Baki döVLƏt universitetiNİn təLƏBƏLƏRİ İLƏ MÜLKİ MÜdafiƏ FƏNNİNDƏn mühaziRƏ keçMƏK ÜÇÜn plan-konspekt mövzu Kimyəvi silahların təsnifatı



Yüklə 110,43 Kb.
tarix20.09.2017
ölçüsü110,43 Kb.
#1131
növüMühazirə

BAKI DÖVLƏT UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ İLƏ

MÜLKİ MÜDAFİƏ FƏNNİNDƏN MÜHAZİRƏ KEÇMƏK ÜÇÜN

PLAN-KONSPEKT

Mövzu - 8. Kimyəvi silahların təsnifatı

Tədrisin məqsədi: Kimyəvi silahlar haqqında tələbələrə məlumat vermək.

Məşğələnin keçirildiyi yer: BDU-nun auditoriyası.

Vaxt: 2 saat.

Tədris sualları və təxmini vaxt bölgüsü:

Tələbələrin davamiyyətinin və mühazirəyə hazırlığının yoxlanılması -10 dəq.

1-ci tədris sualı: Kimyəvi silahlar haqqında anlayış, növləri və zəhərləyici xüsusiyyətləri -45 dəq.

2-ci tədris sualı: Güclü təsirli zəhərləyici maddələr və onların xassələri -30 dəq.

Mühazirə mövzusuna yekun vurulması 5 dəq.

Ədəbiyyat: 1) Azərbaycan Respublikasının «Mülki Müdafiə haqqında» 30 dekabr 1997-ci il tarixli 420-10 saylı qanunu.

2) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 saylı qərarı.

3) H. Q. Ocaqovun « Mülki müdafiə» Ali məktəblər üçün dərslik.

Əyani vəsait: Videoproyektor, prezentasiyalar, plakatlar.

Kimyəvi silah – kütləvi qırğın silahlarından biri olub, zəhərləyici maddələrə və onları tətbiq etmək üçün istifadə olunan vasitələrə deyilir. Zəhərləyici maddələr (ZM), əhalinin əmək və qoşunların döyüş qabiliyyətinin zəifləməsinə, bəzi hallarda isə bütün canlıların məhvinə səbəb ola bilən xüsusi kimyəvi birləşmələrdən ibarətdir.

Zəhərləyici maddələr zəhərlənmiş hava ilə nəfəs aldıqda, dəri üzərinə və selikli qişaya düşdükdə, həmçinin zəhərlənmiş yeyinti məhsullarından və sudan istifadə etdikdə insanları və heyvanları zəhərləyir. Kimyəvi silah təyyarə bombalarında, top mərmilərində, mayesi tökülə bilən təyyarə cihazlarında və müxtəlif tərtibatlarda, ərazini zəhərləmək üçün damcı-maye halında, insanları zəhərləmək üçün buxar və aerozol (tüstü, duman) şəklində tətbiq edilə bilər. ZM küləyin istiqamətində 10 kilometrlərlə məsafəyə yayıla bilən zəhərli bulud yaradır.

Ərazinin və ya obyektin zəhərlənmə dərəcəsi oraya düşən ZM-in miqdarından asılıdır və ZM-in qramlarla miqdarının 1kv.m səthə nisbəti ilə ifadə olunan zəhərlənmə sıxlığı ilə müəyyən edilir.

Kimyəvi silah tətbiq olunan rayonlarda kimyəvi zəhərlənmə ocağı yaranır. Kimyəvi zəhərlənmə ocağı – o əraziyə deyilir ki, kimyəvi silahın və ya güclü təsirli zəhərləyici maddələrin təsiri nəticəsində orada əhalinin, heyvanların və bitkilərin zədələnməsi baş verir. Kimyəvi zəhərlənmə ocağı iki zonaya – ZM ilə bilavasitə zəhərlənən əsas zonaya və ZM-n buxar aerozolları yayılan ikinci zonaya bölünür.

ZM-in dayanıqlığı, yəni insanlara və heyvanlara göstərdiyi zədələyici təsirin müddəti, həmin ZM-in fiziki-kimyəvi xassələrindən, həmçinin ərazinin xarakterindən və havadan asılıdır. Havanın temperaturu yüksək olduqca ZM daha tez buxarlanır. Güclü külək buxarı səpələyir, yağış isə ZM torpaqdan, bitkilərdən və müxtəlif əşyalardan yuyub aparır. Binalarda, zirzəmilərdə, yarğanlarda və dərələrdə zəhərlənmiş hava uzun müddət qala bilər. Kimyəvi silahdan mühafizə olunmaq üçün əleyhqazdan, xüsusi paltardan və ya hermetik bağlanmış sığınacaqlardan istifadə edilir.

Kimyəvi silahların əsas xüsusiyyətləri aşağıdakılardır:

– maddi sərvətlərə zərər vurmadan canlı qüvvələri məhv etmək;

– geniş sahələri zəhərləmək və zədələyici təsirini uzun müddət saxlama qabiliyyəti;

– zəhərlənmənin ani baş verməsi və nəticələrinin ağırlığı;

– istehsalının nisbətən ucuz başa gəlməsi və s.

Kimyəvi silahları toksikoloji təsnifata görə aşağıdakı qruplara ayırırlar:

– sinir iflicedici ZM (Zarin, Zoman, V-qazlar);

– ümumzəhərləyici maddələr (Sianid turşusu, Sianxlorid);

– dəridə yara əmələ gətirən ZM (İprit, Lyuizit);

– boğucu ZM (Fosgen, Difosgen);

– qıcıqlandırıcı ZM (Adamsit, Sİ-EC);

– psixokimyəvi ZM (Bi-zet, DLT (dietilamid lizergin turşusu));

– göz yaşardıcı ZM (Xlorasetafenon, Xlorpikrin).


1. SİNİR İFLİCEDİCİ ZM

Zarin – metilflorfosfon turşusunun flüoranhidridinin izopropil efiridir.



Zarin –adi halda rəngsiz və ya zəif sari rəngli, iysiz, xüsusi sıxlığı -1,1 q/sm3, qaynama temperaturu 1500 C, donma temperaturu mənfi 1000 C olan mayedir. Su ilə istənilən nisbətdə qarışır, benzin, kerosin və dixloretanda yaxşı həll olur. Həm buxar, həm də maye halda insana təsir göstərir. İnsanın bədəninə tənəffüs orqanları, həzm sistemi və ya dəri səthi vasitəsi ilə daxil olaraq sinir sistemini zədələyir. Su tutumlarında (çənlərdə) zarin öz təsirini 25 sutkayadək saxlayır.

Zarinin zədələyici əlamətləri: göz bəbəklərinin daralması, ağız boşluğunda ifrazatın artması, nəfəsalmanın çətinləşməsi, ürəkbulanma, hüşun itirilməsi, qıcolma və s. Ağır zədələnmə hallarında, nəfəs yollarının iflici baş verir və ölümlə nəticələnir.

Deqazasiya - xlorlu əhəng, qələvilər və ammonyakın suda məhlulu ilə həyata keçirilir. Xlorlu əhəng (CaOCl2) xlor iyi verən ağ və ya sarımtıl rəngdə tozdur. Suda qismən həll olur. Qızdırdıqda və ya parlaq işıqlandıran zaman parçalanaraq O2 və Cl2 qazları əmələ gəldiyi üçün preparatı qaranlıq və sərin yerdə saxlamaq lazımdır. Turşular (hətta karbonat turşusu) xlorlu əhəngi Cl2O ayrılmaqla parçalayırlar: 2CaCl(OCl) + CO2 = CaCl2 + CaCO3 + Cl2O

Zoman – (metilflorfosfin turşusunun pinakolin efirdir) rəngsiz, zəif kamfora iyi verən mayedir. Sıxlığı 1,02 q/sm3, qaynama temperaturu 2000 C, donma temperaturu mənfi 800 C-dir. Suda həll olmur, üzvi həlledicilərdə isə yaxşı həll olur. Kimyəvi xassələri zarinin xassələri ilə eynidir. Toksiki xassələrinə görə zoman zarindən güclüdür, onun buxarları zarin buxarlarından 3-4 dəfə çox toksikdir. Maye - damla halında isə zarindən 15-20 dəfə toksikdir. Su tutumlarında zoman öz zəhərləyici xassələrini 2,5 ayadək saxlayır. Zəhərlənmənin ilkin əlamətləri – göz bəbəklərinin daralması (mioz), bronx tutmaları, ağız suyu və tər ifrazının artması, ürək fəaliyyətinin qısamüddətli şiddətlənib, sonra isə sakitləşməsini göstərmək olar.

İlk yardım: Zoman buxarları ilə zəhərlənmiş adama əleyhqaz geydirib zəhərli zonadan çıxarmaq lazımdır. Əgər varsa, zərərçəkənə tibbi preparatlar: şpris - tyubik vasitəsi ilə antidot yeritmək, yaxud atropin tableti vermək lazımdır. İstənilən halda zəhərlənmiş şəxsi yaxınlıqdakı tibb məntəqəsinə çatdırmaq lazımdır. Bu ZM-in damcıları geyimlərin və bədənin açıq yerlərinə düşdükdə, həmin yerləri dərhal ammonyakın sulu məhlulu və ya fərdi kimya paketdə olan maye ilə təmizləmək lazımdır.

Deqazasiya – xlor əhəngi, qələvi, ammonyakın suda məhlulu.

2. ÜMUMZƏHƏRLƏYİCİ MADDƏLƏR

Sianid turşusu (HCN)– hidrogen sianidin suda məhlulu olub, rəngsiz, uçucu, acı badam iyi verən maye halındadır. Qaynama temperaturu 25,60 C, donma temperaturu mənfi 13,30C, sıxlığı 0,692 q/sm3-dir. Su, efir və spirtdə istənilən nisbətdə qarışır, bir çox üzvi həlledicilərdə həll olur. Turşunu durulaşmış formada saxlamaq lazımdır. 1 damcı qeyri-üzvi turşunu 100 ml məhlula əlavə etdikdə suda məhlulu daha davamlı olur. Sianid turşusu(HCN) çox zəif turşu olub, onun dissosiasiyası sabiti 6,2*10-10-dur.

Sianid turşusu həddən artıq zəhərlidir. Turşunun buxarı ilə nəfəs aldıqda və ya o dərinin zədələnmiş hissəsinə düşdükdə ölümlə nəticələnir. Sianid turşusunun buxarları paltarlara yaxşı hopur (sığınacağa daxil olarkən nəzərə alınmalıdır) və ümumzəhərləyici təsir göstərir.

Deqazasiya - əsasən hava dəyişmə yolu ilə aparılır.

Sianxlorid (CN)Cl– yüngül uçucu, rəngsiz 13.5 0 C- də qaynayan, mənfi 6 0C-də donan maye halda olan maddədir. Kəskin iyə malik olub, selikli qişaları qıcıqlandırır və gözyaşarma əmələ gətirir. Yüksək qatılıqda ümumi zəhərlənmə baş verir. Sianxloridlə zəhərlənmələr – orqanizmdə gedən maddələr mübadiləsini təmin edən xüsusi fermentlərin aktivliyinin dayandırılmasına gətirib çıxarır.

Bu maddələrlə nəfəs aldıqda ağızda acı metal tamı, boğazın qıcıqlanması, zəiflik, qorxu və baş gicəllənməsi hiss olunur. Zəhərlənmənin zəif hallarında bu hisslər tez keçib gedir, ağır hallarında isə bu hisslər get - gedə artır, göz bəbəklərinin genişlənməsi, fikrin çaşqınlığı, qıcolma və iflic baş verir.

İlk yardım: zəhərlənmiş şəxsə ilk növbədə əleyhqaz geydirmək lazımdır. Ona antidot verilir və ya amilnitrit ampulunu sındırıb şlem-maskanın içərisinə yeridirlər və zəhərlənmə zonasından çıxarırlar. Təmiz havada əleyhqazı çıxarıb, geyimin yaxasını açıb süni tənəffüs vermək lazımdır.

Antidot olmadıqda venadaxili 40 – 60 sm³ 1 % - li metilen abısı məhlulu 25-30 saniyə ərzində yeridilir. Həmin iynə ilə (venada olan) 50 sm³ 30% - li tiosulfat məhlulu yeridilir. Bu əməliyyat 30 -40 saniyə ərzində aparılır.



3. DƏRİDƏ YARA ƏMƏLƏ GƏTİRƏN ZM

İprit – kimyəvi adi – dixlordietilsulfid, aşağıdakı sxem üzrə alınır:


İprit yağlı maye halında olan maddədir. Kimyəvi təmiz iprit rəngsiz, texniki iprit isə tərkibində olan qarışıqların təsirindən tünd – qəhvəyi rəngdə, istiot və ya sarımsaq iyi verən maddədir.

Xüsusi çəkisi 1,3 q/sm3 , qaynama temperaturu 2170 C, donma temperaturu isə mənfi 140 C-dir. İprit suda çətin, yağ və üzvi həlledicilərdə isə yaxşı həll olur. Suda həll olmuş iprit normal temperaturda hidroliz olaraq tiodiqlikol və xlorid turşusu əmələ gətirir.



Toksiki xassələri: İprit orqanizmə hərtərəfli təsir göstərir. O, maye-damcı halında dəri üzərinə düşdükdə bir necə saatdan sonra (4-24 saat) dəridə qızartı əmələ gəlir, qızartı getdikcə böyüyür, 2-3 gündən sonra kiçik köplər əmələ gəlir və bu köplər getdikcə böyüyür və 3-5 gündən sonra partlayır və onun yerində yaralar əmələ gəlir ki, onları da uzunmüddətli müalicədən sonra sağaltmaq mümkün olur.

Əgər iprit buxarları gözə düşərsə, 2-4 saatdan sonra gözlərin şişməsi, göz yaşlarının axması, işıqdan qorxma və görmə qabiliyyətinin pozulması halları baş verir.

İprit buxarları tənəffüs yollarına düşdükdə 4-12 saatdan sonra zəhərlənmə halları özünü büruzə verir. Quru öskürək və səsin batması müşahidə olunur.

İprit mədə-bağırsaq yollarına düşdükdə 30-60 dəqiqədən sonra mədədə kəskin ağrılar başlayır, ürəkbulanma və qusma baş verir. Mədə-bağırsaq zəhərlənmələri çox halda ölümlə nəticələnir.

İprit gizli təsir dövrünə malikdir və onun müddəti zəhərli maddənin dozasından, fərdi hissiyyatdan və xarici mühitin temperaturundan asılıdır.

Deqazasiya – xlorlu əhəng, xloramin B və T, hipoxlorid turşusunun kalsium duzlarından ipriti neytrallaşdırmaq üçün istifadə edilir. Deqazatorlar ipriti sulfoksid və başqa maddələrə çevirir.

Lyuizit – Asetilenin alüminium xlorid AlCl3 iştirakında arsenxloridlə təsirindən (AsCl3) lyuizit alınır. Lyuizit aşağıda göstərilmiş üç maddənin birləşməsindən ibarət olub rəngsiz, yağlı maye halındadır və xoşagəlməz iyə malikdir. Xüsusi çəkisi 1,9 q/sm3, qaynama temperaturu 930 C , mənfi 150 C-də bərk kütləyə çevrilir, uçucu maddədir, onun buxarları da insanları zəhərləyə bilir. Suda çətin, üzvi həlledicilərdə yaxşı həll olur.



β-xlorvinildixlorarsin di – (β-xlorvinil)-xlorarsin tri – (β-xlorvinil)-arsin

(α-lyuizit ) (β-lyuizit) (γ-lyuizit)
Zəhərlənmə təsirinə görə lyuizit ipritə oxşardır, ancaq onun özünün də xüsusi əlamətləri vardır. Bunlardan əsası odur ki, lyuizitin gizli dövrü yoxdur. Lyuizit dəriyə düşdükdə həmin an yandırma hiss olunur, sonra qızartı və şiş əmələ gəlir, köpün əmələ qəlmə mərhələsi 2-ci günün sonuna kimi qurtarır. Sonra köplər açılaraq yara əmələ gətirir. Lyuizitin buxarları ilə nəfəs aldıqda əvvəlcə yuxarı tənəffüs orqanları zədələnir, sonra öskürək və burundan su axma kimi əlamətlər olur. Yüngül zəhərləmələrdə belə hallar bir necə saat, ağır hallarda isə bir necə sutka davam edir. Ağır zəhərlənmələr ürəkbulanma, baş ağrıları, səsin batması, qusma və sonralar bronxların iltihabı ilə nəticələnir.

Lyuizitin damcıları gözə düşdükdə 7-10 sutkadan sonra insan görmə qabiliyyətini itirir.

Lyuizit mədə-bağırsaq traktına düşdükdə ürəkbulanma, qan təzyiqinin aşağı düşməsi halları olur və daxili orqanların zədələnməsi inkişaf edir.

Tənəffüs orqanlarının və mədə-bağırsaq traktının zəhərlənməsində təcili tibb yardım çağırmaq və bütün hallarda sanitar təmizlənmə aparmaq lazımdır.

İlk yardım: əgər bu maddələrin damcıları geyim və yaxud dəri üzərinə düşərsə, zəhərlənmiş sahəni fərdi kimya əleyhinə paketdə olan məhlul, yaxud xloramin məhlulu ilə deqazasiya etmək lazımdır. Gözlərə bu ZM –rin damcıları düşdükdə onları 2%-li soda məhlulu və ya zəif (0,1%-0,2%) xloramin məhlulu ilə yaxalayırlar.

4. BOĞUCU ZM

Bu ZM qrupuna fosgen, difosgen kimi ZM aid edilir.



Fosgen (COCl2 karbonilxlorid, xlorqarışqa turşusunun xloranhidridi) ilk dəfə 1812-ci ildə ingilis alimi Devi tərəfindən dəm qazı ilə xlorun günəş şüaları altında qarşılıqlı təsirindən alınmışdır. Yunanca tərcüməsi «işıqda doğulmuş» mənasını verir. Adi halda rəngsiz qazdır, buxarları havadan 3,5 dəfə ağırdır. 8,20 C-də uçucu mayeyə çevrilir. Az miqdarda qatılıqda çürümüş alma iyi verir. Suda pis həll olur, ancaq suya düşdükdə hidroliz olaraq HCl və CO2 əmələ gətirir. Ağ ciyərlərə təsir göstərir, onlarda şiş əmələ gətirir, nəticədə orqanizmin oksigenlə təchizatı pozulur. Havada 0,006 mq/l qatılıqda ölümlə nəticələnir. Fosgenlə nəfəs aldıqda ağızda şirin dad, sonra öskürək, baş gicəllənməsi və ümumi zəiflik hiss olunur. Zəhərli zonadan çıxdıqdan sonra adətən 2-12 saat ərzində adam özünü yaxşı hiss edir. Bu period gizli period adlanır. Bundan sonra adamda kəskin dəyişiklik baş verir. Əgər vaxtında həkim yardımı göstərilməsə, ölümlə nəticələnə bilər. Deqazasiya – havadəyişmə və yaxud ammonyak iyləməklə mümkündür.

Difosgen – xlorkarbon turşusunun metil efirinin tam xlorlaşma məhsulu ClCOOCCl3 boğucu xassəyə malik rəngsiz, yağlı maye şəklində olan zəhərləyici maddədir. Çürümüş meyvə iyi verir. Qaynama temperaturu 1270 C-dir. Qızdıran zaman parçalanaraq fosgen əmələ gətirir:

ClCOOCCl3 2COCl2



Toksiki xassələri: difosgen ancaq tənəffüs yolları ilə orqanizmə daxil olur. İlk 10-15 dəq. gözlərdə sancı, boğazda qıcıqlanma və döş sümüyü arxasında göynəmə əmələ gəlir ki, bu əlamətlər sabit olmayaraq keçib gedir. Bəzən ilk dövrdə zəhərlənmiş şəxs özünü sağlam hiss edir. Gizli dövr orta hesabla 4-8 saata bərabərdir. Əslində bu dövr bir necə səbəbdən asılı olaraq – (zəiflik, yorğunluq, zəhərin miqdarı, təsir müddəti və s.) 24 saata qədər davam edə bilər. Gizli dövrün qısa olması zəhərlənmənin ağır olmasını göstərir.

ZM-nin təsirindən ilk dövrdə tənəffüs sürətlənir, tənəffüs orqanları şişərək sərtləşir və nəticədə orqanizmə daxil olan oksigenin miqdarı azalır. İltihab nəticəsində ağ ciyərlərə 2-2,5 litrə qədər maye toplana bilər.

İlk yardım: zəhərlənmiş şəxsə əleyhqaz geydirib qısa bir zamanda zəhərli zonadan maşınla və ya xərəklə çıxarmaq lazımdır. Zərərçəkəni piyada yeriyərək zəhərli zonadan çıxarmağa icazə verilmir. Onu təmiz havaya çıxardıqdan sonra təcili tibb məntəqəsinə göndərmək lazımdır. Heç bir halda difosgenlə zəhərlənmiş adama süni tənəffüs vermək olmaz.

5. QICIQLANDIRICI ZM

Bu qrup ZM özündə çoxlu maddələr cəmləşdirir ki, onlar da selikli qişalara burun, boğaz, ciyərlər və ya dəriyə qıcıqlandırıcı təsir göstərir. Bu maddələri 2 qrupa ayırmaq olar: – lakrimatorlar – burun, boğaz və gözün selikli qişalarını qıcıqlandıran, nəticədə yaş axma ( göz bəbəklərinin spazmı) və burun axması əmələ gətirən maddələr. (Lakrimator yunan sözü olub «lakrime» – göz yaşı deməkdir). – sternitlər – yuxarı tənəffüs yollarının selikli qişasının sinir sonluqlarını qıcıqlandıran, nəticədə öskürək, qusma, asqırma və başağrısı əmələ gətirən maddələr.

Qıcıqlandırıcı zəhərləyici maddələrə Adamsit və Sİ-ES daxildir.

Adamsit – 1918-ci ildə amerikalı alim Adams tərəfindən alınmışdır. Kimyəvi adı dihidrofenarsazinxloriddir. Kimyəvi formulu: HN(C6H4)AsCl. Təmiz adamsit sarımtıl-yaşıl rəngli, iysiz, kristal maddədir. Qaynama temperaturu 4100 C, suda demək olar ki, həll olmur, əksər üzvi həlledicilərdə isə çətin həll olur. Texniki adamsit toz halında və ya ərimiş kütlə halında olub, ərimə temperaturu 190-1950 C-dir. Adamsit yuxarı tənəffüs orqanlarına güclü qıcıqlandırıcı təsir göstərir (öskürək, asqıraq, burun qişasından çoxlu selik axması, sinədə ağrı və göynəmə). Havada 3 mq/l qatılıqda 10 dəqiqə nəfəs aldıqda ölümlə nəticələnir.

İlk yardım: zəhərlənmiş şəxsə əleyhqaz geydirib onu zəhərlənmiş sahədən çıxardıqdan sonra, fərdi kimya əleyhinə paketdə olan tüstü əleyhinə məhlulu çıxarıb əleyhqazın içərisinə yeritməklə, yaxud zərərçəkənə qoxulatmaqla deqazasiya etmək lazımdır.

Mühafizə vasitəsi – əleyhqaz. Deqazqsiya otağın havasını dəyişməklə aparılır. Adamsit kimyəvi kəşfiyyat cihazı vasitəsi ilə müəyyən edilir.
6. PSİXOKİMYƏVİ ZM

Bu zəhərli maddələr qrupuna Bi-Zet, DLT (dietilamid lizergin turşusu) aid edilir. Bu maddələr adətən insanların psixologiyasına təsir göstərir, onlarda psixoloji ruh düşkünlüyü hissi yaradır, əsgərlər döyüşməkdən imtina edir, öz silahlarını atıb gedirlər. Bu hal onlarda bir neçə gün davam edə bilər. Sonra adətən insanlar sağalırlar.



Bi-Zet – iysiz, dadsız, ağ kristallik maddədir.

Toksiki xassələri: Bi-zet insan orqanizminə nəfəsalma, həzm sistemi və ya dəri vasitəsi ilə düşə bilər. Ölümcül zəhərlənmə halları BZ üçün xarakterik deyil. Ancaq yaşlı insanlarda, uşaqlarda və tənəffüs yolları xəstəlikləri olan insanlarda ölüm halları ola bilər.

Zəhərlənmələr zamanı göz bəbəklərinin böyüməsi, ürək döyünməsinin sürətlənməsi, baş gicəllənməsi, əzələ zəifliyi əlamətləri meydana gəlir. 30-60 dəq. sonra diqqət və yaddaşın zəifləməsi baş verir, ətraf qıcıqlandırıcılara qarşı reaksiya azalır. Zəhərlənmiş şəxs orientiri itirir, psixoloji oyanma əlamətləri əmələ gəlir. Neqativizm inkişaf edir və zəhərlənmiş insan ona təklif edilənlərin əksini edir. Zəhərlənmənin ayrı-ayrı əlamətləri 5 sutkayadək saxlanılır.

İlk yardım: Zəhərlənənlərə tibbi yardım ancaq tibb müəssisələrində göstərilə bilər, çünki müalicə üçün zəhərlənmənin dəqiq diaqnozu qoyulmalıdır ki, zəruri olan dərman preparatlarından istifadə edilsin.

DLT- dimetilamid lizergin turşusu rəngsiz, dadsız və iysiz kristall maddədir. Suda yaxşı həll olur.

Toksiki xassələri: DLT kiçik dozalarda həzm sisteminə, aerozolları ilə nəfəs aldıqda, dəri və yara vasitəsi ilə qana keçdikdə insan psixikasına təsir göstərir.

DLT ilə zəhərlənməni 3 fazaya ayırırlar: başlanğıc, psixoz, sonuncu.

Başlanğıc faza hər şeydən əvvəl subyektiv hissiyyatlarla başlayır. İnsan orqanizminə DLT daxil olduqdan 15-20 dəq. sonra yorğunluq, həyəcan, baş gicəllənməsi, baş ağrısı, ürək nahiyəsində xoşagəlməz ağrılar, əllərin soyuması və titrəməsi əlamətləri baş verir. Eyni vaxtda dərinin qızarması, yaxud solğunlaşması, istilik yaxud soyuqluq hissləri, tərləmə, güclü selik axması və ürəkbulanma əlamətləri müşahidə olunur. Göz bəbəkləri genişlənir, nəbz sürətlənir, tənəffüs isə zəifləyir. Başlanğıc faza dozanın miqdarından və DLT-nin orqanizmə daxil olma yollarından asılı olaraq 40 dəqiqədən 1,5 saata qədər davam edə bilər.

Psixoz faza zəhərlənmiş insanın emosional əhvalının dəyişməsinə və özünü aparmasına təsir edir. Bəzi insanlarda əhvalın pis olması, vahimə hissi, iradənin zəifləməsi, depressiya, digərlərində isə yüksək hal-əhval, səbəbsiz gülüş, yersiz danışıqlar və aqressiv hərəkətlər meydana çıxır. Bu hisslər 5-8 saat davam edir.

Sonuncu fazada somatik və vegetativ pozğunluqlar yox olur. Bu faza 16-18 saat, hərdən 1,5-2 sutkayadək davam edir.

Psixoloji təsir edən minimal doza 0,0005 mq/kq.

İlk yardım: Hazırda psixokimyəvi zəhərləyici maddələrin orqanizmdə əmələ gətirdiyi biokimyəvi dəyişikliklər lazımi qədər öyrənilməmişdir. Əgər psixokimyəvi zəhərləyici maddələr mədəyə düşərsə, onu yaxşı yuduqdan sonra 10-15 qram aktivləşdirilmiş kömür verilir.

7. GÖZ YAŞARDICI ZM

Xlorpikrin (CCI3NO2) – hələ 1848-ci ildən məlumdur. Xlorpikrin tənəffüs orqanlarını və gözün selikli qişasını qıcıqlandırır. Bundan əlavə xlorpikrin ürəkbulanma və qusma, yüksək qatılıqda isə boğucu təsir göstərir. Xlorpikrin təmiz halda rəngsiz, xoşagəlməz iyə malik mayedir. Xüsusi çəkisi 1,658 q/m3-dir. Texniki xlorpikrin isə sari-qəhvəyi rəngli mayedir. Xlorpikrinin qaynama temperaturu 1280 C-dir, suda çətin, üzvi həlledicilərdə isə yaxşı həll olur. Uçuculuq qabiliyyətinə malikdir. Onun buxarları 5,7 dəfə havadan ağırdır. Hətta suda qaynatdıqda belə o, parçalanmır.

Deqazasiya: qələvilərin və natrium sulfidin spirtdə və yaxud su-spirt məhlulları ilə mümkündür.



Xlorasetofenon – sarı kristal halında olan bənövşə iyinə malik çox güclü zəhərli maddədir. İlk dəfə 1871-ci ildə alınmışdır. Ərimə temperaturu 50-800 C, qaynama temperaturu 2450 C-dir. Xüsusi çəkisi 1,32 q/sm3-dir. Suda demək olar ki, həll olmur, üzvi həlledicilərdə yaxşı həll olur. Qələvilərin suda məhlulları xlorasetofenonu hidrolizləşdirir.

Toksiki xassələri: bu maddənin xırda tozcuqları gözün selikli və buynuz qişalarına düşərsə, nəm qişada olan sinir uclarını ara kəsilmədən qıcıqlandırır və bunun nəticəsində yaşaxma baş verir. Zəhərlənmə əlamətləri adətən dərhal başlanır və 10-15 dəq. sonra maksimum həddə çatır. Gözyaşı ilə birlikdə ağrı, sancı, gicişmə hissi və tez-tez göz qırpması baş verir. Zəif qatılıqlarda zəhərlənmələr bu əlamətlərlə qurtarır. Yüksək dozalarda isə göz qapaqlarının şişməsi, göz almasının qızarması, şişkinliyi, kəskin işıqdan qorxma, görmə qabiliyyətinin zəiflənməsi müşahidə olunur. Yüksək qatılıqda xlorasetofenon ürək fəaliyyətinin pozulmasına, ağ ciyərlərin iltihabına və dərinin zədələnməsinə səbəb ola bilər.

Təsiredici dozası 0,0003 mq/l-dir. 0,05 mq/l qatılıqda xlorasetofenon ilə zəhərləndikdə ağ ciyərlərdə şiş əmələ gəlir. 0,1 mq/l qatılıqda isə dəriyə təsir göstərir. 0,85 mq/l qatılıqda insan əleyhqazsız olarsa, 10 dəqiqə ərzində ölə bilər.

Mühafizə – Fərdi mühafizə vasitələri ilə. Deqazasiya: xlorasetofenonla zəhərlənmiş yerləri və əşyaları Natrium sulfidin 10%-li suda məhlulu ilə qələvi əlavə etməklə neytrallaşdırırlar.

İlk yardım: ən əvvəl zədələnmiş şəxsə əleyhqaz geydirib təmiz havaya çıxarmaq lazımdır. Sonra gözlər adı su ilə təmiz yuyulur, yaxşı olar ki, birinci sutkada gözlər 2% çay sodası ilə yuyulsun. Şiddətli yaşaxmada gözə 1-2 damcı 1,0% atropin tökülməlidir. Bərk ağrılarda isə 1,0% diamin kodein və ya 2% novokaindən istifadə edilir. Göz gicişərkən ona əl vurmaq olmaz çünki gicişən yerə əl vurduqda qıcıqlanma kəskinləşir həmçinin gözə infeksiya da keçə bilər.

Güclü təsirli zəhərləyici maddələr (GTZM)
Hazırda dünyada 20 mln. artıq kimyəvi birləşmə məlumdur. Bu geniş kimya aləmindən bizi istehsalatda və məişətdə 100-dən çox Güclü Təsirli Zəhərləyici Maddələr (GTMZ) əhatə edir. Bir çox belə maddələr istehsalatın ayrılmaz hissələri olmuşlar. Respublikamızın bəzi təsərrüfat obyektlərində GTZM-dən bilavasitə istehsal məqsədi üçün, yada istehsalatla əlaqədar olan müxtəlif proseslərin təmin edilməsi üçün istifadə edilir.

GTZM təsərrüfat məqsədləri ilə işlədilən elə kimyəvi maddələrə deyilir ki, onlar ətrafa dağılarkən və ya yayılarkən havanın zədələyici konsentrasiyalarda zəhərlənməsinə səbəb olur. GTZM-in, onlar saxlanılan tutumlardan və qablardan kənara axması, həm dinc dövrdə qəzalar nəticəsində, həm də müharibə vaxtı nüvə partlayışının zərbə dalğasından və adi basqın vasitələrinin bilavasitə təsirindən və ya təxribat yolu ilə GTZM avadanlığının dağılması nəticəsində baş verə bilər. Kimyəvi maddələr istehsalı zamanı baş verən qəzalar adətən partlayışlar və yanğınlarla müşayiət olunur. Bunlar isə çox vaxt yanma və kimyəvi maddələrin natamam parçalanması nəticəsində yeni GTZM yaranmasına və atmosferin çirklənməsinə səbəb olub, qəza vəziyyətini daha da mürəkkəbləşdirir, həmçinin zəhərlənmə zonasına gəlmiş şəxsi heyətin mühafizəsi üçün əlavə tədbirlər görülməsini tələb edir.

Kimya, neftayırma, neft kimyası, yeyinti sənayesi və digər sənaye sahələrinin müəssisələrində çoxlu miqdarda texnoloji və yardımçı avadanlıqlar açıq halda yerləşir ki, bu da onların cürbəcür silah növlərinin təsirindən xeyli dərəcədə dağılmasına səbəb ola bilər. Beləliklə, düşmənin nüvə və ya adi silahla havadan zərbələri nəticəsində yaranan qəzalar zamanı kimyəvi maddələr istehsal edən obyektlərdə GTZM ətrafa axması mümkündür. Belə hallarda ikinci zədələnmə ocaqları yaranır.

Kimyəvi təhlükəli obyektlərə aşağıdakılar aid edilə bilər: - kimya, neft emalı, neft kimyası sənayesinin və onlarla əlaqədar olan digər sənaye sahələrinin müəssisələri; - suyu təmizləmək üçün xlordan istifadə edilən su kəməri və su təmizləmə qurğuları; - soyuducu maddə olaraq ammonyakdan istifadə olunan soyuducu qurğulara malik müəssisələr, ilk növbədə yeyinti sənayesi (meyvə-tərəvəz, ət-yağ, balıq və digər ərzaq ehtiyatlarını) saxlayan nazirliklərin və idarələrin soyuducu qurğuları və bazaları; - GTZM daşıyan nəqliyyat vasitələrinin dayanması üçün xüsusi yerləri olan dəmir yolu stansiyaları; - taxıl və taxıl məmulatı anbarlarının dezinfeksiya və deretizasiya edilməsi üçün zəhərli maddələr ehtiyatları saxlanılan xüsusi anbar və bazalar; - kənd təsərrüfatında işlədilən kimyəvi maddələr ehtiyatı saxlanılan anbarlar və bazalar.

Respublikamızın təsərrüfatında ən çox işlədilən bəzi güclü təsirli zəhərli maddələri nəzərdən keçirək.

AMMONYAK (NH3)

Ammonyak NH3 – sənayedə nitrat turşusu, ammonium nitrat və ammoniumsulfat, maye gübrələr, karbamid (sidik cövhəri) və soda istehsal etmək üçün; parçaların boyanmasında üzvi sintez üçün; soyuducu qurğularda soyuducu maddə kimi və güzgülərin gümüşlənməsi işlərində tətbiq edilir. Suların, ağ neftin və bir sıra mineral yağların təmizlənməsi, dərinin aşılanması işlərində, şəkər zavodlarında ammonyaka təsadüf edilir. O həmçinin təmizlənməmiş asetilenin içində də olur.



Fiziki-kimyəvi xassələri. Ammonyak boğucu, kəskin naşatır iyli rəngsiz qazdır, hiss olunma həddi 0,037 mq/l, dadı çox acıdır, havadan yüngüldür. Bildiyiniz kimi havanın molekul kütləsi 29, ammonyakınkı isə 17-dir. Sıxlığı 00 C-də 0,771 q/l, 250 C-də 0,59 q/l-dir. Mənfi 33-350 C dərəcəyədək soyudularkən sıxılaraq rəngsiz maye halına keçir. 1 həcm suda 700 həcm ammonyak həll olunur. Efirdə və digər üzvi həlledicilərdə həll olur. Ammonyakın hava ilə 4:3 nisbəti və ya 15-28%-li qarışığı partlayışa səbəb olur. Partlayış təhlükəli konsentrasiyanın hədləri: oksigendə 13,5-79%, aşağı valentli azot oksigendə 2,2-72%-dir. Ammonyak havada surətlə ammonium karbonata (NH4)2CO3 çevrilir, yaxud rütubətlə udulub naşatır spirtinə (ammonium hidroksidə) çevrilir. Reaksiyalara çox meyllidir, birləşdirmə, əvəzetmə və oksidləşmə reaksiyalarına daxil olur. Qabdan kənara (atmosferə) çıxarkən tüstülənir. Maye halında çox vaxt suda 10 və 25%-li qaz məhlulu şəklində təsadüf edilir. Çənlərdə və ya balonlarda təzyiq altında mayeləşdirilmiş halda saxlanılır və daşınır.

Zəhərləyici xassələri. Ammonyak yuxarı tənəffüs yollarına və gözlərə qıcıqlandırıcı təsir göstərir. Onun yüksək konsentrasiyaları (qatılığı) gözlərdə ağrıya və yaş axmaya, təngnəfəsliyə, kəskin öskürəyə, baş gicəllənməsinə, mədə ağrılarına və qusmaya səbəb olur, ağciyərlərin fəaliyyəti zəifləyir. Ammonyakın güclü təsirindən bir neçə dəqiqə sonra əzələ zəifliyi, yüksək reflektor qıcıqlanma, qıcolma halları müşahidə edilir, eşitmə qabiliyyəti azalır. Baş-beyin qabığında maddələr mübadiləsi pozulur. Kiçik konsentrasiyalarda gözlərin və burunun selikli qişaları azacıq qıcıqlanır, asqırma baş verir, yüngül ürəkbulanma, baş ağrıları, sifətin qızarması, güclü tərləmə, döşdə ağrı hiss edilir. Ammonyakın havada konsentrasiyasının yol verilən həddi (KYH) belədir: iş aparılan binaların havasında 0,02 mq/l, sənaye müəssisələrinin ərazisindəki açıq havada – 0,007 mq/l, yaşayış məntəqəsinin havasında – 0,0002 mq/l. Konsentrasiya 0,04-0,08 mq/l olarkən gözlərin, yuxarı nəfəs yollarının kəskin surətdə qıcıqlanması, güclü baş ağrıları baş verir. Susuz maye ammonyak ağır yanıqlar törədir, həm də yüksək buxarlandırma hərarətinə malik dondurucu maddə kimi təsir göstərir. Həcmcə 1%, 7 mq/l konsentrasiyada yaş dəri səthinin azacıq aşınması, 2%-də isə nəzərə çarpan aşınması müşahidə olunur, bir neçə dəqiqədən sonra suluqlu yanıq yarası əmələ gəlir. Naşatır spirti dəriyə zəif təsir göstərir, lakin hər halda kəskin ağrı, qızarma, xeyli uzun müddətli təsir zamanı suluqlar törədə bilər.

Mühafizə və ilkin yardım tədbirləri. Tənəffüs üzvlərini və gözləri ammonyakın təsirindən mühafizə üçün xüsusi süzücü sənaye əleyhqazlarından istifadə etmək lazımdır. Ammonyakın konsentrasiyası 2,3 mq/l olarkən əleyhqazın mühafizə etmə müddəti 240 dəqiqədir. Yüksək (3,8 mq/l-dən artiq) konsentrasiyalarda – təcridedici KİP-8, İP-4, İP-5 əleyhqazlarından istifadə etmək olar. Ammonyak buxarları ilə zəhərlənmiş adama əleyhqaz geydirib zəhərlənmə zonasından çıxarmaq, xlorformda 10%-li mentol məhlulu iylətmək, soda qarışdırılmış isti su içirtmək lazımdır. Tənəffüs pozularkən və ya dayanarkən – süni tənəffüs verilir. Gözlərə zeytun yağı damızdırmaq lazımdır, dəri səthi zədələnərkən – bu sahəni təmiz su ilə yuyur, sirkə, limon, çaxır və ya xlorid turşularının 5%-li məhlullarında islatma qoyulur.

Zərərsizləşdirmə üsulu. Ammonyakı zərərsizləşdirmək üçün 1:20 nisbətində sudan (1 kq ammonyak üçün 20 kq su) istifadə edilir.

Xlor (Cl2)

Xalq təsərrüfatının müxtəlif sahələrində xlordan geniş istifadə olunur. Kimya sənayesində xlor müxtəlif üzvi və qeyri-üzvi xlor tərkibli birləşmələr hazırlamaq üçün tətbiq edilir. İntektisid (həşəratqıran) maddələr, plastik kütlə materiallar, boyaqlar və dərman vasitələri, texniki – rezin hazırlanmasında, kağız sənayesində kağızın ağardılması və toxuculuq sənayesində parçaların ağardılması üçün xlor vacib əhəmiyyətə malikdir. Su təchizatı və kanalizasiya sistemlərin təmizləyici qurğularında da, içməli və tullantı suların təmizlənməsi və zərərsizləşdirilməsi üçün çoxlu miqdar xlor işlədilir.



Fiziki-kimyəvi xassələri: Xlor kəskin boğucu iyli yaşımtıl – sarı rəngli qazdır. Xlor yuxarı tənəffüs yollarına kəskin qıcıqlandırıcı təsir göstərir. Yüksək konsentrasiyalarda təsir zamanı ağciyər şişi inkişaf edir və tənəffüs mərkəzinin reflektor tormozlanması sayəsində ölümlə nəticələnə bilər.

Qaynama temperaturu 34,050C, sıxlığı – 3,214 q/l-dır, havadan 2,5 dəfə ağırdır. 5-6 atmosfer təzyiqlə sıxılarkən mənfi 350 C-də yaşımtıl-sarı rəngli yağlı maye halına düşür. Bir kiloqram maye xlor buxarlanarkən 316 litr qaz əmələ gəlir. Buxarlanma zamanı maye xlor su buxarları ilə birləşərək ağ duman yaradır. Xlor suda yaxşı həll olunur. Reaksiyalara çox tez qoşulur. Hidrogenlə 92,2-11,5% konsentrasiyalı qarışığı partlayış təhlükəsi törədir. Suda qismən hidroliz olunaraq HCl (hidrogen xlorid) və HClO (hipoxlorid) maddələrinə çevrilir. Demək olar ki, bütün kimyəvi elementlərlə birləşmələr yaradır.



Zəhərləyici xassələri. Xlor yuxarı tənəffüs yollarına kəskin nəzərə çarpan qıcıqlandırıcı təsir göstərir. Yüksək konsentrasiyalarda təsir zamanı dərhal ağciyər şişi inkişaf edir. Yüksək konsentrasiyada zəhərlənmə – tənəffüs mərkəzinin reflektor tormozlanması sayəsində dərhal ölümlə nəticələnə bilər.

İlk yardım: xlorla zəhərlənmiş adamı təmiz havaya çıxarmaq, mümkün qədər tez oksigenlə inhalyasiya etmək, istilik və rahatlığını təmin etmək, sonra isə xəstəxanaya aparmaq lazımdır. Yuxarı tənəffüs yollarının qıcıqlanması hallarında – toz şəklindəki 2%-li Na2SO3 məhlulu, qələvi məhlulları (çay sodası) iylətməli. Gözləri, burnu və ağızı 2%-li soda məhlulu ilə yumalı, soda qatılmış isti süd içirməli. Şiddətli öskürmə hallarında kodein və ya dionin verməli, xardal yaxması qoymalı, boğazın səs yarığı daralarkən boğaz nahiyəsini isitməli, isti qələvi ilə inhalyasiya etməli, dəri altına atropin vurmalı. Gözlər qıcıqlanarkən – 2% natrium – bikarbonat məhlulu ilə yumalı. Ürək zəifliyində – strofantin verməli, 0,1%-li strofantin ilə qlükoza məhlulu vurmalı.

Zərərsizləşdirmə üsulları. Xloru neytrallaşdırmaq üçün deqazasiya maddəsi olaraq qələvilərin suda məhlulu, natrium-hiposulfit, söndürülmüş əhəng və ya 1:120 nisbətində (1 ton xlor üçün 120 ton su) su işlədilməlidir.



Sulfit anhidridi (kükürd 2-oksid) SO2.

Sulfit anhidridi (kükürd 2-oksid) SO2 xarakterik kəskin iyli və şirintəhər dadlı rəngsiz qazdır, sənayedə sulfat turşusu və natrium sulfat hazırlamaq üçün xammal kimi, yunun, ipəyin, qarğıdalı ununun, əncirin, şəkərin ağardılması üçün, meyvə və giləmeyvələrin konservləşdirilməsində, soyuducu maddə kimi və dezinfeksiya məqsədi ilə istifadə olunur.

Fiziki-kimyəvi xassələri. Sulfit anhidridi otaq temperaturunda 4-5 atmosfer təzyiq altında rəngsiz maye halına keçir. Qaynama temperaturu 10,10C, sıxlığı qaz halında 2,93 q/l-dır, suda, spirtdə, sirkədə, sulfat turşusunda və efirdə həll olunur. Nəm sulfit anhidridi adi temperaturda H2S (hidrogen sulfid) ilə reaksiyaya girərək tamamilə quru, reaksiyalara qoşulmayan kükürd əmələ gətirir. Açıq havada tüstülənir. Təzyiq altında mayeləşdirilmiş halda sisternlərdə daşınır.

Zəhərləyici xassələri. Sulfit anhidritinin təsirinin ümumi xarakteri, yuxarı nəfəs yollarını qıcıqlandırıb bronxlarda spazm törətməsindən və tənəffüsün çətinləşdirilməsindən ibarətdir. Dumanlı və yüksək rütubətli havada sulfit anhidridi aerozol halında təsir göstərərkən daha güclü qıcıqlanmalar baş verir və belə hava şəraitində əhalinin kütləvi surətdə zəhərlənməsinə səbəb ola bilər. Bu maddənin havada konsentrasiyasının yol verilən həddi 0,01 mq/l-dir. Sulfit anhidridi iyinin hissedilmə həddi 0,003 mq/l-dir.

Dəriyə və gözlərə təsiri. Əleyhqaz taxmış adam sulfit anhidridin 26 mq/l konsentrasiyası şəraitində dəri səthinin nazik və tərli hissələrində qıcıqlanma və istilik hiss edir. Maye halında belə maddənin təsirindən dəri səthində və gözlərdə yanıq əmələ gəlməsi halları mümkündür. Gözlərdə yanıq baş verməsi bu maddənin surətlə gözlərin buynuzvari qişasının dərinliyinə sorularaq orada sulfat turşusu kimi təsir göstərməsi ilə izah olunur. Xroniki (müntəzəm) təsir nəticəsində çox vaxt dərinin səthində irinli xoralar əmələ gəlir.

Mühafizə və ilk yardım tədbirləri. Silfit anhidridinin təsirindən tənəffüs üzvlərini və gözləri qorumaq üçün süzgəcli «V» və «BKF» markalı sənaye əleyhqazlarından, həmçinin QP-5, QP-7 mülki əleyhqazlardan istifadə etmək olar. Bu maddənin qatılığı 6,6 mq/l olarkən, «V» markali sənaye əleyhqazının mühafizə müddəti 90 dəqiqədir. Az mühafizə müddətinə malik «BKF» əleyhqazından da istifadə etmək mümkündür. Daha yüksək qatılıqlarda (14 mq/l-dən artıq) PŞ-1, PŞ-2 əleyhqazlarından, İP-4, İP-5 markalı təcridedici əleyhqazlardan, KİP-8, RVL-1, ASV-2 cihazlarından istifadə olunmalıdir. Sulfit anhidridi ilə zəhərlənmiş adamı zəhərli zonadan təmiz havaya çıxarmaq lazımdır. Sonra oksigenlə inhalyasiya etməli, 2%-li soda və ya 0,5%-li boraks məhlulu ilə gözləri, burnu yumalı, boğazı yaxalamalı. Tənəffüs çətinləşərkən buruna efedrin damızdırmalı, dəri altına atropin, 1 ml dozada 1%-li demidrol məhlulu vurmalı. Boğaz nahiyəsini isti saxlamalı, öskürək hallarında kodein, dionin verməli. Bundan sonra bəlğəm gətirən dərman içirtməli, zədə nahiyəsinə xardal yaxması qoymalı, borjom suyu, soda, yağ və bal qatılmış süd verməli. Ağır zəhərlənmə hallarında ağciyər iltihabının qarşısını almaq və müalicə məqsədi ilə antibiotik və sulfinilamid dərmanları ilə müalicə aparmaq lazımdır. Gözlər zədələnərkən onları yuyub təmizləyəndən sonra hər bir gözə bir damcı 2%-li novokain məhlulu və ya dikalinin adrenalində 0,5%-li məhlulu (1:1000 nisbətində) damızdırmalı, sonra gözlərin birləşdirici qişa nahiyəsinə steril vazelin və ya şaftalı yağı daxil etməli. Bundan sonra 30%-li albusid məhlulu, hidrokortizon sürtməli.

Zərərsizləşdirmə üsulları. Sulfit anhidridini neytrallaşdırmaq üçün qələvilərin su məhlullarından, ammonyakdan, söndürülmüş əhəngdən və 1:90 nisbətində (1 kq sulfit anhiridi üçün 90 kq su) sudan istifadə etmək lazımdır.



Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimi
Yüklə 110,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə