Azərbaycan respublikasinin naziRLƏr kabineti QƏrar



Yüklə 101,15 Kb.
tarix15.03.2018
ölçüsü101,15 Kb.
#32255



AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

001

05/01/2006 il

«Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

«Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə 

«Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 275 nömrəli Fərmanının 1.5-ci, 1.11-ci, 1.16-cı və 1.18-ci bəndlərinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 

1. «Dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövründə bron edilməsi işinin təşkil olunması Qaydaları», «Dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsinə aid hesabatın təqdim edilməsi Qaydası», «Səfərbərlik orqanları haqqında Əsasnamə» və «Müharibə dövrünün ştatlarında nəzərdə tutulmuş hərbi vəzifələrdə hərbi xidmətkeçmə məqsədi ilə hərbi hissələrə təhkim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması qaydası, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində vətəndaşların işləmək üçün göndərilməsi Qaydası» təsdiq edilsin (əlavə olunur). 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 5 yanvar tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmişdir

Dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövründə bron edilməsi işinin təşkil olunması

Q A Y D A L A R I

I. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 275 nömrəli Fərmanının 1.5-ci bəndinə uyğun olaraq hazırlanmışdır və dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda (bundan sonra – təşkilatlar) işləyən və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan rəhbər işçi, mütəxəssis, elm və incəsənət işçisi, ixtisaslı fəhlə və qulluqçuların bron edilməsi işinin təşkilini müəyyən edir.

1.2. Hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövründə bron edilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan hərbi vəzifəlilərə çağırışdan möhlət hüququ verməklə həyata keçirilir.

1.3. Respublika ərazisində hərbi vəzifəlilərin bron edilməsi işinə rəhbərliyi, işin təşkili və ona nəzarəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılan bronla işçi qüvvəsi saxlayan Respublika Komissiyası (bundan sonra - Komissiya) həyata keçirir.

1.4. Səfərbərlik zamanı və müharibə dövrü hərbi vəzifəlilərə Komissiya tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırışdan möhlət hüququ təşkilatlar üçün təsdiq edilmiş səfərbərlik zamanı və müharibə dövrü hərbi vəzifəlilərin tutduğu vəzifə və peşələr üzrə siyahılara əsasən, vəzifə və peşələr üzrə siyahılara düşməyən ayrı-ayrı hərbi vəzifəlilərə isə müstəsna hallarda fərdi möhlət hüququ verilir və ya möhlət hüququ dayandırılır.

II. Hərbi vəzifəlilərin bron edilməsi qaydaları

2.1. Təşkilatlar dinc dövrdə Komissiya tərəfindən təsdiq edilən «Hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövrü bron edilməsi haqqında təlimat»ın tələblərini nəzərə alaraq, bu orqanlarda işləyənlərin tutduğu vəzifə və peşələr üzrə bron etmə siyahılarının əsaslandırılmış layihələrini, işləyən və bron edilmiş hərbi vəzifəlilərin sayı haqqında məlumatları hazırlayır və Komissiyaya (surətini Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə rəy verilməsi üçün) təqdim edirlər.

Komissiya daxil olmuş sənədləri Komissiya üzvlərinin iştirakı ilə iclaslarda müzakirə edərək təsdiq etdikdən sonra müvafiq orqanlara (təşkilatlara və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə) hərbi vəzifəlilərin bron edilməsi işinin təşkil edilməsi üçün göndərir.

2.2. Bron işini təşkil etmək üçün təşkilatlar yerləşdiyi əraziyə uyğun rayon (şəhər) hərbi komissarlıqlarından Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırışdan möhlət hüququ verilməsi haqqında vəsiqə və xüsusi hərbi uçota götürmələri barədə Komissiya tərəfindən təsdiq edilmiş formaya uyğun olaraq bildiriş blanklarını almalıdırlar.

2.3. Komissiya tərəfindən təsdiq edilmiş vəzifə və peşələr üzrə siyahıların tələblərinə cavab verən hərbi vəzifəlilər üçün bu Qaydaların 2.2-ci bəndində qeyd olunan bildiriş blankları təşkilat rəhbəri tərəfindən imzalanaraq gerbli möhürlə təsdiq edilir. Bildiriş blankı bu Qaydaların 2.1-ci bəndində qeyd olunan təlimatla müəyyən edilmiş müddətdə və qaydada rəsmiləşdirilmək üçün təşkilatın yerləşdiyi ərazi üzrə rayon (şəhər) hərbi komissarlığına təqdim edilir.

2.4. Rayon (şəhər) hərbi komissarlığı tərəfindən rəsmiləşdirilmiş sənədlər, çağırışdan möhlət almış hərbi vəzifəlilərin bildirişləri onları xüsusi hərbi uçota götürmək üçün hərbi uçotda olduqları rayon (şəhər) hərbi komissarlıqlarına göndərilir. Möhlət haqqında vəsiqə isə təşkilatlarda qalır. Müstəsna hallarda Komissiyanın qərarına əsasən verilmiş fərdi möhlətlərin rəsmiləşdirilməsi eyni qaydada həyata keçirilir. Bron edilmiş hərbi vəzifəlilər möhlət ərzində hərbi hissələrin komplektləşmələrindən və səfərbərlikdən azad olunurlar. Respublika ərazisində səfərbərlik elan olunduqda, rayon (şəhər) hərbi komissarlıqlarının göstərişinə əsasən bron edilmiş hərbi vəzifəlilərə möhlət haqqında vəsiqələr hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövrü bron edilməsi haqqında təlimata uyğun paylanmalıdır.

III. Səfərbərlik zamanı verilən möhlətlərin ləğv edilməsi Hərbi vəzifəlilərə verilmiş möhlətlər aşağıdakı hallarda ləğv edilə bilər:

3.1. bu barədə Komissiyanın qərarı olduqda;

3.2. çağırışdan möhlət hüququ verilmiş müddət qurtardıqda;

3.3. hərbi vəzifəlinin tutduğu vəzifə və peşələr siyahısı üzrə çağırışdan möhlət verilməyən vəzifəyə keçirildikdə;

3.4. çağırışdan fərdi möhləti olan hərbi vəzifəli başqa vəzifəyə təyin edildikdə;

3.5. hərbi vəzifəlilərin hərbi uçot əlamətləri (hərbi uçot ixtisası, hərbi rütbəsi, yaşı, tərkibi və ya profili) dəyişməsi nəticəsində möhlət hüququnu itirdikdə;

3.6. hərbi vəzifəli xəstələndikdə və ya ehtiyatda qalma yaşının son həddinə çatması nəticəsində hərbi uçotdan çıxarıldıqda;

3.7. təşkilat ləğv edildikdə.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 5 yanvar tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmişdir

Dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsinə aid hesabatın təqdim edilməsi

Q A Y D A S I

I. Ümumi müddəa

Bu Qayda «Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 275 nömrəli Fərmanının 1.11-ci bəndinin tələbləri nəzərə alınaraq hazırlanmışdır və dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda (bundan sonra - təşkilatlar) işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsinə aid hesabatların təqdim edilməsi qaydasını müəyyən edir.

II. Hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsinə aid hesabatların təqdim edilməsi qaydası

2.1. Təşkilatlarda işləyən hərbi vəzifəlilərin və bron edilmişlərin sayı haqqında hesabatlar Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin qərarı ilə təsdiq edilən forma əsasında hər il yanvarın 1-nə olan vəziyyətə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılmış bronla işçi qüvvəsi saxlayan Respublika Komissiyasına (bundan sonra - Komissiya) və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yerli orqanlarına (rayon, şəhər hərbi komissarlıqlarına) təqdim edilmək üçün tərtib edilir.

2.2. İşləyən və bron edilmiş hərbi vəzifəlilərin sayı haqqında hesabatların hazırlıq dövründə təşkilatlarda aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərə alınmalıdır:

2.2.1. Komissiya tərəfindən təsdiq edilən hərbi vəzifəlilərin şəxsi vərəqələri ilə hərbi biletlərin uçot göstəricilərinin uyğunluğu yoxlanılmalı və təşkilatda işləyən hərbi vəzifəlilərin faktiki sayının araşdırılması başa çatdırılmalı və möhlət hüququ olan hərbi vəzifəlilərin bron edilməsi təmin edilməlidir;

2.2.2. müxtəlif səbəblərdən möhlət hüququnu itirmiş hərbi vəzifəlilərin bronları ləğv edilməli, xüsusi uçotdan çıxarılmalı və hesabata bron edilmiş kimi salınmamalıdır;

2.2.3. ehtiyatda olma yaşının son həddinə çatmış şəxslər «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hərbi uçotdan növbəti ilin yanvarın 1-dək çıxarılmalı, hərbi vəzifəli kimi hesabata daxil edilməməlidirlər.

2.3. Hesabatlar aşağıdakı müddətdə təqdim edilir:

2.3.1. dövlət hakimiyyəti orqanlarına, yerli özünüidarəetmə orqanlarına və təşkilatlara tabe olan qurumlar növbəti ilin yanvarın 15-nə qədər yuxarı təşkilatlara, eləcə də ərazi üzrə rayon, şəhər hərbi komissarlıqlarına;

2.3.2. dövlət hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və təşkilatlar növbəti ilin fevralın 1-dək Komissiyaya.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 5 yanvar tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmişdir

Səfərbərlik orqanları haqqında Əsasnamə

I. Ümumi müddəalar

1.1. Bu Əsasnamə «Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 275 nömrəli Fərmanının 1.16-cı bəndinə və digər normativ hüquqi aktlara əsasən hazırlanmışdır.

1.2. Azərbaycan Respublikasının dövlət orqanları, yerli özünüidarəetmə orqanları və təşkilatları tərəfindən səfərbərlik hazırlığı və səfərbərliyin təşkili və keçirilməsinə nəzarət etmək məqsədi ilə səfərbərlik orqanları yaradılır.

1.3. Səfərbərlik orqanlarının strukturu və ştatları səfərbərlik tapşırıqlarının (sifarişlərinin), yaxud səfərbərlik işi üzrə vəzifələrin xarakteri və həcmi nəzərə alınaraq müvafiq dövlət orqanları, yerli özünüidarəetmə orqanları və təşkilat rəhbərləri tərəfindən müəyyən edilir. Göstərilən tapşırıqların (sifarişlərin), yaxud vəzifələrin həcmindən asılı olaraq səfərbərlik orqanlarının yaradılması əvəzinə səfərbərlik işçiləri təyin edilə bilər.

1.4. Səfərbərlik orqanlarının rəhbərləri və ya səfərbərlik işçiləri dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların rəhbərlərinə bilavasitə tabe olurlar.

1.5. Azərbaycan Respublikasının dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda yaradılan səfərbərlik orqanlarının funksiyaları, hüquqları və vəzifələri bu Əsasnaməyə əsasən tərtib edilmiş, müvafiq dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların rəhbərləri tərəfindən təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq müəyyən edilir.

1.6. Səfərbərlik orqanlarının fəaliyyətinin maliyyələşdirilməsi dövlət orqanlarına, yerli özünüidarəetmə orqanlarına və təşkilatlara onların sifarişlərinə əsasən dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirilir. Səfərbərlik orqanlarının işçilərinin əmək haqqı müvafiq dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların struktur bölmələrinin işçilərinin əmək haqqına uyğun olmalıdır.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səfərbərlik orqanının vəzifələri

2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səfərbərlik orqanı aşağıdakı vəzifələri yerinə yetirir:

2.1.1. dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların səfərbərlik hazırlığının təmin edilməsinə dair tədbirləri təşkil edir;

2.1.2. müharibə dövründə dövlətin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin tələbatlarının və əhalinin ehtiyaclarının ödənilməsi məqsədi ilə səfərbərlik planlarının işlənib hazırlanmasını təmin edir;

2.1.3. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilmək üçün növbəti ilin dövlət büdcəsinin layihəsində nəzərə alınması məqsədi ilə dövlət orqanlarına yerli özünüidarəetmə orqanlarına və təşkilatlara onların səfərbərlik orqanlarının fəaliyyətinin maliyyələşdirilməsi vəsaitinə olan tələbatını icmallaşdırır;

2.1.4. dövlət büdcəsindən səfərbərlik hazırlığı və səfərbərlik üçün vəsaitin ayrılması və səfərbərlik tapşırıqları (sifarişləri) olan təşkilatlara qanunvericiliklə nəzərdə tutulmuş güzəştlərin verilməsi barədə təkliflər hazırlayır;

2.1.5. səfərbərlik hazırlığı üçün aparılması tələb olunan işlərin normalarının, habelə səfərbərlik zamanı və müharibə dövründə tətbiq edilməli olan digər normativ hüquqi aktların layihələrini işləyib hazırlayır;

2.1.6. səfərbərlik hazırlığı və səfərbərlik sahəsində əməkdaşlıq haqqında Azərbaycan Respublikasının beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinin yerinə yetirilməsini təşkil etmək məqsədi ilə təkliflər verir;

2.1.7. təşkilatlar tərəfindən səfərbərlik tapşırıqlarının (sifarişlərinin) yerinə yetirilməsini, həmin tapşırıqların (sifarişlərin) maddi-texniki ehtiyatlarla təmin edilməsinə dair müqavilələrin bağlanmasını təşkil edir;

2.1.8. səfərbərlik hazırlığı və səfərbərliyin elmi, metodiki və informasiya təminatını təşkil edir;

2.1.9. səfərbərlik orqanları işçilərinin ixtisasının artırılmasını təşkil edir;

2.1.10. səfərbərlik planlarının yerinə yetirilməsi üzrə təlim və məşqlərin keçirilməsini təşkil edir;

2.1.11. səfərbərlik hazırlığı barədə statistik hesabatın təqdim edilməsini təmin edir, Azərbaycan Respublikasının səfərbərlik hazırlığının vəziyyəti barədə hesabat hazırlayıb Azərbaycan Respublikasının Baş nazirinə təqdim edir;

2.1.12. səfərbərlik elan edildikdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilati-ştat strukturuna keçirilməsinə nəzarət edir;

2.1.13. səfərbərlik elan edildikdə, Azərbaycan Respublikasının iqtisadiyyatının müəyyən olunmuş qaydada müharibə dövrü şəraitinə keçirilməsini təşkil edir;

2.1.14. dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin hərbi uçotunu, səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsini təşkil edir;

2.1.15. maddi sərvətlərin səfərbərlik və dövlət ehtiyatlarının, habelə ərzaq mallarının və neft məhsullarının azaldılmaz ehtiyatlarının yaradılması, saxlanması, təzələnməsi və istifadə olunması barədə təkliflər hazırlayır;

2.1.16. silah və hərbi texnikaya, mühüm mülki məhsullara, yük sək təhlükə obyektlərinə dair sənədlərin ehtiyat fondunun yaradılması, saxlanması və istifadə olunması barədə təkliflər hazırlayır;

2.1.17. dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların ehtiyat idarəetmə məntəqələrinin siyahısını hazırlayır;

2.1.18. dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda dövlət və hərbi sirlərin qorunması üçün tədbirlər görür.

3. Nazirliklərin və dövlət komitələrinin səfərbərlik orqanlarının vəzifələri

3.1. Nazirliklərin və dövlət komitələrinin səfərbərlik orqanları aşağıdakı vəzifələri yerinə yetirirlər:

3.1.1. nazirliklərin və dövlət komitələrinin səlahiyyətləri dairəsində olan, yaxud qarşılıqlı fəaliyyət göstərdikləri təşkilatların səfərbərlik hazırlığını təşkil etmək;

3.1.2. nazirliklərin və dövlət komitələrinin səfərbərlik planlarını işləyib hazırlamaq;

3.1.3. nazirliklərin və dövlət komitələrinin səlahiyyətləri dairəsində olan, yaxud qarşılıqlı fəaliyyət göstərdikləri təşkilatların səfərbərlik tapşırıqlarının (sifarişlərinin) yerinə yetirilməsi barədə müqavilə hazırlamaq;

3.1.4. səfərbərlik elan edildikdə, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada nazirliklərin və dövlət komitələrinin səlahiyyətləri dairəsində olan, yaxud qarşılıqlı fəaliyyət göstərdikləri təşkilatların müharibə dövrünün iş rejiminə keçirilməsi üçün hazırlanmalarını təşkil etmək;

3.1.5. səfərbərlik elan edildikdə, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada nazirliklərin və dövlət komitələrinin səlahiyyətləri dairəsində olan, yaxud qarşılıqlı fəaliyyət göstərdikləri təşkilatların müharibə dövrünün iş rejiminə keçirilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsini təşkil etmək;

3.1.6. səfərbərlik hazırlığı məqsədi ilə aparılması tələb olunan işlər üçün vəsaitə olan tələbatı müəyyən edərək qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim etmək;

3.1.7. səfərbərlik hazırlığına və səfərbərliyin təkmilləşdirilməsinə dair təklifləri nazirliklərin və dövlət komitələrinin rəhbərlərinə təqdim etmək;

3.1.8. səfərbərlik hazırlığı barədə statistik hesabatı tərtib edib nazirliklərin və dövlət komitələrinin rəhbərlərinə təqdim etmək;

3.1.9. səfərbərlik orqanlarının işçilərinin ixtisasının artırılmasını təşkil etmək;

3.1.10. səfərbərlik tapşırıqları (sifarişləri) olan təşkilatlar müflisləşdiyi (iflas olduğu) halda, bu tapşırıqların (sifarişlərin) başqa təşkilatlara verilməsi üçün tədbirlər görmək;

3.1.11. nazirliklərdə, dövlət komitələrində və onlarla qarşılıqlı fəaliyyət göstərən, yaxud onların səlahiyyətləri dairəsində olan təşkilatlarda işləyən hərbi vəzifəlilərin hərbi uçotunu, səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsini təşkil etmək və müəyyən olunmuş qaydada bron edilməyə aid hesabatların təqdim edilməsini həyata keçirmək.

4. Yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının səfərbərlik orqanlarının vəzifələri

4.1. Yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının səfərbərlik orqanlarının vəzifələri aşağıdakılardır:

4.1.1. səfərbərlik planlarını işləyib hazırlamaq;

4.1.2. səfərbərlik hazırlığını və səfərbərliyi təşkil etmək;

4.1.3. səfərbərlik hazırlığına və səfərbərliyə dair normativ hüquqi aktların həyata keçirilməsini təmin etmək;

4.1.4. səfərbərlik hazırlığının və səfərbərliyin təmin edilməsi məqsədi ilə malların göndərilməsi, işlərin görülməsi, qüvvə və vəsaitlərin ayrılması, xidmətlərin göstərilməsi barədə təşkilatlarla müqavilələr hazırlamaq;

4.1.5. səfərbərlik elan edildikdə, qanunvericiliklə müəyyən edilmiş hallarda iqtisadiyyatın müharibə dövrü şəraitinə keçirilməsi üçün tədbirlər görmək;

4.1.6. rayon və şəhər hərbi komissarlıqları ilə qarşılıqlı əlaqədə səfərbərlik planlarının yerinə yetirilməsini təmin edən tədbirlər həyata keçirmək;

4.1.7. dinc dövrdə və səfərbərlik zamanı rayon və şəhər hərbi komissarlıqlarına səfərbərlik işində köməklik göstərmək;

4.1.8. səfərbərlik planlarına uyğun olaraq səfərbərlik üzrə hərbi xidmətə çağırılmalı olan vətəndaşların vaxtında xəbərdar edilməsini, onların və hərbi- nəqliyyat vasitələrinin toplanış məntəqələrinə, yaxud hərbi hissələrə göndərilməsini, binaların, tikililərin, kommunikasiyaların, torpaq sahələrinin, nəqliyyat və digər maddi vəsaitlərin təyinatı üzrə istifadəyə verilməsini müəyyən olunmuş qaydada təşkil etmək;

4.1.9. inzibati ərazi vahidində olan təşkilatlar barədə rayon və şəhər hərbi komissarlıqlarına məlumatların verilməsini təmin etmək;

4.1.10. səfərbərlik orqanlarının işçilərinin ixtisasının artırılmasını təşkil etmək.

5. Təşkilatların səfərbərlik orqanlarının vəzifələri

5.1. Təşkilatların səfərbərlik orqanlarının vəzifələri aşağıdakılardır:

5.1.1. səfərbərlik hazırlığının təmin edilməsi üçün tədbirlər təşkil etmək və həyata keçirmək;

5.1.2. səfərbərlik planlarını işləyib hazırlamaq;

5.1.3. səfərbərlik zamanı və müharibə dövründə səfərbərlik tapşırıqlarının (sifarişlərinin) yerinə yetirilməsi məqsədi ilə istehsalatın hazırlanmasına dair tədbirlər həyata keçirmək;

5.1.4. səfərbərlik elan edildikdə, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydalarda istehsalatın müharibə dövrünün iş rejiminə keçirilməsi üçün tədbirlər hazırlamaq;

5.1.5. səfərbərlik hazırlığının və səfərbərliyin təmin edilməsi məqsədi ilə bağlanmış müqavilələrə müvafiq olaraq səfərbərlik tapşırıqlarının (sifarişlərinin) yerinə yetirilməsini təmin etmək;

5.1.6. dinc dövrdə və səfərbərlik zamanı rayon və şəhər hərbi komissarlıqlarına səfərbərlik işində köməklik göstərmək;

5.1.7. səfərbərlik üzrə hərbi xidmətə çağırılmalı olan işçilərin vaxtında xəbərdar edilməsini, toplanış məntəqələrinə, yaxud hərbi hissələrə gəlməsini təmin etmək;

5.1.8. səfərbərlik planlarına müvafiq olaraq hərbi nəqliyyat vasitələrinin toplanış məntəqələrinə, yaxud hərbi hissələrə göndərilməsini təmin etmək;

5.1.9. səfərbərlik planlarına uyğun olaraq binaların, tikililərin, kommunikasiyaların, torpaq sahələrinin, rabitə, nəqliyyat və digər vasitələrin ayrılmasını təmin etmək;

5.1.10. təşkilatlarda işləyən hərbi vəzifəlilərin hərbi uçot və bron işlərini aparmaq, bron üzrə müəyyən edilmiş qaydada hesabatları təqdim etmək;

5.1.11. müəyyən edilmiş qaydada səfərbərlik tədbirlərinin hazırlanmasına və həyata keçirilməsinə dair məlumatları təqdim etmək;

5.1.12. səfərbərlik orqanlarının işçilərinin ixtisasının artırılmasını təşkil etmək.

6. Səfərbərlik orqanlarının hüquqları

6.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səfərbərlik orqanı öz vəzifələrini yerinə yetirmək məqsədi ilə aşağıdakı hüquqları həyata keçirə bilər:

6.1.1. «Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Azərbaycan Respublikası Qanununun və bu Əsasnamənin tələblərini yerinə yetirməyən və buna mane olan dövlət orqanları və vəzifəli şəxsləri haqqında Azərbaycan Respublikasının Baş nazirinə məruzə etmək;

6.1.2. dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda səfərbərlik hazırlığı vəziyyətinə nəzarət etmək və dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların rəhbərləri ilə razılaşdıraraq səfərbərlik hazırlığı vəziyyətini yoxlamaq;

6.1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səfərbərlik orqanının fəaliyyətinə dair qərarların qəbul edilməsi üçün lazım olan məlumatları müəyyən olunmuş qaydada almaq;

6.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səfərbərlik orqanının fəaliyyəti dairəsində olan məsələlərin həll edilməsi üçün müəyyən olunmuş qaydada təşkilatları və mütəxəssisləri cəlb etmək.

6.2. Nazirliklərin və dövlət komitələrinin səfərbərlik orqanlarının hüquqları:

6.2.1. «Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Azərbaycan Respublikası Qanununun və bu Əsasnamənin tələblərini yerinə yetirməyən və buna mane olan təşkilatlar və vəzifəli şəxslər haqqında nazirliklərin və dövlət komitələrinin rəhbərinə məruzə etmək;

6.2.2. nazirliklərin və dövlət komitələrinin səlahiyyəti dairəsində olan müəssisələrdə səfərbərlik hazırlığı vəziyyətinə nəzarət etmək və onların rəhbərləri ilə razılaşdıraraq səfərbərlik hazırlığı vəziyyətini yoxlamaq;

6.2.3. nazirliklərin və dövlət komitələrinin səfərbərlik orqanlarının fəaliyyətinə aid olan məsələlər üzrə təşkilatlardan məlumatları almaq.

6.3. Yerli icra hakimiyyətlərinin və yerli özünüidarəetmə orqanlarının səfərbərlik orqanlarının hüquqları:

6.3.1. inzibati ərazi vahidində «Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Azərbaycan Respublikası Qanununun və bu Əsasnamənin tələblərini yerinə yetirməyən və buna mane olan vəzifəli şəxslər haqqında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanının rəhbərinə məruzə etmək;

6.3.2. inzibati ərazi vahidində səfərbərlik orqanının fəaliyyətinə dair məsələlərin həll edilməsi üçün vəzifəli şəxslərdən məlumatları almaq.

6.4. Təşkilatların səfərbərlik orqanlarının hüquqları:

6.4.1. təşkilatların rəhbərlərinə «Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Azərbaycan Respublikası Qanununun və bu Əsasnamənin tələblərini yerinə yetirməyən və buna mane olan vəzifəli şəxslər haqqında məruzə etmək;

6.4.2. təşkilatların vəzifəli şəxslərindən səfərbərlik hazırlığı və səfərbərliyə aid olan məsələləri həll etmək üçün müvafiq məlumatları almaq.

7. Səfərbərlik orqanlarının məsuliyyəti Səfərbərlik orqanları qüvvədə olan qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət daşıyırlar. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 5 yanvar tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmişdir

Müharibə dövrünün ştatlarında nəzərdə tutulmuş hərbi vəzifələrdə hərbi xidmətkeçmə məqsədi ilə hərbi hissələrə təhkim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması qaydası, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində vətəndaşların işləmək üçün göndərilməsi

Q A Y D A S I

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə, qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə vətəndaşların səfərbərlik üzrə çağırışı (işə göndərilməsi) Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına, «Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında» və «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikasının qanunlarına uyğun həyata keçirilir.

1.2. Vətəndaşların səfərbərlik üzrə çağırışı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin səfərbərlik planlarında müəyyən edilmiş sayda və müddət ərzində həyata keçirilir.

1.3. Vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırışını, yaxud onların müharibə dövrünün ştatlarında nəzərdə tutulmuş mülki heyət vəzifələrində işləmək üçün göndərilməsini rayon, şəhər hərbi komissarlıqları müvafiq rayon, şəhər icra hakimiyyəti orqanları ilə birgə həyata keçirirlər.

2. Vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırışına (işləməyə göndərilməsinə) hazırlıq tədbirləri

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilati-ştat strukturuna vaxtında keçirilməsini və xüsusi birləşmələrin yaradılmasını təmin etmək məqsədi ilə dinc dövrdə aşağıdakı tədbirlər həyata keçirilməlidir:

2.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilati-ştat strukturuna vaxtında keçirilməsi və xüsusi birləşmələrin yaradılması məqsədi ilə hərbi vəzifəlilər müharibə dövründə hərbi vəzifələrdə hərbi xidmətlərini keçmək, yaxud müharibə dövrünün ştatlarında nəzərdə tutulmuş mülki heyət vəzifələrində işləmək üçün əvvəlcədən hərbi hissələrə rayon, şəhər hərbi komissarlıqları tərəfindən təhkim edilirlər (xüsusi birləşmələrə təyin edilirlər);

2.2. dinc dövrdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə və xüsusi birləşmələrdə mülki heyət vəzifəsində işləyən vətəndaşlar birinci növbədə işlədikləri hərbi hissələrə və xüsusi birləşmələrə təhkim olunurlar;

2.3. hərbi hissələrə təhkim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) hərbi vəzifəlilər üçün rayon, şəhər hərbi komissarlıqlarında səfərbərlik sərəncamları hazırlanır və hərbi vəzifəlilərə təqdim edilir;

2.4. hərbi hissələrə təhkim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) hərbi vəzifəlilərin vaxtında xəbərdar edilməsi məqsədi ilə onlar üçün yaşayış yeri üzrə və iş yeri üzrə rayon, şəhər hərbi komissarlıqları tərəfindən çağırış vərəqələri hazırlanır;

2.5. vətəndaşlar səfərbərlik elan edilərkən səfərbərlik sərəncamlarında, rayon, şəhər hərbi komissarlıqlarının çağırış vərəqələrində, şəhər və rayon hərbi komissarlarının əmrlərində göstərilmiş müddətdə müəyyən edilmiş məntəqələrə gəlməlidirlər;

2.6. səfərbərlik sərəncamlarının və çağırış vərəqələrinin formaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir.

3. Vətəndaşların səfərbərlik üzrə xəbərdar edilməsi, çağırılması və hərbi hissələrə (xüsusi birləşmələrə) göndərilməsi

3.1. Səfərbərlik planlarına uyğun olaraq səfərbərlik üzrə hərbi xidmətə çağırılmalı olan vətəndaşların vaxtında xəbərdar edilməsini, toplanış məntəqələrinə və hərbi hissələrə (xüsusi birləşmələrə) göndərilməsini rayon, şəhər hərbi komissarlıqları yerli icra hakimiyyəti orqanları ilə birlikdə təşkil edir və həyata keçirirlər.

3.2. Müvafiq qanunvericiliyə uyğun olaraq səfərbərliyin elan edilməsi barədə qəbul olunmuş qərar dərhal kütləvi informasiya vasitələri ilə, bu mümkün olmadıqda isə başqa üsullarla yayılır.

3.3. Kütləvi informasiya vasitələrində səfərbərliyin elan olunmasından əlavə vətəndaşlar səfərbərlik üzrə hərbi xidmətə çağırılmaları barədə rayon, şəhər hərbi komissarlarının səfərbərliyin elan olunması haqqında əmrinin ictimai yerlərdə yapışdırılması, çağırış vərəqələri ilə yaşayış yerləri və iş yerləri üzrə xəbərdar edilirlər.

3.4. Vətəndaşların səfərbərlik barədə xəbərdar edilməsinə yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının, təşkilatların vəzifəli şəxsləri, rayon, şəhər hərbi komissarlıqlarının aparatlarına təhkim edilmiş şəxslər cəlb edilirlər.

3.5. Yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının, təşkilatların rəhbərləri səfərbərlik elan edilərkən, hərbi vəzifəlilərə vaxtında məlumat verilməsini və onların toplanış məntəqələrinə və ya hərbi hissələrə (xüsusi birləşmələrə) gətirilməsini təmin etməlidirlər.

3.6. Müharibə dövründə hərbi xidmət keçmək üçün hərbi hissələrə təhkim edilmiş (xüsusi birləşmələrə təyin edilmiş) vətəndaşlar səfərbərlik elan edildikdə, səfərbərlik üzrə hərbi xidmətə çağırılırlar. Vətəndaşların səfərbərlik üzrə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə, qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə çağırılmasını təmin etmək məqsədi ilə rayon, şəhər hərbi komissarlıqlarında aşağıdakı tərkibdə çağırış komissiyası yaradılır: komissiyanın sədri – rayon, şəhər hərbi komissarı, komissiya sədrinin müavini – icra hakimiyyəti başçısının müavini, komissiyanın üzvləri – daxili işlər orqanının nümayəndəsi, həkimlər və başqaları.

3.7. Ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırılmayan vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində işləmək üçün göndərilə bilərlər.

3.8. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə, qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə təhkim olunmuş vətəndaşların hərbi xidmətə çağırılması (işləməyə göndərilməsi) mümkün olmadığı hallarda səfərbərlik sərəncamları olmayan vətəndaşlar hərbi xidmətə çağırılırlar (işləməyə göndərilirlər). Bu şəxslər hərbi hissələrin və xüsusi birləşmələrin tam və keyfiyyətlə komplektləşdirilməsi məqsədi ilə çağırılırlar (göndərilirlər).

3.9. Vətəndaşlar səfərbərlik üzrə hərbi xidmətə o zaman çağırılmış hesab edilirlər ki, onların hərbi xidmətə çağırılması barədə hərbi uçot sənədlərində rayon, şəhər hərbi komissarlıqları tərəfindən qeydiyyat aparılmış olsun.

3.10. Azə rbaycan Respublikasının Silahlı Qüvvələrinə, qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə hərbi xidmətə vətəndaşların çağırılması (işləməyə göndərilməsi) rayon, şəhər hərbi komissarlıqlarının iştirakı olmadan qadağandır.

3.11. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə, qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə hərbi xidmətə çağırılan (işə göndərilən) vətəndaşlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müəyyən etdiyi məntəqələrə göndərilirlər.

3.12. Hərbi hissələrə təhkim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) vətəndaşların gətirilməsi üçün birinci növbədə həmin hərbi hissələrə və xüsusi birləşmələrə hərbi nəqliyyat vasitələri cəlb edilir, əlavə olaraq müvafiq rayon, şəhər icra hakimiyyəti orqanının qərarı ilə ayrılmış hərbi nəqliyyat vasitələri də istifadə edilir.

3.13. Vətəndaşların səfərbərlik üzrə xəbərdar edilməsini və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə, qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə vaxtında və mütəşəkkil göndərilməsini həyata keçirmək məqsədi ilə yerli icra nümayəndəliklərinin, yerli özünüidarəetmə orqanlarının, mənzil-istismar təşkilatlarının və evləri istismar edən təşkilatların bazalarında xəbərdarlıq sahələri, başqa təşkilatlarda isə xəbərdarlıq qərargahları yaradılır. Səfərbərlik üzrə çağırılmış vətəndaşların Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə, qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrə və xüsusi birləşmələrə göndərilmələrinin təşkil edilməsi üçün hərbi vəzifəlilərin əvvəlcədən toplanış məntəqələri yaradılır. Bu məntəqələr hərəkət marşrutlarında və hərbi vəzifəlilərin yaxşı tanıdıqları ünvanlarda yerləşdirilir.

3.14. Müvafiq rayon, şəhər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları səfərbərlik planlarına uyğun olaraq, səfərbərlik üzrə hərbi xidmətə çağırılmalı olan vətəndaşların vaxtında xəbərdar edilməsini, onların və hərbi nəqliyyat vasitələrinin toplanış məntəqələrinə, yaxud hərbi hissələrə gətirilməsini, binaların, tikililərin, kommunikasiyaların, torpaq sahələrinin, nəqliyyat və digər maddi vəsaitlərin təyinatı üzrə istifadəyə verilməsini müəyyən olunmuş qaydada təşkil edirlər.

3.15. Səfərbərlik üzrə çağırış zamanı vətəndaşların toplanış məntəqələrinə, yaxud hərbi hissələrə (xüsusi birləşmələrə) vaxtında gəlməmiş şəxslər, habelə vətəndaşların vaxtında gəlməsinə mane olan təşkilat rəhbərləri və digər vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

3.12. Hərbi hissələrə təhkim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) vətəndaşların gətirilməsi üçün birinci növbədə həmin hərbi hissələrə və xüsusi birləşmələrə hərbi nəqliyyat vasitələri cəlb edilir, əlavə olaraq müvafiq rayon, şəhər icra hakimiyyəti orqanının qərarı ilə ayrılmış hərbi nəqliyyat vasitələri də istifadə edilir.

3.13. Vətəndaşların səfərbərlik üzrə xəbərdar edilməsini və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə, qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə vaxtında və mütəşəkkil göndərilməsini həyata keçirmək məqsədi ilə yerli icra nümayəndəliklərinin, yerli özünüidarəetmə orqanlarının, mənzil-istismar təşkilatlarının və evləri istismar edən təşkilatların bazalarında xəbərdarlıq sahələri, başqa təşkilatlarda isə xəbərdarlıq qərargahları yaradılır. Səfərbərlik üzrə çağırılmış vətəndaşların Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə, qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrə və xüsusi birləşmələrə göndərilmələrinin təşkil edilməsi üçün hərbi vəzifəlilərin əvvəlcədən toplanış məntəqələri yaradılır. Bu məntəqələr hərəkət marşrutlarında və hərbi vəzifəlilərin yaxşı tanıdıqları ünvanlarda yerləşdirilir.

3.14. Müvafiq rayon, şəhər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları səfərbərlik planlarına uyğun olaraq, səfərbərlik üzrə hərbi xidmətə çağırılmalı olan vətəndaşların vaxtında xəbərdar edilməsini, onların və hərbi nəqliyyat vasitələrinin toplanış məntəqələrinə, yaxud hərbi hissələrə gətirilməsini, binaların, tikililərin, kommunikasiyaların, torpaq sahələrinin, nəqliyyat və digər maddi vəsaitlərin təyinatı üzrə istifadəyə verilməsini müəyyən olunmuş qaydada təşkil edirlər.

3.15. Səfərbərlik üzrə çağırış zamanı vətəndaşların toplanış məntəqələrinə, yaxud hərbi hissələrə (xüsusi birləşmələrə) vaxtında gəlməmiş şəxslər, habelə vətəndaşların vaxtında gəlməsinə mane olan təşkilat rəhbərləri və digər vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.



Yüklə 101,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə