Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası



Yüklə 111,13 Kb.
tarix25.06.2018
ölçüsü111,13 Kb.
#51366


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4  

Sosial-siyasi 

elmlər seriyası   

2010 

 

 

 

QANUNVERİCİLİKDƏ BOŞLUQLARA DAİR NƏZƏRİ YANAŞMALAR 

 

R.K.CƏBRAYILOV 



Bakı Dövlət Universiteti  

rafael-cebrayilov@mail.ru 

 

Məqalədə qeyd olunur ki, qanunvericilikdə boşluqların doldurulması ilə bağlı prob-



lemin mövcudluğu “hüquqda boşluq” anlayışının özünün hüquqda birmənalı  şərhinin 

olmaması ilə  əlaqədardır. Bütövlükdə hüquqda boşluqların olmasına dair üç yanaşma 

(“geniş”,“dar” və “mülayim”) fərqləndirilir.  

Müvafiq şərhlərin təhlili əsasında məqalədə qanunvericilikdə boşluğun aşağıdakı şərhi təklif 

olunur: qanunvericilikdə boşluq ictimai münasibətlərin hüquqi tənzimləmə sahəsinə aid olan və ya 

aid olmalı olan sahəsində meydana çıxan, yaxud çıxa bilən faktlar və  əlaqələrin peşəkar hüquqi 

qiymətləndirilməsi üçün zəruri olan hüquq normasının yoxluğudur.  

 

Qanunvericilikdə boşluqlar öz kökləri ilə  qədim  əsrlərə gedib çıxan bir 



problemdir. Belə ki, qanunvericilikdə boşluqların aradan qaldırılması  məsələsi hələ 

antik dövrün ən mükəmməl qanunvericiliyi kimi tanınan Roma hüququnun diqqət 

mərkəzində idi. Qədim Romada hüquqda olan boşluqlar  əsasən ali vəzifəli  şəxs 

sayılan pretorların ediktləri vasitəsilə aradan qaldırılırdı. Roma qanunlarına uyğun 

olaraq zərərçəkmiş  şəxs pozulmuş hüququnu iddia icraatı  çərçivəsində müdafiə edə 

bilmədiyi halda, pretor onun hüququnu öz müstəqil mühakiməsi vasitəsilə təmin edə 

bilərdi. Başqa sözlə, de-yure qanunverici olmayan pretor öz ediktləri vasitəsilə yeni 

hüquq normalarını qəbul edirdi.  

Pretor ediktlərinin yalnız bir il ərzində qüvvədə olmasına baxmayaraq, onlar 

qanunları boşluqlar olan hissədə daha da inkişaf etdirməyə başladılar. Pretor ayrı-ayrı 

şəxslərə qanunda nəzərdə tutulan qaydadan fərqli  şəkildə  hərəkət etməyi tövsiyə 

edirdi və bu səbəbdən qanunun bəzi müddəalarının bir il müddət ərzində müvəqqəti 

kənarlaşdırılması baş verirdi. 

Icti 


Beləliklə, Roma qanunvericiliyində boşluqların olması açıq  şəkildə etiraf 

edilirdi, Roma hüquqşünaslarının klassik irsə çevrilən əsərləri isə hüquqda boşluqlar 

probleminin qoyuluşu və həllinə önəmli töhfə olmuşdur.

 

Erkən orta əsrlərdə Roma hüququnun resepsiyasına qədər, hüququn mənşəyi və 



mahiyyəti barədə teoloji nəzəriyyələrin hökmran olduğu dövrdə hüquq tanrının hər 

şeyi ehtiva edən və ziddiyyətsiz iradəsi kimi nəzərdən keçirilirdi ki, bu da artıq özü-

özlüyündə hüquqda boşluqlara dair hər hansı ehtimalı da istisna edirdi. 

XVII-XVIII  əsrlərdə siyasi və sosial-iqtisadi inkişafın yeni mərhələsi ilə 

əlaqədar antik konsepsiyaların yenidən işlənilməsi baş verir ki, bu da dini baxışların  

yerinə təbii hüquq nəzəriyəsinin, daha sonra isə qanunvericilikdə boşluqların olmasını 

yaxud olmamasını nəzərdə tutan konsepsiyaların formalaşmasına gətirib çıxarır. 

Bütövlükdə, qanunvericilikdə boşluqları inkar edən konsepsiyanın təbiətini ən 

 58



ümumi  şəkildə  səciyyələndirən müddəaya  əsasən hüquq konkret ictimai münasibət-

lərin tənzimlənməsi üçün zəruri olan bütün normaları ehtiva edən məntiqi qapalı sis-

temdir. Başqa sözlə, cari qanunvericilik meydana çıxan yeni münasibətlərlə əlaqədar 

çətinlikləri həmişə həll etməyə qadirdir. Bu ya hakimlərin hüquq yaradıcılığı, ya təbii 

hüquq normalarının tətbiqi əsasında, ya da qüvvədə olan qanunun məntiqi təfsiri yolu 

ilə baş verir.  Qanunvericilikdə boşluqların olmaması barədə müxtəlif nəzəri baxışlar 

iki ilkin müddəa ilə əsaslanır: 

1) hüququn ilahiləşdirilməsi; 

2) hüququn məntiqi qapalılığı. 

Əgər əvvəllər qanunvericilikdə boşluqların olmamasını təbliğ edən yanaşmanın 

nümayəndələri öz mövqelərini  əsaslandırarkən  əsasən hüququn ilahiləşdirilməsi 

məsələsinə geniş yer ayırırdılarsa, müasir dövrdə diqqət daha çox hüququn məntiqi 

qapalılığı amilinə yetirilir. Qanunvericilikdə boşluqların olmaması konsepsiyasının 

təmsilçiləri yalnız qanunda, daha doğrusu, onun mətnində ifadə olunanları hüquq 

sayırlar. Buradan belə bir qənaət doğur ki, qanunvericilik hər bir halda təkmildir və 

orada hüquq subyektlərinin bütün hərəkətlərinin tənzimlənməsi baş verir. Başqa 

sözlə, ictimai münasibətlər ya qanunun təsirinə məruz qalır, ya da qəsdən  qanunun 

təsirindən kənarda qalır və bu zaman hər hansı boşluğun olması barədə sualın ortaya 

çıxması qeyri-mümkündür.  

Bununla  əlaqədar qeyd etmək lazımdır ki, hələ 1804-cü il Fransa Mülki 

Məcəlləsində qanunun natamamlığı  bəhanəsi ilə  ədalət məhkəməsindən imtina edən 

hakimin cəzaya məruz qalması nəzərdə tutulmuşdur. 

Nəzəri təlimlərə  gəldikdə isə qanunun qeyd-şərtsiz üstünlüyü və qanunverici-

likdə boşluqların olmaması ideyası vaxtilə Ç.Bekkarianın «Cinayət və  cəzalar haq-

qında» və  Ş.Monteskyönün «Qanunların ruhu haqqında»

 

əsərlərində  də  təsbit 



olunmuşdur. Lakin pozitiv hüquq anlamının mövqeyinin möhkəmlənməsi ilə əlaqədar 

hüquqda boşluqlar probleminin həllinə münasibətin dəyişilməsi baş verdi. Bu 

münasibətin dəyişilməsinin mahiyyəti faktiki olaraq çatışmayan hüquq normalarının 

qüvvədə olan qanunvericilik çərçivəsində aradan qaldırılmasından ibarət oldu. 

Nəhayət, XX əsrdə normativ hüquq məktəbinin nümayəndələri hüquqda boşluqların 

ümumiyyətlə olmaması müddəasını bəyan etdilər.  

Məlumdur ki, normativizm nəzəriyyəsi hüquqa ictimai münasibətlərdən tam 

təcrid olmuş hüquq normalarının məcmusu kimi yanaşır. Burada hüquq real ictimai 

münasibətlərdən kənar, qanunvericinin iradəsi ilə heç bir əlaqəsi olmayan ümumi 

xarakterli normaların sistemi kimi nəzərdən keçirilir. Bununla yanaşı, həmin normalar 

sisteminin piramida formasında təşkili iddia edilir. Bu qapalı sistemin zirvəsində olan 

“əsas” norma digər normaları müəyyənləşdirir. Bu iyerarxik strukturun quruluşuna 

müvafiq olaraq, “hüquq piramidası”nın aşağı pilləsində yerləşən hər hansı norma öz 

qüvvəsini piramidanın daha yüksək pilləsində yerləşən normadan alır. Başqa sözlə, 

hər bir normanın meydana gəlməsi və inkişafı digər normanın – “əsas norma”nın 

mövcudluğu ilə  şərtlənir. Son məqamda bütün normaların mövcudluğu qeyd-şərtsiz 

məlum hesab edilən “əsas” normadan irəli gəlir.

 

 



Hüquqda boşluqlar problemi baxımından, normativistlərin fikrincə, “əsas” 

norma hüquqda boşluqların olmaması üçün onların təbliğ etdiyi hüququn məntiqi 

strukturunu qapayır. Normativizm təliminə uyğun olaraq, normanın etibarlığının əsa-

sının axtarışı bu normanı doğuran digər normaya aparır. Qanunvericilik orqanı texniki 

xətalara yol verdiyi zaman isə, onların fikrincə, yalnız anlaşılmazlıqlar mövcud olur 

 59



ki, bu da istənilən ümumi mücərrəd normaya xasdır və belə halda boşluq yoxdur.  

Qanunda boşluqların olması yalnız normativistlər tərəfindən deyil, həmçinin 

hüququn mahiyyətini müstəsna olaraq insan psixikasının xüsusiyyətləri baxımından 

şərh edən psixoloji nəzəriyyəsinin nümayəndələri tərəfindən də inkar edilir. Psixoloji 

nəzəriyyəyə görə, bütün hüquqi hadisələr xüsusi qəbildən olan emosional-intellektual  

psixi proseslərdir ki, bu da boşluq məsələsinin qoyulmasını inkar edir.  

Qeyd olunan hüquq məktəblərinin nümayəndələrindən fərqli olaraq, hüquqda 

boşluqlar müddəasını inkişaf etdirən sosioloji hüquq məktəbinin nümayəndələri 

tədqiq edilən problemə başqa nəzəri baxımdan yanaşırlar. Bu məktəbin nümayən-

dələri hüquq kimi hər hansı normadan asılı olmayaraq yaranan və mövcud olan 

faktiki münasibətlərin məcmusunu başa düşürlər (“canlı hüquq”). Bu şəkildə  şərh 

olunan hüquq qanuna deyil, müstəsna olaraq məhkəmə  təcrübəsinin təsiri  əsasında 

formalaşan hakimin hüquq düşüncəsinə arxalanır. 

Sosioloji yanaşmaya uyğun olaraq, hüquq dövlət tərəfindən təmin olunan və ya 

sanksiyalaşdırılan məcburi normaların məcmusu kimi deyil, həmin cəmiyyətdə 

qüvvədə olan sosial qayda kimi çıxış edir. “Mövcud qayda” qismində hüququn yalnız 

kiçik bir hissəsi qanunlarda öz əksini tapır, çünki hüquq qanundan kənar da “yaşaya” 

bilər. Normativizmə  əks olaraq, sosioloji hüquq məktəbi hüquqda boşluqların 

olmaması barədə müddəanı tamamilə rədd edir və qanunun çatışmayan normalarının 

hüquq qaydası vasitəsilə tamamlanmasının vacibliyini vurğulayır. 

Ümumiyyətlə, hüquqda boşluqların olub-olmamasına dair müxtəlif elmi yanaş-

maları səciyyələndirərkən qeyd etmək lazımdır ki, boşluqlar məhz hüquqda mövcud-

dur. Hüquqda boşluqların olmaması  və boşluqların yalnız qanunda mövcudluğu 

barədə mülahizələri, fikrimizcə, yalnız söz mübahisəsi kimi qiymətləndirmək lazım-

dır. Həmçinin qeyd etmək lazımdır ki, hüquqda boşluqların olub-olmaması barədə hər 

hansı mülahizənin irəli sürülməsi bunun hansı ərəfədə baş verilməsi ilə də şərtlənir. 

Belə ki, əgər boşluqların mövcudluğu üzrə mülahizə onların aradan qaldırılmasına 

qədər formalaşırsa, bu zaman hüquqda boşluqların olması etiraf edilir. Yox, əgər 

boşluqların mövcudluğuna dair fikir onların aradan qaldırılmasından sonra irəli 

sürülürsə, yəni nəticə ön plana çıxırsa, həmin halda boşluqlar inkar olunur. 

“Boşluq” anlayışını qanun vasitəsilə ictimai münasibətlərin ayrı-ayrı sahələri-

nin qanunvericilik orqanı tərəfindən qəsdən tənzimlənməməsi halından fərqləndirmək 

lazımdır. Belə  vəziyyətdə hüquqi tənzimləmənin həyata keçirilməsi digər hüquq-

yaradıcı orqanların öhdəsinə buraxılır. Qanunvericilik orqanı tərəfindən müvafiq işin 

yerinə yetirilməməsi hüquqi tənzimləmənin daha yüksək forması kimi çıxış edən 

qanunla həmin sahədə nizamlama fəaliyyətinə hazır olmadığı  və ya həmin müna-

sibətlərin qeyri-hüquqi kateqoriyaların (din, əxlaq və s.) təsir dairəsinə aid olduğu 

səbəbdən irəli gəlir. 

Hakimin konkret hal üçün mövcud olan ümumi neqativ normanı əks xarakterli 

norma ilə əvəz etməklə ona münasibətdə istisna normanı yaratmaq hüququ var. Lakin 

belə fəaliyyət boşluqların doldurulması yox, qüvvədə olan qanunun təshihidir. Burada 

boşluq sadəcə olaraq qanunun göstərişi ilə razılaşmamaq mənasındadır. Bunlar 

“qeyri-həqiqi” boşluqlardır və onların mahiyyətləri ondan ibarətdir ki, qanunda xüsusi 

hallar üçün ümumi qaydalardan kənara çıxan  şərhlər mövcud deyil.  “Əsl” boşluqlar 

isə yalnız o hallarda meydana çıxır ki, qərarın çıxarılması  ərəfəsində qanun ümu-

miyyətlə susur və ya qərarın qəbulu üçün konkret əsas yaratmır, yəni  qanunun iradəsi 

aydındır, lakin onun hüdudlarında (çərçivəsində) bir neçə variant mövcuddur və 

 60



qanun onlardan hansına üstünlük verilməsi barədə susur. Bu halda hakimin boşluğu 

doldurmaq hüququ var, amma bu sərbəst şəkildə deyil, analogiya üzrə qərarın qəbul 

edilməsi yolu ilə baş verir.

 

Şübhəsiz, hüquqi texnikanın səviyyəsindən asılı olmayaraq pozitiv hüquqda 



boşluqlar mövcuddur. Hüquqi texnika hüquqda olan boşluqların doldurulmasının 

yalnız konstruktiv-deduktiv metodlarını yaradır. Əslində isə ümumi hüquqi göstərişlər 

təkcə hüquqyaratma materialı üzərində deyil, həm də hüququn tətbiqi prosesində 

yaranan münasibətlər əsasında qurulur. Bu zaman pozitiv hüququn ümumi müddəası 

yalnız özündə  əks olan qaydanı ümumiləşdirir və bundan artıq heç nə vermir. 

Deduksiya metodu faktiki tərkibin pozitiv hüquqda nəzərdə tutulmadığı  səbəbindən 

həmin ümumi prinsiplər əsasında kazusu həll edə bilmir. Bundan əlavə, heç bir termin 

onun əsasında olan məzmundan, mənadan artıq heç nəyi təqdim etməyə qadir deyil.

 

Beləliklə, hüquq ədəbiyyatının təhlili  əsasında hüquqda boşluqlar probleminə 



dair iki konseptual yanaşmanın mövcud olması barədə qənaətə gəlmək olar:

 

- hüququn məntiqi qapalılığı  nəzərdə tutan, hüququn ilahi və bu səbəbdən 



mükəmməl təbiətə malik olması müddəasına əsaslanan boşsuzluq nəzəriyyəsi; 

-

 



hüquqda boşluqların olması nəzəriyyəsi.  

İkinci yanaşma hüquqda boşluqların mövcudluğunu təbii bir hal kimi qəbul 

edir və diqqəti  əsasən boşluqların özlərinə deyil, onların aradan qaldırılmasının 

imkanlarına və konkret üsullarına yönəldir.  

 

Bütövlükdə qeyd etmək lazımdır ki, ədəbiyyatda hüquqda boşluqlara verilən 



təriflər prinsip etibarilə normativ hüquqi aktlarla tənzimlənən və ya tənzimlənməyən ic-

timai münasibətlərin müxtəlif sahələri haqqında təsəvvürləri əks etdirmir. Müvafiq ola-

raq, boşluqlar haqqında artıq qüvvədə olan hüquqi normaların çatışmayan elementi və 

tələb olunan normanın tamamilə olmaması qismində təsəvvürlər də bir-birinə qarışır.  

Boşluğun mahiyyətinə dair yanaşmaların sintezi 1984-cü il Hüquq lüğətində öz 

əksini tapmışdır. Orada “hüquqda boşluq” dövlət məhkəmə orqanının hüquqi tənzimlə-

məyə  məruz qalmalı olan hallarda əsas qismində  çıxış etməli olan hüquqi normaların 

yoxluğu (tam və ya qismən) kimi səciyyələndirilir [1, 300]. Başqa sözlə, həmin tərifdə 

boşluğun mahiyyətinə dair  “dar” yanaşmanın müddəaları əks olunub. Lakin daha sonra 

hüquqda boşluq qanunun işlənib hazırlanması zamanı bu və ya digər halın nəzərdə 

tutulmaması, yaxud konkret qanunun verilməsindən sonra meydana çıxan yeni ictimai 

münasibətlərin nəticəsi kimi təsvir edilir, yəni burada boşluğun tərifi artıq onun 

qüvvədə olan qanunvericilik sahəsindən kənarda axtarışı ilə əlaqədardır.   

Müasir hüquq ədəbiyyatında “hüquq” termini bir neçə mənada işlədilir. Belə ki, 

“hüquq” sözü həm kifayət qədər tutumlu fəlsəfi kateqoriya kimi (ideyalar, təməl dəyər-

ləri və s.), həm də hüquq normalarının sistemini nəzərdə tutan anlayış qismində istifadə 

edilir. Həmçinin hüquq ədəbiyyatında hüququn məzmununa, onun əsas elementlərinin 

tərkibinə, onların nisbətinə dair birmənalı münasibət yoxdur. Belə ki, tədqiqatçılar 

arasında hüququn mahiyyəti barədə mübahisələr artıq bir neçə əsrdir ki, səngimir.  

Elmi-praktiki baxımdan, hüquqda boşluqlar probleminin tədqiqi, əsasən, onla-

rın aşkarlanması və doldurulmasının qayda və üsullarının işlənib hazırlanması zərurəti 

ilə şərtlənmişdir. Lakin boşluqların doldurulması üsullarını axtarmazdan əvvəl məhz 

nəyin doldurulmalı olduğunu müəyyənləşdirmək, yəni “hüquqda boşluğun” mahiyyə-

tini təyin etmək zəruridir. Bu zaman adları çəkilən proseslərin dərki zamanı ilk ciddi 

maneə qarşıya çıxır ki, bu da “hüquqda boşluq” anlayışının özünün hüquqda birməna-

lı şərhinin olmamasıdır. Bu məsələdə hüquqşünaslarının fikirləri əsaslı şəkildə fərqlə-

 61



nir. Bütövlükdə, hüquqda boşluqların olmasına dair ən azı üç yanaşmanı (“ge-

niş”,“dar” və “mülayim”) fərqləndirmək mümkündür. 

Belə ki, nəzərdən keçirilən hüquqi kateqoriyaya “dar” yanaşma nümayiş 

etdirən müəlliflərin təqdimatında hüquqda boşluğun mahiyyəti “hüquqi tənzimləmədə 

konkret normativ həlletmənin” olmamasıdır [2, 42]. 

P.Y.Nedbaylonun verdiyi tərifə görə, “hüquqda boşluq hüququn təsir dairəsin-

də müəyyən halların həlli üçün konkret normanın olmaması anlamında  qanunverici-

likdə olan faktiki boşluqdur (fərqləndirmə bizimdir – R.C.)” [3, 456]. 

Hüquqda boşluqlar anlayışı haqqında ayrı-ayrı müəlliflərin mülahizələrinin təh-

lilini asanlaşdırmaq üçün müvafiq yanaşmanı “dar” yanaşma adlandırmaq olar. Hü-

quqda boşluqlar anlayışının tərifinə dair “dar” yanaşmanın bütün nümayəndələri üçün 

ümumi əsas müddəa odur ki, hüquqi tənzimləmə ictimai münasibətlərin bütün müxtə-

lifliyini ehtiva etmir və bunu heç etməməlidir. Hüquqda boşluqların mahiyyətinə dair 

digər yanaşma hüquqi təsirin maraq dairəsinə aid ictimai münasibətlərin daha geniş 

şərhi ilə bağlıdır. Hüquqda boşluğun “geniş” anlamından çıxış edərək, bu yanaşma 

zəruriliyi ictimai münasibətlərin inkişafı və işlərin praktiki həlli tələbatı, qüvvədə olan 

qanunvericiliyin əsas prinsipləri, mənası və məzmunu, həmçinin hüquqi təsir sahəsin-

də həyati faktların tənzimlənməsinə yönəlmiş digər təzahürlər ilə şərtlənir. 

Hüquqda boşluqların olmasına dair bu cür tərif verənlər heç də belə bir faktı 

inkar etmirlər ki, boşluqlar yalnız hüququn tənzimlədiyi sahədə  və yalnız hüquqi 

tənzimləmə çevrəsinə aid faktlara münasibətdə mümkündür. Onlar bu sahəni yalnız 

“qanunvericiliklə müəyyənləşdirilən faktiki hüquqi tənzimləmə çərçivəsi” [4, 11] ilə 

məhdudlaşdırmırlar.   

Boşluqların mahiyyəti barədə mülahizələr söyləyərkən müasir tədqiqatçılar əksər 

hallarda “hüquqda boşluq” və “qanunda boşluq” anlayışları  fərqləndirmirlər, hər iki 

hadisəni “hüquqda boşluq” anlayışında birləşdirirlər [5, 401]. Belə ki, faktiki olaraq 

qanunda boşluğu səciyyələndirən V.İ.Akimovun fikrincə, “hüquqda boşluğun mahiyyəti 

ümumi hüquq normasında təsbit olunan münasibətlərin konkret hüquq norması ilə 

tənzimlənməməsidir” [6, 110]. Başqa sözlə, müvafiq müəlliflər “hüquq” və “qanun” 

anlayışlarını eyniləşdirir. Yeri gəlmişkən bu xüsusi diqqət tələb edən önəmli cəhətdir. 

Adı  çəkilən müəlliflər arasında olan fikir ayrılığının mahiyyətinə toxunmadan 

yalnız onu qeyd edək ki, əslində, açıqlanan nöqteyi-nəzər ictimai münasibətlərin müstəs-

na olaraq qanunvericiliklə tənzimlənən sahələrini nəzərə alır.   

Deməli,  hüquqda boşluğun mahiyyətinə dair “dar” yanaşmanın tərəfdarlarının 

fikrincə, bu və ya digər mübahisənin həlli üçün hüquq normasının olmaması  hələ özü-

özlüyündə boşluğun olmasına dəlalət etmir, çünki təxmin edilir ki, hüquqi tənzimləmə 

ictimai münasibətlərin bütün rəngarəngliliyini ehtiva etmir və etməməlidir. Həmin 

nöqteyi-nəzərə görə, boşluğun mövcudluğunun  əlaməti qismində hüquq normaları 

vasitəsilə nizamlanan ictimai münasibətlərin sahəsi çıxış edir.  

Beləliklə, təhlil olunan mülahizələr  əsasında gələ biləcəyimiz  əsas nəticə ondan 

ibarətdir ki, hüquqda boşluğun mahiyyətinə dair “dar” yanaşmanın tərəfdarları faktiki 

olaraq hüquqda deyil, qanunda olan boşluqlardan bəhs edirlər.  Ədalət naminə demək 

lazımdır ki, “boşluq” anlayışının tətbiq sahəsinin belə məhdudlaşdırılması onun etimolo-

giyasına formal yanaşma baxımından irəli gəlir, çünki “boşluq” sözü həqiqi mənada “boş, 

heç nəyin olmadığı yer”, məcazi anlamda isə müəyyən çatışmazlıq, nöqsan deməkdir. 

Həm də bu zaman çatışmazlıq qüsur, qeyri-kamillik, nöqsan isə etinasızlıq, diqqətsiz-

likdən doğan səhv kimi başa düşülür. Müvafiq olaraq, “boşluq” sözünün dəqiq 

 62



mənasından çıxış edərək, hüquqda boşluqlar, o cümlədən onların normativ hüquqi aktın 

verilməsi zamanı mövcud olmayan yeni yaranan ictimai münasibətlərin təzahürü ilə 

əlaqədar meydana çıxması barədə ümumiyyətlə, danışmaq olmaz, çünki müəyyən 

məqamda mövcud olmayan bir şeyi “diqqətdən qaçırmaq, görməmək” qeyri-mümkündür.  

Ümumiyyətlə, hüquqi tənzimləmə sahəsinin məhdud formada anlanılması “dar” 

yanaşma tərəfdarları üçün səciyyəvi olan bir haldır. Bu, bir tərəfdən,  əsas hüquqi 

kateqoriyaların (məsələn, “hüquq”,“qanun”) subyektiv şərhi ilə, digər tərəfdən “boşluq” 

anlayışının özünün mütləqləşdirilməsi ilə  şərtlənir. Bu səbəbdən çox vaxt hüquq 

tətbiqetmə orqanlarına qanunda işlədilmiş mücərrəd, qiymətləndirici anlayışları (məsələn, 

“işgüzar dövriyyə adəti”, “ədalətli niyyət” və s.) konkretləşdirmək üçün verilmiş geniş 

imkanlar səhvən hüquqda müvafiq boşluqların olması ilə izah olunur.   

Beləliklə, boşluğun tərifinə “dar” yanaşmadan istifadə zamanı “hüquqda boşluqlar” 

və “qanunda boşluqlar” anlayışlarının arasında olan fərqləndirmə meyarlarının itirilməsi 

təhlükəsi var. Bu anlayışların hər birinin isə nəinki xüsusi nəzəri əsaslandırması, həm də 

qüvvədə olan qanunvericilikdə real ifadəsi mövcuddur.  

“Hüquqda boşluqlar” və “qanunda boşluqlar” anlayışlarının əsaslandırılmış qay-

dada fərqləndirilməsi onların fərqli kateqoriyalar kimi istifadəsinin müəyyən qədər şərti 

olmasını heç də istisna etmir və bu barədə bir neçə qeydlərin edilməsi zəruridir. Müasir 

hüquq ədəbiyyatında bir qayda olaraq vurğulanır ki, sosial baxımdan hüquq heç də mü-

cərrəd deyil. O, hər zaman əhalinin müəyyən qruplarının, hakimiyyətdə təmsil olan so-

sial təbəqələrin iradəsini və maraqlarını ifadə və təsbit edir.  Başqa sözlə, hüquq həmişə 

konkret və realdır. Bu mövqedən çıxış edən müasir hüquq anlamı hüququn aşağıdakı 

əsas əlamətlərini müəyyənləşdirir:  

1. Hüquq davranış qaydalarının sistemidir. Bu sistem daxilən vahid və ziddiyyət-

siz olmalı, normalar ciddi şəkildə müəyyən funksiyaların (tənzimləyici və qoruyucu) ic-

rasına və vahid məqsədlərin nail olunmasına yönəlməlidir. Bu real  fəaliyyətdə olan hü-

quq sisteminin mütləq tələblərindən və eyni zamanda əlamətlərindən biridir.  

2. Hüquq yalnız davranış normalarının sadəcə bir cəmi deyil. O, dövlət tərə-

findən təsbit olunmuş, yaxud sanksiyalaşdırılmış normalar sistemidir. Hüquq nor-

malarının yaradılması zamanı dövlət bilavasitə özünün müvafiq səlahiyyətli orqan-

ları vasitəsilə hərəkət edir. 

3. Hüquq həmişə dövlətin iradəsini hüququn əsası qismində ifadə edir. Öz növbə-

sində dövlət iradəsi hakim qrupun, xalqın, cəmiyyətin və ya millətin iradəsinin təcəssü-

müdür.   

4. Hüquq ümumməcburi xarakterə malik olan qaydalar sistemidir. Hüququn səciy-

yəvi cəhəti və tələbi qismində çıxış edən ümumməcburilik təkcə sıravi vətəndaşlara, və-

zifəli şəxslərə, müxtəlif qeyri-hökumət təşkilatların deyil, dövlətin özünə də şamil olunur.  

5. Hüquq dövlət tərəfindən mühafizə və təmin edilir, hüquq normalarında  ifadə 

olunmuş tələblər pozulduqda isə dövlət məcburiyyəti tətbiq olunur. 

Yuxarıda deyilənlərə uyğun olaraq, L.İ.Spiridonov hüququ azad və  bərabər 

subyektlər arasında  əhəmiyyətli ictimai münasibətlərin tarixən formalaşan qaydasının 

normativ ifadəsi kimi qələmə verir [7, 100].

 

 Belə yanaşma zamanı “hüquqda boşluq-



lar” anlayışının “qanunda boşluqlar” anlayışından fərqləndirilməsi, həm də onların 

mahiyyətinin fərqləndirilməsi cəhdlərinin tam nisbiliyi aydın olur. Digər tərəfdən, 

nəzərdən keçirilən hüquqi kateqoriyalar arasında fərqlərə etinasızlıq, onların 

eyniləşdirilməsi, boşluqların axtarışı və aradan qaldırılması zamanı problemin səhvən 

sadəcə olaraq qanunvericilikdə “texniki” nöqsanların, yəni qanunda olan boşluqların 

 63



“mexaniki” formada aradan qaldırılması anlamına gətirib çıxara bilər.  

Hüquqda boşluqların mahiyyətinin anlaşılmasına digər yanaşma hüquqi təsirin 

dairəsinə  məruz qalan ictimai münasibətlər sahəsinin daha geniş  şərhi ilə bağlıdır. 

Hüquqda boşluğun olmasına dair şərti olaraq “geniş” adlandırılan anlamdan çıxış 

edən V.V.Lazarev ona “zəruriliyi ictimai münasibətdərin inkişafı  və  işlərin praktiki 

həlli tələbatı, qüvvədə olan qanunvericiliyin əsas prinsipləri, siyasəti, mənası  və 

məzmunu, həmçinin müvafiq iradənin hüquqi təsir sahəsində həyati faktların tənzim-

lənməsinə yönəlmiş təzahürləri ilə şərtlənən normativ hüquqi göstərişlərin tam və ya 

qismən yoxluğu” [8, 37] kimi tərif verir.  

Təqdim olunan tərifdə üç əsas məqamı qeyd etmək olar:  

1) ictimai şüuru formalaşdıran ictimai münasibətlərin inkişafının müvafiq 

səviyyəsi; 

2) qüvvədə olan qanunvericiliyin əsas prinsiplərində, siyasətində, mənasında və 

məzmununda ictimai iradənin, ictimai şüurun müxtəlif təzahürlərinin ifadə olunması; 

3) işlərin praktiki həllinə olan tələbat. 

Deməli, hüquqda boşluqlara tərif verərkən V.V.Lazarev ictimai iradəni, ictimai 

şüuru və onların ehtiva etdiyi bütün münasibətlərin təzahürlərini nəzərə alır. Belə 

yanaşma zamanı hüquqda boşluqların tərifinə hüquq düşüncəsi tərəfindən ehtiva edilə 

bilən ictimai münasibətlərin bütün sahələri aid olunur. 

Hüquqda boşluq kimi hüquqi hadisənin dərindən araşdırılması onun mövcudlu-

ğunun əlamətlərini və ya meyarlarını fərqləndirməyə imkan verir.    

Hüquqda boşluğun mahiyyətinə dair “dar” yanaşma tərəfdarlarının mövqeyinə 

müvafiq olaraq, hüquq normasının yoxluğu özü-özlüyündə  hələ boşluğun mövcud-

luğuna dəlalət etmir. Bu halda boşluğun mövcudluğunun meyarı qismində ictimai 

münasibətlərin hüquq normaları vasitəsilə  tənzimlənməyə  məruz qalan və müvafiq 

olaraq, qanunvericiliklə ehtiva edilməli olan sahəsi çıxış etməlidir. Adları  çəkilən 

müləlliflərin nöqteyi-nəzərinə görə, hüquqda boşluqları müəyyənləşdirərkən ictimai 

münasibətlərin müstəsna olaraq artıq hüquqi tənzimləmə dairəsinə daxil olması 

nəzərə alınmalıdır.  

Hüquqda boşluğun mahiyyətinə dair “geniş” yanaşma zamanı onun meyarları 

haqqında məsələ yalnız “geriyə dönmə” prinsipi əsasında həll edilir, yəni diqqət əsa-

sən boşluğun olduğunu təsdiqləyən məqamların araşdırılmasına deyil, əsasən onun ol-

madığına dəlalət edən məqamların müəyyənləşdirilməsinə yönəlir. Hüquqda boşluğun 

olmasına dair “geniş” yanaşma tərəfdarlarının fikrincə, ümumiyyətlə, bu hadisə haq-

qında yalnız məcazi mənada, hüququn qeyri-mükəmməlliyi, onun zəruri komponen-

tinin olmaması kimi danışmaq mümkündür. “Geniş” yanaşma tərəfdarlarının fikrincə, 

boşluq anlayışının qanunvericinin “qəsdən susduğu” məqamlara münasibətdə istifadə-

si yanlışdır. Həmin məqamlar dedikdə isə müəllif qanun normasının elə xülasə edil-

miş göstərişlərini nəzərdə tutur ki, orada bu və ya digər məsələnin həlli zamanın axa-

rına buraxılmaq, yaxud hüquq tətbiqetmə orqanlarının ixtiyarına verildiyi üçün 

bilərəkdən açıq saxlanılır. Qeyd olunan normalar sırasına həmçinin özündə mücərrəd 

anlayışları  cəmləşdirməklə onların dəqiq normativ tərifinin verilməsini  nəzərdə 

tutmayan normaları aid etmək mümkündür.  

 “Hüquqda  boşluqlar” və “qanunda boşluqlar” kateqoriyalarını  fərqləndirən 

V.V.Lazarev yazır ki, “qanunda boşluqlar normativ aktın ictimai münasibətləri 

ümumi formada tənzimləyərək, bu münasibətlərin, yaxud onlara bənzəyənlərin hər 

hansı aspektlərinin hüquqi ifadəsini təqdim etmir, halbuki bu, məhz həmin normativ 

 64



aktda olmalıdır. Normativ aktı tamamilə olmadıqda, yəni müəyyən münasibətlər hətta 

ümumi şəkildə öz hüquqi rəsmiləşdirilməsini tapmadıqda boşluq faktı göz önündədir” 

[9, 9].  Açıqlanan mülahizənin qanunda boşluğun olması elə həmin qanunda hansısa 

münasibətlərin hüquqi tənzimlənməsinin ümumi hüdudlarını  təsbit edən zəruri 

normanın olmamasını təxmin edən məqamı ilə razılaşmaq olmaz. Bu münasibətlərin 

digər qanunda qismən tənzimlənməsi mümkündür və belə halda qanunda boşluğun 

mövcudluğu barədə danışmaq üçün əsas olmayacaq.    

Fikrimizcə, qanunda boşluq tələb olunan hüquq normasının yalnız konkret bir 

qanunda deyil, qanunvericiliyin bütün sahələrində olmamasıdır. Açıqlanan yanaşma 

heç də belə bir faktı inkar etmir ki, boşluqlar yalnız hüququn tənzimlədiyi sahədə və 

yalnız hüquqi təsir sahəsində olan faktlara münasibətdə mümkündür. Lakin o, həmin 

sahəni, boşluğun “dar” şərhində müşahidə edildiyi kimi, yalnız qanunvericiliklə 

müəyyənləşdirilən faktiki tənzimləmə hüdudları ilə məhdudlaşdırmır.    

Beləliklə, hüquq ədəbiyyatında nəyin “boşluq” sayılmasına dair iki əsas 

nöqteyi-nəzər mövcuddur: 

1) boşluq qismində artıq fəaliyyət göstərən hüquq normasının çatışmayan 

elementi (qanunda boşluq); 

2) ilk növbədə  zəruri hüquqi göstərişin tamamilə olmaması  qəbul edilir 

(hüquqda boşluq). 

Hüquqda boşluqlar probleminə dair olan yanaşmalar arasında hüquqda 

boşluğun mahiyyəti məsələsinin həlli ilə bağlı “mülayim” mövqe də  fərqləndirilə 

bilər. Bu yanaşmaya əsasən “hüquqda boşluq” dedikdə, əvvəllər tənzimlənməyən, la-

kin buna ehtiyacı olan yeni meydana çıxan ictimai münasibətlərin hüquqi nizam-

lanması üçün zəruri olan hüquqi normaların yoxluğu başa düşülür [10, 23].

 

Bu 


yanaşmanın nümayəndələri “hüquqi vakuum” anlayışına toxunurlar ki, bu da bizi 

“hüquqda boşluq” anlayışını “hüquqi vakuum” anlayışından fərqləndirmək zərurəti 

qarşısında qoyur. “Hüquqi vakuum” dedikdə, əvvəllər tənzimlənməyən, lakin hüquqi 

tənzimləməyə ehtiyacı olan yeni yaranan ictimai münasibətlərin nizamlanması üçün 

zəruri olan hüquq normalarının yoxluğu başa düşülür. Bu nöqteyi-nəzərə uyğun 

olaraq, hüquqda boşluq zəruriliyi ictimai münasibətlərin inkişafı və işin praktik həlli 

tələbatı ilə şərtlənən hüquq normalarının tam və qismən yoxluğudur. 

Bizim bu yanaşma ilə qismən razılaşmağımız belə bir səbəbdən irəli gəlir ki

təcrübədə yeni yaranan və artıq formalaşmış ictimai münasibətlər arasında hədd çək-

mək kifayət qədər çətindir. Bundan əlavə, əgər söhbət işin praktiki həlli tələblərindən, 

işin peşəkar hüquqi qiymətləndirilməsidən gedirsə, deməli, hüquq normaları ilə 

tənzimlənib-tənzimlənməməsindən asılı olmayaraq, bu və ya digər ictimai 

münasibətlər artıq faktiki mövcuddur.  

Hüquqda boşluqlara dair “mülayim” yanaşmanın tərəfdarlarını, ilk növbədə, 

“hüquqda boşluq” və “qanunda boşluq” kateqoriyalarını  şüurlu  şəkildə  fərqləndirən 

müəlliflər kimi qələmə vermək olar. Bununla həm  şəxslər tərəfindən  ən azı  birinci 

anlayışın ikinci anlayışdan daha geniş olması etiraf edilir. Hüquqda boşluğun tərifinə 

“geniş” yanaşma tərəfdarlarından isə bu müəllifləri hüquq tətbiqi sahəsini müəyyən 

şəkildə məhdudlaşdırmağa can atmaları fərqləndirir.     

Fikrimizcə, hüquqda boşluğun müəyyənləşdirilməsində boşluğun mahiyyətinə 

dair “geniş” yanaşma ilə “mülayim” yanaşma tərəfdarlarının fərqləndirilməsi üçün 

zəruri olan çatışmayan element kimi peşəkar hüquqi şüur çıxış edir. Bu zaman hüquqi 

şüur dedikdə, cəmiyyətin hüququn nə demək olması  və onun necə olması (hansı 

 65



hüquq normaların köhnəlməsi və  ləğv edilməsi, hansı hüquq normaların dəqiqləş-

dirilməsi və dəyişdirilməsi) barədə baxışları başa düşülməlidir.  

Hüquqda boşluqlar barədə açıqlanan bütün təsəvvürlər nəzərə alınmaqla, bir neçə 

məqam fərqləndirilməlidir ki, bunlar hüquqda boşluğun mahiyyətinin tərifinə yanaşma-

larda həmin məsələnin daha dəqiq qoyulmasına yardımçı olur:   

1) “hüquqda boşluq” anlayışını “qanunda boşluq” anlayışından fərqləndirmək 

lazımdır ki, bu da həm müasir hüquq doktrinası  baxımından, həm də müəyyən hallarda 

hüququn analogiyasından və qanunun analogiyasından istifadəni nəzərdə tutan qüvvədə 

olan qanunvericiliyin müddəaları baxımından tamamilə düzgündür; 

2) hüquqda boşluğun mövcud olması barədə sual yalnız müəyyən maraqların (şəxsi, 

ictimai) toqquşması zaman mübahisəli halın hüquqi qiymətləndirilməsinə ehtiyac olduğu 

vaxt yarana bilər; 

3) hüquqda boşluqlar müvafiq mübahisənin (faktın, münasibətin) peşəkar hüquqi 

qiymətləndirilməsi üçün zəruri olan hüquq normalarının tam və ya qismən yoxluğu ilə 

əlaqədardır; 

4) hüquqda boşluqla əlaqədar tənzimlənməli olan müvafiq münasibətlərin xüsusiy-

yətləri nəzərə alınmalıdır. Həmin  münasibətlər ictimai münasibətlərin elə bir sahəsindədir 

ki, bunlar eyni zamanda:  

a) artıq hüquq normaları vasitəsilə müəyyən qədər tənzimləməyə məruz qalmışdır, 

yəni artıq hüquqi təsir predmeti olmuşdur; 

 b)  bu  münasibətin tənzimlənməsinə  əvvəllər ehtiyacın olmamasına baxmayaraq 

prinsip etibarilə onun hüquqi tənzimlənməsi məqbuldur; 

Sonuncu tələblə bağlı həmçinin onu qeyd etmək lazımdır ki, həmin halda peşəkar 

hüquqi qiymətləndirmə özü ona dəlalət edir ki, müvafiq münasibətin hüquq normaları 

vasitəsilə tənzimlənməsinə ehtiyac vardır.  

 “Hüquqda  boşluq” anlayışının açıqlanan  şərhi ilə  nəzərdən keçirilən hadisənin 

tərifinə “geniş” yanaşma tərəfdarlarının təqdim etdikləri boşluq anlayışı arasında, faktiki 

olaraq yalnız bir fərq var: bu, konkret hüquq münasibətini hüquqşünasın peşəkar hüquqi 

şüurundan keçirməklə qiymətləndirmək zərurətidir.  

Hüquqda boşluğun mahiyyətini aydınlaşdırmaq üçün bu hadisənin  əlamətlərinin 

təyin edilməsi xüsusi əhəmiyyətə malikdir, çünki son nəticədə  məhz  əvvəlcədən 

müəyyənləşdirilən, razılaşdırılan xüsusiyyətlərin təsbiti “konkret hüquqi hala münasibətdə 

boşluğun olmasından danışmaq mümkündürmü” sualını cavablandırmağa imkan verəcək.  

Lakin tədqiqatçılar arasında fikir ayrılıqlarının böyük hissəsi sosial münasibətlərin 

hüdudlarında hüquqi tənzimləmədə boşluqların axtarılmalı olduğu çevrəsinin məhdudlaş-

dırılmasına aid olduğunu nəzərə alaraq, fikrimizcə, diqqəti əvvəlcədən məhz həmin müna-

sibətlərin dairəsinin dəqiqləşdirilməsi üzərinə yönəldilməsi zəruridir. Konkret mübahisəli 

halın ictimai münasibətlərin hüquqi tənzimləməyə  məruz qalmalı sahəsinə daxil olması 

faktı hüquqda boşluğun mövcudluğu məsələsinin sonrakı qoyuluşu üçün əsas olacaqdır.   

Hüquqda boşluqların mahiyyətinə dair şərti olaraq “dar” adlandırılan yanaşma tərəf-

darlarının mövqeyinə görə, hüquqi normanın olmaması  hələ özlüyündə boşluğun möv-

cudluğuna dəlalət etmir. Bu halda, hüquqda boşluq məsələsini yalnız onda qaldırmaq 

mümkün olacaq ki, baxılan mübahisəli məsələ ictimai münasibətlərin artıq hüquqi 

normalarla reqlamentləşdirilən sahəsinə aiddir və müvafiq olaraq, artıq qanunvericiliklə 

əhatə olunmuşdur.   

İctimai münasibətlərin hüquqi tənzimlənmə sahəsinin müəyyənləşdirilməsi üçün 

formal meyarların müəyyənləşdirilməsi iki sadələşdirilmiş üsul vasitəsilə mümkündür.  

 66



Bunlardan birincisi ictimai münasibətlərin elə bir növünün müəyyənləşdirilməsinə 

istiqamətlənmişdir ki, onun əlamətləri hüquqi normanın hipotezasında təsvir olunur. Bu 

zaman hər bir normanın hüquqi tənzimləmənin ümumi sahəsində öz “sahəsinə” malik 

olduğu nəzərdə tutulur. Hər hansı sahənin istisnasız olaraq bütün normaları  nəzərdə 

tutularsa, belə “sahələrin” məcmusu hüququn müəyyən sahəsinin ümumi hüquqi tənzim-

ləmə sahəsini təşkil edəcəkdir.  

Hüquqi tənzimləməyə  məruz qalmalı olan ictimai münasibətlər çevrəsinin müəy-

yənləşdirilməsinin ikinci üsulu konkret hüquqi aktda hüququn müəyyən sahəsinin 

“məsuliyyət” sahəsini təsvir edən ixtisaslaşmış normaların təhlilinə istiqamətlənmişdir. 

Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 4-cü maddəsində (“mülki hüquq 

münasibətləri obyektləri”) söhbət ondan gedir ki, “mülki hüquq münasibətləri obyektləri 

əmlak və ya qeyri-əmlak dəyərinə malik, qanunvericilik tərəfindən mülki dövriyyədən 

çıxarılmayan maddi və ya qeyri-maddi nemətlər ola bilər”. Müvafiq olaraq bu şəkildə 

hüquqi tənzimləməyə məruz qalmalı olan ictimai münasibətlər məcmusu qeyd edilmişdir.   

Güman etmək olardı ki, məsələnin belə qoyuluşu zamanı ictimai münasibətlərin 

hüquqda boşluqların axtarılmalı olduğu çevrəsinin məhdudlaşdırılması problemi öz-özünə 

həll olunur: bu çevrə artıq hüquqi normalarla tənzimlənən münasibətlərlə  məhdudlaşır. 

Lakin boşluqların müəyyənləşdirilməsinə dar yanaşmanın hüquqi təsirə  məruz qalmalı 

olan ictimai münasibətlər sahəsinin qanunvericilik hüdudlarına sığışdırılmasını mümkün-

süz edilməsindən ibarət olan məhdudluğu da özünü elə burada büruzə verir.  

Bütövlükdə, hüquqda boşluğun olmasının araşdırılması belə bir qənaətə 

gəlməyə imkan verir ki, onun mövcudluğunun ən mühüm əlaməti qismində yaranan 

halın qüvvədə olan hüquqi normalar ilə müvafiq dərəcədə əlaqədə olmasıdır. Belə ki, 

hüquqda boşluğun mövcudluğunun göstəricisi kimi aşağıdakı iki hal çıxış edə bilər:  

a) hüquq normasının tam yoxluğu;  

b) hüquq normalarının ziddiyyəti. 

Yuxarıda qeyd edildiyi kimi, hüquqi tənzimləmə dairəsinə daxil olan və ya 

daxil olmağa qadir olan mübahisəli hüquq münasibətinin həlli üçün zəruri hüquqi nor-

manın tam yoxluğunu hüquqi vakuum kimi dəyərləndirmək lazımdır. Hüquqi vaku-

umun hüquqi düşüncə  tərəfindən dərk edilməsinə ehtiyacın olduğunu nəzərə alaraq, 

fikrimizcə, onu hüquqda boşluğun növlərindən biri kimi qəbul etmək mümkündür. 

Konkret mübahisəli halın həlli üçün zəruri olan hüquq normasının hər hansı hissəsinin 

yoxluğu da boşluğun bir növü kimi qəbul oluna bilər.  

Hüquq normalarının bir-birinə zidd olması halına gəldikdə, belə  vəziyyət 

aşkarlandıqda hüquqşünaslar,  əslində, boşluqla deyil, konkret normaların kolliziyası 

ilə üzləşirlər, çünki son nəticədə onlardan biri mübahisəli münasibətlərin tənzimlən-

məsi üçün istifadə olunacaqdır.  

Beləliklə, hüquqda boşluğun mövcudluğunun ümumi əlaməti konkret olaraq 

baxılan işin faktiki hallarının mövcud hüquqi göstərişlərə tam və ya qismən uyğun-

suzluğu olacaqdır. Deməli, hüquqda boşluq, ilk növbədə, hüquq mənbələri tərəfindən 

ictimai münasibətlərin tənzimlənməsi üçün zəruri normaların tam və ya qismən yox-

luğu aşkarlandığı zaman mövcuddur. 

Hüquqda boşluqların olmasına dair “dar” yanaşmaya görə, hüquqda boşluqların 

axtarışı zamanı artıq müstəsna olaraq hüquqi tənzimlənmə dairəsinə daxil olmuş icti-

mai münasibətlərə diqqət yetirmək lazımdır, yəni artıq qanunlarda və digər normativ 

hüquqi aktlarda öz əksini tapan sahələr nəzərə alınmalıdır. Lakin bu halda söhbət fak-

tiki olaraq hüquqda olan boşluqlardan deyil, qanunda olan boşluqlardan gedir.  

 67



Konkret mübahisəli halın hüquqla tənzimlənən ictimai münasibətlər dairəsinə 

daxil olması  və onun qüvvədə olan hüquqi normalar vasitəsilə  həllinin qeyri-müm-

künlüyü faktı hüquqda boşluğun müəyyənləşdirilməsi üçün ilk əlamət olmaqla yanaşı, 

eyni zamanda həmin boşluğun aradan qaldırılması uçun əsas kimi çıxış edir.  

Bundan başqa, hüquqda boşluğu səciyyələndirən əlamət kimi müvafiq  mübahi-

səli halın xassələrinin məcmusu çıxış edir ki, bu zaman aşağıdakılar aşkar olunur: 

a) həmin mübahisəli hüquq münasibətinin hüquq tənzimləmə dairəsinə aid olması; 

b) hüquq normaları hüquqi göstərişin tam olmaması  və ya natamamlığı  səbə-

bindən mübahisəli hüquq münasibəti üzrə birmənalı qərar çıxarmağa imkan vermir. 

 

ƏDƏBİYYAT 

1.

 



Юридический энциклопедический словарь / Под ред. А.Я. Сухарева. М.: Советская 

энциклопедия, 1984, 415c. 

2.

 

Лившиц Р. 3. Теория права: Учебник. М.: БЕК, 1994, 224с.   



3.

 

Недбайло П.Е. Применение советских правовых норм.  М.: Госюриздат, 1960, 511с.   



4.

 

Забигайло В.К. Проблема «пробелов в праве» (к критике буржуазной теории). Киев: 



Наукова думка, 1974, с. 11. 

5.

 



Скакун О.Ф. Теория государства и права. Харьков: Консум, 2001, с. 401. 

6.

 



Акимов В.И. Понятие пробела в праве // Правоведение, 1969,  № 3, с. 110-113. 

7.

 



Спиридонов Л.И. Теория государства и права. СПб.: Проспект, 1996, 304с.  

8.

 



Лазарев В.В. Пробелы в праве и пути их устранения. М.: Юрид. лит., 1974, 184с.  

9.

 



Лазарев  В.В.  Пробелы  в  праве.  Вопросы  понятия  пробелов  и  критика  теорий 

беспробельности права. Казань: Казанский Университет, 1969, 96с.   

10.

 

Рябова Д.Н. Пробелы в праве и способы их восполнения / Становление и развитие 



научных школ права в государственных университетах России: Секционные заседания: 

теория  и  история  государства  и  права.  Государственное  право.  Трудовое  право / 

Материалы  Всероссийской  студенческой  научно-практической  конференции, 29-30 

апреля 1999 г. Ч. III. СПб.: С.-Петербургский Университет, 1999, с. 22-26. 

 

ОСНОВНЫЕ ТЕОРЕТИЧЕСКИЕ КОНЦЕПЦИИ ПРОБЕЛОВ  

В ЗАКОНОДАТЕЛЬСТВЕ 

 

Р.К.ДЖЕБРАИЛОВ 

 

РЕЗЮМЕ 

 

В статье отмечается, что наличие проблемы устранения пробелов в законнодатель-

стве связано с неоднозначной интерпретацией самого понятия «пробелы в праве». В це-

лом, различаются три подхода («широкий», «узкий» и «умеренный») в отношении  пробе-

лов в праве. 

В соответствии с анализом соответствующих подходов предлагается следующая 

трактовка  пробела  в  законодательстве:  пробел  в  законодательстве - это  отсутствие 

правовых  норм для регулирования фактов и связей в тех сферах общественных отно-

шений, необходимость правового воздействия на которые охвачена профессиональным 

юридическим правосознанием. 



 

 68



BASIC THEORETICAL CONCEPTS OF LACUNAS IN LEGISLATION 

 

R.K.JABRAYILOV  

 

SUMMARY 

 

The article notes that the liquidation of lacunas in legislation is related to the 

ambiguous interpretation of the concept of “lacunas in the law”.  In general, there are three 

different approaches (“wide”, “narrow” and “moderate”) in respect of lacunas in the law.

 

According to the analysis of appropriate approaches, we propose the following 



interpretation of lacunas in the law: a lacuna in the legislation is the absence of legal norms for 

regulating the facts and relations in the spheres of social relations, the need for the legal 

effects which are covered by professional legal consciousness.

 

 



 

 69

Yüklə 111,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə