Azərbaycanda əhalinin təbii artımında xix-əsrə qədər müəyyən



Yüklə 87,37 Kb.
tarix29.10.2017
ölçüsü87,37 Kb.
#7219


Azərbaycanda əhalinin təbii artımında XIX-əsrə qədər müəyyən

tərəddüdlər baş vermişdir.1897-ci ilə nisbətən əhalinin sayı daim artmışdır.Əhalinin sayı yalnız 1920,1922-ci illərdə 1917-ci ilə nisbətən,1950-ci ildə isə 1940-cı ilə nisbətən azalmışdır.1920,1922-ci illərdə əhalinin sayının azalması inqilabi hadisələrlə,1950-ci ildə azalması isə 1941-1945-ci illərdə baş vermiş “Böyük Vətən” müharibəsi ilə əlaqədardır.100 ilə yaxın bir dövrdə Azərbaycanın əhalisi dörd dəfədən çox artmışdır.Bu artım həm şəhər əhalisinin,həm də kənd əhalisinin artımı hesabına olmuşdur.1897-1996-cı illər ərzində şəhər əhalisi 13 dəfə,kənd əhalisi isə 2.4 dəfə artmışdır.Şəhər əhalisinin daha sürətlə artması şəhərlərin sayının çoxalması və kənd əhalisinin şəhərə axını ilə əlaqədar olmuşdur.Belə ki,Azərbaycanda şəhərlərin sayı 1914-cü ildə 13 olduğu halda,hazırda 65-dən çoxdur.Başqa sözlə 5 dəfə artmışdır.Şəhər əhalisinin kənd əhalisi hesabına artmasını ondan görmək olar ki,əhalinin hər min nəfərinə görə doğulanların sayı kənd yerlərində şəhərlərə nisbətən yüksəkdir.Buna baxmayaraq şəhər əhalisi kənd əhalisindən sürətlə artmışdır.

Respublikamızda əhalinin artımı hər bir kvadrat kilometrə düşən

əhalinin sayının artmasına gətirib çıxarmışdır.Belə ki, 1897-ci ildə Azərbaycanda hər kvadrat kilometrə təqribən 21 adam düşürdüsə,1913-cü ildə 27 adam,1920-ci ildə 22 adam,1940-cı ildə 38 adam,1950-ci ildə 33 adam,1959-cu ildə 43 adam,1970-ci ildə 59 adam,1995-ci ildə isə 87 adam olmuşdur.Əlbəttə, əhalinin daim sürətlə artması respublikada bir sıra həlli çətin sosial-iqtisadi problemlər yarada bilər.Buna görə demoqrafik proseslərin tənzimlənməsi istiqamətində tədbirlər görülməsi vacibdir.Əvvəlki həddən çoxuşaqlılığın təbliği və stimullaşdırılması məqsədəuyğun hesab edilə bilməz.

Əhalinin məskunlaşmasının araşdırılması göstərir ki, şəhər və kənd

əhalisinin sayında kəskin fərq yoxdur.Belə ki, 1996-cı ildə respublika əhalisinin 52.7 %-i şəhər yerlərində, 47.3 %-i isə kənd yerlərində məskunlaşmışdır.Şəhər əhalisinin ümumi əhalinin tərkibində xüsusi çəkisinin artması kənd əhalisinin axını və bir sıra yaşayış məntəqələrinin şəhərlərə çevrilməsinin nəticəsidir.Qeyd etmək lazımdır ki,şəhər əhalisinin təxminən yarısı Bakı şəhərinin payına düşür.Əhalinin müəyyən ərazidə məskunlaşması, bu və ya digər əraziyə axını iqtisadi, sosial, mədəni, məişət, demoqrafik və s. amillərlə əlaqədardır.Əhalinin ayrı-ayrı şəhərlərdə həddən çox cəmləşməsi müsbət hal hesab edilə bilməz.Ona görə əhalinin öz daimi yaşayış yerlərində işləməsi üçün lazımi şərait yaradılması üzrə tədbirlər görülməsi zəruridir.

Demoqrafik proseslərdə həm demoqrafiya, həm də iqtisadi

əhəmiyyət baxımından əhalinin cins tərkibi həmişə diqqəti cəlb edir. Hazırda respublika əhalisinin 49.3 %-ini kişilər 50.7 %-ini isə qadınlar təşkil edir.1926 və 1939-cu illərdə əhalinin ümumi sayında kişilər üstünlük təşkil edirdilərsə sonrakı illərdə qadınlar üstünlük təşkil etmişlər.1970-ci ildən sonra bu nisbətlik demək olar ki, dəyişməmişdir. Statistik rəqəmlərin təhlili göstərir ki,aşağı yaşlarda kişilərin xüsusi çəkisi yüksək olur və getdikcə bu nisbətlik qadınların xeyrinə dəyişir.Bunun səbəbi yaşlar üzrə kişilər arasında ölüm hallarının çox olması və onların qadınlara nisbətən respublikadan kənara daha çox getmələri ilə əlaqədardır.

Demoqrafik proseslərdə əhalinin yaş quruluşu da mühüm əhəmiyyət

kəsb edir.Yaş quruluşu ölkənin əmək potensialını, iş qüvvəsi ilə təmin olunma imkanlarını ifadə edir.1995-ci ildə respublika əhalisinin 35.3 %-ini 15 yaşadək olanlar, 57.9 %-ini 15-59 yaşda olanlar, 8.8 %-ini isə 60 və yuxarı yaşda olanlar təşkil etmişdir.Bu rəqəmlər 1979-cu ildə müvafiq olaraq 35.4 %, 57.5 % və 7.6 % olmuşdur.Başqa sözlə, bu dövrdə 15 yaşadək əhalinin xüsusi çəkisi ümumi əhalinin tərkibində 2,1 bənd azalmış, 15-59 yaşda olanların xüsusi çəkisi 0,9 bənd, 60 və yuxarı olanların xüsusi çəkisi 1,2 bənd artmışdır.Burada diqqəti cəlb edən cəhət odur ki, 20 yaşa qədər əhali üzrə 1000 nəfər kişiyə düşən qadınların sayı az olduğu halda, sonraki yaşlarda qadınların sayı çox olur.Belə ki, 1995-ci ildə 20 yaşadək olan hər 1000 kişiyə 70 və yuxarı yaşda 953 qadın düşmüşdürsə, 20-70 və yuxarı yaşlı əhali içərisində 1000 nəfər kişiyə düşən qadınların sayı 1016-2228.4 nəfər arasında tərəddüd etmişdir.

Respublika əhalisinin əksəriyyətini əmək qabiliyyətli yaşda adamlar

təşkil edir ki, onların əmək fəaliyyətinə cəlb edilməsi üçün müxtəlif istiqamətli tədbirlər görülməsini zəruri edir.

Əhalinin artımı, yaş və cins tərkibində baş verən dəyişiklik ilk

növbədə onun təbii artımı ilə bağlıdır.Əhalinin təbii artımı doğulanlarla ölənlərin arasındakı fərqi ifadə edir.Doğum, ölüm, və təbii artım əhalinin təbii hərəkətini səciyyələndirir.Doğumun ən yüksək səviyyəsi 1913-cü ildə müşahidə olunmuşdur.Lakin təbii artımın ən yüksək səviyyəsi 1960-cı ildə müşahidə olunub.Bu onunla əlaqədar olmuşdur ki,1913-cü ildə ölüm səviyyəsi 1960-cı ilə nisbətən 4 dəfə yüksəkdir.Statistik materialların təhlili göstərir ki, Sovet hakimiyyəti illərində ən yüksək doğum səviyyəsi 1960-cı ilə təsadüf edir və bu ildən sonra doğum səviyyəsi azalma istiqamətində dəyişmişdir.1960-1995-ci illərdə əhalinin hər 1000 nəfərinə doğulanların sayı təqribən 2 dəfə azalmışdır.Bu dövrdə əhalinin təbii artımının azalma sürəti daha yüksək 2.5 dəfə olmuşdur ki, bu da ölüm səviyyəsinin artması ilə əlaqədardır.Bu dövrdə ölüm səviyyəsi 1.1 dəfə artmışdır.

Doğum səviyyəsi xeyli dərəcədə nigah və boşanma ilə əlaqədardır.

Əhalinin 1000 nəfərinə 1985-ci ildə 10.5 nigah, 1995-ci ildə isə 5.7 nigah bağlanmışdır.Əhalinin hər 1000 nəfərinə boşanma halları bu illərdə 1.2-dən 0.8-ə enmişdir.

Hazırda ölkəmizdə əhalinin doğum səviyyəsinin sürətlə aşağı düşməsi və bununla əlaqədar olaraq, ailədəki uşaqların sayının əhəmiyyətli dərəcədə azalması qanunauyğun hal kimi deyil, SSRİ-nin dağılması və keçid dövrünün təzadları ilə bağlı olan keçici xarakter daşıyan hal kimi qiymətləndirilməlidir.İndi dövlət səviyyəsində elə demoqrafik siyasət tədbirləri işlənib hazırlanmalı və həyata keçirilməlidir ki, doğum səviyyəsi və ailədə uşaqların sayı əhalinin normal təkrar istehsalı prosesinin həyata keçirilməsini təmin edə bilsin. Əhalinin sadə təkrar istehsalı prosesinin həyata keçirilməsi üçün yeni yaradılan hər bir ailədə ən azı iki, geniş təkrar istehsal prosesinin təmin edilməsi üçün isə üç və daha çox uşaq doğulub tərbiyə edilməlidir. Bunun üçün ölkəmizdə hər cür imkan və şərait vardır.

Respublika əhalisinin artıb-azalmasına təsir edən ən mühüm amillərdən biri də insanların sağlamlığı və onların ölüm səviyyəsindən ibarətdir.Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən hazırda əhalimizin sağlamlığı və ölüm səviyyəsi sahəsindəki vəziyyət də sevindirici deyildir.Baxmayaraq ki,son yarım əsr ərzində (1950-2000-ci illər) respublikamızda əhalinin hər 1000 nəfərinə düşən ölüm səviyyəsi 38.6 %, o cümlədən şəhər yerlərində 43.6 %, kənd yerlərində isə 33.7 % azalaraq müvafiq surətdə 9.6-dan 5.9-a, 10.1-dən 5.7-yə və 9.2-dən 5.7-yə düşmüşdür, bu göstərici 1990-1994-cü illərdə, yəni atəşkəs dövrünədək 21.3 % artaraq 6.1 nəfərdən 7.4 nəfərə qalxmış, 1994-cü ildən sonra isə 20 % azalaraq 2000-ci ildə 5.9 nəfərə düşmüşdürsə də, hələ də burada əmək qabiliyyətli yaşında olan əhali və bir yaşınadək olan uşaqlar arasında ölüm səviyyəsi xeyli yüksək olaraq qalmaqdadır.2000-ci ilin statistik məlumatlarına əsasən, respublikamızda hər 1000 nəfər diri doğulan uşaqdan bir yaşınadək ölənlərin sayı 12.8 nəfər, o cümlədən şəhər yerlərində-12.9 nəfər, kənd yerlərində isə 12.8 nəfər olmuşdur.

Bütün bu deyilənlərin nəticəsidir ki, respublika əhalisinin orta illik artım sürəti 2.7 dəfədən çox azalaraq 1959-1990-cı illərdəki 3.0 %-dən 1990-2000-ci illərdə 1.1 %-ə, əhalinin orta illik artım sayı isə 27.5 % azalaraq 110.8 min nəfərdən 80.4 min nəfərə düşmüşdür.

Demoqrafik proseslərdə miqrasiya mühüm əhəmiyyət kəsb edir. Miqrasiya adamların daimi yaşayış yerinə qayıtması ilə əlaqədar müəyyən ərazinin sərhədindən kənarda yerdəyişməsidir.Hər ərazidə yerdəyişmə iki istiqamətdə ola bilər.Emiqrasiya, yəni ərazidən getmək və immiqrasiya, yəni əraziyə gəlmək.Əraziyə gələnlərlə ərazidən gedənlər arasında fərq xalis miqrasiyanı təşkil edir.Miqrasiya daxili və xarici miqrasiyaya ayrılır.Xarici miqrasiya dövət sərhəddini keçməklə əlaqədardır.Yəni bir ölkədən başqa ölkəyə yerdəyişmək xarici miqrasiya hesab olunur.Daxili miqrasiya bir ölkənin sərhədləri daxilində bölgələr, rayonlar, yaşayış məntəqələri arasında yerdəyişməkdən ibarətdir. Miqrasiya daimi, mövsümi, mötədil (hər gün başqa yaşayış məntəqəsinə işə gedib-gəlmək) ola bilər.Azərbaycandan xaricə daimi yaşamaq üçün 1990-cı ildə 9144 nəfər, 1991-ci ildə 6503 nəfər, 1992-ci ildə 2912 nəfər, 1993-cü ildə 2391 nəfər, 1994-cü ildə 1600 nəfər getmişdir. Onların ən çoxu İsrailə və ABŞ-a getmişdir.1990-cı ildə müvafiq olaraq İsrailə 8442 nəfər, ABŞ-a 543 nəfər, 1994-cü ildə İsrailə 7085 nəfər və ABŞ-a 447 nəfər getmişdir.

Respublikaya miqrasiya mənfi qalığa malikdir, yəni respublikadan gedənlər çoxdur.Respublikadan gedənlər gələnlərdən 1985-ci ildə 36.3 min nəfər çox olmuşdur.Şəhər yerlərində gələnlər gedənlərdən 0.4 min nəfər, kənd yerlərində isə gedənlər gələnlərdən 36.7 min nəfər çox olmuşdur.1990-cl ildə respublikada gedənlər gələnlərdən 136.2 min nəfər çox olmuşdur.bunun 115 min nəfəri şəhər yerlərinin, 21.2 min nəfəri isə kənd yerlərinin payına düşür.1994-cü ildə respublikada gedənlər gələnlərdən 49 min nəfər çox olmuşdur.Onun 34.8 min nəfəri şəhər yerlərinin 14.2 min nəfəri isə kənd yerlərinin payına düşür.

Əhalinin mexaniki hərəkəti (miqrasiyası) ayrı-ayrı ərazilərdə əhalinin sayının, tərkibinin dəyişməsinə əhəmiyyətli təsir göstərir.Əhalinin miqrasiyası səbəblərinin öyrənilməsi göstərir ki, təbii sərvətlərin mənimsənilməsi, şəhərlərin artması, ayrı-ayrı ərazilərin iqtisadiyyatının inkişafı, sağlamlıq, ailə vəziyyətinə görə yaşayış yerinin dəyişdirilməsi, təhsilin davam etdirilməsi, yüksək əmək haqqı əldə etmək, həyat şəraitini yaxşılaşdırmaq və s. səbəblər əhalinin mexaniki hərəkətini doğurur. Miqrasiya əhalinin və əmək ehtiyatlarının yenidən bölüşdürülməsində mühüm rol oynayır.Qeyd etmək lazımdır ki, Ermənistan respublikasının Azərbaycana qarşı apardığı müharibə də əhalinin mexaniki hərəkətinə böyük təsir etmişdir.Ermənistan respublikasında yaşayan azərbaycanlılar öz dədə-baba yurdlarını məcburi tərk edib Azərbaycana gəlmişdir.Həmçinin işğal olunmuş Azərbaycan torpaqlarından azərbaycan əhalisi digər rayonlarına və şəhərlərinə qaçqın düşmüşdür.Hazırda respublikamızda bir milyona yaxın qaçqın var ki, bu da onların yerləşdiyi ərazidə əhalinin sayında və tərkibində mühüm dəyişikliklər törədir və bir sıra sosial-iqtisadi problemlər doğurur.Buna görə qaçqınların öz doğma torpaqlarının qaytarılması, əhalinin öz yaşayış yerində qalıb işləməsi üçün tədbirlər görülməsi vacibdir.Bu, əhalinin mexaniki hərəkətinin mənfi nəticələrini aradan qaldırmağa imkan verər.Lakin miqrasiyanı tam aradan qaldırmaq çətindir.Respublikamızda bazar iqtisadiyyatının təşəkkülü və onun dünya iqtisadiyyatına inteqrasiyası və respublikamızda iş qüvvəsi “artıqlığı” xarici miqrasiyaya səbəb olacaqdır.Bu miqrasiya lazımi istiqamətdə tənzimlənərsə bu böyük iqtisadi və sosial fayda gətirə bilər.

Araşdırmalardan göründüyü kimi demoqrafik proseslər əhali ilə bağlı olan bir çox hadisə və prosesləri əhatə edir.Demoqrafik hadisə və proseslərin öyrənilməsi özlüyündə məqsəd olmayıb, müvafiq əhali sakinliyi siyasəti yeritmək üçün zəruridir.Əhali sakinliyi siyasəti əhalinin həyat və əmək şəraitinin, onun kəmiyyəti və keyfiyyət xarakteristikası dəyişilməsinə yönəldilən tədbirlər sistemindən ibarətdir. Bu tədbirlər sistemində demoqrafik proseslərin tənzimlənməsinə yönəldilən tədbirlər mühüm yer tutur ki, bu da demoqrafik siyasəti ifadə edir.

Demoqrafik siyasət əhali sakinliyi siyasətinin bir hissəsi kimi demoqrafik prosesləri tənzimləyən tədbirlər sistemidir.

Məlum olduğu kimi sosial iqtisadi və demoqrafik proseslərin qarşılıqlı əlaqəsi və asılılığı onlar arasında müəyyən nisbətliyin qərarlaşmasına gətirib çıxarır.Lakin bu nisbətliyin kortəbii qaydada formalaşması cəmiyyətin mənafeyinə həmişə uyğun gəlmir.Sosial iqtosadi və demoqrafik proseslər arasında arzuolunan, optimal nisbətliyin qərarlaşmasında demoqrafiya siyasəti mühüm rol oynayır.Demoqrafiya siyasəti demoqrafik proseslərə cəmiyyətin mənafeyinə müvafiq istiqamət vermək üçün işlənib hazırlanan və həyata keçirilən sosial iqtisadi, hüquqi və digər tədbirlər kompleksidir.Onu da qeyd etmək lazımdır ki, əhalinin optimal təkrar istehsalının formalaşması üçün dövlət tərəfindən xüsusi tədbirlərin həyata keçirilməməsi də necə deyərlər demoqrafiya siyasətini ifadə edir.Belə ki, əgər dövlət bu sahədə xüsusi tədbirlər həyata keçirmirsə, bu o deməkdir ki, ölkədə mövcud olan demoqrafik vəziyyət cəmiyyətin vəziyyətinə uyğundur.Belə siyasət passiv demoqrafiya siyasətidir.Passiv demoqrafiya siyasəti həmçinin demoqrafik proseslərin və onların sosial iqtisadi nəticələrinin kifayət qədər öyrənilməməsi ilə də əlaqədar ola bilər.

Demoqrafiya siyasəti əhalinin təkrar istehsalında əsas proseslərə, başqa sözlə doğum, ölüm, nigah, boşanma, miqrasiya, əhalinin məskunlaşması proseslərinə lazımi istiqamət verilməsi üçün həyata keçirilən tədbirlərdə təcəssüm edir.

Demoqrafiya siyasəti tədbirlərini şərti olaraq üç qrupa ayırmaq olar:

1.İqtisadi.

2.İnzibati-hüquqi.

3.Təbliğat.

İqtisadi tədbirlərə çoxuşaqlı analara müavinat, təminat səviyyəsi aşağı olan ailələrə uşaq müəssisələrindən istifadəyə görə güzəşt, uşaqlara çəkilən xərclərin müəyyən qisminin ödənilməsi, himayədə olanların sayını nəzərə almaqla gəlir vergisinin və mənzil kirayəsinin azaldılması, hamiləliyə görə və doğumdan sonra, habelə xəstə uşaqlara qulluqla əlaqədar haqqı ödənilən məzuniyyət verilməsi, səhiyyə və idmanın inkişafı, əmək haqqı səviyyəsinin ərazi üzrə fərqlənməsi, yeni ərazilərin məskunlaşmasına maddi köməklər və güzəştlər və s. aid edilə bilər.İqtisadi tədbirlərlə dövlət ailədə cəmiyyət üçün arzu olunan sayda uşaq olmasına təsir etməkdən ötrü uşaqların saxlanılması xərclərinin bir hissəsini öz öhdəsinə götürür, uşaqların sayının ailənin maddi vəziyyətinə təsirini azaldır, habelə əhalinin sağlamlığının möhkəmləndirilməsinə və ömür müddətinin artmasına, əhalinin miqrasiyasına və ya müəyyən ərazidə qalıb işləməsinə şərait yaradır.

Demoqrafiya siyasətində müxtəlif qanunvericilik aktlarında öz ifadəsini tapan inzibati-hüquqi tədbirlər də mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlərə doğumun qarşısının alınması üçün müəyyən vasitələrdən istifadə olunmasının təbliğinin , habelə bu vasitələrin istehsalı və satışının qadağan olunması, məhdudlaşdırılması və ya əksinə yol verilməsi, doğumu stimullaşdırılması və ya qadağan olunması, higaha daxil olma yaşı, ailədə üşağın müəyyən sayına görə ataya hərbi xidmətdən çağırışda müxtəlif güzəştlər, çoxuşaqlı ailələrə mənzil alınmasında güzəştlər və s. haqqında qanunvericilik aktlarını göstərmək olar.Bu tədbirlərə həmçinin nigah və boşanma, ailə dağılarkən ananın və uşağın əmlak hüququ, tək analara münasibət, uşaqlı qadınların işə qəbulu və işdən çıxarılması, əmək fəaliyyəti və s. məsələlər üzrə aktlar da daxildir.Həmçinin ölkəyə və ya müəyyən əraziyə daimi yaşamaq üçün gəlməni tənzimləyən hüquqi aktlar da demoqrafiya siyasəti tədbiri hesab olunur.

Təbliğat xarakterli tədbirlər dedikdə bütün informasiya vasitələri ilə ailədə uşaqların arzuolunan sayı haqqında, ailənin möhkəmliyinin zəruriliyi haqqında, sağlamlığın möhkəmləndirilməsi, əhalinin müəyyən bir əraziyə yer dəyişməsi haqqında ictimai rəy yaradılması nəzərdə tutulur.

Müstəqillik yoluna qədəm qoyan Azərbaycan Respublikası hələlik öz müstəqil demoqrafik siyasətini işləyib hazırlamaq imkanına malik olmamışdır. Yəqin ki, ən ümumi şəkildə güman etmək olar ki, bu siyasət mövcud olan resursları, iqtisadi potensialı nəzərə almaqla əhalinin optimal təkrar istehsalının təmin olunmasına yönələcəkdir.

Ölümlə əlaqədar yeridilən siyasət onun azaldılmasına, xüsusi ilə aşağı və orta yaşda ölüm hallarının azaldılmasına yönəldilir.Bu sahədə əhalinin həyat və iş şəraitinin yaxşılaşdırılması və səhiyyənin inkişafı üzrə tədbirlər mühüm əhəmiyyət kəsb edir.

Əhalinin miqrasiyası sahəsində siyasət iri şəhərlərə əhali axınını məhdudlaşdırmaq, dağ rayonlarında, əvvəllər tərk olunmuş yaşayış məntəqələrində əhalinin məskunlaşmasını yaxşılaşdırmaq, qaçqınları işğaldan azad olmuş bölgələrə geri qaytarmaq, xarici ölkələrə iş qüvvəsi miqrasiyasını tənzimləmək istiqaməti də həyata keçirilməlidir.

Demoqrafik siyasətin son məqsədi ölkənin iqtisadi və sosial tərəqqisini təmin edən kəmiyyətdə və keyfiyyətdə əmək resursların formalaşdırılmasıdır.Əmək resursları cəmiyyətin mövcudluğunun və inkişafının əsası olan istehsalın başlıca və ən fəal amilidir.Hər bir ölkənin əmək potensialı əmək qabiliyyətli yaşda əhalinin sayı, onun təhsil səviyyəsi və peşə-ixtisas tərkibi ilə müəyyən olunur.
Əmək potensialı dedikdə-hər bir ölkənin malik olduğu mövcud və ehtiyyatda olan canlı insan resurslarının məcmusu başa düşülür.Onun həcmi komplek kəmiyyət (Əmək qabiliyyətli yaşında olan əmək qabiliyyətli əhalinin və əmək ehtiyyatlarının sayı, onların yaş, cins tərkibi, istehlak dəyərləri yaratmaq qabiliyyətlərinə malik olduğu illər ərzindəki adam-illərin sayı yəni vaxt fondunun miqdarı) və keyfiyyət (əhalinin məşğulluq, təhsil və paşə-ixtisas səviyyəsi, işçilərin əmək fəaliyyətindəki iştirakı ilə bağlı olan şəxsiyyət xarakteristikası və s.) göstəriciləri ilə müəyyən edilir.Başqa sözlə desək, əmək potensialının daşıyıcıları və cəmiyyətin başlıca məhsuldar qüvvələrini təşkil edən əmək ehtiyyatlarına ölkə əhalisinin hamısı deyil, konkret tarixi şəraitdə bir sıra sosial-iqtisadi, demoqrafik, bioloji, siyasi və s. amillərdən asılı olaraq onların yanlız müəyyən yaşa çatmış fiziki və zehini qabiliyyət-lərinin məcmusuna, yəni müəyyən fiziki inkişafına, sağlamlığa, təhsilə, bacarığa, mənəvi keyfiyyətlərə, ixtisasa, peşə hazırlığı və mədəniyyət səviyyəsinə malik olan hissəsi daxil edilir. Bu isə o deməkdir ki, konkret tarixi inkişaf mərhələsində hansı ölkədə ictimai istehsal prosesinin əsasını və subyüktini təşkil edən əhalini fiziki və zehni cəhətdən inkişaf etmiş hissəsi çoxdursa həmin ölkə daha çox əmək potensialına malikdir.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2001-ci ilin əvvəllərində Respublikamıxda yaşamış 8081.0 min nəfər əhalinin 4688.0 min nəfərini və ya 58.0% -ni əmək ehtiyyatları, 4768.3 min nəfərini və ya 59.5%-ni əmək qabiliyyətli yaşda olanlar, əmək qabiliyyətli yaşda olanların isə 4530.8 min nəfərini və ya 95.0%-ni əmək qabiliyyəti olan adamlar təşkil etmişlər.Bu rəqəmlərdən görünür ki, hazırda Respublikamızın başqa resursları ilə yanaşı həm də çox böyük əmək ehtiyyatları potensialına malikdir.Nəzərə alsaq ki, ölkəmizin iqtisadi qüdrətinin artırılması, ərazi bütövlüyünün təmin edilməsi, milli dövlətçilik mənafeyinin qorunması və inkişaf etdirilməsi ilk növbədə onun malik olduğu başlıca məhsuldar qüvvələrindən- insan potensi-alından nə dərəcədə düzgün və səmərəli istifadə olunmasından asılıdır, onda respublikmızda mövcud olan əmək qabiliyyətli əhalinin indi və gələcəkdə tam və səmərəli məşğulluğunun təmin edilməsi yollarının tədqiq edilib öyrənilməsini nə kimi böyük təcrübi və dövlət əhəmiyyətli məsələ olduğunu sübut etməyə ehtiyac qalmır.

Məlum olduğu kimi, son dövrlərədək keçmiş SSRİ-də o cümlədən onun tərkibindəki müttəfiq respublikaların sosial-iqtosadi ədəbiyyat-larında və dövlət sənədlərində belə bir yanlış fikir hökm sürmüdü ki, guya 30-cu illərdən etibarən burada işsizlik böyuk bəla kimi ləğv olunmuş və məşğulluq problemi birdəfəlik həll edilmiş, “iş qüvvəsi əmtəəsi”, “iş qüvvəsi bazarı”, “işsizlik” anlayışları isə yalnız kapitalizm cəmiyyətinə xas olan anlayışlar olduğundan bizim yaşadığımız “sosializm” deyilən cəmiyyətlə onun heç bir əlaqəsi yoxdur və ona yaddır.İqtisadi ədəbiyyatlarda əhalinin səmərəli, tam, optimal və hamılıqla məşğulluğundan söhbət gedərkən, onların mahiyyət və məzmunu izah edilərkən isə əsas diqqət məşğulluğun əsl iqtisadi məzmununun açılmasına deyil, onun siyasi məzmununun izahına verilmiş və hər vasitə ilə sübut edilməyə cəhd göstərilmişdi ki, guya bizim ölkədə məşğulluq problemi birdəfəlik həll edilmiş və işsizlik mövcud deyildir.Eyni zamanda göstərilirdi ki, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi yalnız sosializm cəmiyyətində mümkündür və onun yeganə yolu əmək qabiliyyətlli əhalinin hamılıqla bilavasitə ictimailəşdirilmiş istehsal dairəsinə və istehsalatdan ayrılmaqla təhsilə cəlb edilməsi yolu ilə mümkündür.

Keçmiş ittifaqda, o cümlədən xüsusilə də Azərbaycanda məşğulluq və işsizliklə bağlı problemlər həmişə mövcud olmuş, 50-ci illərdə və 60-cı illərin əvvəllərində burada yaranmış demoqrafik vəziyyətin sosial-iqtisadi inkişafın planlaşdırılmasında lazımınca düzgün qiymətləndirilib nəzərə alınmaması nəticəsində 70-80-cı illərdə o daha kəskin xarakter almışdı.Belə ki, həmin dövrdə Azərbaycanda əmək ehtiyyatlarının artım sürəti burada yaradılan yeni iş yerlərinin sayını əhəmiyyətli dərəcədə ötüb keçirdi.Bu mütənasibsizlik Respublikanın şəxsi yardımçı və ev təsərrüfatında yüksək məşğulluğun yaranmasına səbəb olur və əmək ehtiyyatlarından səmərəli istifadə olunmasına imkan vermirdi .Təkcə bunu demək kifayətdir ki, 1960-1970-ci illəri əhatə edən 10 il ərzində Azərbaycanda şəxsi əmək dairəsində xeyli miqdarda əmək ehtiyyatları məşğul olduğu və əlavə olaraq onların sayı əhəmiyyətli dərəcədə artdığı halda, bu dövrdə ictimai istehsalatda məşğul olanların sayı cəmi 300 min nəfər arta bilmişdi.Bu isə o deməkdir ki, qeyd edilən dövrdə Respublika-mızın şəxsi əmək dairəsində məşğul olanların sayı nəinki azalmamış, əksinə daha da artmışdı.Bunun başlıca səbəbi həmin dövrdə ictimai istehsalın inkişaf sürətinin aşağı olması, onun sahə və ərazi quruluşunun qeyri-təkmil olması, habelə sənayenin və qeyri-istehsal sahələrinin lazımi dərəcədə inkişaf etməməsi idi.

70-ci illərdə və 80-cı illərin birinci yarısında Azərbaycan mövcud olan əmək ehtiyyatlarının ümumi sayının artım sürətinin 1960-1970-ci illərdə olduğundan 2.7 dəfə, onların orta illik artımının isə 1.6 dəfə sürətlə çoxaldığını nəzərə alsaq, onda həmin illərdə əmək qabiliyyətli əhalinin ictimai əməyə cəlb olunması və onların əməyindən səmərəli istifadə edilməsinin nə qədər kəskin və mürəkkəb problem olduğunu sübut etməyə ehtiyac qalmır.Bu səbəbdən qeyd edilən dövrdə əmək ehtiyyatlarının səmərəli istifadə olunması, xalq təsərrüfatı sahələrinin ixtisaslı iş qüvvəsi ilə təmin edilməsi, ixtisaslı fəhlə və mütəxəssis kadrların hazırlanması və onların ixtisaslarının yüksəldilməsi sisteminin təkmilləşdirilməsi, habelə kadrların düzgün seçilib yerləşdirilməsi və tərbiyə edilməsinin yaxşılaşdırılması Azərbaycan Dövlətinin hazırlayıb həyata keçirtdiyi bütün təsərrüfatçılıq və siyasi tədbirlər içərisində mərkəzi yer tutmuş və xüsusi dövlət əhəmiyyətli bir məsələ kimi onun diqqətindən yayınmamışdı.

Təsadüfi deyildir ki, 80-ci illərin əvvəllərində H.Əliyev cənabları bu məsələnin əhəmiyyətini nəzərə alaraq böyük uzaqgörənliklə Azərbaycan KP-nın XXX qurultayına məruzəsində ilk dəfə olaraq dövlət səviyyəsin-də “Respublikanın demoqrafik inkişafı və əhalinin işlə təmin olunması üçün elmi surətdə əsaslandırılmış, uzunmüddətli konsepsiya” işlənib hazırlanması vəzifəsini irəli sürmüş və qeyd etmişdi ki, ölkəmizdə məhsuldar qüvvələrin yerləşdirilməsini daha da təkmilləşdirmək lazımdır.Söhbət Respublikada ictimai istehsalatda çalışmayan əmək qabiliyyətli əhalinin xüsusi çəkisinin yüksək olduğu, bu əhalinin çevik hissəsinin, xüsusən cavan oğlanların işləmək üçün əsasən Bakı şəhərinə getmək istədiyi ayrı-ayrı zonaların və rayonların iqtisadi inkişaf səviyyələrini planauyğun şəkildə bərabərləşdirməkdən gedir.Başqa çətinliklərlə yanaşı, bu, gələcəkdə əhalinin artması üçün demoqrafik çətinliklər yaradacaqdır.


Hazırda Azərbaycan Respublikasında əhalinin 53.9 %-ni əmək qabiliyyətli yaşda əhali təşkil edir.Ölkənin iqtisadiyyatında məşğul olanlar əsasən bu yaşda olan əhalidir.Əmək qabiliyyətli əhalinin iqtisadiyyatda məşğulluğu iş yerlərinin olması ilə yanaşı onların bu iş yerlərinin tələbinə müvafiq təhsilə, peşə və ixtisasa malik olmasından asılıdır.Bazar iqtisadiyyatına keçidlə əmək bazarında rəqabət mühiti yaranır və bu mühitdə məşğulluğun təmin edilməsində təhsil səviyyəsinin və peşə-ixtisas tərkibinin əhəmiyyəti daha da artır.

Respublikada 15 və yuxarı yaşda əhalinin hər 1000 nəfərindən 886 nəfərini ali və orta (tam və natamam) təhsili vardır və təhsil səviyyəsi ildən ilə artır.Belə ki, 1979-1996-cı illərdə 15 və yuxarı yaşda əhalinin hər 1000 nəfərinə düşən ali və orta (tam və natamam) təhsillilərin sayı 16 nəfər artmışdır.1995-ci ildə 15 və yuxarı yaşda əhalinin hər 1000 nəfərinə düşən tam ali təhsillilərin sayı 114 nəfər, natamam ali təhsillilərin sayı 18 nəfər, orta ixtisas təhsillilərin sayı 144 nəfər, ümumi orta təhsillilərin sayı 424 nəfər, natamam orta təhsillilərin sayı isə 186 nəfər olmuşdur.Ümumiyyətlə respublikada ali və orta təhsillilərin strukturunda tam ali təhsillilər 12.9 % , natamam ali təhsillilər 2.1 % , orta ixtisas təhsillilər 16.2 % , ümumi orta təhsillilər 47.9 % , natamam orta təhsillilər 21.0 % olmuşdur.1979-cu ildə bu rəqəmlər müvafiq olaraq 10 %, 3.1 %, 12.1%, 39.5%, 34.9 % təşkil etmişdir.Bu dövrdə tam ali, orta ixtisas, natamam ali və natamam orta təhsillilərin xüsusi çəkisi azalmışdır.

1995-c ildə respublikamızın ali məktəblərində 16.3 min mütəxəssis buraxılmışdır ki, bu da 1985-ci ildə olduğundan 15.2% azdır.

Ali təhsil məktəblərindən buraxılan mütəxəssislərin ixtisaslar üzrə tərkibinin təhlili göstərir ki, 1995-ci ildə onların 29.5 % -i sənaye və tikinti üzrə ali məktəblərdən, 6.3%-i kənd təsərrüfatı, 8.7%-i iqtisadiyyat və hüquq, 9.8%-i səhiyyə, bədən tərbiyəsi və idman, 41.6%-i maarif, 2.9%-i kinomatoqrafiya və incəsənət ali məktəblərindən buraxılmışdır. Bu rəqəmlər 1985-ci ildə müvafiq olaraq 33.3%, 6.9%, 9.3%, 8.8%, 38.2%, 2.5% təşkil etmişdir.Göründüyü kimi, sənaye və tikinti, iqtisadiyyat və hüquq, maarif üzrə ali məktəblərdən buraxılan mütəxəssislərin xüsusi çəkisi artmış, kənd təsərrüfatı, səhiyyə, bədən tərbiyəsi və idman, kinomatoqrafiya və incəsənət sahəsi ali təhsil məktəblərindən buraxılan mütəxəssislərin xüsusi çəkisi azalmışdır.Orta ixtisas təhsili müəssisələrin buraxdığı mütəxəssilərin sayı isə 1985-1995-ci illərdə 74.5% azalmışdır.Orta ixtisaslı mütəxəssislərin 29.0%-i sənaye və tikinti, 9.7%-i nəqliyyat və rabitə, 9.7%-i kənd təsərrüfatı, 9.7%-i iqtisadiyyat və hüquq, 12.9%-i kinomatoqrafiya və incəsənət üzrə orta ixtisas təhsili müəssisələrindən buraxılmışdır.

Planlı iqtisadiyyat şəraitində dövlət ayrı-ayrı xalq təsərrüfatı sahələrinin müxtəlif ixtisasda mütəxəssis kadrlara tələbatını nəzərə alaraq kadr hazırlığını planlaşdırırdı və hazırlanan kadrların təyinat üzrə bölüşdürülməsini və işə düzəldilməsini təmin edirdi.Bazar iqtisadiyyatına keçidlə əlaqədar bu sahədə bir səra problemlər ortaya çıxır.Əvvəla bazar iqtisadiyyatı müxtəlif peşə və ixtisaslara tələbatı dəyişir, yeni peşə və ixtisaslara tələbat yaradır, həmçinin mpvcud peşəyə və ixtisasa malik olanların yenidən hazırlanmasını zəruri edir.İkincisi, özəl təhsil müəssisələrinin sürətlə artması və onların demək olar ki, hamısında oxşar nüfuzlu az sayda ixtisaslar üzrə kadr hazırlanması gələcəkdə əmək bazarında rəqabəti kəskinləşdirəcək.Əhalinin də məhz bu ixtisaslara meylinin güclü olduğunu nəzərə alsaq gələcəkdə bəzi ixtisaslar üzrə kadr çatışmamazlığı da meydana çıxa bilər.Buna görə əmək bazarını,ayrı-ayrı ixtisasda iş qüvvəsinə tələb və təklifi öyrənməklə kadr hazırlığına lazımi istiqamətlər vermək vacibdir.

Deyilənlərdən aydın olur ki, respublikada demoqrafik proseslər, əhalinin təhsil, peşə-ixtisas tərkibi onların məşğulluğunun təmin edilməsi baxımından müəyyən problemlər doğurur və gələcəkdə də doğuracaqdır.

Əhalinin məşğulluğu onların yaşayış vasitələri ilə təmin olunması mənbəyi olmaqla sosial əmin-amanlığın mühüm şərtidir.Əmək qabiliyyətli əhalinin məşğuliyyət tapması, işsiz qalması cəmiyyətdə sosial gərginlik yaradır.Qeyd etmək lazımdır ki, hələ keçmiş SSRİ dövründə Azərbaycan əmək ehtiyyatlarının artımı yüksək olan respublikalardan biri olmuşdur.Burada əmək ehtiyyatlarının artımı iş yerlərinin artımını üstələmişdir.Bunu onda görmək olar ki, 1989-cu ildə əmək qabiliyyətli əhalinin iqtisadiyyatda məşğul olmayan hissəsi 21.9% təşkil etmişdir.Hazırda respublikada iqtisadi böhran, dövlət müəssisələrinin tamamilə və ya tam gücü ilə işləməməsi, inflyasiya ilə əlaqədar əmək haqqının dolanışıq xərclərini ödəməməsi nəticəsində əhalinin məşğulluğunun təmin olunması çətinləşir, əhalinin bir qismi öz məşğuliyyət növünü məcburi dəyişməklə əmək vərdişini və ixtisasını itirir.

Bununla yanaşı son illərdə Ermənistandan, Azəbaycanın Dağlıq Qarabağ zonasından və digər yeddi rayondan azərbaycanlı əhalinin öz yurdlarını məcburi tərk etməsi əhalinin məşğulluğunda yeni və həlli çətin problemlər doğurmuşdur.Bir tərəfdən bu əhali öz iş yerlərini itirmişdir, digər tərəfdən onların əksəriyyəti kənd təsərrüfatı işçiləri olsa da şəhər yerlərində məskunlaşmışdır və işlə təmin olunması çətindir.

1995-ci ildə əmək qabiliyyətli əhalinin iqtisadiyyatda məşğul olmayan hissəsinin xüsusi çəkisi 23.5% təşkil etmişdir.Qeyd etmək lazımdır ki. əmək qabiliyyətli əhalinin bir qismi müəssisələrdə işçi kimi siyahıda qalsa da əslində işləmirlər.1995-ci ildə Bakı şəhərinin 11 rayonunda və respublikanın digər 8 rayon və şəhərlərində məşğulluq üzrə aparılan xüsusi tədqiqatdan aydın olmuşdur ki, öyrənilən 945 müəssisədə işçi kimi göstərilənlərdən həqiqətdə 67.2% işçi olmuşdur. 32.8 % -i necə deyərlər inzibati məzuniyyətdə olmuşdur.

Hər bir ölkədə işsizlərin uçotu əmək birjalarında aparılır. Azərbaycanda işsizlərin qeydə alınması, omlara işsizlik müavinatı verilməsi, yenidən hazırlanması və işə düzəldilməsi ilə məşğulluq idarələri məşğul olur.

Azərbaycanda əmək üzrə qanunvericilik əsasən əmək bazarının tənzimlənməsi üzrə beynəlxalq praktikaya, həmçinin Beynəlxalq Əmək Təşkilatının əmək üzrə konvensiyalarına uyğundur.1991-ci ildə Azərbaycan hökuməti məşğulluğu və əmək bazarını tənzimləyən qanunvericilik aktlarının bütöv paketini qəbul etmişdir.Buna məşğulluq haqqında qanun, dövlət məşğulluq xidmətinin yaradılması haqqında, məşğulluq fondu yaradılması, ictimai işlərin təşkili haqqında qərarlar və s. daxildir.1995-ci ilin axırında ölkədə işə düzəltmə üzrə 84 yerli büro olmuşdur ki, bunlarda da 854 mütəxəssis işləmişdir.Sistemə əlavə olaraq fəhlə miqrasiyasının tənzimlənməsi üzrə xidmət, peşə yönümü və işçilərin peşə hazırlığı mərkəzi və məşğulluğun mərkəzi idarəsi daxildir. Bu sistemdə məşğul olanların bütün sayı 962 nəfər olmuşdur.Qanuna görə 100 min nəfər əhaliyə müvafiq xidmət göstərmək üçün 15 qulluqçu və beləliklə Azərbaycan üçün 1100 nəfərə yaxın qulluqçu lazımdır.Bu faktiki mövcud olan qulluqçuların sayından 138 nəfər azdır.Lakin bu sistemin hər bir qulluqçusu 1995-ci ilin axırına şərti olaraq 70 iş axtarana xidmət etmişdir.

Qeyd etmək lazımdır ki, məşğulluq xidməti bir sıra obyektiv və subyektiv səbəblər üzündən əhalinin məşğulluq problemlərinin həllinə təsirli köməklik göstərə bilmir.

1995-ci ilin dekabr ayının əvvəllərində respublikanın məşğulluq xidmətində iş axtaran 66.3 min nəfər qeydiyyata alınmış, onlardan 27.7 min nəfərinə işsiz statusu verilmişdir.İşsiz statusu verilənlərdən 3.2 min nəfəri müavinət almışdır.İşsizliyə görə müavinatın orta məbləği 6662 manat (1995-ci ilə müvafiq) olmuşdur ki, bu da respublika üzrə noyabr ayındakı orta aylıq nominal əmək haqqının 10.2% -ni təşkil etmişdir. Belə ki, 1995-ci ilin yanvar-noyabr ayları ərzində işə düzəlmək üçün respublikanın məşğulluq mərkəzlərinə müraciət edən 27.9 min nəfərdən yalnız 12.0 min nəfəri işlə təmin edilmişdir.

Respublikada əhalinin işlə təmin edilməsində yaranan problemləri, içsizliyin artmasının səbəbləri çoxdur.Onlardan əsaslarına aşağıdakıları aid etmək olar.

Respublikanın müstəqillik əldə etməsi ilə əlaqədar əvvəlki iqtisadi əlaqələrin pozulması və nəticədə əsas məşğulluq sahəsi olan dövlət müəssisələrinin fəaliyyətinin tamamilə və ya qismən dayandırılması əhalinin müəyyən qisminin məşğulluğunu itirməyə gətirib çıxarmışdır.

Respublikanın bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar əhalinin məşğulluğunda tələb və təklif başlıca rol oynayır.Əgər planlı iqtisadiyyatda dövlət əhalinin məşğulluğunu təmin edirdisə, bazar iqtisadiyyatında dövlət məşğulluğa kömək göstərə bilər.Və indiki keçid dövründə belə köməklik mexanizmi hələlik formalaşmamışdır.Digər tərəfdən bazar iqtisadiyyatında məşğulluğun təmin olunmasında mühüm əhəmiyyət kəsb dən sahibkarlıq fəaliyyəti və özüməşğulluq geniş miqyas almışdır.Bu vəziyyət də məşğulluğa mənfi təsir edir, işsizliyi artırır.

Ermənistanın respublikamıza qarşı apardığı müharibə, onunla əlaqədar Ermənistandan və Azərbaycanın işğal olunmuş zonalarından qaçqınlar və məcburi köçkünlər də əhalinin məşğulluğu problemini çətinləşdirmişdir.

Əhalinin bazar iqtisadiyyatında özünün iqtisadi fəallığını təmin etmək təcrübəsinin olmaması, öz işlərini hələlik bazar iqtisadiyyatı tələblərinə müvafiq qura bilməməsi də məşğulluğu çətinləşdirir.

Bunlarla yanaşı bir çox sahələrdə əmək haqqının çox aşağı olması onun, ən bəsit dolanışıq xərclərini ödəməyə kifayət etməməsi ayrı-ayrı adamları əvəzçilik üzrə bir neçə yerdə işləməyə sövq edir ki, bu da işsizliyin səviyyəsini yüksəldir.

Bütün bunlara baxmayaraq 1995-ci ildə respublikada işləyənlərin ümumi sayı 2837.3 min nəfər olmuşdur.

Respublikada əhalinin iqtisadiyyatın bölmələri üzrə məşğulluğunun öyrənilməsi göstərir ki, burada yenə də dövlət müəssisələri və təşkilatlarında məşğul olanların xüsusi çəkisi yüksəkdir.1995-ci ildə iqtisadiyyatda məşğul olanların 63.9 %-i dövlət bölməsinin müəssisə və təşkilatlarının, 13.6 %-i kooperativ bölməsinin, 13.2 %-i fərdi bölmənin, 0.2 %-i birgə müəssisələrin, 3.1 %-i xüsusi müəssisələrinin payına düşmüşdür.Qeyd etmək lazımdır ki, 1990-cı illə müqayisədə dövlət bölməsi müəssisə və təşkilatlarında məşğul olanların payı 8 %, kooperativlərdə məşğul olanların payını 0.6 % azaltmışdır.Əhalinin xeyli hissəsi kənd təsərrüfatı və meşə təsərrüfatında məşğul olurlar.Hətta onun payı 1995-ci ildə 1985-ci ilə nisbətən 1.9 bənd, 1990-cı ilə nisbətən 0.7% artmışdır.Əlbəttə, bu heç də kənd təsərrüfatında işçilərə tələbatın çox olmasından irəli gəlmir.Sadəcə olaraq onlar kənd yerlərində yaşayır və təsərrüfatların işçisi siyahısındadırlar.Bunu ondan görmək olar ki, 1994-cü ildə kənd təsərrüfatı məhsulları buraxılışı 1991-ci ildəkinin 56%-i qədər olmuşdur və 1995-ci ildə daha 5% azalmışdır. Buna baxmayaraq sovxoz və kolxozlarda məşğulluq 1991-ci ilə nisbətən 1995-ci ildə cəmi 15% azalmışdır.Deməli, digər məşğulluq sahələrinin olmaması kənd təsərrüfatında işçilərin ixtisar olunmasına imkan vermir.

Əhalinin məşğulluq strukturunun təhlili göstərir ki, 1985-1995-ci illərdə, kənd təsərrüfatı, səhiyyə, bədən tərbiyəsi və sosial təminat, təhsil, mədəniyyət və incəsənət, idarəetmə orqanları aparatı istisna olunmaqla qalan bütün sahələrdə məşğul olanların xüsusi çəkisi azalmışdır.

Azərbaycanda məşğulluq strukturunun araşdırılması göstərir ki, onun təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər görülməlidir.İlk növbədə mövcud əmək ehtiyyatlarının işlə təmin edilməsi vacib problemdir.Hələlik iqtisadiyyatda dövlət mülkiyyəti xeyli xüsusi çəkiyə malik olduğu üçün dövlətin iş yeri yaratmaq imkanlarından istifadə edilməlidir.Bununla yanaşı sahibkarlıq fəaliyyətinə, xüsusi ilə kiçik və orta sahibkarlığın fəaliyyətinə əlverişli şərait yaratmaqla əhalinin məşğulluğunu bu bölmə hesabına artırılması başlıca vəzifələrdən olmalıdır.

Ümumiyyətlə Azərbaycanda məşğulluq sahəsində siyasət aşağıdakı istiqamətlərdə həyata keçirilməlidir.

-Mülkiyyətin müxtəlif formaları əsasında çoxukladlı iqtisadiyyatın formalaşdırılması ilə əmək ehtiyyatlarının iqtisadiyyatın bölmələri üzrə yenidən bölüşdürülməsinə nail olmaq;

-Büdcə vəsaitinin və xüsusi kapitalın, əhalinin pul yığımlarının cəlb edilməsi yolu ilə iqtisadiyyatın strukturca yenidən qurulması üzrə irimiqyaslı dövlət proqramının həyata keçirilməsi və əmək ehtiyyatlarının sahələr üzrə yenidən bölüşdürülməsinə nail olunması;

-Maddi istehsalda, xüsusən kənd təsərrüfatında məşğul olanların xüsusi çəkisinin tədricən azaldılması;

-Xidmət sahələrində məşğul olanların xüsusi çəkisinin artırılması;

-Dövlət mülkiyyətinin özəlləşdirilməsi yolu ilə kiçik və orta sahibkarlığın inkişafına əlvarişli şərait yradılması və bu sferada məşğulluğun genişləndirilməsi;

-İşsizlik səviyyəsinin optimal normadan yuxarı qalxmasına yol verməmək üçün xüsusi sosial institutların-əmək birjası, məşğulluq xidməti və s. köməyi ilə iqtisadi və hüquqi vasitələrlə əmək bazarının, iş qüvvəsi tələbi və təklifinin tənzimlənməsi; Burada artıq iş qüvvəsinin azad olunması, əmək bazarında rəqabət mühitinin yaradılması, fəal iş axtaranların yenidən öyrədilməsi və operativ işə düzəldilməsi sisteminin yaradılması mühüm əhəmiyyət kəsb edir.

-Qaçqınların və məcburi köçkünlərin məşğulluğun təmin olunması. Məlumdur ki, uzun müddət işsiz vəziyyətində olan adam öz peşə vərdişini və işləmək adətini, əməyə marağını itirir.Qaçqınlar və köçkünlər üçün bu amil daha təsirli olmuşdur.Çünki onların əksəriyyəti kənd əhalisi olduğu halda şəhərlərdə yerləşdirilmişdir və onların yenidən kənd təsərrüfatı məşğuliyyətinə cəlb edilməsi çətinliklərlə bağlı olacaqdır.Buna görə işsizlərin psixoloji reabilitasiyası institutlarının yaradılması, müvəqqəti ictimai işlərin və məşğulluğun standart olmayan formalarının təşkili vacibdir.

-Aşağı rəqabət qabiliyyəti olan gənclərin, əlillərin, qadınların məşğulluğunun təmin edilməsi üzrə xüsusi tədbirlərin hazırlanıb həyata keçirilməsi;

-İş qüvvəsinin keyfiyyətinin yüksəldilməsi, məşğul olmayan əhalinin peşə-ixtisas hazırlığının artırılması və yenidən hazırlanması sisteminin təkmilləşdirilməsi;

-Əhalinin özü məşğulluğu üçün əlverişli şərait yaradılması və s.



Bütün bu istiqamətlərdə görülən tədbirlər Azərbaycanda əhalinin səmərəli məşğulluğuna nail olmağa imkan verəcəkdir.






Yüklə 87,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə