Azərbaycanda



Yüklə 22,08 Kb.
tarix17.02.2018
ölçüsü22,08 Kb.
#27142

Media Hüququ Institutu


Tel: +99 412 441 28 17

Fax: +99 412 441 28 17

web: www.mediarights.az
Rəylərinizi bu ünvana göndərin: xaled_yes@hotmail.com
Press-reliz 23 iyul 2012
Media Hüququ İnstitutu (MHİ) Milli Mətbuat Günündə “Azərbaycanda İfadə Azadlığı - 2012” Yarıımillik hesabatını açıqlayıb. Yarımillik hesabatın qısa özəti:
Sənədə görə, 2012-ci ilin birinci yarısı statistik göstəricilər baxımından əvvəlki illərdən o qədər də fərqlənmir. Həbsdə yenə də xeyli jurnalist var. Mediaya qarşı defamasiya iddia və şikayətlərinin qaldırılmasında intensivlik müşahidə olunur. Son 6 ayda jurnalistlərə qarşı fiziki, psixoloji basqılar, hədələmələr də səngiməyib. Yarımildə teleradio düzənlənməsi sahəsində ciddi dəyişikliklər baş verməyib. Nə hökumət, nə də düzənləyici qurum olan Milli Televiziya və Radio Şurası bu sektorun inkişafına təkan verə bilən heç bir addım atmayıb. Bunun əvəzində yayımçılara əcnəbi serialları yayımlamaq yasaqlanıb. MTRŞ həmçinin yayımçıların proqram siyasətinə ciddi müdaxilə sayıla biləcək qərar qəbul edib. Teleyayımçılara qeyri rəsmi olaraq izdivac (evlənmə) proqramlarını hazılayıb-yaymaq yasağı qoyulub.

Son yarımilin ən qabarıq tendensiyası ifadə azadlığı ilə sıx əlaqəli qanunların dəyişdirilməsi olub. Bu dəyişikliklərin əksəriyyəti məhdudlaşdırıcı məzmunda olub. Ölkə Parlamenti öncə “İnformasiya əldə etmək haqqında” qanuna məhdudlaşdırıcı məzmunlu əlavələr edib. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Kommersiya sirri haqqında” qanunlara mürtəce məzmunlu dəyişikliklər edilib.

Hesabatın “İfadə azadlığı ilə bağlı məhkəmə işləri” bölümünə görə, 2012-ci ilin birinci yarısında defamasiya ilə bağlı 17 iddia və şikayət məhkəmə icraatına qəbul edilib. İddiaçı və şikayətçilər məmur və iri sahibkarlar olublar. İddia və şikayətlər “Yeni Müsavat”, “Azadlıq” və “Xural” qəzetlərinə qarşı qaldırılıb. 6 iş xüsusi ittiham qaydasında qaldırılıb, jurnalistlərin həbsi istənilib. Məhkəmələr hələlik həmin işlər üzrə qərar verməyiblər. 6 ayda mediadan istənilən kompensasiyanın ümumi məbləği 2 600 000 AZN-dən artıq olub. Məhkəmə qərarları ilə medianın üzərinə ən azı 91 000 AZN təzminat ödəmək vəzifəsi qoyulub. Ən ağır təzminatlara “Xural” və “Azadlıq” qəzetləri məruz qalıb.

Defamasiya iddia və şikayətlərinin əsas hədəfində olan nəşr müxalif məzmunlu “Yeni Müsavat” qəzeti, onun kollektivi olub. Hökuməti, hökumətdəki ayrı-ayrı siyasi qrupları, nazirləri, müxtəlif vəzifəli məmurları sərt tənqid edən qəzetə qarşı ən azı 11 məhkəmə işi davam edir. Qəzetdən tələb olunan təzminatın ümumi məbləği milyonlarla manatla ölçülür.



Hesabatda mediaya qarşı çıxarılan məhkəmə qərarlarının ədalətli olmadığı, heç bir qərarın Avropa Məhkəməsi təcrübəsinə söykənmədiyi vurğulanır.
Həbslər və cinayət ittihamları” bölümündə jurnalist Anar Gəraylının 10 sutka həbs olunmasından, fotoreportyor Mehman Hüsynova cinayət işi açılmasından, bloqçu Bəxtiyar Hacıyevin azadlığa buraxılmasından bəhs olunur. Sənədə görə, hazırda 12 jurnalist həbsdədir. Onlar Əvəz Zeynallı (“Xural” qəzetinin baş redaktoru), Aydın Canıyev (“Xural”ın bölgə müxbiri), Ramin Bayramov (Dini məzmunlu www.islamazeri.az saytının baş redaktoru), Anar Bayramlı (İranın “Səhər” telekanalının Bakı reportyoru), Vüqar Qonaqov və Zaur Quliyev (Qubadakı regional “Xəyal” televiziyası), Əbülfəz Bünyadov (“İslam həqiqətləri” qəzetinin baş redaktoru), Nicat Əliyev (“Azadxeber.org” saytının baş redaktoru), İlham Süleymanov (“Gündəm Xəbər” qəzetinin və “Yeddi Gün” informasiya Agentliyinin aran bölgə müxbiri), Taleh Xasməmmədov (hüquq müdafiəçisi, Azadlıq qəzetindəki yazıları, açıqlamaları ilə tanınıb), Fərəməz Novruzoğlu, Hilal Məmmədovdur (“Talışi Sədo” qəzetinin baş redaktoru). Onlar 2011-сi ilin avqust ayından sonrakı dövrdə həbs cəzası alanlardır. Ancaq jurnalistlərə qarşı irəli sürülən rəsmi ittihamların əksəriyyəti onların peşə fəaliyyəti ilə yox, narkotik vasitələrlə bağlıdır. Həbsdə olan 5 jurnalistə qarşı narkotik vasitələrdən istifadə və ya saxlama ittihamları irəli sürülüb. Digər jurnalistlərsə dövlətə xəyanətdə, rüşvət tələb etməkdə, xuliqanlıqda, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmədə, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar. Ancaq sadalanan ittihamların əksəriyyətinin doğruluğuna ciddi şübhələr var. Həbsdə olan jurnalistlərin vəkilləri və yaxınları onların həbs edilmələrinin əsas səbəbinin jurnalist fəaliyyəti olduğunu, onları susdurmaq üçün şərləndiklərini iddia edirlər. Vəkillərin bu iddiaları məhkəməyə, istintaq orqanlarına təqdim etdikləri sənədlərdə də əksini tapıb.
Jurnalistlərə, mediaya qarşı basqılar” bölümündə qeyd olunur ki, son 6 ayda ən azı 35 jurnalist fiziki, psixoloji basqılara, hədələməyə, texniki əngəllərə məruz qalıb. Basqı hallarının sayı isə 45-dən çox olub. Basqıyla üzləşənlərin əksəriyyəti tənqidi məzmunları ilə seçilən jurnalistlərdir. “Ayna” qəzetinin və Repartyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasov, Azadliq Radiosunun əməkdaşları ”Xədicə İsmayılova, Cavanşir Ağamalıyev, Abbas Atilay, Nüşabə Fətullayeva, “Gündəm xəbər” qəzetinin təsisçisi və baş redaktoru Şirin Cəfəri, “Azadlıq” qəzetindən Ramin Deko, Vidadi Məmmədov, Namiq Cəfərli, Seymur Həzi, Azadlıq Radiosundan Maarif Çingizoğlu, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, əməkdaşları Etimad Budaqov, Tapdıq Fərhadoğlu, İlqar Nəsibov, Fərid Arifoğlu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasov, ”Obyektiv” TV-nin jurnalistləri Rəşad Əliyev, Cavid Qurbanov, Vəfa Nağıyeva, “Yeni Müsavat” qəzetinin fotomüxbiri Fərahim İlqaroğlu, əməkdaşı Akif Məmmədli, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun müxbirləri Elman Abbasov, Həkimeldostu Mehdiyev, “Xəyal” televiziyasının reklam direktoru Zaur Mustafayev, “Poliqon” İnformasiya Agentliyinin Quba müxbiri Cəmil Məmmədli, azad jurnalist Təhminə Tağızadə basqıların hədəfi olublar. Hüquq mühafizə orqanları qeyd olunan və eləcə də ötən illərdə baş verən basqıların araşdırılması ilə bağlı jurnalistləri razı salan, günahkarları cəzalandıran qərarlar qəbul etməyiblər. Son 6 ayda media həm də ciddi yayım və çap problemləri ilə üzləşib. Xüsusilə tənqidçi çap mediasının yayımına ciddi əngəllər yaradılıb, bu əngəllərin aradan qaldırılması istiqamətində gərəkən addımlar atılmayıb.
Bilgi əldə etmək hüququ“ bölümündə bu sahədə ciddi geriləmələrin müşahidə olunduğu qeyd edilib. Sənədə görə, İnformasiya sorğuları vasitəsilə bilgi əldə edilməsində ciddi problemlər müşahidə olunur. Hesabat müəllifləri yarımildə qanunla informasiya sahibi sayılan qurumlara göndərilmiş 50 sorğunun icrasını monitorinq ediblər. İnformasiya sahibləri 50 sorğunun 17-nə cavab veriblər. Həmin cavabların yalnız 3-ü istənilən bilgiləri tam əhatə edib. Ancaq həmin cavablar qanunvericilikdə nəzərdə tutulan 7 iş günü ərzində təqdim olunmayıb. Digər cavabların hamısı ya natamam olub, ya da informasiya sahibləri cavab verməkdən imtina ediblər. Monitorinqin nəticəsinə görə, sorğulardan heç biri qanunvericiliyə uyğun cavablandırılmayıb.

İnformasiyaların internet üzərindən açıqlanmasında da problemlər var. Yuxarı pillədə duran dövlət qurumları istisna olmaqla digər informasiya sahibləri, bələdiyyələr qanunvericiliyin tələblərinə uyğun gələn internet saytlarını hələ də yaratmayıblar. Mövcud saytların şəffaflıq səviyyəsi isə aşağıdır. Media Hüququ İnstitutu 2012-ci ilin birinci yarısında 67 dövlət qurumunun internet saytını monitorinq edib. Monitorinqin nəticələrinə görə, Azərbaycanda internet açıqlığına görə, ən yüksək şəffaflıq indeksi 46,22%-dir (Vergilər Nazirliyin saytı). Ümumilikdə, 17 qurumun şəffaflıq indeksi 30%-in üstündədir. Digər qurumlarda şəffaflıq 30 %-ə çatmır. 67 qurum arasında orta şəffaflıq göstəricisi 23,55% təşkil edir.


Hesabatın sonuncu “Tövsiyyələr” bölümündə, MHİ hökumətə tövsiyyə edir ki, ifadə azadlığı ilə bağlı qanunvericilikdəki boşluqların aradan qaldırılması, mövcud mütərəqqi müddəaların işləyişinin təmin olunması istiqamətində gərəkli addımlar atılmalıdır. Ən qısa zamanda defamasiya (nüfuzun qorunması) haqqında qanun qəbul edilməli, Ali Məhkəmə ifadə azadlığı ilə bağlı işlərə baxılma qaydaları ilə bağlı tövsiyyə xarakterli Plenum Qərarları qəbul etməlidir. İfadə azadlığı üçün çox təhlükəli olan müddəalar qanunvericilikdən çıxarılmalıdır. Son zamanlarda “İnformasiya əldə edilməsi haqqında”, Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Kommersiya sirri haqqında” qanunlara edilən əlavə və dəyişikliklər ləğv olunmalıdır.

MHİ həmçinin şübhəli ittihamlarla həbs olunan jurnalistlərin işlərinin yenidən, ədalətli araşdırılmasını təmin etməyə, jurnalistlərə qarşı basqı olaylarını, xüsusilə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun, yazıçı-publisist Rafiq Tağının qətlə yetirilmələri işlərini, Xədicə İsmayılın, İdrak Abbasovun işlərini qısa müddətdə araşdırmağa, günahkarları məsuliyyə cəlb etməyə çağırır.


Media Hüququ İnstitutu Azərbaycanda ifadə və bilgi azadlığı ilə bağlı qanunvericiliyi və hüquq təcrübəsini qabaqcıl meyarlara uyğunlaşdırmaq, medianın və jurnalistlərin qorunması yönündə çalışan civil toplum qurumudur




Yüklə 22,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə