Azərbaycanda



Yüklə 0,68 Mb.
səhifə1/10
tarix14.02.2018
ölçüsü0,68 Mb.
#26995
növüXülasə
  1   2   3   4   5   6   7   8   9   10



Azərbaycanda

siyasi məhbusların

siyahısı


MÜNDƏRİCAT

Xülasə...............................................................................................................................3

A. Jurnalistlər və bloggerlər.....................................................................................5-19
B. Hüquq müdafiəçiləri..............................................................................................21-29
C. Gənc fəallar................................................................................................................30-36
D. Müxalif siyasətçilər................................................................................................37-40
E. İnanclı fəallar............................................................................................................41-70


  1. Səid Dadaşbəyli və onunla birgə tutulan şəxslərin işi.......................41-47

  2. Azərbaycan İslam Partiyasının sədri və onunla birlikdə

tutulan şəxslərin işi.......................................................................................47-51

  1. 2012-ci ilin mayında tutulan inanclı fəalların işi................................51-56

  2. 2012-ci ildə Masallı rayonunda tutulan inanclı

fəalların işi.......................................................................................................56-58

  1. 5 oktyabr 2012-ci il tarixli “Hicaba azadlıq” aksiyasına görə

tutulan şəxslərin işi......................................................................................59-64

  1. İlahiyyatçılar .................................................................................................65-67

  2. Nurçular”ın işi...............................................................................................68-70



F. Ömürlüklər................................................................................................................71-76
Digər işlər.......................................................................................................................77-87


  1. İsmayıllı etirazlarına görə həbs edilənlərin işi...................................77-79

  2. Keçmiş dövlət məmurları...........................................................................80-85

  3. Siyasi girovlar.................................................................................................85-87

XÜLASƏ
Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti qurumları daha da dərinləşən siyasi məhbus probleminə diqqəti cəlb etmək üçün bu hesabatla çıxış edirlər. Siyasi motivli həbslərin və azadlıqdan məhrum edilmələrin sayı 26 yanvar 2013-cü il tarixdə Avropa Şurası Parlament Assambleyasında “Azərbaycanda siyasi məhbus məsələsinə baxış” üzrə Qətnamənin qəbul edilməməsindən sonra daha da artmış1 və Azərbaycanın 14 may 2014-cü ildən Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlaması da vəziyyəti müsbətə doğru dəyişməmişdir.
Hesabat 3 avqust 2014-cü il tarixinə qədər siyasi motivli saxta ittihamlarla həbs edilən və azadlıqdan məhrum edilən və göstərilən tarixə qədər azadlığa buraxılmayan siyasi məhbusların işləri əsasında hazırlanıb. Siyasi məhbuslar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-ci il tarixli 1900 saylı Qətnaməsində təsbit edilmiş kriteriyalar əsasında müəyyən edilib2.
Hesabat hazırlanarkən siyasi məhbus məsələsi ilə məşğul olan çoxsaylı yerli və beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparılıb, o cümlədən nüfuzlu beynəlxalq insan haqları təşkilatlarının hesabatları, Azərbaycanın üzvü olduğu və qarşısında öhdəlikləri olan təşkilatların, xüsusən də Avropa Şurasının müvafiq sənədləri öyrənilib, mətbuatın monitorinqi aparılıb, məhkəmələrin müşahidəsi həyata keçirilib, məhkəmə hökmləri və digər hüquqi sənədlər təhlil edilib, hesabata daxil edilən siyasi məhbusların vəkilləri və ailə üzvləri, müdafiə komitələri ilə görüşlər təşkil edilib. Hesabat hər bir siyasi məhbus barədə detallı məlumatları, həmçinin hər bir həbsin əsl səbəblərini, bu zaman yol verilmiş qanun pozuntularını, siyasi məhbusların fotoşəkillərini (bəzilərini tapmaq mümkün olmayıb) özündə əks etdirir.
Hesabatda siyasi məhbuslar aşağıdakı kateqoriyalar üzrə bölünmüşdür:
a. Jurnalistlər və bloggerlər;

b. Hüquq müdafiəçiləri;

c. Gənc fəallar;

d. Müxalifət fəalları;

e. İnanclı fəallar;

f. Ömürlüklər;



g. Digər işlər .
Bir neçə kateqoriya da öz növbəsində alt kateqoriyalara bölünmüşdür ki, bunlarla hesabatdan tanış ola bilərsiniz.

Hesabat aşağıdakı QHT-lərin və vəkillərin vahid mövqeyini əks etdirən sənəddir:
QHT-lər:


  1. Azərbaycan Hüquqçular Assosiasiyası

  2. Demokratiya Monitoru

  3. Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi

  4. Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi

  5. Hüquq Maarifçiliyi Cəmiyyəti

  6. Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyəti

  7. Media Hüququ İnstitutu

  8. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu

  9. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi

  10. Siyasi Azadlıqları Müdafiə Alyansı

  11. Siyasi Məhbuslarsız Azərbaycan İctimai Alyansı

  12. Sülh və Demokratiya İnstitutu


Vəkillər:


  1. Ağayev Fuad

  2. Bağırov Xalid

  3. Cavadlı Cavad

  4. Hacıyev Namiq

  5. İmanov Yalçın

  6. Quliyev Elbrus

  7. Kərimli Nemət

  8. Mehdiyev Fəxrəddin

  9. Namazlı Fariz

  10. Sadıqov Elçin

  11. Süleymanov Elmar



  1. Jurnalistlər və bloggerlər



  1. Əbilov Əbdül Əbdülmanaf oğlu


Saxlanma tarixi: 22 noyabr 2013-cü il

İttiham: CM-nin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə) maddəsi

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

İş üzrə qısa arayış: 31 yaşlı cənab Əbilov həbsindən əvvəl Facebook sosial şəbəkəsində populyar olan və populyarlığı artan “Yaltaqlara Dur Deyək” səhifəsinin, o cümlədən digər sosial şəbəkələrdə müxtəlif tənqidi səhifələrin admini olub. Cənab Əbilov 9 oktyabr 2013-cü il tarixdə keçirilən Prezident seçkilərindən sonra Facebook-da seçki saxtakarlıqları ilə bağlı səhifə də yaradıb və onu həbs edilənə qədər idarə edib, bu səhifədə seçkilərdə saxtakarlıqları göstərən foto və video materiallar, o cümlədən digər sənədlər geniş şəkildə yayılmışdır. Noyabrın 22-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilən sosial şəbəkə fəalı bu idarəyə aparılıb. Onun barəsində 3 aylıq həbs qətimkan tədbiri saxlanmasından bir gün sonra, yəni noyabrın 23-də Nərimanov rayon Məhkəməsi tərəfindən seçilib, o bu qərardan sonra istintaq təcridxanasına göndərilməli olan halda yenidən polis idarəsinə gətirilib və qanunsuz olaraq noyabrın 27-ə kimi burada saxlanılıb. Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədov noyabrın 29-da həbs tədbirinin seçilməsi barədə qərarı qüvvədə saxlayıb.

Cənab Əbilovun evdə olan gödəkçəsinin cibindən narkotik maddə - 4 qram heroinin tapıldığı iddia olunub (bu ittiham son bir neçə il ərzində çoxsaylı fəallara qarşı istifadə edilir) və evdə axtarış aparan polislər evə gəldikdən sonra ilk olaraq cənab Əbilova məxsus noutbuku götürüblər. Bir neçə saat sonra isə Facebook-da cənab Əbilovun admini olduğu “Yaltaqlara Dur Deyək” səhifəsi bağlanıb. Əbilov həbs olunan gün onun evdə olan qaynı Ramil Əhədov da polis idarəsinə aparılıb. İdarədə ondan Facebook-da olub-olmadığını soruşublar, lakin sonradan heç bir izahat almadan sərbəst buraxıblar.

Noyabrın 29-da keçirilən məhkəmə zamanı cənab Əbilov çıxış edərək bildirib ki, ona açıq şəkildə Facebook-dakı yazılarına görə həbs edildiyini deyiblər. O, küçədə qandallanaraq polis tərəfindən evlərində axtarış aparmaq üçün ora gətirildiyini, evdə çox adamın olduğunu görüb narkotik maddəni evə yox, evdə otaqlardan birində asılan gödəkçədən tapıldığını iddia edərək sənədləşdirdiklərini, polis idarəsində psixoloji təzyiqlərə məruz qaldığını, döyüldüyünü və bununla da öz əleyhinə etirafedici ifadələr verməyə məcbur olunduğunu vurğulayıb. Əbilovun yaxınları və vəkili Elçin Sadıqov da işin siyasi olduğunu, cənab Əbilovun heç bir mötəbər sübut olmadan həbs edildiyini bildiriblər.

Cənab Əbilov Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2014-cü il tarixli qərarı ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir.



  1. Əlibəyli Sərdar Məhəmmədəli oğlu


Saxlanma tarixi: 31 iyul 2013-cü il

İttiham: CM 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi

Saxlandığı yer: 14 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Tənqidi materialların çap edildiyi “Nota Bene” qəzetinin baş redaktoru olan cənab Əlibəyli iyulun 29-da Xətai rayonu ərazisində yerləşən 260 saylı məktəbin həyətində tanımadığı Namiq Əmirov adlı şəxslə mübahisə etməkdə və onu daşla vurmaqda ittiham edilib. Son illər ərzində jurnalistlərə və fəallara qarşı istifadə edilən xuliqanlıq ittihamı ilə jurnalist çayxanada polislər tərəfindən kobudluqla saxlanılaraq 37-ci polis bölməsinə gətirilib və onun barəsində 2 günlük tutma qərarı çıxarılıb, avqustun 2-də isə Xətai rayon Məhkəməsinin hakimi Habil Məmmədov onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Noyabrın 13-də Xətai rayon Məhkəməsi cənab Əlibəylini ağır cəzaya – 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Bakı Apellyasiya Məhkəməsi 29 may 2014-cü il tarixdə bu qərarı dəyişdirmədən qüvvədə saxlayıb.

Redaktoru olduğu qəzet dəfələrlə hakimiyyətlə bağlı sərt tənqidi yazılar dərc edib, xüsusilə həbsi ərəfəsində Prezident İlham Əliyevin ailəsinə məxsus bizneslə bağlı yazı və keçmiş müdafiə naziri Rəhim Qazıyevin Əliyevə tənqidlərlə dolu açıq məktubu çap edilmişdir. Bu açıq məktub çap edildikdən sonra keçmiş nazir Rəhim Qazıyev də saxlanılmış və polisdə ona bu məktubla bağlı xəbərdarlıq edilmişdir. ­­­

Cənab Əlibəyli vətəndaş Namiq Əmirovun şikayəti əsasında həbs edilib, bununla belə jurnalist bu adda insanı tanımadığını və buna görə də onunla heç yerdə görüşmədiyini bildirmişdir, istintaq da jurnalistlə şikayətçi arasında görüşün necə baş verməsi ilə bağlı şikayətçinin ifadəsindən başqa heç bir başqa sübut təqdim etməmişdir. Şikayətçinin istintaqa verdiyi ilkin ifadə ilə məhkəmədəki ifadələri arasında kəskin ziddiyyətlər olmuşdur.

Cənab Əlibəyli 2009-2010-cu illərdə bir neçə dəfə diffamasiya ittihamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, bu diffamasiya işlərindən ikisi üzrə şikayət Avropa İnsan Hüquqları Məhkəməsinin icraatındadır. Baş redaktor Amnesty İnternational təşkilatı tərəfindən vicdan məhbusu kimi tanınıb3. Onun 1-ci qrup əlil, ruhi xəstə olan övladı var, həyat yoldaşı işləmir. ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsi də bu həbslə bağlı öz narahatlığını ifadə edib4




  1. Əliyev Nicat Nazim oğlu




Saxlanma tarixi: 21 may 2012-ci il

İttiham: CM-nin 167.2.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 234.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 281.2 (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

İş üzrə qısa arayış: Cənab Əliyev dini yönümlü tənqidi www.azadxeber.az veb-səhifəsinin baş redaktorudur. Cənab Əliyevin həbsindən qabaq bu saytda hökumətin dini sahədə apardığı siyasətini, habelə Avroviziya-2012 mahnı yarışmasına həddən artıq maliyyənin ayrılmasını, o cümlədən Bakıda gey-paradın keçirilmə ehtimalını tənqid edən materiallar çap edilmişdir. Mahnı yarışması ərəfəsində bu materialları, o cümlədən ruhanilər Abgül Süleymanov və Tale Bağırovun çıxışlarını əks etdirən diskləri şəhərin müxtəlif yerlərində yaydıqdan dərhal sonra cənab Əliyev və onunla birlikdə daha bir neçə nəfər şəxs həbs edilib.

Jurnalistə qarşı ilkin olaraq adətən fəallara qarşı “növbətçi” ittiham kimi istifadə edilən narkotik maddə ittihamı irəli sürülmüşdür. Həbsindən yalnız 8 ay sonra, 2013-cü ilin yanvarın 23-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) siyasi məhbuslar üzrə məruzəçi cənab Ştrasserin siyahısının əleyhinə səs verdikdən və nəticədə məruzəçi mandatı dayandırıldıqdan 2 gün sonra, yanvarın 26-da cənab Əliyevə qarşı daha ağır 3 yeni ittiham irəli sürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 dekabr 2013-cü il tarixli qərarı ilə cənab Əliyev 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (prokuror öz çıxışında jurnalistin məhz 10 il azadlıqdan məhrum edilməsini istəmişdi ki, məhkəmə də bu istəyi olduğu kimi təmin etmişdir). Bakı Apellyasiya Məhkəməsi 27 iyun 2014-cü il tarixdə bu hökmü dəyişdirmədən qüvvədə saxlamışdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Nahid Məmmədov ekspert kimi işə cəlb edilib və yayılan disklərdəki çıxışlarda milli ədavəti qızışdıran nüanslar olduğunu müəyyən edib, bununla belə ekspert bu nüansların detallarını məhkəmədə izah edə bilməyib. Belə nüansların olduğu təqdirdə həmin çıxışlar jurnalist tərəfindən deyil, işdə adı keçməyən başqa şəxslər tərəfindən edilib, bununla belə jurnalist bu cür çıxışlar etməkdə təqsirli bilinib. Jurnalistin evindən götürülən və dini ekstremizmi təbliğ edildiyi iddia edilən Ərşad Əzimzadənin “Möcüzəsiz möcüzə” kitabı isə insan orqanizminin ac qalmaqla müalicəsi barədədir, kitab Azərbaycanda çap edilib və rəsmi şəkildə qadağan olunmayıb, bununla belə ekspertiza bu kitabın idxal edildiyini və dini ekstremizmə çağırışları əks edildiyi barədə jurnalistin əleyhinə olan rəy verib. Məhkəmə prosesində ekspertiza rəyi elan edilərkən və ekspert suallara cavab verərkən rəyin sifarişlə hazırlandığı açıq şəkildə müşahidə edilib. Məhkəmə prosesləri zamanı jurnalistin özü, o cümlədən vəkili Yalçın İmanov da cənab Əliyevin həbs edilən zaman polis tərəfindən işgəncəyə məruz qaldığını, ağır xəsarətlər verildiyini bəyan etsələr də, bu iddialar araşdırılmayıb.

Cənab Əliyev ailəlidir, toyundan cəmi 23 gün sonra həbs edilib. Amnesty İnternational təşkilatı jurnalistə qarşı ittihamları şübhəli adlandırıb5.




  1. Həşimli Pərviz Kamran oğlu


Saxlanma tarixi: 17 sentyabr 2013-cü il

İttiham: CM-nin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

İş üzrə qısa arayış: “Bizim yol” qəzetinin əməkdaşı və www.moderator.az xəbər saytının, o cümlədən hüquq müdafiə təşkilatı olan Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin rəhbəri olan cənab Həşimli sentyabrın 17-i axşam saatlarında Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılıb, onun evində və əməkdaşı olduğu “Bizim yol” qəzetinin redaksiyasında axtarış aparılıb, jurnalistin redaksiyadakı kompüteri və digər əşyaları müsadirə edilib. MTN jurnalistin evində axtarış zamanı silah-sursatın tapıldığını bildirib. Yayılan rəsmi məlumatda o da bildirilib ki, cənab Həşimli digər təqsirləndirilən şəxs Təvəkkül Qurbanovla birlikdə qabaqcadan əlbir olaraq satış məqsədilə İran vətəndaşlarından külli miqdarda silah və döyüş sursatını qaçaqmalçılıq yolu ilə gömrük nəzarətindən kənar İran ərazisindən Azərbaycana keçirib, qanunsuz olaraq daşıyıb, gəzdirib və saxlayıblar.

Jurnalistin (eyni zamanda hüquq müdafiəçisi) barəsində sentyabrın 18-də Səbail rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib, o, məhkəməyə nümayişkaranə tərzdə - başına torba salınmış vəziyyətdə gətirilib. Bu məhkəmə zamanı cənab Həşimli saxlanılarkən kobud rəftar nəticəsində ayağından zədə aldığını, MTN-də işgəncə veriləcəyi ilə hədələndiyini bildirib. Jurnalistin həbs edildiyi gün onun evində axtarışı MTN-nin çoxsaylı əməkdaşı aparıb, evdə cənab Həşimlinin hamilə həyat yoldaşının və onun 5 yaşlı qızının olmasına baxmayaraq, MTN əməkdaşları silahlı olublar və axtarış zamanı silahları yığışdırmayıblar, axtarış haqqında məhkəmə qərarı olsa da, axtarışa gələnlər qapını döymək əvəzinə ilk öncə pəncərədən içəri keçməyə cəhd göstəriblər. Mənzilin yerləşdiyi həyətdə və mənzilin içində işlək vəziyyətdə təhlükəsizlik kameralarının olduğunu aşkarladıqdan sonra bu kameralar sındırılıb. Axtarış zamanı jurnalistin həyat yoldaşı qonşularının, o cümlədən artıq mənzilin yaxınlığına gələn jurnalistlərin evə dəvət olunmasına çağırışlar etsə də, buna məhəl qoyulmayıb. Axtarış bitdikdən və evin qapıları dərhal açıldıqdan sonra jurnalistin həyat yoldaşı çöldə olan və axtarışın bitməsini gözləyən jurnalistlərə və hüquq müdafiəçilərinə onların evinə silah-sursatın atıldığını bildirib.

Jurnalist onun barəsində seçilmiş həbs qətimkan tədbirinin artırılması və verilən şikayətlər zamanı keçirilən bütün məhkəmə proseslərində MTN-nin İstintaq Təcridxanasında tək kamerada saxlandığını, ona qarşı müxtəlif təzyiqlərin olduğunu, prinsipial mövqeyi olan vəkildən imtina etməsi üçün ərizə yazdırmaq istədiklərini, gecə otaqda işığın söndürülmədiyini bildirmişdir. Bununla belə, Amnesty International təşkilatı tərəfindən vicdan məhbusu kimi tanınan jurnalistin bütün bu şikayətlərinə həm məhkəmə tərəfindən, həm də jurnalistin və onun yaxınlarının müraciət etdiyi rəsmi şəxslər tərəfindən məhəl qoyulmamışdır6.

Cənab Həşimlinin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə 2014-cü ilin fevralında göndərilmişdir və bu işə baxmaq üçün hakim kimi əvvəllər MTN-nin müstəntiqi olmuş Novruz Kərimov təyin edilib.

Cənab Həşimli bu hakimin 15 may 2014-cü il tarixli qərarı ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.


  1. Quliyev Araz Faiq oğlu


Saxlanma tarixi: 9 sentyabr 2012-ci il

İttiham: CM-nin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 283.1 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri

Saxlandığı yer: 14 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Cənab Quliyev Masallıda yerləşən www.xeber44.com internet qəzetin baş redaktorudur, bu saytda yayılan məqalələr əsasən hakimiyyətin din sahəsində apardığı siyasətin tənqidinə, o cümlədən Masallı rayonunda olan sosial problemlərə həsr edilirdi. Bu saytdakı fəaliyyətinə görə cənab Quliyev həbs edildiyi tarixdən əvvəl də dəfələrlə polis bölməsinə aparılıb, ona fəaliyyətinin dayandırmalı olduğu barədə xəbərdarlıq edilib. Bu cür xəbərdarlıq yerli icra hakimiyyəti tərəfindən də dəfələrlə olunub. Həbsindən 2 gün əvvəl, yəni 2012-ci il sentyabrın 6-da cənab Quliyev və onunla birlikdə olan Masallı sakini cənab Ağalı Rza Qorxmaz oğlu polis və mülki geyimdə olan şəxslər tərəfindən saxlanılaraq döyülüblər və Masallı rayon Polis Şöbəsinə aparılıblar. Onlar rəis müavini Əlifağa Kazımovun göstərişi ilə gecə saat 03.00 radələrində sərbəst buraxılıblar.

Sentyabrın 8-də isə saat 21 radələrində cənab Quliyev digər Masallı sakini Tahirov Ziya İbrahim oğlu ilə birlikdə Masallıda keçirilən folklor festivalı çərçivəsində Nizami parkında təşkil edilmiş diskotekaya etiraz ediblər və tənqidi material hazırlamaq məqsədilə əlavə məlumat almaq üçün təşkilatçıları axtarmağa başlayıblar. Lakin ərazidə olan polislər hər iki şəxsi ərazidən uzaqlaşdırıb. Bundan 2 saat sonra yenə həmin əraziyə qayıdan cənab Quliyev və cənab Tahirov diskotekanın sona çatdığını və park ətrafında yalnız polis maşınının olduğunu görmüşlər. Polis maşını onlara yaxınlaşmış və rəis müavini Əlifağa Kazımov onlarla 30 dəqiqəyə qədər söhbət etdikdən sonra ərazini tərk etmişdir. Bundan dərhal sonra 25-30 nəfərlik mülki geyimli dəstə əraziyə gələrək onları təhqir etməyə və daş atmağa başlamışdır, az sonra hadisə ərazisinə gələn polislər hər iki şəxsi döyərək həbs etmişlər. Jurnalistə qarşı xuliqanlıq və polisə müqavimət maddələri ilə ittiham irəli sürülmüşdür. Jurnalistin həbsindən yalnız 11 gün sonra, yəni sentyabrın 20-də onun evində axtarış aparılmış və evdən cənab Quliyevə məxsus olan qumbaranın tapıldığı iddia edilmişdir. 2012-ci ilin dekabrında cənab Quliyevə qarşı baş redaktoru olduğu internet qəzetdə yayılan məqalələrdə dini düşmənçiliyin salınması, ictimai asayişin pozulması, silah saxlama, dövlət bayrağının təhqir edilməsi kimi maddələrlə ittiham irəli sürülmüşdür. Jurnalist Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2013-cü il qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi 09 yanvar 2014-cü il, Ali Məhkəmə 04 iyul 2014-cü il tarixində hökmü dəyişdirmədən qüvvədə saxlamışdır.

Jurnalistin evində axtarış məhkəmə qərarı olmadan və özünün iştirakı təmin edilmədən aparılıb, axtarış zamanı hal şahidi kimi iştirak etmiş şəxslərin məhkəmədə verdiyi izahatlarla istintaqa verdiyi izahatlar arasında ciddi fərqlər olub, məhkəmə araşdırması zamanı məlum olub ki, hal şahidlərindən biri Şirəliyev Nahid nə oxumağı, nə də yazmağı bacarır (halbuki axtarış haqqında protokola imza atıb və qumbaranın aşkar edildiyini təsdiqləyib), o, işlədiyi fəhlə bazarından həmkarı ilə birgə hal şahidliyi etmək üçün polislər tərəfindən aparıldıqlarını və bunun əvəzində onların hər birinə 20 AZN verildiyini Şirvan Apellyasiya Məhkəməsində bildirib. Zərərçəkmiş kimi tanınan şəxslərin heç biri cənab Quliyevlə istintaq zamanı üzləşdirməyiblər, onların çoxu polis əməkdaşlarıdır və hamısı məhkəmədə eyni ifadəni verməklə kifayətləniblər, buna baxmayaraq, faktiki olaraq jurnalistin polislərə xəsarət yetirdiyini sübut edən heç bir dəlil ortaya çıxmayıb. Cırılaraq təhqir edildiyi iddia olunan dövlət bayrağı da maddi sübut kimi cinayət işinin materiallarında aşkarlanmayıb.



  1. Kərimov Fərəc Raqif oğlu


Saxlanma tarixi: 23 iyul 2014-cü il

İttiham: CM-nin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə) maddəsi

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

İş üzrə qısa arayış: Müxalif Müsavat Partiyasının Gənclər Təşkilatının üzvü olan cənab Kərimov partiyanın rəsmi saytı www.musavat.org.az-un idarəçisidir. Bundan başqa o sosial şəbəkələrdə fəallığı ilə seçilmiş və tənqidi materialların yayılması üçün çoxsaylı üzvləri əhatə edən qrupların yaradıcısı və idarəçisi olmuşdur. Cənab Kərimov Facebook-da 100000-dən artıq üzvü olan və təxminən bir il əvvəl bağlanan “İstefa” qrupunun idarəçisi olmuş, bu qrup bağlandıqdan sonra “BASTA” qrupunu yaratmışdır. Hakimiyyəti tənqid edən bu qrupun 116000-ə qədər üzvü var.

Cənab Kərimov iyulun 23-də anasını xəstəxanaya apararkən (qardaşı bir neçə gün əvvəl həbs edildiyi üçün anası iflic olmuşdur) qara maskalı şəxslər tərəfindən saxlanılaraq aparılmış, onun barəsində saatlarla heç bir məlumat almaq mümkün olmamışdır, nəticədə cənab Kərimovun yaxınlarına və vəkilinə saxlanması barədə məlumat vermək hüququ pozulmuşdur. Nərimanov rayon Məhkəməsi iyulun 25-də sosial şəbəkə fəalı barədə onun vəkilinə xəbər etmədən 3 aylıq həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib, qərarda cənab Kərimovun Bakı İstintaq Təcridxanasına köçürülməli olduğu vurğulansa da, o, həbsi həyata keçirmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qaytarılmışdır, vəkili onunla yalnız avqustun 1-də məhkəmədə görüşə bilmiş, vəkilə müdafiə etdiyi şəxslə görüş hüququ isə yalnız avqustun 2-də tanınmışdır. Fərəc Kərimov yalnız iyulun 30-da dörd gün aclıq aksiyası keçirdikdən sonra Bakı İstintaq Təcridxanasına köçürülmüşdür. Fərəc Kərimov Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılarkən fiziki təzyiqə və şantaja məruz qaldığını, zorla ifadə verməyə məcbur edildiyini bildirmişdir.

Cənab Kərimovun həbsindən bir neçə gün öncə onun qardaşı Sirac Kərimov da eyni ittihamla həbs edilmiş, evdə axtarış zamanı atalarına məxsus noutbuk da götürülmüş və müstəntiqlə söhbət zamanı atasına müxalif mövqeyi ilə bağlı suallar vermişlər.


  1. Məmmədov Hilal Əlif oğlu


Saxlanma tarixi: 21 iyun 2012-ci il

İttiham: CM-nin 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə), 274 (Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) və 283-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri

Saxlandığı yer: 17 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Cənab Məmmədov talış dilində dərc edilən Tolışi Sədo” qəzetinin baş redaktorudur və eyni zamanda həbsinə qədər hüquq müdafiə fəaliyyəti ilə də məşğul olurdu. Həm qəzetdə, həm də sosial şəbəkələrdə, xüsusən Facebook-da hakimiyyətin yürütdüyü siyasətlə bağlı sərt tənqidi fikirlər səsləndirmişdir. Cənab Məmmədova qarşı ilkin olaraq narkotik maddə ittihamı irəli sürülsə də, sonradan ona qarşı narkotik ittihamı ilə heç bir əlaqəsi olmayan daha ağır ittihamlar irəli sürüldü. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2013-cü il dekabrın 25-də bu qərardan verilən şikayəti təmin etməyib.

Jurnalist Amnesty Internaional təşkilatı tərəfindən vicdan məhbusu kimi tanınıb7, onun saxta ittihamlarla həbs edilməsi və azadlığa buraxılmasının zəruriliyi ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsinin bəyanatında8 və Avropa Şurası İnsan Haqları Komissarının hesabatında öz əksini tapıb9.



  1. Məmmədov Ömər Elyar oğlu


Saxlanma tarixi: 24 yanvar 2014-cü il

İttiham: CM-nin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə) maddəsi

Saxlandığı yer: 3 saylı İstintaq Təcridxanası (Şüvəlan Təcridxanası)

İş üzrə qısa arayış: Sosial şəbəkələrdə, xüsusən Facebook-da fəal olan cənab Məmmədov bu sosial şəbəkədə satirik “AzTV-dən seçmələr” səhifəsinin yaradıcılarından və adminlərindən biri olub. Bloqu10 olan cənab Məmmədov bir qrup gənclə “Axın” Hərəkatını təsis edib. 1995-ci il doğumlu cənab Məmmədov Vətəndaş Həmrəyliyi Partiyasının da üzvüdür.

Cənab Məmmədov 2014-cü il yanvarın 20-də axşam saatlarında Bakıya qayıdıb (o Şimali Kipr Türk Respublikasında yerləşən Beynəlxalq Kipr Universitetinin tələbəsidir), yanvarın 21-də səhər saatlarında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb, onun noutbukuna baxış keçirilib və sosial şəbəkədəki fəaliyyətini bir daha yoxlayıblar, müəyyən ediblər ki, onun artıq heç bir fəal onlayn fəaliyyəti yoxdur və bundan sonra cənab Məmmədov sərbəst buraxılıb. Yanvarın 24-də isə, o, mülki geyimli şəxslər tərəfindən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb, burada onun üzərindən 6 qram heroin aşkarlandığı iddia edilib və ona qarşı ittiham sürülüb. Həmin günü Nəsimi rayon Məhkəməsinin qərarı ilə blogger barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

2013-cü ilin noyabrında Facebook-da olan “Yaltaqlara dur deyək” səhifəsinin admini Əbdül Əbilov həbs edilən zaman cənab Məmmədov polis tərəfindən axtarılıb, onun Bakıda olmadığı müəyyən edildikdən sonra bloggerin atası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. Bloggerin Facebook-dakı fəaliyyətinə görə onun atasına təzyiqlər edilib, hətta atasının telefonu ilə Kiprdə olan cənab Məmmədovla telefon əlaqəsi yaradılıb, ondan bütün işlətdiyi səhifələrdən uzaqlaşması tələb olunub. Cənab Məmmədov hazırda 7 üzvü saxta ittihamlarla həbsdə olan “NİDA” Hərəkatının fəal üzvlərindən biri olub, özünə və yaxınlarına edilən təzyiqlər nəticəsində bu təşkilatdan uzaqlaşsa da, həbs edildikdən sonra yenidən ora qayıtdığını bəyan edib. Blogger 4 iyul 2014-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir.


  1. Mirqədirov Rauf Həbibulla oğlu


Saxlanma tarixi: 19 aprel 2014-cü il

İttiham: CM-nin 274 (Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi

Saxlandığı yer: Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanası

İş üzrə qısa arayış: Uzun illər ərzində rus dilində çap edilən “Zerkalo” qəzetinin əməkdaşı olan cənab Mirqədirov  2010-cu ildən Türkiyədə bu qəzetin müxbiri kimi işləməyə başlayıb. Cənab Mirqədirov regiondakı vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Rusiyanın müdaxiləsi, Azərbaycan hakimiyyətinin mövqeyinin analiz edildiyi yazılarla tanınıb.

Cənab Mirqədirov 2014-cü il aprelin 19-da “deportasiya” adı ilə Türkiyədən çıxarılaraq Azərbaycana göndərilib. Türkiyə rəsmiləri cənab Mirqədirovun deportasiyasına qərar verməmişdən bir neçə gün əvvəl jurnalistin Türkiyədə akkreditasiyasını ləğv ediblər. Cənab Mirqədirov Azərbaycana çatan kimi Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. O, 2008-ci ildən Ermənistana casusluq etməkdə ittiham edilərək barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. MTN-in istintaq təcridxanasında saxlanılan cənab Mirqədirov bəyan edib ki, o, Sülh və Demokratiya İnstitutunun Azərbaycan-Ermənistan münaqişəsinin həlli üzrə xalq diplomatiyası layihələri çərçivəsində dəfələrlə Ermənistanda olub, həmişə də həmin tədbirlərdə Azərbaycanın maraqlarını müdafiə edib və heç vaxt Azərbaycanın maraqlarına qarşı çıxmayıb, eyni zamanda ona qarşı irəli sürülmüş ittihamları qondarma adlandırıb. Hakimiyyətin həmişə hədəfində olan Sülh və Demokratiya İnstitutunun sədri Leyla Yunus da bu iş üzrə dindirilmək üçün faktiki olaraq ölkədən buraxılmayıb, onun və həyat yoldaşının pasportları əllərindən alınıb, saatlarla ifadəsi alınıb, evində və ofisində axtarış həyata keçirilib, 30 iyul 2014-cü ildə isə həbs edilib (onun həbsi barədə bu hesabatda ayrıca məlumat yerləşdirilib).



Cənab Mirqədirovun çalışdığı “Zerkalo” qəzetinin ofisində axtarış aparılıb, sənədlər və baş redaktor Elçin Şıxlının kompüteri götürülüb, bundan sonra qəzet faktiki olaraq çap versiyasının buraxılmasını dayandırıb. Jurnalistin heç vaxt yaşamadığı valideynlərinin də evində axtarış aparılıb və axtarışdan bir gün sonra onun atası Həbibulla Mirqədirov dünyasını dəyişib, jurnalist 3 gün müddətinə dəfndə və yas mərasimlərində iştirak etmək üçün evə buraxılıb. Jurnalist barəsində həbs qətimkan tədbirinin seçilməsi və ümumilikdə ona qarşı ittihamın irəli sürülməsi qanunvericiliyin bir sıra müddəalarının pozulması ilə müşayiət edilməkdədir. Jurnalist barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verilmiş apellyasiya şikayətinə baxılan prosesdə iş üzrə cinayət-prosessual rəhbərliyi həyata keçirən prokuror deyil, Baş Prokurorluğun başqa bir əməkdaşı iştirak etmişdir, halbuki cinayət-prosessual rəhbərliyi həyata keçirən prokurorun bu prosesdə iştirakı qanunla tələb edilir. Belə ki, həmin prokuror həbs barədə təqdimatı məhkəmə prosesi zamanı əsaslandırmalıdır. Məhkəmə həbs qətimkan tədbirini seçmək üçün istintaq orqanı tərəfindən təqdim edilən ilkin sübutlara istinad etməlidir, bu sübutlar cinayət işinin materialları hesab olunur və qanunvericiliyə görə həm təqsirləndirilən şəxsin, həm də onun müdafiəçilərinin bu materiallarla tanış olmaq hüququ olsa da, məhkəmə bu materialları nə jurnalistə, nə də onun vəkillərinə təqdim etməyib. Başqa sözlə desək, jurnalistə qarşı irəli sürülmüş bu cür ağır ittihamın nəyə əsaslanmasını və hansı ilkin sübutların olmasını müəyyən etmək mümkün olmamışdır.

Bundan əlavə jurnalistin Azərbaycana verilməsi faktiki deportasiya deyil, ekstradisiya olduğundan, cənab Mirqədirov bu məsələlərlə məşğul olmaq üçün Türkiyədən olan vəkilin tutulması üçün vəsatətlə çıxış edib, lakin jurnalistin adından etibarnamənin verilməsi üçün notariusun təcridxanaya buraxılması istintaq tərəfindən qadağan edilib, bu haldan verilən şikayətlər isə məhkəmələr tərəfindən əsassız olaraq təmin edilməyib.

Sərhədsiz Reportyorlar, Human Rights Watch, ABŞ Helsinki Komissiyası, Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi  və digər təşkilatlar Rauf Mirqədirovun həbsi ilə bağlı öz narahatçılıqlarını bildiriblər. Cənab Mirqədirov ”Həsən Bəy Zərdabi" və Norveçin Fritt Ord təşkilatı ilə Almaniyanın Tsayt-Ştiftunq Fondunun təsis etdiyi “Söz azadlığı” beynəlxalq mükafatını alıb, 2005-ci ildən Azərbaycan Respublikasının əməkdar jurnalistidir. Əvvəllər “Demokratik Azərbaycan”, “Bu gün”, “Millət” kimi qəzetlərdə çalışıb.



  1. Mürsəlli Elsevər Nəsrəddin oğlu


Saxlanma tarixi: 3 oktyabr 2013-cü il

İttiham: CM-nin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə) maddəsi

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

İş üzrə qısa arayış: Xaçmaz rayonundan olan cənab Mürsəlli 2013-cü il 9 oktyabrda keçirilən prezident seçkiləri ərəfəsində sosial şəbəkələrdə, xüsusən Facebook-da aktiv fəaliyyətə başlayıb, hakimiyyət əleyhinə sərt tənqidi statuslar paylaşıb, o cümlədən əksər müxalif qüvvələrin vahid namizədi olmuş Cəmil Həsənliyə dəstək verən mövqe nümayiş etdirib, onun seçki təşviqat materiallarını sosial şəbəkələrdə yaymağa başlayıb.

Cənab Mürsəlli seçki günündən 6 gün əvvəl, yəni oktyabrın 3-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Xaçmazda həbs edilib və Bakıya gətirilib, ona qarşı digər sosial şəbəkə fəallarına olduğu kimi külli miqdarda narkotik maddə satışı ittihamı verilib. Cinayət işinin materiallarında ittihamı sübut edəcək dəlillər mövcud deyil, belə ki, narkotik maddənin cənab Mürsəlli tərəfindən kimə satıldığı müəyyən edilməyib, sadəcə qeyd olunub ki, cənab Mürsəlli yerdə bağlamanın olduğunu görüb, onu götürüb və cibinə qoyub, sonra məlum olub ki, bu narkotik maddədədir. Məhkəmə prosesi zamanı ittiham tərəfinin şahidləri, yəni polislər və hal şahidləri narkotik maddənin tapıldığını bildiriblər, lakin satış məqsədi ilə bağlı ümumiyyətlə heç bir araşdırma aparılmayıb. Cənab Mürsəlli Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 aprel 2014-cü il tarixli qərarı ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi 03 iyul 2014-cü il tarixində bu müddəti azaldaraq 2 ilə endirmişdir.

Sosial şəbəkə fəalı həbs edildikdən sonra saxlandığı Bakı İstintaq Təcridxanasında “Nida” Vətəndaş Hərəkatının həbsdə olan fəalları ilə əyani tanış olub və Nidaya qoşulub, Mürsəlli barədə ictimaiyyətə məlumat da məhz NİDA-çılar tərəfindən 2014-cü ilin mart ayında (həbsindən 5 ay sonra) göndərilib. Cənab Mürsəllinin məsələsi ictimailəşən kimi, məhkəmə qeyri-müəyyən tarixə qədər təxirə saldığı məhkəmə prosesini təcili təyin edərək, hökmü elan edib.


  1. Ramazanov Rəşad Ağaəddin oğlu


Saxlanma tarixi: 9 may 2013-cü il

İttiham: CM-nin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə) maddəsi

Saxlandığı yer: 2 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Dindar olan cənab Ramazanov aktiv şəkildə sosial şəbəkələrdə, xüsusən Facebook-da (https://www.facebook.com/HAQQINqulu777) hakimiyyətin apardığı siyasəti, prezident də daxil olmaqla yüksək rütbəli məmurları tənqid edən mikrobloqlar paylaşırdı. Ona da Azərbaycanda fəallara qarşı geniş şəkildə istifadə edilən narkotik maddə ittihamı irəli sürülüb. Cənab Ramazanov həbs edildikdən sonra qanunsuz olaraq 11 gün müddətində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb, yerli və beynəlxalq təşkilatların çağırışından sonra, o, istintaq təcridxanasına köçürülüb. Tanınmış vəkil Aslan İsmayılov Ramazanovun bu idarədə işgəncələrə və döyülməyə məruz qaldığını bəyan edib və bunun araşdırılması üçün müvafiq qurumlara müraciət edib, lakin bu iddialar nəinki araşdırılıb, İsmayılovun özü polis tərəfindən saxlanılaraq ona bu cür bəyanatları verməməsi, əks halda cəzalandırılacağı ilə bağlı xəbərdarlıq edilib. Bundan bir müddət sonra isə vəkil İsmayılov Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2013-cü il qərarı ilə cənab Ramazanov 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 16 yanvar 2014-cü il tarixində, Ali Məhkəmə isə 14 may 2014-cü il tarixində bu hökmü olduğu kimi qüvvədə saxlayıb.

Cənab Ramazanov Amnesty İnternational təşkilatı tərəfindən “vicdan məhbusu” kimi tanınıb11.


  1. Yaqublu Tofiq Rəşid oğlu


Saxlanma tarixi: 04 fevral 2013-cü il

İttiham: CM-nin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri

Saxlandığı yer: Şəki Penitensiar Müəssisəsi

İş üzrə qısa arayış: Cənab Yaqublu “Yeni Müsavat” qəzetinin əməkdaşı, o cümlədən müxalifətdə olan Müsavat Partiyasının Başqan müavinidir. Mütəmadi olaraq həm çalışdığı qəzetdə, həm də sosial şəbəkələrdə, xüsusən Facebook-da tənqidi yazılarla çıxış edirdi, o cümlədən siyasi fəaliyyətlə də məşğul olurdu.

2013-cü il yanvarın 23-də İsmayılı rayonunda yerli icra hakimiyyəti başçısının istefası tələbi ilə etirazlar keçirilmiş, etirazlar qarşıdurmalara gətirib çıxarmışdır. Cənab Yaqublu hadisədən bir gün sonra yanvarın 24-də müxbir kimi İsmayıllı rayonuna səfərə gəlmiş, şəhər mərkəzində polis tərəfindən saxlanılaraq məcburi şəkildə Bakıya geri qaytarılmışdır.

Cənab Yaqublu məhz İsmayıllı hadisələri ilə bağlı bu rayona səfər etdikdən sonra həbs edilmişdir. Yanvarın 26-dan etibarən ölkədə yayımlanan telekanalların əksəriyyəti Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı məlumata istinad edərək İsmayıllı hadisələrinə REAL Hərəkatının sədri İlqar Məmmədov və jurnalist, Müsavat Partiyasının Başqan müavini Tofiq Yaqublunun səbəb olduğunu bildirərək təqsirsizlik prezumpsiyasını pozmuş və cənab Yaqublunu cinayətkar adlandırmışlar.

Yanvarın 29-da cənab Yaqublu Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılıb, onun İsmayıllı səfəri ilə bağlı izahatı alındıqdan sonra sərbəst buraxılıb. Fevralın 4-də yenidən istintaqa çağırılan cənab Yaqublu barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs qət-imkan tədbiri seçilib, bu həbs indiyə qədər davam edir.

Cənab Yaqublu İsmayıllı rayonuna “Yeni Müsavat” qəzetinin təqdim etdiyi ezamiyyə vərəqəsi əsasında bu qəzetin müxbiri kimi səfər edib, şəhərin mərkəzində digər jurnalistlərlə birgə müşahidə apardıqdan sonra polis tərəfindən saxlanılaraq İsmayıllı rayon Polis Şöbəsinin rəis müavini Şöhrət Kərimovun yanına aparılıb, qısa söhbətdən sonra Yaqublu sərbəst buraxılıb və polisin müşayiəti ilə rayonu tərk edib. Cənab Yaqublunun şəhərin mərkəzində durması və polislər tərəfindən saxlanılması, o cümlədən həmin vaxt heç bir aksiyanın və ya zorakılığın baş vermədiyi jurnalistlər tərəfindən çəkilmiş kadrlarda da aydın şəkildə görünür. Məhkəmə zamanı istintaq cənab Yaqublu ilə eyni ittihamın irəli sürüldüyü İlqar Məmmədovla nə İsmayıllıya səfər etdikdən qabaq, nə də İsmayıllıda olarkən görüşdüyünü və cinayət planlaşdırdığını sübut edə bilməyib.

Hadisələrə görə təqsirləndirilən İsmayıllı sakinləri cənab Yaqublunu tanımadıqlarını məhkəməyə bildiriblər. Cinayət i­­­­şində zərərçəkmiş kimi tanınan bütün şəxslər təqsirləndirilənlərə qarşı heç bir maddi və mənəvi tələblərinin olmadığını öz ifadələrində vurğulayıblar.



Cənab Yaqublu Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il qərarı ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cənab Yaqublu Amnesty İnternational təşkilatı tərəfindən vicdan məhbusu kimi tanınıb12. Avropa Şurasının İnsan Haqları üzrə Komissarı öz hesabatında jurnalistə qarşı irəli sürülmüş ittihamın inandırıcı olmadığını vurğulamışdır13. Avropa İnsan Haqları Məhkəməsi cənab Yaqublunun həbsi ilə bağlı verilmiş şikayəti icraata götürüb.


  1. Zeynallı Əvəz Tapdıq oğlu


Saxlanma tarixi: 28 oktyabr 2011-ci il

İttiham: CM-nin 213.1-ci (vergidən yayınma), 306-cı (məhkəmə qərarlarını icra etməmə) 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri

Saxlandığı yer: 10 saylı Cəzaçəkmə Müəssisəsi

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə