Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün



Yüklə 492,82 Kb.
səhifə1/6
tarix14.10.2017
ölçüsü492,82 Kb.
#4629
  1   2   3   4   5   6

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN RESPUBLİKASININ

ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ ÜÇÜN

İNFORMATİKA KURRİKULUMU

(I-IV SİNİFLƏR)

Bakı –2007

Giriş
Informatika kurrikulumu və onun xarakterik cəhətləri. Azərbaycan Respublikasında ümumtəhsil məktəbləri üçün informatika fənninin kurrikulumu onun məqsəd və vəzifələrini, əhəmiyyətinin əsaslandırılmasını, fənnin xarakterik xüsusiyyətlərini, məzmun xətlərini və onların əsaslandırılmasını, ümumi təlim nəticələrini, məzmun standartlarını, alt-standartları, tədris prosesində üfüqi və şaquli inteqrasiyanı, fəndaxili və fənlərarası inteqrasiyanı, təlim strategiyalarını və qiymətləndirmə vasitələrini əhatə edir.

Bu kurrikulum ümumtəhsil məktəblərində informatika təliminin əsas məqsədlərini müəyyənləşdirməklə ümumi təlim nəticələrinə nail olmaq üçün bütün fəaliyyətləri əks etdirən və hər bir şagirdin imkan və ehtiyaclarına istiqamətlənmiş konseptual sənəddir. Kurrikulum təhsil işçiləri, məktəb rəhbərləri, müəllimlər, dərslik, dərs vəsaitləri metodiki tövsiyə müəllifləri, valideynlər, icma və ictimaiyyətin digər nümayəndələri üçün nəzərdə tutulmuşdur.

Kurrikulum müasir dövrdə hər bir şəxsin əmək, istedad, qabiliyyət və yaradıcılığının müstəsna əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan gənc nəslin formalaşdırılmasına, onların qarşılaşdıqları problemlərin həlli və müstəqil qərarlar qəbul etməsi üçün zəruri informasiya təminatını ödəyən kompyuter, informasiya və kommunikasiya texnologiyaları və sistemlərindən səriştəli istifadə bacarıqlarına malik olmasına yönəlmişdir.

Bu sənəd dərslik və dərs vəsaitlərinin, müxtəlif tədris vəsaitlərinin, metodiki tövsiyə və müvafiq audio-viziual proqram təminatının hazırlanması, tədris materiallarının planlaşdırılması, təlim üsullarının müəyyənləşdirilməsi və müəllim hazırlığının həyata keçirilməsi üçün müvafiq təlimatlar formasında hazırlanacaq qaydaların əsasını təşkil edir.

Kurrikulumda şagirdlərin idraki, informativ-kommunikativ və reflektiv fəaliyyətləri nəzərə alınır, fənn üzrə təlimin məzmunu nəticələr formasında verilir. Bu, standartların mənimsənilməsini təmin etmək üçün şagird nailiyyətlərinin qiymətləndirilməsinə, onların inkişafının izlənməsinə, gündəlik həyatda, fəaliyyətdə zəruri olan bacarıqların əldə olunmasına imkan yaradır.

İnformatika fənninin əsas məzmun xətlərini əhatə edən bu kurrikulum geniş məzmun diapozonunu özündə əks etdirir. İnteqrativ xarakterə malik olan məzmun müxtəlif biliklərin bir-biri ilə əlaqəsinin təkcə informatika fənni daxilində deyil, həmçinin digər fənlərdə və real həyatda da olduğunu anlamağa imkan verir.

Təhsil pillələri üzrə məzmun standartlarının müəyyənləşdirilməsi prosesində informatika üzrə əsas təlim nəticələrinin konsentrik olaraq hər yeni təhsil pilləsinə keçdikcə genişləndirilməsi və dərinləşdirilməsi diqqət mərkəzində saxlanılır. Əsas təlim nəticələri isə məzmun və fəaliyyət xətlərinin qarşılıqlı əlaqəsi vasitəsilə təqdim olunur.

Ümumtəhsil məktəblərinin bütün siniflərində informatikanın kütləvi surətdə istifadə edilməsi və kompyuterin bütün fənlərin tədrisində tətbiqi bu kursa ümumtəhsil xarakteri verir.



Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri. Informatika ümumtəhsil məktəblərində tədris olunan ən mühüm və vacib fənlərdən biridir. Əksər dünya ölkələrinin təhsil sistemlərində onun öyrənilməsinə xüsusi diqqət yetirilir. Bu, gənc nəslin formalaşmasında onun müstəsna rolu ilə izah olunur. Informatika şagirdin zehni inkişafına komək edir, məntiqi təfəkkürünün formalaşmasında, mühakimə və dərketmə qabiliyyətlərinin yüksəlməsində müstəsna rol oynayır. Informatikanın tədrisi zamanı ümumiləşdirmə, konkretləşdirmə, analiz, sintez, təsnifetmə və sistemləşdirmə kimi əqli mühakimə üsullarından istifadə olunur ki, bu da şagirdlərin məntiqi təfəkkürünün inkişafını sürətləndirir, onların məntiqi mühakimə yürüdə bilmək bacarıqlarını, alqoritmik təfəkkürlərini inkişaf etdirir.

XX əsrin ortalarında meydana gələrək təşəkkül tapmış ən yeni elm sahələrindən biri olan informatika ilk növbədə istənilən növ informasiyanın kompyuter və ya digər elektron hesablama texnikasının köməyi ilə yığılması, emalı, saxlanması, axtarışı, paylanmasının təşkili, tarixi, metodologiyası, nəzəriyyəsi və s. ilə məşğul olur. İnformasiya və avtomatika sözlərindən yaranmış İnformatika (ingiliscə Informatics) termini ilk dəfə avtomatlaşdırılmış informasiya emalı sahəsini adlandırmaq üçün istifadə edilmişdir. “İnformatika” termini bəzi hallarda “Kompyuter elmi” (Computer science) termini ilə uyğunlaşdırılır.

İnformatika kompyuterləşdirilmiş informasiya sistemlərinin fəaliyyətinin layihələşdirilməsinin, işlənilməsinin, yaradılmasının, səmərəliliyinin qiymətləndirilməsinin, onun müxtəlif sahələrdə tətbiqinin və təsirinin bütün aspektlərini öyrənən kompleks fənndir. Mahiyyətinə görə informatika informasiya proseslərinin və onların avtomatlaşdırılması yollarını öyrənən fənn kimi yaranmışdır. İnformatikaya informasiyanın ümumi xassələrini, strukturunu, qanunauyğunluğu, ondan idarəetmədə istifadə olunmasını öyrənən, sistematik olaraq onun yığılmasını, saxlanmasını, ötürülməsini, avtomatlaşdırılmış məntiqi emalını həyata keçirməyə imkan verən kompleks fənn kimi də yanaşmaq olar.

Hazırkı dördə cəmiyyətin və onun bütün sahələrinin inkişafı kompyuterlərin artan intellektual imkanlarından və internetin informasiya resurslarından geniş istifadə olunması ilə əlaqədardır. Ona görə də informatika fənninin tədrisinin əsas əhəmiyyəti şagirdləri informatikanın elm və informasiya sənayesi sahəsi, həmçinin kompyuterlərin və internetin müasir vəziyyəti, eləcə də ən müasir informasiya-kommunikasiya texnologiyalarının imkanları və tətbiq dairələri ilə tanış etmək, onlarda həmin texnologiyalardan istifadə sahəsində vərdişlər aşılamaqdır.

İnformatika şagirdlərin bacarıq və vərdişlərinin formalaşmasinda mühüm rol oynamaqla onların xarakterinin formalaşmasına, mənəvi keyfiyyətlərinin və intellektual səviyyəsinin inkişafına kömək edir. Bu fənn müxtəlif elm, təhsil, mədəniyyət və s. sahələrində geniş tətbiq olunur. Müasir dövrdə informatika üzrə bilik və bacarığa malik olmayan şəxsi yüksək mütəxəssis kimi formalaşdırmaq çox çətindir. Orta məktəbdə tədris olunan informatika fənni şagirdlərin ali təhsil müəssisələrində yeni bilik və bacarıqlara yiyələnməsinə zəmin yaradır. Buna görə də yaxşı mütəxəssis olmaq arzusunda olanlar gələcək fəaliyyətlərində informatikanın rolunu başa düşüb, ona daha çox diqqət yetirirməlidirlər.

İnformatika fənni kompyuter texnikasının köməyi ilə informasiya emalı proseslərini - informasiyaların alınması, saxlanması, emalı və ötürülməsinin üsul və vasitələrini öyrənən, ətraf aləmin təhlilinə sistemli yanaşma tərzini formalaşdıran fundamental elm sahələrindən biri kimi insanların həyatına və məişətinə daxil olmuş və cəmiyyətdə bir fənn kimi onun öyrənilməsi zərurəti yaranmışdır.

Hər bir insan gündəlik həyatda, əməli fəaliyyətdə informatikanın tətbiqi ilə qarşılaşır və informatika üzrə bilik və bacarıqlarından faydalanır. Bu bilik və bacarıqlara malik olmaq müasir texniki vasitələrlə davranmağa, müxtəlif sosial, iqtisadi, hüquqi və siyasi informasiyaların əldə edilməsinə və onlardan istifadə edilməsinə imkan yaradır. İnformatika bir elm sahəsi kimi gündəlik həyatda, dəqiq və humanitar elm sahələrinin inkişafında, texnika və müasir texnologiyaların təkmilləşdirilməsi prosesində ortaya çıxan problemlərin həllində insanların yaxın köməkçisinə çevrilir. İnformatika fənni şagirdlərin elmi, praktiki biliklərinin genişlənməsində, yeni ixtisaslara yiyələnməsində mühüm rol oynayır. Ona görə də Azərbaycan ümumtəhsil məktəblərinin I-XI siniflərində bu fənnin tədrisi zəruri hesab edilir.

Bütün bunlar ümumtəhsil məktəblərində tədris olunan fənlər sırasında informatikanın yerini müəyyən etməklə yanaşı, onun tədrisi qarşısında qoyulan əsas məqsədləri ümumi şəkildə müəyyənləşdirməyə imkan verir.

Infomatika və digər fənlərin öyrənilməsində kompyuterlərdən istifadə təlimin əyaniliyini artırır, mürəkkəb obyekt və proseslərin modelləşdirilməsinə, tədris materialının daha asan mənimsənilməsinə imkan yaradır, şagirdlərin müstəqil öyrənmə fəaliyyətini genişləndirir.

İnsan fəaliyyətinin informatika ilə bağlı sahəsi elmin, texnikanın, iqtisadiyyatın və cəmiyyətin inkişafının müəyyənedici amilinə çevirilmişdir. İnsanların zəruri informasiya ilə təmin olunması dərəcəsi çoxdandır ki, əmək məhsuldarlığının əsas artım amillərindən hesab olunur. İnformasiyanın inkişaf üçün xammal və enerji kimi mühüm prinsipial amilə çevirilməsi üçün xeyli müddət lazım gəlmişdir. Ümumiyyətlə, insanın informasiyaya münasibəti informasiya emalının avtomatlaşdırılması mümkünlüyündən sonra kökündən dəyişməyə və inkişaf etməyə başlamışdır. Bunun da nəticəsində yaradıcı və mütəxəssis insanların intellektual fəaliyyətinin məhsulu kimi informasiya resursları sürətlə çoxalmağa başlamışdır.

İnformatikanın son dövrlərdəki inkişafı onu texniki bir fəndən, təbiətdə və cəmiyyətdə informasiya proseslərinin emalı haqqında olan fundamental elmə çevirmiş və bir sıra yeni elmi istiqamətlərin yaranmasına və inkişafına səbəb olmuşdur. Nəticədə riyazi informatika, nəzəri informatika, texniki informatika, geoinformatika, tibbi informatika, bio informatika, kimyəvi informatika, hüquqi informatika, iqtisadi informatika, sosial informatika və s. kimi elmi sahələr əmələ gəlmiş, inkişaf etmiş və İnformasiya cəmiyyəti quruculuğunu daha da sürətləndirmişdir.

İnformatika fənni fundamental anlayışları və məlumatları, digər elmləri öyrənmək üçün zəruri bilik, bacarıq və vərdişləri formalaşdırır, şagirdləri informasiyalaşmış cəmiyyətdə praktik həyati fəaliyyətə hazırlayır. O, dünyadakı elektron informasiya resurslarını təhlil etmək bacarıqlarını formalaşdırır, ətraf aləmin təhlilinə informasiya sistemi nöqteyi-nəzərindən yanaşmanı, kompyuter savadlığının formalaşmasını, informasiya texnologiyasından geniş istifadə şəratində praktik fəaliyyətə hazırlığı, alqoritmik təfəkkürün inkişafını, alqoritmik dildə proqramlaşdırmanın öyrədilməsinı təmin edir. İnformatika həmçinin internetin xidmət növlərini, cəmiyyətin social-iqtisadi və mədəni inkişafının faktoru kimi informasiya resurslarını, cəmiyyətin informasiya infrastrukturunu, şəxsiyyətin informasiya mədəniyyətini və informasiya təhlükəsizliyi məsələlərini də öyrənir.

Ümumtəhsil məktəblərində informatika fənni təliminin əsas məqsədi şagirdlərdə məntiqi və alqoritmik təfəkkür tərzini, məsələlərin səmərəli həlli üsullarının seçilməsinə yönəlmiş yaradıcı və əməli düşünmə qabiliyyətlərini formalaşdırmaq, həmçinin onların gündəlik qarşılaşdıqları problemlərin həlli üçün tələb olunan zəruri informasiyaları kompyuter vasitəsilə ala bilmələri sahəsində texniki bacarıq və vərdişlərin öyrədilməsidir.

İnformatika fənni təliminin əsas vəzifəsi informasiyaların qəbulu, toplanması, təhlili, ötürülməsi, emalı və onlardan istifadə qaydaları haqqında şagirdlərin tam və dolğun biliklər qazanması, bu biliklər vasitəsilə dünyada baş verən informasiya proseslərinin əhəmiyyətini, müasir cəmiyyətin inkişafında informatika və informasiya texnologiyalarının rolunu başa düşməsi, İKT-ni ümumbəşəri dəyərlərin tərkib hissəsi və İnformasiya Cəmiyyəti inkişafının hərəkətverici qüvvəsi kimi qiymətləndirməyi, praktik fəaliyyətdə və digər fənlərin də öyrənilməsində tətbiq məqsədilə zəruri bilik, bacarıq və vərdişlərə yiyələnmək üçün real əsas yaratmaqdır.

Məktəblilərin praktiki fəaliyyətə, əməyə və öz təhsillərini davam etdirmələrinə hazırlanması informatikanın, kompyuter savadlılığının və şagirdlərin informasiya mədəniyyətinin aparıcı rol oynamasından, məktəblilərin İnformasiya cəmiyyətinə nəzəri və praktiki hazırlığından, onlara müasir şəraitdə dərketmə üsulları və vasitələrindən istifadə etməyə şərait yaradılmasından bilavasitə asılıdır. Şagirdlər informasiya mədəniyyətinə, kompyuter savadına yiyələndikcə əmək bacarıqlarını müəyyənləşdirir, gələcəkdə həyat şəraitini daha səmərəli qurmaq imkanı əldə edirlər.

“Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurrikulumu)” çərçivə sənədində müəyyən edilmişdir ki, ümumtəhsil məktəblərində informatikanın tədrisi vasitəsilə:



İbtidai təhsil pilləsində şagirdlərdə alqoritmik təfəkkür elementlərinin yaradılması, kompyuter texnikasından ilkin istifadə qabiliyyətlərinin formalaşdırılması təmin olunur.

Əsas təhsil pilləsində şagirdlərdə ətraf aləmi informasiya sistemi baxımından təhlil və qərar qəbul etmək bacarıqlarının formalaşdırılması, onların informasiya və kommunikasiya texnologiyalarından istifadəyə hazırlanması təmin olunur.

Orta təhsil pilləsində əsas təhsil pilləsində mənimsənilmiş bacarıq və vərdişlər inkişaf etdirilməklə şagirdlərdə informasiyalaşmış cəmiyyətin tələblərinə uyğun zəruri məlumatlarla işləmə bacarıqları, kompyuterdə daha çox populyar olan proqram vasitələrinfən istifadə vərdişləri formalaşdırılır, onların alqoritmik təfəkkürünün və intellektual səviyyəsinin inkişafı, peşə seçiminə hazırlıqları təmin olunur.

I. İnformatika təliminin məzmunu
1.1. Ümumi təlim nəticələri
İbtidai təhsil pilləsi (I-IV siniflər) üzrə şagird:

  • eynicinsli obyektlər qrupunda artıq əşyanı seçir, onları əlamətlərinə görə ayırır və müqayisə edir;

  • hərəkətlər ardıcıllığında səhvləri tapır, buraxılmış addımı müəyyən edir;

  • qanunauyğunluqları tapır və onların əsasında sadə modellər qurur;

  • sadə riyazi alqoritmlər və layihələr tərtib edir;

  • kompyuterlə sərbəst davranır, sadə əməliyyatları icra edir;

  • qrafiki redaktorda rəsmlər çəkir, onları redaktə edir, rəsmlərə mətn daxil edir, alqoritmlərdən istifadə edərək mozaikalar qurur;

  • mətn redaktorunda sadə mətnləri yığır, redaktə edir və onlara rəsmlər daxil edir.

Əsas təhsil pilləsi (V-IX siniflər) üzrə şagird:

  • informasiya və kommunikasiya texnologiyalarının müasir cəmiyyətdə rolunu və əhəmiyyətini şərh edir;

  • gündəlik həyatda və məişətdə lazım olan məsələləri kalkulyator rejimində həll edir;

  • kompyuterdə istifadə olunan əməliyyat sistemini tənzimləyir;

  • mətn redaktorunda sadə olmayan mətnləri yığır və formatlaşdırır, mətnə müxtəlif yaddaşlardan şəkillər daxil edir;

  • qrafik redaktorda müəyyən çətinlik dərəcəsinə malik şəkillər hazırlayır, şəklin atributlarını dəyişdirir, onlara müvafiq mətnlər daxil edir;

  • obyektin xassələrini, parametrlərini və mühitini təyin edir, obyektlər sistemini təsnif edir;

  • obyektin informasiya modelini qurur və onun təbii modelini təsvir edir;

  • informasiyanın xassələrini, kodlaşdırılmasını, qəbul edilməsi və ötürülməsini nümunələr əsasında izah edir;

  • şəbəkə növləri vasitəsi ilə məlumatları axtarır, toplayır, sistemləşdirir və onlardan məqsədyönlü istifadə edir;

  • müxtəlif təqdimatlar hazırlayır və nümayiş etdirir;

  • elektron cədvəllərdən istifadə etməklə yeni sənədlər tərtib edir;

  • müxtəlif şəbəkə növlərindən, şəbəkənin işini təmin edən proqram təminatından istifadə edir, sadə web səhifələr yaradır.

Orta təhsil pilləsi (X-XI siniflər) üzrə şagird:

  • informasiyaları ölçür, təsvir edir və informasiya daşıyı­cıları ilə işləyir;

  • sadə məsə­lələrin həlli üçün müx­təlif strukturlu alqoritm­lər tə­rtib edir, proq­ram­lar hazırlayır və icra edir;

  • sadə informasiya model­lə­rinə uyğun in­forma­siya­ların işlən­mə­si alqo­ritm­lər­ini qurur və qurulmuş modeli kompüüerdə tədqiq edir;

  • kompyuterdə istifadə olunan əməliyyat sistemini tənzimləyir və lazımi əməliyyatları icra edir;

  • qrafiki redaktorda müxtəlif təsvirlərin hissələrindən istifadə edərək yeni təsvir yaradır, mətn redaktorunda cədvəl-mətnlər yığır, format­laşdı­rır, cədvəllər üzərində hesablamalar aparır, sənədləri çap edir;

  • müxtəlif təqdimatlar hazırlayır, re­daktə edir və ona multimedia effektlərini əla­və edir;

  • elektron cədvəl prosessorunda və verilənlər bazasında müvafiq əməliyyatları icra edir;

  • internetin əsas xidmətlərindən istifadə edir, müxtəlif dizaynlı web-səhifələr yaradır.


1.2. Məzmun xətləri
İnformatika fənni üzrə məzmun xətti ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün müəyyən edilən əsas məzmunun zəruri hesab edilən tərkib hissəsidir. Bu məzmun xətləri şagirdlərin öyrənəcəyi materialı daha aydın təsvir etmək üçün müəyyən olunur və onu sistemləşdirmək məqsədi daşıyır.

Mövcud dünya təcrübəsinin öyrənilməsi və təhlili əsasında İnformatika fənni təliminin aşağıdakı məzmun xətləri müəyyənləşdirilmişdir:



  • İnformasiya və informasiya prosesləri

  • Formallaşdirma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdirma

  • Kompyuter, informasiya və kommunikasiya texnologiyalari və sistemləri

  • Cəmiyyətin informasiyalaşdırılması

İnformatika fənninin həmin məzmun standartları sinifdən-sinfə dəyişsə də, məzmun xətləri müəyyən mənada bütün siniflərdə dəyişməz qalır. Lakin kurrikulumun hazırlanması prosesində məzmun xətlərinin hər birindəki məzmunun sadədən mürəkkəbə doğru dəyişməsi, dərinləməsi və genişləndirilməsi nəzərdə tutulur. Buna gürə də məzmun xətləri yalnız kurrikulumun quruluşunu tərtib etməyə və bu haqda mülahizə yürütməyə xidmət edir. Qeyd etmək lazımdır ki, fənnin məzmununa daxil olan hər hansı bir anlayış və ya bacarıqlar yalnız bir məzmun xətti çərçivəsində məhdudlaşmaya bilər. Məzmun xətləri müəyyənləşdirilərkən nəzərdə tutulur ki, İnformatika təlimində siniflər üzrə onların hər birinə eyni dərəcədə əhəmiyyət veriləcəkdir.


İnformasiya və informasiya prosesləri

İnformatikanın əsas anlayışlarından biri olan informasiyaya təbiətdə, cəmiyyətdə, insanların qarşılıqlı münasibətlərində hər an rast gəlinir. İnformasiya öyrənilən obyektlər və hadisələr haqqında olan bilik və məlumatları göstərir. Həmin biliklər müəyyən faktlar və onlar arasındakı asılılıqlar şəklində ifadə olunur. Ümumi yanaşmada informasiya insanın onu əhatə edən ətraf aləmdən aldığı biliklər və məlumatlardır.

İnformasiya prosesləri informasiyalar üzərində yerinə yetirilən müxtəlif proseslərin məcmusu kimi başa düşülür. İnformasiya proseslərinə müxtəlif təlim prosesində, idarəetmədə qərar qəbul etmədə texniki layihələrin işlənməsi və s. zamanı alınan informasiyalar da aiddir.

Müasir dövrdə kompyuter texnikasının inkşafı nəticəsində informasiya proseslərinin avtomatlaşdırılması səviyyəsi daha da sürətlənmiş və hazırda informatikanın əsas probleminə çevrilmişdir.

Məlum olduğu kimi, toplanan informasiyanın emal edilməsi üçün o, emal vasitələri ilə işlənilməli və nəticə lazimi ünvana ötürülməlidir. Yaxın məsafəli ötürmələrdə kabellərdən, uzaq məsafəli ötürmələrdə isə müxtəlif növ rabitə kanallarından (telefon, teleqraf, peyk rabitəsi və s.) istifadə olunur.

İnformasiya axtarışı və emalı prosesi informatikanın əsas problemi hesab olunur. İnformasiyanın emalı əslində qarşıya qoyulan məsələnin həlli deməkdir. Avtomatlaşdırılmış üsulla (kompyuterlə) emal olunan informasiya istifadəçilərə adətən kompyuterin xaricetmə qurüuları ilə (monitor, printer, qrafikçəkən qurğu və s.) mətn, cədvəl, qrafik və s. şəklində çatdırılır.

Qeyd olunanları yekunlaşdıraraq belə qənaətə gəlmək olar ki, şagird öz fəaliyyəti və təhsili prosesində ətraf aləmdən informasiya almadan keçinə bilməz və bu əsasda onu əhatə edənlərlə informasiya mübadiləsində olur, həmin proseslərə şüurlu, hərtərəfli və məntiqi yanaşır. Ona görə də bu istiqamətdə təhsil şagirdlərə aşağıdakı imkanları verir.

Ümumi nəticələr

Şagird:


  • informasiya, onun növləri, xassələri (aydınlıq, faydalılıq, tamlıq, aktuallılıq və etibarlılıq), formaları, yaranma mənbələri haqqında bildiklərini nümayiş etdirir;

  • informasiya proseslərinin mahiyyətini şərh edir;

  • informasiyanın təsviri üsullarını sadalayır;

  • həyatda, cəmiyyətdə, elm və texnikanın müxtəlif sahələri üzrə insanların fəaliyyətində informasiyaların alınması, ötürülməsi, saxlanılması və emal edilməsini izah edir;

  • müxtəlif növ informasiyalarla işləməyi bildiyini və onlardan istifadə bacarıüını nümayiş etdirir;

  • informasiya daşıyıcıları ilə necə işləməyi necə işləməyi güctərir və icra edir;

  • müxtəlif növ informasiyaların həcmini müəyyənləşdirir, ölçür və onları əlamətlərinə sistemləşdirir.


Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma

Kompyuter texnologiyalarının həyatda və cəmiyyətdə hərtərəfli və səmərəli tətbiqi üçün müasir proqram məhsullarının nəzəri əsaslarının, müqayisəli xarakteristikalarının və tətbiqi məsələlərin həllində istifadə üsullarının öyrənilməsi və tətbiqi vacibdir. İndi hər bir savadlı şəxsdən informatikanın əsas müddəalarını bilmək, onun fəaliyyət sahəsinə aid olan məsələləri kompyuterdə həll etmək bacarığı tələb olunur.

İstənilən məsələnin, prosesin, situasiyanın, sistemin və ya obyektin kompyuter vasitəsilə həll olunması və öyrənilməsi üçün formallaşdırma və modelləşdirmə vasitələrinin tətbiqi zəruridir. İlkin sistemin və ya obyektin kompyuter modeli nəticə etibarı ilə tədqiqat obyektinə çevrilir. Obyektin kompyuter modelinin yaradılması və onun üzərində real proseslərin imitasiyasının aparılması modelləşdirmə prosesinin tərkib hissəsini təşkil edir.

Kompyuterlərdən istifadə etməklə obyektin modelinin qurulması bir neçə zəruri mərhələləri əhatə edir. Formallaşdırma mərhələsində tədqiqat obyekti haqqında olan nəzəri fikirlər, müvafiq anlayışlar, əsas təsiredici amillər, inkişaf göstəriciləri, asılılıqlar, qanunauyüunluqlar və s. əsasında onun konseptual modeli qurulur.Konseptual modelin izahı riyazi simvolların dilinə çevrilir: yəni riyazi üsullar sahəsində bilik və bacarıq hesabına obyektin riyazi modeli yaradılır. Riyazi modelin reallaşdırılması üçün məlum riyazi biliklər və üsullar əsasında həll alqoritmi işlənilir və həmin alqoritm proqramlaşdırma dillərinin köməyi ilə kompyuter proqramına çevrilir. Alınmış kompyuter modelinə tədqiqat obyektinə aid real informasiyalar daxil edilir və nəticədə obyektin informasiya modeli alınır. Məhz bu model imkan verir ki, müəyyən dəqiqliklə obyektin vəziyyəti haqqında real situasiya öyrənilsin, onun nəticələri proqnoz edilsin və müəyyən eksperimentlər aparılsın.

Proqramlaşdırma dillərinin köməyilə intellektual xüsusiyyətlərə malik olan bütün kompyuter proqramlarının yaradılması da riyazi üsul və vasitələrdən istifadə etməklə həyata keçirilir. Məhz bu cür proqramların meydana gəlməsi ilə də süni intellekt anlayışı formalaşır. Bu istiqamətdə yaranan intellektual sistemlər də insanın yaradıcı fəaliyyətinin, təxəyyülünün nəticəsi olan biliklərin emalına əsaslanır.

Qeyri-səlis məntiq və çoxluq əsasında qurulan həmin modellər, demək olar ki, bütün sahələrdə tətbiq olunur. Qeyri-səlis modelin giriş informasiyaları qeyri-dəqiq qiymətlər çoxluğudur. Ona gürə də həmin modellər mürəkkəb və qeyri-müəyyən şəraitdə özünü yaxşı apara bilir və bir çox sahələrdə tətbiq olunur.

Qeyd edilənlər onu deməyə əsas verir ki, ətraf aləmdəki müxtəlif tipli, formalı proseslərin baş verməsi, formallaşdırıla bilməsi və onun əsasında obyektin kompyuter modelinin qurulması, müəyyən proseslərin başvermə ardıcıllıüının öyrənilməsi, obyektlərin işləmə prosedurasının, məsələlərin həlli ardıcıllıüının müəyyənləşdirilməsi, məntiqi düşüncənin inkişaf etdirilməsi sagirdlər üçün çox vacibdir və onsuz kompyuter vasitəsi ilə yeni məsələlərin həlli mümkün deyildir.

Ümumi nəticələr

Şagird:


  • məsələnin qoyuluşunda formallaşdırmanın rolunu və onun əsas prinsiplərini şərh edir;

  • obyektin və ya hadisənin xarakterik xüsusiyyətlərinini müəyyənləşdirir, obyektlərin klassifikasiyası haqqında malik olduğu təsəvvürləri sadalayır və şərh edir;

  • modelləşdirmənin əsas mərhələləri haqqında biliklərini nümayiş etdirir;

  • informasiya modellərinin təsviri formalarını sadalayır, müxtəlif informasiya modelini qurur və onları təhlil edir;

  • alqoritmin mahiyyətini aydınlaşdırır, onun növlərini sadalayır və icrası zamanı onun xassələrini şərh edir;

  • əsas alqoritmik strukturları (dövr, budaqlanma, prosedura) müxtəlif məsələlərin həllində tətbiq edir;

  • proqramlaşdırma dillərindən istifadə etməklə məsələlərin həlli alqoritminin proqramını tərtib edir.


Kompyuter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri

BMT-nin bütün üzv dövlətlərinin qəbul etdiyi Üçüncü minilliyin İnkişaf Məqsədləri kimi qlobal tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində göstrilir ki, informasiya-kommunikasiya texnologiyalarından(İKT) bəhrələnmək imkanı yaradılmalıdır. İnkişaf etməkdə olan bütün ölkələr ücün cox böyük əhəmiyyətə malik olan İKT cəmiyyətin və iqtisadiyyatın inkişafına ciddi təsir göstərdiyinə görə dinamik templə sosial və iqtisadi həyatın bütün sahələrinə tətbiq olunur. Hal-hazırda İKT-nin əhatə dairəsi hökümət təşkilatlarını, qeyri-hökümət və özəl qurumları, iqtisadi-sosial, elm-mədəniyyət, ictimai-siyasi, təhsil və s. sahələri əhatə edir. Cəmiyyətin lazımı informasiyalarla təchiz edilməsinin zəruriliyi artıq hamı tərəfindən qəbul olunur. İKT sektoru cəmiyyətin və iqtisadiyyatın müasir infrastrukturunun əsası olmaqla ölkə iqtisadiyyatının, mədəniyyətinin, elmin, təhsilin, səhiyyənin, təhlükəsizliyin, idarəetmənin inkişaf etdirilməsinin əsas mənbələrindən birinə cevrilir.

Müasir kompyuterlər bir-birini tamamlayan iki texniki təminat hissəsindən (qurğulardan) və proqram-informasiya təminatından ibarətdir. Kompyuter hər hansı işi özünün texniki qurğuları vasitəsi ilə proqram əsasında yerinə yetirir. Onun proqram təminatı kompyuterin yaddaş qurüularında saxlanılan və kütləvi istifadə olunan proqramlar toplusundan ibarətdir.

Məktəb informatika kursunda informasiya kommunikasiya texnologiyası mühüm yer tutur. Bu kursa mətn və qrafiki redaktorlar, elektron cədvəllər, verilənlər bazası, telekommunikasiya vasitələri, multimedia texnologiyalarının və s. öyrənilməsinin daxil edilməsi praktik istifadə baxımından böyük əhəmiyyət kəsb edir.

Kompyuter texnologiyası ilə işlərin aparılması, kompyuterdən normal istifadə edilməsi üçün onun texniki təyinatına, strukturuna, tərkib hissələrinə və funksional imkanlarına, eləcə də onun proqram təminatının xarakterik xüsusuyyətlərinə , informasiyanın müxtəlif aspeklərdə, formalarda emalı və mübadiləsi üçün müvcud informasiya, kommunukasiya texnologiyalarının(mətn, cədvəl, qrafiki redaktorlar, multimedia, audio-video konfrans, Internet, E-mail) sistemlərinin, şəbəkələrinin təyinatı, strukturu və iş prinsiplərinə bələd olmaq da praktiki cəhətdən dəyərləndirilir.

Şagirdlərin internetin imkanları və şəbəkənin əsas informasiya xidmətləri ilə tanış olması, onların kompyuter sinfinin lokal şəbəkəsində faylların mübadiləsi üsullarını öyrənməsi, lokal və qlobal şəbəkələrin quruluşu və istifadə təyinatı haqqında bilgilər qazanması, onlarda informasiyanın internetdə axtarışı üsulları ilə bağlı əməli vərdişlərin qazanılması baxımından faydalı hesab edilir.



Ümumi nəticələr

Şagird:

  • kompyuterdə istifadə olunan əməliyyat sistemlərini tənzimləyir;

  • tapşırıqlara uyğun olaraq kompyuterdə əməliyyatları nümayiş etdirir;

  • mətn redaktorunda mətn hazırlayır, mətnə şəkl və cədvəllər əlavə edir, onu verilmiş tələbə müvafiq olaraq formatlaşdırır;

  • qrafik redaktorda yeni təsvir nümunələri yaradır;

  • elektron cədvəllərdə əsas əməliyyatları yerinə yerirməklə tələb olunan onların məsələləri həll edir;

  • müxtəlif təqdimatlar hazırlamaqla, onlara multimediya effektlərinin necə əlavə olunduğunu nümayiş etdirir;

  • informasiya sistemlərinin yaradılması texnologiyalarını şərh edir və onların istismarı ilə bağlı üsul və qaydaları nümayiş etdirir;

  • müvafiq proqramlardan istifadə edərək elektron poçtu ilə işləyir, internetdə lazımi informasiyanı əldə edir.


Cəmiyyətin informasiyalaşdırılması

Muasir dovrdə İKT cəmiyyətin inkişafına təsir göstərən vacib amillərdən birinə çevrilmişdir. Cəmiyyətin inkişaf tarixində üçüncü qlobal sosial-texniki inqilab kimi qeyd olunan müasir informasiya texnologiyaları, ictimai həyatın informasiyalaşdırılması prosesi kimi reallaşır. Formalaşan informasiya dünyası daha çox insanı əhatə edərək cəmiyyəti daha da inkişaf etdirir, ilk növbədə münasibətlərin forması və məzmunu dəyişir.

İnformasiya cəmiyyəti quruculuğu və ya başqa sözlə desək Cəmiyyətin informasiyalaşdırılması ölkənin intellektual potensialından səmərəli istifadə edərək hərtərəfli inkişafın təmin edilməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin aradan qaldırılması, cəmiyyətdə aşkarlıq və şəffaflığın bərqərar edilməsi, bütövlükdə ictimai həyatın demokratikləşməsi ücün güclü vasitədir.

Hazırda ictimai şüurda İKT-dən biznesdə, siyasətdə, idarəetmədə, səhiyyədə, mədəniyyətdə, elmdə, təhsildə, sənayedə və digər sahələrdə istifadə məsələlərinin aktuallığı və zəruriliyi tam qəbul olunmuşdur. İndiki dövrdə məlumat almaq imkanı güclü olan vətəndaş cəmiyyətinin qurulması gələcək bəşər sivilizasiyasına doğru mühüm bir addımdır. Hazırda İKT-dən geniş istifadə hər bir ölkənin sosial-iqtisadi inkişafına kömək edir və yoxsulluğun azaldılmasında səmərəli vasitəyə cevrilir.

Azərbaycanda informasiyalaşmış cəmiyyətin əsas xüsusiyyətlərinə qlobal informasiya mühitinin yaradılması, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (məsafədən təhsilalma, elektron ticarət, tele iş, elektron demokratiya, elektron hökumət və s.) meydana gəlməsi, informasiya və bilik bazarının yaradılması, müxtəlif səviyyədə informasiya mübadiləsi sistemlərinin inkişafı, vətəndaş və təşkilatların istənilən məlumatı almaq, onu yaymaq və ondan istifadə etmək kimi hüquqlarının tam təmin edilməsi və s. aiddir.

Cəmiyyətin informasiyalaşdırılması ölkə iqtisadiyyatının bütün sahələrində səmərəliliyin artırılmasına, qiymətlərin azaldılmasına, dövlət orqanlarında elektron sənəd mübadiləsinin, elektron ticarət sistemlərinin tətbiqinə, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə küməklik güstərəcəkdir. Azərbaycanın iqtisadiyyatında İKT, bilik tutumlu istehsal sferaları və digər elmi-texniki sahələr inkişaf edərək respublikada İnformasiya cəmiyyətinin və bilik iqtisadiyyatının formalaşmasına zəmin yaradaraq cəmiyyətin sosial-iqtisadi həyatının bütün sahələrinin dinamik və davamlı inkişafını təmin edəcəkdir.

Kurrikulumda bu məzmun xətti nəzərə alınmaqla şagirdlərin informasiyalaşdırılmış fəaliyyət sahələrindən gündəlik istifadə etmələri, həmin proseslərin iştirakçısı olmaları, informasiyalaşdırılmaqla bağlı dəyişən və yeniləşən ictimai-siyasi, sosial- iqtisadi, mədəni münasibətləri anlamaları təmin edilir. Şagirdin cəmiyyətdə normal fəaliyyəti üçün müxtəlif tipli və xarakterli informasiya resurslarını əldə etməsinə və Internetin xidmətlərindən geniş istifadə edə bilməsinə yardım güstərilir və şərait yaradılılır. Şagirddə informasiya mədəniyyəti vərdişləri formalaşır. Onun cəmiyyətin tarixən formalaşması, inkişaf etməsini informasiya emalının sürətliliyi baxımından dərk etməsinə köməklik göstərilməlidir.

Bu məzmun xətti həm də şagirdə yüksək texnologiyaladan istifadənin səmərəliliyi, imkanları, perspektivliyi, hansı müsbət və ya mənfi nəticələrə səbəb ola biləcəyi ilə bağlı keyfiyyətlərin aşılanmasına imkan yaradır.



Ümumi nəticələr

Şagird:

  • informasiya resurslarını toplayır, sistemləşdirir və onları təhlil edir;

  • informasiya mədəniyyətinə aid nümunələr gətirir və onlardan öz işlərində istifadə edir;

  • informasiya təhlükəsizliyi qaydalarını bildiyini öz fəaliyyətində nümayiş etdirir;

  • elektron höükumət, elektron idarəçilik, elektron təhsil, elektron mədəniyyət, elektron seçki, elektron sığorta, elektron bank, elektron ticarət, elektron kitabxana, elektron kitab və s. texnologiyalarının mahiyyətini şərh etməklə, ondan istifadə bacarıqlarını nümayiş etdirir;

  • intellektual və öyrədici sistemlərin təyinatını aydınlaşdırır və onlarla işləmək bacarıqlarını nümayiş etdirir ;

  • internetin əsas xidmətlərindən istifadə edir.


1.3. Fəaliyyət xətləri
İnformatika fənni üzrə məzmun standartlarının reallaşdırılması aşağıdakı fəaliyyət xətləri üzrə həyata keçirilir:

  • Problemin həlli

  • Mühakimə yürütmə və əsaslandırma

  • İnformasiya mübadiləsi və məsləhətləşmə

  • Tədqiqetmə və tətbiqetmə

  • Təqdimetmə


1.4. İbtidai təhsil pilləsində məzmun xətləri üzrə təlim nəticələri
İnformasiya və informasiya prosesləri

Şagird:

  • ətraf aləmdəki informasiya proseslərinə aid misallar göstərir, onları əlamətlərinə görə qruplaşdırır və müqayisə edir;

  • əşyalar arasında münasibətləri (oxşar, fərqli, az, çox, ağır, yüngül, böyük, kiçik və s.) müəyyənləşdirir;

  • informasiya, onun növləri, yaranma mənbələri haqqında bildiklərini nümayiş etdirir;

  • informasiya proseslərinə aid nümunə göstərir;

  • informasiyanın sadə təsviri üsullarını nümayiş etdirir;

  • həyatda, insanların fəaliyyətində informasiyaların alınması, saxlanılması və ötürülməsini sadə misallar əsasında izah edir.


Formallaşdirma , modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma

Şagird:

  • obyektin və ya hadisənin sadə xarakterik əlamətlərini müəyyənləşdirir, onları izah edir;

  • ətraf aləmin obyektləri haqqında malik olduğu təsəvvürləri şərh edir;

  • sadə obyektin informasiya modelini qurur;

  • verilmiş sadə məsələnin həlli alqoritmini yazır;

  • hərəkətlər ardıcıllığındı təsvir edır, buraxılmış addımı müəyyən edir.


Kompyuter, informasiya- kommunikasiya texnologiyalari və sistemləri

Şagird:

  • kompyuterlə davranmağı və sadə əməliyyatları necə icra etdiyini nümayiş etdirir;

  • informasiya daşıyıcıları ilə necə işləməyi nümayiş etdirir.

  • mətn redaktorunda sadə mətnlər hazırlayır;

  • qrafik redaktorda sadə təsvirlər yaradır.


Cəmiyyətin informasiyalaşdırılması

Şagird:

  • informasiya resurslarını əlamət və təyinatına ğörə izah edir;

  • internetin əhəmiyyətini və onun tətbiq sahələrini şərh edir.



1.5. Məzmun standartları
İnformatika fənni üzrə standartlar orta təhsil kursu çərçivəsində bütün şagirdlər üçün vacib olan məzmunu əhatə edir, şagirdlərin qavrama qabiliyyətlərini, bilik və bacarıqlarını təsvir edir, hər bir şagirdin informatika sahəsində öyrənə biləcəyi və öyrənməli olduğu məsələləri müəyyən edir, şagirdləri orta təhsildən sonrakı pilləyə hazırlayır.

Məzmun xətləri üzrə standartlar əsas və alt standartlardan ibarət olur və sinifdən sinifə keçdikcə müəyyən dəyişikliklərlə davam etdirilir.


I S İ N İ F
I sinfin sonunda şagird:

  • Sadə informasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.

  • Oxşar obyektlər sırasından əşyaları əlamətlərinə görə tanıdığını nümayiş etdirir.

  • Sadə hadisələr, hərəkətlər ardıcıllığını anladığını nümayiş etdirir.

  • Sadə məntiqi mühakimələri anladığını nümayiş etdirir.

  • Kompyuter haqqında sadə biliklərə malik olduğunu nümayiş etdirir.

  • Kompyuterdə sadə əməliyyatları icra edir.

  • Kompyuterdə sadə şəkillər və füqurlar çəkir.

  • Kompyuterdə sadə mətnlər yığır.

  • Cəmiyyətdə informasiya və informasiya vasitələrinin əhəmiyyətini anladığını nümayiş etdirir.



1. İnformasiya və informasiya prosesləri

Şagird:
1.1. Sadə informasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.

1.1.1. Verilmiş sadə informasiyaları şərh edir.

1.1.2. Sadə informasiyaları təsvir formalarına görə fərqləndirir.

1.1.3. İnformasiyadan istifadə üsullarını sadə formada izah edir.

1.1.4. Müxtəlif infor­masiya mənbələrinə aid nümunələr göstərir.
1.2. Oxşar obyektlər sırasından əşyaları əlamətlərinə görə tanıdığını nümayiş etdirir.

1.2.1. Verilmiş informasiya əlamətlərinə görə əşyaları fərqləndirir.

1.2.2. Verilmiş əşyanın əlamətlərini şərh edir.

1.2.3. İki və daha çox əşya arasında münasibətləri (oxşar, fərqli, az, çox, ağır, yüngül, böyük, kiçik, uzun, qısa, qarşıda, arxada, yuxarıda, aşağıda, sağda, solda, ortada və s.) müəyyən edir.


2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma

Şagird:
2.1. Sadə hadisələr, hərəkətlər ardıcıllığını anladığını nümayiş etdirir.

2.1.2. Sadə hərəkəti, hadisəni ardıcıllıq baxımından hissələrə ayırır.

2.1.1. Hadisələr, hərəkətlər ardıcıllığına aid nümunələr göstərir.

2.1.3. Sadə hərəkətlər, hadisələr ardıcıllığında buraxılan səhvləri müəyyənləşdirir.


2.2. Sadə məntiqi mühakimələri anladığını nümayiş etdirir.

2.2.1. “Doğru” və “yalan” mülahizələri fərqləndirir.

2.2.2. Sadə mühakimələrin inkarını qurur.

2.2.3. Təqdim olunanlar arasından mümkün hərəkət variantlarını göstərir.



3. Kompyuter, informasiya - kommunikasiya texnologiyalari və sistemləri

Şagird:
3.1. Kompyuter haqqında sadə biliklərə malik olduğunu nümayiş etdirir.
3.1.1. Kompyuterin əsas hissələrini ona tanış olan oxşar əşyalarla (televizor, telefon pultu və s.) müqayisə edir.

3.1.2. Kompyuterin əsas hissələrinin tərkib elementlərini sadalayır.

3.1.3. Kompyuterin əsas hissələrinin təyinatını sadə formada izah edir.
3.2. Kompyuterdə sadə əməliyyatları icra edir.
3.2.1. Kompyuteri işə salır, bağlayır, sadə menyuları seçir.

3.2.2. Kompyuterin sadə qurğuları ilə (klaviatura və maus) davranır, onların sadə düymələrindən istifadə edir.

3.2.3. Kompyuterdəki sadə proqramları ( kalkulyator, bloknot, sadə qrafiki və mətn redaktorları, sadə oyunlar) işə salır və bağlayır.

3.2.4. Kalkulyator proqramında sadə hesab əməliyyatlarını yerinə yetirir.

3.2.5. Kompyuterdə oyun tipli sadə proqramlarla işləyir.

3.2.6. Kompyuterin sadə qurğuları ilə iş zamanı texniki təhlükəsizlik qaydalarına riayət edir.



3.3. Kompyuterdə sadə şəkillər və füqurlar çəkir.
3.3.1. Alətlər qutusundakı sadə alətlərdən və rənglər qutusundakı rənglərdən istifadə bacarığı nümayiş etdirir.

3.3.2. Şəkil və fiqurların elementlərini çəkir.3.3.3. Sadə şəkillər və fiqurlar (düz və əyri xətt, dördbucaqlı və s.) çəkir.


3.4. Kompyuterdə sadə mətnlər yığır.
3.4.1. Kompyuterdə böyük, kiçik hərfləri, rəqəmləri və durğu işarələrini yığır.

3.4.2. Kompyuterdə söz və söz birləşmələrini yığır.

3.4.3. Kompyuterdə sadə mətnləri yığır.

3.4.4. Redaktə xarakterli sadə tapşırıqları yerinə yetirir.


4.Cəmiyyətin informasiyalaşdırılması

Şagird:
4.1. Cəmiyyətdə informasiya və informasiya vasitələrinin əhəmiyyətini anladığını nümayiş etdirir.
4.1.1. İnformasiya vasitələrini sadalayır.

4.1.2. İnformasiyanın əhəmiyyətini sadə formada şərh edir.

4.1.3. İnformasiya vasitələrinin rolunu izah edir.
II S İ N İ F
II sinfin sonunda şagird:


  • İnformasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.

  • Obyektlər qrupundakı əşyaları əlamətlərinə görə tanıdığını nümayiş etdirir.

  • Sadə hadisələr, hərəkətlər ardıcıllığını anladığını nümayiş etdirir.

  • Sadə məntiqi mühakimələri anladığını nümayiş etdirir.

  • Kompyuter haqqında ümumi biliklərə malik olduğunu nümayiş etdirir.

  • Kompyuterdə əməliyyatları icra edir.

  • Kompyuterdə müxtəlif şəkillər çəkir.

  • Kompyuterdə mətnlər yığır.

  • Cəmiyyətdə informasiya proseslərinin əhəmiyyətini anladığını nümayiş etdirir.



1. İnformasiya və informasiya prosesləri

Şagird:
1.1. İnformasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.
1.1.1. Cansız və canlı təbiətdəki informasiyalara aid misallar göstərir.

1.1.2. İnformasiyanın ötürülmə vasitələrini sadalayır.

1.1.3. Verilmiş informasiyaların təsvir formalarını və mənbələrini izah edir.

1.1.4. İnformasiya mübadiləsi prosesini sadə misallarla izah edir.


1.2. Obyektlər qrupundakı əşyaları əlamətlərinə görə tanıdığını nümayiş etdirir.
1.2.1. Müxtəlf obyektlər qrupundan oxşar və fərqli əşyaları seçir.

1.2.2. Müxtəlf obyektlər qrupundakı əşyaların oxşar və fərqli əlamətlərini izah edir.

1.2.3. Müxtəlif obyektlərin içərisindən oxşar əlamətlərinə görə əşyaları qruplaşdırır və adlandırır.

2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma


Şagird:
2.1. Sadə hadisələr, hərəkətlər ardıcıllığını anladığını nümayiş etdirir.

2.1.1. Şərh olunan hərəkətlər, hadisələr ardıcıllığını hissələrə ayırır.

2.1.2. Təbii hadisələrin başvermə ardıcıllığinı nümunələr əsasında şərh edir.

2.1.3. Sadə hərəkətlər ardıcıllığını nümunələr əsasında izah edir.

2.1.4. Hərəkətlər ardıcıllığında buraxılan səhvləri müəyyənləşdirir.

2.1.5. Verilən hərəkətləri ardıcıllıqla icra edir.


2.2. Sadə məntiqi mühakimələri anladığını nümayiş etdirir.

2.2.1. “Dogru”, “yalan”, “qeyri-müəyyən” mülahizələrə aid misallar göstərir.

2.2.2. Verilmiş mühakimələrin “doğru”, “yalan” və ya “qeyri-müəyyən” olduğunu müəyyənləşdirir.

2.2.3. Sadə və qısa yolları seçməklə hərəkət variantlarını müəyyənləşdirir.


3. Kompyuter, informasiya və kommunikasiya texnologiyaları və sistemləri

Şagird:
3.1. Kompyuter haqqında ümumi biliklərə malik olduğunu nümayiş etdirir.

3.1.1. Kompyuterin əsas hissələrinin təyinatını izah edir.

3.2.1. Kompyüterlə iş prosesində tələb olunan ümumi qaydalari və texniki təhlükəsizlik qaydalarını izah edir.
3.2. Kompyuterdə əməliyyatları icra edir.

3.2.1. Klaviatura və mausla iş üzrə ilkin bacarıqlar nümayiş etdirir.

3.2.2. Kompyuterdə sadə əməliyyatları (proqram pəncərələrini açıb-baglamağı, bükməyi, böyüdüb-kiçiltməyi) iş prosesində icra edir.

3.2.3. Kompyuterdəki sadə proqramların ( kalkulyator, bloknot, sadə qrafiki və mətn redaktorları, sadə oyunlar) idarəetmə panelində dəyişiklər edir

3.2.4. Kalkulyator proqramında müvafiq hesab əməliyyatlarını yerinə yetirir.

3.2.5. Kompyuterdə oyun tipli proqramlarla işləyir.

3.2.6. Kompyuterdə müvafiq mərhələdə iş zamanı texniki təhlükəsizlik qaydalarına riayət edir.
3. 3. Kompyuterdə müxtəlif şəkillər çəkir.

3.3.1. Alətlər qutusundakı əsas alətlərdən və rənglər qutusundakı rənglərdən istifadə bacarığı nümayiş etdirir.

3.3.2. Müxtəlif şəkillər və fiqurlar çəkir.

3.3.4. Çəkdiyi şəkillərə mətnlər daxil edir.


3.4. Kompyuterdə mətnlər yığır.

3.4.1. Müəllimin təklif etdiyi müvafiq mətni yığır.

3.4.2. Mətnlərdə hərflərin ölçüsünü, formasını, rəngini dəyişir.

3.4.3. Yığdığı mətnlərdə müvafiq redaktələr edir.



Yüklə 492,82 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə