Azərbaycan respublikasinin meşƏ MƏCƏLLƏSİ



Yüklə 249,29 Kb.
səhifə1/3
tarix03.05.2018
ölçüsü249,29 Kb.
#41281
  1   2   3

AZƏRBAYCAN RESPUBLİKASININ MEŞƏ MƏCƏLLƏSİ

 

Bu Məcəllə Azərbaycan Respublikasının ərazisində meşə münasibətlərinin tənzimlənməsinin, meşələrdən istifadənin, onların mühafizəsinin, qorunmasının, bərpasının, ekoloji və ehtiyat potensialının yüksəldilməsinin hüquqi əsaslarını müəyyən edir.



Meşə münasibətlərinin tənzimlənməsi meşə bitkilərinin, torpağın, heyvanat aləminin və ətraf mühitin mühüm ekoloji, iqtisadi və sosial əhəmiyyət kəsb edən digər komponentlərinin vəhdəti olan meşə anlayışı nəzərə alınmaqla həyata keçirilir.

 

 



I fəsil

Ümumi müddəalar

 

Maddə 1. Əsas anlayışlar



 

Bu Məcəllədə işlədilən əsas anlayışlar aşağıdakılardır:



meşə — bioloji cəhətdən qarşılıqlı əlaqəli və öz inkişafında bir-birinə təsir göstərən, torpağın, suyun, ağac, kol və ot bitkilərinin, heyvanların, mikroorqanizmlərin və ətraf mühitin digər tərkib hissələrinin vəhdəti;

meşə fondu sahələri — meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq sahələri;

meşə münasibətləri — meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər;

xüsusi qiymətli meşə massivləri — tərkibində relikt və endemik ağac və kol cinsləri olan nadir meşələr, məhsuldarlığı və genetik keyfiyyəti ilə fərqlənən, habelə estetik cəhətcə nadir mənzərəli meşə sahələri;

yaşıllıq zonalarının meşələri — şəhərlərin və digər yaşayış məntəqələrinin sərhədləri xaricində və ya onlara yaxın olan sahələrdə yerləşən, mühüm qoruyucu, sanitariya-gigiyena, sağlamlaşdırma funksiyalarını yerinə yetirən və əhalinin istirahəti üçün istifadə edilən meşələr;

yabanı meyvə meşələri — meşə fondu ərazisində təbii bitən, yaxud süni yolla yaradılan və tərkibində təsərrüfat əhəmiyyətli miqdarda qiymətli meyvə, giləmeyvə və qərzəklilər olan meşələr, meşə-bağlar, bağlar və həmin cinslərin plantasiyaları;

dövlət qoruyucu meşə zolaqları — xətti qaydada süni salınan, iqlimtənzimləyici, torpaqqoruyucu və suyu mühafizə funksiyalarını yerinə yetirən meşələr;

qeyri-meşə torpaqları — meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlar, habelə meşə fondunun sərhədləri daxilində yerləşən digər torpaqlar;

meşəbərpa qırması — meşələrin vəziyyətini yaxşılaşdırmaq və təbii qoruyucu funksiyaları gücləndirmək məqsədilə qırma yaşı çatmış və ya ötmüş ağaclarda aparılan qırma;

aralıq istifadə üçün qırma — meşəyə qulluq, seçmə sanitariya və yenidənəkmə ilə əlaqədar qırmalar, az qiymətli ağaclıqların, habelə qoruyucu, suyu mühafizə və başqa funksiyalarını itirmiş ağac və kolluqların kəsilməsi ilə əlaqədar olan digər qırmalar;

relikt bitkilər — keçmiş geoloji dövrlərin florasından qalmış və yeni yaşayış mühitinə uyğunlaşaraq müasir biosenozun tərkibinə daxil olan bitki növləri;

arid bitkilər — buxarlanan rütubətin miqdarının yığıntı miqdarından çox olduğu quraq iqlimli ərazilərin bitkiləri.

 

Maddə 2. Azərbaycan Respublikasının meşə qanunvericiliyi



 

Azərbaycan Respublikasının meşə qanunvericiliyi bu Məcəllədən, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq dövlətlərarası müqavilələrdə Azərbaycan Respublikasının meşə qanunvericiliyindən fərqli qaydalar müəyyən edilmişdirsə, beynəlxalq müqavilələrin tələbləri tətbiq edilir.

 

Maddə 3. Azərbaycan Respublikası meşə qanunvericiliyinin məqsəd və vəzifələri



 

Azərbaycan Respublikası meşə qanunvericiliyinin məqsəd və vəzifələri meşələrin əhəmiyyətini nəzərə almaqla onları elmi əsaslarla idarə etmək, meşə ekosisteminin bioloji müxtəlifliyini saxlamaq, meşələrin ehtiyat potensialını yüksəltmək prinsipləri əsasında onlardan səmərəli istifadəyə, meşələrin mühafizəsini, qorunmasını və bərpasını təmin etməyə yönəldilmişdir.

 

Maddə 4. Meşə qanunvericiliyi ilə tənzimlənən münasibətlər



 

Meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir.

Meşə fonduna daxil olmayan yaşıllıqların (bundan sonra — yaşıllıqlar) istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər Azərbaycan Respublikasının mülki, bitki aləmi, torpaq və su qanunvericilikləri, habelə “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Məcəllənin müvafiq maddələri ilə tənzimlənir.

Meşə fondu ərazisində heyvanat aləminin, su obyektlərinin, yerin tərkinin, atmosfer havasının istifadəsi və mühafizəsi sahəsində münasibətlər Azərbaycan Respublikasının meşə qanunvericiliyi ilə meşələrin, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarının səmərəli istifadəsi, mühafizəsi, qorunması və bərpası üçün lazım olan həddə tənzimlənir.

Meşələrin, habelə meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması zamanı yaranan əmlak münasibətləri, əgər bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə tənzimlənir.

Meşələrin, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması zamanı yaranan inzibati münasibətlər, o cümlədən maliyyə münasibətləri bu Məcəllə ilə Azərbaycan Respublikasının inzibati və maliyyə qanunvericiliklərinə uyğun olaraq tənzimlənir.

 

Maddə 5. Meşə münasibətlərinin obyektləri



 

Meşə münasibətlərinin obyektləri Azərbaycan Respublikasının meşə fondu (bundan sonra — meşə fondu), meşə fondunun sahələri//çıxarılıb// və onlardan istifadə hüquqlarıdır.

 

Maddə 6. Meşə fondu, meşə fondunun torpaqları və sahələri



 

Azərbaycan Respublikasının ərazisindəki bütün meşələr, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondunun torpaqları (meşə və qeyri-meşə torpaqları) Azərbaycan Respublikasının meşə fondunu təşkil edir.

Meşə fondunun sərhədləri meşə fondunun torpaqlarını digər torpaqlardan ayıran hüdudlarla müəyyən edilir.

Torpaqların meşə fonduna daxil edilməsi və oradan çıxarılması Azərbaycan Respublikasının meşə qanunvericiliyi və torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Meşə torpaqlarına meşə bitkiləri ilə örtülü olan torpaqlar və bu bitkilərlə örtülü olmayan, lakin meşələrin bərpası üçün nəzərdə tutulmuş torpaqlar (meşələşməmiş qırma sahələri, yanğın yerləri, seyrəkliklər, talalar, qurumuş ağaclıqlar, tinglik sahələri, çətiri birləşməmiş meşə əkinləri və digərləri) aid edilir.

Qeyri-meşə torpaqlarına meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlar (kənd təsərrüfatı torpaqları, meşə mərzləri, yollar altında olan torpaqlar və digər torpaqlar), habelə meşə fondunun sərhədləri daxilində yerləşən sair torpaqlar (bataqlıqlar, daşlıqlar, qayalıqlar yerləşən və istifadə üçün əlverişsiz başqa torpaq sahələri) aid edilir.

Meşə fondunun sahələrinə meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq sahələri aid edilir.

Meşə fondu sahələrinin sərhədləri meşə təsərrüfatı işarələri ilə naturada nişanlanmalı və plan-xəritə materiallarında (meşə xəritələrində) göstərilməlidir.

 

Maddə 7. Meşə fonduna daxil olmayan yaşıllıqlar

 

Aşağıdakı yaşıllıqlar meşə fonduna daxil deyildir:



xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar (bu Məcəllənin 74-cü maddəsi nəzərə alınmaqla);

xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar;

kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər);

ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar);

məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil və səhiyyə, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar);

xüsusi təyinatlı yaşıllıqlar (sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar).

 

Maddə 8. Meşə münasibətləri obyektlərinin dövriyyəsi



 

Meşə fondunun dövriyyəsinə, həmçinin meşə fondu sahələrinin özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqıya, girov qoymaya və digər əqdlərə yol verilmir.

Meşə fondu sahələrinin və onlardan istifadə hüququnun dövriyyədə olmasına isə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş həddə yol verilir.

Meşə fondu sahələrindən istifadə hüququ ilə bağlı əqdlər Azərbaycan Respublikasının meşə qanunvericiliyində müəyyən edilmiş qaydada, onunla tənzimlənməyən hissədə isə mülki qanunvericiliklə həyata keçirilir.



Yaşıllıqlar bir şəxsdən başqasına Azərbaycan Respublikasının mülki qanunvericiliyində və torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilə bilər. 

 

Maddə 9. Meşə münasibətlərinin subyektləri



 

Meşə münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, fiziki və hüquqi şəxslərdir.

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından meşə münasibətlərində öz səlahiyyətləri daxilində dövlət hakimiyyəti orqanları iştirak edirlər.

Bələdiyyələr meşə münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktı ilə verilən səlahiyyət daxilində iştirak edirlər.

Meşə təsərrüfatının aparılmasını həyata keçirən və meşə fondundan istifadə edən fiziki və hüquqi şəxslər meşə münasibətlərinin iştirakçılarıdır.

Meşə münasibətləri obyektlərinin istifadəsi, mühafizəsi, qorunması və bərpası zamanı yaranan əmlak və inzibati münasibətlərində Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin iştirakı həmin münasibətlər bu Məcəllə ilə tənzimlənmədiyi hallarda Azərbaycan Respublikasının mülki və inzibati qanunvericilik aktları ilə müəyyən edilir.

 

Maddə 10. Meşə istifadəçiləri



 

Meşə fondu sahələrindən istifadə hüququ verilən fiziki və hüquqi şəxslər meşə istifadəçiləridir.

 

 

II fəsil



Meşə fondu və ağac-kol bitkiləri üzərində mülkiyyət, onlardan istifadə hüququ

 

Maddə 11. Meşə fondu üzərində mülkiyyət



 

Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir.

Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir.

 

Maddə 12. Fiziki və hüquqi şəxslərin yaşıllıqlar üzərində mülkiyyət hüquqları



 

Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrində yerləşən yaşıllıqlar, qanunvericiliklə digər hallar müəyyən edilmədikdə, onların xüsusi mülkiyyətinə aid edilir.

Göstərilən yaşıllıqlar üzərində sahiblik, istifadə və sərəncam hüquqları Azərbaycan Respublikası meşə qanunvericiliyinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq mülkiyyətçi tərəfindən həyata keçirilir.

 

Maddə 13. Meşə servitutları (meşə sahələrindən başqasının müəyyən dərəcədə istifadə etmək hüququ)



 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmamışdırsa, fiziki şəxslər sərbəst surətdə meşələrdə olmaq hüququna malikdirlər (kütləvi meşə servitutu).

Meşə fondu sahələrindən və meşə fonduna daxil olmayan sahələrdən fiziki və hüquqi şəxslərin istifadə hüquqları müqavilələr, habelə məhkəmə qərarları əsasında başqa maraqlı şəxslərin xeyrinə məhdudlaşdırıla bilər (xüsusi meşə servitutu).

Azərbaycan Respublikasının mülki, torpaq və başqa qanunvericilik aktlarının müddəaları meşə servitutlarına bu Məcəllənin tələblərinə zidd olmayan həddə tətbiq edilir.

 

Maddə 14. Meşə fondu sahələrindən istifadə hüququ



 

Meşə fondu sahələrindən istifadə hüququ meşələrin çoxfunksiyalı mahiyyəti nəzərə alınmaqla həyata keçirilir (müxtəlif şəxslər tərəfindən və müxtəlif məqsədlər üçün eyni vaxtda istifadə).

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər.

Bu Məcəllə ilə nəzərdə tutulmamış hallarda meşə fondu sahələrindən istifadə hüququna dair mülki və torpaq qanunvericiliklərinin normaları tətbiq edilir.

 

Maddə 15. Meşə fondu sahələrindən istifadə hüququnun əsasları



 

Meşə fondu sahələrindən istifadə hüququnun əsasları aşağıdakılardır:

müqavilələr;

məhkəmə qərarları;

bu Məcəllə ilə yol verilən digər əsaslar.

Meşə sahələrindən istifadə hüququ, kütləvi servitut istisna olmaqla, meşə fondu sahələrinin icarə müqaviləsinin dövlət qeydiyyatından keçdiyi, meşəqırma bileti, order, meşə bileti alındığı vaxtdan əldə edilir.

 

Maddə 16. Meşə fondu sahələrindən istifadə hüququnun yaradılması



 

Meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır.

Meşə istifadəçisi Azərbaycan Respublikasının meşə qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və şərtlərlə istifadəyə verənin razılığı ilə meşə fondu sahəsindən istifadə hüququnu özünün hüquqi varisi olmayan şəxsə müqavilə əsasında verə bilər.

Meşə istifadəçisi olan şəxs vəfat etdikdə ona məxsus istifadə hüququ qanunvericilikdə müəyyən edilmiş qaydada başqa şəxslərə keçə bilər.

Meşə istifadəçisi olan hüquqi şəxs yenidən təşkil edildikdə ona məxsus istifadə hüququ Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yeni yaranan hüquqi şəxsə keçir.

Meşə fondu sahələrindən (torpaqlarından) istifadə hüququnun başqasına keçməsi müqaviləyə, meşəqırma biletinə, orderə, meşə biletinə dəyişikliklər etmək yolu ilə rəsmiləşdirilir.

 

Maddə 17. Meşə fondu sahələrindən istifadə hüququnun həyata keçirilməsi



 

Meşə istifadəçiləri meşə fondu sahələrindən istifadə hüququnu o vaxt sərbəst həyata keçirirlər ki, bu, meşələrin və meşə fondu torpaqlarının vəziyyətini pisləşdirməsin, ətraf mühitə zərər vurmasın, habelə başqa şəxslərin qanuni mənafelərinə xələl gətirməsin.

Azərbaycan Respublikasında meşə qanunvericiliyinin tələblərinə zidd məqsədlər və üsullar ilə meşə fondu sahələrindən istifadə qadağandır.

Bu Məcəllədə və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanlarının meşə fondu sahələrindən istifadə sahəsində meşə istifadəçilərinin fəaliyyətinə qarışmasına yol verilmir.

 

Maddə 18. Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdırılması və ya dayandırılması



 

Meşələrin, habelə meşə ilə örtülü olmayan meşə fondu torpaqlarının səmərəli istifadəsini, mühafizəsini, qorunmasını və bərpasını, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək, əhalinin sağlamlığını, ətraf mühiti, tarixi-mədəni və təbii irsi, fiziki şəxslərin hüquqlarını və qanuni mənafelərini qorumaq zərurililiyi yarandığı hallarda meşə fondu sahələrindən istifadə hüququ qanunvericiliklə müəyyən olunmuş qaydada məhdudlaşdırıla və dayandırıla bilər.

 

Maddə 19. Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdırılması və ya dayandırılması qaydaları



 

Meşə fondu sahələrindən istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının qərarı ilə aşağıdakı hallarda məhdudlaşdırıla və ya dayandırıla bilər:

meşə istifadəçisi tərəfindən Azərbaycan Respublikası meşə qanunvericiliyinin tələbləri pozulduqda;

meşə istifadəçisi tərəfindən icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin şərtlərinə əməl edilmədikdə.

Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdırılmasına və ya dayandırılmasına səbəb olan şərait və şərtlər aradan qaldırıldıqda bu hüquq tam həcmdə bərpa olunur.

Meşə istifadəçisi onun meşə fondu sahəsindən istifadə hüququnun məhdudlaşdırılması və ya dayandırılması barədə qərarla razılaşmadıqda məhkəməyə şikayət edə bilər.

Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdırılması və ya dayandırılması meşə istifadəçisini Azərbaycan Respublikasının meşə qanunvericiliyini pozduğuna görə intizam, inzibati, mülki və cinayət məsuliyyətindən azad etmir.

 

Maddə 20. Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsinin əsasları



 

Meşə istifadəçisi meşə fondu sahələrindən istifadə hüququndan imtina etdikdə, istifadə hüququnun müddəti başa çatdıqda meşə istifadəçisi olan hüquqi və fiziki şəxsin fəaliyyəti dayandıqda, bu Məcəllə və Azərbaycan Respublikasının başqa qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda onun meşə fondu sahələrindən istifadə hüququna xitam verilir.

Meşə fondu sahələrindən istifadə hüququna məcburi xitam verilməsi yalnız aşağıdakı hallarda həyata keçirilir:

meşə istifadəçisi tərəfindən Azərbaycan Respublikasının meşə qanunvericiliyi pozulduqda;

fövqəladə vəziyyət törədən qəza, təbii fəlakət və bu kimi başqa hadisələr baş verdikdə;

meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən istifadə üçün haqq müəyyən olunmuş müddətdə ödənilmədikdə;

meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən (torpaqlarından) istifadə qaydaları və ya icarə müqaviləsində, meşəqırma biletində, orderdə, meşə biletində nəzərdə tutulmuş şərtlər pozulduqda;

meşə istifadəçisi tərəfindən yanğın təhlükəsizliyi sahəsində normaların, standartların və qaydaların tələblərinə əməl edilmədikdə;

meşə fondu sahələri dövlət ehtiyacları üçün alındıqda.

Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikasının meşə qanunvericiliyinə görə meşə istifadəçisinin intizam, inzibati, mülki və cinayət məsuliyyətindən azad etmir.

 

Maddə 21. Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsinin qaydaları



 

Meşə fondu sahələrindən istifadə hüququna meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin ləğvi nəticəsində xitam verilir.

Meşə istifadəçisi meşə fondu sahəsindən istifadə hüququndan imtina etdikdə bu hüquq onun rəsmi ərizəsi əsasında dayandırılır.

Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsi bu barədə meşə istifadəçisinə rəsmi xəbər verməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

 

Maddə 22. Meşə fondu torpaqlarının icarəyə verilməsi



 

Bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən bir ildən qırx doqquz ilədək verilə bilər.

Meşə fondu torpaqlarının icarə müqaviləsi əsasında əldə edilmiş meşə sərvətləri (məhsul) icarəçinin mülkiyyətidir.

Meşə fondu torpaqlarının subicarəsi qadağandır.

Meşə fondu torpaqlarının icarəyə verilməsi bu Məcəllə və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

 

Maddə 23. Meşə fondu torpaqlarının icarə müqaviləsinin şərtləri



 

Meşə fondu torpaqlarının icarə müqavilələrində aşağıdakılar göstərilir:

icarəyə verilən sahənin sərhədləri;

işin həcmi (ölçüləri);

icarənin müddəti;

icarə haqqının miqdarı və onun ödənmə qaydası;

icarəyə verilən sahənin mühafizəsi, qorunması və bərpası sahəsində tərəflərin öhdəlikləri;

Azərbaycan Respublikasının meşə qanunvericiliyi və tərəflərin razılığı ilə nəzərdə tutulmuş başqa şərtlər.

 

Maddə 24. Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası



 

Meşə fondu torpaqlarının icarəyə verilmə qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Meşə fondu torpaqlarının icarəyə verilməsi aşkarlıq şəraitində, müvafiq ərazidə yaşayan əhalinin mənafeyini nəzərə almaqla həyata keçirilməlidir.

 

Maddə 25. Meşəqırma bileti, order və meşə bileti



 

Meşəqırma bileti oduncaq və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçün hüquq verən sənəddir. Meşəqırma biletində meşə quruluşu layihələri əsasında meşə fondundan istifadə üçün ayrılmış sahənin yeri, oduncağın və ikinci dərəcəli materialların miqdarı, keyfiyyəti, onların qiyməti, işin aparılma müddəti, qırma yerlərinin təmizlənməsi, meşənin bərpa edilməsi şərtləri və qaydaları göstərilir.

Order özü yıxılmış və (və ya) qurumuş ağaclardan oduncaq hazırlamaq, ağac tör-töküntüsü və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçüq hüquq verən sənəddir. Order meşəqırma bileti əsasında verilir.

Meşə bileti onun sahibinə əlavə meşə istifadələri üçün hüquq verən sənəddir. Meşə biletində meşə fondundan istifadənin növü, yeri, miqdarı, vaxtı, şərtləri və qiyməti göstərilir.

Meşəqırma biletinin, orderin və meşə biletinin formaları, onların uçotu, saxlanılması, doldurulması və verilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 26. Meşə fondu sahələrinin qısamüddətli istifadəyə verilmə qaydası



 

Meşə fondu sahələrinin bir ilə qədər qısamüddətli istifadəyə verilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

 

 

III fəsil



Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində dövlət idarəetməsi

 

Maddə 27. Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində dövlət idarəetməsi və onun əsas prinsipləri



 

Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində dövlət idarəetməsini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Bu məqsədlə:

meşə təsərrüfatının aparılması sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirir;

meşə qanunvericiliyinə riayət edilməsinə, həmçinin meşə fondundan istifadəyə, onun mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətini həyata keçirir, onun aparılması qaydalarını müəyyən edir;

meşə fondundan istifadə və meşə fondu barəsində sərəncam verir;

investisiya siyasətini həyata keçirir;

meşə fondundan istifadənin, onun mühafizəsinin, qorunmasının və meşələrin bərpasının dövlət proqramlarını təsdiq edir;

meşə fondundan istifadənin norma və qaydalarını müəyyənləşdirir;

hesablanmış meşəqırma həcmini müəyyənləşdirir və təsdiq edir;

meşə fondundan istifadəyə görə ödəniş növlərini, habelə köküstə buraxılan oduncağın minimum ödəniş tarifini, ayrı-ayrı meşə istifadəçiləri üçün tədiyə güzəştlərinin həcmini və onların ödəmə qaydalarını müəyyən edir. Meşə materiallarına qiymət qoyur;

meşələrin qorunub saxlanılması və təkrar istehsalı üzrə respublika fondunu yaradır, ondan istifadə qaydalarını müəyyən edir;

köküstə oduncaq buraxılması, meşəqırma, meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası qaydalarını təsdiq edir;

meşə təsərrüfatının aparılması üzrə elmi tədqiqat və layihə axtarış işlərini təşkil edir və əlaqələndirir;

meşələrin dövlət uçotunun, dövlət meşə kadastrının, meşələrin monitorinqinin və meşə quruluşu işlərinin aparılması qaydalarını müəyyən edir;

meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirir, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təşkil edir;

meşə təsərrüfatı sahəsində dövlət statistika hesabatının aparılması qaydasını müəyyən edir;

meşə fondu sahələrindən istifadə hüququnu, habelə meşələrin vəziyyətinə və bərpasına təhlükə yaradan işləri dayandırır, məhdudlaşdırır, bunlara xitam verir;

meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə torpaqlarını qeyri-meşə torpaqlarına keçirir, meşə fondu torpaqlarını geri alır;

meşə fondu sahələrini fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zonaları elan edir;

qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir;

meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində dövlət idarəetməsi aşağıdakı prinsiplərə əsaslanır:

iqtisadiyyatın inkişafı;

ətraf mühitin mühafizəsi;

ölkənin mənafeyinə uyğun olaraq meşə fondundan səmərəli istifadə edilməsi.

 

Maddə 28. Naxçıvan Muxtar Respublikasının meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində fəaliyyəti



 

Naxçıvan Muxtar Respublikasının meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində həyata keçirdiyi fəaliyyət bu Məcəllə ilə tənzimlənir.

 

Maddə 29. Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində yerli özünüidarənin səlahiyyətləri



 

Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində yerli özünüidarənin səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.

 

 

IV fəsil



Yüklə 249,29 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə