•œAzÉŽrbaycanâ•š



Yüklə 46 Kb.
Pdf görüntüsü
tarix24.02.2018
ölçüsü46 Kb.
#27731


“Xalq qəzeti”.-2012.-2 mart.-N 50.-S.5.

Soyqırımı cinayətlərinə qarşı mübarizədə beynəlxalq təcrübə

Ermənilərin  xalqımıza  qarşı  törətdiyi  soyqırımın  hüquqi  cəhətdən  düzgün  anlaşılması,  əsaslandırılması

və  beynəlxalq  aləmdə  tanıdılması  Azərbaycan  beynəlxalq  hüquq  elminin  qarşısında  duran  ən  vacib

məsələlərdən  biridir.  Vəhşi  erməni  hərbi  birləşmələrinin  keçmiş  sovet  ordusunun  Xankəndi  şəhərində

yerləşən  366-cı  motoatıcı  alayının  şəxsi  heyətinin  və  ağır  hərbi  texnikasının  köməyi  ilə  1992-ci  il  fevralın

25-dən  26-na  keçən  gecə  Xocalı  üzərinə  hücuma  keçərək  dinc  əhaliyə  qarşı  soyqırımı  törətməsi  insan

hüquqlarının, o cümlədən İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin, mülki və siyasi, iqtisadi, sosial

və  mədəni  hüquqlar  haqqında  beynəlxalq  paktların,  Cenevrə  Konvensiyalarının,  Uşaq  Hüquqları

Bəyannaməsinin,  Hərbi  münaqişə  dövründə  və  fövqəladə  hallarda  qadın  və  uş aqların  müdafiəsi  haqqında

Bəyannamənin və bir sıra digər beynəlxalq-hüquqi sənədlərin kobud şəkildə pozulması deməkdir.

 

Məsələn,  İnsan  Hüquqları  haqqında  Ümumi  Bəyannamənin  (İHUB)  2-ci  maddəsində  qeyd  olunur  ki,  hər  bir

insan, irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti,

silk mənsubiyyəti  və digər vəziyyətlərinə görə heç bir fərq qoyulmadan hazırkı Bəyannamədə  bəyan  edilən  bütün

hüquqlara və bütün azadlıqlara malik olmalıdır. İHUB-nin 3-cü maddəsində qeyd olunur ki, hər bir insan yaşamaq,

azadlıq  və  səxsi  toxunulmazlıq  hüququna  malikdir.  Bəyannamənin  5-ci  maddəsində  göstərilir  ki,  heç  kim

isgəncələrə və yaxud ağır, qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftara və cəzaya məruz qalmamalıdır.  9-cu

maddədə  qeyd  olunur  ki,  heç  kəs  özbasınalıqla  həbsə,  tutulub  saxlanılmaya  və  ya  sürgün  edilməyə  məruz  qala

bilməz və s.

BMT  Baş  Məclisinin  11  dekabr  1946-cı ildə  qəbul  etdiyi  qətnamədə  bəyan  etmişdir  ki,  soyqırımı beynəlxalq

hüququn normalarını pozan və BMT-nin ruhuna və məqsədlərinə zidd olan cinayətdir və bütün dünya onu pisləyir.

Ümumiyyətlə, soyqırımı nə deməkdir? İlk dəfə olaraq, soyqırımının cinayət sayılması təklifini 1933-cü ildə yəhudi

əsilli  polşalı  hüquqşünas  Rafael  Lemkin  Madriddə  cəza  hüququnun  eyniləşdirilməsinə  dair  beşinci  beynəlxalq

konfransda  irəli  sürmüş  və  bu  barədə  öz  fikirlərini  1944-cü  ildə  dərc  etdirdiyi  "İşğal  olunmuş  Avropada  əsas

dövlətlərin hakimiyyəti" kitabında vermişdir. 

Rafael Lemkin Avropa yahudilərinin məhv edilməsinə dair nasist siyasətinin mahiyyətini açmışdır . O,  "nəsil"

mənasını verən  yunan  sözü  "genos"  və  "öldürürəm"  mənasını verən  "caedo"  latın  sözünü  birləşdirərək  "genosid"

terminini  irəli  sürmüşdür.1945-ci  ildə  Nürnberq  Beynəlxalq  Hərbi  Tribunalı nasist  rəhbərlərini  "insanlıq  əleyhinə

cinayətlərin" törədilməsində ittiham etdi. "Genosid" sözü ittihamnamə aktına daxil edildi, lakin hüquqi termin kimi

yox, təfsiredici termin kimi. Soyqırımı cinayətinin qarşısının alınmasına  yönəlmiş  tədbirlərin içində xüsusi olaraq

"Soyqırımı cinayətinin  qarşısının  alınması və  cəzalandırılması haqqında"  Konvensiyanı qeyd  etmək  lazımdır.  Bu

Konvensiya  BMT  Baş  Məclisinin  9  dekabr  1948-ci  il  tarixli  qətnaməsi  ilə  qəbul  edilmişdir.  Konvensiya  19

maddədən  ibarətdir  və  12  yanvar  1951-ci  ildən  qüvvəyə  minmişdir.  İndiyədək  142  ölkə  bu  Konvensiyanı

ratifikasiya etmişdir. 

Konvensiyaya  qoşulmaq  barədə  Azərbaycan  Respublikasının  Qanunu  31  may  1996-cı  ildə  Azərbaycan

Prezidenti  tərəfindən  imzalanmışdır.  Bu  qanun  25  iyun  1996-cı ildə  qüvvəyə  minmişdir.  Konvensiya  soyqırımını

beynəlxalq  hüquq  normalarını pozan  cinayət  əməli  kimi  tövsif  etmişdir.  Həmin  Konvensiyanın  1-ci  maddəsində

qeyd  olunur  ki,  razılığa  gələn  tərəflər  sülh  və  yaxud  müharibə  dövründə  törədilməsindən  asılı  olmayaraq

soyqırımının, beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edirlər və bu cinayətin qarşısını almaq

və  cəza  tədbirlərini  həyata  keçirmək  öhdəliyini  götürürlər.  Beləliklə,  Konvensiya  insanlığa  qarşı  ən  ağır  cinayət

kimi soyqırımı anlayışının beynəlxalq hüquqi statusununu müəyyən edir və onun hüquqi tərifini verir.

Bu  sənədi  imzalamış  dövlətlər  soyqırımının  "qarşısını  almaq  üçün  tədbirlər  görmək"  və  "ona  görə

cəzalandırmaq" öhdəliklərini öz üzərlərinə götürmüşlər. 

Konvensiyaya  müvafiq  olaraq,  hər  hansı  milli,  etnik,  irqi  və  ya  dini  qrupun  qismən  və  ya  bütövlükdə  məhv

edilməsi məqsədilə törədilən aşağıdakı hərəkətlər soyqırımına aiddir: a) bu cür qrup üzvlərinin qətlə yetirilməsi; b)

bu  cür  qrup  üzvlərinə  ağır  bədən  xəsarətlərinin  və  yaxud  əqli  qabiliyyətinə  ciddi  zərər  yetirilməsi;  c)  qəsdən  hər

hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması; d) bu cür qrup daxilində

doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi; e) bir insan qrupuna mənsub olan uşaqların zorla

başqa qrupa verilməsi (Konvensiyanın 2-ci maddəsi).  Bu  maddədə  göstərilən  şərtlər  Xocalı qətliamının  soyqırımı

kimi tövsif edilməsinə əsas verir.

Qeyd  edildiyi  kimi,  soyqırımı -  genosid  sözü  İkinci  Dünya  müharibəsindən  sonra  yaradılmış  beynəlxalq  hərbi

tribunalların  (Nürnberq,  Tokio)  ittihamnamə  aktlarına  daxil  edilmişdir,  lakin  bundan  hüquqi  termin  kimi  yox,

təfsiredici termin kimi istifadə olunmuşdur. Bu kateqoriyadan olan cinayətlərin əsas tərkibləri keçmiş Yuqoslaviya

və  Ruanda  beynəlxalq  cinayət  tribunallarının  nizamnamələrində,  habelə  Beynəlxalq  Cinayət  Məhkəməsinin

Statutunda (maddə 6) bir daha təsdiqini tapmışdır.

Fikrimcə,  soyqırımı  anlayışının  beynəlxalq  cəmiyyət  tərəfindən  dərk  edilməsi  və  bundan  sonra  isə  müvafiq

hüquqi  praktikanın  inkişafı  iki  müəyyən  tarixi  dövrlərə  aiddir:  bu  terminin  dövriyyəyə  buraxılmasından  onun



beynəlxalq  qanunvericilikdə  qəbul  olunmasınadək  (1944-1948)  və  bu  cinayətə  görə  cəzalandırmaq  məqsədilə

beynəlxalq tribunalların yaradılmasında ondan fəal istifadə edilməsinədək (1991-1998).

Bəşəriyyət tarixində ən qədim zamanlardan bizim günlərədək soyqırımı hallarına çox rast gəlmək olar. Xüsusən

bu, müharibələrə, daxili etnik və dini toqquşmalara, müstəmləkə imperiyalarının yaradılmasına xas olan əlamətdir.

Bir  necə  misal  göstərmək  olar.  Məsələn,  bir  sıra  tədqiqatçıların  fikrinə  görə,  Amerika  aborigenlərinin  soyqırımı

bəşər  tarixində  ən  genişmiqyaslı  soyqırımı  hadisəsidir.  Məhv  edilmiş  insanların  sayı  10  milyonlarla  ölçülür.

Avstraliya aborigenlərinin soyqırımı da həyata keçirilmişdir. Belə ki, 1788-ci ildən başlayaraq Avstraliyada Avropa

müstəmləkəçiləri məskunlaşmağa başladılar. O zaman yerli aborigenlərin sayı təxminən 750000 nəfər təşkil edirdi.

Lakin 1911-ci ildə onların sayı cəmi 31000 nəfər idi. Onların əksəriyyəti  xəstəlikdən, deportasiyadan,  qətliamdan

və  aclıqdan  həlak  oldu.  Almanlar  tərəfindən  Namibiya  yerli  xalqlarının  məhv  edilməsi  nəticəsində  65  000  xerero

(onların 80 faizi) və 10000 nama (onların 50 faizi) həlak olmuşdur.  1985-ci ildə BMT Namibiya yerli xalqlarının

məhv  edilməsi  cəhdini  XX  əsrin  birinci  soyqırımı  aktı  kimi  qiymətləndirdi.  2004  ildə  Almaniya  hakimiyyəti

Namibiyada soyqırımının törədilməsini etiraf etdi və rəsmi üzr istədi.

XX əsrin ən səs-küylü genosid faktlarına: nasist Almaniyası tərəfindən yəhudilərin məhv edilməsini (Xolokost),

almanların tərtib etdiyi "Ost planı"nı, İkinci Dünya müharibəsi zamanı Paveliçin xorvat rejimi tərəfindən serblərin

məhv  edilməsini,  Yaponiya  ordusu  tərəfindən  törədilmiş  beynəlxalq  cinayətləri  (müharibə  bitdikdən  sonra

müttəfiqlər  tərəfindən  hərbi  cinayətlərin  törədilməsində  ittiham  olunan  təxminən  5000  yapon  hərbçisi  üzərində

məhkəmə prosesləri keçirilmiş və onların 4400 nəfəri məhkum edilmiş, 1000 nəfərinə isə ölüm cəzası kəsilmişdir),

1975-1979  illərdə  Pol  Pot  və  İyenq  Sari  rejimi  tərəfindən  Kambocada  3  milyona  qədər  insanın  məhv  edilməsini,

1994-cü ildə Ruandada baş vermiş soyqırımını (bunun nəticəsində 800 minə yaxın insan həlak olmuşdur), 1995 - ci

ildə  Srebrenisada  Bosniya  müsəlmanlarının  Bosniya  serbləri  tərəfindən  kütləvi  qırğınını,  Darfurda  yerli  əhalinin

soyqırımını (BMT hesablamalarına əsasən, həlak olanların sayı 180 mindən artıqdır) və s. aid etmək olar.

Xocalı soyqırımı hüquqi xarakterinə görə beynəlxalq cinayət kateqoriyasına aid edilir. Ermənilərin törətdiyi bu

soyqırımı nəticəsində 613 nəfər azərbaycanlı, o cümlədən 63 azyaşlı uşaq, 106 qadın, 70 qoca qətlə yetirilmişdir. 8

ailə  bütövlükdə  məhv  edilib,  25  uşaq  hər  iki  valideynini,  130  uşaq  valideynlərindən  birini  itirmiş,  487  nəfər

yaralanmış, onlardan 76-sı uşaq, 1275 dinc sakin əsir götürülmüş, 150 nəfər isə itkin düşmüşdür.

Qeyd etmək lazımdır ki, soyqırımının subyektiv tərəfinə qəsd (niyyət) formasında təqsir aid edilir, "qrupu...tam

və ya qismən məhv etmək", yəni cinayətin  subyekti  onun  əməlləri  nəticəsində  müəyyən  nəticələrin  baş  verməsini

dərk edir və istəyirdi. Belə faciəvi nəticələrə gətirilmiş əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə

görə  insanların  tamamilə  və  ya  qismən  məhv  edilməsi  niyyətilə  törədilməsi  Xocalı  qətliamının  məhz  soyqırımı

olduğunu bir daha sübut edir. Qabaqcadan xüsusi yerlərdə düzəldilmış pusqulardan qaçıb canını qurtarmaq istəyən

dinc  Xocalı  sakinlərinin  avtomat,  pulemyot  və  digər  silahlardan  atəşə  tutaraq  kütləvi  şəkildə  qətlə  yetirilməsi

ermənilərin  azərbaycanlılara  qarşı  soyqırımı  niyyətinin  əyani  sübutudur.  Ermənilər  tərəfindən  törədilmiş  bu

soyqırımına Lidise, Xatın və Sonqmi faciələri ilə eyni səviyyədə hüquqi qiymət verilməlidir.

Bununla  bərabər,  qeyd  edilməlidir  ki,  beynəlxalq  cinayətlərə  qarşı  mübarizədə  beynəlxalq  hüquq  müəyyən

vasitələrdən  istifadə  etmək  imkanını  yaradır.  "Soyqırımı  cinayətinin  qarşısının  alınması  və  cəzalandırılması

haqqında" Konvensiyanın 6-cı maddəsində qeyd olunur ki, soyqırımında, yaxud 3-cü maddədə sadalanan əməllərdə

ittiham  olunan  şəxslər  həmin  əməllərin  törədildiyi  dövlətin  ərazisindəki  səlahiyyətli  məhkəmədə,  yaxud

yurisdiksiyası  onun  yurisdiksiyasını  tanımış  bu  konvensiya  tərəflərinə  şamil  olunan  beynəlxalq  cinayət

məhkəməsində mühakimə edilməlidirlər. Xocalı soyqırımında  təqsirli bilinən şəxslərin Ermənistanın məhkəmələri

tərəfindən  cinayət  məsuliyyətinə  cəlb  edilməsi  ehtimalının  sıfra  bərabər  olduğunu  nəzərə  alaraq,  həmin  şəxslərin

beynəlxalq  məhkəmə  tərəfindən  məhkum  edilməsi  alternativini  önə  zəkmək  vacibdir  və  bu  soyqırımı  cinayətini

beynəlxalq  səviyyədə  məhkum  etmək  yalnız  beynəlxalq  tribunalın  yaradılması  yolu  ilə  mümkündür.  Beynəlxalq

praktikada bu cür məhkəmələrə keçmiş Yuqoslaviya və Ruanda üzrə fəaliyyət göstərən beynəlxalq hərbi tribunallar

aid edilir.

Keçmiş  Yuqoslaviyada  və  Ruandada  iyirminci  əsrin  son  onilliyində  baş  vermiş  cinayətlər  BMT  Təhlükəsizlik

Şurası tərəfindən  cinayətkarları təqib  etmək  üçün  iki  beynəlxalq  cinayət  məhkəməsinin  yaranmasına  səbəb  oldu.

1992-ci  ilin  oktyabrında  BMT  Təhlükəsizlik  Şurası  keçmiş  Yuqoslaviya  ərazisində  müharibə  cinayətlərini  və

insanlıq  əleyhinə  törədilmiş  cinayətləri  müəyyən  etmək  məqsədilə  ekspertlərdən  ibarət  bir  komissiya  yaratdı.  Bir

ildən artıq müddətdə mütəxəssislər müxtəlif mənbələrdən alınmış 65 mindən çox sənədi təhlil etmiş, 32 araşdırma

missiyasını  həyata  keçirmişdir.  Komissiya  belə  bir  nəticəyə  gəlmişdir  ki,  BMT  müharibə  cinayətlərinin

araşdırılması  və  cəzalandırılması  üzrə  dərhal  məhkəmə  orqanı  təsis  etməlidir.  Təhlükəsizlik  Şurası  beynəlxalq

cinayət  törətmiş  fiziki  şəxslərin  cinayət  məsuliyyətinə  cəlb  edilməsi  üçün  "ad  hoc"  qaydasında  ilk  dəfə  23  fevral

1993-cü il tarixli 808 nömrəli və 25 may 1993-cü il tarixli 827 nömrəli qətnamələrinə əsasən "1991-ci ildən keçmiş

Yuqoslaviya  ərazisində  törədilmiş  beynəlxalq  humanitar  hüququn  ciddi  pozuntularına  görə  məsuliyyət  daşıyan

şəxslərin təqib edilməsi üzrə Beynəlxalq Tribunal" yaratdı və bu tribunalın əsasnaməsini təsdiq etdi. Təhlükəsizlik

Şurası öz  qərarını əsaslandırmaq  üçün  BMT  Nizamnaməsinin  VII  fəslinə  istinad  etmişdir.Yaxşı  bəllidir  ki,  BMT

Nizamnaməsinin  VII  fəsli  sülhə  təhlükə  yaranması  və  təcavüz  aktlarının  baş  verməsi  halında  Təhlükəsizlik

Şurasının səlahiyyətlərini  müəyyən  edir.  BMT  Nizamnaməsində  Təhlükəsizlik  Şurası üçün  bu  növ  məhkəmələrin

yaradılmasına  dair  səlahiyyət  nəzərdə  tutulmamışdır.  Belə  ki,  Təhlükəsizlik  Şurasının  səlahiyyətləri  fərdlərə  yox,




dövlətlərə  aiddir.  Bu  səbəbdən  hərbi  tribunalların  təsis  edilməsi  nizamnamənin  geniş  şərhinə  əsaslanırdı.

Beynəlxalq Tribunalın beynəlxalq müqavilə əsasında deyil, BMT nizamnaməsinin VII fəsli əsasında təsis edilməsi

ideyası  BMT-nin  Baş  katibi  Butros  Qaliyə  məxsus  idi.  Çünki  universal  xarakterli  müqavilənin  adi  qaydada

bağlanması və ratifikasiya edilməsi uzun vaxt tələb edirdi. Bunun nəticəsində isə hərbi tribunalların yaradılması öz

əhəmiyyətini  itirmiş  olurdu.  Keçmiş  Yuqoslaviya  üzrə  Beynəlxalq  Cinayət  Tribunalının  (KYBCT)  birinci  hökmü

29 noyabr 1996-cı ildə çıxarılmışdır. İndiyədək 144 məhkəmə prosesi keçirilmişdir (o cümlədən, 94-ü serblərə, 33-ü

xarvatlara,  8-i  Kosovo  albanlarına,  7-si  Bosniya  müsəlmanlarına  və  2-si  makedoniyalılara  qarşı).  Həm  də  Haaqa

Tribunalının ittihamları Bosniya serblərinin rəhbəri P.Mladiç və R. Karadiçə qarşı da irəli sürülmüşdür.

KYBCT-dan  sonra  belə  növ  ikinci  Beynəlxalq  Tribunal  Ruanda  (RBCT)  üzrə  yaradılmışdır.Bu  məhkəmənin

vəzifəsi  1994-cü  ildə  Ruandada  və  qonşu ölkələrdə  soyqırımının  - bəşəriyyət  əleyhinə  cinayətin  araşdırılması idi.

Təhlükəsizlik  Şurası  1994-cü  ilin  noyabrın  8-də  955  saylı  qətnaməsinə  əsasən,  "1994-cü  ilin  1  yanvarından  31

dekabrına qədər Ruanda ərazisində və qonşu dövlətlərin ərazilərində törədilən soyqırımı və digər oxşar pozuntulara

görə  məsuliyyət  daşıyan  Ruanda  vətəndaşları  tərəfindən  törədilən  beynəlxalq  humanitar  hüququn  ciddi

pozuntularına  görə  məsuliyyət  daşıyan  şəxslərin  məhkəmə  qaydasında  təqib  edilməsi  üzrə  Beynəlxalq  Tribunal"

yarandı və onun əsasnaməsi təsdiq olundu. 

RBCT  yaradılmasını  zəruri  edən  çoxlu  sayda  faktlar  mövcüd  idi.  Ruanda  və  onunla  qonşu  olan  dövlətlərin

ərazisində soyqırımı törədilmişdir. Qətlə yetirilmiş insanların sayı müxtəlif mənbələrə görə 500 mindən 1 030 000

qədərdir. Onlardan təxminən 10 faizini xutular və 90 faizi tutsilər təşkil edirdi. Ruanda beynəlxalq birliyin diqqətini

soyqırımı və  digər  beynəlxalq  cinayətlərin  törədilməsində  təqsirli  olan  şəxslərin  məsuliyyətə  cəlb  edilməsi  və  bu

məqsədlə Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması üçün BMT Təhlükəsizlik Şurasına  müraciət  etdi. RBCT

1994-ci  ilin  yazında  Ruanda  vətəndaşlarının  kütləvi  şəkildə  qətlə  yetirilməsinin  təşkilatçılarını  məhkum  etdirdi.

Onlar  əsasən  keçmiş  iqtidarın  məmurları  idi.  RBCT  tərəfindən  52  hökm  çıxarılmışdır,  onlardan  8-i  bəraət

hökmüdür.  Artıq tribunal  tərəfindən  19  işə  baxılmışdır.  58  iş  üzrə  isə  məhkəmə  davam  edir.  Onu  da  qeyd  etmək

lazımdır  ki,  RBCT  yalnız  soyqırımının  əsas  təşkilatçılarının  işlərinə  baxır.  Tribunalın  yurisdiksiyası  altına

düşməyən  şəxslər  üzərində  məhkəmə  qurmaq  məqsədilə  Ruandada  yerli  məhkəmələr  sistemi  yaradılıb.  Bu

məhkəmələr 100-ə yaxın ölüm cəzası hökmü çıxartmışdır.

Beləliklə, Xocalıda  ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş  qətliam beynəlxalq hüquqi sənədlərə

uyğun olaraq  soyqırımı kimi  tövsif  olunur  və  beynəlxalq  hüququn  prinsiplərinə  görə  insanlıq əleyhinə  cinayətdir.

Bu  soyqırımını  törətmiş  şəxslər  (bunların  sırasına  Seyran  Ohanyan,  Serj  Sarkisyan,  R.Koçaryan  və  s.  daxildir)

beynəlxalq məhkəmədə layiqli cəzalarına çatmalıdırlar.



Rauf QARAYEV, 

AMEA Fəlsəfə, Sosiologiya 

və Hüquq İnstitutunun 

aparıcı elmi işçisi,

 hüquq elmləri üzrə 

fəlsəfə doktoru

Yüklə 46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə