Azərbaycan Respublikasının Nazirlər Kabineti «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın təsdiq edilməsi haqqında



Yüklə 35,34 Kb.
tarix05.02.2018
ölçüsü35,34 Kb.
#25606
növüQaydalar

Azərbaycan Respublikasının Nazirlər Kabineti

«Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın təsdiq edilməsi haqqında



Qərar № 117

Bakı şəhəri, 24 iyun 2010-cu il

«Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının 1.12-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.



Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2010-cu il, № 6 (156), maddə 561) («VneshExpertService» LLC).
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2010-cu il 24 iyun tarixli,
117 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Bakalavriat təhsilinin məzmunu və təşkili
Qaydaları


1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanmışdır və dövlət standartları əsasında ali təhsilin bakalavriat səviyyəsində təhsilin məzmunu və təşkili qaydalarını tənzimləyir.

1.2. Bakalavr hazırlığı ali təhsilin birinci səviyyəsidir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bakalavr ixtisaslarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslar üzrə genişprofilli mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir.

1.3. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın bütün ali təhsil müəssisələrinə şamil edilməklə, bakalavriat səviyyəsində təhsilin məzmununa, ixtisaslar üzrə müvafiq təhsil proqramlarına, eləcə də təhsilalanların hazırlıq səviyyəsinə qoyulan tələbləri müəyyənləşdirir.

1.4. Bu Qaydalar bakalavr hazırlığının səviyyəsinə ümumi tələblər qoymaqla, ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsinə, məsuliyyətin, eləcə də kadr hazırlığının səmərəliliyinin artırılmasına, tədris-metodiki təminatın yaxşılaşdırılmasına, təhsilalanların attestasiyasının şəffaflığına, təhsilin keyfiyyət səviyyəsinin ölkədə qəbul olunan təhsil standartları əsasında beynəlxalq və Ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılması şərtilə, respublikanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasına və ölkəmizdə verilmiş təhsil sənədlərinin beynəlxalq təhsil məkanında tanınmasına şərait yaradır.

1.5. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir.

1.6. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir.

Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir.

Bakalavriat təhsili almış məzun elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələrdə əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini magistratura səviyyəsində davam etdirə bilərlər. Bakalavriat səviyyəsində əyani, qiyabi, distant və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. Distant və eksternat formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamələr əsasında həyata keçirilir.

1.7. Bakalavr hazırlığı ali təhsilin dövlət standartının tələblərinə uyğun ayrı-ayrı ixtisaslar üzrə hazırlanmış təhsil proqramları əsasında həyata keçirilir.

1.8. Bakalavriat təhsili ödənişli və ödənişsiz əsaslarla həyata keçirilir.

1.9. Bakalavriata tələbə qəbulu Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

1.10. Xarici ölkə vətəndaşlarının bakalavriata qəbulu müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

2. Bakalavriat səviyyəsində təhsilin məzmununa və tədris prosesinin təşkilinə qoyulan tələblər

2.1. Bakalavriat — ali təhsilin birinci səviyyəsinin tələblərinə uyğun genişprofilli mütəxəssis hazırlığını təmin edən təhsil prosesidir.

2.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavr hazırlığı ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları, onlara müvafiq hazırlanmış tədris planları, fənlər üzrə işçi tədris proqramları (sillabuslar) və digər normativ sənədlər (qiymətləndirmə qaydaları, fərdi tədris planları, dərs cədvəlləri, imtahan cədvəlləri, dərslərin reqlamentləri, təcrübələrin keçirilməsi qaydaları və s.) əsasında həyata keçirilir.

2.3. Bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir.

Tədris prosesinin planlaşdırılması və təşkili tədris planları (nümunəvi işçi və fərdi) və fənlər üzrə işçi proqramları əsasında həyata keçirilir. Həmin sənədlərin forması və strukturu ali təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.

Fənn proqramları ixtisaslar üzrə ali təhsil proqramlarının tələblərinə uyğun olaraq ali təhsil müəssisələri tərəfindən hazırlanır və müvafiq qaydada Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Fənn proqramları əsasında işçi proqramlar (sillabuslar) hazırlanır və ali təhsil müəssisələri tərəfindən təsdiq edilir.

İşçi tədris proqramı (sillabus) — fənnin müvafiq proqramı əsasında hazırlanan və özündə tədris olunan fənnin təsvirini, onun hədəf və məqsədini, qısa məzmununu, dərslərin müddətini və növlərini, tələbənin müstəqil işi üçün tapşırıqları, onların yerinə yetirilməsi müddətini, məsləhət saatlarını, müəllim haqqında məlumatı, müəllimin tələblərini, qiymətləndirmə meyarlarını, aralıq qiymətləndirmə cədvəlini, istifadə olunan ədəbiyyatın siyahısını özündə əks etdirən sənəddir.

2.4. Bakalavriat səviyyəsində tədrisin təşkili ali təhsil pilləsinin dövlət standartının tələblərinə uyğun Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qaydalar əsasında kredit sistemi (Avropa ölkələrində tətbiq olunan Avropa Kredit Transfer Sistemi — AKTS) ilə həyata keçirilir.

2.5. Bakalavriat səviyyəsində tələbənin fənn üzrə tədris işinin həcminin vaxt ölçüsü kredit vahidləri ilə müəyyənləşdirilir. Bir kredit 30 saata (15 auditoriya və 15 tələbənin sərbəst işi) bərabərdir. Tədris planlarında nəzərdə tutulmuş hər bir fənnin tədrisi bir semestrdə başa çatır və imtahanla yekunlaşır (bədən tərbiyəsi fənni istisna olmaqla). Fənlərin adları tədris planlarında təkrarlana bilməz (məsələn, «Fizika» fənni iki semestrdə tədris olunursa, bu fənn ilk semestrdə «Fizika-1», sonrakı semestrdə isə «Fizika-2» kimi adlandırılmalıdır).

2.6. Tələbələrin fənlər üzrə attestasiyası (biliyinin qiymətləndirilməsi) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydada çoxballı (100 ballı) sistemlə həyata keçirilir.

2.7. Tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər.

2.8. Tədris ilinin müddəti 40 həftədir (o cümlədən 10 həftə imtahan sessiyaları). Hər semestr 20 həftədən (5 həftə imtahan sessiyasına ayrılır) ibarətdir.

2.9. Tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır.

2.10. Bir akademik saat 45 dəqiqəyə bərabərdir. Bütün növ dərslər üçün 2 akademik saat müəyyənləşdirilir. Akademik saatlararası fasilə 5 dəqiqədən az olmamalıdır. Tibb ixtisasının klinik fənlərində dərslər üçün ayrılan akademik saatlar ali təhsil müəssisəsi tərəfindən müəyyən edilir.

2.11. Bakalavriat səviyyəsində bütün təlim müddətində təcrübəyə 8-18 həftə ayrılır. İxtisaslardan asılı olaraq, təcrübənin müddəti ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir və tədris planında öz əksini tapır.

2.12. Hər tədris ilində tətil müddəti 8-12 həftə müəyyənləşdirilir. Bu zaman qış tətili 2 həftədən az olmamalıdır. Xüsusi təyinatlı ali təhsil müəssisələrində qeyd olunan müddətlər bu tipli ali təhsil müəssisələrinin tabeliyində olduğu nazirlik və təşkilatların müvafiq normativ sənədləri ilə müəyyənləşdirilir.

2.13. Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır.

2.14. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr yekun dövlət attestasiyasına buraxılırlar.

2.15. Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir.

2.16. Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir.

2.17. Bakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 200-dən az olmamalıdır. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir.

2.18. Yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.

2.19. Bakalavriat səviyyəsini bu və ya digər səbəbdən başa vurmayan şəxslərə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada müvafiq arayış verilir. Arayışın forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

2.20. Tələbələrin peşə maraqlarını təmin etmək məqsədi ilə tədris planlarına seçmə fənlər daxil edilir.

2.21. Bakalavriat səviyyəsində təhsilin məzmunu bir-biri ilə əlaqəli nəzəri və təcrübi hazırlıqla müəyyənləşdirilir.

Bakalavrın nəzəri hazırlığı humanitar və ixtisasın peşə hazırlığı fənlərinin mühazirə, məsləhət, məşğələ, sərbəst iş və digər şəkildə öyrənilməsi ilə təmin edilir.

Bakalavrın praktiki hazırlığı nəzəri biliklərin laboratoriya, məşğələ, tədris və elmi tədqiqat işləri, kurs işi və kurs layihəsi, tədris və istehsalat təcrübələri, həmçinin buraxılış işlərinin yerinə yetirilməsi ilə təmin edilir.

2.22. Kredit sistemi ilə tədrisin təşkilində tələbənin sərbəst işi mühüm əhəmiyyət kəsb etməklə, mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Tələbənin sərbəst işinə ayrılan vaxtın həcmi fənnin mənimsənilməsinə ayrılan ümumi vaxtın 50 faizindən az olmamalıdır.

Tələbənin sərbəst işi müəllimin auditoriyadankənar rəhbərliyi ilə və müstəqil şəkildə həyata keçirilir. Müəllimin rəhbərliyi ilə yerinə yetirilən sərbəst işin həcmi sərbəst iş üçün ayrılmış vaxtın 50 faizini təşkil etməlidir.

Müəllimin rəhbərliyi ilə aparılan sərbəst iş cari məsləhətlər, referat və ev tapşırıqlarının yoxlanılmasından, eləcə də fənnin mənimsənilməsinə dair tapşırıq və tövsiyələrin verilməsindən və s. ibarətdir.

Tələbələrin sərbəst işlərinin təşkili Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq qaydalarla tənzimlənir.

2.23. Bakalavriat səviyyəsi üzrə təhsil proqramlarında aşağıdakı fənn bölümləri nəzərdə tutulur:


    • humanitar fənlər;

    • ixtisasın peşə hazırlığı fənləri.

Humanitar fənn bölümü sosial idrakın müxtəlif sahələri üzrə elmi dünyagörüşlərinin formalaşmasını təmin etməlidir.

İxtisasın peşə hazırlığı fənləri ixtisasa dair standart və qeyri-standart məsələləri həll etmək üçün lazımi bilik, bacarıq və vərdişlərin əldə olunmasını təmin etməlidir.

Ümumi auditoriya saatlarının 15-20 faizi humanitar fənlərin, 80-85 faizi isə peşə hazırlığını təmin edən fənlərin tədrisinə ayrılır.

Humanitar fənn bölümünə məcburi fənlər kimi «Azərbaycan tarixi», «Azərbaycan dili» (xarici dildə təhsil alanlar üçün), «Xarici dil» fənləri daxildir.

2.24. Bakalavr təhsil proqramlarının fənn bölümlərinə seçmə fənlər daxildir. Seçmə fənlərə ayrılan saatların həcmi ümumi saat miqdarının 25-30 faizini təşkil edir. Həmin fənlər təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.

2.25. Ali təhsil müəssisələri təhsil proqramında nəzərdə tutulmuş illik orta dərs yükü həddini və təlimin minimum məzmununu saxlamaqla, təhsil materialının mənimsənilməsinə ayrılmış saatların həcmini fənn bölümləri arasında 5 faiz, fənn bölümləri daxilində isə 20 faizə qədər dəyişə bilər.

2.26. Bakalavriat səviyyəsində təkrar ali təhsil alanlar üçün ali təhsil müəssisəsi əsas təhsil proqramlarına uyğun həmin ixtisas üzrə xüsusi (qısaldılmış) proqramlar da tətbiq edə bilər.

Xüsusi (qısaldılmış) təhsil proqramları müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarının bazaları əsasında tərtib olunur.

Bu proqramlar üzrə təhsil qısaldılmış müddətdə başa çatdırılır. Təhsil proqramlarına yalnız ixtisasın peşə hazırlığı fənləri daxil edilir.

Xüsusi (qısaldılmış) proqramla təhsilalanların əvvəllər ayrı-ayrı fənlərdən (məzmunda dəyişiklik olmadığı halda) aldıqları qiymətlər nəzərə alına bilər.

2.27. Orta ixtisas təhsili müəssisələrini yüksək nəticələrlə başa vuran və «subbakalavr» dərəcəsi alan şəxslər bakalavr səviyyəsində təhsillərini davam etdirdikdə, orta ixtisas təhsili pilləsində müvafiq fənlər üzrə onların topladıqları kreditlər müəyyən olunmuş qaydada ali təhsil müəssisəsi tərəfindən nəzərə alınır.

3. Bakalavr hazırlığında resurs təminatına qoyulan tələblər

3.1. Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramlarını həyata keçirən professor-müəllim heyətinin ixtisası, elmi adı və dərəcəsi, elmi tədqiqat işlərinin yönümü tədris etdikləri fənnə uyğun olmalıdır.

3.2. Bakalavriat səviyyəsində təhsil proqramlarının həyata keçirilməsinin əsas şərti professor-müəllim heyətinin ən azı 50 faizinin elmi adı və elmi dərəcəsinin olması, o cümlədən 10 faizinin elmlər doktoru, professor olmasıdır.

3.3. Bakalavriat səviyyəsində təhsil proqramlarının elmi-metodiki, informativ, maddi-texniki vəsaitlərlə təminatı lisenziya və akkreditasiyaya qoyulan normativ tələblərə uyğun olmalıdır.



4. Bakalavr dərəcəsi almış məzunun hazırlıq səviyyəsinə qoyulan tələblər

«Bakalavr» dərəcəsi almış məzunlar:



    • təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı;

    • humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı;

    • təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı;

    • əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı;

    • peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalı;

    • əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar.

Yüklə 35,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə