Azərsu” asc-nin sədri Qorxmaz Hüseynovun Aztv-nin “Günün nəbzi” proqramına müsahibəsi



Yüklə 33,02 Kb.
tarix25.06.2018
ölçüsü33,02 Kb.
#51288

Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun

AzTV-nin “Günün nəbzi” proqramına müsahibəsi (02 avqust 2011-ci il)

Aparıcı: İsti dövrdür, içməli suya tələbat artıb. Bununla bağlı ölkədə ümumi vəziyyət necədir?
Q.Hüseynov: Bildiyiniz kimi hazırda Abşerona 4 mənbədən - Xaçmaz, Kür, Ceyranbatan və Oğuzdan ümumilikdə saniyədə 22,5 kubmetr su nəql olunur. Bunun 15,5 kubmetri Bakı şəhərinə daxil olur, yerdə qalanı isə magistral kəmərlər boyu yaşayış məntəqələrinə verilir. Son vaxtlar havaların isti keçməsilə əlaqədar istehlakçıların suya olan tələbatı artıb. Bu səbəbdən də “Azərsu” ASC-nin əməkdaşları Bakı şəhərinə daxil olan 15,5 kubmetr suyun paylanması üçün gərgin şəraitdə çalışır. Şəhərin mərkəzi hissələrində və əsas rayonlarında suyun verilməsində ciddi problemlər yoxdur. Biz vaxtaşırı daxil olan şikayətlər, məktublar, eləcə də “Qaynar xətt”ə gələn məlumatlar əsasında təhlillər aparırıq və məlum olur ki, şəhərin mərkəzi hissəsinin su təchizatı tam normaldır. Səbail, Nəsimi, Yasamal, Nərimanov, Xətai rayonları ərazisində əhali fasiləsiz su ilə təmin olunub. Hazırda içməli su təchizatında müəyyən qədər gərginlik olan, problem yaşanan sahələr Bakıətrafı kənd və qəsəbələri əhatə edir. Hansı ki, bu ərazilər suyu Ceyranbatandan Maştağa su anbarınadək uzanan iki xətdən alır. Diametri 1200 mm olan bu xətlər üzərində həddindən çox istehlakçı var. Demək olar ki, Masazırdan başlayaraq Şüvəlan və Mərdəkana qədər böyük bir ərazini əhatə edir. Təbii ki, havaların həddən artıq isti keçməsi, həmçinin həmin ərazilərdə yaşayan əhalinin böyük əksəriyyətinin həyət evlərində yaşaması - yəni bunların məişət problemləri ilə yanaşı təsərrüfatlarının suvarılması ilə də bağlı problemləri ödəməlidirlər – bu baxımdan xəttə verilən suyun həcmi istehlakçıların tələbatından aşağıdır. Ona görə də suyu xüsusi qrafiklərlə verməyə çalışırıq ki, hər bir abunəçiyə su çatsın.

Suyun qrafiklərlə çatdırılmasının özündə də problemlər yaşanır. Səbəblərdən biri odur ki, magisrtal xətlər suyu bir məntəqədən digər məntəqəyə nəql etməyə hesablanıb. Lakin bizim magistral xətlər bu gün tamamilə şəbəkə funksiyasını yerinə yetirir. Yəni bu magistral xətlərin üzərində on minlərlə birləşmələr var və demək olar ki, magistral kəmərin funksiyası dəyişib, bu, artıq magistral kəmər deyil, şəbəkə rolunu oynayır. Nəticədə bu şəbəkə ilə verilən suyun idarə olunması da mürəkkəbləşir. Magistral su xətlərinin üzərindəki qanunsuz tikililər də əhalinin su təminatında problemlər yaradır. Belə ki, xəttə verilən suyun həcmini artırmaq üçün təzyiq artırılmalıdır, təziqlər artırıldıqda isə qanunsuz birləşmələrin hər biri su xətlərinin istismar riskini artırır və nəticədə qəzalar baş verir. Qəzalar baş verdikdə isə evlərin, hansısa qanunsuz obyektin altından keçən xətlərin bərpa olunması günlərlə vaxt aparır. Nəticə etibarilə biz daha böyük problemlə qarşılaşırıq və əhalinin su təchizatında daha uzunmüddətli fasilələr yarana bilir.

Su təchizatında hər hansı layihə həyata keçirilərkən qarşıdakı 15-20 illik hədəf nəzərə alınır. Hazırda Bakı şəhərini su ilə təmin edən kəmərlər istismar müddətinin başa vurmaqla yanaşı, həmin kəmərin buraxdığı suyun həcmi də nəzərdə tutulduğundan yüksək deyil. Son illərdə Bakı şəhərinin sürətli inkişafı suyun həcmi ilə istehlakçların tələbatı arasında bir uyğunsuzluq yaradıb. Bu gün əhalinin su təminatının tamamilə yaxşılaşdırılması üçün biz Bakı şəhəri daxilində yeni kəmərlərin inşasına başlamalıyıq və artıq bu istiqamətdə işlər aparılır.

Hazırda Yasamal və Səbail rayonlarında əhalinin 85 faizi, Nəsimi, Nərimanov və Binəqədidə 75 faizə qədəri, Nizami və Xətai rayonlarında isə 50 faizə qədəri daimi su alır. Belə deyək ki, Oğuz-Qəbələ-Bakı xətti ilə birbaşa qidalanmaya qoşduğumuz şəbəkələrin əksər hissəsində daimi su təchizatı var. Təbii ki, fasiləsizliyin 100 faizə çatdırılması bizim həfəfimizdir və cənab Prezident İlham Əliyev “Azərsu” ASC qarşısında konkret olaraq bu hədəfi qoyub. Hədəf çox sadədir, Azərbaycan əhalisi 24 saat təmiz və keyfiyyətli su ilə təmin olunmalıdır. Hədəf özlüyündə sadədir, konkretdir, əhalinin sosial durumuna tam cavab verə bilən hədəfdir. Lakin bunun yerinə yetirilməsi kifayət qədər gərgin əmək tələb edir. Mən ümidvaram ki, biz qısa zamanda Bakı şəhərinin və Bakıətrafı kənd və qəsəbələrdə bu hədəflərə nail olacağıq. Artıq proqram qəbul olunub, 2013-cü ilin sonuna qədər başa çatdırılmalıdır. Amma digər regionların su probleminin həlli üçün cənab Prezidentin dediyi kimi 4-5 il hədəf seçilib.



Aparıcı: Oğuz-Qəbələ-Bakı su kəmərinin işə düşməsini istehlakçı olaraq biz özümüz də evdə hiss edirik - su daha təmizdir və soyuqdur – bu az əhəmiyyətli deyil. Bütövlükdə Bakı şəhərində nə dəyişib?
Q.Hüseynov: Oğuz xəttinin 2010-cu ilin sonunda cənab Prezidentin rəhbərliyi ilə istismara verilməsi Bakı şəhərinin su təchizatında güclü bir dəyişikliyə səbəb oldu. Bu gün Bakıya bu kəmərlə saniyədə 4,3 kubmetr su verilir. İlin sonuna qədər isə bu, 5 kubmetrə çatdırılacaq. Amma burada söhbət daxil olan suyun həcmindən getmir, bunun özü də böyük bir rəqəmdir. Ən əsası daxil olan suyun özüaxımlı rejimdə şəhərə verilməsi məsələsidir. Yəni bu gün bizim digər mənbələrdən – həm Xaçmazdan, həm Kürdən, həm də Ceyranbatandan Bakı şəhərinə gələn su təzyiqli qurğular vasitəsilə vurulur. Oğuzdan gələn su isə özüaxımlıdır.
Aparıcı: Bu, suyun keyfiyyətinə təsir etmir?
Q.Hüseynov: Xeyr, bu, suyun bilavasitə kefiyyətinə təsir etmir. Bu, suyun paylanmasında və rejimlərdə özünü daha çox göstərir.
Aparıcı: Xərcləri də azaldır...
Təbii ki, xərcləri də azaldır – bu, məsələnin bir tərəfidir, mən xərclərin azalmasını demirəm. Sadəcə bu gün Bakının Oğuz suyu alan hissəsinin hamısı əvvəllər Ceyranbatan, yaxud da Kür vasitəsilə qidalanırdı. Həmin ərazilərə verilən suyun hamısı artıq digər istiqamətlərə yönləndirilib. Oğuz kəmərinin ikinci böyük təsiri odur ki, ötən il yayın bu vaxtında çox ciddi bir gərginlik vardı, yəni biz əhaliyə su catdırmaq üçün xətlərdə təzyiqləri qaldırırdıq. Təzyiqləri artırmaq isə bayaq dediyim kimi, ciddi qəzalara səbəb olurdu və bu qəzaların aradan qaldırılması çox böyük vaxt aparırıdı. Qəzadan sonra xəttin hidravlik rejiminin bərpa olunması özü də xeyli vaxt aparırdı. Bu gün bizim digər magistral xətlərin hidravlik iş rejimləri normallaşıb. Yəni bizim təchizatda bir stabillik yaranıb. Təbii ki, bayaq söylədim, müəyyən yerlərdə su fasilələrlə verilir, müəyyən yerlərdə problemlər var. Amma ümumən bur stabillik yaranıb. Bu da həmin Oğuz suyunun Bakıya verilməsinin nəticəsidir. Havalar həddən çox isti keçir, may ayı ilə müqayisədə su istehlakı 35 faizdən çox artıb. Təbii ki, tələbat da artıb. Amma bu istilər tələbatı bir az da artırıb. Bilirsiniz, insanların da su tələbatı arta bilər, canlıların, bitkilərin də. Bir fərq var ki, insanın suya tələbatı artdıqda o sərinlikdə, kölgəlikdə otura bilir, amma bitkiləri yalnız və yalnız su ilə qoruya bilirik. Nəticədə daha böyük həcmdə su bitkilərin qorunmasına sərf olunur.
Aparıcı: Sənaye müəssisələrində də istehlak arta bilər...
Q.Hüseynov: Təbiidir, isti olan, bağlı hər bir sahədə, xüsusən də yaşıllıq sahəsi olan yerlərdə suya tələbat həmişə olur.
Aparıcı: Çox maraqlıdır ki, Sizin 35 faiz belə rezervləriniz var, ehtiyac artdıqda onları təmin edə bilirsiniz?
Q.Hüseynov: Bəli, bu gün bizim rezervlərimiz var. Yəni bizim bu gün Kür xəttindən suyun həcmini artırmaq imkanımız var, Ceyranbatandan əlavə 1 kubmetr həcmində su götürmək imkanımız var. Lakin mövcud kommunikasiya, bu gün şəhər içərisində əlavə su verməyə ehtiyac yoxdur. Digər istiqamətlərə isə su vermək artıq bir günün-beş günün işi deyil, 40 kilometrlərlə böyük diametrli boru xətləri çəkilməlidir. Bu, böyük bir layihədir.
Aparıcı: Oğuz-Qəbələ-Bakı kəməri tam gücü ilə nə vaxt işləyəcək və orada kifayət qədər su ehtiyatı varmı? Bu barədə müxtəlif söhbətlər var...
Q.Hüseynov: Bəli, bu barədə biz də tez-tez müşahidə edirik, mətbuatda yazılar dərc olunur. Lakin Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsilə verilən suyun həcmi istismar qaydalarına uyğun olaraq, 2011-ci ilin sonuna 5 kubmetrə çatdırılacaq ki, bu, onun layihə gücüdür. Qaldı ki, Oğuz mənbəsində suyun həcmi, bu hətta hesablandığından da artıqdır. Oğuzda 78 istismar quyusu, 20 müşahidə quyusu qazılıb. Hazırda 78 istismar quyusunun ortalama 65-i istismardadır. Orada quyuların məhsuldarlığı saniyədə 70 litr gözlənilirdi. Lakin bizim orada 36-dan çox quyumuzun məhsuldarlığı saniyədə 70 deyil, 130 litrə qədərdir, yəni gözlənildiyindən 2 dəfə artıqdır. Eyni zamanda biz müşahidə quyuları vasitəsilə quyularda dinamikanı müşahidə edirik, quyuların iş dinamikası layihədə nəzərdə tutulduğundan yaxşıdır. Yəni Oğuzda hər şey nəzarətdədir, su potensialı, su ehtiyatı kifayət qədərdir və saniyədə 5 kubmetr suyun gətirilməsində heç bir problem yoxdur.
Aparıcı: Bakətrafı qəsəbələrdə hansı layihələr həyata keçirilir?
Q.Hüseynov: Bayaq dediyim kimi, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın içərisində “Azərsu”-nun da təqdim etdiyi bir proqram var. Yəni su və kanalizasiya sisteminin yaxşılaşdırılması, yenidən qurulması üçün bir proqram qəbul olunub. 2011-ci ildə büdcənin dürüstləşməısində bu məqsədlər üçün vəsait nəzərdə tutulub. Həmin vəsait hesabına biz əsasən, Bakıətrafı kənd və qəsəbələrin su təchizatını tamamilə yenidənqurulması üçün layihə işlərinə başlamışıq. Yəni hər bir kəndin ayrılıqda su və kanalizasiya sisteminin yenidən qurulması layihələri hazırlanır. Bununla yanaşı həmin bu kəndləri su ilə təmin edən magistral xətlər çəkiləcək. Həttə biz nəzərdə tuturuq ki, bu gün biz Ceyranbatanda ən son texnologiyalarla saniyədə 6 kubmetr gücü olan yeni sutəmizləyici qurğu tikək. Çünki Ceyranbatandakı sutəmizləyici qurğulardan 2-si nisbətən yenidən qurulub, biri isə tamamilə köhnəlmiş vəziyyətdədir. Ona görə də biz burada yeni bir təmizləyici qurğu tikməyi planlaşdırmışıq və artıq layihələndirmə işləri gedir. Yeni qurğuda təmizlənəcək su yenə də Bakı şəhərinə veriləcək. Eyni zamanda biz Ceyranbatandan başlayaraq Masazır, Pirşağı, Novxanı, hətta Pirallahıya qədər yeni kəmər tikəcəyik. Uzunluğu 150 kilometr, diametri 800-1400 millimetr olan magistral kəmərə veriləcək suyun optimal idarə olunması və elektrik enerjisinə qənaət edilməsi məqsədilə ümumi həcmi 200 min kubmetr olan 10 su anbarının tikintisi planlaşdırılır. Paylayıcı kəmərlərin və anbarların inşası Abşeron yarımadası üçün əlavə su şəbəkəsi yaradacaq  ki, bu da Bakı şəhərinin mövcud kəmərlərdən su alan zonalarının daha etibarlı şəkildə su təminatının aparılmasına imkan verəcək. 2012-ci ilə artıq bütün kənd və qəsəbələrdə sürətli tikinti işləri həyata keçiriləcək. Cünki 2013-cü ilin sonunda bütün bu işlər tamamilə başa çatdırılmalıdır. O cümlədən kanalizasiya.
Aparıcı: Bu, çox böyük bir işdir, eyni zamanda çox bahalı bir işdir...
Q.Hüseynov: Təbii ki, kanalizasiya həm normalarına, həm də istismar qaydalarına görə mürəkkəbdir. Tutaq ki, su xətti normal halda yerin üzərindən 1 metr dərinlikdə gedirsə, kanalizasiya 2-3 metr dərinlikdə olmalıdır. Biz nəzərdə tuturuq ki, bütün xətlər maksimal dərəcədə özüaxımlı rejimdə çalışsın. Çünki “Azərsu”yun su istehsalı və təchizatında əsas xərcini elektrik enerjisi aparır. Suyun maya dəyərinin 35-40 faizə qədəri elektrik enerjisinin payına düşür. Ona görə də biz çalışırıq ki, imkan olan yerlərdə özüaxımlı rejimə keçək. Bu baxımdan kanalizasiya xətlərinin tikintisi daha mürəkkəbdir və işin həcmi daha böyükdür. Düşünürəm ki, burada dislokasiya da böyük olduğundan biz podratçı şirkətləri işə cəlb etməklə qısa zamanda proqramın icrasını təmin edəcəyik.
Aparıcı: Əvvəllər yığımda bir problem vardı. Ancaq sonra bu sahədə bir dönüş yaratmaq mümkün oldu. İndi vəziyyət necədir?
Q.Hüseynov: Cənab Prezidentin fərmanı ilə 850 min əhali koteqoriyasını əhatə edən istehlakçının 294,2 milyon manat həcmində borcu silindi. Bu borc silinən zaman “Azərsu” ASC-nin üzərinə belə bir məsuliyyət qoyuldu ki, bundan sonra yığım 100 faiz olmalıdır. Çox təəssüf ki, biz bu gün əhali koteqoriyasında yığımın həcmini 100 faizə qaldıra bilmirik. 2011-ci il fevralın 1-dən bu yana 250 min abunəçi 1 manat olsun su pulu verməyib. Problem yenə də abunəçilərdədir.

Aparıcı: Bunun bir hüquqi mexanizmi varmı?

Q.Hüseynov: Hüquqi mexanizmi var. Açığını deyim ki, havaların həddindən artıq isti keçdiyi bir şəraitdə insanlar su pulunu verməsə belə, onların suyunu kəsmək qərarı verə bilmərik. Amma təbii ki, bu, belə də davam edə bilməz, çünki “Azərsu” ASC təsərrüfat hesablı müəssisədir və öz xərclərini ödəməlidir. Su pulunun ödənilməməsi bizim fəaliyyətimizdə problemlər yaradır. Eyni zamanda belə hallar təkcə əhali deyil, qeyri-əhali qrupundan olan istehlakçılarda da baş verir. Son 4 ayda sudan qanunsuz istifadə ilə bağlı 2 mindən artıq akt yazılıb. Ümumiyətlə sudan qanunsuz istifadə adi hala çevrilib. Bu səbəbdən də Bakı şəhərində elə ərazilər var ki, ora ümumiyyətlə su catmır. Biz həmin ərazilərdən və başqa yerlədən gələn şikayətlərə baxırıq – biz heç bir şikayəti cavabsız qoymuruq, hər bir şikayət və müraciətlə bağlı nümayəndələrimiz həmin ünvanlarda olur, araşdırmalar aparırlar. Məlum olur ki, bəzi adamlar bu günə qədər nə qeydiyyata düşməyib, nə də bir manat vəsait ödəməyiblər. Halbuki bu adamlar həmişə normal halda su alıblar, sadəcə yayda suya tələbat artdığından ucqar ərazilərə su çatmır.

Aparıcı: Siz dediniz ki, hətta insanlar suyun pulunu ödəməsələr belə, yayda onlarin suyunu kəsmək olmur. Bəlkə bu humanizm insanları arxayın salır və başqa adamların əzab çəkməsinə səbəb olur?

Q.Hüseynov: Burada da bir həqiqət var. Dünyanın heç yerində belə bir şey yoxdur ki, isti-soyuğu nəzərə alaraq ödəniş borcunu yerinə yetirəsən. Amma biz istiləri nəzərə alaraq bir qədər humanizm movqeyindən çıxış edirik. Lakin biz həm də gözləmirik ki, havalar soyusun, insanların suyunu kəsək – belə bir niyyət də yoxdur. Sadəcə, daimi təbliğat aparırıq, bildirişlər paylanır ki, insanlar su borclarını ödəsinlər. Həmçinin qeydiyyatsız istehlakçıların sayğaclaşdırırlması prosesi davam edir və düşünürəm ki, biz insanların suyunu kəsəsi olmayacağıq.

Aparıcı: Regionlarda nə işlər görülür və hansı planlarınız var?

Q.Hüseynov: Biz Bakı ilə yanaşı regionlarda da işlər görürük. Məsələn, 2011-ci ilin planına uyğun olaraq, Nabranda kanalizasiya xətti tikilir. Eyni zamanda Tərtər və Ağdamın sərhəd kəndlərində xətlər çəkilir. Balakəndə, Şamaxıda, Lerikdə əhaliyə normal su vermək üçün artezian quyuları qazılır. Həmçinin hansı kənddə, hansı qəsəbədə su təchizatı ilə bağlı problem yaranırsa, lazımi tədbirlərin görülməsi üçün nümayəndələrimiz həmin ərazilərə göndərilir. Bir məsələni də deyim ki, Azərbaycan hökumətinin rayon mərkəzləri üçün xüsusi proqramları var və bu proqramlar çərçivəsində işlər həyata keçirilir. Burada da iki yanaşma var – biri Azərbaycan hökuməti ilə beynəlxalq maliyyə təşkilatlarının birgə payı ilə maliyyələşən rayonlar, digəri isə tamamilə Azərbaycanın yerli büdcəsindən maliyyələşən rayonlar. Bu rayonların bir çoxunda artıq işlər başlayıb. Məsələn, Gəncə, Şəki, Ağdaş, Göyçay, Şamaxı, Qəbələ, Şabran və Siyəzəndə tikinti işlərinə başlanılıb. Eyni zamanda, büdcə vəsaiti hesabına Oğuz, Zaqatala, Ağstafa, Tovuz, Goranboy və Göygöl şəhərlərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. Bütövlükdə 2012-ci ilin əvvəlindən etibarən bütün rayon mərkəzlərində bu layihələr işə başlayacaq. Bizim hədəfimiz odur ki, 2013-cü ilin sonuna qədər bu rayonların su və kanalizasiya sistemlərinin tamamilə yenidən qurulmasını həyata keçirmiş olaq. Düşünərəm ki, cənab Prezidentin qeyd etdiyi kimi, yaxın 4-5 ildə respublikanın bütün rayonlarının 24 saat ərzində su ilə təmin edilməsi və bunun arxasınca biz respublikanın kəndlərində su təminatının həlli istiqamətində ciddi işlərə başlayacağıq.

Aparıcı: Çox sağ olun, studiyamıza gəlib suallarımızı cavablandırdığınıza görə təşəkkür edirəm.
Yüklə 33,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə