlara verilən tapşırıqları müəyyən edən normativ aktların tələblərinə dönmədən riayət edilməsi, yüksək hərbi intizamın dəstəklənməsidir.

Qüvvədə olan 1999-cu il Cinayət Məcəlləsində “qulluğa səhlənkar yanaşma” cinayəti “hərbi xidmət əleyhinə olan cinayətlər” sisteminə daxildir. Qeyd edək ki, bilavasitə obyektdən asılı olaraq, hərbi xidmət əleyhinə olan cinayətlər dörd qrupa bölünür ki, “Qulluğa səhlənkar yanaşma” cinayəti “rəis və ya vəzifəli şəxs tərəfindən hərbi hidmət əleyhinə törədilmiş cinayətlər” qrupuna aid edilir [6, s.164].

Qulluğa səhlənkar yanaşma hərbi xidmət əleyhinə olan cinayətlərin sisteminə ilk dəfə 1927-ci il CM-də daxil edilmişdir (maddə 256). Lakin, 1922-ci il Azərbaycan SSR CM-də (maddə 105), həmçinin 1960-cı ildə qəbul edilmiş CM-nin ilkin redaksiyasında bu cinayət yalnız ümumi norma kimi vəzifə cinayətləri sisteminə daxil idi. Qeyd edək ki, 1984-cü ildə qanunverici 1927-ci il CM-nin mövqeyinə qayıdaraq, yenidən qulluğa səhlənkar yanaşma cinayətini müstəqil cinayət növü kimi hərbi xidmət əleyhinə olan cinayətlər sisteminə daxil etmişdir (maddə 255-1). 1999-cu ildə qəbul edilmiş CM-də səhlənkarlığa görə məsuliyyət həm ümumi normada (maddə 314), həm də cinayətin subyektinin xüsusi əlamətlərinə görə (hərbi qulluqçu) hərbi xidmət əleyhinə olan cinayət kimi müəyyən edilmişdir.

1999-cu il CM-nin 342.1-ci maddəsinə görə “rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna səhlənkar yanaşması əhəmiyyətli zərər vurduqda iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Eyni əməllərin ağır nəticələrə səbəb olması, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədilməsi isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır [3].

Qeyd etdiyimiz cinayətin bilavasitə obyekti rəisə və ya hərbi vəzifəli şəxsə həvalə olunmuş hüquq və vəzifələrin həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Bu cinayət obyektiv cəhətdən rəisin və ya hərbi vəzifəli şəxsin öz üzərinə düşən hərbi xidmət vəzifələrini yerinə yetirməməsində və ya natamam şəkildə yerinə yetirməsində, hərbi idarəçilik orqanlarının normal fəaliyyətinə, hərbi xidmətin mənafeyinə, yaxud hərbi qulluqçuların və ya digər şəxslərin qanunla qorunan hüquq və mənafelərinə əhəmiyyətli zərər vurmasında, habelə ağır nəticələrin meydana çıxmasında ifadə olunur. Təqsirkarın hərəkət və ya hərəkətsizliyi ilə meydana çıxmış zərərli nəticələr arasında səbəbli əlaqənin mövcud olması obyektiv cəhətin zəruri əlamətidir. Tövsifedici hallar qulluğa səhlənkar yanaşmanın ağır nəticələrə səbəb olmasını, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədilməsini nəzərdə tutur. Ağır nəticələrə hərbi intizamın, hərbi hissənin və bölmənin döyüş hazırlığının ən ciddi formada pozulması, fəlakət və ya qəza baş verməsi, döyüş texnikasının məhv edilməsi və ya zədələnməsi, böyük maddi zərər vurulması, şəxsiyyətin sağlamlığına ciddi zərər vurulması və sair aid ola bilər [4]. Cinayətin subyektiv cəhəti təqsirin həm cinayətkarcasına özünəgüvənmə, həm də cinayətkarcasına etinasızlıq formasında ehtiva olunur. Tədqiq edilən cinayətin subyekti xüsusi subyektdir və subyekt qismində hərbi rəis və ya yaxud digər hərbi vəzifəli şəxs çıxış edə bilər.

Beləliklə də, Azərbaycanda müxtəlif vaxtlarda qüvvədə olan bütün cinayət qanunlarında qulluğa səhlənkar yanaşma cinayəti fərqli tərkib əlamətləri və ağırlaşdırıcı halları ilə də olsa belə həmişə cinayət hesab edilmişdir. Fikrimizcə, bu cinayətin qüvvədə olan 1999-cu il CM-nin 342-ci maddəsində göstərilən tərkibi öncə qəbul edilmiş cinayət qanunvericilikləri ilə müqayisədə daha mükəmməl və məqsədəuyğun hesab edilə bilər. Amma 342.2-ci maddənin (ağırlaşdırıcı hallarda qulluğa səhlənkar yanaşma) sanksiyası bir qədər yumşaqdır və sanksiyanın daha da ağırlaşdırılması və beləliklə bu cinayətin əsas tərkibini (342.1) – az ağır, ağırlaşdırıcı hallarda olan tərkibini isə (342.2) ağır cinayətlər kateqoriyasına daxil ediməsi daha məqsədəuyğun hesab edilə bilər.


Ədəbiyyat siyahısı:


  1. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu. 9 oktyabr,1991-ci il.

  2. Azərbaycan Respublikası Cinayət Мəcəlləsini Комментаriyası /F.Y. Səməndərovun red. Ilə. Baki: Digesta, 2006, 960 s.

  3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Bakı: Hüquqi ədəbiyyat. 2010, 354 s.

  4. İmanlı M.N. Cinayət hüququ. Xüsusi hissə. Təcrübi materiallar toplusu ilə birgə. Bakı: Zərdabi nəşriyyatı. 2009.

  5. Əliyev A. Hərbi qulluqçuların hüquqi məsuliyyəti. Bakı: Səda nəşriyyatı. 2008, 152 s.

  6. Самедова Ш.Т. Уголовное право Азербайджанской Республики. Особенная часть. Баку: Адыльоглы, 2008, 183 с.



Yüklə 15,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə