Azərbaycan Xalq Cümhuriyyəti: İstiqlaliyyət zirvəsində Azərbaycan imzası Suverenliyinə Gülüstan müqaviləsi ilə son qoyulmuş Azərbaycan dövlət müstəqilliyini bərpa etmək üçün məqam gözləyirdi



Yüklə 72,64 Kb.
Pdf görüntüsü
tarix08.03.2018
ölçüsü72,64 Kb.
#30851


Xalq qəzeti”.-2014.-8 iyun.-N 120.-S.3. 

Azərbaycan Xalq Cümhuriyyəti: İstiqlaliyyət zirvəsində Azərbaycan imzası 

Suverenliyinə  Gülüstan  müqaviləsi  ilə  son  qoyulmuş  Azərbaycan  dövlət  müstəqilliyini  bərpa 

etmək  üçün  məqam  gözləyirdi.  Xalqın  müstəqillik  istəyini  əngəlləyə  bilməyən  imperiya  buxovları 

yavaş-yavaş  sarsılmaqda  idi.  Tarix  təsdiqləyir  ki,  imperiya  bu  və  ya  digər  xalqın  təkcə  maddi 

varidatını  —  yeraltı  və  yerüstü  sərvətlərini  mənimsəməklə  kifayətlənmir,  həm  də  onun  mənəvi-

ideoloji zindanına çevrilir. 

 

Bu  şəraitlə  barışmaq  istəməyən  öz  varlığını  qorumağa,  itirilmiş  dövlətçiliyini  bərpa  etməyə  cəhd 



göstərən  xalqın  əzmi,  iradəsi,  istəyi  həmişə  imperiyanın  ciddi  siyasi-hərbi  müqaviməti  ilə  qarşılaşır, 

azadlıq-müstəqillik mübarizəsi onun nüfuz məngənəsində sıxılır. 

XX  əsrin  əvvəllərindən  etibarən  Azərbaycanda  ictimai-siyasi  vəziyyət  olduqca  gərgin  idi.  Xalqın 

iradəsini  qırmaq,  illərlə  aparılan  azadlıq,  müstəqillik  mübarizəsini  sarsıtmaq  məqsədilə  mənfur  erməni 

millətçi  ekstremislərinin  silahlandırılaraq  ölkənin  müxtəlif  şəhər  və  qəsəbələrində  dinc,  əliyalın  əhaliyə 

qarşı  qətliamlar  törədilməsi  ilə  imperiya  hələ  də  öz  çirkin  niyyətlərindən  əl  çəkmədiyini  göstərməyə 

çalışırdı. Lakin mətin, mübariz xalqımız bu çirkin, məkrli siyasətin iç üzünü tezliklə anlamağa başlamış 

və  bütün  xalq  bu  müqəddəs  mübarizəyə  səfərbər  edilmişdi.  Çarizm  öz  çirkin  məqsədlərini  və  qəddar 

siyasətini  həyata  keçirmək  üçün  Azərbaycan  ərazisində  XX  əsrin  əvvəllərində  bir  tərəfdən  köçürülmə 

siyasəti tətbiq edir, ruslaşdırma və xristianlaşdırma siyasəti yeridir, digər tərəfdən qanlı erməni-müsəlman 

qırğınları  təşkil  edirdi.  Bir  sözlə,  çar  Rusiyasının  milli-müstəmləkəçilik  siyasətinin  ən  dəhşətli  sınaq 

meydanına çevrilən Azərbaycan dözülməz ağrılara və dəhşətli qırğınlara sinə gərir və müstəqillik uğrunda 

mübarizəni davam etdirirdi. Xüsusilə, XX  əsrin əvvəllərində türkləşmək, islamlaşmaq  və çağdaşlaşmaq 

ideyalarının  genişlənməsi  və  beləliklə,  milli  azadlıq  hərəkatının  güclənməsi  Azərbaycan  xalqının  milli 

oyanış və milli özünüdərk şüurunu xeyli artırdı. 

I  Dünya  müharibəsi  beynəlxalq  münasibətlər  sistemində  bir  sıra  dəyişikliklərin  meydana  gəlməsinə 

səbəb oldu. Başqa regionlarla yanaşı, Qafqazda yeni dövlətlərin yaranması üçün münbit şərait yetişmişdi. 

Belə  ki,  1918-ci  il  mayın  26-da  Zaqafqaziya  Seyminin  sonuncu  iclası  keçirilirdi.  Gürcü  nümayəndələri 

Seymdən  çıxıb  Gürcüstanın  müstəqilliyini  elan  etdilər.      Mayın  27-də  isə  Seymin  müsəlman  fraksiyası 

yaranmış  vəziyyətin  ciddiliyini  nəzərə  alaraq,  yekdilliklə  Azərbaycanın  idarə  olunması  vəzifəsini  öz 

öhdəsinə götürməyi qərara aldı və özünü Azərbaycan Müvəqqəti Milli Şurası elan etdi. 

Azərbaycan  Milli  Şurasının  1918-ci  il  mayın  18-dəki  iclasında  Azərbaycanın  “İstiqlal  bəyannaməsi” 

qəbul olundu. Milli Şuranın 24 səslə qəbul etdiyi qərar və 6 bənddən ibarət “İstiqlal bəyannaməsi”, yaxud 

“Misaği-milli”  Azərbaycan  dövlətinin  varlığını  bütün  dünyaya  bəyan  etdi.  “İstiqlal  bəyannaməsi”  ilə 

həyata  vəsiqə  alan  Azərbaycan  Xalq  Cümhuriyyəti  bütün  müsəlman  dünyasında  ilk  demokratik 

respublika  kimi  tarixə  düşməklə  yanaşı,  Azərbaycan  xalqının  qədim  dövlətçilik  ənənələrini  bərpa  etdi, 

insan  hüquq  və  azadlıqlarının  təmin  edilməsinə,  irqi,  milli,  dini,  sinfi  və  digər  sosial  bərabərsizliklərin 

ləğvinə, əsaslı şərait yaratdı. 

     Milli  Şura  Müvəqqəti  hökuməti  təşkil  etməyi  Fətəli  xan  Xoyskiyə  tapşırdı.  Mayın  30-da 

Azərbaycanın  öz  müstəqilliyini  elan etməsi  haqqında  dünyanın  əsas siyasi  mərkəzlərinə  radio-teleqrafla 

məlumat verildi. Cənubi Qafqazın özünü müstəqil elan etmiş üç dövlətinin — Azərbaycan, Gürcüstan və 

Ermənistanın nümayəndələri Batumda Osmanlı dövləti ilə danışıqlar apararaq, iyunun 4-də ayrı-ayrılıqda 

müqavilə imzaladılar. Müqavilənin şərtləri Ermənistan və Gürcüstan üçün ağır idi. Azərbaycanla Osmanlı 

dövləti arasında isə “daimi sülh və dostluq münasibətləri”ni bərqərar edirdi. Yeni yaranmış Azərbaycan 

hökumətinin  xahişinə  cavab  olaraq,  Osmanlı  dövləti  ilk  yardım  kimi  Azərbaycana  2  milyon  türk  lirəsi 

həcmində  kredit  ayırmışdı.  Azərbaycanda  olan  türk  ordusunun  ehtiyaclarına  hər  ay  50  min  lirə 

xərclənirdi. 

Cümhuriyyətin  Tiflisdə  elan  edilməsinə  baxmayaraq,  ölkəmiz  hələ  də  daşnakların  tapdağı  altında 

inləyirdi.  Hökumətin  Gəncə  şəhərinə  köçməsinə  isə  hələ  yarım  ay  qalırdı.  Tiflisdə  qızğın  təşkilati  işlər 

gedirdi. Milli Şura, demək olar, günaşırı, Nazırlər Şurası isə hər gün yığışır, vəziyyəti dönə-dönə ölçüb-

biçir, yer-yurd qayğılarının, yol-nəqliyyat, müdafiə-mühafizə məsələlərinin, yaxın-uzaq dövlətlərlə əlaqə-

münasibət problemlərinin həllinə çalışırdılar. 

Azərbaycan  Milli  Şurasının  və  hökumətin  Gəncəyə  köçməsi  ilə  əlaqədar  milli  qüvvələr  arasında 

mübarizə  kəskinləşdi.  Milli  Şuradan  kənarda  qalan  bəzi  qüvvələr  Türkiyənin  Azərbaycanda  olan 

ordusunun  başçısı  Nuru  paşanın  vasitəsilə  Milli  Şuranı  hakimiyyətdən  uzaqlaşdırmağa  cəhd  etdi. 

Azərbaycandakı  türk  qoşunların rəhbərliyi  ilə  Azərbaycan  Milli  Şurası  arasında  güzəştli  bir  qərar  qəbul 




olundu. Milli Şura buraxılır, Ali qanunverici və icraedici hakimiyyət Fətəli xan Xoyski kabinetinin əlində 

cəmləşir.  İyunun  17-də  isə  axşam  Gəncədə  F.Xoyskinin  rəhbərlik  etdiyi  ikinci  hökumət  təşkil  edildi. 

İyunun  23-də  Azərbaycanda  yaranmış  gərgin  vəziyyəti  nəzərə  alaraq  hökumət  bütün  Azərbaycan 

ərazisində  hərbi  vəziyyət  elan  etdi.  Bakı  Xalq  Komissarları  Sovetinin  liderləri  Azərbaycan  Xalq 

Cümhuriyyətini sıradan çıxarmaq üçün yollar arayırdılar. Hələ Gəncə üzərinə yürüşə başlamazdan əvvəl 

Leninin  tapşırığı  ilə  Şaumyan  türk  qoşunlarının  Azərbaycana  yolunu  bağlamaq  üçün  Gürcüstan 

hökumətinin başçısı N. Jordaniyaya müraciət etdi. 

Azərbaycanın  Şərqində  kommunist  diktaturası  yaradan  Şaumiyan  Bakı  Sovetinin  ixtiyarında  olan  18 

min döyüşçü ilə Cənubi Qafqazdakı milli hərəkatı boğmaq üçün qəti hücuma başladı. Tamamilə erməni 

daşnak qüvvələrindən təşkil olunmuş ordu müsəlman əhalisinə qarşı hər cür amansızlığa yol verirdi. 

İyunun  10-da  Bakı  Sovetinin  Gəncə  istiqamətində  yürüşləri  başladı.  İyunun  12-də  Kürdəmiri  işğal 

edən  qoşunlar  iyunun  27-də  Göyçaya  yaxınlaşdılar.  Dörd  günlük  gərgin  vuruşma  cəbhənin  taleyini  həll 

etdi. Qafqaz İslam Ordusu bolşevik-daşnak birləşmələrini darmadağın edərək Bakı istiqamətində azadlıq 

yürüşünə başladı. İyunun 20-də bu istiqamətdə mühüm strateji məntəqə olan Şamaxı azad edildi. İyulun 

sonunda S. Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti istefa verməyə məcbur oldu. Qafqaz İslam Ordusunun 

hərbi  hissələri  sentyabrın  15-də  Bakı  üzərinə  həlledici  hücuma  başladılar.  Şəhər  böyük  müqavimət 

hesabına alındı və Azərbaycan hökuməti sentyabrın 15-də Bakı şəhərinə köçdü. 

Bakının  azad  edilməsi  Azərbaycan  Xalq  Cümhuriyyətinin  müqəddəratında  və  xalqımızın  şərəfli 

tarixində  çox  böyük  strateji  əhəmiyyətə  malik  olan  bir  hadisə  oldu.  AXC-nin  yaranması  şərəfli 

tariximizdə  necə  böyük  əhəmiyyətə  malikdirsə,  Bakının  azad  edilməsi  də  bir  o  qədər  önəmlidir.  AXC 

hökumətinin Bakıya köçməsindən sonra hakimiyyət Azərbaycanın hər yerində (114 min kvadratkilometr 

ərazidə) bərqərar oldu və milli dövlət quruculuğu istiqamətində fəaliyyətini daha da genişləndirdi. 1918-ci 

il  noyabrın  9-da  AXC-nin  dövlət  bayrağı  üzərində  aypara  və  səkkizgüşəli  ulduz  təsviri  olan  üçrəngli 

bayraqla  əvəz  edildi.  M.  Ə.  Rəsulzadə  deyirdi  ki,  Azərbaycan  bayrağındakı  mavi  rəng  -  türklüyü,  yaşıl 

rəng  -  müsəlmanlığı,  al  rəng  -  təcəddüd  və  çağdaşlaşmanı  bildirir  ki,  bu  da  Ziya  Göyalpın  “türk 

millətindənəm, islam ümmətindənəm, Qərb mədəniyyətindənəm” düsturunu ifadə edirdi. 

Azərbaycanda siyasi hadisələrin inkişafı daxili proseslərdən daha çox dünyanı lərzəyə gətirən I Dünya 

müharibəsinin  gedişindən  və  nəticələrindən  asılı  idi.  İki  hərbi  qruplaşma  arasında  gedən  imperialist 

müharibəsində  Azərbaycan  öz  mənafeyi  baxımından  Osmanlı  dövlətinin  qalib  gəlməsini  arzulayırdı. 

Lakin  hadisələr  başqa  cür  cərəyan  edirdi.  Türkiyə  və  Antanta  dövlətləri  arasında  1918-ci  il  30  oktyabr 

tarixli  Mudros  müqaviləsinə  görə  məğlub  sayılan  Osmanlı  qüvvələri  Azərbaycanı  tərk  etməli,  Antanta 

qüvvələri  tərəfindən  Bakının  tutulmasına  mane  olmamalı,  Zaqafqaziya  dəmir  yolu  üzərindəki  nəzarət 

hüququnu Antantaya güzəştə getməli idi. Ənzəliyə danışıqlar üçün gələn Azərbaycan nümayəndə heyəti 

ingilis  hərbi  hissələrinin  komandanı,  generel  Tomsona  Azərbaycan  ərazisinə  daxil  olmazdan  əvvəl 

Azərbaycan  Xalq  Cümhuriyyətini  tanımaq  haqqında  bəyanat  verilməsini  təklif  etdi.  Lakin  general 

Tomson bu təklifi rədd etdi. 

Bütövlükdə, Azərbaycan nümayəndə heyətinin Ənzəli danışıqları əhəmiyyətsiz olmadı. Ən əsası ona 

görə  ki,  Azərbaycanın  Paris  Sülh  Konfransında  iştirak  edəcəyi,  Bakıya  erməni  hissələrinin  daxil 

olmayacağı  barədə  general  Tomson  öz  üzərinə  öhdəliklər  götürdü.  Noyabrın  17-də  Tomsonun  hərbi 

dəstələrinin Bakıya gəlişini şəhər əhalisi eyni cür qarşılamadı. Rus və erməni milli şuralarının tərəfdarları 

sevinc  içərisində  idilər.  Noyabrın  16-da  Milli  Şura  yenidən  fəaliyyətə  başladı.  Azərbaycan  höküməti 

təhrikçi hücumlara baxmayaraq, dövlət quruculuğu işini davam etdirir, parlamentin açılışına hazırlaşırdı. 

Parlament açılanadək onun funksiyasını  Milli Şura yerinə yetirirdi. Parlament adını qəbul edən bu orqan 

yeni üzvlərin və azlıqda qalanların nümayəndələrinin hesabına genişləndirildi. Təkpalatalı parlament 120 

nəfərdən ibarət olmalı idi. Milli Şuranın 44 nəfər üzvündən əlavə əhalinin milli say nisbətinə görə daha 36 

azərbaycanlı seçilməklə 80 nəfərə çatdrılmalı idi. Bundan əlavə, 21 yer ermənilərə, 10 yer ruslara, azlıqda 

qalan digər xalqların hərəsinə bir yer vermək nəzərdə tutulurdu. Nümayəndələr birbaşa qapalı seçkilərdə 

seçilməli idi. Şəhərlərdən olan millət vəkilləri bələdiyyə üzvləri tərəfindən, mahalların nümayəndələri isə 

mahal  milli  komitələri  tərəfindən  seçilirdi.  Gərgin  şəraitdə  1918-ci  il  dekabrın  7-də  Hacı  Zeynalabdin 

Tağıyevin Qız məktəbinin binasında təntənəli şəkildə parlamentin ilk iclası keçirildi. Millət vəkillərindən 

əlavə,  hökümət  üzvləri,  Bakıda  olan  diplomatik  korpusun  nümayəndələri  də  iştirak  edirdi.  İclası  parlaq 

təbrik  nitqi  ilə  açan  M.Ə.Rəsulzadə  çıxışında  əsas  diqqəti  ilhaqçılara  qarşı  yönəltdi.  Şəfi  bəy 

Rüstəmbəylinin  təklifi  ilə  Ə.Topçubaşov  yekdilliklə  parlamentə  sədr,  Həsən  bəy  Ağayev  sədrin  birinci 

müavini, Rəhim bəy Vəkilov isə katib seçildilər. 

Parlamentin  qarşısında  duran  mühüm  vəzifələrdən  biri  yeni  höküməti  təşkil  etmək  idi.  Hökümətin 

təşkili Xoyskiyə tapşırıldı. Dekabrın 26-da koalisyon hökümətin tərkibində 3 nəfər rus nümayəndəsi var 

idi,  ermənilər  isə  onlara  təklif  olunan  2  nazir  kürsüsündən  imtina  etdilər.  Yeni  hökümətin  təşkilindən  2 



gün sonra, dekabrın 28-də müttəfiqlərin Bakıdakı nümayəndəsi general V.Tomson elan etdi ki, Xoyskinin 

başçılığı ilə yaradılmış Azərbaycan hökümətini yeganə qanuni hakimiyyət orqanı sayır.  

1919-cu ilin aprelində ingilis general-qubernatorluğunun ləğvi ilə əlaqədar Gəncədə təşkil olunmuş ilk 

Azərbaycan alayı paytaxta daxil oldu və xalq onu təntənə ilə qarşıladı. Nəticədə 1919-cu ilin aprelindən 

başlayaraq ingilislər Paris Sülh Konfransının şərtlərinə uyğun olaraq, Qafqazı tərk etməyə başladılar. 

Qalib dövlətlər müharibədən sonrakı dünyanın vacib məsələlərini həll etmək üçün Parisdə beynəlxalq 

sülh  konfransının  çağırılmasına  qərar  verdilər.  Azərbaycan  parlamenti  Paris  Sülh  Konfransında  iştirak 

etmək üçün tamsəlahiyyətli və geniş hüquqlara malik nümayəndə heyəti göndərmək haqqında qərar qəbul 

etdi. Nümayəndə heyətinə parlamentin sədri Ə.Topçubaşov rəhbər təsdiq edildi. Azərbaycan nümayəndə 

heyətinin  Paris  Sülh  Konfransında  iştirak  etməyinin  məqsədi  dünya  dövlətləri  tərəfindən  AXC-nin 

tanınmasına  nail  olmaq  idi.    Nəhayət,  1920-ci  il  yanvarın  11-də  Müttəfiq  Dövlətlərin  Ali  Şurası 

Azərbaycanın  istiqlaliyyətinin  de-fakto  tanınması  haqqında  yekdilliklə  qərar  qəbul  etdi.  Yanvarın  14-də 

bu xəbər  Azərbaycana çatdı və parlament onu təntənəli şəkildə qeyd etdi. Millət vəkilləri və parlamentin 

iclasında  iştirak  edən  xarici  ölkələrin  diplomatik  nümayəndələri  istiqlal  yolunda  qurban  getmiş  Vətən 

oğullarının və Osmanlı əsgərlərinin xatirəsini yad etdilər, bu hadisə münasibətilə ümumi amnistiya elan 

edildi. 


Azərbaycan  Xalq  Cümhuriyyətinin  de-fakto  tanınmasına  qədər  dövlət  quruculuğu  sahəsində  heç  bir 

təcrübəsi olmayan xalq qısa müddət ərzində normal fəaliyyət göstərən dövlət aparatı yaratmağa, 20-dən 

çox  dövlətlə,  o  cümlədən  Türkiyə,  Gürcüstan,  Ermənistan,  İran,  Belçika,  Hollandiya,  Yunanıstan, 

Danimarka.  İtalya,  Fransa,  İsveçrə,  İngiltərə,  ABŞ,  Ukrayna,  Litva,  Polşa,  Finlandiya  və  b.  ilə  baş 

konsulluq,  konsul  agentlikləri  səviyyəsində  əlaqələr  qurmağa  nail  oldu.  Azərbaycan  Xalq 

Cümhuriyyətinin  dövlət  quruluşu  parlamentli  respublika  idi.  Yeni  yaranmış  dövlət  fəaliyyəti  dövründə 

“türkləşmək, islamlaşmaq və müasirləşmək”  ideyası uğrunda mübarizə aparırdı. 

Göründüyü  kimi,  çox  çətin,  gərgin  mübarizə  şəraitində  fəaliyyət  göstərən  AXC  rəhbərliyi  dövlət 

quruculuğu işində mühüm qərarlar qəbul etməklə bu boşluğu nisbətən aradan qaldırmağa çalışırdı. Hələ 

hökumət  Gəncədəki  fəaliyyəti  dövründə  —  iyunun  27-də  Azərbaycan  dilinin  dövlət  dili  elan  edilməsi 

haqqında  fərman  imzaladı.  Azərbaycandilli  savadlı  kadrların  çatışmazlığı  nəzərə  alınaraq  dövlət 

idarələrində müvəqqəti olaraq rus dilindən də istifadə olunmasına icazə verildi. İyunun 24-də üzərində ağ 

rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi. Noyabrın 

9-da  isə  həmin  bayraq üçrəngli  —  yaşıl,  qırmızı  və  mavi  zolaqlardan  ibarət  olan  bayraqla  əvəz  olundu.  

Azərbaycan  Xalq  Cümhuriyyəti  özünü  xarici  müdaxilələrdən  müdafiə  etmək,  hələ  tamamilə 

zərərsizləşdirilməmiş  daxili  düşmənlərdən  mühafizə  olunmaq  üçün  nizami  orduya  malik  olmalı  idi. 

Beləliklə,  1918-ci  ilin  noyabr  ayının  6-da  Azərbaycan  hökumətinin  qərarı  ilə  Hərbi  Nazirlik  yarandı, 

doktor Xosrov bəy Sultanov hərbi nazir təyin olundu. Bəzi tədqiqatçılar bunu, həmin dövr üçün düzgün 

seçim olmadığını qeyd edir, heç bir hərbi bazaya, ordu strukturuna malik olmayan gənc bir dövlətin ordu 

quruculuğunun,  daha  doğrusu,  silahlı  qüvvələrin  yaradılmasının  mülki  şəxsə  tapşırılması 

dövlətçiliyimizin  “yaxasından”  hələ  tamamilə  üzülməmiş  qara  əllərin  fəaliyyətini,  təxribat  meyillərini 

genişləndirə  bilərdi.  Hələ  1918-ci  il  iyul  ayının  6-da  Azərbaycan  Respublikası  Nazirlər  Sovetinin 

sərəncamı  ilə  hərbi  mükəlləfiyyət  keçmiş  şəxslər  üçün  avqustun  11-də  ümumi  hərbi  səfərbərlik  elan 

olundu  və  1894-1899-cu  il  təvəllüdlü,  24-29  yaşlı  bütün  Azərbaycan  vətəndaşları  hərbi  xidmətə 

çağrıldılar.  Doğrudur,  bu  çağırışda  nəzərdə  tutulan  nəticə  əldə  olunmadı.  Belə  ki,  əhalisinin  səkkiz 

mindən çoxu müsəlman olan Bakıdan 500 əvəzinə 800 adam, yüz iyirmi min əhalisi olan Qarabağ general 

qubernatorluğundan 7200 əvəzinə 1902 adam əsgərliyə verilmişdi. Əhali nəinki uşaqları əsgərliyə vermək 

istəmir,  hətta  kəndləri  gəzib  əsgərliyə  uşaq  yığan  serjantları  fiziki  təhqirlərə  məruz  qoyurdular.  Buna 

baxmayaraq,  son  dərəcə  vacib  olan  bir  qanuni  ənənənin  başlanğıcı  qoyulurdu.  Ordunun  yaradılması 

prosesi 1920-ci ilin yanvarında əsasən başa çatdırıldı. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 

mini süvari qoşun hissələrindən ibarət idi. 

Ordunun  təşkili  ilə  yanaşı,  ölkə  rəhbərliyi  vətəndaşlıq  məsələsinə  də  xüsusi  önəm  və  əhəmiyyət 

verməklə  bu  işi  diqqətdə  saxlamağa  çalışırdı.  1919-cu  il  iyulun  21-də  parlament  “Azərbaycan  Xalq 

Cümhuriyyətinin Müəssislər Məclisinə seçkilər haqqında” Əsasnaməni təsdiq etdi. Həmin il avqustun 11-

də  parlament  tərəfindən  qəbul  edilmiş  “Azərbaycan  vətəndaşlığı  haqqında”  qanuna  görə  özü  və 

valideynləri  Azərbaycan  ərazisində  anadan  olmuş  keçmiş  Rusiya  imperiyasının  bütün  təbəələri  milli  və 

dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşı hesab olunurdular. 

Digər mühüm məsələ xalq maarifi sahəsinin milliləşdirilməsi işinin sürətləndirilməsi idi. Qısa müddət 

ərzində bu sahədə ciddi nailiyyətlər qazanıldı. Orta məktəblərin təxminən yarısı milliləşdirildi. AXC-nin 

mühüm  tədbirlərindən  biri  ilk  ali  təhsil  ocağının  —  1919-cu  il  sentyabrın  1-də  Bakı  Universitetinin 

əsasının qoyulması idi. Universitetin fəaliyyətə başlaması respublikada böyük mədəni hadisəyə çevrildi. 



Universitetin  yaradılması  Azərbaycanda  milli  kadrların  hazırlanması  sahəsində  yaranmış  dərin  boşluğu 

aradan  qaldırmağa  xidmət  edirdi.  İfrat  maliyyə  çətinliyinə  baxmayaraq  hökumət  milli  kadrların 

hazırlanmasına  qayğını  gücləndirdi.  İstedadlı  gənclərdən  100  nəfərini  təhsil  almaq  üçün  xarici  ölkələrə 

(İngiltərə, Fransa, İtaliya, Türkiyə, Rusiya və s.) göndərmək haqqında qərar qəbul edildi. Təhsillərini başa 

vurana  qədər  onların  yol  xərcini  və  aylıq  təqaüdlərini  ödəməyi  dövlət  öz  üzərinə  götürdü.  Bəhs  olunan 

dövrdə Kənd Təsərrüfatı İnstitunun yaradılması haqqında qərar da qəbul olundu. Ticarəti və daxili bazarı 

dirçəltmək  məqsədilə  1918-ci  il  avqustun  27-də  azad  ticarət  haqqında  fərman  verildi.  Oktyabrın  30-da 

ticarət donanmasının fəaliyyəti bərpa olundu. 

Cümhuriyyətin mübahisəsiz ərazisi 97,3 min kvadratkilometr idi. Gürcüstanla 8,7 min, Ermənistanla 

isə 7,9 min kvadratkilometr həmsərhəd ərazi Azərbaycan hökuməti tərəfindən mübahisəli ərazi sayılırdı. 

Azərbaycanın  qısa  müddət  ərzində  qazandığı  uğurlarına  və  beynəlxalq  aləmdə  suveren  ölkə  kimi 

tanınmasına  baxmayaraq  hələ  də  şimal  sərhədindən  soyuq  küləklər  əsməkdə  idi.  Bolşeviklər 

Azərbaycanın  daxilində  də  təxribatçılıq  fəaliyyətlərini  gücləndirdilər.  1920-ci  ilin  fevralında  yaradılmış 

Azərbaycan  Kommunist  (bolşeviklər)  Partiyasının  əsas  məqsədi  ölkə  daxilindəki  vəziyyəti 

gərginləşdirmək, təxribat yolu ilə bolşevikləri hakimiyyətə gətirmək idi. Bu işdə qatı millətçi A. Mikoyan 

xüsusilə  canfəşanlıq  göstərirdi.    Azərbaycandakı  mövcud  demokratik  rejimi  dəyişmək  sevdasına  düşən 

bolşeviklər  Ermənistanın  Azərbaycana  qarşı  düşmənçiliyindən  istifadə  etdilər.  1920-ci  ilin  əvvəllərində 

erməni  nümayəndələri  Moskvada  ərazi  güzəştləri  müqabilində  Azərbaycan  hökumətini  devirməkdə  öz 

hökumətinin planını Sovet Rusiyasına təklif etdilər. Qarabağda və Gəncəbasarda erməni əhalisinin qiyamı 

və Azərbaycana qarşı müharibə bu planın tərkib hissəsi idi. 

Sovet  Rusiyasına  münasibət  məsələsində  Azərbaycan  hökumətində  birlik  yox  idi;  xarici  işlər  naziri 

F.Xoyski Rusiyaya münasibətdə sərt xəttin, daxili işlər naziri M.Hacinski isə Azərbaycan bolşevikləri ilə 

danışığa girib onlara güzəştə getməyin tərəfdarı idi. 1920-ci ilin aprelində Denikinin qoşunlarını məğlub 

edən  XI  rus  ordusu  Azərbaycan  sərhədlərinə  yaxınlaşdı.  Bu  haqda  professor  Anar  İsgəndərov  yazır: 

“Həmin  günlərdə  A.Mikoyan  başda  olmaqla,  Bakı  bolşevikləri  Azərbaycan  xalqı  adından  XI  rus 

ordusunu Azərbaycana dəvət etdilər. Qabaqcadan razılaşdırılmış plana görə, rus ordusu Bakıda bolşevik 

qiyamının  başlanmasından  bir-iki  gün  sonra  Azərbaycana  soxulmalı  idi.  Bununla  da  dünya 

ictimaiyyətində belə bir rəy yaradılacaqdı ki, Azərbaycan hökuməti xarici hərbi müdaxilənin deyil, daxili 

qiyamın  qurbanı  olmuşdur.  Lakin  Bakıda  qiyam  başlanmamış  —  aprelin  26-dan  27-nə  keçən  gecə  XI 

ordu  hissələri  Azərbaycan  ərazisinə  daxil  olub  Bakıya  doğru  irəliləməyə  başladılar.  Sovet  hökumətinin 

rəhbərlərinə  və  XI  ordunun  komandanlığına  məlum  idi  ki,  ADC-nin  40  minlik  ordusunun  37-38  min 

nəfəri Qarabağda ermənilərlə müharibədə idi. Sərhəddəki Samur çayı ilə Bakı arasında cəmi 2-3  minlik 

qoşun hissəsi vardı. 

Mart  ayında  bolşeviklərin  Bakıda  keçirmək  istədikləri  tətil  baş  tutmadı.  Aprelin  22-də  XI  ordunun 

Bakıya  gəlmiş  nümayəndələrinin  iştirakı  ilə  keçirilən  təcili  müşavirədə  qərara  alındı  ki,  aprelin  27-də 

gündüz  saat  12-də  AXC-yə  hakimiyyəti  kommunistlərə  təhvil  vermək  haqqında  ultimatum  verilsin  və 

dərhal  silahlı  üsyana  başlanılsın.  Aprelin  24-də  RK/b/P  Qafqaz  Ölkə  Komitəsi,  AK/b/P  MK  və  Bakı 

Komitəsi  qiyama  hazırlıq  vəziyyətinə  gətirildi.  Aprelin  26-da  Leninin  şəxsi  tapşırığı  ilə  yalnız 

azərbaycanlı kommunistlərdən ibarət (N. Nərimanov sədr, Ə. H. Qarayev, M. D. Hüseynov, H. Sultanov, 

Q. Musabəyov, A. Əlimov və D. Bünyadzadə) Azərbaycan Müvəqqəti İnqilab Komitəsi yaradıldı. Bunlar 

diqqəti  qiyamın  mahiyyətindən  uzaqlaşdırmaq  üçün  idi.  Əsas  çevrilişi  XI  ordunun  əsgərləri  həyata 

keçirməli idilər. 

Nəticədə, XI ordunun Azərbaycana hücumu ilə eyni vaxtda — aprelin 27-də gündüz saat 12-də AK/b/ 

P MK və RK/b/ P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu adından hakimiyyəti təhvil vermək haqqında 

Azərbaycan  parlamentinə  ultimatum  verildi.  Azərbaycan  parlamenti  həmin  gün  saat  20.45-də  təcili 

fövqəladə  axşam  iclasına  başladı.  Aprelin  29-da  Azərbaycan  İnqilab  Komitəsi  hərbi  yardım  göstərmək 

xahişi  ilə  Sovet  Rusiyasına  müraciət  etdi.  Halbuki,  rus  ordusu  aprelin  27-də  Azərbaycanın  hüdudları 

daxilində idi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyətdən sonra süqut etdi. 1920-ci il 

aprelin  28-də  Azərbaycan  Sovet  Sosialist  Respublikası  elan  olundu.  Aprel  işğalı  nəticəsində 

Azərbaycanda  qurulan  bolşevik  rejiminin  ömrü  70  ildən  də  çox  çəkdi.  Bu  rejim  özünün  bütün  varlığı 

ərzində  Şərqdə  ilk  demokratik  respublikanın  bayrağını  ucaldan  qeyrətli  soydaşlarımızla,  haqq  işinin 

davamçıları  ilə  mübarizə  apardı.  Lakin  xalqın  qəlbində  yaşayan  Azərbaycanın  istiqlaliyyəti  atəşini 

söndürməyə  müvəffəq  olmadı.  Xalq  özünün  istiqlal  arzularını  nəsildən-nəsilə  ötürdü.  Nəhayət,  1991-ci 

ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi, indiki Azərbaycan Respublikasının 1918-ci 

il  mayın  28-dən  1920-ci  il  aprelin  28-dək  mövcud  olmuş  Azərbaycan  Xalq  Cümhuriyyətinin  varisi 

olduğunu ümumxalq iradəsi ilə təsdiqlədi. 




1991-ci  il  oktyabrın  18-də  Azərbaycan  Respublikası  Ali  Sovetinin  sessiyasında  qəbul  edilmiş 

“Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyi  haqqında” Konstitusiya  Aktında  bu tarixi amansızlığa 

verilən  siyasi  qiymət  belə  oldu:  “1920-ci  il  aprelin  27-28-də  RSFSR-in  XI  ordusunun  Azərbaycana 

təcavüzü,  respublika  ərazisini  zəbt  etməsi,  beynəlxalq  hüququn  subyekti  olan  Azərbaycan  Xalq 

Cümhuriyyətini devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin”. 

Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşmasında və onun inkişafında müstəsna xidmətləri olan 

ümummilli liderimiz Heydər Əliyev öz çıxışlarında AXC-nin 23 aylıq parlaq tarixini şərh edərkən qeyd 

edirdi  ki,  “müsəlman  Şərqində  ilk  demokratik  cümhuriyyətin  məhz  Azərbaycan  torpağında  yaranması 

xalqımızın  o  dövrdə  və  o  illər  ərəfəsində  —  XIX  əsrin  sonunda  və  XX  əsrin  əvvəllərində  milli 

müstəqillik,  azadlıq  duyğuları  ilə  yaşaması  ilə  bağlıdır.  O  illərdə  xalqımızın  qabaqcıl  şəxsiyyətləri, 

mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli 

dirçəliş,  milli  oyanış  əhval-ruhiyyəsini  yaymış  və  bunların  hamısı  məntiqi  olaraq  Azərbaycan  Xalq 

Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”. 

Artıq  AXC-nin  yaranmasından  96  il  ötür.  Bu  illər  ərzində  dövlətçilik  tariximiz  cümhuriyyətin 

ənənələrinə uyğun formada, bünövrəsi əsasında inkişaf etməkdədir. Təqdirəlayiq haldır ki, bu il Prezident 

İlham  Əliyev  AXC-nin  yaranmasında  və  formalaşmasında  misilsiz  xidmətləri olmuş  Məhəmməd  Əmin 

Rəsulzadə şəxsiyyətinin 130 illik yubileyi münasibəti ilə tədbirlər planının işlənib hazırlanması və həyata 

keçirilməsi  haqqında  sərəncam  imzaladı.  Azərbaycan  Prezidenti  bir  daha  sübut  etməyə  çalışdı  ki, 

bugünkü respublikamız AXC-nin siyasi varisidir və cümhuriyyət qurucularının fəaliyyəti daima dövlətin 

diqqət mərkəzindədir. 

 

  

 



Taleh CƏFƏROV, 

 

ADPU-nun Türk xalqları tarixi və 

 tarixin tədrisi metodikası kafedrasının 

 baş müəllimi 

 

  

 



Yüklə 72,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə