Azərbaycan respublikasinin naziRLƏr kabineti QƏrar



Yüklə 26,76 Kb.
tarix04.11.2017
ölçüsü26,76 Kb.
#8405



AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

190

22/08/1995 il

Respublikanın tədris müəssisələrində ibtidai hərbi hazırlığın tədrisinin yaxşılaşdırılması tədbirləri haqqında

Respublikanın tədris müəssisələrində ibtidai hərbi hazırlığın tədrisinin yaxşılaşdırılması tədbirləri haqqında (əlavə və dəyişikliklər - №105 - 16/06/2005

Azərbaycan Respublikasının orta ümumtəhsil peşə məktəblərində və texnikumlarında son illər ibtidai hərbi hazırlıq fənninin tədrisi və hərbi vətənpərvərlik işinin aparılması ilə əlaqədar müəyyən işlər görülmüşdür. 1994-cü ilin fevral ayında “Uşaqların və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi” mövzusunda respublika elmi-praktik konfransı keçirilmiş, Təhsil Nazirliyi tərəfindən ibtidai hərbi hazırlıq fənni üzrə proqram təsdiq edilmiş, çağırış və çağırışaqədər yaşlı gənclərin tətbiqi, fiziki hazırlığının keçirilməsi üzrə metodiki tövsiyələr hazırlanıb yerlərə çatdırılmış, “Şahin” hərbi idman oyunu respublikada yenidən keçirilməyə başlanmışdır.

Şagirdlərin hərbi peşələrə marağının artmasının nəticəsi olaraq, 1994-cü ildə Naxçıvanski adına Bakı İbtidai Hərbi məktəbinə 600 və Ali Ümumqoşun Komandirləri məktəbinə 900 nəfər gənc daxil olmuşdur.

Qeyd olunanlarla yanaşı, respublika təhsil müəssisələrində ibtidai hərbi hazırlığın tədrisində bir sıra ciddi nöqsanlar və çatışmazlıqlar mövcuddur. Respublikanın müharibə şəraitində olduğu bir vaxtda, ibtidai hərbi hazırlıq fənni günün tələbləri səviyyəsində tədris olunmur, dərslər aşağı səviyyədə aparılır, hərbi vətənpərvərliklə bağlı tədbirlər zəif keçirilir. Məktəblərin çoxunda dərc ilinə nəzərdə tutulmuş ibtidai hərbi hazırlıq proqramı tam yerinə yetirilmir, əyani vəsait buraxılışı qaydaya salınmamışdır. Hal-hazırda istifadə olunan dərsliklər köhnədir, çatışmır, əsasən rus dilindədir ki, bu da xüsusən kənd rayonlarının şagirdləri üçün çətinlik yaradır.

Şagirdlərin ibtidai və çağırışaqədər hərbi hazırlığı haqqında yeni Əsasnamə bu günə kimi işlənib hazırlanmamışdır. Hərbi hazırlıq kabinetlərinin, bədən tərbiyəsi meydançalarının əyani vəsait və avadanlıqlarla təchizi üçün lazım olan vəsait ayrılmır. İdmanın tətbiqi və texniki növlərinin yayılmasına, hərbi idman oyunlarının təşkili və keçirilməsinə diqqət olduqca azalmışdır. Təlim məqsədilə tədris müəssisələrinə verilmiş silahlar, hətta pnevmatik tüfənglər belə yığılmışdır. Silahların qaytarılması barədə Daxili İşlər Nazirliyinin sərəncamı olmasına baxmayaraq, tədris müəssisələri onları geri ala bilmirlər. Bunun nəticəsi olaraq şagirdlərə silahla davranış qaydaları öyrədilmir. Onlar yeni silahlarla, hərb elminin (xüsusən hərbi tarix, coğrafiya, hərbi topoqrafiya və s.) əsasları ilə tanış olmurlar.

Təhsil orqanları və tədris müəssisələri hərbi rəhbərlərin seçilməsində böyük çətinliklərlə rastlaşırlar. Məktəblərə göndərilmiş hərbi rəhbərlərin əksəriyyətinin hərbi təcrübəsi yoxdur. Orta məktəblərin hərbi rəhbərlərinin 21 faizinin ümumi orta, 29 faizinin isə orta ixtisas təhsili vardır. Bu baxımdan Balakən, Daşkəsən, İmişli, Cəlilabad, Salyan və s. rayonlarında vəziyyət daha ağırdır. Burada işləyən hərbi rəhbərlərin 50 faizindən çoxu ümumi orta və orta ixtisas təhsillidirlər.

Narahatlıq doğuran faktlardan biri də odur ki, son illər hərbi rəhbərlərin sayı ehtiyatda olan sıravi, gizir və çavuş rütbəlilərin hesabına 30 faiz artmışdır. Hal-hazırda ümumtəhsil məktəblərində 273 ehtiyatda olan sıravi əsgər, 684 çavuş ibtidai hərbi hazırlıq dərslərini deyir.

Ümumtəhsil məktəblərinin 17 faizində hərbi kabinə, 16 faizində silah saxlama otağı yoxdur. Belə vəziyyət peşə məktəblərində və texnikumlarda da mövcuddur. Məktəblərdə atıcılığın və nizamnamənin praktiki olaraq öyrədilməsi və sıra məşğələləri üçün 921 meydança, 1600 maneələr i dəf etmək və gimnastika şəhərcikləri, 2464 atıcılıq tiri üçün tikililər çatışmır.

Aidiyyəti nazirliklər və təşkilatlar, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu vacib məsələ ilə bağlı qarşılıqlı əlaqələrin düzgün qurulmasını, ibtidai hərbi hazırlıq və hərbi vətənpərvərlik işinin təşkilində mövcud olan ciddi nöqsanların aradan qaldırılmasını təmin etməmişlər.

1. Azərbaycan Respublikası Təhsil Nazirliyi:

Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika Şurası, şəhər (rayon) icra hakimiyyəti aparatları və başqa əlaqədar təşkilatlarla birlikdə təhsil alan gənclərin hərbi xidmətə hazırlığının yaxşılaşdırılması, hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, ibtidai hərbi hazırlıq dərslərinin yüksək nəzəri və təşkilati-metodiki səviyyədə keçirilməsi üçün konkret tədbirlər görsün;

gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin forma və metodlarını, bu barədə şagirdlərlə aparılan sinifdənxaric və məktəbdənkənar hərbi vətənpərvərlik və kütləvi müdafiə işlərini gücləndirsin;

tədris müəssisələrini, onların hərbi kabinetlərini Azərbaycan dilində hərbi mövzuda tədris ədəbiyyatı, əyani vasitələrlə təmin etsin;

Respublikanın şəhər və rayonlarında ibtidai hərbi hazırlıq üzrə məktəblərarası ibtidai hərbi hazırlıq mərkəzinin yaradılması məsələsinə 1 ay müddətində baxıb təklif versin;

Mətbuat və İnformasiya Nazirliyi ilə birlikdə ibtidai hərbi hazırlıq üzrə Azərbaycan dilində dərsliyin hazırlanıb, çap olunmasını təmin etsin;

“Azərkinovideo” İstehsalat Birliyi və Müdafiə Nazirliyi ilə birlikdə tədris müəssisələrində ibtidai hərbi hazırlığa aid tədris filmlərinin yaradılmasını təmin etsin;

Müdafiə Nazirliyi ilə birlikdə ibtidai hərbi hazırlıq dərsliyini işləyib hazırlasın, gənclərdə hərbi biliklərə maraq oyadılması məqsədilə ibtidai hərbi hazırlıq fənninin 8 və 9-cu siniflərdən tədris edilməsinin zəruriliyi məsələsinə baxsın;

Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Gənclər İttifaqı, Mülki Müdafiə Qərargahı, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətlərinin Respublika Şurası ilə birlikdə şagirdlərin hərbi biliklərinin dərindən öyrənilməsi və təcrübədə möhkəmləndirilməsi məqsədilə hərbi-idman oyunlarının keçirilməsini yenidən bərpa etsin, həmin oyunlara tədris müəssisələri şagirdlərini maksimum dərəcədə cəlb etsin.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi:

gənclərin hərbi xidmətə hazırlığını, hərbi-texniki, hərbi-tətbiqi bilik və bacarıqlarını kökündən yaxşılaşdırmaq üçün müvafiq tədbirlər görsün;

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və başqa aidiyyəti təşkilatlarla birlikdə “Gənclərin ibtidai hərbi hazırlıq” Əsasnaməsini hazırlasın;

hərbi rəhbərlərin bir aylıq toplanışının hərbi hissələrin birində keçirilməsi məsələsini həll etsin;

orta ümumtəhsil, peşə məktəblərində və texnikumlarda işləyən hərbi rəhbərlərin rütbəsinin vaxtında dəyişilməsini təmin etsin;

Təhsil Nazirliyi ilə birlikdə orta ümumtəhsil, peşə məktəbləri və texnikumlarda işləyən hərbi rəhbərlərə 5 ildə bir dəfə dəyərinin 50 faizi həmin şəxslər tərəfindən ödənilməklə hərbi geyim dəsti verilməsini təmin etsin.

Göstərilən şəxslərə verilən hərbi geyim forması dəyərinin qalan hissəsi, habelə pedaqoji universitetlərinin hərbi rəhbər kimi işə göndərilən məzunlarına verilən hərbi geyim dəstinin tam dəyəri tabeliyində müvafiq ümumtəhsil, texniki peşə məktəbi və texnikumlar olan nazirlik, baş idarə və yerli İcra Hakimiyyəti orqanları tərəfindən ödənilsin.

Təhsil Nazirliyi ilə birlikdə hərbi hissələrdə 11-ci siniflərdə oxuyan şagirdlərin 3 günlük toplanışının təşkil edilməsini və onlara avtomat silahlardan döyüş güllələri ilə atəş aparılması vərdişlərinin öyrənilməsini təmin etsin;

şagirdlərə aparılan sinifdənxaric və məktəbdənkənar hərbi vətənpərvərlik və kütləvi müdafiə işlərinin təşkili və keçirilməsində fəal iştirak etsin;

hərbi hazırlıq kabinetlərinin lazımi vəsaitlər və avadanlıqlarla mütəmadi təchizatı üçün İqtisadiyyat Nazirliyi ilə birlikdə təklif versin;

Təhsil Nazirliyi ilə birlikdə şəhər və rayon təhsil şöbələrini ibtidai hərbi hazırlıq metodistləri, orta ümumtəhsil və peşə məktəblərini isə hərbi kadrlarla təmin etsin.

3. Respublikanın orta ümumtəhsil, peşə məktəblərində və texnikumlarında ibtidai hərbi hazırlığın təşkilinə ümumi rəhbərlik və nəzarət etmək məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Döyüş Hazırlığı İdarəsi nəzdində müvafiq qaydada ordudankənar hərbi hazırlıq şöbəsinin yaradılması barədə Müdafiə Nazirliyinin təklifi qəbul edilsin. 

4. Daxili İşlər Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə tədris silahlarının orta ümumtəhsil, peşə, orta ixtisas təhsili verən müəssisələrə qaytarılmasını təmin etsin və nəticəsi haqqında 3 ay müddətində Nazirlər Kabinetinə məlumat versin. 

5. Respublika Mülki Müdafiə Qərargahı tədris vəsaitləri, eləcə də mülki müdafiəyə aid digər avadanlıq və ləvazimatlarla təmin etsin. 

6. Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətlərinin (KHVTİC) Respublika Şurasına tövsiyə edilsin ki, Təhsil Nazirliyi İdman və Gənclər Nazirliyi ilə birlikdə KHVTİC-nin tədris bazarlarından səmərəli istifadə edilməklə tədris müəssisələrində texniki və hərbi tətbiqi idman növləri üzrə, xüsusilə aviamodelizm, radio, hərbi tətbiqi çoxnövçülük və atıcılıq idman növləri üzrə dərnək və məşğələlər təşkil etsin. 

7. Səhiyyə Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə şagirdlərin tibbi sanitar təliminin təcrübi dərslərinin səhiyyə müəssisələrində keçirilməsini və bu məsələ ilə bağlı müvafiq tövsiyələr və proqramlar hazırlanmasını təmin etsin. 

8. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti və Yaradıcılıq İttifaqları hərbi vətənpərvərlik mövzusunda yüksək bədii əsərlər, televiziya filmlərinin yaradılmasını, mətbuat səhifələrində bu mövzuda ardıcıl olaraq materiallar dərc səhifələrində bu mövzuda ardıcıl olaraq materiallar dərc edilməsini təmin etsinlər. 



9. Bu qərarın yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin elm, mədəniyyət və xalq təhsili, müdafiə və müdafiə sənayesi şöbələrinə tapşırılsın. 

Baş nazir F.Quliyev
Yüklə 26,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə