Azsayli xalqlarin folkloru



Yüklə 1,45 Mb.
səhifə1/13
tarix11.03.2018
ölçüsü1,45 Mb.
#31143
  1   2   3   4   5   6   7   8   9   ...   13


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

____________________________________________

AZSAYLI XALQLARIN FOLKLORU

I KİTAB


BAKI – 2014

Layihənin rəhbəri: Muxtar KAZIMOĞLU (İMANOV)

AMEA-nın müxbir üzvü



Tərtib edən və

ön sözün müəllifi: Mətanət YAQUBQIZI

filologiya üzrə fəlsəfə doktoru



Redaktor: Rza XƏLİLOV

filologiya üzrə fəlsəfə doktoru, dosent


Rəyçilər: Bəxtiyar Adil oğlu Şahverdiyev

sənətşünaslıq üzrə fəlsəfə doktoru, albanşünas;



Asiyyat Kamil qızı TİNAYEVA, milliyyəti avar,

filologiya üzrə fəlsəfə doktoru;



Cuma Həzrət oğlu MƏMMƏDOV, milliyyəti saxur,

coğrafiya üzrə fəlsəfə doktoru



Mətnlərin tərcüməsi üçün məsul şəxslər:

1. Udi dilinin tərcüməsinə məsul şəxs Qəbələ rayonunun Nic qəsəbəsinin 3 saylı orta məktəbinin müəllimi Sevil Atayeva

2. Avar dilinin tərcüməsinə məsul şəxs AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi əməkdaşı Cəmilə Keysərovskaya

3. Saxur dilinin tərcüməsinə məsul şəxs Zaqatala rayonunun Mina Nəzirova adına orta məktəbinin baş müəllimi Oktay Camalov

4. İngiloy dilinin tərcüməsinə məsul şəxs Zaqatala rayonunun Əliabad icra nümayəndəliyinin baş mühasibi Əlican Əlicanov
Azsaylı xalqların folkloru, I kitab, Bakı, Elm və təhsil, 2014, 204 səh.
folklorinstitutu.com

A 4603000000 Qrifli nəşr

N-098-2014


© Folklor İnstitutu, 2014

QAFQAZ ALBANİYASININ ƏSKİ QAFQAZDİLLİ SAKİNLƏRİNDƏN ÇİLB (AVAR), ÇİQB (SAXUR), GEL (İNGİLOY) VƏ UDİNLƏR BARƏDƏ BƏZİ QEYDLƏR

Strabonun yazdığına görə, Qafqaz Albaniyasında 26 soy və xalq yaşamaqda idi ki, bunlardan albanlar, massagetlər, qar­qar­lar, saklar, kəngərlər, çullar, beçeneqlər (oğuzlar), kumanlar, ker­qillər, suvarlar, bulqarlar, hunlar, xəzərlər, dondarlar, laban­lar (lpinlər), qaytaqlar və s. türk soy və boyları idilər və ölkə əha­­­­­lisinin böyük əksəriyyətini təşkil edirdilər. Eyni zamanda dağ­­­­­lıq bölgələrdə, əski Andiya və Mazamua ərazisində udinlər, ciqb­­­lər, silvlər (çilblər), herlər, qatlar (xınalıqlılar və buduqlar), leq­lər (ləzgilər və laklar), boxlar (ubıxlar), gellər və digər qaf­qaz­dilli tayfalar da yaşayırdılar. Bu xalqlar azsaylı idilər və öl­kə­nin siyasi, iqtisadi və mədəni həyatında önəmli bir rola sa­hib de­yildilər. Onların nəsilləri bu gün də Dağıstanda və Azər­bay­ca­nın şimaldakı dağlıq ərazilərində yaşamaqdadırlar.

Bunlardan ən çoxsaylısı avarlardır ki, onların bir qismi Da­ğıs­tanda, bir qismi isə Azərbaycanda, əsasən Balakən və Za­qa­tala rayonlarında məskundurlar. Avarlar hazırda Dağıstanın ən çox­saylı xalqı hesab olunurlar. Azərbaycanın isə sayca altıncı et­nik qrupudur. Dilləri İber-Qafqaz dillərinin Nax-Dağıstan qru­pu­­na daxildir. Antropoloji cəhətdən subavropoid irqinin kaf­ka­sion tipinə aiddirlər, kəllə quruluşlarına, saç və gözlərinin rən­gi­nə görə avropoid irqinin Aralıq dənizi qrupunun kaspi (oğuz) ti­pinə aid olan Azərbaycan türklərindən fərqlənirlər. Ümumi say­la­rının 500-600 min civarında olduğu bildirilir. “Avar” adı on­la­ra kənardan verilmiş addır. Özlərini “tsolb” adlandırırlar. Tarixi mən­bələr də onları məhz bu adla, daha doğrusu, bir qədər təhrif edil­miş “çilb” və ya “silv”şəklində, qədim Albaniyanın xalq­la­rın­dan biri kimi qeydə almışdır.

Kənardan verilən “avar” adına görə onları çox zaman VI-VIII əsrlərdə mövcud olan və Şərqi Avropanın böyük bir hissə­si­ni hakimiyyəti altına alan Böyük Türk-Avar Xaqanlığını quran avar türkləri ilə qarışdırırlar. Həqiqət isə bundan ibarətdir ki, tsolb-avarların türk avarlarla heç bir etnik və dil qohumluğu yoxdur. Görünür, tsolblar (çilblər, silvlər) bir zamanlar Av­ro­pa­nın bir çox xalqları kimi Avar Xaqanlığının təbəələri olmuş və ya da əsgər kimi türk-avar ordusunda xidmət etmiş və bu üzdən “avar” adı yanlış olaraq onlara da şamil edilmişdir.

Avarların bir-birini anlamayacaq dərəcədə iki fərqli dia­lekt­­də danışdıqları qəbul edilsə də, əslində bunlar qohum dillər ol­masına rəğmən, fərqli iki dildir. Məsələ isə ondadır ki, XX əs­rin 30-cu illərində Stalinin birbaşa göstərişi ilə “andiyalı” və ya “andok” kimi tanınan tamam başqa bir Dağıstan xalqının et­nik kimliyi inkar edilməyə və həmin dövrdən etibarən bu xalq avar kimi qələmə verilməyə başlanmışdır. Sözügedən xalqın adı Da­ğıstanda axan iki Göysu adlı çaydan birinin adında əbədiləş­miş­dir – Andiyskoye Koysu. Maraqlıdır ki, bu çaylardan biri an­di­yalıların (andokların) adı ilə qoşa çəkilsə də, ikinci eyniadlı hidronimdə avarların adı əbədiləşmişdir – Avarskoye Koysu.

E.ə. IX-VII əsrlərə aid Aşşur mənbələrində Dağıstanın adı an­diya­lıların adından törəmə olan “Andiya” kimi çəkilməkdə və onun Manna dövlətinin əyaləylətindən biri olduğu qeyd edilməkdədir. Həmin əyalətlə qonşu olan başqa bir Manna əyaləti isə “Durdukka” ad­lanmaqdadır ki, bu da durdzuk adının Aşşur dilindəki təhrifindən başqa bir şey deyil. Avarlar bu günə qədər onlarla qonşuluqda ya­şa­yan çeçenləri “durdzuk” deyə adlandırırlar. Yeri gəlmişkən, qeyd edək ki, eyni mənbələrdə qonşuluqda yerləşən digər bir Man­na vi­la­yə­tinin adı “Mazamua” kimi çəkilir ki, bu toponimlə Mazım­çay hid­­ronimi arasındakı eyniliyi görməmək mümkün deyil.

Azərbaycanda məskun olan avarlarla qonşuluqda digər az­saylı qafqazdilli xalqlar da yaşayırlar ki, bunlardan saxurların və ingiloyların adını xüsusi çəkmək lazımdır.

Saxurlar Azərbaycanın Qax, ZaqatalaBalakən rayonla­rında, eləcə də Dağıstanın Şəki-Zaqatala bölgəsiylə həmsərhəd olan Rutul rayonunda yaşayırlar. İber-Qafqaz dillərinin Dağıs­tan qo­lu­nun cənub-şərq qrupuna aid olan saxur dilində, eləcə də Azərbaycan türkcəsində danışırlar. “Saxur” adı bu xalqın əsl adı deyil və yaşadıqları ən böyük kəndin adından qaynaqlanır. Say­la­rı 30 min­dən bir qədər çox olan saxurlar özlərinə “yixv” deyir­lər ki, ta­rixi mənbələr onları məhz bu adla, daha dəqiq desək, həmin adın bir qədər təhrif edilmiş forması olan “çiqb” kimi Qafqaz Al­baniyasının sakinlərindən biri kimi qeydə almışdır.

İngiloylara gəlincə, əsasən Azərbaycanın QaxZaqatala rayonları ərazisində yaşayan gürcülərin subetnik qrupu hesab edilən bu xalqın nü­ma­yən­də­ləri I Şah Abbasın dövründə müsəl­manlığı qəbul et­mişlər. Tarixi mənbələr onlardan “gel” (qel) adı altında, Qafqaz Albaniyasının sakinlərindən biri kimi söz açılır.

Qafqaz Albaniyasının qafqazdilli xalqlarından danışarkən, udin­­lərin üzərində xüsusi durmağa çox böyük ehtiyac var. Şərqi Qaf­qazda qədim xalqlardan biri olan və özlərini “udi” adlandı­ran udinlər Oğuz şəhərində, eləcə də Qəbələ rayonunun Nic qə­səbə­sin­də yaşayırlar. Onlara Rusiya, Gürcüstan (Oktomberi kən­di), Qa­­zaxıstan, Ukrayna və başqa ölkələrdə də rast gəlmək mümkündür.

Udinlər udin dilində danışırlar, dinləri xristianlıqdır. Alban dilinin guya udin dili olduğu barədə fikir elmdə çox yayılmışdır. La­kin tarixi mən­bələrin heç biri bunu təsdiqləmir. Əksinə, həm erməni, həm də al­­man qaynaqları birmənalı şəkildə bildirirlər ki, al­ban əlifbası məhz qarqar dili əsasında yaradılmışdı və bu dil əsrlər boyu Al­ba­ni­yanın ədəbiyyat və dövlət dili funksiyasını ifa etmişdir.

Əski rus-sovet elmindən gələn ənənəyə əsaslanaraq, bir çox­la­rı qarqarları qafqazdilli xalq hesab edirlər. Lakin faktlar başqa şe­yi diktə edir. Fakt budur ki, məşhur qırğız-türk dastanı “Manas”­da əsərin qəhrəmanı Manasın atasının mənsub olduğu xalq gah qarqar, gah da qıpçaq adlanır. Abramzonun yazdığına görə isə XVI əsrdə Qaraqışlaqda baş verən hadisələrlə əlaqədar qıpçaq-qarqar xalqının adı çəkilir. Yəni faktlar bu xalqın qıpçaq xalqı olduğunu sübut edir. Ma­raqldır ki, hazırda Avropanın bir çox kitabxana və əlyazma fond­larında bu dildə çox sayda alban ədəbiyyatı nümunəsi qorunub sax­lanmaqdadır ki, onlardan Mxitar Qoşun “Törə Biriqi” kitabının, Ki­rakos Gəncəlinin “Ta­rix” kitabının II fəslinin, alban karalikosu Nersesin moizəsinin və s. adlarını çəkmək olar.


Bəxtiyar Şahverdiyev

AVAR FOLKLORU
Folklor hər bir xalqın yüksək mənəvi-əxlaqi dəyərlərini, etik və estetik düşüncəsini özündə əks etdirən onun mənəvi sər­və­tidir. Hər bir xalqın tarixi, adət-ənənəsi, ictimai-siyasi düşün­cəsi, əxlaqi keyfiyyətləri, qəhrəmanlığı və vətənpərvərliyi bütöv və özünəməxsus şəkildə onun folklorunda cəmlənmişdir. Bu ba­xım­dan Azərbaycanda yaşayan avarların foklor nümunələri ma­raq doğurur.

Avarlar Azərbaycanın şimal-qərb bölgəsində − Zaqatala və Ba­lakən, qismən də Qax rayonlarında yaşayırlar. Əhali əsasən əkinçilik, maldarlıq, tərəvəzçiliklə məşgul olur.

Avar xalq ədəbiyyatı mövzu və məzmun baxımından rən­garəng olsa da, Azərbaycan folklor nümunələri ilə bir sıra ortaq cə­hətlərə malikdir. Şifahi söz sənətində bir çox mətnlərin üst-üstə düşməsi həmin örnəklərin vahid etnocoğrafi məkanda əmə­lə gəlməsini göstərir. Azərbaycanın zəngin folkloruna daxil olan na­ğıl və dastanlar, xalq müdrikliyinin ifadəsi olan atalar sözləri və zərbi-məsəllər tarix boyu burada yaşayan xalqların şifahi söz sənətinə güclü təsir göstərmişdir. Qodu-qodu ilə bağlı olan nəğ­mə­lərin ilk iki sətri Azərbaycan dilindədir:

Qordi, qordi, qordina,

Qordi salam vardina.

Bir çox atalar sözləri və zərbi-məsəllər (Məsələn: Bir əldə iki qarpız tutmazlar), Molla Nəsrəddinlə bağlı olan lətifələr də buna əyani misal ola bilər.

Azərbaycan folklor nümunələri ilə bir sıra ortaq cəhətlərlə yanaşı, avar folklorunun özünəməxsus cəhətləri az deyildir. Bu cə­hətlər daha çox xalqın iradəsini əks etdirən xalq dastalarında, toy, dəfn kimi mərasimlərdə, mərasim və mövsüm nəğ­mə­lərin­də, milli adət-ənənələrdə özünü göstərir.

Yazın ilk günlərində avarlar əkinçiliklə bağlı olan Ots bay bay­ramını keçirirlər. Bundan başqa yaz aylarında Rohi bog mə­ra­simi, gül bayramı keçirilir. Avarlar arasında geniş yayılan ya­ğıs və gün istəmə mərasimi uşaqların və böyüklərin həvəslə ke­çirdiyi mərasimdir. Yağış istəmə mərasimində burcah və gün is­tə­mə mərasimində maxara bişirilir və hər kəsə verilirdi. Sulu bur­­­cah (əriştə) yağış damlalarını, sac üstündə bişirilən saçaqlı ma­­xara isə günəşi xatırladır.

Avar toy adətlərinin özünəməxsusluğuna gəldikdə isə onu deyə bilərik ki, nişan mərasimi keçirilmir, elçilikdən az sonra toy mərasimi keçirilir, evlənəcək olan oğlan üçün mütləq ayrı ev tikilir, onun təsərrüfatı ayrılırdı.

Avar xalq dastanlarını el arasında yetişən xalq ozanları təm­bur çalaraq söylərdilər. “Xoçbar”, “Baxtika”, “Kamalil Başir” kimi xalq dastanları Dağıstanda olduğu kimi bu bölgədə də dillər əz­bə­ridir. “Xoçbar” dastanında xalq qəhrəmanı Xoçbarın zülmkar xana ölüm anında belə boyun əymədiyini, “Kamalil Başir” dastanında gö­zəlliyi dillərdə dastan olan Kamalın oğlu Başirin gözəlliyinin ba­şına bəla olmasından, atası tərəfindən öldürül­məsin­dən danışılır. Bu dastanlardan biri olan “Baxtika”da göstərilən baş qəhrəman Bax­tika Avar xanı Umaxan Avarın bacısıdır. Qarabağ xanı İbra­him­xəlil xanla müttəfiq olan Umaxan çox gənc olan bacısını yaşlı xana ərə verir. Baxtika qardaşına üsyan etsə də bunun heç bir fay­da­sının olmaması, ər evinə getməyə məcbur qaldığından çəkdiyi iz­ti­rablar dastanda öz əksini tapmışdır.

Avar xalqının qəhrəmanlq keçmişini, onun qəhrəman öv­lad­larının göstərdiyi şücaətləri “Carli Şaban” və Ğoloda sa­kin­lə­rinin qəhrəmanlığını əks etdirən müxtəlif xalq şeirlərində, İmam Şa­mil və onun əfsanəvi naibi Hacı Muradla bağlı olan əfsanə və rə­vayətlərdə görə bilərik. İmam Şamilin 30 ilə yaxın Rus İm­pe­ri­yasına qarşı igidliklə vuruşması, Hacı Muradın göstərdyi mi­sil­siz qəhrəmanlıqlar xalqın yaratdığı rəvayət və əfsanələrdə, nəğ­mə­lərdə şişirdilmir, öz real əksini tapır.

Azərbaycanda yaşayan avarların folklor nümunələrinin top­lanmasına və araşdırılmasına dərin ehtiyac duyulur. Bu kitab­dan bölgənin folklorunu araşdıran tədqiqatçılar, tələbələr, orta məktəbdə avar dilini tədris edən müəllimlər istifadə edə bilər.


Asiyyat Tinayeva

SAXUR XALQININ TARİXƏN SÖNMÜŞ

ÇIRAĞININ YENİDƏN İŞIQLANMASI
Coğrafi mövqeyinə görə saxurların yaşayış məskənləri Bö­yük Qafqaz ərazisinin (Samurun və Muxaxçayın, Talaçayın orta və yuxarı, Süskənçay və Kürmükçayın yuxarı sutoplayıcı sa­hələri) dağlıq və dağ ətəyi sahələrini təşkil edir.

Saxur dili mənşəyi etibarilə Dağıstan xalqları sırasına da­xil­dir. Müasir dövrdə Dağıstan MR və Azərbaycan Respublika­sı­­nın bir sıra kəndlərinin əhalisi bu dildə danışır. Dağıstan MR-da − Qurtul, Qilmez, Mikek, Xiyaq, Saxur, Xoyik, Muslaq, Miş­leş, Korş, Cınıq, Attal, Baş Kalel, Baş Muxax (qismən Mahac­qala ş., Rutul rayon mərkəzi), Azərbaycan Pespublikasında − Za­­qatala rayonunun Ağdam Kalel, Mişleş, Gözbarax (Qudba­rağ), Ələsgər (Harasqal), Sabunçu, Suvagil, Yeni Suvagil, Qas, Qar­qay, Qalal, Əzgilli, Mamrux, Lahıc, Əli Bayramlı, Çincar, qis­mən (Cimcimax, Muxax, Çobankol, Yuxarı Tala, Qımır, Yu­xa­rı Çardaxlar və Zaqatala ş.) və Qax rayonunun − Ləkit-Kö­tük­lü, Qum, Çinarlı, Üzümlü, (qismən Güllük, İlisu, Sarıbaş, Zərnə, Ağ­çay, Qaşqaçay və Qax ş.) yaşayış məntəqələrinin sakinləri qis­mən və ya tam şəkildə saxurlardan ibarətdir.

Qeyd edək ki, qismən adlandırdığımız əksər yaşayış mən­təqə­lərinin əhalisi keçmişdə saxurlar olmuş və o dildə də da­nış­mış­lar (prof. A.Qenko, Saxskiy Alfavit, 1934). Başqa bir təd­qi­qat­­çının fikrincə, saxurların sayı əvvəllər daha çox olmuşdur (A.M.Dirr, 1913). Bunun səbəblərindən biri odur ki, SSRİ döv­rün­­də və indi Azərbaycan Respublikasında yaşayan saxurların təx­­minən 90%-nin milliyyəti rəsmi sənədlərdə onların öz is­tək­ləri ilə azərbaycanlı kimi göstərilmişdir.

Saxur dilinə olan diqqətə bir sıra tədqiqatçıların əsərlərin­də rast gəlirik [N.Trubetzkov, 1931; E.F.Djey­­ranaşvili, 1953; E.A.Bokarev, 1961; B.B.Talıbov, 1961; S.Ulman, 1962; A.M.As­lanov, 1965 və s.].

Böyük xalqların folkloru ilə yanaşı, azsaylı xalqların folk­lo­runu da öyrənmək tələb olunur. Bu barədə Azərbaycan Res­pub­li­kasının Prezidenti İlham Əliyev tərəfindən sərəncam imza­lan­ması azsaylı xalqları çox sevindirmişdir.

Respublika Prezidentinin bu etimadına digər azsaylı xalq­lar kimi saxur xalqı da çox sevinir və ona minnətdarlığımızı bil­di­ririk. Prezidentimizin hərtərəfli siyasəti bizə böyük ruh yük­sək­liyi verir və Azərbaycanda yaşayan xalqları bir-birinə bağ­la­yan dostluq və qardaşlıq tellərini daha da möhkəmləndirir.

Şübhəsiz ki, Yer kürəsində təbiətin gözəlliyi onun müxtəlif rel­yefə, torpağa, suya və iqlimə malik olması ilə müəyyən olun­du­ğu halda, cəmiyyətdə bu gözəllik xalqların dil müxtəlifliyi, on­ların folkloru, adət-ənənələri və mədəniyyəti ilə təmsil olunur. Az­saylı xalqların folklorunun böyük xalqların mədəniyyətinə in­teq­rasiya etməsi onların daha böyük mədəniyyətin kulminasiya zir­vəsinə ucalmasına səbəb olur.

Bununla yanaşı, saxur xalqının folklorunun, dil və adət-ənə­­nələrinin öyrənilməsi onun mədəniyyətinin qorunub saxlanıl­ma­sına səbəb olacaqdır. Şübhəsiz ki, saxur xalqının folkloru və di­linin öyrənilməsi, saxur xalqına məxsus yaradıcılıq nümunə­lə­ri­nin gələcək nəsillərə çatdırılmasında və qorunmasında böyük rol oynayacaqdır. Bunun da əhəmiyyəti əvəzsizdir.

Azərbaycanın böyük mədəniyyətə malik olmasında və çi­çək­lənməsində saxur xalqının da övladları daima iştirak etmiş və indi də bu fəaliyyətlərini davam etdirirlər. Onlar sənaye sahə­lə­rin­də, kənd təsərrüfatında, hərb işinidə, səhiyyədə, elm və təhsil sa­hələrində çalışmaqla daima respublikanın tərəqqisində digər mil­lət­lərlə çiyin-çiyinə çalışmağı davam etdirirlər.

Saxur xalqının tanınmış ziyalılarından biri Azərbaycanda dil­çilik sahəsində çalışan və özünəməxsus yer tutan filologiya elm­ləri doktoru, professor Səlim Abdullətif oğlu Cəfərovdur. Onun bu sahədə göstərdiyi xidmətlərindən bəzi məqamları Bakı Döv­lət Universitetinin əməkdaşı f.e.d. prof. M.Qiyasbəylinin 24 may 1997-ci ildə “Naxçıvan” qəzetində Azərbaycan SSR Dövlət mü­kafatı laureatı, fililogiya elmləri doktoru, professor Səlim Əb­­düllətif oğlu Cəfərova həsr etdiyi məqaləsində öz əksini tap­mış­dır. “O da dilimizin fədaisi idi...” adlı məqaləsində M.Qi­yas­bəyli bundan geniş şəkildə bəhs edir.

Azərbaycan dilçiliyindəki uğurları ilə yanaşı, alim öz doğma di­lini də unutmamış, 1934-1941-ci illərdə saxur dilinin əlifbasını ya­ratmış və bu dilin qrammatikasına və fonetikasına aid bir neçə ki­tab nəşr etdirmişdir. Sonradan f.e.n. Abdulla Qarayev, f.e.n. Əh­məd Qurbanov, f.e.d., prof. Əhməd Aslanov tərəfindən inkişaf et­diril­mişdir. Dağıstan MR f.e.d. prof. Rusiya EA akademiki Harun İb­rahimov tərəfindən saxur xalq dilinin fonetikası yazılmışdır.

Bununla yanaşı, Azərbaycan Pespublikasında elm, təhsil, sə­hiy­yə və memarlıq sahələrində çalışmış və çalışan saxur xalqı­nın nü­mayəndələrindən bəzilərinin, o cümlədən f.r.e.d., AMEA–nın müx­­bir üzvü Prezident təqaüdçüsü Abdulla Muxtarovun, b.e.d. AMEA-nın müxbir üzvü İbrahim Əzizovun, tibb.e.d., prof. Bəh­ram Aşurovun, tibb e.ü.f.d. Arif Yusibovun, c.e.ü.f.d. profes­sor Ma­med Çobanzadənin, c.e.ü.f.d. Cuma Məmmədovun, f.r.e.f.d. İs­ma­yıl Yusibovun, f.r.e.ü.f.d. Bəhram Mehdiyevin, f.r.e.ü.f.d. El­mi­ra Muxtarovanın, f.r.e.ü.f.d. Murad Muxtarovun, f.r.e.ü.f.d. Əkrəm As­lanovun, f.r.e.ü.f.d. Kamran Rəhimovun, t.e.ü.f.d. Eldar Meh­di­ye­­vin, t.e.ü.f.d. Aidə Cəfərovanın, f.e.ü.f.d. Afət Cəfəro­va­nın, t.e.ü.f.d. prof. Xalıq Yahudovun, t.e.ü.f.d. As­lan Əhmədovun, f.e.ü.f.d. Ramazan Məmmədovun adlarını çəkmək olar.

Qeyd etmək lazımdır ki, saxur xalqı azsaylı olmasına bax­ma­ya­raq, dil, danışıq, davranış, müraciət qaydalarına görə də, özü­nə­məx­sus mədəniyyəti ilə digərlərindən fərqlənir. Xalqın qədim­liyi, onun dilində çörək, su və hərəkətin dinamikasında müxtəlif cins­lə­rə müraciət qaydalarının sadəliyi ilə digər xalqlara bənzə­məməsi və sırf özünəməxsus olması ilə müəyyən olunur. Belə ki, qadının gə­li­şi k e r a, kişinin gəlişi k o r a, qadının getməsi h e r a, kişinin get­mə­si isə h o r a sözləri ilə çox incəliklə ifadə olunur.

Rus və ya başqa dillərdə çörək anlayışında qeyri-müəy­yən­lik müşahidə olunur. Belə ki, çörəyin buğda unundan və ya baş­qa undan bişirilməsi məlum deyil. Saxur dilində çörək sö­zündə onun hansı undan bişirilməsinə də işarə vardır. Məsələn, q ı k – qar­ğıdalı unundan, q n e y - buğda unundan, ş ı l ğ ı d i y - arpa unun­dan bişirilmiş çörək deməkdir. Yəni bu kimi məqamlarda ikinci sözün işlənməsinə lüzum qalmır.

Adət-ənənə baxımından toy şənliyində gəlinin ər evinə qə­dəm qoyma anında bəy tərəfindən tüfənglə havaya güllə atılması da digər xalqlardan fərqli olan gəlinə xüsusi xəbərdarlıq işarəsidir.

Qaxac ətindən plov və xəmir xörəklərin bişirilməsində is­ti­fa­də edilməsi də çox maraqlıdır.

Mətbəx işlərinin aparılması xörək bişirmə mədəniyyətinə xid­mət etdiyi kimi, eyni zamanda dilin də püxtələşməsinə, dildə ye­ni söz­lərin və qaydaların yaranmasına və öyrənilməsinə xidmət edir.

Saxur xalqının müasir dövrə kimi öyrənilməmiş və öyrə­nil­­məsini tələb edən dil müraciət qaydaları və maraqlı adət-ənə­nə­ləri çoxdur. Onların öyrənilməsi dilin və folklorun inkişafına xid­mət edir. Son dövrdə fransız tədqiqatçılarının saxur dilinə və folk­loruna olan marağı da, yəqin ki, bu baxımdandır.

Hesab edirik ki, xalqlar azsaylı da olsa onların da dilində di­gər dillərin püxtələşməsi üçün müəyyən sirli məqamlar ola bi­lər. Müasir dövrdə həmin sirlərin açılması gənclərin payına dü­şür. Belə də deyirlər ki, hədiyyənin böyüyü, kiçiyi olmaz. Yəqin ki, bu cür yanaşmanı dillərə də şamil etmək olar.

Bu baxımdan saxur xalqının nümayəndəsi kimi xalqımızın folk­loru ilə bağlı aparılan belə tədqiqatları bəyənir və alqışlayırıq. Be­lə hesab edirik ki, tamamlanmış bu tədqiqatla kifayətlənmək la­zım deyil. Daha yeni tədqiqatların aparılmasına ehtiyac vardır.

Günəşli Azərbaycanda saxur xalqının tarixən sönmüş çı­ra­ğı­nın yenidən işıqlanmasına şərait yaradan Azərbaycan Res­pub­li­kasının Prezidenti İlham Əliyevə, Şəki-Zaqatala bölgəsində ya­şa­yan azsaylı xalqların folklorunu toplayıb nəşr etdirmək işində əmə­yi olan hər kəsə, o cümlədən AMEA-nın Folklor İnsti­tu­tu­nun direktoru Muxtar İmanova, xüsusilə də bu kitabın müəllifi və tərtibçisi kimi bütün əziyyətini çəkən Mətanət xanım Ya­qub­qı­zına saxur xalqı adından dərin minnətdarlığımızı bildiririk və ona yeni yaradıcılıq uğurları arzu edirik.
Cuma Məmmədov

ORTAQ MÜHİT,

ORTAQ ADƏT-ƏNƏNƏ,

ORTAQ DİL
Qafqaz sıra dağlar silsiləsinin cənub-qərb hissəsində yer­lə­şən Şəki-Zaqatala bölgəsi şimaldan Dağıstan Muxtar Res­pub­li­kası, qərbdən Gürcüstan Respublikası ilə sərhədlənir. Bu əraziyə Ba­lakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonları da­xil­dir.

Şəki-Zaqatala bölgəsi milli azlıqların kompakt yaşadığı əra­zidir. Bu bölgədə avarlar, saxurlar, ingiloylar, gürcülər, udi­lər, ləzgilər, laklar, qrızlar (Qəbələ rayonunun Ovuculu kəndi), ərəş­di (Balakən rayonunun Poştbinə kəndi) və s. millət və etnik qrup­ların nümayəndələri yaşayırlar. Bu yerdə dillərin çoxluğu ilə maraqlı bir rəvayətin xatırlanması yerinə düşər:

“Allahın elçisi qatırın belində dünyanı dolaşır, nəhəng xur­cu­nun ağzını açıb xalqlara dil paylayırmış. Çində olur. Onla­ra çin dili verir. Ərəbləri gedib tapır, ərəb dili verir. Yunanlara yu­nan, ruslara rus, fransızlara fransız dili verir. ...gürcülərə gür­cü di­­li, osetinlərə osetin dili verir. ...qar çovğunu başlayır, kən­di-kə­­­­­səyi bürüyür. Allahın elçisi dibində iki ovuc paylanmamış dil olan xurcunu qaldırır və o dillərin hamısını dağlara səpələyir.


  • Alın, kim hansını istəyir, seçsin – deyir.

Qar-çovğun atılmış dilləri yarğanlara, qayalara çırparaq ha­­ra gəldi səpələyir. Hərə öz ana dilini tapır. Elə o zamandan dün­­yada avarlar, ləzgilər, darginlər, qumuqlar, tatlar, laklar pey­da olur”. (Ə:10; s:154-156)

Düzdür, bu bir rəvayətdir. Ancaq çox maraqlıdır, doğrudan da bu bir faktdır ki, dil müxtəlifliyinin ən çox kök atdığı yerlər dağlıq ərazilərdir.

Bölgədə kompakt şəkildə yaşayan milli azlıqlar tarixən nə­inki öz keçmiş milli adət-ənənələrini qoruyub saxlamış, hətta baş­qa millətlərin müəyyən xüsusiyyətlərini də mənimsəmişlər. Bu, onların həyat tərzində, məişətində özünü göstərir.

Məlumdur ki, etnik amil bölgə örnəklərinin spesifikasına tə­sir edən faktorlardan biridir. Xüsusilə də dil faktlarının ör­nək­lə­rə təsiri danılmazdır.

Bu kitabda yalnız dörd dilin – udi, avar, saxur və ingiloy dil­­lə­rinin daşıyıcıları olan Azərbaycan xalqının nüma­yəndə­lə­ri­nin adət-ənənələri, milli söz örnəkləri yer almışdır. İstərdik ki, əvvəlcə bu dillərin daşıyıcılarının kimliyi haqqında qısa arayış ve­rək; böyük alimlərimizin və bu millətlərin nümayəndələrinin öz­­­lərinin mənşəyi barədə söylədiyi fikirlərə diqqət edək və so­nun­­da öz mülahizələrimizi irəli sürək.

Udilər1 Qəbələdə ən böyük yaşayış məntəqələrindən biri Nic qəsəbəsində və az hissəsi Oğuz rayonunda yaşayır.

Qədim yunan tarixçisi, coğrafiyaşünas və filosofu Strabon “Coğ­rafiya” kitabında göstərirdi ki, Albaniyada 26 dildə danışan türk tayfaları, ümumilikdə, Alban adlanan hər bir tayfanın özünə məx­sus etnik adı var idi. (Ə: 16)

Mərhum prof. Qəmərşah Cavadov prof. Rauf Hüseynovla bir­gə yazdığı “Udilər” kitabında bir daha Strabonun “Coğrafiya ki­­tabına istinad edilir: “Qafqaz Albaniyasında hər birinin öz dili olan 26 tayfa vardır. Bunlar gellər, qarqarlar, silvlər, didurlar, leq­­lər, utilər-albanlardır”. (Ə: 9; s:24)

“Müasir udi dilində Suriya sözlərinin və terminlərinin (qə­dim Suriya dillərindən alınma sözlər saxlanmışdır) siyasi, dini, et­nik-mədəni həyatın xüsusiyyətləri ilə bağlı olaraq qeydə alın­ma­sı bir daha sübut edir ki, onların dili alban (qədim udi) dilinin birbaşa varisidir”. (Ə:9; səh:79)

Prof. Q.Voroşil yazırdı: “Bizim fikrimizcə, alban yazı­ları­nın sta­tistik quruluşu udi dilinin quruluşuna çox yaxındır” (Ə:13; səh:34)

Prof. Q.Voroşil “Qafqaz Albaniyası” kitabında nümunələr ver­mişdir ki, bu sözlər kök baxımından alban sözləridir: kat - qətrə, damcı; çav - şan-şöhrət (çuv – şan-şöhrət - Ə:3; s:298); ça – yun (ça-bəh-bəh - Ə:3; s:298), ip, ciyə (Ə:13; s:35)

“Udilər həmişə özlərini alban sayıblar”. (Ə:13; s:36)


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə