Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası



Yüklə 286,16 Kb.
Pdf görüntüsü
tarix29.08.2018
ölçüsü286,16 Kb.
#65336
    Bu səhifədəki naviqasiya:
  • SUMMARY


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

Sosial-siyasi elmlər seriyası 

 

  2010 

 

 

 

 

 

 XARİCİ ÖLKƏLƏRİN QANUNVERİCİLİYİNDƏ AMNİSTİYA VƏ 



ƏFVETMƏNİN ÜMUMİ SƏCİYYƏSİ 

 

S.N.RZAYEVA 

Baki Dövlət Universiteti 

aytenrzayeva@hotmail.com 

 

Məqalədə xarici ölkələrin qanunvericiliyində amnistiya və əfvetmənin ümumi səciyyəsi 



tədqiq edilir. Göstərilir ki, xarici ölkələrin  əksəriyyəti öz qanunvericiliyində cinayət məsu-

liyyətindən və cəzadan azad etməni, başlıca olaraq, əfvetmə yolu ilə həyata keçirməyi nəzərdə 

tutur. Xarici ölkələrdə  əfvetmə, bir qayda olaraq, dövlət başçısı  tərəfindən həyata keçirilir. 

Amnistiyanın elan olunmasının mümkünlüyünü nəzərdə tutan ölkələrdə bu hüquq dövlət 

hakimiyyətinin ali qanunverici orqanına məxsusdur. Qanunvericilikdə amnistiya müfəssəl 

tənzimlənmir, amnistiyanın elan olunması  və  tətbiqi qaydaları  işlənib hazırlanmamışdır. 

Həmin ölkələrdə amnistiyanın tətbiqi çox vaxt nadir hallarda həyata keçirilir.  

Məqalədə araşdırılan məsələ ilə bağlı müvafiq nəticələr çıxarılır. 

 

Hüquq sahəsi daxil olmaqla dövlətlərin ictimai münasibətlər sistemində baş 



verən dəyişikliklər onların hər biri üçün müstəsna dərəcədə mühüm əhəmiyyətə ma-

likdir. Dövlətlərin hüquq sahəsində  əməkdaşlığı, qanun yaradıcılığı  və  tətbiqi sahə-

sində bir-birinin təcrübəsini nəzərə alması  zəruridir və qarşılıqlı surətdə  zəngin-

ləşməyə xidmət edir. Bu, eyni zamanda müxtəlif milli hüquq sistemlərinin bir-birinə 

səmərəli yaxınlaşdırılması kimi olduqca aktual məsələnin həll edilməsi, onların 

unifikasiyası sahəsində razılaşdırılmış  və ölçülüb-biçilmiş  təkliflər işlənib hazırlan-

ması  işinə imkan yaradır. Fransız alimi M.Ansel haqlı olaraq qeyd etmişdir ki, hü-

quqşünasın xarici ölkələrin hüquq təcrübəsini öyrənməsi onun öz ölkəsinin hüququnu 

daha yaxşı bilməsinə kömək edir, onu öz ölkəsinin hüququnu hətta çox yaxşı bilməklə 

əldə edə bilməyəcəyi ideya və  dəlillərlə silahlandırır (1, 33). Bu baxımdan xarici 

ölkələrin amnistiya və  əfvetmə haqqında qanunvericiliyinin öyrənilməsi həm elmi, 

həm də praktik cəhətdən aktual məsələdir. Belə ki, amnistiya və əfvetmə institutları 

ilə bağlı araşdırmalarda müqayisəli tədqiqatların aparılmasının, xarici ölkələrin 

qanunvericiliklərinin öyrənilməsinin, onların qiymətli cəhətlərinin və qüsurlarının 

aşkar edilməsinin xüsusi əhəmiyyəti vardır. Çünki bu,  

1)qeyd olunan institutların təkmilləşdirilməsi üzrə  ən yaxşı hüquqi qərarların 

qəbul edilməsi üçün, milli qanunvericiliyin sonrakı təkmilləşdirilməsi və yeniləşməsi 

üçün əsas yaradır;  

2) hazırkı dövrdə milli qanunvericiliklərin bir-birinə yaxınlaşdırılması kimi 

mühüm problemin həllinə kömək edir.  

Dövlətlərin  ərazisində amnistiya və  əfvetmənin eyni cür tətbiq edilməsini 

nəzərdə tutan cinayət qanunvericiliyinin olması hüquqi yardım haqqında beynəlxalq 

 

56



müqavilələrin normalarının daha səmərəli həyata keçirməyə imkan verir. Çünki başqa 

dövlətin tələbi ilə cinayətkarın verilməsinə  və ya cinayət təqibinin həyata keçiril-

məsinə razılıq verilməsinin  şərtlərindən biri əməlin həmin dövlətdə cinayət hesab 

edilməsidir. Xarici ölkələrin cinayət və cəza-icra qanunvericiliklərinin təhlili göstərir 

ki, onların bəzilərində amnistiya və  əfvetmə institutlarına prinsipcə yeni münasibət 

vardır. Y.A.Tixomirov yazır: «Dövlətlərin  əməkdaşlığını  çətinləşdirən milli qanun-

vericiliklərin fərqli olması onların yaxınlaşdırılmasının xüsusi üsullarına müraciət 

etməyi tələb edir. Milli qanunvericiliklərin bir-birinə uyğun gəlməyən normalarının 

əvəzinə ictimai münasibətləri eyni şəkildə  tənzimləyən yaxud onların ümumiliyini 

tapmaq üçün əsas yaradan unifikasiya edilmiş hüquqi normalar nəzərdə tutulur. Həm 

dövlətlər arasında, həm də dövlət daxilində münasibətlərin eyni cür hüquqi tənzim-

lənməsi onların səmərəliliyinin yüksəldilməsinə  və hüquqi kolliziyaların qarşısının 

alınmasına kömək edir» (6, 59).  

Bundan başqa, amnistiya və  əfvetmə ilə bağlı milli qanunvericiliklərin unifi-

kasiyası  nəticəsində yaradılan hüquqi normalar cinayətkarların islah edilməsinin, 

amnistiya və  əfvetmə  tətbiq edilmiş  şəxslərin yeni cinayət törətmələrinin qarşısının 

alınmasının səmərəli vasitəsidir.  

Amnistiya və əfvetmə haqqında xarici ölkələrin qanunvericiliklərinin və onun 

tətbiqi təcrübəsinin nəzəri tədqiqi sayəsində Azərbaycanda qeyd olunan institutlarla 

bağlı qüvvədə olan hüquq normalarının təkmilləşdirilməsi və yeniləşdirilməsi üzrə 

əsaslandırılmış  təkliflər vermək mümkündür. Amnistiya və  əfvetmə ilə bağlı milli 

qanunvericiliklərin bir-birinə yaxınlaşdırılması probleminin həlli üçün qanunverici-

liklərin səmərəli uyğunlaşdırılması, onların unifikasiya edilməsi üzrə razılaşdırılmış 

və ölçülüb-biçilmiş  təkliflər işlənib hazırlanması  tələb olunur. Amnistiya və  əfvet-

mənin öz ərazilərində vahid formada tətbiq edilməsini nəzərdə tutan dövlətlərin 

cinayət qanunvericiliyi hüquqi yardım haqqında beynəlxalq müqavilələrin normala-

rının daha səmərəli həyata keçirilməsini təmin edir. Çünki cinayətkarın verilməsi və 

ya cinayət təqibinin həyata keçirilməsi üçün sorğu verən dövlətə razılıq verilməsinin 

şərtlərindən biri həmin dövlətdə baxılan əməlin cinayət hesab edilməsidir. Dövlətlərin 

amnistiya və  əfvetmə sahəsində milli qanunvericiliklərinin unifikasiya edilməsi 

cinayətkarların islah olunmasının, amnistiyaya düşən və  əfv edilən  şəxslərin yeni 

cinayət törətmələrinin qarşısının alınmasının səmərəli vasitəsi olan hüquq normala-

rının yaradılması  məqsədini daşıyır. Bu məqsədin həyata keçirildiyi halda cinayət-

karlar özlərinin kriminal fəaliyyətləri üçün daha az risk və ya daha çox gəlir  əldə 

etmək prinsipi üzrə  əlverişli dövlət seçə bilmirlər. Unifikasiya edilmiş hüquqi nor-

maların yaradılması  həm də amnistiya və  əfvetmə institutlarının tətbiqi üzrə vahid 

məhkəmə praktikasının təşəkkül tapmasına kömək edir.  

Xarici ölkələrin cinayət və cəzaların icrası qanunvericiliklərinin təhlili göstərir ki, 

ayrı-ayrı xarici ölkələrin cinayət qanunvericiliklərində amnistiya və  əfvetmə ins-

titutlarının bir-birinə yaxınlaşdırılması baxımından müəyyən məqamlar vardır. Bu mə-

qamların dərindən öyrənilməsi tələb olunur. Cinayətkarlıqda keyfiyyət dəyişiklikləri – 

onun transmilli və mütəşəkkil xarakter alması baxılan sahədə vahid hüquqi məkanın 

yaradılmasının zəruriliyini təsdiq edir və baxılan problemi daha da aktuallaşdırır.  

Uzaq xarici ölkələrdə amnistiya və  əfvetmə institutlarının tənzimlənməsinin 

əsas ümumi cəhətlərini nəzərdən keçirək.  Ən  əvvəl qeyd edək ki, əfvetmə institutu, 

demək olar ki, bütün xarici ölkələrin qüvvədə olan qanunvericiliklərində  nəzərdə 

tutulsa da bunu amnistiya haqqında demək olmaz. Əfvetmə ilə müqayisədə amnistiya 

 

57




bəzi dövlətlərdə cəzadan və cinayət məsuliyyətindən azad etmənin müstəqil institutu 

kimi saxlanılmamışdır. Xarici dövlətlərdə amnistiya və əfvetmə əsasında cəzadan və 

cinayət məsuliyyətindən azad etmə həyata keçirilir, ancaq tətbiq edilən amnistiya və 

əfvetmə aktlarında onların səbəbləri heç də  həmişə  əsaslandırılmır.  İngilis-amerikan 

hüquq sisteminə daxil olan ölkələr buna misal ola bilər. Bu ölkələrdə hüququn əsas 

mənbəyi məhkəmə presedentləri və statutlardır. Cinayət-hüquqi tənzimləmənin xeyli 

hissəsi presedentlərdə cəmlənmişdir. Belə ki, Böyük Britaniyada, ümumiyyətlə, cina-

yət məcəlləsi mövcud deyildir və bir çox cinayətlərə görə məsuliyyət ümumi hüquq 

üzrə müəyyən edilir. Bu isə o deməkdir ki, onların anlayışını qanunvericilik aktla-

rında deyil, məhkəmə  qərarlarında tapmaq olar. Qeyd etmək lazımdır ki, ingilis-

amerikan hüquq ailəsinə daxil olan ölkələrdə çox vaxt amnistiya və əfvetmə bir-birinə 

qarışdırılır. Belə ki, ABŞ, Kanada və Böyük Britaniyada cinayət-hüquqi münasi-

bətlərlə bağlı «pardon» institutu işlənib hazırlanmışdır.  İngilis dilindən tərcümədə 

«pardon»  əfvetmə, «general pardon» isə amnistiya mənasını verir. Ancaq hazırda 

ingilis-amerikan hüquq sisteminə daxil olan ölkələrdə nə sırf əfvetmə, nə də sırf am-

nistiya mövcud deyildir. «Pardon» termini altında həm  əfvetmənin, həm də amnis-

tiyanın elementlərinin daxil olduğu cinayət məsuliyyətindən və cəzadan azad etmənin 

kompleks institutu başa düşülür. Məsələn, ABŞ Konstitusiyasının 2-ci bölməsinin II 

maddəsi Birləşmiş Ştatların əleyhinə törədilmiş cinayətlərə görə çıxarılmış hökmlərin 

icra olunmasını  təxirə salmaq və ya cəzadan azad etmək hüququ verir. ABŞ 

Prezidenti öz səlahiyətini həm qeyri-müəyyən şəxslərə, həm də fərdi qeyri-müəyyən 

şəxslər qrupuna tətbiq edə bilər.  

Beləliklə, ABŞ-da həm  əfvetmənin və  həm də amnistiyanın elementlərinin 

daxil olduğu bağışlama hüququ icra orqanlarının ali vəzifəli şəxsinə məxsusdur. ABŞ 

Konstitusiyasına uyğun olaraq federal qanunvericiliyi pozan cinayətlərə görə 

bağışlama hüququ Prezidentə,  ştatların Konstitusiyalarına uyğun olaraq isə müvafiq 

ştatların qanunlarını pozan cinayətlərə görə həmin ştatların qubernatorlarına verilmiş-

dir. Bağışlama  şərti xarakter daşıya və müəyyən məhdudiyyətlərlə müşayiət edilə 

bilər. Bağışlama hüququna həmçinin cəzanı başqa, daha yüngül cəza növü ilə  əvəz 

etmək də daxildir. ABŞ-ın bəzi ştatlarında qubernatorun yanında bağışlama məsələ-

ləri üzrə büro yaradılmışdır.  

Nyu-York ştatında bağışlama ilə bağlı müəyyən tələblər mövcud olsa da, bağış-

lamanın xüsusi forması nəzərdə tutulmur. Belə ki, göstərilən tələblərə bağışlama haq-

qında vəsatətə ittiham aktının surətinin əlavə edilməsi daxildir. Bundan başqa, istəni-

lən şəxs bağışlama haqqında ərizə verdikdən sonrakı 30 gün ərzində qubernatorun və 

bağışlama məsələləri üzrə büronun ünvanına öz xahişinin müdafiəsi və ya əleyhinə 

zəmanət və ya protest göndərə bilər.  

Prezident və ya qubernator əfvetmə haqqında vəsatəti təmin edə və ya rədd edə 

bilər. Məsələn, birinci dərəcəli adamöldürmə cinayətinə görə ölüm cəzasına məhkum 

olunmuş Laqrand qardaşlarının əfvetmə haqqında vəsatətinə Arizona ştatının quber-

natoru baxmış, təkcə  vəsatəti deyil, həm də onların edamının qaz kamerasında 

boğmaqla deyil, ölüm iynəsi vurmaqla icra olunması xahişini rədd etmişdir (7).  

ABŞ-da ikinci dəfə əfvetməyə icazə verilmir və bu, birbaşa göstərilir. Belə ki, 

ABŞ-ın Ali Məhkəməsi 1974-cü ildə Şikanın işi üzrə müəyyən etmişdir ki, prezident 

əfvetmə yolu ilə ölüm cəzasını azadlıqdan məhrumetmə ilə bir şərtlə əvəz edə bilər ki, 

həmin şəxsə sonradan cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilməsin 

(5, 699-700). 

 

58




Bağışlama məsələsinin formal dinlənilməsi yalnız ölüm cəzasının  əvəz edil-

məsi xahiş edildikdə baş verir. Bağışlama xahişinə baxılarkən qubernator xahiş edən 

şəxsin sağlamlığı və psixikası haqqında rəy tələb edə bilər. Bağışlama haqqında xahiş 

təmin edilmədikdə təkrar xahiş bir il sonra edilə bilər.  

Əfvetmə Böyük Britaniyada da geniş tətbiq edilir. Əfvetmə haqqında material-

lara daxili işlər nazirliyinin cinayət işləri departamentində baxılır və  məsələnin 

müsbət həlli zamanı dövlət katibi məhkumun əfv edilməsi haqqında zəmanət verir.  

Böyük Britaniyada əfvetmə üç formada həyata keçirilir:  

1. Tam əfvetmə. Bu zaman məhkumluq faktı  və  məhkumluqdan irəli gələn 

bütün nəticələr daxil olmaqla bütün cəza növləri ləğv edilir.  

2.  Şərti məhkumetmə. Belə  əfvetmə bir cəza növünü başqası ilə  əvəz edərək 

cəzanı yüngülləşdirir.  

3. Cəzanın azaldılması. Bu zaman cəzanın xarakteri dəyişdirilmədən müddəti 

və ya həcmi azaldılır.  

Böyük Britaniyada əfvetməni taxt-tac (hakimiyyət) adından Baş Attorney 

həyata keçirir.  

Başqa ölkələrdən Braziliyanın Konstitusiyasında amnistiya haqqında norma 

yoxdur. Bununla belə, «Keçid konstitusion müddəalar haqqında» aktda 18 sentyabr 

1946-cı ildən 5 oktyabr 1988-ci ilədək olan dövrdə müstəsna olaraq siyasi motivlər 

üzrə  hərbi hökumət tərəfindən cəza almış bütün vətəndaşlara, məhrum edildikləri 

bütün hüquqları  bərpa edilməklə  və  həmin dövrdə onlara verilməli olan rütbə  və 

vəzifələr veilməklə amnistiya vermək nəzərdə tutulur. Amnistiyanın yalnız siyasi 

motivlər üzrə cinayət cəzalarına məruz qalmış  şəxslərə  tətbiq edilməsi zəif inkişaf 

etmiş  və  hərbi diktatura rejimli ölkələr üçün səciyyəvi xüsusiyyətdir. Amnistiyanın 

belə tətbiqini Afrika və Cənubi Amerika ölkələrində müşahidə etmək olar.  

Fransa qanunvericiliyi roman-german hüquq sisteminə daxildir. Bu hüquq 

sistemində, sözün geniş  mənasında, cinayət hüququnun əsasını qanun təşkil edir. 

Fransada amnistiyadan uzun müddətdir ki, istifadə edilir.  

Fransa Respublikasının 1958-ci il Konstitusiyasının 34-cü maddəsində deyilir 

ki, qanunları Parlament qəbul edir və amnistiyaya aid xüsusi qaydanı müəyyən edir. 

Fransada verilən konkret amnistiya aktları ümumi konstitusion qaydalara uyğundur 

(4, 103-139). Fransanın 20 iyul 1988-ci il tarixli 88-826 №-li Amnistiya haqqında 

qanununda hüquq pozuntusu törətməkdə təqsirli olan şəxslər üçün amnistiya nəzərdə 

tutulur, ancaq amnistiyanın səbəbləri əsaslandırılmırdı. Bu qanuna uyğun olaraq əmək 

münaqişələri və ya əmək haqqının artırılması tələbləri və s. ilə bağlı küçələrdə və ya 

ictimai yerlərdə keçirilən manifestasiyaların gedişində törədilən cinayətlərə görə 

məhkum edilmiş  şəxslərə amnistiya tətbiq edilməsi nəzərdə tutulurdu. Qanunun 

yekununda deyilirdi ki, amnistiya onun tətbiq edildiyi şəxslərə kompensasiya veril-

məsi barədə həmin şəxslərin iddia verməsi üçün əsas deyildir.  

Fransız qanunvericisi amnistiyanı  təqsirkarlara bəraət verən aktlara aid etmir. 

Bildiyimiz kimi, Azərbaycan Respublikasının qanunvericiliyində  də amnistiya 

bəraətverici akt sayılmır.  

Fransanın 1992-ci il Cinayət Məcəlləsinin «Cəzaların icra olunmasının dayan-

dırılması və ittiham hökmlərinin nəticələrinin aradan qaldırılması haqqında» adlanan 

III fəslinin 3-cü paraqrafı («Amnistiya haqqında») amnistiya məsələsinə  hər edil-

mişdir. Cinayət Məcəlləsinin 133-9-cu maddəsinə uyğun olaraq amnistiya ittiham 

hökmlərinin hüquqi nəticələrini, bütün cəzaları, onların qüvvəsinin bərpa olunmasına 

 

59




hər hansı imkan qoymadan ləğv edir. Amnistiya aktı ilə  əməlin icraçısına və ya 

iştirakçısına, əvvəlki mühakumə vaxtı ona verilə bilən cəzanın icrasını təxirə salmaq 

hüququnu qaytarır.  

Qeyd edək ki, Fransanın Cinayət Məcəlləsində cəzanın daha yüngül cəza növü 

ilə  əvəz edilməsi, məhkumluğun götürülməsi, cəzanın azaldılması haqqında gös-

tərişlər yoxdur. Cinayət Məcəlləsinin 133-10-cu maddəsində xüsusi qeyd olunur ki, 

amnistiya üçüncü şəxslərə zərər yetirmir.(8) 

Fransada  əfvetmə  məsələləri 1958-ci il Konstitusiyası, 23 dekabr 1958-ci il 

tarixli 58-1271 №-li Ordonansla və 19 fevral 1959-cu il tarixli 59-305 №-li Dekretlə 

tənzimlənir. Bu aktlara uyğun olaraq əfvetmə hüququ Respublika Prezidentinə 

məxsusdur. Əfvetmə haqqında xahiş Respublika Prezidentinə və ya Ədliyyə nazirinə 

ünvanlanır. Vəsatətlərə baxmaq Ədliyyə Nazirliyinin cinayət işləri idarəsinə tapşırılır. 

Fransanın 1992-ci il Cinayət Məcəlləsinin III fəslinin «Əfvetmə haqqında» 2-ci 

paraqrafının 133-7-ci maddəsinə görə əfvetmə yalnız cəzanın icra edilməsindən azad 

edir. Məcəllənin 133-8-ci maddəsində isə göstərilir ki, əfvetmə zərərçəkənin cinayət-

kar əməl nəticəsində vurulan ziyanın əvəzini almasına mane olmur. Azərbaycan Res-

publikasının Cinayət Məcəlləsi ilə müqayisədə Fransanın cinayət qanununda əfvetmə 

aktı ilə məhkuma təyin edilmiş cəzanın müddətinin azaldılması və ya belə şəxsin cə-

zasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi yaxud məhkum-

luğun götürülməsi haqqında göstərişlər yoxdur. Qeyd edək, ki, Fransada amnistiya 

qanunla elan olunur. 

Yaponiyanın qanunvericiliyində də amnistiya əsasında cinayət məsuliyyətindən 

və  cəzadan azad etmənin mümkünlüyü nəzərdə tutulur. Yaponiya Konstitusiyasının 

7-ci maddəsinin yeddinci abzasına və 73-cü maddəsinin altıncı abzasına uyğun olaraq 

amnistiya Nazirlər Kabinetinin qərarı ilə,  İmperatorun bu qərarı  təsdiq etməsi ilə 

tətbiq olunur. Nazirlər Kabineti öz fərmanında amnistiyanın  şamil edildiyi cinayət 

növlərini müəyyən edir. Amnistiya cinayət prosesinin istənilən mərhələsində  tətbiq 

oluna bilər. Bu fərmana uyğun olaraq şəxs azadlıq əldə edir, cəzadan azad olunur və 

cinayət təqibi ilə bağlı  məhrum edilmiş  vətəndaşlıq hüquqları  bərpa oluna bilər. 

Amnistiya aktı fərdi qeyri-müəyyən şəxslər dairəsinə münasibətdə və yalnız impera-

tor ailəsində toy, uşaq doğulması, bəzən isə imperatorun ölümü, sülh bağlanılması və 

s. bu kimi xüsusi səbəblər olduqda elan olunur. Məsələn, 1989-cu ildə Yaponiyada bu 

yaxınlarda vəfat etmiş imperator Xarixotonun şərəfinə amnistiya elan olunmuşdu. Bu 

amnistiyanın qüvvəsi 30 mindən artıq vətəndaşa şamil olunmuşdu. Bu zaman ictimai 

rəy amnistiyaya düşənlərin az bir hissəsini təşkil edən şəxslərin cəza çəkməkdən azad 

edilməsindən daha çox məhrum edilmiş  vətəndaşlıq hüquqlarının, məsələn, siyasi 

hüquqlardan, seçmək və seçilmək hüquqlarının bərpa olunmasını təqdir edirdi. Qeyd 

edək ki, Yaponiyada amnistiya kifayət qədər nadir hallarda elan olunur.  

İtaliyada  əfvetmənin tətbiqinin mümkünlüyü yalnız Konstitusiya ilə  tənzim-

lənir. Konstitusiyanın 79-cu maddəsində deyilir: «Amnistiya və  cəzadan azad etmə 

parlamentin palatalarının üzvlərinin üçdə iki səs çoxluğu ilə, hər maddə üzrə və bü-

tövlükdə  qəbul olunan qanunla həyata keçirilir. Amnistiya elan edən və  cəzanı 

yüngülləşdirən qanun onun tətbiqi  şərtlərini də müəyyən edir. Heç bir amnistiya və 

cəzanın yüngülləşdirilməsi halı onun haqqında qanun layihəsi irəli sürüldükdən sonra 

törədilmiş cinayətə tətbiq oluna bilməz». Həmin maddəyə görə amnistiya və cəzadan 

azad etmə, parlamentin palatalarının verdiyi qanunun Respublika Prezidentinə ötür-

düyü səlahiyyətlə həmin qanun əsasında Prezident tərəfindən icra edilir (4, 234-279). 

 

60




Beləliklə, buradan belə  nəticə  çıxarmaq olar ki, amnistiya istənilən hüquq pozun-

tusuna tətbiq olna bilər; amnistiya İtaliya parlamentinin palatalarında üçdə iki səs 

çoxluğu ilə  qəbul olunur; amnistiya haqqında qanun layihəsi baxılmaq üçün parla-

mentə verilmə gününə  qədər törədilmiş cinayətlərə  şamil olunur. Amnistiya elan 

olunmasının bütün digər məsələləri qanunvericiliklə  tənzim olunmur və  İtaliya 

parlamentinin müzakirəsinə saxlanılır.  

Almaniya Federativ Respublikasında əfvetmə hüququ, əgər cinayət işinə birinci 

instansiya üzrə hər hansı federal məhkəmədə baxılıbsa Federal Prezidentə məxsusdur. 

Qalan cinayət işləri üzrə  əfvetmə hüququnu torpaqların başçıları  və ya digər səla-

hiyyətli orqanları (senat, hökumət, baş nazir, ədliyyə naziri) həyata keçirir. Görün-

düyü kimi, əfvetmə hüquqları müxtəlif torpaqlarda fərqlidir. Məsələn, Saar torpa-

ğında əfvetməni torpağın hökuməti, bir sıra ayrı-ayrı hallarda isə torpağın baş naziri 

şəxsən özü həyata keçirir. Torpaq hüquqlarına malik Berlin, Hamburq və Bremen 

şəhərlərində əfvetmə şəhər senatının səlahiyyətindədir.  

Qeyd edək ki, Avropa ölkələrinin  əksəriyyəti öz qanunvericiliyində cinayət 

məsuliyyətindən və  cəzadan azad etməni, bir qayda olaraq, əfvetmə yolu ilə  həyata 

keçirməyi nəzərdə tutur. Amnistiyanın elan olunmasının mümkünlüyünü nəzərdə 

tutan Avropa ölkələrində onun tətbiqi nadir hallarda həyata keçirilir. Bundan başqa, 

qanunvericilikdə amnistiya müfəssəl tənzimlənmir, amnistiyanın elan olunması  və 

tətbiqi qaydaları işlənib hazırlanmamışdır.  

Xarici dövlətlərin əksəriyyətində amnistiya elan etmək hüququ dövlət hakimiy-

yətinin ali qanunverici orqanına məxsusdur. Belə ki, Rumıniyada amnistiya Parlament 

tərəfindən, Macarıstan Respublikasında Dövlət Məclisi tərəfindən elan edilir (3, 265, 

97-132). 

Bir qayda olaraq, xarici dövlətlərdə  əfvetmə dövlət başçısı  tərəfindən həyata 

keçirilir. Belə ki, Polşa Respublikası Konstitusiyasının 139-cu maddəsinə, Fransa 

Respublikası Konstitusiyasının 17-ci maddəsinə uyğun olaraq əfvetmə hüququnu hə-

yata keçirmək prezidentə məxsusdur. Ancaq Polşada əfvetmə Dövlət Tribunalı tərə-

findən məhkum olunmuş  şəxslərə  tətbiq edilmir. Həmçinin Rumıniya Konstitusiya-

sının 94-cü maddəsinə görə  və Macarıstan Respublikası Konstitusiyasının 30-cu 

paraqrafına görə fərdi əfvetmə hüququnu prezident həyata keçirir.  

Türkiyə Respublikasının Konstitusiyasının 104-cü maddəsinin «v» bəndinə 

görə prezident yalnız xroniki xəstəlik, iş qabiliyyətinin olmaması  və ya qocalıqla 

bağlı  bəzi  şəxslərin hökmünü tam və ya qismən ləğv etmək hüququna malikdir (2, 

393). Türkiyənin 2004-cü il Cinayət Məcəlləsinin 65-ci maddəsində ümumi əfv (am-

nistiya) və xüsusi əfv (əfvetmə) məsələləri tənzimlənir. Həmin maddənin birinci bən-

dinə görə ümumi əfv vaxtı ictimai iddiaya xitam verilir, verilən cəzalar bütün nəti-

cələri ilə birlikdə aradan qalxır, ikinci bəndinə görə isə xüsusi əfv vaxtı isə cəzaçəkmə 

orqanları həbs cəzasının çəkilməsinə xitam verə və ya həbs müddətini azalda, yaxud 

həbs cəzasını  cəriməyə çevirə bilər. 65-ci maddənin üçüncü bəndinə görə  cəza ilə 

bağlı olan və ya hökmdə göstərilən hüquqlardan məhrum etmələr xüsusi əfvlə  ləğv 

olunmur. 

Finlandiya Konstitusiyasının 105-ci maddəsində əfvetmənin iki növü müəyyən 

edilir: məhkəmə tərəfindən müəyyən olunmuş cəzanın ləğv edilməsi və ya yüngülləş-

dirilməsi (2, 393). Avstriya Respublikasının Konstitusiyasının 65-ci maddəsinin 

ikinci hissəsinin “s” bəndinə görə prezident ayrı-ayrı hallarda əfvetmə qaydasında 

qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə məhkum olunmuş şəxsləri əfv edə bilər, 

 

61




məhkəmə tərəfindən təyin olunmuş cəzaları yüngülləşdirə və əvəz edə bilər, hüquqi 

nəticələri yüngülləşdirə  və  məhkumluğu götürə bilər, nəhayət, cinayət  əməlinə görə 

rəsmi qaydada təqib olunan şəxslərə münasibətdə cinayət icraatına xitam verə bilər 

(2, 66).  

Yunanıstan Respublikasının Konstitusiyasının 47-ci maddəsinə görə prezident 

əfvetmə hüququna malikdir: o, məhkəmələr tərəfindən təyin olunmuş  cəzaların 

xarakterini və müddətini dəyişə bilər, habelə verilmiş və  çəkilmiş cəzaların qanunla 

nəzərdə tutulmuş istənilən nəticəsini ləğv edə bilər. Ancaq prezident naziri yalnız 

parlamentin razılığı ilə əfv edə bilər. Amnistiya yalnız siyasi cinayətlərə münasibətdə 

parlament tərəfindən qanun qəbul edilməsi yolu ilə  tətbiq edilir, adi cinayətlərə 

münasibətdə amnistiya hətta qanun üzrə verilmir (2, 664). 

Göründüyü kimi, əfvetmə hüququndan xarici dövlətlərdə geniş istifadə edilir. 

Demək olar ki, bütün ölkələrdə  əfvetmə prosedurası qanunla müəyyən edilir. Bu 

zaman  əfvetməyə  məhkəmə  səhvlərini düzəltməyin sonuncu, bəzən həm də yeganə 

vasitəsi kimi baxılır.  

 

ƏDƏBİYYAT 

1.

 

Ансель М. Методологические проблемы сравнительного права. Очерки сравнитель-



ного права. М.: 1991, 385 c. 

2.

 



Конституции государств Европы. В 3-х т. Т. 3. / Под общей редакцией Л.А.Окунь-

кова. М.: Норма, 2001, 792 с. 

3.

 

Конституции государств Центральной и Восточной Европы. М.: Норма, 1997, 578 с.  



4.

 

Конституции зарубежных государств. М.: Норма, 1996, 406 с. 



5.

 

Курс российского уголовного права. Общая часть / Под ред. акад. В.Н.Кудрявцева и 



проф. А.В.Наумова. М.: Спарк, 2002, 1040 ст.  

6.

 



Тихомиров  Ю.А.  Курс  сравнительного  правоведения.  М.:  Юридическая  литерату-

ра,1996, 428 ст. 

7.

 

Газ. «Известия». 1999 г., 26 февраля 



8.

 

Уголовный кодекс Франции. СПб: Юридический центр Пресс, 2002, 650 ст.  



 

ОБЩАЯ ХАРАКТЕРИСТИКА АМНИСТИИ И ПОМИЛОВАНИЯ  

В ЗАКОНОДАТЕЛЬСТВЕ ЗАРУБЕЖНЫХ СТРАН 

 

С.Н.РЗАЕВА 

 

РЕЗЮМЕ 

 

В  статье  исследуется  общая  характеристика  амнистии  и  помилования  в 

законодательстве  зарубежных  стран.  В  этой  связи  установлено,  что  законодательства 

большинства  стран  предусматривают  освобождение  от  ответственности  и  наказания, 

применяя амнистию. Как правило, в зарубежных странах помилование осуществляется 

со стороны главы государства. В странах, законодательства которых допускают амнис-

тию,  право  на  объявление  амнистии  принадлежит  высшему  законодательному  органу. 

Вместе  с  тем,  в  этих  странах  не  разработаны  правила  объявления  и  применения  ам-

нистии. Само применение амнистии в зарубежных странах является редким явлением. 

В статье в соответствии с заявленной темой приводятся  определенные  выводы. 



 

 

                                                    

 

62




GENERAL ANALYSIS TO AMNESTIES AND PARDON 

IN LEGISLATION OF FOREIGN COUNTRIES 

 

S.N.RZAYEVA 

 

SUMMARY 

 

The article researches general analysis to amnesties and pardons in the legislation of 

foreign countries. İt is mentioned that most foreign countries realize relieve of punishment and 

criminal responsibility actually by legislative pardon. Pardon is, as a rule, realized by the head 

of the state in foreign states. The countries which allow amnesty realize it by the legislative 

organ.  


Therefore, the rules of declaring and applying amnesty aren’t profoundly worked – out 

in these states. The application of amnesty is a rare case in foreign countries. 

The author draws relevant conclusions concerning the issue in the article. 

 

 



 

63

Yüklə 286,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə