«Dirçəliş XXI əsr».–2010.-№141-142.–S.154-163.
AZƏRBAYCANIN MİLLİ DÖVLƏTÇİLİK TARİXİNDƏ NAXÇIVAN
İsmayıl HACIYEV,
akademik, AMEA Naxçıvan bölməsinin sədri
Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələri olan xalqlarındandır. Azərbaycan xalqı təqribən
beş min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər
Urmiya hövzəsində e.ə. IV minilliyin sonu III minilliyin əvvəllərində yaranmışdı. Burada meydana gəlmiş ən qədim
Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynamışdır. Naxçıvanın da Azərbaycanın
milli dövlətçilik tarixində özünəməxsus rolu olmuşdur.
Naxçıvan Azərbaycanın zəngin tarixə, mədəniyyətə, dünya sivilizasiyasında tanınan mürəkkəb, çətin və
şərəfli inkişaf yolu keçən tarixi bölgələrindən biridir. İstər geosiyasi mövqeyi, istər zəngin tarixi keçmişi, mədəni
irsi və dövlətçilik ənənələrinin zənginliyi ilə Naxçıvan diyarı xüsusi rola və yerə malikdir. Təsadüfi deyildir ki,
"Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin keçirilməsi haqqında ölkə Prezidenti İlham Əliyevin
2009-cu il 6 fevral tarixli sərəncamında qeyd olunduğu kimi, "...çoxəsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan
diyarı çətin, mürəkkəb və eyni zamanda parlaq inkişaf yolu keçmişdir. Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı
cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi
proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir" (1).
Naxçıvan ərazisində ən qədim insanlar daş dövründə, yəni yüz səksən min il bundan əvvəl yaşamışlar.
İbtidai insanlar "Naxçıvanın füsunkar gözəlliyə, təbii zənginliklərə malik çay vadilərində, dağ yamaclarında,
Günnüt dağ-ətəyi zonalarında, Kilid, Daşqala, Ərməmməd, Qazma və b. karst mağaralarında daş dövründə...
yaşayış məskənləri salmışlar" (2. s. 9). İndiki Naxçıvan şəhərinin ilkin yeri, məskəni hesab edilən ikinci Kültəpədən
daş dövrünə aid maddi mədəniyyət nümunələri tapılmışdır. Bifas tipli çaxmaq daşı aləti paleolit dövrünə aiddir. Son
tədqiqatlar "Naxçıvan ərazisində insanların hələ 120 min il bundan əvvəl yaşadıqlarını təsdiq edir" (3).
Yeni araşdırmalara əsasən Naxçıvan ərazisində qala şəhərlər olmuş, yaşayış məskənləri inkişaf edərək şəhər
tipli yaşayış yerlərinə çevrilmişdir. Bu cəhətdən Naxçıvan şəhərinin yaranması diqqəti cəlb edir. Artıq 30 ildən
çoxdur ki, bu barədə müxtəlif mülahizələr söylənilir. Uzun illər bu sahədə tədqiqatlar aparan V.Əliyev Naxçıvan
şəhərinin 3500-4000 il tarixə malik olduğu fikrini irəli sürmüşdür. Lakin bəzi tədqiqatçılar buna qarşı çıxmışdır (5).
Son illərdə Naxçıvan ərazisində aparılan arxeoloji tədqiqatlar, elmi araşdırmalar Naxçıvan şəhərinin yaşı
məsələsində yeni elmi mülahizələr irəli sürülməsinə səbəb olmuş və bunun 5 min ildən artıq olduğunu deməyə əsas
vermişdir. Akademik İ.Həbibbəyli "Naxçıvan şəhərinin yaşı "Beş min il" məqaləsində (4, s. 20-27) Naxçıvanın yer
kürəsindəki ən qədim şəhərlərdən biri olduğu mülahizəsini irəli sürmüşdür: "Naxçıvan şəhərinin tarixi insanlığın
yaranmasının başlanğıc dövrləri ilə bağlıdır. Naxçıvan bəşər sivilizasiyasının ilk şəhər tipli yaşayış məskənlərindən
biridir" (4, s. 25).
Naxçıvan uzun əsrlər ərzində bir-birini əvəz edən Manna, Midiya, Əhəmənilər imperiyası, Atropatena,
Parfiya, Sasanilər, Ərəb xilafəti, Səlcuq və sonrakı dövlətlərin ən inkişaf etmiş əyalətlərindən biri olmuşdur. Bu
dövlətlərin tərkibində Naxçıvan özünəməxsus mövqeyi ilə seçilmişdir. Son illərin arxeoloji tədqiqatları nəticəsində
əldə edilmiş maddi mədəniyyət nümunələri təsdiq edir ki, Naxçıvan Yaxın və Orta Şərqin bir sıra dövlətləri ilə sıx
qarşılıqlı əlaqədə yaşayıb fəaliyyət göstərmiş və inkişaf etmişdir. Tarixin müəyyən dövrlərində Naxçıvan ərazisində
müstəqil, yaxud yarımasılı olan dövlətlər mövcud olmuşdur. Naxçıvanşahlığı, Azərbaycan Atabəylər dövləti,
Naxçıvan xanlığı, Araz-Türk Respublikası, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, Naxçıvan Muxtar
Respublikası və s.
Naxçıvanın tarixinə və müasir dövrünə dair yazılan monoqrafiya, kitab, məqalə və dissertasiyalarda
Azərbaycanın milli dövlətçilik tarixində bu regionun özünəməxsus yeri, rolu və mövqeyi kifayət qədər öz əksini
tapmamışdır. Əlbəttə, mövcud problemin dəqiq tədqiqinə keçmiş siyasi quruluşun ideoloji və sinfi prinsipləri də
ciddi əngəl törətmişdir.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bu problemə də diqqət artırılmışdır. Azərbaycan tarixi
ilə yanaşı, müəyyən bölgələrin və şəhərlərin tarixi də öyrənilməyə başlanılmışdır. Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin sədri Vasif Talıbovun "Uluslararası qaynaqlarda Naxçıvan" beynəlxalq simpoziumdakı çıxışında
qeyd etdiyi kimi "azərbaycanlıların tarixi, ilk növbədə vahid, bütöv Azərbaycanın tarixi deməkdir. Bununla belə,
tariximiz xalqımızın yaşadığı, dövlətlərimizin tarix boyunca fəaliyyət göstərdiyi ərazilərin də tarixi deməkdir.
Ümumiyyətlə, millətin və dövlətin tarixi bölünməzdir, bütövdür, tamdır. Lakin bu məntiqə də inanmaq lazımdır ki,
bütövlükdə Azərbaycanın tarixi onun ayrılmaz tərkib hissəsi olan vilayətlərin, şəhərlərin, kəndlərin, tayfaların,
nəsillərin tarixinin birliyindən, vəhdətindən ibarətdir" (6, s. 11).
Naxçıvan tarixin müəyyən mərhələlərində xarici dövlətlərin işğalı altında olsa da, daim nisbi müstəqilliyini
və dövlətçilik ənənələrini qoruyub saxlamışdır. Naxçıvan əhalisinin mübarizlik əzmi onunla nəticələnmişdir ki,
işğalçılar Naxçıvanın idarə edilməsini bir qayda olaraq yerli hakimlərə həvalə etmişlər (7, s. 20).
Naxçıvan haqqında ilk yazılı məlumata Klavdi Ptolomeyin "Coğrafi təlimnamə" əsərində rast gəlinir:
"Naksuana geniş ərazisi olan Vaspuraqanın mərkəzidir. 37 nahiyədən ibarət bu ölkənin bir nahiyəsini də Naksuana
təşkil edir" (8, s. 12).
Naxçıvan ərazisi eramızdan əvvəl IX əsrdən eramızın III əsrinə qədər Manna, Midiya və Atropatenanın
tərkib hissəsi olmuşdur. Eranın III əsrində Naxçıvan Atropatenanın tərkibində Sasanilər imperiyasının tərkibinə
daxil olmuşdur. Naxçıvanda Sasani canişinliyi yerləşirdi. 654-cü ildə Naxçıvan bölgəsi ərəblər tərəfindən tutuldu.
Ərəb xilafəti dövründə inzibati-ərazi bölgüsü baxımından müəyyən dəyişikliklər baş versə də, Naxçıvan
Azərbaycanın tərkibində qaldı. Naxçıvan bölgəsi tarixən Cənubi Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin
tərkibində olmuşdur.
NAXÇIVANŞAHLIQ (980-1066). IX əsrin II yarısında Azərbaycan ərazisində feodal dövlətləri yarandı.
XII əsrədək Azərbaycanda müxtəlif feodal dövlətləri mövcud olmuşdur. IX əsrin sonlarında Naxçıvan Sacilər
dövlətinin tərkibinə daxil olur və X əsrin 30-cu illərinə kimi onların hakimiyyəti altında qalır. Sonra isə Naxçıvan
Salarilər dövlətinin tərkibinə daxil olur. Əsrin sonlarına yaxın Naxçıvanda müstəqil dövlətlər qurumu -
"Naxçıvanşahlıq" meydana gəlir. M.Şərifli, R.Məmmədov, V.Piriyev və b. bunu müstəqil feodal dövləti kimi
xarakterizə etsələr də, N.Vəlixanlı Naxçıvanşahlığı dövlət deyil, feodal hakimlərin idarə etdikləri əmirlik olduğunu
qeyd edir (9, s. 77-78). V.Əliyevə görə, Naxçıvan X əsrin 80-ci illərindən etibarən "Naxçıvanşahlığı" adlanan
feodallığın paytaxtına çevrilmişdir. Bu feodal dövləti Naxçıvan, Qoltan (indiki Ordubad, Əylis) dövləti və Dvin
ərazisini əhatə edirdi" (2, s. 45). V.Piriyev göstərir ki, Naxçıvanşahlıq Salarilər dövlətinin son vaxtlarında meydana
gəlmiş, Rəvvadilər dövləti ilə yanaşı fəaliyyət göstərmiş və Əbu Duləfilər tərəfindən idarə olunmuşdur. Nəvə Əbu
Duləf sonralar Divini tutmuş, "Naxçıvanşah" titulu qəbul edərək şahlığı idarə etmişdir (10, s 7). Naxçıvanşahlıq 80
ilə yaxın fəaliyyət göstərmiş və feodal dövlətləri sırasında özünəməxsus yer tutmuşdur. Naxçıvanşahlıq öz
fəaliyyətində Rəvvadilərlə əlaqəyə üstünlük vermiş və qərb qoşunlarına qarşı əks mövqedə durmuşdur.
Naxçıvanşahlıq Sultan Alp Arslanın dövründə Səlcuq dövlətinə tabe edilmişdir (11, s. 28).
AZƏRBAYCAN ATABƏYLƏR DÖVLƏTİ (1136-1225). XII əsrin 30-cu illərində Azərbaycan Atabəylər
dövləti meydana gəldi. Yaxın və Orta Şərqin əzəmətli dövlətlərindən olan Azərbaycan Atabəylər dövlətinin
yaradıcısı, zəmanəsinin görkəmli diplomatı və uzaqgörən dövlət xadimi Şəmsəddin Eldəniz idi. O, təkcə dövlətin
deyil, Eldənizlər sülaləsinin də banisi idi. Naxçıvan XII əsrin 30-70-ci illərində Azərbaycan Atabəylər dövlətinin
əsas mərkəz şəhəri, paytaxtı olmuşdur (12, s. 72).
Eldənizlər dövlətinin tərkibinə Azərbaycan, Arran, Naxçıvan, Fars (Əcəm) İraqı, Rey, Həmədan və s.
vilayətlər daxil idi. Akad. Z.Bünyadov yazır ki, Naxçıvan sərhəd vilayəti kimi, xüsusi rejimdə idi. Naxçıvan vilayəti
divan əl-xassə və ya divan əl-əla adlanan Ali divana tabe idi. Atabəylərin xəzinəsi, adətən Atabəyin olduğu yerdə
saxlanılırdı. Əsas xəzinə Naxçıvan şəhəri yaxınlığındakı Əlincə qalasında mühafizə olunurdu.
Azərbaycan Atabəylər dövründə Naxçıvan siyasi, iqtisadi və mədəni cəhətdən xeyli inkişaf etmiş, ticarət
əlaqələri genişlənmişdi. Dövlət 40 ilə yaxın Naxçıvandan idarə olunmuşdur. Bununla əlaqədar "Əcaib-əd-dünya"
əsərində yazılır: "Naxçıvan". Eldənizlərin dövründə tam tərəqqiyə çatdı. Orada padşahlıq iqamətgahı (darülmülk)
yaratdılar və dövlətxana təsis etdilər" (13, s. 209).
Azərbaycan Atabəylər dövlətinin əsl hakimi Şəmsəddin Eldəniz idi. Onun hakimiyyəti dövründə Naxçıvan
Atabəylər dövlətinin əsas iqtisadı, siyasi və mədəniyyət mərkəzi kimi tanınmışdır. Naxçıvan şəhəri dövlətin
həyatında mühüm rol oynamış, həm də çox inkişaf etmişdi. Bu dövrdə Naxçıvan əhalisinin sayına görə Yaxın
Şərqin tanınmış iri şəhərləri ilə eyni səviyyədə olmuşdur. Mənbələrdə yazılır: "Təbrizdən və Bağdaddan sonra
Naxçıvan kimi cəlallı və əzəmətli şəhər yox idi" (14. s. 467). Naxçıvan şəhərində təxminən 150-200 min əhali
yaşamışdır. Şəhərdə çoxlu məscid və mədrəsələr var idi. Əhalinin ictimai tərkibi feodal şəhər zadəganları,
ruhaniləri, sənətkarlar, tacirlər, məmurlar, əsgərlər, nökərlər, şəhər yoxsullarından ibarət idi (12, s. 61).
Naxçıvan şəhəri haqqında "Əcaib-əd-dünya" əsərində yazılır: "Naxçıvan-Azərbaycanda şəhərdir, böyükdür
və əhalisi çoxdur, hündür yerdə yerləşir, çox möhkəmləndirilmişdir. Çoxlu saraylar, şəhərkənarı qəsrlər köşklər və
təmtəraqlı eyvanlar tikilib, şəhərin yanında daşdan qala tikiblər, qalada mədrəsə, məscid inşa ediblər, qalada
şirinsulu bulaq var. Deyirlər ki, yer üzərində bundan çox əhalisi olan şəhər yoxdur; bütün tikililər kəcdən və bişmiş
kərpicdəndir. Köşklərin çoxu qalalar kimi üç və dörd mərtəbəlidir. Şəhərətrafı (savad) çox gözəldir, axar suyu,
bağları və yaşıllığı çoxdur. Araz çayı şəhərin içərisindən axır. Əlahəzrət Eldənizin mübarək zamanında şəhər
özünün ən yüksək əzəmətinə çatdı. Orada hökmdarın iqamətgahı (dar əl-mülk) və hökumət binaları (dövlətxanalar)
tikildi" (13, s. 135-136).
Naxçıvan Eldənizlər dövlətinin paytaxtı olduqdan sonra onun əzəməti daha da artdı. Eldənizlər dövlətinə
bütün Cənubi Azərbaycan, İraqın və İranın bir hissəsi daxil idi. Bu dövlətin sərhədi Kür çayınadək uzanırdı.
NAXÇIVAN TÜMƏNİ (XIII-XIV əsrlər). Naxçıvan XIII-XIV əsrlərdə Azərbaycanın əsas inzibatı-ərazi
vahidlərindən biri idi. Azərbaycan inzibati baxımdan 9 tümənə bölünmüşdü: Təbriz, Ərdəbil, Pişkin, Xoy, Sarab,
Marağa, Mərənd və Naxçıvan. Orta əsrlərdə 10 min döyüşçünü birləşdirən hərbi bölüm, 10 min dinara bərabər pul
vahidi və 10 min əsgər verə biləcək inzibati-ərazi vahidi "tümən" adlanırdı. Naxçıvan tüməninə Azərbaycanın 27 iri
şəhərindən 5-i (Naxçıvan, Ordubad, Azad, Əncan və Makuyə) daxil idi (15, s. 102). Naxçıvan tüməni hazırda
Naxçıvan Muxtar Respublikasının ərazisindən nisbətən geniş ərazini - Araz çayının şimal və cənub sahillərini əhatə
edirdi. Naxçıvan tüməni Makudan Qafan dağlarına qədər olan geniş ərazini əhatə etmiş və Xoy, Mərənd, Pişkin
tümənləri və Qarabağla hüdudlanaraq Göyçə gölü istiqamətində Dərələyəz silsiləsinin şimalına kimi çatırdı. Maku
və Qafan əraziləri də Naxçıvan tüməninə daxil idi. Dvin şəhəri də bu tümənin tərkibində idi (16, s. 99). Naxçıvan
tümənində, həmçinin Vənənd, Qarabağlar, Giran, Culahə, Şahbuz, Şərur və s. yaşayış yerləri, Əlincə, Sürməlı,
Gərni, Tağmar və başqa qala və istehkamlar mövcud olmuşdur.
Naxçıvan tümənini mahal hakimi və tümən əmri idarə edirdi. Şəhərləri isə şəhər hakiminin başçılığı ilə
mütəsərrif, mustovfi, xazin, nazir və s. məmurlar idarə edirdilər.
NAXÇIVAN XANLIĞI (1747-1828 (1840)). XVIII əsrin ortalarında Azərbaycanda kiçik feodal dövlətlər
- xanlıqlar yarandı. Bunlardan biri də Naxçıvan xanlığı idi. Bu dövrdə Naxçıvanda ən hörmətli, tanınmış tayfa
kəngərlilər idi. Nadir şah öləndən sonra Kəngərli tayfalarının başçısı Heydərqulu xan özünü Naxçıvan xanı elan
etdi. Zəngəzur dağlarından Araz vadisinə kimi ərazini əhatə edən xanlığın mərkəzi Naxçıvan şəhəri idi. Xanlıq
inzibati cəhətdən Əlincə, Xok, Dərələyəz, Ordubad, Əylis, Dəstə, Çənənəb və Bəlləv mahallarına bölünmüşdü (17,
s. 23). Xanlığın ərazisində - 2 şəhər Naxçıvan və Ordubad şəhəri mövcud idi.
Müstəqil və yarımasılı olan xanlıqlar dövlətçilik tarixində mühüm yer tutur. T.Svyatoxovski xanlıqlar
dövrünü Azərbaycan tarixində müstəqillik dövrü adlandırıb. Naxçıvan xanlığı çətin mübarizələr nəticəsində yaşayıb
fəaliyyət göstərmişdir. Naxçıvan xanlığının ən çox müttəfiq olduğu xanlıqlar Qarabağ, İrəvan və Maku idi. Bu
xanlıqlarla qohum və dost olan Naxçıvan xanlığı həmişə bu xanlıqlarla sıx diplomatik münasibətlər saxlayırdı.
Tədqiqatçı M.Quliyev "Azərbaycanın dövlətçilik tarixində Naxçıvan xanlığının yeri" məqaləsində (18, s. 48-56)
xanlığın mövqeyini və dövlətçilik tarixindəki oynadığı rolu geniş təhlil etmişdir.
Naxçıvan xanlığı özünün ərazisi, qoşunu, bayrağı, gerbi, pulu və xanlığı idarə edən sülaləsi "Kəngərlilərlə,
şərqdə öz diplomatiyaları və döyüşləri ilə ad-san qazanmış süvariləri ilə məşhur idi. Naxçıvan xanları Naxçıvanın
müstəqilliyi uğrunda siyasət aparırdılar. Bu cəhətdən I Kalbalı xan xüsusilə diqqəti cəlb edir. O, 1787--1795-ci
illərdə Naxçıvanı müstəqil idarə edib, xanlığın hörmət və nüfuzunu artırıb. I Kalbalı xanın siyasətini nəinki qonşu
xanlıqlar. hətta böyük dövlətlər belə qəbul edir və hesablaşırdı. Onun dövründə Naxçıvan xanlığı xeyli
möhkəmləndi və müstəqil dövlətə aid olan əsas atributlar yaradıldı. Naxçıvan xanlığı qonşu xanlıqlarla və güclü
dövlətlərlə dostluq münasibətləri yaratmağa səy göstərirdi.
I Kalbalı xanın sərkərdəlik hünəri və uzaqgörən diplomatiyası işğalçı dövlətləri çox qıcıqlandırırdı.
Naxçıvan xanlığının müstəqilliyini hər şeydən müqəddəs bilən I Kalbalı xan daxili və xarici siyasətində olduqca
fəal və çevik idi (18, s. 51).
Naxçıvan xanlığına 22 il rəhbərlik edən (1787-1820, fasilələrlə) I Kalbalı xan dostluqda sədaqəti,
mübarizələrdə ağıllı siyasəti və cəsarəti ilə seçilmiş, sərkərdəlik məharəti ilə xanlığı qorumuşdur.
Şimali Azərbaycan xanlıqları kimi Naxçıvan xanlığı da Rusiya tərəfindən ilhaq edildi. Ehsan xanın
xidmətləri nəzərə alınaraq naib kimi 1840-cı ilə qədər formal da olsa xanlığı idarə etmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xanlıqlarının, o cümlədən Naxçıvan
xanlığının dövlətçilik tarixində tutduqları mövqedən bəhs edərək demişdir: "Azərbaycan xanlıqları bölünən
dövründə "hər bir xanlıq Azərbaycan dövlətçiliyinin nümunəsidir, biz bu xanlıqları tarixi nöqteyi-nəzərdən belə
qəbul edirik. Naxçıvan xanlığı yaranıbdı. Naxçıvan xanlığı da Atabəylər dövlətçiliyinin davamı kimi özünü
göstəribdir. İrəvan xanlığı, Naxçıvan xanlığı, Azərbaycanın başqa bölgələrinin xanlıqları "bu xanlıqlar Azərbaycan
dövlətçiliyini təmsil ediblər, Azərbaycanı qoruyub yaşadıblar".
ARAZ-TÜRK RESPUBLİKASI (03.11.1918-12.04.1919). Araz-Türk Respublikasının yaranması bölgədə
ağır tarixi-siyasi şəraitlə bağlı idi. Osmanlı ordu hissələrinin Mudros müqaviləsinin şərtlərinə görə bölgəni tərk
etmələri və mahalın əhalisinin erməni-daşnaqların təcavüzü, soyqırımı siyasəti ilə üz-üzə qalması, burada güclü
dövlət qurumunun və nizami hərbi qüvvələrin təşkilinə ciddi ehtiyac yaratmışdı. Azərbaycandan müvəqqəti olaraq
ayrı düşən Naxçıvanı qoruyub saxlamaq, əhalinin təhlükəsizliyini təmin etmək bu hökumətin başlıca məqsədi idi.
Araz-Türk Respublikasının hüdudları Naxçıvan, Şərur-Dərələyəz və Ordubad qəzalarmı, habelə Sərdarabad,
Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və s. əhatə etməklə (19, s. l 12) ərazisi 8696 kv.km. idi (20, s. 33).
Mərkəzi Naxçıvan şəhəri, əhalisi isə bir milyon nəfərə yaxın idi.
Araz-Türk Respublikasının bir sıra dövlət strukturları hakimiyyət orqanları mövcud olmuşdur. Hökumət
rəisi naxçıvanlı Əmir bəy Əkbərzadə, hərbi nazir isə Cahangiroğlu İbrahim bəy seçildi (20). Cahangiroğlu İbrahim
bəyin köməyi ilə qısa müddətdə silahlı qüvvələr təşkil olundu "20 tabor (batalyon) yaradıldı. Araz-Türk
Respublikasının rəhbərliyi hərbi müdafiə problemlərinin həllində Türkiyənin yardımından istifadə etmişdi. Xəlil
bəy Türkiyə dövlətinin Araz Respublikası hökuməti yanındakı daimi hərbi müşaviri idi.
Araz-Türk Respublikası Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx əlaqələr yaratmağa çalışmışdır Bu
hökumətin rəsmi nümayəndəsi Paşa Əliyev Azərbaycan Parlamentinin açılışında iştirak etmişdi. Tərkibinə Hüseyn
Cavidin də qatıldığı Araz-Türk Respublikasının nümayəndə heyəti Xalq Cümhuriyyətinin rəhbərləri ilə görüşmüş
və müəyyən məsləhətləşmələr aparmışdı. Lakin AXC-nin düşdüyü ağır vəziyyət onun Araz-Türk Respublikasına
yetərincə kömək göstərməsinə imkan verməmişdir.
Bununla belə, Araz-Türk Respublikasının qısamüddətli fəaliyyəti tariximizdə və bölgənin taleyində böyük
tarixi əhəmiyyətə malik idi. Bu respublika Şimali Azərbaycan üçün çox ağır və gərgin bir dövrdə Naxçıvan bölgəsi
və çevrəsinin türk-müsəlman əhalisinin erməni işğalçılarına qarşı mübarizəyə səfərbərliyə alınmasında mühüm rol
oynadı. Ən başlıcası isə, bu ərazilərin erməni daşnaqlarının əlinə keçməsinə imkan vermədi (21, s. 33).
NAXÇIVAN MSSR (9 fevral 1924-17 noyabr 1990). Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli
hökumət düşdüyü çətin və mürəkkəb vəziyyət ucbatından Naxçıvana yetərincə diqqət yetirə bilmirdi. Bundan
istifadə edən erməni daşnaqları Azərbaycanın qədim torpağı Zəngəzuru işğal etdilər. Onların əsas məqsədi
Naxçıvanı "böyük Ermənistan"a birləşdirmək idi. Lakin Naxçıvan diyarı əhalisinin inadlı müqavimətləri nəticəsində
buna imkan verilmədi.
Türkiyə ilə Rusiya arasında bağlanan Moskva müqaviləsinə (1921, 16 mart) əsasən Naxçıvana
Azərbaycanın tərkibində muxtariyyət statusu verildi. Qars müqaviləsi (1921,13 oktyabr) ilə Cənubi Qafqaz
respublikaları bunu etiraf etdi və Türkiyə ilə müqavilə imzaladılar.
1921-ci ilin sentyabrında Naxçıvan SSR Xalq Komissarları Soveti təşkil edildi. 1922-ci ilin yanvarında
Naxçıvan SSR Mərkəzi İcraiyyə Komitəsi yaradıldı (22). Naxçıvan 1920-1923-cü illərdə Naxçıvan SSR
adlanmışdır. Totalitar sovet rejiminin təzyiqi altında Naxçıvanın hüquqları məhdudlaşdırılaraq Naxçıvan Muxtar
diyarına çevrilmişdir (1923-1924). Azərbaycan SSR MİK-in 9 fevral 1924-cü il tarixli dekreti ilə Naxçıvan MSSR
təşkil edildi. Qeyd etməliyik ki, Naxçıvan 1921-ci ildən Azərbaycanın muxtar qurumu kimi idarə olunurdusa da,
30-cu illərin ortalarına qədər o, bütün rəsmi sənədlərdə Naxçıvan SSR adlandırılmışdır.
Naxçıvan Muxtar Respublikası yarandıqda onun sahəsi Naxçıvanın tarixi ərazisinin yalnız 5.998 kv.km-ni
əhatə edirdi. 1929-cu ildə isə Zaqafqaziya MİK-in qərarı ilə Naxçıvanın 657 kv.km ərazisi (9 kənd) Ermənistana
verildi (23, s. 95).
1924-cü ildə Naxçıvan MSSR-də 3 qəza və 12 dairə təşkil olundu. 1925-ci ildə qəzalar ləğv edildi, 8 dairə
saxlanıldı (21, c. 2, s. 95). 1930-cu ildə 6 rayon yaradıldı: Şərur, Naxçıvan, Culfa, Ordubad, Şahbuz, Əbrəqunus.
1948-ci ildə Culfa rayonu Əbrəqunus rayonu ilə birləşdirildi. 1990-cı ildə Sədərək rayonu, 2004-cü ildə isə
Kəngərli rayonu təşkil edildi. Hazırda 7 inzibati rayon mövcuddur.
Naxçıvanın muxtariyyət statusunun hüquqi bazasının yaradılması 1924-cü ildə Naxçıvan MSSR haqqında
Əsasnamənin qəbulu ilə başlanmışdır. Əsasnaməyə görə, Naxçıvan Azərbaycan SSR-in tərkib hissəsi kimi, ona
muxtar respublika hüququnda daxil olurdu. Naxçıvan MSSR-in Konstitusiyaları da Naxçıvanın muxtar ərazi
statusunu möhkəmləndirdi.
Naxçıvan MSSR həyatın bütün sahələrində - sosial-iqtisadi, ictimai-siyasi həyatında, mədəni-maarif, elm,
təhsil, səhiyyə sahəsində böyük nailiyyətlər əldə etmişdir. Keçən əsrin 70-ci illərində muxtar respublikada sənaye
və tikinti sahələrinin şəbəkəsi genişlənmiş, yeni-yeni sənaye sahələri yaradılmış, yaşayış massivləri-mikrorayonlar
salınmışdır. 1980-ci ilin sonuna yaxın məhsul istehsalı 1924-cü ilə nisbətən 180 dəfədən çox artmışdır (23, s. 97).
NAXÇIVAN MUXTAR RESPUBLİKASI (17 noyabr 1990). XX əsrin 80-ci illərinin sonuna yaxın
ölkədə ictimai-siyasi vəziyyət mürəkkəb xarakter aldı. Bundan istifadə edən ermənilər Dağlıq Qarabağı və
Naxçıvanı ilhaq etmək üçün əvvəlcə dinc yolla, sonra isə silahlı mübarizə yolu tutdular. Bu sahədə SSRİ rəhbərləri,
şəxsən M.Qorbaçov ikili siyasət yeridir, erməniləri müdafiə edirdi. Bu isə ölkədə milli münaqişələri qızışdırırdı.
SSRİ rəhbərlərindən müdafiə olunan Ermənistan Azərbaycana qarşı silahlı mübarizəyə başladı.
1990-cı il yanvarın 20-də Sovet Ordusu Bakıda dinc əhaliyə divan tutdu. Bundan bir neçə saat əvvəl isə
Naxçıvan erməni təcavüzkarlarının hücumuna məruz qaldı. Azərbaycan ilk şəhidlərini Naxçıvanda verdi. Kərki
kəndi ermənilər tərəfindən işğal olundu. Naxçıvanda muxtar respublikanın SSRİ-nin tərkibindən çıxması haqqında
müstəsna qərar qəbul edildi. Moskvada isə 1990-cı il 20 yanvar qırğınına ilk düzgün siyasi qiyməti həmin faciənin
səhəri günü Heydər Əliyev verdi.
1990-cı il iyulun 22-də Heydər Əliyev Naxçıvana gəldi. Naxçıvanlılar ulu öndəri çox böyük sevgi və
alqışlarla qarşıladılar, bir qədər sonra isə onu Azərbaycan SSR və Naxçıvan MSSR parlamentlərinə deputat
seçdilər.
1990-cı il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin Heydər Əliyevin sədrliyi ilə keçən sessiyasının
çox böyük tarixi əhəmiyyəti oldu. Sessiyada "milli dövlətçilik ənənələrimizin dirçəldilməsi, muxtar respublikanın
adından "sovet", "sosialist" sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan
Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması, 1990-cı ilin 19-20 Yanvar faciəsinə siyasi qiymət
verilməsi" (24, s. 205) və s. qərarları xalqımız tərəfindən ruh yüksəkliyi ilə qarşılandı.
Ulu öndərin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi, 1991-ci il sentyabrın 3-də
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi Naxçıvanı ermənilərin işğal təhlükəsindən,
muxtariyyəti ləğv edilməsindən xilas etdi.
Naxçıvanda sovet hakimiyyəti ləğv edildi. Heydər Əliyevin rəhbərliyi ilə "Naxçıvan Muxtar Respublikası
tarixinin məna və mahiyyətinə görə... fərqlənən iki dövrü bir-birindən ayrılırdı: sovet dövrü başa çatır. müstəqillik
dövrü başlanırdı" (25, s. 98).
Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. 1995-ci il
noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Naxçıvan
Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir və onun statusu bu Konstitusiya ilə
müəyyən edilir (26, s. 89). Azərbaycan Respublikasının Konstitusiyası əsasında Naxçıvan Muxtar Respublikasının
yeni Konstitusiyası hazırlandı. Bu Konstitusiya Ali Məclisin 1998-ci il aprelin 28-də keçirilən sessiyasında qəbul
olundu və həmin il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi.
Konstitusiyanın ilk maddəsində göstərilir: "Naxçıvan muxtar dövləti Azərbaycan Respublikası tərkibində
demokratik, hüquqi, dünyəvi muxtar respublikadır. Naxçıvan Muxtar Respublikasının statusu Azərbaycan
Respublikasının Konstitusiyası, 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars beynəlxalq müqavilələri
müəyyən edir" (27, s. l 1).
Naxçıvan Muxtar dövləti müstəqillik dövründə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş
inkişaf strategiyası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən uğurla davam
etdirilir. 1995-ci ildən Naxçıvana rəhbərlik edən V.Talıbov məqsədyönlü fəaliyyəti ilə muxtar respublikanın
hərtərəfli inkişafına nail olmuşdur. Naxçıvan Muxtar Respublikası tarixin heç bir mərhələsində indiki qədər inkişaf
etməmiş, uğur qazanmamışdır.
Beləliklə, yuxarıda qeyd olunanlardan bir daha aydın olur ki, Naxçıvan Azərbaycanın dövlətçilik tarixində,
qədim dövlətçilik ənənələrinin qorunub saxlanılmasında mühüm rol oynamışdır. "Naxçıvan Muxtar Respublikasının
85 illik yubileyinin keçirilməsi haqqında"kı sərəncamda göstərildiyi kimi, "Naxçıvan Muxtar Respublikası bu gün
milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual
potensialının gücləndirilməsinə dəyərli töhfələr verir" (1, 2009, 7 fevral).
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1. "Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Prezidenti
İlham Əliyevin Sərəncamı // Azərbaycan, 7 fevral 2009
2. Əliyev V. Naxçıvan. Bakı: XXI əsr Yeni nəşrlər evi, 2002. 320 s.
3. Cəfərov Ə. Azərbaycanın ilk sakinləri. Bakı: Elm, 2004
4. Həbibbəyli İ. Naxçıvan şəhərinin yaşı "beş min il "Naxçıvan Muxtar Respublikasının yaranması: tarix və
müasirlik". Bakı: Nurlan, 2007, 406 s.
5. Annes H. K вопросу о возрасте города Нахчывана. Naxçıvan Muxtar Respublikası / Məqalələr
toplusu. Bakı: Elm, 1999, 184 s.
6. Naxçıvan tarixinin səhifələri / "Uluslararası qaynaqlarda Naxçıvan" beynəlxalq simpoziumun
materialları. Bakı, 1996, 222 s.
7. Cəfərzadə İ. Naxçıvanın tarixi və dövlətçilik ənənələri. "Azərbaycan Dövlət Neft Akademiyasının Elmi
əsərləri. Bakı, 1999, №3, s. 19-26
8. Klavdi Ptolomey. Coğrafi təlimnamə. II kitab. Budapeşt: K.Müllerin nəşri, 1929, s. 22
9. Vəlixanlı N. Naxçıvan ərəblərdən monqollaradək (VII-XII əsrlər). Bakı: Elm, 2005, 152 s.
10. Piriyev V. Azərbaycanın qədim diyarı Naxçıvan / AEA-nın Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası),
1999, №2, s. 5-12
11. Şərifli M. Naxçıvanşahlıq / AEA-nın Xəbərləri. Bakı, 1966, № 9, s. 27-32
12. Məmmədov R. Naxçıvan şəhərinin tarixi oçerki. Bakı, 1977, 158 s.
13. Əcaib-əd-dünya. AMEA TİEA, fotosurəti, inv. №3831
14. Məhəmmə ibn Hinduşah Naxçıvani. Dəstur-əl-katib fı təyin əl-məratib. Moskva, 1971, I c, II h.
15. Həmdullah Qəzvini. Nüzhət əl-qulub. Tehran, 1336 h.q. (farsca). Sitat B.Piriyevin "Naxçıvan tarixindən
səhifələr" kitabından götürülmüşdür. Bakı, 2004, s. 24
16. Piriyev V. Azərbaycanın tarixi-siyasi coğrafiyası. Bakı: Müəllim, 2006, 148 s.
17. Əliyev F., Əliyev M. Naxçıvan xanlığı. Bakı, 1996
18. Naxçıvan Muxtar Respublikasının yaranması: tarix və müasirlik / Elmi konfransın materialları. Bakı:
Nurlan, 2007, 406 s.
19. Musayev 1. Araz-Türk Respublikası. Naxçıvan / Bakı Universiteti xəbərlərinin xüsusi buraxılışı. Bakı,
1999, №3, s. 107-121
20. Naxçıvan tarixi atlası. Bakı, 2009, 44 s.
21. Nazim Mustafa. Milli mücadilə qəhrəmanı "İbrahim bəy Cahangiroğlu // Xalq qəzeti, 30 may 1998
22. Naxçıvan ensiklopediyası. İki cilddə, c. l. Bakı, 2005, 361 s.
23. Paşayev A. Naxçıvan muxtariyyəti necə yarandı // Azərbaycan, 25 sentyabr 1999
24. Naxçıvan Muxtar Respublikası. Bakı, 2001, 222 s.
25. Mahmudov Y. Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti. Bakı: Təhsil, 2002, 328 s.
26. Mahmudov Y. Şükürov K. Naxçıvan: tarixi və abidələri. Bakı: Təhsil. 2007, 216 s.
27. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Azərbaycan, 1997, 112 s.
28. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası. Naxçıvan, 1996, 96 s.
NAKHCHIVAN IN HISTORY OF NATIONAL STATEHOOD OF AZERBAIJAN
İsmayil Gadjiyev.
The work makes politological research of key historical stages of forming and peculiarities of development
of state building in Azerbaijan in the context of the role of traditions of statehood of Nakhchivan in national
political processes. The author while analyzing state-legal specificity of functioning of historical state institutions
and forming ethno-political communities in the region, the processes of establishing inner political stability in
modern autonomy, the author pays special attention to the achievements of social-economic development of
Nakhchivan.
НАХЧЫВАН В ИСТОРИИ НАЦИОНАЛЬНОЙ
ГОСУДАРСТВЕННОСТИ АЗЕР БАЙДЖАНА.
Исмаил Гаджиев
В работе проводится политологическое исследование ос новных исторических этапов становления и
особенностей развития государственного строи тельства в Азербайджане, в контексте роли традиций
государственности Нахчывана в нацио нальных политических процессах. Автор, рассматривая
государственно-правовую специфи ку функционирования исторических государственных образований и
формирования этнополитических сообществ в крае, процессы установления внутриполитической
стабильности в современной автономии, особо останавливается на достижениях социально-экономического
развития Нахчывана.
Dostları ilə paylaş: |