Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası



Yüklə 66,6 Kb.
tarix14.05.2018
ölçüsü66,6 Kb.
#43864

“Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 


Azərbaycan mədəniyyətinin inkişafını, daxili və xarici təhdidlərdən qorunmasını, dünya mədəniyyətinə uğurlu inteqrasiyasını, mədəniyyət sahəsində insan və vətəndaş hüquq və azadlıqlarını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilsin (əlavə olunur). 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Konsepsiyanın həyata keçirilməsi üzrə dövlət proqramlarının layihələrini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.2. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Konsepsiyanın icrasının gedişi barədə hər il üzrə hesabatı növbəti ilin 1 mart tarixinədək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. İlham ƏLİYEV, 3 Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 14 fevral 2014-cü il № 273 Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 fevral tarixli 273 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası 1. Məzmuna Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasəti ümumi dövlət siyasətinin tərkib hissəsidir. Dövlət quruculuğu, iqtisadiyyat və sosial sahələrdə həyata keçirilən köklü islahatlar mədəni proseslərin məzmununa və dinamikasına da bilavasitə təsir göstərmişdir. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan çoxsaylı daxili və xarici problemlərlə üzləşmiş, ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdur. Məhz belə şəraitdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə ölkədə daxili siyasi sabitlik bərpa edilmiş, ölkənin gələcək inkişafının strategiyası və əsas istiqamətləri müəyyənləşdirilmişdir. Həmin vaxtdan etibarən bütün fəaliyyət sahələrində, o cümlədən mədəniyyət sahəsində köklü islahatlar aparılmış və yüksək nailiyyətlər əldə edilmişdir. Azərbaycanın sosial və iqtisadi sahələrdə uğurları, beynəlxalq aləmdə daim artan nüfuzu ölkə vətəndaşlarının Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş mədəni hüquqlarının həyata keçirilməsi üçün əlverişli imkanlar yaratmışdır. Azərbaycan Respublikasında hər kəsin mədəniyyət sahəsində hüquq və azadlıqları, beynəlxalq hüququn prinsip və normaları rəhbər tutulmaqla təmin edilir. 4 Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasəti mədəni irsin qorunması və təbliği, mədəni sərvətlərin yaradılması və inkişafı istiqamətində dövlətin rəhbər tutduğu prinsiplərlə səciyyələnir. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununa görə mədəniyyət sahəsində dövlət siyasəti: bərabərlik - hər kəsin öz mədəniyyət və yaradıcılıq hüquqlarının və imkanlarının bərabər şərtlər əsasında həyata keçirilməsinin təmin olunması; demokratiklik - əhalinin azad düşüncə ruhunda tərbiyələndirilməsi, mədəniyyət sahəsinin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində hüquq və azadlıqların genişləndirilməsi, estetik düşüncə azadlığının təmin edilməsi, yeni mədəniyyət təşkilatlarının yaradılmasının stimullaşdırılması; humanistlik - dünyəvi dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin prioritet kimi qəbul olunması; inteqrasiya - dünya mədəniyyətindən təcrid olunmamaqla, dünya mədəniyyətinin universal dəyərlərini qəbul edərək, milli mədəniyyətin dünyada tanıdılması, zənginləşdirilməsi və inkişafının təmin edilməsi; tarazlılıq - mədəniyyət sənayesi ilə mədəniyyət məhsullarının və xidmətlərinin bazarları arasında balansın yaradılması, mədəniyyət cəmiyyətlərinin fəaliyyətinin inkişafının təmin edilməsi; keyfiyyətlilik - mədəniyyət sahəsində məhsulların və xidmətlərin ən qabaqcıl standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğunun təmin olunması; 5 dünyəvilik - dünyəvi dəyərlərin yaradılması, qorunması və inkişafının təmin olunması; səmərəlilik - mədəniyyət sahəsində yaradıcılığın daim inkişaf edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təşkil edilməsi; varislik - mədəni sərvətlərin, bu sahədə bilik və təcrübənin sonrakı nəsillərə ötürülməsi; istedad amili - fitri istedada malik şəxslərin yaradıcılıq nailiyyətlərinin artmasına xüsusi qayğının göstərilməsi kimi prinsiplərə əsaslanır. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 22 muzey və muzey filialları, 4 rəsm qalereyası, dünya əhəmiyyətli 13, ölkə əhəmiyyətli 242, yerli əhəmiyyətli 434 tarix və mədəniyyət abidəsi, o cümlədən Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri (VIIXII əsrlər), Kəlbəcər rayonunda Gəncəsar və Xudavənd məbədləri (XIII əsr), Ağdam rayonunun Xaçın Türbətli kəndində məqbərə (XIV əsr), Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri - Azıx mağarası, ümumdünya əhəmiyyətli 6 memarlıq və 7 arxeoloji abidə, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilmişdir. Beynəlxalq hüquq normalarına, Azərbaycan Respublikasının da qoşulduğu "Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında" 1954-cü il 14 may tarixli Konvensiyanın müddəalarına zidd olaraq həmin abidələrin əksəriyyəti talan edilmiş, dağıdılmış, yerlə yeksan 6 edilmişdir. Cavabdehin beynəlxalq hüquq normaları çərçivəsində cəzalandırılması istiqamətində zəruri tədbirlər davam etdirilməlidir. “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” (bundan sonra -Konsepsiya) Azərbaycan mədəniyyətinin inkişafının, daxili və xarici təhdidlərdən (saxtakarlıq, mənimsəmə, təhriflər, tarix və mədəniyyət abidələrinin məqsədli şəkildə məhvi və s.) qorunmasının və dünya mədəniyyətinə uğurlu inteqrasiyasının əsas istiqamətlərini, mədəniyyət hüquqlarının təminatı formalarını müəyyən edir. Konsepsiya mədəni sərvətlərin, o cümlədən maddi və qeyri-maddi mədəni irs nümunələrinin, Azərbaycanın xarici dövlətlərdə milli mədəni irsinin, beynəlxalq hüquq normalarına əsaslanaraq qorunması, bərpası, təbliği və təşviqi istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. 2. Konsepsiyanın əsas məqsəd və vəzifələri Konsepsiyanın əsas məqsədi Azərbaycan xalqının bütövlüyünün qorunması şərti ilə, mədəniyyət siyasətinin təminat mexanizmlərinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, mədəni irsin qorunması, yaradıcılığın dəstəklənməsi və inkişafının təmin olunmasından ibarətdir. Konsepsiyanın əsas vəzifələri mədəniyyətin bütün sahələrinin, o cümlədən mədəniyyət siyasətinin idarəetmə, hüquqi, maliyyə, informasiya, insan resursları, maddi-texniki infrastruktur və beynəlxalq əməkdaşlıq kimi təminat mexanizmlərinin inkişafını, mədəniyyət sahəsində göstəricilərin yüksək səviyyəyə çatdırılmasını və mədəni irsin təhlükəsizliyi üçün tələb olunan islahatların həyata keçirilməsini təmin etməkdir. 7 2.1. Hüquqi təminatın inkişaf etdirilməsi Demokratik hüquqi dövlətin qanunun aliliyi, insan və vətəndaş hüquqları və azadlıqları kimi fundamental əsaslarının təmin olunması milli maraqların həyata keçirilməsinə əhəmiyyətli dəstəkdir. Bu səbəbdən mədəniyyət siyasətinin həyata keçirilməsinin əsas vasitələrindən olan mədəni həyat və onun hər bir mərhələsinin - mədəni sərvətlərin yaradılması, qorunması, təşviqi və mənimsənilməsi proseslərinin hüquqi tənzimlənməsi böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə aparılan işlərin davam etdirilməsinin zəruriliyi nəzərə alınaraq, aşağıdakı vəzifələr müəyyən edilir: -mədəniyyət haqqında Azərbaycan Respublikası qanunvericiliyinin, o cümlədən mədəniyyət sahəsində fəaliyyət istiqamətləri üzrə münasibətləri tənzimləyən hüquqi aktların təkmilləşdirilməsi; - Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi; - əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması; - mədəniyyət sahəsində peşəkarlıq səviyyəsinin artırılması. 2.2. Mədəniyyətin idarə olunmasında müasir üsulların tətbiqi Mütərəqqi beynəlxalq təcrübəyə əsasən, mədəniyyətin idarə olunmasında ən müvəffəqiyyətli üsullar bu işə dövlət orqanları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının və özəl sektorun cəlb olunması, dövlət orqanlarının və bələdiyyələrin qarşılıqlı əməkdaşlığı, mədəniyyət təsisatlarından səmərəli istifadənin təşkili, mədəniyyət sahəsində dövlət siyasəti 8 prinsiplərinin rəhbər tutulması, müasir innovativ idarəçilik metodlarının tətbiqi və inhisarçılığın qarşısının alınması yolu ilə təmin edilir. Mədəniyyətin idarə olunması sahəsində aparılacaq islahatlar çərçivəsində aşağıdakı əsas vəzifələr müəyyən edilir: - dövlət mədəniyyət sisteminin təkmilləşdirilməsi, mədəniyyət, o cümlədən incəsənət sahələrinin idarə olunmasında yerli özünüidarəetmə orqanları ilə əməkdaşlığın inkişaf etdirilməsi; - mədəniyyət, o cümlədən incəsənət sahələrində artmenecment və prodüserlik sistemlərinin formalaşdırılması və müasir inzibatçılığın təşviqi; - qeyri-hökumət təşkilatları və özəl sektorla əməkdaşlığın həyata keçirilməsi, milli mədəni özünəməxsusluğun və çoxşaxəliliyin, multikulturalizmin qorunub saxlanılması, fərdi təşəbbüslərin təşviq edilməsi və layihələrin həyata keçirilməsi məqsədi ilə mədəniyyət sahəsində davamlı liberallaşmanın aparılması. 2.3. Maliyyə mənbələrinin diversifikasiyası Azərbaycan Respublikasında mədəniyyət sahəsinin maliyyə mənbələrinin diversifikasiyası üçün aşağıdakı əsas vəzifələr müəyyən edilir: - dövlət büdcəsindən mədəniyyət sahəsinə ayrılan vəsaitin inventarlaşdırılması, təhlili, qiymətləndirilməsi və səmərəliliyinin artırılması nəticəsində optimal maliyyələşmə həddinin müəyyənləşdirilməsi, habelə xərclərin ünvanlı istifadə edilməsi məqsədi ilə dövlət sifarişlərinin daha geniş tətbiq olunması və ayrılan dövlət vəsaitlərinə nəzarətin gücləndirilməsi; 9 - mədəniyyətin maliyyə imkanlarının genişləndirilməsi üçün alternativ maliyyə mənbələrinin (büdcədənkənar vəsaitlər, qrantlar, ianələr və digər qanuni maliyyə mənbələri) cəlb edilməsi; - menecment və marketinqin inkişaf etdirilməsi vasitəsi ilə mədəniyyət müəssisələrində göstərilən ödənişli mədəniyyət xidmətlərinin təkmilləşdirilməsi, o cümlədən genişləndirilməsi. 2.4. İnformasiya təminatının təkmilləşdirilməsi Dövlət quruculuğunun digər sahələri kimi Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasətinin formalaşdırılması da hərtərəfli mədəni-siyasi tədqiqatlara və əlaqəli innovasiyalara əsaslanmalıdır. Eyni zamanda, təşəkkül tapmaqda olan qlobal informasiya cəmiyyətində elmi əsaslandırılmış informasiyanın rolunun artması diqqətdən kənarda qalmamalıdır. Bu məqsədlə mədəniyyət sahəsində informasiya təminatının təkmilləşdirilməsi üçün aşağıdakı əsas vəzifələr müəyyən edilir: - elmi-metodiki tədqiqatların aparılması, statistik məlumatların toplanılması, ictimai rəyin öyrənilməsi məqsədi ilə sosioloji sorğuların keçirilməsi, müasir sənədləşmənin tətbiq edilməsi, məlumat bazalarının yaradılması, milli və beynəlxalq konfrans, seminar və digər tədbirlərin keçirilməsi; - daxili və xarici mədəniyyət siyasəti, mədəniyyətin, o cümlədən incəsənətin müxtəlif sahələri, həmçinin ayrı-ayrı regionlar üzrə proqram layihələrinin işlənilib hazırlanması və icrasının təmin edilməsi; - informasiya və reklam işinin müasirləşdirilməsi, milli və xarici kütləvi informasiya vasitələrində və internet şəbəkəsində Azərbaycan mədəniyyətinin, o cümlədən incəsənətinin layiqincə təmsil olunması; 10 - mədəniyyət, informasiya, reklam və yayım proqramları vasitəsi ilə mədəniyyət-informasiya məkanının formalaşdırılması; - zorakılığa, sosial, irqi, milli və dini ayrı-seçkiliyə çağırışların, milli-mənəvi dəyərlərə zidd davranışların və fəaliyyətlərin, əxlaqsızlıq, erotika, pornoqrafiya, narkomaniya və digər neqativ halların yaranmasına xidmət edən vasitələrin təbliğinin qarşısının alınması. 2.5. Təhsil və insan resurslarının inkişafı Mədəniyyət sahəsinin davamlı inkişafının təmin olunmasında bu sahədə bilik və təcrübənin sonrakı nəsillərə ötürülməsi, çoxpilləli mədəniyyət təhsili sistemi və şəbəkəsinin müasirləşdirilməsi zəruridir. Mədəniyyət sahəsində təhsil və insan resurslarının inkişafının təmin olunması məqsədi ilə aşağıdakı əsas vəzifələr müəyyən edilir: - Azərbaycan Respublikasının mədəniyyət, o cümlədən incəsənət xadimlərinin zəruri tələbatlarının iqtisadi imkanlar daxilində ödənilməsi üçün tədbirlərin görülməsi, onların fəal yaradıcılığı məqsədi ilə şəraitin yaxşılaşdırılması; - mədəniyyət sahəsində təhsil, o cümlədən əlavə təhsil sisteminin təkmilləşdirilməsi, həmin məqsədlə xarici ölkələrə təcrübə səfərlərinin təşkili və tanınmış əcnəbi mütəxəssislərin Azərbaycan Respublikasına dəvət edilməsi; - müsabiqə, sərgi, festival və digər tədbirlərin təşkili yolu ilə gənc istedadların üzə çıxarılması işinin davam etdirilməsi; - mədəniyyətin inkişafında xidmətləri olan mədəniyyət işçilərinin, yaradıcı şəxslərin və kollektivlərin bioqrafiyası, peşə və yaradıcılıq fəaliyyətləri barədə məlumat bazasının yaradılması; 11 - Azərbaycanın xarici ölkələrdə yaşayan mədəniyyət xadimləri haqqında məlumat bazasının formalaşdırılması, həmin şəxslərin Azərbaycan Respublikasının müvafiq dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə əlaqələrinin inkişaf etdirilməsi, habelə əsərlərinin respublikada və xarici ölkələrdə təbliği istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi. 2.6. İnfrastrukturun müasirləşdirilməsi Mədəni sərvətlərin yaradılması, mühafizəsi və istifadəsi mövcud maddi-texniki bazanın gücləndirilməsini və infrastrukturun müasirləşdirilməsini şərtləndirir. Qloballaşan dünyada cəmiyyətin və mədəniyyətin tərəqqisi informasiya və kommunikasiya texnologiyaları olmadan mümkün deyildir. Bu baxımdan mədəniyyət infrastrukturunun müasirləşdirilməsi üçün aşağıdakı əsas vəzifələr müəyyən edilir: - mədəniyyət müəssisələri üçün orijinal layihələr əsasında nümunəvi binaların tikilməsi; - təmirə ehtiyacı olan mədəniyyət obyektlərində növbəlilik prinsipi üzrə müvafiq işlərin görülməsi; - mədəniyyət obyektlərinin müasir mühəndis qurğuları və texnoloji sistemlərlə təchizatı; -mədəniyyət obyektlərində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi. 2.7. Beynəlxalq əməkdaşlıq Qloballaşan dünyada Azərbaycan Respublikasının inkişafının mühüm amillərindən biri kimi beynəlxalq əməkdaşlığın vacibliyini, mədəniyyətlərarası dialoqun həyata 12 keçirilməsində və mədəni sərvətlərin təbliğində turizmin əsas vasitələrdən biri olduğunu nəzərə alaraq, Azərbaycan mədəniyyətinin xaricdə təqdim və təbliğ edilməsi, həmçinin dünya xalqlarına məxsus ən parlaq mədəniyyət nümunələrinin Azərbaycanda yayılmasına şərait yaradılması üçün aşağıdakı vəzifələr yerinə yetirilməlidir: - Birləşmiş Millətlər Təşkilatı, İslam Konfransı Təşkilatı, YUNESKO, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, TÜRKSOY, İSESKO, Müstəqil Dövlətlər Birliyi, GUAM, QDİƏT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsi ilə milli mədəniyyətin xarici ölkələrdə təbliği; - mədəniyyətlərarası dialoqun dəstəklənməsi; - Avropa, Asiya, Amerika, Afrika dövlətləri, türkdilli və digər ölkələrin xalqları ilə mədəniyyət və turizm sahəsində beynəlxalq əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi; - Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin tabeliyində mədəniyyət mərkəzlərinin təsis olunması, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən yaradılmış mədəniyyət mərkəzlərinə konsultativ, metodiki, təşkilatitexnoloji və digər dəstəyin göstərilməsi; - Azərbaycana qarşı erməni təcavüzü və erməni terroru, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və hazırkı vəziyyəti, siyasi-hüquqi aspektləri, münaqişənin həlli prosesi, Azərbaycanın işğal edilmiş ərazilərindəki tarix və mədəniyyət abidələrinin vəziyyəti, talan edilmiş daşınan sərvətləri və əqli mülkiyyətin ermənilər tərəfindən oğurlanması haqqında beynəlxalq ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılması; 13 - dünya mədəni irs obyektlərinin qorunması, bərpası və inkişafının dəstəklənməsi; - qabaqcıl təcrübələrin və yeni texnologiyaların beynəlxalq mübadiləsi; - xarici dövlətlərin mədəni irslərinin qorunması, bərpası və inkişafının dəstəklənməsi. 3. Mədəni irsin qorunması Hər bir xalqın mədəni irsi özündə milli-mənəvi dəyərləri əks etdirən və onu dünya miqyasında tanıdan vasitədir. Bu səbəbdən daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və müasir tələblərə uyğunlaşdırılması, muzey şəbəkələrinin və kitabxana-informasiya sistemlərinin müasirləşdirilməsi, elektron kataloq və elektron kitabxanaların yaradılması, qeyri-maddi mədəni irsin və xalq yaradıcılığının dəstəklənməsi, yerli mədəniyyət mərkəzlərinin, mədəniyyət əhəmiyyətli parkların, etnoparkların inkişaf etdirilməsi Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikası mədəniyyət sahəsində dövlət siyasətinə və beynəlxalq öhdəliklərinə uyğun olaraq, öz ərazisində maddi və qeyri-maddi mədəni irsi qorumaqla yanaşı, milli mədəni sərvətlərin qanunsuz özgəninkiləşdirilməsi, onlara zərər vurulması kimi neqativ halların, habelə Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qalan maddi mədəniyyət nümunələrinin dağıdılmasının və onlara məqsədli şəkildə müdaxilələr edilməsinin, həmin ərazilərin qanunsuz şəkildə turist marşrutlarına salınmasının qarşısının alınması istiqamətində fəaliyyət göstərir. 14 3.1. Qeyri-maddi mədəni irsin qorunması Azərbaycan xalqının əsrlər boyu yaradılan və tarixən milli mənəviyyatın və mədəniyyətin inkişaf özəyini təşkil edən qədim və rəngarəng qeyri-maddi mədəni irsi hər bir azərbaycanlının qürur mənbəyidir. Azərbaycan xalqına məxsus qeyri-maddi mədəni irs nümunələri - Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalçaçılıq sənəti, tar sənətkarlığı və ifaçılığı YUNESKO-nun Qeyri-maddi Mədəni irs üzrə Reprezentativ Siyahısına, Çövkən - Qarabağ atüstü oyunu YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-maddi Mədəni İrs üzrə Siyahısına daxil edilmişdir. Mövcud mədəniyyət sarayları, mədəniyyət evi, klub və park şəbəkələrinin yenidən qurulması vasitəsi ilə qeyri-maddi mədəni irsin əsas sahələri olan folklor, sənətkarlıq və diyarşünaslığın dəstəklənməsi istiqamətində aşağıdakı vəzifələr müəyyən edilir: - Azərbaycan xalqının tarixi-mədəni həyat təcrübəsinin və diyarşünaslığın inkişafı məqsədi ilə xalq adət və ənənələrinin təbliği, milli bayram və mərasimlərin qorunub saxlanılması, tarixi rəmz və ənənəvi biliklərin rekonstruksiyası; - milli musiqi və rəqslərin təşviqi; - şifahi xalq yaradıcılığı nümunələrinin qorunması, xalq oyun və tamaşalarının bərpası; - xalq sənətkarlığının dirçəldilməsi məqsədi ilə xalq tətbiqi sənətinin inkişaf etdirilməsi, ənənəvi dekorativ sənətin qorunması, təsviri incəsənətin canlandırılması; - mövcud ştat vahidləri dairəsində şəhər (rayon) mədəniyyət evləri və klublarının əsasında şəhər (rayon) mədəniyyət mərkəzləri və onların diyarşünaslıq, folklor və sənətkarlıq filiallarının yaradılması, həmçinin mədəniyyət 15 əhəmiyyətli parkların müasir əsaslarla təşkil edilməsi, sənətkarlıq emalatxanalarının təşkili, onların turist marşrutlarına salınması. 3.2. Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının inkişafı Azərbaycan çoxəsrlik tarixə malik maddi mədəniyyət nümunələri ilə zəngin ölkədir. Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə 2001-ci ildən aparılan bölgüsünə əsasən Azərbaycan Respublikasının ərazisində 6308 abidə dövlətin mühafizəsindədir. Azərbaycan Respublikası ərazisində 27 dövlət tarix-mədəniyyət, o cümlədən memarlıq, bədii və etnoqrafiya qoruğu fəaliyyət göstərir. 2000-ci ildə “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, o cümlədən Şirvanşahlar sarayı kompleksi və Qız qalası, 2007-ci ildə "Qobustan" dövlət tarixi-bədii qoruğu YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmişdir. “İçərişəhər” dövlət tarix-memarlıq qoruğunun və Qobustan milli tarix-bədii qoruğunun ərazisində yerləşən abidələrin qorunması təmin edilmiş, əraziləri abadlaşdırılmış və yeni turizm marşrutları müəyyən olunmuşdur. Bu qoruqlar müasir tələblərə cavab verən turizm obyektlərinə çevrilməkdədir. Daşınmaz tarix və mədəniyyət abidələrində bərpakonservasiya işlərinin aparılması, sel sularından mühafizə məqsədli drenaj sistemlərin qurulması, ərazinin işıqlandırılması, informasiya lövhələri və yol nişanlarının quraşdırılması, daşınmaz tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması və mühafizə zonalarının müəyyən edilməsi istiqamətində işlər davam etdirilir. 16 Milli mədəni irsin qorunması məqsədi ilə aparılan islahatların davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 195 nömrəli Sərəncamı ilə daşınmaz tarix və mədəniyyət abidələrinin, qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkilinə, daşınmaz mədəni irsin bərpası, öyrənilməsi, təbliği və inkişafı üzrə tədbirlərin həyata keçirilməsinə yönəldilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Qeyd olunanlarla yanaşı, daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının inkişafı, o cümlədən mühafizəsinin müasir səviyyədə təşkili, qədim tarixi və mədəni sərvətlərin öyrənilməsi və təbliği ilə əlaqədar aşağıdakı əsas vəzifələr müəyyən edilir: -daşınmaz mədəni irsin qorunması işinin təkmilləşdirilməsi, həmin məqsədlə daşınmaz mədəni irsin, o cümlədən arxeoloji abidələrin inventarlaşdırılması, mühafizə zonalarının müəyyən edilməsi, pasportlaşdırılması və müasir tələblərə cavab verən məlumat bazasının yaradılması; - daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması, bərpası, istifadə və idarə olunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, qabaqcıl və mütərəqqi təcrübənin tətbiqi, zərurət yarandıqda həmin məqsədlərə beynəlxalq mütəxəssislərin cəlb olunması; - tarix və mədəniyyət qoruqlarının ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması işinin təkmilləşdirilməsi, həmin məqsədlə tarix və mədəniyyət qoruqlarının sərhədlərinin müəyyən edilməsi və xəritələrinin hazırlanması, qoruqların ərazisində yerləşən tarix və 17 mədəniyyət abidələrinin siyahıya alınması, pasportlaşdırılması, müasir tələblərə cavab verən məlumat bazasının yaradılması, tarix və mədəniyyət qoruqlarının maddi-texniki bazasının inkişafı; - daşınmaz tarix və mədəniyyət abidələrində bərpa və konservasiya işlərinin aparılması; - daşınmaz mədəni irsin qorunması üzrə hüquqi aktların təkmilləşdirilməsi; - daşınmaz tarix və mədəniyyət abidələrinin öyrənilməsi, o cümlədən turizm məqsədləri ilə onlardan istifadə imkanlarının araşdırılması; - turizm məqsədləri ilə istifadə edilən daşınmaz tarix və mədəniyyət abidələrində və qoruqlarda müasir turizm infrastrukturunun yaradılması; - daşınmaz tarix və mədəniyyət abidələrinin qəsdən məhv edilmə və ya korlanmadan qorunması; - Azərbaycanın işğal olunmuş ərazilərində qalmış və digər ölkələrdə Azərbaycan xalqına aid olan tarix və mədəniyyət abidələrinin vəziyyətinə dair məlumatların sistemləşdirilməsi və müvafiq tədbirlərin görülməsi; - daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması və bərpası üzrə yüksəkixtisaslı peşəkar kadrların hazırlanması; - Azərbaycanın daşınmaz mədəni irsinin ölkə daxilində və beynəlxalq miqyasda təbliği və təşviqi. 3.3. Muzey işinin müasirləşdirilməsi Azərbaycanda tarix, tarix-diyarşünaslıq, elm, siyasət, incəsənət, ədəbiyyat, hərbi-vətənpərvərlik və döyüş şöhrəti muzeylərini, həmçinin tarixi şəxsiyyətlərin ev muzeylərini özündə birləşdirən geniş muzey şəbəkəsi fəaliyyət göstərir. Muzey işinin müasirləşdirilməsi üçün aşağıdakı əsas vəzifələr yerinə yetirilməlidir: 18 -muzey fondlarının mühafizəsi, pasportlaşdırılması, konservasiyası və bərpa edilməsi, muzey kolleksiyalarının komplektləşdirilməsi işinin təkmilləşdirilməsi, muzey fondlarına dair məlumatların rəqəmsal daşıyıcılara köçürülməsi və elektron kataloqlaşdırılma vasitəsi ilə milli muzeyinformasiya bazasının təşkil edilməsi; -muzey ekspozisiyalarının bədii tərtibatının təkmilləşdirilməsi, konseptual ekspozisiyaların və müxtəlif mövzularda sərgilərin təşkili; - turizmin inkişafı üçün muzeylərin turist marşrutlarına salınması, geniş tamaşaçı kütləsi ilə aparılacaq işlərin təkmilləşdirilməsi məqsədi ilə fərdi ekskursiyaların, ailəvi proqramların, uşaq və gənclər üçün tədris və interaktiv proqramların hazırlanması; - muzey marketinqinin inkişaf etdirilməsi, turizm məqsədi ilə kataloq, təqvim, broşür və suvenirlərin hazırlanması, təşkil edilən sərgilər barədə sorğu-məlumat kitabçalarının mütəmadi buraxılışı. 3.4. Kitabxana-informasiya şəbəkəsinin müasirləşdirilməsi Azərbaycan Respublikasının kitabxana şəbəkəsində Azərbaycan Milli Kitabxanası ilə yanaşı, respublika əhəmiyyətli, habelə kütləvi, uşaq kitabxanaları, sahəvi və mərkəzləşdirilmiş kitabxana sistemləri fəaliyyət göstərir. Hazırda bu şəbəkəyə daxil olan kitabxanaların fondlarında yüz milyonlarla kitab, jurnal, qəzet, not, buklet, müasir informasiya daşıyıcıları vardır. 8 mərkəzləşdirilmiş kitabxana sistemi və bir çox müstəqil kitabxana işğal olunmuş ərazilərdə qalmışdır. Tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında, ötürülməsində və cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında mühüm rol oynayan 19 kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi bu sahədə səmərəli islahatların aparılmasını, fondların müasir informasiya daşıyıcıları ilə zənginləşdirilməsini, dünyanın qabaqcıl kitabxana-informasiya müəssisələrinin təcrübəsindən istifadə edilməsini və kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsini zəruri edir. Azərbaycan Respublikasında kitabxana işi sahəsinin müasirləşdirilməsi məqsədi ilə aşağıdakı əsas vəzifələr müəyyən edilir: - Azərbaycan Respublikasının Dövlət Kitabxana Fondunun qarşılıqlı istifadəsi və mübadiləsi, kitabxanaların profilinə uyğun olaraq, onların fondlarının xarici ədəbiyyatla təmin edilməsi üçün koordinasiya planının hazırlanması və ümumrespublika xarici ədəbiyyat bankının, məqsədli elektron kolleksiyaların yaradılması; -kitabxana-biblioqrafiyaproseslərinin avtomatlaşdırılması, elektron kataloq və elektron kitabxanaların yaradılması, Azərbaycan Milli Avtomatlaşdırılmış Kataloqlaşdırma Formatının {AZMARK) hazırlanması, milli toplu kataloqunun yaradılması; - biblioqrafik-sorğu materiallarının, milli çap məhsulları və ədəbiyyat salnamələrinin nəşrlərinin bərpası və retrospektiv nəşr proqramının hazırlanması, kitab abidələrinin mühafizəsi, bərpası, konservasiyası, rəqəmsal daşıyıcılara köçürülməsi, kitabxana kataloqlarının retrokonversiyası və xidmət səviyyəsinin yüksəldilməsi. 4. Peşəkar incəsənətin inkişafı Azərbaycan xalqının incəsənət sahəsində tarixi ənənələri nəsillərin bədii təcrübəsinə arxalanan, cəmiyyətin inkişafına təsir edən, xalqın mövcudluğunu ifadə edən və milli-mənəvi 20 varlığını təsdiqləyən format kimi qəbul edilir. Peşəkar incəsənətin dəstəklənməsi teatr, musiqi, təsviri və dekorativtətbiqi sənət sahələrinin inkişafını nəzərdə tutur. 4.1. Peşəkar teatr sənətinin inkişafı Teatr sənəti sahəsində inkişaf tempinin dəstəklənməsi məqsədi ilə aşağıdakı əsas vəzifələr müəyyən edilir: - teatr sənətinin müxtəlif janrları üzrə yüksək bədii dəyərli yeni əsərlərin yaradılması və onların səhnə təcəssümünün təmin edilməsi üçün dövlət sifarişlərindən daha geniş və səmərəli istifadə edilməsi, bununla bağlı proqramların həyata keçirilməsi; - Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən teatrlarda tamaşaların hazırlanmasının stimullaşdırılması, ölkə və beynəlxalq səviyyəli teatr festivallarının, müsabiqələrin keçirilməsi və bu tədbirlərdə teatr kollektivlərinin iştirakının təmin edilməsi; - nadir səhnə ocaqlarının qorunması, məcburi köçkünlük şəraitində fəaliyyətini davam etdirən teatrlara məqsədli maddi və yaradıcılıq yardımının göstərilməsi. 4.2. Peşəkar musiqi sənətinin dəstəklənməsi Qədim tarixi ənənələrə malik Azərbaycan klassik musiqisinin, həmçinin digər musiqi janrlarının inkişafı üçün Azərbaycan Respublikasında geniş infrastruktur mövcuddur, çoxsaylı musiqi təhsili ocaqları və konsert salonları fəaliyyət göstərir. Azərbaycan musiqi sənətinin dəstəklənməsi, yaradıcılıq və ifaçılıq axtarışlarının müxtəlif formalarının inkişafı və beynəlxalq mədəni proseslərə inteqrasiyası, çoxşaxəli və 21 rəngarəng musiqi mühitinin yaradılması istiqamətlərində aşağıdakı vəzifələr müəyyən edilir: - yüksək bədii keyfiyyətə malik musiqi əsərlərinin yaradılması məqsədi ilə bəstəkarların yaradıcılığının təşviqi və təbliği ilə bağlı kompleks tədbirlərin davamlı olaraq həyata keçirilməsi; - müxtəlif musiqi janrları üzrə festivalların, müsabiqələrin və konsertlərin təşkili, habelə Azərbaycan bədii kollektivlərinin və solistlərin beynəlxalq tədbirlərdə iştirakının təmin edilməsi; - Azərbaycanın regionlarını təmsil edən musiqiçi və ifaçıların müvafiq yerli və beynəlxalq layihələrdə iştirakı üçün şərait yaradılması; - Azərbaycanın klassik musiqi incilərinin rəqəmsal daşıyıcılara köçürülməsi. 4.3. Peşəkar təsviri və dekorativ-tətbiqi sənətin təşviqi Azərbaycan xalqının təsviri və dekorativ-tətbiqi sənəti qədim tarixə və köklü ənənələrə malikdir. Müasir təsviri və dekorativ-tətbiqi sənətin inkişafı sərbəst bədii yaradıcılıq axtarışlarının dəstəklənməsi, beynəlxalq aləmə inteqrasiya və milli mədəniyyət nailiyyətlərinin təbliği ilə bağlıdır. Bu məqsədlə aşağıdakı vəzifələr müəyyən edilir: - Azərbaycanın müasir təsviri və dekorativ-tətbiqi sənətinə həsr olunmuş kitab, film, disk, buklet və kataloqların buraxılması, internet səhifələrinin yaradılması; - təsviri və dekorativ-tətbiqi sənətin müxtəlif növləri üzrə maraq doğuran layihələrin dəstəklənməsi; - təsviri və dekorativ-tətbiqi sənətə dair milli və beynəlxalq simpoziumların, festivalların, müsabiqələrin 22 keçirilməsi, sahə üzrə mütəxəssislərin və sənətçilərin beynəlxalq layihə və müsabiqələrdə iştirakının təmin edilməsi; - istedadlı gənclərin yaradıcılığının dəstəklənməsi və stimullaşdırılması; - incəsənət kolleksiyalarının formalaşdırılması, qalereyaların sərgi və maarifləndirici fəaliyyətinə dair proqramların hazırlanması; - yerli qalereyaların kolleksiyalarının müasir incəsənət əsərləri ilə zənginləşdirilməsi və onların fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiq edilməsi. 5. Mədəniyyət sənayesinin inkişafı Mədəniyyət məhsullarının və xidmətlərinin istehsalını və realizəsini təmin edən fəaliyyət sahəsi kimi mədəniyyət sənayesi mədəniyyət sahəsində dövlətin vəzifələrinin əhatə edildiyi əsas sahələrdəndir. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununda mədəniyyət sənayesinin inkişaf etdirilməsi dövlət mədəniyyət siyasətinin əsas istiqamətlərindən biri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasəti mədəniyyət sənayesi ilə mədəniyyət məhsullarının və xidmətlərinin bazarları arasında balansın yaradılmasını ehtiva edən tarazlılıq prinsipinə əsaslanır. Qlobal və milli mədəni həyatın formalaşmasında mühüm rol oynamış və dünyanın bir sıra aparıcı ölkələrində ciddi nailiyyət qazanmış mədəniyyət sənayesinə göstərilən xüsusi diqqət və əhəmiyyətli sərmayə yatırımı iqtisadi və sosial dividendlərə zəmin yaradır. Bu səbəbdən tarixi ənənələri olan və gələcəyə yönəldilmiş mədəniyyət sənayesi sahələrinin, xüsusilə kinematoqrafiya və nəşriyyat-poliqrafiya işi kimi 23 sahələrin inkişaf etdirilməsi dövlət mədəniyyət siyasətinin perspektivli istiqamətlərindəndir. 5.1. Kinematoqrafiyanın inkişafı Azərbaycanın milli kinematoqrafiya tarixi XIX əsrin sonlarından başlayır. Bu zəngin tarix dünya kinematoqrafiyasında baş verən proseslərlə yanaşı, milli özünəməxsusluğu ilə səciyyələnir. Hazırda Azərbaycan Respublikasında kino istehsalının əsas maliyyə mənbəyi dövlət büdcəsidir. Maliyyə dəstəyi müxtəlif studiyalara və müstəqil prodüser mərkəzlərinə sifariş verilməklə həyata keçirilir. Milli kinematoqrafiyanın dirçəldilməsi sahəsində aşağıdakı vəzifələr müəyyən edilir: - milli kino istehsalı sənayesinin dirçəldilməsi məqsədi ilə müasir istehsalat bazasının yaradılması; - yaradıcılıq və kinematoqrafiya məqsədləri baxımından mütərəqqi kinolayihələrin dəstəklənməsi; - xarici distribüter şirkətləri ilə əlaqələrin, o cümlədən kinofilmlərin Azərbaycan dilinə dublyajı işinin genişləndirilməsi, audiovizual əsərlərdən qanuni istifadənin tənzimlənməsi, piratçılığa qarşı mübarizədə aidiyyəti dövlət orqanlarının fəaliyyətinin gücləndirilməsi; - Dövlət Film Fondunda mühafizə olunan milli filmlərin və onların ilkin materiallarının bərpası, konservasiyası və rəqəmsal daşıyıcılara köçürülməsi; - ölkədə nüsxəsi olmayan milli filmlərin və digər kinomaterialların axtarılıb aşkar olunması və surətlərinin Dövlət Film Fonduna təqdim edilməsi; - kino irsinin öyrənilməsi və təbliği. 5.2. Nəşriyyat-poliqrafiya işinin inkişaf etdirilməsi 24 Azərbaycan Respublikasında nəşriyyat-poliqrafiya işi dövlət nəşriyyat və poliqrafiya müəssisələri və eyni təyinatlı özəl müəssisələr tərəfindən həyata keçirilir. ölkədə üç dövlət nəşriyyatı və yüzdən artıq özəl nəşriyyat və poliqrafiya müəssisəsi mövcuddur. Sahə üzrə fəaliyyətin təkmilləşdirilməsi üçün aşağıdakı vəzifələr müəyyən edilir: - Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən nəşriyyat və poliqrafiya müəssisələrinin maddi-texniki bazasının müasir avadanlıqlar hesabına möhkəmləndirilməsi işinin dəstəklənməsi; - elmi, ictimai-siyasi, bədii, publisistik kitabların (ensiklopediya, lüğət, çoxcildli, toplu, almanax, notlu nəşrlər və s.) və digər çap məhsullarının yüksək poliqrafik səviyyədə buraxılmasının təmin edilməsi; - Azərbaycan ədəbiyyatı nümunələrinin xarici dillərə və dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcüməsinin və yeni əsərlərin yaradılmasının təşviq edilməsi; - Azərbaycan Respublikası Kitabxana Kollektoru sistemi vasitəsi ilə kitabxana fondlarının zənginləşdirilməsi işinin təkmilləşdirilməsi; - Azərbaycan Respublikasında nəşr edilən çap məhsullarının beynəlxalq aləmə çıxışının, beynəlxalq kitab sərgi-yarmarkalarında iştirakın, ölkədə beynəlxalq kitab sərgilərinin keçirilməsinin təmin edilməsi və oxucu mədəniyyətinin inkişaf etdirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi; - gözdən əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün ədəbi-bədii, elmi və tədris kitablarının nəşrinin dəstəklənməsi. 25 6. Konsepsiyanın həyata keçirilməsi Konsepsiyanın səmərəli həyata keçirilməsinin əsas şərti onun reallaşmasını təmin edən effektiv icra mexanizminin formalaşdırılmasıdır. Konsepsiya mədəniyyət sahəsində fəaliyyət istiqamətləri üzrə dövlət proqramları vasitəsi ilə həyata keçirilir. Konsepsiyanın həyata keçirilməsi üzrə dövlət proqramları Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunur. Konsepsiyanın həyata keçirilməsi dövlət orqanlarının bu istiqamətdə fəaliyyəti ilə yanaşı, yerli özünüidarəetmə orqanlarının, mədəniyyət müəssisələrinin və mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının bu prosesə cəlb olunmasını şərtləndirir, dövlət büdcəsinin təminatı ilə yanaşı, xarici və yerli investorların cəlbini, alternativ maliyyələşdirmə mexanizmlərinin tətbiqini nəzərdə tutur. Konsepsiyanın icrasını Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi əlaqələndirir. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə Konsepsiyanın icrasının gedişi barədə hər il üzrə hesabat təqdim edir. Konsepsiyanın məqsədi kütləvi informasiya vasitələri və digər üsullarla ictimaiyyətə çatdırılır.
Yüklə 66,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə