Baki universitetiNİn xəBƏRLƏRİ №3



Yüklə 363,28 Kb.
Pdf görüntüsü
tarix23.08.2018
ölçüsü363,28 Kb.
#63829


 

103


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3      

 

Humanitar  elmlər seriyası  

 

2011 

 

 

 

UOT 07. 00. 02 

 

XX  ƏSRİN ƏVVƏLLƏRİNDƏ LƏNKƏRANDA MÜSƏLMAN 

QIZ MƏKTƏBİNİN TƏŞKİLİ TARİXİNDƏN 

 

B.B.KƏRİMOV 

AMEA Milli Azərbaycan Tarixi Muzeyi 

behmen_76@mail.ru 

 

Məqalədə, görkəmli maarif xadimi Teymur bəy Bayraməlibəyovun səyi nəticəsində 

1918-ci ildə qızı Məryəm xanım Bayraməlibəyovanın rəhbərliyi ilə Lənkəranda təşkil edilmiş 

və 1921-ci ilə kimi fəaliyyət göstərən Lənkəran müsəlman qız məktəbinin tarixi araşdırılmış-

dır. 1918-1921-ci illərdə fəaliyyət göstərən Lənkəran qızlar məktəbinin Azərbaycanda mütə-

rəqqi qadın ziyalılarının yetişməsində özünün xüsusi dəsti-xətti olmuşdur. Böyük maarifpərvər 

Teymur bəyin səyi və qızı Məryəm xanımın böyük əməyi sayəsində təşkil edilən məktəbdə ali 

təhsilli müəllimə  Nəsibə Bayraməlibəyova və tibb elmləri namizədi Rahilə Bayraməlibəyova, 

Azərbaycan Respublikasının xalq artisti, Azərbaycanın ilk opera müğənnisi Həqiqət Pzayeva, 

əməkdar artistlərdən Münəvvər Kələntərli və Cahan Talışinskaya, Məhbubə Seyidzadə, Dilşad 

Talışlı, Xanımcan Kərimova, Bacıxanım Axundova, Tacı Zeynalova, Qöncə Axundova, Aliyə 

Qurbanova, Sərvər Sakayeva və b. bu kimi tanınmış qabaqcıl ziyalı qadınlar yetişmişlər. 

 

Açar sözlər: Məryəm xanım, qız məktəbi, gimnaziya, təhsil, maarif

 

 

XX  əsrin  əvvəllərində Azərbaycanın bütün qəza mərkəzlərində olduğu 

Lənkəran qəzasında da müsəlman qızların təhsil almaları üçün xüsusi məktəb 

mövcud deyildi. Lənkəranda bu vaxta qədər müsəlman qızlar üçün məktəbin 

olmaması haqqında “Azərbaycan” qəzetinin (rus dilində) 1918-ci il 6 noyabr 

28-ci sayında oxuculara məlumat verən görkəmli maarif xadimi Teymur bəy 

Bayraməlibəyov yazırdı ki, “Bu işdə günahkar səlahiyiyyətli  şəxslərdir. Mü-

səlman qadınlarının mənəvi cəhətdən geriliyi, onların zehni, əqli səviyyəsinin 

inkişaf etməsinə laqeyd münasibət sonradan böyük fəsadlar yarada bilər. Bu 

acınacaqlı  həqiqətə cavabdeh valideynlər və bizi əhatə edən cəmiyyət deyil, 

mədəniyyət və təhsilə bölgədə rəhbərlik edən hökumət idarələridir” [3]. 

Teymur bəy Bayraməlibəyov həmvətənlərinin bu məsələyə münasibətini 

hələ bir neçə il əvvəl öyrənib ümumləşdirəndən sonra problemin həllinə çalış-

mışdır. Bu məqsədlə o, ilk növbədə səlahiyyət sahiblərinin dilini bilməyi vacib 

saymışdır. Teymurbəy daha sonra bu barədə yazır: “Müsəlman qızların təhsilə 

cəlb etmək məqsədilə 1913-cü ilin may ayında  şəhər məktəblər idarəsinin 

direktoru C.Txorjevski ilə görüşüb ondan xahiş etdim ki, yeni dərs ilində - 



 

104


sentyabrın 1-də  Lənkəranda müsəlman qızlar məktəbinin açılmasına icazə 

versin. Txorjevski qaldırılan məsələyə  rəğbətlə yanaşaraq bu müraciətin 

həyata keçirilməsinə razılıq verdi. Hətta məktəbin açılışına kredit ayrılmasını 

yerli özünüidarə  təşkilatına tapşırdı. Bu təşkilat  şəhər məktəblər idarəsinin 

xərci hesabına məktəb üçün hər cür şəraiti olan münasib evin ayrılmasına 

qərar verdi. Lakin qərar Qafqaz Təhsil Dairəsinin başçısı Rudolf ilə Txor-

yevski arasında narazılığa səbəb oldu və Txoryevski istefa vermək məcburiy-

yətində qaldı. Onun yerinə Radeski təyin olunur və o, şəhər özünü idarə 

təşkilatından xahiş edir ki, ilk öncə məktəb şəbəkəsinin smetasını tərtib etsin, 

sonra isə  məktəbin tikinti quruculuq işlərinə başlasın” [3]. Teymur bəy 

Bayraməlibəyov məqalədə qeyd edir ki, “Belə  rəsmi dəftərxana formalizimi 

Lənkəran Müsəlman Qız Məktəbinin açılışına mane oldu və şəhər özünüidarə 

təşkilatı bu işin icrasını başqa vaxta saxladı. Çox keçmədi ki, Radeski də bu 

vəzifədən uzaqlaşdırıldı  və onun yeinə canab Qəniyev (S.M.Qənizadə-B.K.

təyin olundu. S.M.Qəniyev (1866-1937) isə bütün varlığı ilə müsəlman əhalisi 

arasında mədəniyyətin yüksəldilməsinə çalışaraq yerlərdə, xüsusilə, qızlar 

üçün məktəblərin açılmasına diqqət yetirirdi. Lakin bu yolda bolşeviklər 

tərəfindən böyük maneələrə rast gəlindi. Bolşeviklər Rusiyanın  əyalətlərində 

hər cür mədəni inkişafın yüksəlişinə maneçilik törədirdilər ki, ölkədə baş 

verən siyasi durumu avam camaat lazımı səviyyədə dərk edə bilməsinlər” [3]. 

Həmvətənlərinin işıqlı sabahına maarifpərvər yazıçı, ustad müəllim 

S.M.Qənizadənin gördüyü işlərə ümidini üzməyən Teymur bəy məqaləsini 

belə bir sonluqla bitirir: “Sevindirici haldır ki, şəhər tədris işlərinin başında 

elm, təhsil və  mədədəniyyətin inkişafı üçün əlindən gələni  əsirgəməyən 

S.M.Qəniyev durur. Biz əminik ki, o, öz xalqının mənəvi ehtiyaclarını yerinə 

yetirməyə çalışaraq müsəlman qızları üçün məktəblərin açılmasına nail olacaq 

və qarşısına çıxan maneələri bir-bir dəf edəcəkdir” [3; 4, 14]. 

Teymur bəy Bayraməlibəyovu müsəlman qadınlarının hüquqsuzluğu son 

dərəcə narahat edirdi. O, qadın azadlığının qəti tərəfdarlarından biri kimi, bu 

məsələni mühüm ictimai vəzifə hesab edirdi. Bu məsələ ilə bağlı Teymur bəy 

Bayraməlibəyov “Müsəlman qadınlarının ailədə  vəziyyəti” [1] adlı  əlyazma-

sında da ailədə qızların tərbiyəsi və təhsil məsələlərindən danışaraq qeyd edir 

ki, “Çoxəsrlik tarixə malik qadın əsarətinin  əsasını onların elm və maarifdən 

təcrid olunmasında axtarmaq lazımdır. Qadın ailənin ev-məişət işlərini idarə 

etməklə yanaşı, uşaqların ilk tərbiyəçisi, savadsızlıq və avamlıq isə bu istiqa-

mətdəki tərəqqinin düşmənidir”. Odur ki, Teymur bəy  müsəlman qadınlarının 

cəmiyyətdə, ailədə öz doğru yerini tutmaları üçün onların oxumasını, maarif-

lənməsini, elmə, mədəniyyətə yiyələnməsini vacib saymış və yerlərdə məktəb-

lərin açılmasına səy göstərmişdir. 

Məhz buna görə də, Teymur bəy fanatik mollaların fitvalarına baxmaya-

raq öz qızlarının təhsil almaları üçün yorulmadan çalışmışdır. O, təhsilə ailə və 

cəmiyyət səadətinin əsası kimi baxmışdır. 

XIX  əsr və XX əsrin  əvvəllərində yaşayıb yaratmış ziyalılarımız içəri-



 

105


sində yaradıcılığında xalqımızın məişət və  mədəmiyyəti, xüsusi ilə qadın 

problemləri çox qabarıq  şəkildə  əks olunmuş Teymur bəy Bayraməlibəyov 

özünəməxsus yer tutur. Bu görkəmli ziyalının elmi irsi ilə tanışlıq deməyə əsas 

verir ki, o, öz dövrünün mütərəqqi fikir sahibi, maarifçi, folklorşünas, publi-

sist, etnoqraf və milli mədəniyyətin yorulmaz təbliğatçısı olmuşdur. 

Tədqiq olunan dövrdə Lənkəranda müsəlman qızlar üçün məktəb olmasa 

da,    rus qızları üçün məktəb çox əvvəllər olmuşdur. 15 fevral 1911-ci ilə aid 

bir məlumatda həmin məktəbin nöbəti buraxılışına aid yazılar və  məktəbi 

bitirənlərin geniş siyahısı vardır. Məktəblərdə 1915-1916-ci dərs ilində Lənkə-

ran  şəhərindəki 4 sinifli qız gimnaziyasının 7 sinifli gimnaziyaya çevrilməsi 

barədə qərar çıxarıldığından danışılır [6].  

O dövrün sənədlərinin birində, 1916-ci ildə Lənkəranın ziyalı bəylərin-

dən Nurəli bəygilin həyətindəki zalda məktəb açıldı. Burada 20-ə  qədər qız 

uşağı, o cümlədən müəllimlə birlikdə həmin mülk sahibinin Pəxşəndə və Nəci-

bə adlı qızları oxuyurdular. Məktəbdə çox vaxt iki müəllimə - Tehran xanım 

İsmayıl qızı Tahirova və Zeynəb xanım Mübin qızı Müzəffərovanın dərs 

dediyi göstərilir [6; 5, 105].  

Lakin bu cür məktəblər qadın savadsızlığının qarşısını ala bilməmişdir. 

Görkəmli maarifpərvər müəllim Teymurbəy Bayraməlibəyovun əsas məqsədi 

qadın müəllim hazırlamaq üçün Lənkəranda qızlaraməxsus məktəb açmaq idi. 

Teymur bəyin Qız Məktəbinin yaradılması üçün uzun illər boyu apardığı 

mübarizə ən nəhayət, çar Rusiyasının süqutundan sonra mümkün oldu. Ona bu 

işdə rus dilində savadlandırdığı  qızı  Məryəm xanım Bayraməlibəyova böyük 

yardımçı idi.  

Qadınların təhsilinə böyük əhəmiyyət verən Bayraməlibəyov 1917-ci 

ildə  Lənkəranda "Ünas" (qızlar) məktəbinin  əsasını qoyur. Qızı  Məryəm 

Bayraməlibəyova həmin məktəbin müdiri və müəllimi olmuşdur. Teymur bəy 

Bayraməlibəyovun inqilabi hərəkatda fəal iştirakı bəhanə göstərilərək, o, 1918 

ildə Muğan Radası tərəfindən həbs edilmiş və Bakıya göndərilmişdir. Bu işdə 

onun yolunun layiqli davamçısı, qeyrətli vətən qızının ömür yollarını yığcam 

şəkildə belə qeyd etmək olar: Məryəm xanım Bayraməlibəyova 1898-ci ildə 

Lənkəran  şəhərində Azərbaycanın görkəmli xalq müəllimi Teymur bəy Bay-

raməlibəyovun maarif nurlu ocağında dünyaya gəlmişdir. Məryəm xanım 

ibtidai təhsilini “Nicat” xeyriyyə  cəmiyyətinin hesabına 1905-1911-ci illərdə 

Bakıda, Hacı Zeynalabdin Tağıyevin qız məktəbində - I rus-tatar qızlar mək-

təbində almışdır. O, təhsilini davam etdirmək məqsədi ilə 1911-ci ildə “Mü-

qəddəs Nina” qızlar məktəbinə daxil olmuş və 1917-ci ildə bu məktəbin 8-ci 

pedaqoji sinfini qızıl medalla bitirmişdir. Oxumağa böyük həvəs göstərən 

Məryəm xanım ali təhsil almaq üçün Moskvaya gedir və tibb institutuna qəbul 

edilir [4, 5]. Moskvada tibb institutuna daxil olan Bayraməlibəyovanın təhsil 

xərclərini Bakı milyonçusu - xeyriyyəçisi Murtuza Muxtarov öz üzərinə 

götürmüşdü. Oktyabr çevrilişi (1917)  nəticəsində  vəziyyətin dəyişməsi ilə 

əlaqədar vətənə dönmüş  və müəllimlik fəaliyyətinə başlamışdır. Məryəm 



 

106


xanım bu haqda xatirələrində yazır: “...Lakin Moskvada 2 aydan artıq qala 

bilmədim. İnqilabın başlanması ilə əlaqədar olaraq (1917-ci il fevral inqlabı-

B.K.) Bakıya qayıtdım” [7]. 

Bakıda qalmaq üçün hər cür imkanın olmasına baxmayaraq, Məryəm 

xanım Lənkərana gedir. Teymur bəy maarifpərvər bir xalq müəllimi idi və 

Məryəm xanımın taleyində böyük rolu olmuşdur. Məryəm xanım atasının yolu 

ilə gedərək müəllimliyi ömrünün qayəsi olmuşdu. 

Qadınların təhsilinə böyük əhəmiyyət verən Məryəm xanım Bayraməli-

bəyova 1918-ci ilin əvvəllərindən atasının səyi ilə 1917-ci ildə  Lənkəranda 

yaradılmış  və  hələ  fəaliyyətə başlamamış “Ünas” (qızlar) məktəbinin müdiri 

kimi işə başlayır.  

Məryəm xanım Bayraməlibəyova Lənkəranda 50 uşağın təhsil aldığı ilk 

müsəlman qız məktəbində  dərs deməklə yanaşı, 1921-ci ilədək bu məktəbə 

rəhbərlik etmiş, dram və xor dərnəkləri təşkil etmişdi. Məryəm xanım həm-

çinin 1919-1920-ci illərdə  Lənkəran qızlar gimnaziyasının inspektoru olmuş 

1919-cu ildə Lənkəranda ilk qadın Xeyriyyə cəmiyyəti yaratmışdır.  

Gənc müəllim qısa müddət ərzində ev-ev, qapı-qapı gəzib məktəbə 9-12 

uşaq toplaya bilir və nəticədə, 1918-ci tədris ilində məktəb fəaliyyətə başlayır. 

Qısa müddət  ərzində  Lənkəranda 50 uşağın təhsil aldığı ilk müsəlman qız 

məktəbi Məryəm xanımın rəhbərliyi altında böyük uğur qazanır. Məktəbin 

şagirdi, Azərbaycanın ilk qadın opera müğənnisi Həqiqət Rzayeva yazırdı: 

“Məryəm xanım qızları məktəbə cəlb etmək üçün özü də çadrada gəzirdi. Biz 

təkcə yazmaq, oxumaq öyrənmirdik, eyni zamanda səhnəciklər hazırlayıb 

valideynlərimiz qarşısında çıxış edirdik. Toplanan vəsait kasıb qızların mək-

təbə  cəlb olunması üçün sərf edilirdi” [5, 105]. 1920-ci ildə  Məryəm xanım 

Bayraməlibəyovanın təsis etdiyi «Ünas» məktəbində fəaliyyətə başlayan dram 

dərnəyi “Dursunəli və Ballı badı” tamaşası idi. Burada hazırlanmış “Dursunəli 

və Ballı badı” tamaşasının iştirakçıları yalnız qızlar olub. Oğlan rollarını da 

qızlar oynayıb. Dursunəli rolunda Həqiqət Rzayeva çıxış edib. Sonrakı 

tamaşalarda o, dramatik rollar oynamaqla yanaşı, məlahətli və güclü səsi ilə 

tamaşaçılara xüsusi zövq bəxş edib. 

1918-1920-cu dərs ilində  Qızlar məktəbi şəhərin keçmiş Pioner döngə-

sində, iki otaqdan ibarət bir binada yerləşmişdir. Sonra onları indiki Səttərxan 

küçəsindəki 69 saylı binaya (Bayraməlibəyovun öz evinə) köçürmüşlər. 

Məktəb müdiri Məryəm xanım Bayraməlibəyova rus dilindən Azərbaycan 

dilinə  və Azərbaycan dilindən rus dilinə praktik tərcümə  dərslərini aparırdı. 

Bundan başqa, rus dili ayrıca bir fənn kimi keçirilirdi. Bu dərsi Mariya 

İvanovna Sobolyova tədris edirdi.  

Məktəbin dərs hissə müdiri İsmayıl Hüseyn oğlu Qənbərov olmuşdur. 

Onunla birlikdə sovet dövründə  qəzada ilk maarif müdiri işləyən Ağa Məm-

mədli tarix, Qulam Məmmədov ana dilini, Davud Talışinski riyaziyyat dərs-

lərini demişlər. Qızlar məktəbində  Məryəm xanımla bərabər bir neçə qadın 

müəllimə də fəaliyyət göstərmişdir. Məktəbin sinif rəhbəri Teyran İsmayıl qızı 



 

107


Tahirova olmuşdur. Zeynəb Mübin qızı Müzəffərova, Cavahir Abdulla qızı 

Müzəffərova dil və ədəbiyyat, Rahilə Bağır qızı Talışinskaya təbiət, Suğra İsa 

qızı  Məmmədli  şəriət müəllimələri idi. Sonralar qızlar məktəbi  Əlibayramov 

küçəsindəki 25 №-li binaya köçürülmüşdür. Yaşayış yeri olan bu kiçik bina 

indi də keçmiş adla “Ünas məktəbi” adlanır [5, 106]. 

Məryəm xanım Bayraməlibəyova, Suğra xanım İsazadə (Məmmədli) ilə 

birlikdə  məktəbə daha çox qız uşağı  cəlb etmək məqsədilə evləri bir-bir gə-

zirdilər. Evlərdə  qız uşağı gördükdə vallideynlərdən onların oxunması üçün 

razılıq istəyirdilər. Getdikcə bu məktəbin  şöhrəti yayılırdı. Artıq nəinki  şə-

hərdən, ara-sıra kəndlərdən və qonşu rayolardan buraya oxumağa axın-axın 

qızlar gəlirdilər. Hətta  şagirdlərin hər biri təbliğatçı rolunu oynayır, evdar 

qadınlar arasında savadsızlığın ləğviylə məşğul olurdular [5, 106]. 

1919-cu ilin yayında Azərbaycan Xalq Cümhuriyyətinin cənub bölgəsin-

də hərbi şəraitin xeyli kəskinləşməsi, ağqvardiyaçı rus zabitlərinin hakimiyyəti 

ələ keçirməsi ilə əlaqədar Cümhuriyyət Hökuməti Parlament üzvü Cavad bəy 

Məlik-Yeqanovu Lənkəranın general-qubernatoru təyin etmişdi. Lənkəranda 

elan edilmiş hərbi vəziyyət şəraitində əsgərlərin qız gimnaziyasına müdaxiləsi 

Bayraməlibəyovanın etirazına səbəb olmuş və o, Cavad bəy Məlik-Yeqanova 

yazılı müraciət etmişdi. Təsadüfi görüş onların gələcək ailə həyatının əsasını 

qoymuşdu [2, 250].  

Aprel işğalından (1920) sonra pedaqoji fəaliyyətini davam etdirən 

Bayraməlibəyova 1920-21 illərdə savadsızlığın ləğv olunması üzrə ilk qadın 

kursları  təşkil etmiş, bütün qəzada yeganə qadın müəllim kimi siyasi maarif 

işində  fəal çalışmışdır. 1921 ildə ailəliklə Bakıya köçmüş, 1921-23 illərdə 

Azərbaycan nümunəvi - təcrübə məktəbində türk qrupunun rəhbəri olmuşdur. 

1922 ildə həbs olunmuş, Bakıdan kənara çıxmamaq barədə iltizam verdikdən 

sonra həbsdən azad olunmuş, pedaqoji fəaliyyətini davam etdirmişdir [2, 250]. 

Məryəm xanım Bayraməlibəyova müəllimlik sənətinə olan sevgisi, gənc 

nəslin təlim-tərbiyəsinə göstərdiyi qayğı, bu yolda fədakarcasına çalışması 

respublikamızın təhsil ocaqlarında fəaliyyət göstərən müəllimlərimizə bir 

nümunə olmalıdır. 

 

ƏDƏBİYYAT 

1.

 



AMEA Əlyazmalar İnstitutunun fondu, şifrə D-686/28593. 

2.

 



Azərbaycan Xalq Cümhuriyyətinin Ensklopediyası. 2 cilddə II c. Bakı: Lider, 2005, 472 s. 

3.

 



 “Azerbaydjan” qəzeti (rus dilində), 1918-ci il, 6 noyabr, № 28. 

4.

 



Cavadova E. ... O, həm də görkəmli etnoqraf idi (Teymur bəy Bayraməlibəyovun həyat və 

yaradıcılığından səhifələr). Bakı: Nurlan, 2009, 204 s. 

5.

 

Hüseynbalaoğlu B. H., Talışlı M.M. Lənkəran. Bakı: Maarif, 1990, 512 s. 



6.

 

Lənkəran tarix-diyarşünaslıq muzeyinin cari arxivi. 



7.

 

Məryəm xanım Bayraməlibəyova- Məlik-Yeqanovanın ailə arxivi. 




 

108


ИЗ ИСТОРИИ ОРГАНИЗАЦИИ МУСУЛЬМАНСКИЙ ЖЕНСКОЙ ШКОЛЫ  

В ЛЕНКОРАНИ В НАЧАЛЕ XX ВЕКА 

 

Б.Б.КЕРИМОВ 

 

РЕЗЮМЕ 

 

Особую роль в деле просвещения женщин Азербайджана играла, действовавшая 



в 1918-1921-е гг. женская гимназия Ленкорани. Благодаря усилиям великого просвети-

теля Теймур бек Байрамалибекова и его дочери Марьям ханум здесь обучались предста-

вительницы  передовой  женской  интеллигенции:  Насиба  Байрамалибекова  и  Рахиля 

Байрамалибекова, народная артистка, а также первая оперная певица республики Хаги-

гат Рзаева, Мунавар Калантарлы и Джахан Талышинская, Махбуба Сейидзаде, Дильшад 

Талышинская, Ханымджан Керимова, Баджиханум Ахундова, Таджи Зейналова, Гонче 

Ахундова, Алия Гурбанова, Сарвар Сакаева и др. 

 

Ключевые слова: Марьям ханум, женская школа, гимназия, образование, прос-

вещение 


 

FROM THE HISTORY OF ORGANIZATION OF MUSLIM WOMEN'S SCHOOL IN 

LANKARAN IN THE EARLY XIX CENTURY 

 

B.B.KARIMOV 

 

SUMMARY 

 

Women's gymnasium of Lankaran played a special role in educating women in 

Azerbaijan in 1918-1921. Thanks to the efforts of the great educator Teymur bai Bayramali-

bayov and his daughter Maryam Khanum, it trained best representatives of female 

intellectuals: Nasib Bayramalibayov and Rahila Bayramalibayova, the folk artist and also the 

first opera singer of the republic, Khagigat Rzayeva, Munawar Kalantarli, Jahan Talyshinska-

ya, Mahbuba Seyidzade, Dilshad Talyshinskaya, Hanymjan Karimova, Bajihanum Akhun-

dova, Taji Zeynalova, Goncha Akhundova, Aliya Gurbanova, Sarvar Sakayeva et al. 

 

Key words: Maryam Khanum, female school, high school, education, enlightenment 

 

 



Yüklə 363,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə