Azərbaycanda müASİr dövrdə muğam səNƏTİNİN İNKİŞafinda televiZİYA muğam müsabiQƏLƏRİNİn rolu



Yüklə 90,13 Kb.
Pdf görüntüsü
tarix08.12.2017
ölçüsü90,13 Kb.
#14833


Ceyran Mahmudova 

Sənətşünaslıq üzrə elmlər doktoru, dosent 

Ü.Hacıbəyli adına Bakı Musiqi 

Akademiyasının professoru, Azərbaycan 

e-mail: ceyran64@mail.ru 

 

AZƏRBAYCANDA MÜASİR DÖVRDƏ MUĞAM 



SƏNƏTİNİN İNKİŞAFINDA TELEVİZİYA 

MUĞAM MÜSABİQƏLƏRİNİN ROLU 

 

Açar sözlər: muğam, ənənə, televiziya, müsabiqə, xanəndə. 

 

XX əsrdən başlayaraq, televiziya insan həyatında getdikcə daha 



böyük rol oynayır. Televiziya məlumatlandırır, əyləndirir, maarif-

ləndirir. Məhz sonuncu funksiya müasir Azərbaycan cəmiyyəti üçün 

ən aktual və  vacib sahələrdən birini təşkil  edir. Elmi  konfrans  və 

toplantılarda mədəniyyət və incəsənətin rolu haqqında müxtəlif elmi 

və publisist məruzələrin sayı çox olsa da, şifahi ənənəli musiqinin 

əsrlər boyu məhz xalq tərəfindən yaşadılması sayəsində bugünədək 

gəlib çıxması şübhəsizdir. Hal-hazırda isə geniş dinləyici kütlələri 

ilə başlıca ünsiyyət vasitəsi kimi məhz televiziya çıxış edir. 

Dünya  miqyasında  müxtəlif səpkili  yarışmalar  mövcuddur. 

Klassik  musiqi,  pop,folk,  caz  musiqisi  və  s.  tipli  müsabiqələrin 

əksəriyyəti televiziya vasitəsilə  işıqlandırılır,  böyük  qismi  isə 

televiziya auditoriyasının birbaşa iştirakına hesablanmışdır. Çünki 

miqyasına  görə  televiziya  auditoriyası  ilə  heç  bir  başqa  toplantı 

rəqabət apara bilməz. 

Təqdirəlayiq haldır ki, XXI əsrdə Azərbaycanda bu baxımdan 

gözəl innovasiya tətbiq olunaraq, Televiziya Muğam müsabiqələri-

nin keçirilməsinə start verilmiş, illər ötdükcə, bu müsabiqə artıq mün-

təzəm keçirilən və gözlənilən hadisəyə çevrilmişdir. Heydər Əliyev 

Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi 

əsasında, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı və Azərbaycan 

Dövlət  Televiziyasının  təşkilatçılığı  ilə  2005-ci ildən  başlayaraq 

mütəmadi olaraq keçirilən televiziya muğam müsabiqələri Azərbay-

can  muğamının  təkcə  ölkəmizdə  deyil,  onun  hüdudlarından  çox 

uzaqlarda, bütün qitələrdə böyük maraq doğurmasına və təbliğinə 

206 

 



səbəb olmuşdur. Azərbaycan Televiziyasının elektron ünvanına xarici 

ölkələrdən daxil olan məktublar, telefon əlaqələri bunu sübut edir. 

Muğam  yarışmalarının  televiziya  vasitəsilə  nümayışı  bu 

qədim,əsrlər boyu yaşamış sənətin bugünün tələblərinə uyğun, daha 

baxımlı və cəlbedici formada təbliğ edilməsinə səbəb olur. Sözsüz 

ki,  bu  ənənənin  qorunaraq,  eyni  zamanda,  onu  müasir  formada 

təqdim etmək zərurəti meydana çıxır. Sadəcə olaraq muğam kon-

sertlərinin  keçirilməsi və  nümayişi  ilə  bu  cür  effekt  əldə  etmək, 

əlbəttə ki, mümkün olmazdı. Yarışma formatı hamıya yaxşı tanış və 

doğma  olan  muğam  janrının  inkişafına  yeni  impuls,  yeni  nəfəs 

gətirmək imkanı verir. 

Televiziya muğam yarışmalarının başlıca müsbət cəhətlərindən 

biri də  odur  ki,  onların  nümayişi  canlı  yayımda,  peşəkar  muğam 

ustadları və alimlərinin münsif kimi iştirakı ilə, heç bir kənar müda-

xilə olmadan, sms səslər toplanılmadan baş verir. Bu da yarışmanın 

obyektiv keçirilməsini şərtləndirən əsas amillərdəndir. 

Müsabiqə iştirakçıları öz çıxışlarında ya sərbəst seçilmiş qəzəl-

lərdən,  ya  da,  və  bu  əksər  hallarda  baş  verir,  təşkilat  komitəsinin 

seçdiyi  şairin  qəzəllərindən  istifadə  edir.  Füzuli,  Nəsimi,  Nəbati, 

Seyid Əzim Şirvani, Natəvan, Əliağa Vahid və bir çox digər ustad 

qəzəlxan şairlərin poeziyasına müraciət olunur. 

İştirakçıların  ifa  etdiyi  muğam  parçalarının  seçimi  və  hazır-

lanması haqda bir neçə söz demək istərdik. Hər turda fərqli muğam 

və  təsniflər  ifa  olunmalıdır  ki,  bu  da  yarışmada  yeknəsəglikdən 

uzaqlaşmağa imkan verir. Müsabiqə televiziya ilə bağlı olduğundan, 

hər turda eyni muğamın bir neçə ifaçı tərəfindən təqdim edilməsinə 

yol verilmir. 

Müsabiqədə  gənc  ifaçılar  yarışdıqlarından,  onların  çıxışlarına 

muğam  ustadları  –  müəllimləri tərəfindən nəzarət olunur. Ümu-

miyyətlə, Televiziya muğam müsabiqələrinə qeyri-peşəkarlar deyil, 

artıq  müəyyən səviyyədə  –  musiqi məktəblərində,  musiqi kol-

lecində,  Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət Universi-

tetində  və  ya  Milli  Konservatoriyada  muğam  ustadlarından  dərs 

almış gənc xanəndələr buraxılır. Muğam sənətinin əsrlər boyu məhz 

ustad-şagird ünsiyyəti vasitəsilə, şifahi şəkildə ötürülməsini nəzərə 

alaraq,  yarışmaya  bu  mərhələyədək  müəyyən  xüsusi  biliklərə 

yiyələnmiş hazırlıqlı şəxslər buraxılır. 

207 


 


Digər tərəfdən,  bu  müsabiqədə  iştirak  onlar  üçün  sənətlərini 

inkişaf  etdirmək  baxımından  gözəl  imkanlar  açır.  Artıq  yuxarıda 

göstərildiyi  kimi,  münsiflər heyətinə  bugünki  gün  muğam  sənəti 

sahəsində  ən  çox  biliyə,  nüfuza  malik  sənətkarlar,  sözün  əsl 

mənasında muğam biliciləri, uzun illər muğamın tədrisi və ifaçılığı 

sahəsində əzmlə çalışan şəxslər cəlb edilir. Onların arasında Əlibaba 

Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Səkinə İsmayılova, 

Mənsum  İbrahimov  və  başqa  tanınmış  muğam  bilicilərini qeyd 

etmək olar. 

Bu səbəbdən,  hər  turda  çıxış  gənc  xanəndələr  üçün  bir  növ 

imtahana çevrilir. Bununla yanaşı, ustad sənətkarların dəyərli məslə-

hətləri,  iradları  həm  iştirakçılar,  həm də  tamaşaçılar  üçün  böyük 

əhəmiyyət kəsb edir. Bəzən zalda əyləşən dinləyicilərin zövqü ilə 

münsiflərin qərarı  arasında  fərq  olsa  da,  əksər hallarda adi dinlə-

yicilərlə münsiflər yekdillik nümayiş etdirir və tamaşaçı alqışlarının 

məntiqi nəticəsi kimi ustadlar tərəfindən müsbət rəylər və yüksək 

qiymətlər verilir. 

Məlum  olduğu  kimi,  müğamda  şifahi  ənənə  əsasında  dildən-

dilə, müəllimin şagirdə şifahi tədrisi vacib amildir. Yarışmanın ilk 

günü iştirakçılar müəllimlərinin adlarını bildirir, münsiflər heyəti də, 

öz növbəsində, ən yaxşı çıxışlara qiymət verərkən, xanəndəni öyrə-

dən  müəllimi  alqışlayır.  Bu  da  muğam  ənənəsində  mövcud olan 

müəllim və sagird arasında sıx əlaqələrin müasir dövrdə də möv-

cudluğunu və davam etdiyini bir daha təsdiq edir. 

Hər həftə  yarışmanın  bir  turu  baş  tutur,  iştirakçılar  iki  qrupa 

bölünür,  buna  uyğun  olaraq  tur  iki  gün  keçirilir.  Bu  da,  yenə  də, 

televiziya yayımının xüsusiyyətlərindən irəli gəlir. Tədqiqat göstərir 

ki, hər yarışma axşamında təxminən 2,5–3 saatlıq canlı yayım tama-

şaçılara təqdim edilir ki, bunun da təxmnən 2/3-ni bilavasitə muğam 

ifası təşkil edir. 

Televiziya muğam müsabiqələrinin artıq illər boyu formalaşmış 

qaydaları mövcuddur. Bütün ölkə ərazisində keçirilən ilkin dinləmə-

lərdən seçilmiş iştirakçılar ilk yarışma turlarında ardıcıl olaraq xalq 

mahnıları  və  təsniflər təqdim  edir.  Bu  zaman  onların  tərkibində 

muğam parçaları da oxunur. Bu, muğam ifaçılıq praktikasında for-

malaşmış və aprobasiyadan keçmiş formasıdır. Daha sonrakı mər-

hələdə  ifaçılar  müxtəlif zərbi-muğamlar  ifa  edir.  Zərbi-muğamlar 

208 


 


tam  şəkildə,ixtisarsız  oxunur.  Müsabiqənin bir turu məhz zərbi-

muğamların  ifasına  həsr olunur. Bu turda “Qarabağ  şikəstəsi”, 

“Mənsuriyyə”, “Kəsmə şikəstə”, “Heyratı”, “Ovşarı”, “Arazbarı” və 

digər zərbi muğamlar səsləndirilir. 

Lakin müsabiqənin adından da bəlli olduğu kimi, burada əsas 

meyar kimi məhz muğamın düzgün ifa olunması əsas götürülür. Bu 

baxımdan hətta xalq mahnıları və ya təsniflə birgə oxunan zaman da 

məhz  muğam  parçaları  əsas  müsabiqə  predmeti kimi nəzərdən 

keçirilir. 

Yarışmada muğamın ifası bir sıra spesifik xüsusiyyətlərə malik-

dir. Belə  ki, televiziya  yayımının  məhdud  formatı,  habelə  iştirak-

çıların sayı (ilk mərhələdə 20 iştirakçı çıxış edir, hər seçim turunda 

onların sayı azalır) muğamları dəstgah formasında bütöv şəkildə icra 

etməyə imkan vermir. Bu səbəbdən turlarda muğam dəstgahının bir 

neçə şöbəsi və təsnifin (təsniflərin) səslənməsi standart ifa norması 

kimi qəbul  olunur.  O  cümlədən  müsabiqə  turlarında  kiçik  həcmli 

muğamların  icrasına da rast gəlmək  olar.  Onların  ifası  ilə  bağlı 

detallar aşağıda nəzərdən keçiriləcək. 

Tərəfimizdən  müxtəlif illərdə  keçirilmiş  bir  çox  yarışma 

günlərinin təhlili aparılmışdır. Araşdırma göstərir ki, adətən müsa-

biqə iştirakçılarının çıxışları 12–17 dəqiqə arasında olur. Belə çıxış 

gənc iştirakçılara öz bacarıqlarını kifayət qədər nümayiş etdirmək 

imkanı verir. İndi də müsabiqədə ifa olunan muğamlar üzərində daha 

ətraflı dayanaq. 

Muğam şöbələrinin səslənməsinin özündə də müsabiqə şərtləri 

ilə bağlı bəzi nüanslar nəzərə çarpır. Məlumdur ki, muğam dəstgah-

ları  dəraməd,  bərdaşt,  mayə,  digər  muğam  şöbələrinin təsnif və 

rənglərlə  ardıcıllaşması  nəticəsində  yaranan  kompozisiyalardır. 

Televiziya  muğam  müsabiqəsində  dəstgah  yuxarıda  göstərilən 

səbəblər  üzündən  bütövlükdə  səsləndirilmədiyinə  görə,  bir  neçə 

muğam şöbəsinin təsnif və rənglərlə birgə ifası praktikası tətbiq olu-

nur. Dinləyicilərdə yanlış təsəvvür yaratmamaq üçün, əksər hallarda 

hər hansı müəyyən təsnif və şöbələrin ifası elan edilir, yəni, dəstgah 

haqqında burada heç bir halda söz getmir. 

Dəstgahların böyük həcmli şöbələri – məsələn “Mayə”, “Şur-

Şahnaz”,  “Bayatı-İsfahan”,  “Manəndi-Müxalif”  kimi  şöbələr  tam, 

dəstgahda olduğu həcmdə oxunarsa, onlardan sonra gələn şöbələrin 

209 


 


sayı az olmalıdır və ya bu mərkəzi şöbələr qısaldılmış formada ifa 

olunmalıdır. Bəzi hallarda, şöbələr geniş şəkildə təqdim edildikdə, 

onların sayı az da ola bilər – məsələn, təsnif – “Manəndi-Müxalif” – 

“Segah”. 

Qəbul olunmuş sistemə əsasən ifa, bir qayda olaraq, bəm – orta 

– bəm və ya orta – zil – orta registrlərin əhatə olunması ilə qurul-

malıdır. 

İfa olunan mugham şöbələri müxtəlif kombinasiyalarda təqdim 

olunur – məsələn, “Mayə” və ondan sonra bir-iki şöbə icra olunur, 

daha sonra mayəyə ayaq edilir və ifa tamamlanır. Şöbələr arasında 

təsnif oxunur, diringi və ya rəng çalınır. 

İstisna hal kimi yarışmada muğam dəstgahının, demək olar ki, 

bütövlükdə  səsləndirilməsinə  rast gəlinir. Məsələn,  2011-ci ildə 

keçirilən  müsabiqədə,  01.03.2011-ci  il  tarixində  baş  tutmuş  turda 

iştirakçı  Alış  Həmzəyev tərəfindən  “Humayun”  aşağıdakı  şəkildə 

interpretasiya olunmuşdu: 

“Mayəyi-Humayun” – təsnif – “Möləvi” – “Şüştər” – təsnif – 

“Tərkib” – “Bidad” – “Kiçik məsnəvi”. 

Professor R.Zöhrabovun “Azərbaycan  muğamları”  kitabında 

göstərildiyinə  istinadən demək  olar  ki,  A.Həmzəyev tərəfindən, 

demək  olar  ki,  “Humayun”un  bütün əsas  şöbələri ifa  olunmuşdur 

[Zöhrabov: 232–234].Yeganə fərq “Feli” şöbəsi əvəzində “Möləvi”-

nin səsləndirilməsidir.  “Humayun”  muğam  dəstgahında  şöbələrin 

sayı çox olmadığına görə,onun ifasını məhdud zaman çərçivəsində 

həyata keçirmək mümkün olmuşdur (“Humayun” xanəndə tərəfin-

dən 17 dəqiqə ərzində oxunmuşdur). 

Ümumiyyətlə, “Humayun” Azərbaycan muğam dəstgahları ara-

sında nisbətən daha qısa həcmə malik olduğundan, müsabiqədə ona 

müraciət edən xanəndələrin sayı daha çox olur. Məsələn, həmin il 

keçirilən müsabiqədə “Humayun” Səbinə Ərəbli, Zeynəb Quliyeva 

tərəfindən də oxunmuşdur: 

Səbinə Ərəbli: “Mayəyi-Humayun” – təsnif – “Tərkib” – “Bidad” 

– təsnif – ayaq. 

Zeynəb Quliyeva: “Mövləvi” – “Şüştər” – “Tərkib” – “Bidad” 

– təsnif. 

Lakin, göstərilmiş şöbələrə nəzər saldıqda, onların sayının daha 

az  olması,  dəstgahın  yalnız  bir  neçə  şöbəsinin təqdim edildiyini 

210 


 


görmək olar. Eyni muğam dəstgahının yuxarıda göstərilmiş hissə-

lərinin ifası müxtəlif yarışma günlərinə təsadüf etmişdir. 

Müsabiqədə muğamların digər ifa variantında çıxış “mayə”dən 

başlamır,  sıralanmaya  əsasən ondan sonra səslənən  şöbə  oxunur. 

Buna nümunə olaraq Məmməd Nəcəfovun oxuduğu “Bayatı-Şiraz”ı 

göstərmək olar  –  əvvəl  “Bayatı-Şiraz”  muğamının  “Nişibi-fəraz” 

şöbəsi oxunur, sonra “Mayə”. Ardıcıllıq belə davam edir: 

Təsnif, “Bayatı-isfahan”, rəng, “Zil-Bayatı-Şiraz”, rəng, “Xavə-

ran” və Bayatı-Şiraza ayaq. 

Beləliklə görürük ki, “Bayatı-Şiraz” muğamının heç də bütün 

şöbələri burada səslənmir,  məsələn,  “Üzzal”,  “Dilrüba”  kənarda 

qalır.  Onlar  ifa  olunmamasının  səbəbləri,  zənnimizcə,  yuxarıda 

göstərilən zaman məhdudiyyəti ilə bağlıdır. 

Digər  yarışma  iştirakçısı  –  Səbinə  Ərəbli  “Mirzə-Hüseyn 

Segahı”nı belə ifa etmişdir: 

“Manəndi-Müxalif”  –  “Mayə”  –  təsnif  –  “Segah”  –  rəng  – 

“Segah” – “Mübərriqə” – ayaq. 

Bu halda da görürük ki, dəstgahın ilk böyük şöbəsi olan “Mayə” 

ənənəvi olaraq əvvəldə deyil, ikinci pozisiyada səsləndirilir. Bu cür 

ifa, əsasən bəm – orta – bəm prinsipi ilə yanaşma üçün səciyyəvidir, 

çünki,  artıq  qeyd  olunduğu  kimi,  bu  yarışma  çərçivəsində  bütün 

şöbələrin əhatə olunması qeyri-mümkündür. 

Məlumdur  ki,  dəstgahlarda  “Bərdaşt”  mühüm  rol  oynayır, 

“Mayə”nin səsləndirilməsini  bir  növ  hazırlayır.  Lakin  vaxt  məh-

dudiyyəti və çıxış zamanı mümkün qədər çox muğam şöbəsini ifa 

edərək səs imkanlarını nümayiş etdirmək arzusunu rəhbər tutaraq

iştirakçılar, təəssüf ki, “Bərdaşt” bölmələrini nadir hallarda öz çıxış-

larına daxil edir. “Bərdaşt”ı öz ifasında səsləndirən xanəndələrdən 

biri Elsevər  Muradov  olmuşdur  ki,  o  “Zabul”  muğamının  ifasını 

məhz “Bərdaşt”dan başlamışdır: 

“Bərdaşt”  –  “Zabul-Segah”  –  “Mayə”  –  təsnif  –  “Manındi-

maxalif” – “Segah”. 

Məmməd Nəcəfov da təqdim etdiyi “Rast” dəstgahının bir neçə 

şöbəsinin ifasını “Bərdaşt”la başlayır: 

“Bərdaşt” – “Mayə” – “Üşşaq” – “Hüseyni” – təsnif – “Şikəstei-

fars” – təsnif – “Əraq”. 

Belə təqdimat, sözsüz ki, muğamın qavranılmasını daha dolğun 

edir. 


211 

 



Digər ifa variantlarında “Mayə” şöbəsinin səsləndirilməsi, ümu-

miyyətlə nəzərdə tutulmur. Burada xanəndələr öz çıxışlarına dəst-

gahın digər vacib şöbələrindən başlayır. Bu halda səslənmədə orta – 

zil  –  orta prinsipinə  riayət  olunur.  Buna  nümunə  olaraq bir neçə 

uğurlu çıxışı göstərmək olar: 

Mirələm Mirələmov  “Orta Mahur”:  “Hüseyni”  –  “Mahur”  – 

rəng – “Üşşaq” – “Hüseyni” – rəng – “Vilayəti” – təsnif. 

Məmməd Nəcəfov  “Şur”: Təsnif  –  “Şur-Şahnaz”  –  “Bayatı-

türk”  –  rəng  –  “Bayatı-türk”(davamı)  –  “Şikəstei-fars”  –  rəng  – 

təsnif – “Şur”a ayaq. 

Nigar Şabanova “BayatıŞiraz”: “Bayatı-İsfahan” – təsnif – “Zil-

Bayatı-Şiraz” – “Xavəran” – rəng – “Üzzal” – “Dilrüba” – ayaq. 

Sonuncu  ifa  haqqında  bir  neçə  söz demək istərdik. Burada 

“Bayatı-Şiraz” dəstgahının orta və zil şöbələri ifa olunmuşdur. Belə 

ardıcıllığın  təqdim  olunmasında  məqsəd  xanəndənin zil registrdə 

səsinə  hakim  olmaq  bacarığını  nümayiş  etdirməkdən ibarətdir. 

Adətən,  geniş  səs  diapazonuna  malik  xanəndələr belə  çıxışlara 

üstünlük  verir. Zil registrdə  mükəmməl ifa etmək  münsiflər tərə-

findən yüksək qiymətləndirilir və xanəndənin peşəkarlığından xəbər 

verir. 


Kiçik  həcmli  muğamların  interpretasiyası  üzərində  də  dayan-

maq istərdik. Adətən özündə 3–5 şöbəni cəmləşdirən kiçik həcmli 

muğamlar müsabiqədə ifaçılıq praktikasında olduğu şəkildə, və ya 

kiçik  ixtisarlarla  səsləndirilir. Məsələn,  “Qatar”  muğamı  iştirakçı 

Nigar Rəhimova tərəfindən  ixtisarlar  olmadan,  aşağıdakı  şəkildə 

oxunmuşdur: 

“Qatar” – rəng – “Üşşaq” – təsnif – “Zil Qatar”. 

“Şahnaz” muğamına müxtəlif illərdə keçirilmiş müsabiqələrdə 

tez-tez müraciət olunub. İki gənc xanəndə – Kamilə Nəbiyeva və 

Ariz  Hüseynovun  ifa  etdiyi  “Şahnaz”  muğamlarını  təqdim edirik. 

Onlar eyni şöbələrdən ibarətdir : 

“Şahnaz” – rəng – “Dilkəş” – “Kürdü” – təsnif – “Şəddi-Şahnaz”. 

Yarışmada həmçinin “Rahab” və “Dəşti” kiçik həcmli muğam-

larının ifasına da tez-tez təsadüf olunur. 

Yuxarıda göstərilən nümunələrdən aydın olur ki, müsabiqədəki 

əksər  çıxışlarda,  orta  hesabla  təxminən 4–6  şöbə  səsləndirilir  ki, 

onların  arasında  təsnif və  rənglər  çalınıb-oxunur.  Qeyd  etmək 

212 


 


lazımdır ki, ilk turlarda iştirakçıların sayı çox olduğuna görə, onların 

çıxışı 10 dəqiqə ilə məhdudlaşdırılır. Buna uyğun olaraq, cəmi iki, 

maksimum  üç  şöbə  və  təsnif  oxumaq  mümkün  olur.  Yuxarıda 

göstərilən  ifaların  əksəriyyəti isə  müsabiqənin  sonrakı,  daha  çox 

səkkizinci turdan başlayan çıxışlarına aiddir, çünki məhz o turlarda 

xanəndələr  vaxt  baxımından  daha  geniş  həcmli  ifalar  nümayiş 

etdirmək şansı qazanır. 

Müsabiqənin müsbət cəhətlərindən biri kimi, gec-gec ifa olunan 

muğam  nümunələrinin yenidən həyata  qaytarılmasını  göstərmək 

olar. Belə ki, ikinci muğam müsabiqəsində televiziya yarışmalarında 

ilk dəfə  olaraq  xanəndə  Abgül  Mirzəliyev tərəfindən  “Şirvan 

şikəstəsi”  ifa  olundu.  Şikəstənin  bu  növü  vaxtilə  Aşıq  Şakirin 

repertuarına daxil olmuşdur, daha sonra onu məşhur xanəndə Alim 

Qasımov ifa etmişdir. Muğam müsabiqəsində geniş dinləyici kütlə-

lərinə təqdim olunduqdan sonra “Şirvan şikəstəsi” yenidən ifaçıların 

repertuarına  daxil  olundu  və  üçüncü  müsabiqədə  artıq  xanəndə 

Mirələm Mirələmovun ifasında uğurla səsləndi. 

Müsabiqənin  muğam  ifaçılığı  sahəsinə  verdiyi töhvələr  şüb-

həsizdir.  Kiçik  zaman  kəsiyində  gənc  xanəndələr  muğamla  bağlı 

biliklərini,  səs  imkanlarını,  tələffüzü,  səhnə  davranışı  kimi  key-

fiyyətləri nümyiş etdirməlidir. Televiziya vasitəsilə müsabiqəni seyr 

edən geniş tamaşaçı kütləsi qarşısında ilk dəfə layiqli çıxış etmək 

iddiaçıdan böyük iradə və bacarıq tələb edir. Bununla bağlı olaraq 

bir mühüm cəhəti də vurğulamaq istərdik. Müsabiqə iştirakçılarını 

ənənəyə  uyğun  olaraq,  milli  musiqi  alətlərindən ibarət ansambl 

müşayiət edir. Son illərin müsabiqələrində bu şərəfli missiyanı tarda 

Sahib Paşazadə və kamançada Toğrul Əsədullayev həyata keçirir. 

Muğamın  ifasında sazəndə  dəstəsinin  rolu  böyük  və  danılmazdır. 

Yuxarıda  adları  çəkilən  musiqiçilər,  habelə  ansambla  daxil  olan 

digər milli musiqi alətlərində – ud, balaban, qanun və nağarada ifa 

edən  musiqiçilər  müsabiqə  turlarına  hazırlıq  prosesində  hər bir 

iştirakçı  ilə  saatlarla məşq  edir,  istedad  və  bacarıqları  sayəsində 

onların  yarışma  günüdə  səhnədə  müvəffəq  çıxışlarının  uğurunu 

təmin edir. 

Təsadüfi deyil ki, münsiflər öz nitqlərində çox zaman ansamblın 

üzvlərinə, xüsusilə onun rəhbəri, tarzən Sahib Paşazadəyə müraciət 

edərək, ayrı-ayrı iştirakçıların ifası ilə bağlı öz fikirlərini bildirir. Bu 

213 


 


da  muğam  ənənəsində  xanəndə  ilə  yanaşı,  onu  müşayiət edən 

sazəndə qrupunun da böyük rolunun bir daha ön plana çəkilməsini 

göstərir. 

Əlbəttə, müsabiqədə iştirak edən gənclərin interpretasiyası artıq 

püxtələşmiş xanəndələrdən fərqlənir. Bu ilk növbədə muğamın ifa 

üsulları, şöbədən-şöbəyə keçid, zəngulələrin yerinə yetirilməsi, səsi 

zil registrdə tənzimləmək bacarığı və s. kimi keyfiyyətlərlə bağlıdır. 

Bunlar münsiflər heyəti tərəfindən hər çıxışdan sonra ən çox qeyd 

olunan iradlardandır. Sözü gedən qüsurları öz ifalarında bir həftəyə 

düzəldə  bilən  xanəndələr  sonrakı  turlarda  iştirak  etmək  haqqı 

qazanır və nəticə etibarilə qalib olur. 

Münsiflər heyəti hər bir iştirakçının çıxışını diqqətlə izləyərək, 

onlara sonda öz irad və təkliflərini bildirir. Bu fikirləri bir neçə əsas 

istiqaməti əhatə edir. İlk növbədə burada repertuar seçimi önəmli 

cəhət  kimi  qeyd  edilir.  Münsiflər dəfələrlə  vurğulayır  ki,  hər bir 

xanəndə öz səs imkanlarından çıxış edərək repertuar seçməlidir. Səsi 

daha çox aşağı və orta registrlərdə yaxşı səslənən gənc xanəndələrin 

zil oxuma tələb olunan dəstgahlara, zərbi-muğamlara müraciət etməsi 

düzgün deyil, çünki bu oxuma əvəzinə daha çox qışqırma ilə nəticə-

lənə bilər. 

Digər iradlar zəngulələrlə bağlı olur. Yarışmada elə iştirakçılar 

olur  ki,  zəngülələrin  ifasına  çox  aludə  olur,  onlardan  yerli-yersiz 

istifadə edir. Bu da, əlbəttə, münsiflər tərəfindən haqlı narazılıqlara 

səbəb olur. 

Göstərilən  iradlar  arasında  xüsusilə  muğam  kadensiyaları  – 

“ayaqlar” haqqında bir neçə söz demək istərdik. Hər bir musiqi əsə-

rində onun sonluğu xüsusi əhəmiyyət kəsb edir. Muğam sənətində 

də  “ayaq”  adlandırılan  belə  kadensiyaların  rolu  çox  önəmlidir. 

Çünki,  muğama  yekun  vurmaqla  yanaşı,  ona  necə  yekun vurmaq 

məsələsi ön plana keçir. 

Muğam şifahi sənət olduğundan, onun öyrədilməsi prosesində 

hər  bir  muğamın  tamamlayıcı  mərhələsi  –  ayaqların  şagird  tərə-

findən düzgün mənimsənilməsi vacibdir. Heç də təsadüfi deyil ki, 

müsabiqə  turlarında  münsiflər heyətinin  iştirakçılara  tutduqları 

iradlardan ən başlıcası məhz ayaq,  yəni kadensiyalarla bağlı olur. 

Çünki  muğamı  hətta ən  yüksək səviyyədə  icra edən  xanəndə  onu 

layiqli  şəkildə  yekunlaşdırmasa,  mayə  –  tonika pərdəsinin tam 

214 


 


bərqərar  olmasını  çatdıra  bilməsə,  onun  ifası  müsbət  qarşılana 

bilməz. Bu muğamın ifası ilə bağlı başlıca tələblərdən biridir. 

Təbiidir  ki,  gənc  xanəndələrdən  heç  də  hamısı  bu  tələblərin 

öhdəsindən kifayət qədər  ustalıqla  gələ  bilmir.  Bu  baxımdan  da 

münsiflər heyətinin qeydləri, iradlarının ifadan sonra söylənilməsi, 

milyonlarla tamaşaçının gözü önündə keçirilən ustad dərsləri kimi 

dəyərləndirilir. 

Digər tərəfdən,  televiziyanın  imkanları  vasitəsilə  müsabiqədə 

uğurla çıxış etmiş gənclər bir anda tanınır, muğam bilicilərinin əsl 

sevimlisinə  çevrilir.  Bir  neçə  il öncə  bu  müsabiqədə  çıxış  edən 

10 yaşlı Elməddin İbrahimovu yada salmaq kifayətdir. 

Müsabiqənin yetirmələri olan gənc xanəndələr – Güllü Mura-

dova,  Ehtiram  Hüseynov,  Səbinə  Ərəbli,  Sərxan  Bünyadzadə  və 

başqaları  Azərbaycanda muğam  sənətinin  inkişafında  mühüm  rol 

oynayır, ölkəmizi bir çox beynəlxalq müsabiqə, festival və tədbir-

lərdə ləyaqətlə təmsil edir. Müsabiqələrin televiziya vasitəsilə bütün 

dünyaya  yayımlanması  Azərbaycanın  milli-mənəvi dəyərlərini bu 

gün də qoruyub saxlaması, qədim muğam sənətini yaşatdığını bir 

daha sübut edir. 

Televiziya  muğam  müsabiqələrinin  nümayişi  zamanı  qədim 

muğam ənənələrinin müsabiqə çərçivəsində nə dərəcədə qorunub-

saxlanılması ilə əlaqədar bəzi suallar yaranır. Çünki artıq yuxarıda 

da qeyd olunduğu kimi, müsabiqədə muğam sənətinin zirvəsi olan 

dəstgah tam çəkildə icra olunmur, onun ayrı-ayrı şöbələri təsnif və 

rənglərlə  birgə  təqdim  olunur.  Bununla  bağlı  fikrimizi  bildirmək 

istərdik. 

Zənnimizcə, muğam televiziya müsabiqələrinin keçirilməsi ilə 

bağlı  qarşıya  qoyulan  məqsəd ilk növbədə  gənc  ifaçıların  üzə 

çıxarılması və muğam sənətinin təbliği ilə bağlıdır. Hər iki məqsədə 

tam  şəkildə  nail  olunmuşdur.  Ötən illər  ərzində  Heydər  Əliyev 

Fondunun ardıcıl və düşünülmüş şəkildə keçirilən layihələri sayə-

sində Azərbaycanda və onun hüdudlarından kənarda muğam sənə-

tinə olan maraq durmadan artır. 

Televiziya muğam müsabiqələri də bu strategiyanın bir parçası 

kimi  öz  missiyasını  müvəffəqiyyətlə  yerinə  yetirir. Televiziya 

ekranları qarşısında toplanaraq saatlarla muğam dinləyən çoxminlik 

auditoriyanın mövcudluğu artıq heç kimdə şübhə doğurmur. Bu da 

215 


 


müxtəlif təbəqə və nəsillərin nümayəndələri arasında muğam sənə-

tinə olan sevgi və marağın daha da artmasına səbəb olur. Bu layihə 

çərçivəsində  ənənə  və  novatorluq birləşərək,  Azərbaycanın  milli 

sərvəti olan muğamın müasir dövrün məhsulu olan müsabiqə çərçi-

vəsində, yenilənmiş şəkildə yaşatmağa imkan verir. Muğam sənətinə 

marağın  getdikcə  artmasında  televiziyanın  imkanlarından  istifadə 

olunması,  eyni  zamanda,  ənənənin  bünövrəsini təşkil  edən ustad-

şagird  münasibətlərinin  başqa  prizmadan  –  münsif-  iştirakçı 

nöqteyi-nəzərindən yeni səviyyəyə çıxarılmasının özü novator ideya 

kimi dəyərləndirilməlidir. 

Deyilənlərə yekun olaraq göstərilən müsabiqələrin böyük əhə-

miyyəti və faydasını bir daha vurğulamaq istərdik. Əsasını maarif-

çilik  ideyası  təşkil  edən  bu  uğurlu  layihə,  sözsüz  ki,  yüksək qiy-

mətləndirilməlidir.  Müasir  texnologiyalar,  kompyuter  aləminin 

məişəti zəbt etdiyi bir dönəmdə insanların aylar ərzində mütəmadi 

olaraq  canlı  müsabiqə  turlarını  maraqla  izləməsi,  geniş  tamaşaçı 

kütləsinin diqqətinin cəlb edilməsi artıq böyük uğurdan xəbər verir. 

2015-ci ildə də növbəti VI Televiziya muğam müsabiqəsinin keçiril-

məsi bu sahədə aparılan işlərin davamlı və müvəffəq olduğunu bir 

daha sübut edir. 

Şübhə etmirik ki, istər muğamsevərlər, istərsə də peşəkar musi-

qiçilər tərəfindən  böyük,  sönməyən  maraq  doğuran  bu  müsabiqə 

Heydər Əliyev fondu, Azərbaycan Mədəniyyəti Fondunun dəstəyi 

ilə hələ neçə nəsil gənc xanəndələrin tanınmasında, muğamın təbliği 

və yayılmasında öz xeyirxah missiyasını davam etdirəcək. 

Bu  da  muğam  sənətinin Azərbaycanda təkcə  peşəkar musiqi-

çilər arasında deyil, geniş xalq kütlələri arasında da böyük sevgi ilə 

yaşadılmasının daha bir sübutudur. 

 

İstifadə edilən ədəbiyyat: 

Zöhrabov R. Azərbaycan muğamları. 2013. 

 

 

216 



 


Jeyran Mahmudova 

Prof., D.Sc., U.Hajibeyli Baku 

Music Academy, Azerbaijan 

e-mail: ceyran64@mail.ru 



 

THE ROLE OF THE NATIONAL TV MUGAM 

COMPETITIONS IN THE DEVELOPMENT 

OF THE ART OF MUGAM 

 

Abstract 



 

Keywords: mugam, traditions, television,competition, khanende. 

 

Mugam competitions held under auspices  of Heydar Aliyev 



Foundation starting from 2005 have played a great role in the deve-

lopment of mugam in Azerbaijan and in the raising of new gene-

ration of mugam singers. Shorter mugams, zerbi-mugams and tesnifs 

in live presentation by the young performers are being evaluated by 

the professional jury. The competitions is acting as some kind of 

real-time mugam lessons and hence contributng to wider promotion 

of the genre. Noteworthy to say, the mugam pieces are presented in 

the accompaniment of the national musical instruments. 

The recurrence of the competetition and its live broadcasting 

gives opportunity to millions of viewers to get acquainted once again 

with the world of ancient mugam, moreover that opens up oppor-

tunities to newcomer mugam singers. From this point of view TV 

mugam competitions play significant promotional and educational 

roles. Thanks to live broadcasting the ancient traditions are getting 

widely distributed and thus are causing great interest in Azerbaijan 

and abroad alike. Wide horizons in developing the artistic career are 

opening for the competition winners. All of the above opens wide 

perspectives for the future development of mugam. 



 

 

217 



 

Yüklə 90,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə