Бакы дювлят университети



Yüklə 0,8 Mb.
səhifə1/6
tarix08.07.2018
ölçüsü0,8 Mb.
  1   2   3   4   5   6


TÜRKMƏN
MÜƏMMALARI,
DEYİŞMƏLƏRİ VƏ
VÜCUDNAMƏLƏRİ

Bakı – 2011




TürkSOY kitabxanası seriyası: 15
AMEA Folklor İnstitutu

Elmi Şurasının

qərarı ilə çap olunur
Тərtib edən,

türkməncədən uyğunlaşdıran

və ön sözün müəllifi:

Prof. Dr. Ramiz ƏSKƏR
Redaktor:

AMEA-nın müxbir üzvü,

Prof. Dr. Tofiq HACIYEV
Məsləhətçi:

Prof. Dr. Annaqurban AŞIROV
Türkmən müəmmaları, deyişmələri və vücudnamələri.

Bakı, MBM, 2011, 128 s.
Kitabda zəngin türkmən ədəbiyyatının Əndəlib, Şah­bəndə, Məx­­dim­qu­lu, Məğru­bi, Molla Nəfəs, Dostmə­həmməd, Möh­­ta­ci, Miskin Qılınc ki­mi ta­nın­­mış nümayəndə­lərinin yaradıcılığından seçilmiş mü­əmma, deyiş­­mə və vücudna­mələr toplan­mışdır. Kitab 31 mart - 4 ap­rel 2009-cu ildə İstan­bul­­­da TürkSOY tərəfin­dən təşkil olu­nan «Türk Ləhcələri Ara­sında Uyğun­laşdırma Çalış­malarının Bu­günkü Du­rumu və Qarşı­la­şı­lan Problemlər» möv­­zu­sunda bey­nəlxalq simpoziu­mun tövsiyə­lərinə və yekun bəyanna­mə­sinə uy­ğun olaraq nəşr edilir.
İSBN: 978-9952-29-041-7

Ó MBM

Ó Ramiz Əskər

MÖCÜZƏLİ POEZİYA,

(YAXUD TÜRKMƏNİN ÖZÜ BİR MÜƏMMADIR)
Uzun illərdən bəri türkologiyanın içindəyəm, qədim türk­lərlə, oğuzlarla (türkmənlərlə), qıpçaqlarla, qarluqlarla bağlı tədqiqat apa­rı­ram, dərs deyi­rəm, kitab tərcümə edirəm, simpozium və konfrans­lar­a qatılıram, oxuyuram, öyrənirəm, ancaq yenə də görürəm ki, ta­ri­x­də türk fe­nomenini, türk möcüzəsini axıradək dərk etmək müm­kün deyil. Heç vaxt topdan əsarətə düşməyən, şərqdə məğlub olub qərbdə qalib gələn, qərbdə itirib şərqdə qazanan, torpaqları üzərində günəş batmayan 16 cahan­şümul imperiya quran bir mil­lətdir türk milləti. Bu qədər qüvvə, iradə onda haradandır? Onun son­suz po­ten­sialını, aşıb-daşan enerjisini, yenilməz qüdrətini nə ilə izah etməli? Türk tarixi ilə bağlı gerçəkləri malalayan, həqiqətləri ustalıqla giz­ləyən, təhrif edən, üstünü sementləyən Qərb alimləri yavaş-yavaş ta­rixin türklə başladığını etiraf edirlər. Bu nə bizim, nə də onların is­təyi, arzusu ilə bağlı deyil. Yaxın gələcəkdə tam obyektiv və elmi şə­­­kildə isbat ediləcək ki, şumer də türkdür, etrusk da türkdür...

Ümumtürk kontekstindən oğuz-türkmən kontekstinə keçəndə də saysız-hesabsız müəmma ilə qarşılaşırıq. Oğuz-türkmən tayfaları 1040-cı ildə Dandənəkan meydan müharibəsini, 1071-ci ildə Malaz­gird meydan müharibəsini üstün düşmən qüvvələrinə qarşı necə ra­hat­lıqla udmuşlar. Türklər ərəb xəlifələrini istədikləri an taxtdan en­dirmiş, taxta çıxarmışlar. Səlcuqlar, məmlüklər və osmanlılar bütün dünyaya öz iradələrini diqtə etmişlər. Oğuzlar səlib yürüşlərini da­yandırmış, min il Avrasiya qitəsinin və Şimali Afrikanın et­nik, mə­dəni və siyasi çöhrəsini təyin etmiş, bir əlində Quran, bir əlin­də qı­lınc islam xalqlarının və dinindən asılı olmayaraq bütün tə­bəələrinin əmin-amanlıq şəraitində yaşamasını təmin etmişlər.

Türkmən ədəbiyyatı (indiki türkmənlər qəsr edilir) türkmən ru­hunun tərcümanıdır. Onun gerçək tarixi və kökləri min illərlə əv­vəlki miflərlə, dastanlarla, rəvayətlərlə bağlıdır. Yazılı ədəbiyyatın tarixi isə qismən gəncdir. Türkmən ədibləri öz əsərlərini bir neçə əsr farsca, çağatayca yazmışlar. Son 4 sərdir ki, türkməncə yazır­lar. Həm də bu, türkmənin ehtişamlı «Marı – şahi-cahan» dövrünə de­yil, zəif, feodal pərakəndəliyi dönəmunə təsadüf edir. Lakin buna bax­­mayaraq türkmən şeirindəki poetik vüsət, dərin fəlsəfə, axıcı li­rizm o dərəcədə qüvvətlidir ki, oxucunu heyrətə salır. Qum bar­xan­ları ilə əhatə olunmuş bu kiçik şəhər, qəsəbə və kəndlərdə bu cür qüd­rətli istedad­lar necə yetişmişdir? Bunlar müəmmadır. Onların cavabı ta­rixin özündə, millətin genlərində gizli şəkildədir.

Türkmən ədəbiyyatında müəmma canrı xeyli inkişaf etmişdir. Demək olar ki, öz sənət məktəbi olan hər ustad aşıq, şeir yazan hər şair müəmma müəllifidir. Müəmma dini və dün­yəvi elmlər üzrə hər­­tərəfli bilik, böyük yaddaş və müşahidə, eyni za­manda çevik zəka tə­ləb edən bir janrdır. Burada sənə verilən, yaxud sənin verdiyin su­al bəsit, eyni za­manda uydurma olmamalıdır. Tapılması tələb edi­­lən əşyanın, cismin, hadisənin bir əlaməti, bir nişanəsi, bir cizgisi, key­fiyyəti gös­tə­rilməlidir. Tarixi, dini, mifik bir olayın qəhrəmanı və ya yeri, zama­nı, hər hansı bir elementi, ünsürü nişan verilməlidir. Bunu ekspromt şəkildə, hecaya, vəzn və qafiyəyə uyğun şəkildə formulə etmək, ca­va­bı da həmin şərtlər altında tapmaq və vermək hədsiz də­rə­cədə çə­tin məsələdir.

Türkmən ədəbiyyatında ilk müəmmalar Abdulla Şah­bəndəyə məxsusdur. Bir sıra mürəkkəb müəmmalar ya­radan sənətkar bu sa­hə­­də özün­dən son­rakı şairlərə çox güclü təsir göstərmişdir. Onun «Qırx», «Beş», «Nədir», «Hansıdır–budur» rədifli müəmma­la­rı ol­duq­ca çətin və ağırdır. Deyilənə görə, onların çoxu bugünə qə­dər açıl­mamışdır. Sevindirici haldır ki, Abdulla Şahbəndə bəzi müəm­malarındakı sualların cavablarını növbəti bənddə özü açmışdır. Mə­sələn, bu şəkildə:

Ol nə quş, yetmiş başı, qırx tən, iki yüzdür ayaq,

İki türfə qanadı – biri qaradır, biri ağ,

Ol nə səyyad qəsd edib, kim yolunda qurmuş duzaq,

Fəhm edib, ustad isən, əbcəd hesabı birlə bax,

Ver xəbər indi görüm, ol quşa aşyan hansıdır?


Ömür – quş, yetmiş başı, qırx tən, iki yüzdür ayaq,

Gecə-gündüz qanadı – biri qaradır, biri ağ,

Bu əcəl səyyad olur, kim yolunda qurmuş duzaq,

Çün ömür üç hərf, əbcəddən etsəm iftiraq,

Bizi ustad bilsən, indi bu cəsəd aşyan olur.

Üstəlik, şairin müəmmalarında suallar bir bəddə formulə edil­mir, bəzən hər sətirdə bir müəmma müşahidə olunur. Məsələn:

Xəbər vergil, Bəkir xocam,

O nə anddır, vallahı qırx?

Doqquz oğlan bir beşikdə,

Anası dörd, Allahı qırx?


Nə ölüdür, yaşı doqquz,

Nə mizandır, başı doqquz,

Nə tirəndaz, daşı doqquz,

Nə əjdəha, kəlləsi qırx?

Ehtimal ki, bu sualların hər biri bir miflə, dini olayla və ya di­ni kitablardakı hadisələrlə bağlıdır. Yaxud bu iki bəndə baxaq:

Xəbər vergil, Haşım xocam,

Nə çölistandır, dağı beş?

Ağzında qırx min qırx dişi,

Nə ilandır, ayağı beş?
Nə qumaşdır, xərci səksən,

Nə tüccardır, borcu səksən,

Nə qaladır, bürcü səksən,

Bağbanı yetmiş, bağı beş?

Şahbəndənin digər müəmmaları arasından daha çətin nümun­ə­lər gös­tərmək mümkündür.

Böyük Məxdumqulunun yaratdığı müəmmalar da çox dərin­dir. Onların bəziləri başqa şair və aşıqlarla üz-üzə deyişmə za­manı ekspromt olaraq deyilmiş, bəziləri isə yazılmışdır. Canlı de­yişmədə biz qarşı tərəfin cavabını da görürük. Məsələn, Məxdumqu­lu­nun öz ata­sı Azadi ilə, Durdu Şairlə və Oraz xanla deyişmələrində olduğu kimi. Burada, necə deyərlər, problem yoxdur, cavab bütün hallarda var. Sadəcə, növbəti bəndi oxumaq yetərlidir. Hətta bəndi oxuma­dan adam cavabı özü də fikirləşə bilər. Bu, cavabın nə dərəcədə doğru təxmin ediləcəyi baxımından maraqlıdır. Məsələn:



Məxdumqulu:

– Ol nədir ki, yaşıl-qızıl bürünər?

Ol nədir ki, ayağı yox, sürünər?

Ol nədir ki, yeddi dərya görünər?

Şair olsan, bundan bizə xəbər ver.

Müasir oxucu bu üç sualdan ikincisinin (ilan) cava­bı­nı dərhal tapar. İlk sualı da dağ-təpə, çöl, tarla olaraq təxmin edər. Üçüncü su­aldakı «görünər» feli onu bir az düşünməyə vadar edə bi­lər. Mü­əmmanın açması isə xeyli asandır.



Durdu Şair:

– Ol əkindir, yaşıl-qızıl bürünən,

Ol ilandır, ayağı yox sürünən,

Ol balıqdır, yeddi dərya görünən,

Bizdən salam olsun, cavab böylədir.

Məxdumqulu ilə Durdu Şairin başqa bir deyişməsi daha çətin müəmmalarla müşayiət olunur. Müsair oxucunun bilikləri burada ka­­fi deyil.



Durdu Şair:

− Aləm dairəsi nə rəngli dağdır?

Ol nə quşdur, daim onda dustaqdır?

Aşiqlər sevdiyi o nə bulaqdır?

Həftayıl əbvabın varıb kim açdı?

Məxdumqulu:

− Qaf dağı zəbərcət, rəngbərəng dağdır,

Kaknus bir quş, daim onda dustaqdır,

Mükəsat deyərlər əcəb bulaqdır,

Həftayıl əbvabın aşiqlər açdı.

Məxdumqulunun qələmə aldığı ünvansız müəm­ma­larda isə mü­­asir oxucunun artıq heç bir şansı yoxdur. «Kimdədir?», «Ge­dib­dir», «Nə­dir?», «Nə­dən­dir?», «Üçü övladdan», «Kəfarət et­di» «Du­rubdur» adlı şe­ir­ləri bunl­ara mi­sal ola bilər. Bir nümunə:

Ol kimdir, baqidə bir rövşən göz var,

Önündə mənası dörd min dörd yüz var,

Atası əridir, aşiq bir qız var,

Qoşulmaz huriyə, daşı nədəndir?

Yaxud bizim müasir dünyəvi biliklərimizin köməyə çatmadı­ğı, dini-mistik bilgilərlə dolu bu bəndi necə açmalı? Ehtimal ki, indi bu bəndi açacaq çox az adam var:

Nə məxluqdur, nə erkəkdir, nə dişi,

Bir gözü dümağdır, bir gözü çaşı,

Rəngi qara, ala, on iki başı,

Yeri-göyü birdən tutub durubdur.

Şairin «Oturmuş», «Vardır», «Nəsən sən», «Onda var» şeir­lə­ri­ni müəmma sayıb-saymamaq isə oxucunun öz müla­hizəsinə bağ­lı­dır. Ancaq onlarda da müəmma elementləri var, sadəcə misraların və bəndlərin sonlarında sual işarəsi yoxdur.

Məğrubinin, Dostməmmədin, Molla Nəfəsin müəm­ma­la­rı da öz mü­rəkkəblik dərəcəsinə görə Abdulla Şahbəndənin və Məxdum­qulu Fə­raqinin müəmmalarından geri qalmır. Burada önəmli bir mə­sələni vurğulamaq lazımdır. O da bu­dur: türkmən şairlərinin böyük əksə­riyyəti Buxarada və Xivədə təhsil almışlar. Özəlliklə, məşhur «Şir­qa­zi» və «Göyəldaş» mədrəsəsində oxuyan adamlar dün­­yəvi və dini elmləri ən yüksək səviyyədə öyrənmişlər. Deməli, həmin döv­rün universitetləri sayılan bu təhsil ocaqlarının proqramları, təd­ris və təlim metodları çox yüksək imiş. Türkmən şairlərinin şeir­lə­rində elə dini motivlər və hadisələr (məsələn, Harış adlı ilan, ye­rin-göyün qat­larının adları, fəriştə adları, Dəccalın zühuru, dünyanın so­nu haq­qın­da çox təfərrüatlı bilgilər) işlənir ki, bizim ədəbiyyatda bunalra, nə hikmətsə, rast gəlmək mümkün deyil. Eyni şey müəm­ma-qıfıl­bəndlərə də aid­dir. Halbuki bizim savadlı klassik aşıqlar da məd­rəsə təh­sili almışlar. Şübhəsiz ki, türkmən müəmmaları bizim aşıq­la­­rın, mütəxəssis­lərin və aşıq sə­nə­ti hə­vəskarlarının diqqətini özünə cəlb edə­cək. Bu sahədə paralellər apar­maq gələcək tədqiqat­çı­ların vəzi­fə­­sidir.

Biz bu kitaba müəmmalı deyişmələrlə yanaşı sadə de­yişmələri də daxil etdik. Məqsədimiz türkmən ədəbiyyatına xas olan başqa de­­­yişmə növlərini də göstərmək idi. Bunlar daha çox məhəbbət, mə­i­şət, dava-döyüş xarak­terli deyiş­mələrdir. Bunların ən səciyyəvi xü­susiyyəti situativ məqamlı olmasıdır. Bu tip deyişmələrdə, adətən, mövzu­dan kənar heç bir şey görmək mümkün deyil və mövzu tam dolğunluğu ilə əks olunur. Kitaba almadığımız bir savaş deyişməsi­ni – hərbə-zorbanı burada vermək istəyirik. Abdulla Şahbəndənin «Şah Bəhram» dastanından seçdiyimiz həmin nümunədə Şah Bəh­ram Dev Zəlzələ adlı bir devlə savaş meydanında qarşılaşır. Dev on­dan tələb edir ki, pəri qızını buraxıb getsin. İkisi deyişirlər:



Dev Zəlzələ:

Qələt xəyaldan əl götür,

Salıb get sən ol pərini,

Cıqqanı ver, başın qurtar,

Özün qaçıb sal pərini.
Şah Bəhram:

Bəri gəl, bunca laf vurma,

Mən saymanam hər qəddini.

Meydan içrə çox görmüşəm,

Sənin kimi xər qəddini.
Dev Zəlzələ:

Umudun olsa ol canda,

Gəzər olsan gen cahanda,

Başın qurtar, sal meydanda,

Qəddi-boyu dal pərini.


Şah Bəhram:

Qoçaqlar meydanda ölsün,

Qəzənfər oynunu salsın,

Şirin cana heyfin gəlsin,

Bugün, qoca, ver qəddini.
Dev Zəlzələ:

Atınızı sürün, bəylər,

Qol-budağın vurun, bəylər,

Feli azıb, görün, bəylər,

Gəl bağışla gül pərini.
Şah Bəhram:

Əli zülfüqarın çalam,

Basam, yıxam, vurub alam,

Kəsilərsən qələm-qələm,

Gizləyəmməz yer qəddini.
Dev Zəlzələ:

Qol kəsilər buğum-buğum,

Başın kəsib alam tuğun.

Ləşkərim çox, yığın-yığın,

Gəl, təhvil ver ol pərini.
Şah Bəhram:

Laf söyləmə, üzü qara,

Çəkilərsən hələ dara,

Kəsilərsən para-para,

Yox edərsən var qəddini.
Dev Zəlzələ:

Zəlzələ der: bağrım söksən,

Beynim sorub ətim çəksən,

Başım kəsib qanım töksən,

Nuş canına, al pərini.

Şah Bəhram:

Şah Bəhram der: səni tutub,

Qollarını beldə çatıb,

Qabağına atın qatıb

Mum eylərəm zor qəddini.

Türkmən klassik ədəbiyyatına xas olan başqa bir de­yiş­mə nö­vü «Dedim – dedi» tipli şeirlərdir. Kitaba Məxdum­qulunun və Mol­la Nəfəsin bu qəbildən olan bir neçə şeiri daxil edilmişdir. Bunlar bir qayda olaraq aşiqlə-məşuq arasında keçir, sevən könüllərin duy­ğularını əks etdirir. Məxdumquludan bir misal:

Dedim: «Gecən qaranlıq». Dedi: «Uyğuda ayım»,

Dedim: «Kimlər yasavul?» Dedi: «Kirpiyim − yayım»,

Dedim: «Harda məskənin?» Dedi: «Laməkan cayım»,

Dedim: «Zərəfşan olar». Dedi: «Kövsərdir çayım»,

Dedim: «Ondan ver mənə!» Dedi: «İstərmiş bican».

Bu cür deyişmələrdə diqqəti cəlb edən cəhət çox yaxşı bənzət­mə, təşbeh sisteminin olması, ən çox da təzadların işlədilməsidir. Bu­nu Molla Nəfəsdən gətirdiyimiz aşağıdakı nümunədə də açıq şə­kildə müşahidə edirik:

Dedim: «Bir busə vergil!» Dedi: «Verim, güldürsən».

Dedim: «Haqq aşığıyam». Dedi: «Karın bildirsən».

Dedim: «Əziz mehmanam». Dedi: «Gəlib öldürsən»,

Dedim: «Bu nə sözdür, ey!...» Dedi: «Gəlib qaldırsan».

Aldım dərhal qoluma. Dedi: «Görəcək bağban...».

Haqqında söz açacağımız başqa bir şeir növü vücudnamədir. Bizim ədəbiyyatda da vucudnamələr çoxdur, Aşıq Valehin, Məlik­bal­lı Qurbanın vücudnamələri xüsusilə məşhurdur.

Vücudnamələr, əsasən, insanın fiziki bioqrafiyasıdır, ayrı-ayrı yaş dövrlərinin – uşaqlıq, yeniyetməlik, gənclik, olğunluq, qocalıq və ahıllıq dövrlərinin bədii inikasıdır. Hər yaş dövrünə aid səciyyəvi xüsusiyyətlər, insanın fiziki və mənəvi inkişaf mərhələləri burada öz əksini tapır. Məsələn, Məxdumqulu «Yetdin», «Məna bilməz yaşın­da», «Gərək» və «Gəldin» başlıqlı vücudnamələrində insanın ana bətninə düşdüyü andan yüz yaşına qədərki dövrünü nəzm etmişdir:
Bir gün atan eşq etdi,

Sülbündan cuşə yetdin.

Əvvəl sudun, qan oldun,

Qandan son leşə yetdin.


Hökm eylədi ol xuday,

Doqquz saat, doqquz ay,

Yeddi əndam caybacay,

Sünnə ulaşa yetdin.


Guş verdi, dəhan verdi,

Dəhana zəban verdi,

Ağıl verdi, can verdi,

Göz verdi, qaşa yetdin...


Daha sonra adamın yeddi yaşında məktəbə getməsi, on dörd ya­­şında eşqə düşməsi, sonra evlənməsi, iyrmi dörd yaşında cəngə-sa­vaşa getməsi, otuzunda fiziki cəhətdən ən güclü çağına yetməsi, qır­xında kamilliyə qədəm qoyması dövrü gəlir. Əllisindən sonra in­san yavaş-yavaş qocalır, ömür qüruba üz tutur. Məxdumqulu özü­nün məş­hur «Gəldin” rədifli vücudnaməsində insan həyatının bun­dan son­rakı dövrünü belə təsvir edir:
Əlli yaşa varanda, doğruluqda olarsan,

Kobudluqdan ayrıldın, incəliyi bilərsən,

Hər necə cəfa çəksən, axır bir gün ölərsən,

Beş vəxt dua oxuyub haqqa şükür qılarsan,

Altmış yaşa varanda, qocalığı bilərsən,

Əkən əkinin biçıb, oraq-ormana gəldin.


Yetmiş yaşa varanda, qanın qaçar üzündən,

Ağ dişlərin tökülər, şölə gedər gözündən,

Qüvvət səndən ayrılar, gücün qaçar dizindən,

Heç kişi həzər etməz söylədiyin sözündən,

Səksən yaşa varanda, könlün keçər özündən,

Gedər olub dünyadan, yaxasız dona gəldin.


Məxdumqulu, möhnətdir hər kim doxsana yetsə,

Kəm-kəm gələr cahana əgər yüz yaşa yetsə,

Heç kimdən haray olmaz əcəl yaxanı tutsa,

İmanını qazansan, yolunu rəvan etsə,

Axır olacağın budur – tənin yer ilə yatsa,

İşığı, tünlüyü yox, qaranlıq xana gəldin.


Şair gör-götür dünyasından, xalq fəlsəfəsindən çıxış edərək bu doğru qənaətə gəlir:
Məxdumqulu, hümməti,

Qalmaz qədir-qiyməti,

Peyğəmbərin ümməti

Heç olar yüz yaşında.


Buraya qədər dediklərimizə yekun vuraraq söyləyə bilərik ki, klassik türkmən ədəbiyyatı bir çox sahələrdə böyük nailiyyətlər qa­zanmışdır. Müəmma, deyişmə, vücudnamə janrları da buraya daxil­dir. Bu ədəbiyyatın böyüklüyü türkmən xalqının böyüklüyü ilə düz mütənasibdir. Bizdən olsun və ya bizdən olmasın, təkəbbürlü, özün­dən bədgüman adamlar bunu anlaya bilməz.

Biz TürkSOY kitabxanası seriyasından 15-ci kitabı oxuculara təqdim etmənin sevinci içindəyik. Bunlar hamısı 2009-cu ilin sent­yabrından bəri mənim könüllü olaraq tərtib ediyim, heç bir honorar və maaş almadan Azərbaycan dilinə uyğunlaşdırdırdığım və istisna­sız olaraq hamısına ön söz yazdığım, bir neçəsini çıxmaq şərtilə ha­mısını öz kasad vəsaitim hesabına çap etdirdiyim, ölkəmizin ki­tab­xanalarına, mütəxəssislərə, dostlara hədiyyə etdiyim, xarici öl­kə­lə­rə, o cümlə­dən dünya­nın ən böyük kitabxanası olan ABŞ Kon­qress Kitabxa­na­sına göndər­diyim 15 kitabdır. Onların ümumi həcmi təx­minən 4000 səhifə və ya 250 çap vərəqi edir.

Bu mənim türklüyə təmənnasız xidmətimdir, yuxusuz gecələ­ri­min, istirahətimin, beynimin, göz nurumun, alın tərimin məhsulu­dur, səhhətimin, ailəmin güzəranı he­sabına əldə olunan əsərlər­dir. Bir türk olaraq bundan sonsuz şərəf duyuram. Onların bəzilərinə gö­rə maddi dəyəri olmayan, ancaq böyük mənəvi dəyəri olan müka­fat­lar aldım. Bu işin gerçək dəyərinin gələcək nəsillər tərəfindən ve­ri­ləcəyini bilirəm. Bu da mənə kifayətdir.

Tanrı Türkü Qorusun!


Ramiz ƏSKƏR.

Bakı, 20 avqust 2011-ci il.

NURMƏHƏMMƏD ƏNDƏLİB

(1660 – 1740)
Nurməhəmməd Əndəlib zəngin türkmən ədəbiyyatının ən gör­kəm­li nü­ma­­yən­dələ­rindən biri, özündən sonra gələn bü­tün türk­­­mən şa­ir­­lərinin müəl­limi və ustadıdır. Aza­­di, Şah­bəndə, Məx­­­dim­qu­lu, Şey­­­dayi, Məğrubi, Qayıbi, Talibi, Qur­d­­oğlu, Kə­mi­nə, Seyidnəzər Se­y­­di, Zəlili, Seydulla Seydi, Zinhari, Molla Nəfəs, Aşiqi, Katibi, Möh­­ta­ci, Miskin Qılınc, Bal­qızıl ki­mi ta­nın­­mış söz us­taları onun ar­dıcılları və şa­gird­­ləri­dir.

Əndəlibin türkmən ədəbiyyatı qarşısındakı xidmətləri son də­rəcə­ bö­yükdür. Hər şeydən əvvəl o, müasir türkmən ədə­biy­ya­tı­nın və ədəbi ya­zı di­li­nin ba­ni­sidir. Ondan əvvəl yaşayıb-ya­radan türk­mən şairlərindən Bay­ram xan və Və­fai öz əsər­lə­ri­ni həmin dövr­­də bü­­tün Orta Asiyada geniş yayı­lan və əsa­sən məd­rəsə təhsili gör­müş adam­ların işlətdiyi ədə­bi çağatay türk­cə­si ilə qələmə almış­lar. Ən­də­lib isə əsərlərini uşaqlıq­dan bəri sevə-se­və din­lə­di­yi milli-məhəlli dastanların təsiri al­tında şirin türk­mən dilində yaz­maqla bir il­ki ger­çəkləş­dir­miş­dir. Şairin ikin­ci böyük xidməti türkmən ədə­biy­­yatını möv­zu və janr baxı­mın­dan zənginləşdirməsidir. Əs­lin­də, o, realist türk­mən poeziyasının ilk rü­şeymlərini qoy­muş, Məx­dum­qulu isə onu zir­vəyə qal­dır­mışdır. Milli ədə­biy­yat­da ilk poe­manın, ilk das­ta­nın mü­əllifi də Əndəlibdir. Nəhayət, o, türkmən ədə­biy­yatında ilk tər­­cümə­çi­lər­dən biri­dir.

Nurməhəmməd Əndəlibin həyatı haqqında əldə dəqiq mə­­­­lu­­mat­ yoxdur. Son dövrlərdə aparılan təd­qiqatlar nəti­cəsində onun 1660-cı ildə Daş­oğuz vi­layə­ti­nin İlanlı bölgəsinin Qa­ra­mazı kən­­din­də ana­dan olduğu təsbit edil­mişdir. Şair 1740-cı il­də 80 ya­şında və­fat etmişdir.

Əndəlib amansız bir xəs­təliyə tutulduğu üçün təbdili-iqlim məq­­sədilə öz­bəklər ara­sına köçmüs, Ür­gəncdə, əsasən də Xi­və­də ya­­şamışdır. O, «Risa­le­­yi-Nəsimi» po­­e­ma­sı­nın gi­riş qismin­də həyatı, do­ğul­duğu və ya­şadığı yer, ha­­­­belə tə­xəl­lüsü haqqın­da kiçik bilgilər vermiş­dir:


Adım idi Nurməhəmməd Qərib,

Sözdə təxəllüsüm idi Əndəlib.


Şəhrimiz Urgənc – vilayət idi,

Xanımız Şirqazi himayət idi.


Əsli-məkanım ki Qaramazıdır,

Adəmi işrətdə qışı-yazıdır.


Bil ki, Qaramazı bizim cayımız,

Zikri-xuda eşq ilə dilxahımız...


Barça xəlayiq içində bəd işim,

Yetdi əlli beşə mənim bu yaşım.


Şair öz əsərlərini Əndəlib təxəllüsü ilə yazmışdır. Rəva­yə­tə görə, o, gəncli­yin­də Gül adlı bir qızı sevmiş, ona nisbət ol­sun de­yə özünə Əndəlib, yə­ni «Bül­bül» təxəllüsünü seçmiş­dir. Adının tər­ki­bin­dəki Qərib sözü isə doğ­ma vətəndən, el-oba­dan uzaqda yaşa­ma­sına işarədir. Şeirlərində özünü Əndəlibi-binə­va, Əndə­li­bi-zar, Ən­dəlibi-bəlakeş adlandırması həyatı­nın mə­şəq­qət için­də keçdiyi­ni gös­tərir:
Gahi xərabatda işim, gah fəğan,

Külbeyi-əhzan idi gahi məkan.


Şairin təhsili, şəxsi həyatı haqqında yazılı mənbələrdə elə bir ciddi mə­lu­mat yoxdur. Ancaq əsərlərindən anla­şıl­dığına gö­rə, o çox mükəmməl təh­sil al­mış, Şərq poeziyasını, onun bədii ifadə va­si­tə­lə­rini dərindən mənim­sə­miş, ərəb, fars, tacik dillə­ri­ni də yaxşı öy­rən­mişdir. Şairin «Şahnamə»ni tər­cümə etməsi barədə bəzi mə­xəzlərdə bilgi verilir. Təəssüf ki, bu tərcümə in­diyədək tapıl­ma­mış­dır. Ən­də­libin bir sıra şairlərin əsərlərinə nə­­zi­rə yaz­ması onu gös­tərir ki, o, klassik Şərq şeirini ciddi mü­taliə etmiş, söz sə­nəti­nin bütün incəlik­lərinə yiyə­lənmişdir.

Əndəlibin zəngin poetik irsinin çox az qismi bizə gəlib çat­mış­dır. Ha­zırda əlimizdə onun səkkiz qəzəli, bir neçə mü­rəbbəsi, müxəmməsi və mü­səddəsi, bəzi başqa şeirləri var. Bunlar sayca az ol­sa­­lar da, janr və məzmun­ca çox əlvan, bədii cə­hətdən isə çox mü­kəmməl əsərlərdir. Əndəlib sənətinə dərin ehtiram bəslə­diyi Nəvai­nin on yeddi, Fü­zulinin iki, Vəfai, Übey­­di, Hə­bib və Ca­mi­­nin birər qə­­zəlinə təx­mis, Nəvainin bir qəzəlinə təs­min, Məş­­­rə­bin bir qəzəli­nə və bir mü­­rəbbəsinə təz­min yaz­mışdır. Onun qə­lə­mə al­dığı təz­min, təx­mis və təs­minlər ən yüksək poetik sə­viyyədədir, orijinalla­rın­dan əs­­la geri qal­mır. Bu, Əndəlibin par­laq istedadın­dan xəbər ve­rir.

Onun sə­nətinə hörmət əlaməti olaraq özbək şairləri Müx­­lis və Munis də hərəsi Əndəlibin bir qəzəlinə təxmis yaz­mışlar. Belə­liklə, Əndəlib Orta Asiyada nəzirəçiliyin, dolayısı ilə, ədəbi əlaqə­lərin in­kişafında mühüm rol oynamışdır. O, məşhur fars şairi Ca­minin on bir qəzəlini türk­mən dilinə eyni ilhamla tərcümə etmişdir.

Böyük sənətkar yazdığı poemalarla özündən sonrakı şa­ir­lərə də nümu­nə ol­muşdur. Onun «Risa­le­yi-Nə­si­mi», «Oğuz­na­mə», «Sə­əd Vəqqas» və «Qis­­se­yi-fi­ron» adlı dörd po­e­­ması var.

Əndəlibin «Oğuznamə»si digər oğuznamələrlə məzmun eti­barilə ümumən səsləşə, əksər məqamlarda üst-üstə düşsə də, bir sıra fərqlər də mü­şahidə edilir, yəni bu­rada şairin orijinal dəst-xətti, bə­dii üs­lubu və təh­­kiyəsi özünü gös­tərir. Əndəlibdə Oğuz xanın türk ca­han haki­miyyəti uğr­unda mü­barizəsi daha yığcam, daha fərqli epizodlarla təsvir edilir. Hətta ey­ni de­tal­larda belə bəzi fərqlər gör­mək mümkündür. Oğuz xanın ölü­münə şairin mər­siyəsi onun ən ori­jinal tərəfidir.

Əndəlib «Risa­le­yi-Nəsimi» poemasında məşhur şair İma­dəd­din Nəsi­minin parlaq obrazını yaratmışdır. «Səəd Vəqqas» və «Qis­seyi-firon» adlı po­e­­malar dini sə­ciy­­yəli əsərlərdir. Səəd Vəqqas məş­hur islam sərkərdəsi və döv­lət xadimi, öz səxavəti və xeyir­xah­lığı ilə əfsanəvi şöhrət qa­zanmış tarixi şəxsiyyətdır. Poemada onun mərdliyi və co­mərdliyi, bu yolda hətta oğlunu qurban verməsi təsvir olunur. «Qisseyi-firon» isə yəhudi pey­ğəmbəri Mu­sanın do­ğul­ması və zülmkar Misir fironunu devir­məsi haqqındadır.

Əndəlib türkmən ədəbiyyatında ilk dəfə olaraq dastan­ları, rə­vayətləri, xalq he­kayələrini nəzmə çəkmiş, onları ədəbi cə­hət­dən ci­lalamış, süjet xət­tinə əl gəz­dirmiş, şeirlərini yeni­dən iş­ləmişdir. Bun­lar «Leyli və Məc­nun», «Yusif və Züleyxa», «Baba Rövşən» və «Zeynal Ərəb» dastanlarıdır. Başqa bir mə­lumata görə, «Mirzə Həm­dəm» dastanı da ona məxsusdur.

Bu dastanlardan ikisi, daha doğrusu, «Ley­li və Məc­nun»la «Yusif və Zü­leyxa» eynən Azərbaycan versiya­sı ilə səs­ləşir və bizə məlum olan məz­mun­dadır. Şa­irin dini-mən­qibə­vi səciyyə daşıyan «Baba Rövşən» və «Zey­nal Ərəb» das­tanları isə bizdə bilinmir və aşıq­la­rımızın dastan re­per­tuarında yoxdur. Şairin dastanlarının ha­mısı süjet və sə­nətkarlıq baxı­mın­­­­dan çox mü­kəmməl, şeirləri isə çox gözəldir.

2011-ci il Əndəlibin 350 illik yubileyi ilidir. Bu müna­sibətlə Türk­mə­nis­ta­nın müxtəlif şə­hər­lərində bir sıra yu­bi­­ley tədbirləri, tən­tənəli məra­sim­lər ke­çi­ri­lir. 10-12 mart ta­rix­lərin­də isə şairin və­təni Daşoğuzda Türk­mənis­tan Elmlər Aka­­demi­yasının və Daşoğuz vila­yət icra hakimiyyəti­nin birgə əmək­daş­lığı ilə Ən­də­li­bə həsr olu­nan beynəl­xalq elmi konfrans təş­kil edil­di. Biz bu yubileyə töh­fə ola­raq Nurməhəmməd Ən­dəlibin «Şeirlər, poe­malar, dastan­lar» (Bakı, 2011, 292 s.) adlı kitabını Azər­baycan dilində nəşrə hazır­la­dıq.




Dostları ilə paylaş:
  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə