Azərbaycanda “elektron hökumət” geniş inkişaf perspektivlərinə malikdir



Yüklə 17,51 Kb.
tarix08.09.2018
ölçüsü17,51 Kb.
#67533

Azərbaycanda “elektron hökumət” geniş inkişaf perspektivlərinə malikdir

Azərbaycanda “elektron hökumət” geniş inkişaf
perspektivlərinə malikdir


Məlum olduğu kimi, yaşadığımız zaman kəsiyi bir sıra yeniliklərin tətbiqi ilə yanaşı, eyni zamanda, dövlət idarəçiliyində ciddi keyfiyyət və məzmun dəyişikliyi ilə səciyyələnən yeni modelin bərqərar olması dövrü kimi xarakterizə edilir. Söhbət internetin dövlət idarəçiliyinə də nüfuz edərək qısa müddətdə burada öz əhatə dairəsini genişləndirməsindən və artıq bəzi məqamlarda əvəzolunmaz vasitə kimi qəbul edilməsindən, yəni “elektron hökumət” idarəçiliyindən gedir. Elektron dövlət idarəçiliyi müəyyən mənada insanların ideal cəmiyyət haqqında təsəvvürlərinin gerçəkləşməsi kimi də qəbul edilə bilər.

Elektron hökumət” idarəçiliyi nədir?

Qeyd edək ki, “elektron hökumət” dövlət orqanlarının funksiyalarına aid müxtəlif xidmətləri vətəndaşlara və biznes qurumlarına innovativ texnologiyalar vasitəsilə interaktiv qaydada təqdim və təklif edir. Elektron dövlət idarəçiliyində məzmun saxlanılsa da, forma tam yenidir. 

Klassik dövlət idarəçiliyi formasını əvəzləyən “elektron hökumət” dövlət strukturları ilə vətəndaşlar (G2C), dövlət təşkilatları ilə özəl qurumlar (G2B) və dövlət təşkilatlarının özləri arasında (G2G) maneəsiz, zaman və məkan məhdudiyyəti olmadan operativ, şəffaf və ucuz şəkildə qarşılıqlı onlayn əlaqəni təmin edir.

Elektron hökumət”in tətbiqində dünya təcrübəsi

Aparılan müzakirələrə rəğmən, “e-hökumət”in tətbiqi istiqamətdə real, praktiki addımlar yalnız XX yüzilliyin sonlarında atılmağa başlanıldı. Rəqəmsal texnologiyanın sürətli inkişafı “elektron hökumət” haqqında təsəvvürləri də genişləndirdi. ABŞ-da, ayrı-ayrı Avropa ölkələrində dövlət strukturlarında kargüzarlıqda ilk mərhələdə kompüterlərdən, bunun ardınca isə internetdən istifadə edilməsi ortaya belə bir sual çıxartdı: Nə üçün virtual informasiya daşıyıcısı olan internet dövlət və cəmiyyət arasında bir səmərəli bağlantıya, körpüyə çevrilməsin? Beləliklə, XX yüzilliyin sonuna doğru artıq dünya dövlət idarəçiliyində inqilabi sayıla biləcək internet idarəçiliyinə qucaq açmaq ərəfəsində idi.

Dövlət-cəmiyyət münasibətlərində yeni mərhələ açan, böyük izafi xərclərə “yox” deyən internet üzərindən dövlət idarəçiliyinə keçidə “yeni dünya” ev sahibliyi etdi. İndiyədək dünyaya bir sıra ilklər töhfə verən ABŞ bu dəfə də “elektron hökumət” riskini qarşılamaqdan çəkinmədi. 1993-cü ildə Ağ Evin veb-saytının yaradılması ilə bu ölkədə və həm də bütün dünyada elektron dövlət idarəçiliyinə start verildi.

Böyük Britaniyada “e-hökumət” quruculuğuna 1998-ci ildən başlanılsa da, burada elektron dövlət idarəçiliyi yalnız üçüncü cəhddən sonra populyarlıq qazandı. Birləşmiş Krallıqda vətəndaşların və hüquqi şəxslərin rahatlığını təmin etmək üçün “e-hökumət” iki portal vasitəsilə təqdim olunur. Avropa Komissiyası isə 2000-ci ildə “e-Avropa” layihəsini reallaşdırmağa qərar verib. Avropa İttifaqına daxil olan ölkələrin “e-hökumət” quruculuğu fərqlidir. Belə ki, bu ölkələr milli “e-hökumət”lərin məzmununu və strukturunu həm də üstqurumun mənafeləri ilə uzlaşdırmalıdırlar.

Elektron hökumət” Azərbaycanda

Azərbaycanda “e-hökumət”in bünövrəsi xalqımızın Ümummilli lideri Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” ilə qoyulub. Ölkəmizdə “elektron hökumət” layihəsi “vahid pəncərə” prinsipi ilə “elektron hökumət” portalı vasitəsilə reallaşdırılır. Layihənin moderatoru rolunda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi çıxış edir. 

Azərbaycanda “elektron hökumət”in əsas prinsipi yüksək səviyyəli informasiya cəmiyyəti quruculuğuna, dövlət orqanlarının işinin səmərəliliyini artırmağa nail olmaqdan və vətəndaş məmnunluğunu təmin etməkdən ibarətdir. 

Dövlət idarəçiliyində yeni model olan “elektron hökumət”in uğur qazanması bir sıra şərtlərdən asılıdır. Bu şərtlər sırasında dövlətin siyasi iradəsi, informasiya cəmiyyəti quruculuğunda qazanılan uğurlar, informasiya-kommunikasiya texnologiyalarının inkişaf səviyyəsi və əlbəttə ki, cəmiyyətlərin hazırlığı mühüm rol oynayır. Hər üç şərtin yüksək səviyyədə təmin olunması Azərbaycanda “elektron hökumət”in böyük uğur qazanacağına təminat verir. Belə ki, Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövləti “elektron hökumət”in əhatə dairəsini genişləndirməsinə ardıcıl dəstək nümayiş etdir. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan) təsdiq edilməsi haqqında Sərəncam, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərman və digər normativ-hüquqi aktlar ölkəmizdə “elektron hökumət”in uğurlu fəaliyyəti üçün hüquqi baza yaradıb.

Bir sözlə, ölkəmiz son illərdə informasiya cəmiyyətinin formalaşması və informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində böyük uğurlara imza atıb. 2003-cü ildə Milli İKT Strategiyasının, sonrakı illərdə isə “Elektron Azərbaycan” Dövlət Proqramının qəbul olunması bu sahənin inkişafına təkan verib. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, müstəqillik illərində Azərbaycanda İKT-nin inkişafına 3 milyard ABŞ dollarından artıq vəsait yatırılıb. Nəticədə, son 10 ildə informasiya və rabitə sahəsinin inkişafı 8,2 dəfə artıb. 

“Elektron hökumət”in uğur qazanmasını şərtləndirən üçüncü amilə-cəmiyyətin dövlət idarəçiliyində yeni modeli qəbul etməsinə gəldikdə isə, burada da, necə deyərlər, “yaşıl işıq” yanır. Bu, ilk növbədə Azərbaycan cəmiyyətində intellektual səviyyənin kifayət qədər yüksək olması ilə bağlıdır. 

Elektron hökumət”in populyarlığı getdikcə artır

“Elektron hökumət” portalında təqdim olunan xidmətlərdən istifadə edənlərin sayının getdikcə artması ölkəmizdə bu layihənin əhatə dairəsinin genişlənməsinin təsdiqidir. Təsadüfi deyil ki, BMT-nin yaydığı hesabatda 2014-cü ildə “elektron hökumət”in inkişaf səviyyəsinə görə dünya ölkələrinin reytinq cədvəlində respublikamız 193 ölkə arasında 68-ci yerdə qərar tutub. O da əlamətdar haldır ki, sözügedən reytinq cədvəlində Azərbaycan Serbiya, Çin, Türkiyə, Bolqarıstan və digər ölkələri qabaqlayır. 

Ölkəmizdə 2013-cü ildə “elektron hökumət” portalına 262 min vətəndaş müraciət edib və 730 mindən çox elektron xidmət alınıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin yaydığı məlumata əsasən, 2012-ci ilin dekabrından cari ilin birinci yarısı da daxil olmaqla “elektron hökumət” portalında 2 157 077 daxilolma qeydə alınıb. Statistik hesabat aparılan dövrdə 852 585 nəfər 3 735 355 elektron xidmətə müraciət edib. Portala təkrar daxilolmaların artması da müsbət tendensiyadır. Bəhs olunan dövrdə portala müraciət edənlərin 39,6 faizini yeni istifadəçilər, 60,4 faizini isə təkrar müraciət edənlər təşkil edib. Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı isə 120 253-ə çatıb. Hazırda portal üzərindən vətəndaşlara 380-dən çox onlayn xidmətlər göstərilir. 

MHM-nin məlumatına əsasən, hazırda ölkəmizdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “elektron hökumət” portalına inteqrasiya olunan xidmətlərinə müraciət edənlərin sayı daha çoxdur. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi xidmətlərə də maraq kifayət qədər böyükdür. Ölkəmizdə, həmçinin, Dövlət Sosial Müdafiə Fondunun, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin və Prezident Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın xidmətləri də “Elektron hökumət” portalında daha çox üz tutulan xidmətlər sırasındadır.

Elektron imza nədir?

Həftənin 7 günü, günün 24 saatı ərzində evdən, qatardan, avtomobildən, bir sözlə, zaman və məkan məhdudiyyəti tanımadan hər yerdən öz biznesini idarə etmək? Fantaziya kimi görünsə də, bu artıq reallıqdır. Elektron imza “elektron hökumət” portalından bəhrələnmək üçün açar vasitələrdən biri olsa da, daha çox iş adamlarının işinə yarayır. Belə ki, iş adamları elektron imzadan istifadə edərək onlar üçün münasib vaxtda müvafiq dövlət qurumlarına vergi bəyannamələri göndərə, əmək müqavilələrini DSMF-da qeydiyyata saldıra, elektron hərraclara qatıla, bank hesabları açdıra və digər xidmətlərdən yararlana bilərlər. 

Elektron imza sahibkarların üstündən böyük bir yük götürüb, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Gəlin, ənənəvi mənzərəni göz önündə canlandıraq: Sahibkar qurduğu müəssisənin məsələlərini həll etmək üçün vaxtaşırı müvafiq dövlət qurumuna üz tutmalı olur. Vaxt itkisi bir yana qalsın, ayrı-ayrı dövlət qurumlarında bəzi məmurlar qapıdan içəri girən sahibkarı bir növ öz şikarı kimi qarşılayır. Belələri özlərinin “şirinlik” umacaqlarını təmin etmək üçün müxtəlif “cəza” vasitələri ilə sahibkarı “ram etməyə” çalışırlar. Elektron imza bu kimi “dədə-baba” qaydalarına “yox” deyir.

Elektron imza deyəndə həm də yada böyük söz ustadı C.Məmmədquluzadənin “Poçt qutusu” hekayəsi düşür. Fağır, bisavad Novruzəli poçt qutusuna inamsızlıq göstərir, saatlarla qutunun qarşısında keşik çəkərək bir tərəfdən ulağının ac qalmasının, digər tərəfdən isə, ağasının məktubunu əlbəəl çatdıra bilməməsinin narahatlığını yaşayır, axırda da başına iş gəlir...
Yox, elektron imzaya 100 faiz inam bəsləyə bilərsiniz. Burada hansısa “itməklikdən” və yaxud “səhv salmaqdan” söhbət belə gedə bilməz. Elektron imzalar da kağız üzərində çəkilən imzalar səviyyəsində etibarlıdır və onların identifikliyi barmaq izləri qədər təmin olunub. 
Elektron imzadan istifadə edənlərin sayının artması bu deyilənləri bir daha təsdiqləyir. Cari ilin sentyabr ayına olan statistikaya əsasən, dövlət qurumlarına 15310, fiziki şəxslərə 5493, hüquqi şəxlərə isə 3583 e-imza sertifikatı verilib. 

Azərbaycanda “elektron hökumət”i yeni inkişaf perspektivləri gözləyir

Ölkəmizdə “elektron hökumət”in inkişaf perspektivləri genişdir. Dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi ilə bağlı hazırlanan və 2013-2015-ci illəri əhatə edən Dövlət Proqramı bu sahədə yeni perspektivlər açır. Azərbaycan dövləti dünya təcrübəsi nəzərə alınmaqla “elektron hökumət”in daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərini davam etdirir. Nazirlər Kabinetinin 1 may 2014-cü il tarixli müvafiq qərarı ilə “elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı” təsdiq edilib. Bu qərar əsasında müvafiq dövlət qurumları müəyyən edilmiş xidmətlər üzrə servislər hazırlamalı və bu servislər portala inteqrasiya edilməlidir.

Prezident İlham Əliyev cari il sentyabrın 11-də “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” müvafiq Fərman imzalayıb. Fərman ölkəmizdə dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlər haqqında məlumatların vahid mənbədə toplanmasını və sistemləşdirilməsini, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılmasını və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsini, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasını nəzərdə tutur ki, bütün bu məsələlərin həlli ölkəmizdə “elektron hökumət”i yeni inkişaf mərhələsinə çıxaracaq

Mübariz ABDULLAYEV

Yazı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçirdiyi “Mənim Elektron Hökumətim” adlı müsabiqəyə təqdim olunur
Yüklə 17,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə