“Azərbaycan”.-2013.-19 yanvar.-N 12.-S.6.
Bəşəriyyətə, insanlığa qarşı törədilən cinayət
Müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar
Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilmiş 1990-cı ilin 20 Yanvar hadisələrindən 23 il
ötür. Ən yeni tariximizin qan yaddaşı kimi unudulmayan 20 Yanvar xalqımızın azadlıq və
müstəqillik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya göstərdi, milli azadlıq
hərəkatının mətin addımlarla müstəqillik hədəfinə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu.
1990-cı ildə xalq əliyalın, fəqət sarsılmaz iradə ilə başdan-ayağa silahlanmış qəddar sovet hərb
maşınına qarşı duraraq imperiyanın Azərbaycanın milli azadlıq hərəkatını susdurmağa yönələn
cəhdlərini tamamilə boşa çıxardı.
Bu mənada, 1990-cı ilin 20 Yanvar hadisələri xalqımızın müasir tarixinin ən şərəfli səhifələrindən biri,
milli azadlıq hərəkatının yüksəliş zirvəsi idi. 20 Yanvar özümüzü bir millət kimi tanıyan və dərk edən
gündür. Həmin hadisələr günahsız insanların amansız formada qətlə yetirilməsi ilə nəticələnsə də, öz
azadlığına, müstəqilliyinə can atan hər bir Azərbaycan vətəndaşının mübarizliyini, məğrurluğunu bir daha
bütün dünyaya, o cümlədən o vaxtkı imperiya rəhbərliyinə aydın şəkildə nümayiş etdirdi. Bu qanlı tarix -
20 Yanvar faciəsi SSRİ adlanan nəhəng imperiyanın iflasında da əsas amillərdən biri oldu.
Tarixi prizmadan yanaşdıqda aydın olur ki, 20 Yanvara aparan yol 1988-ci ilin ziddiyyətli
hadisələrindən başlanır.
Keçmiş imperiya rəhbərliyinin xeyir-duası ilə Ermənistanın Azərbaycana qarşı başladığı ərazi iddiaları
nəticə etibarilə xalqımızın milli müstəqillik və istiqlaliyyət uğrunda mübarizəsinə impulslar verdi.
Respublika vətəndaşları mərkəzin Azərbaycana qarşı məqsədli şəkildə həyata keçirdiyi məkrli plana
etirazlarını bildirdi, Dağlıq Qarabağdakı ermənilərin separatçı və ekstremist hərəkətlərinin qarşısının
alınmasını, haqq-ədalətin bərpa olunmasını tələb etdi. Bu zaman ərazisinin ilhaq edilməsi cəhdlərinə qarşı
qətiyyətlə çıxan xalqımızın müqavimət əzmi artmışdı. Rejimin həyata keçirdiyi repressiv tədbirlər
Azərbaycanda bu hərəkatın qarsını müəyyən qədər alsa da, əhalinin içində olan narazılığı qətiyyən boğa
bilmədi. 1989-cu ildən etibarən ümumxalq etirazları yenidən bütün respublikanı bürüdü.
1990-cı il yanvarın 19-da Azərbaycanda fövqəladə vəziyyətin elan edilməsinə 7 saat qalmış 11 minlik
sovet ordusu respublikamızın paytaxtı Bakı şəhərinə yeridildi. Bu isə insan hüquqlarına dair bir çox
beynəlxalq sənədlərin, o cümlədən "İnsan hüquqlarının ümumi Bəyannaməsi", "Vətəndaş və siyasi
hüquqlar haqqında" və "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" beynəlxalq paktların, habelə
keçmiş SSRİ və Azərbaycan SSR-nin konstitusiyalarının kobudcasına pozulması demək idi. Sovet
ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi
xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya,
Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının
müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Ordu hissələrinin
tərkibində Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi
hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da var idi.
SSRİ DTK-sının "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu
partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan
edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. M.Qorbaçovun fərmanı
qüvvəyə minənədək - yanvarın 20-də gecə saat 1-dək artıq xeyli adam öldürülmüşdü. Bakıda fövqəladə
vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika
radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı artıq 100 nəfərə çatmışdı. Halbuki, Qorbaçovun
Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə
vəziyyət elan olunmayacaqdır.
Respublikanın informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş həqiqətləri operativ surətdə
dünya ictimaiyyətinə çatdırmaq zərurəti yaranmışdı. Dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il
yanvarın 21-də ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat
konfransı keçirən ulu öndər Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər
lider oldu. Psixoloji və ruhi sarsıntı içərisində yaşayan azərbaycanlılar ulu öndərin Moskva
nümayəndəliyinin binasında qəzəbli və qətiyyətli bəyanatının doğurduğu əks-sədanın şahidi oldular.
Heydər Əliyev bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinqə məsuliyyət
daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham edirdi:
"Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və
ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm".
Burada Azərbaycan xalqına qarşı cinayət törədən şəxslərin ciddi şəkildə cəzalandırılması qarşıya
qoyuldu. Həmin məsələ ümummilli liderin fəaliyyətinin bütün sonrakı mərhələlərində də aktuallığını
qoruyub saxladı. Ulu öndər Heydər Əliyev həmişə bu mövqedə olmuşdur ki, xalqa qarşı törədilən hər
hansı cinayət cəzasız qalmamalıdır. Təsadüfi deyil ki, hadisəyə ilk hüquqi- siyasi qiymət də 1991-ci ilin
noyabr ayında - onun Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verildi. Heydər Əliyevin təşəbbüsü
ilə Naxçıvan Ali Məclisi tərəfindən qəbul edilmiş müvafiq qərarda (1991-ci il 21 noyabr) 20 Yanvar Milli
Matəm günü kimi qeyd olundu.
Sənəddə ilk dəfə olaraq faciənin əsas günahkarları adbaad sadalandı və onların birbaşa məsuliyyət
daşıdıqları göstərildi. Bu, əslində, hadisəyə verilən ilk rəsmi hüquqi-siyasi qiymət idi. Qəbul olunan
sənəddə həmçinin göstərilirdi ki, respublika rəhbərliyi xalqa xəyanət yolu tutaraq bu qəsdin qarşısını
almaq üçün heç bir əməli tədbir görməmiş, səbatsızlıq göstərmiş, yol verilən cinayətin iştirakçısı ola-ola,
zahirən hadisələrdən kənarda qalmağa çalışmışdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin nə qədər
cəsarətli və Vətənini, xalqını sevən, bu yolda ən ağır mübarizədən belə çəkinməyən fenomen şəxsiyyət
olduğunu təsdiqləyir.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam
siyasi-hüquqi qiymət verilməsi məsələsinin qarşıya qoyulması günün tələbi oldu. Çünki bu hadisə
Azərbaycan tarixində özünün dolğun mənzərəsini əks etdirməli idi. Ümummilli lider dövrün
mürəkkəbliyinə və işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar
faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə ciddi məşğul oldu. Ulu öndər Heydər
Əliyevin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı
imzaladığı fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin.
Aparılan ciddi araşdırmalardan sonra 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclası
keçirildi.
Ulu öndər həmin iclasda Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar
tarixli qərarını xatırladaraq bu sənəddə yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi
günahkarların aşkar edilmədiyini, iki il ərzində qərarın özünü doğrultmadığını nəzərə çatdırdı, onun səthi,
başdansovdu hazırlandığını ciddi tənqid etdi: "Bu qərarı oxuyanda, doğrusu, çox həyəcanlandım.
Düşündüm ki, Milli Şura nə üçün öz millətinin, öz xalqının aqibətinə, taleyinə bu qədər biganə qalıb?
Qərarı oxuyandan sonra bir daha qəti fikrə gəldim ki, bu faciəyə, bu hadisəyə niyə indiyə qədər siyasi
qiymət verilməyib... Mənim fikrim belədir ki, bu qərarın qəbul edilməsi Azərbaycan xalqına bəlkə də 20
Yanvar 1990-cı ildə olan faciə kimi böyük xəyanətdir. İki il keçəndən sonra deputat-istintaq
komissiyasının ortaya bir şey çıxarmaması, boş-boş sözlərlə camaatı aldatması, qərarda bu komissiyanın
işinin qənaətbəxş hesab edilməsi, yenə də deyirəm, xəyanətdir".
20 Yanvar hadisələrinin əsl mahiyyəti də məhz böyük strateqin təşəbbüsü və bilavasitə iştirakı ilə
açıqlandı. 1994-cü il martın 29-da "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr
haqqında" adlı xüsusi qərar qəbul edildi. Beləliklə, Heydər Əliyevin təkidi və rəhbərliyi sayəsində
xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya siyasi-hüquqi qiymət verildi. Ümummilli liderin
2000-ci ildə, 20 Yanvar faciəsinin 10-cu ildönümü haqqında imzaladığı fərmanda deyilirdi ki, XX əsr
tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan
xalqına qarşı işlədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş
dəhşətli bir əməldir. Xalqımız əmindir ki, müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı
qarşısında cavab verməli olacaqlar.
20 Yanvar hadisələrində müəyyən qurbanlar verilsə də, həmin faciəli günlər inam və sınaq günü kimi
də yadda qaldı. Qəhrəman xalq həmin gün özünün azad və müstəqil yaşamağa layiq olduğunu bir daha
sübut etdi.
Ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsinin bütün dünyada tanıdılması, şəhidlərin xatirəsinin
əbədiləşdirilməsinə hər zaman diqqətlə yanaşdı. Elə bu məqsədlə Şəhidlər xiyabanında Azərbaycanın
azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılmış "Əbədi məşəl" abidə kompleksi də məhz Heydər
Əliyevin təşəbbüsü ilə inşa olundu. Ulu öndər bu abidənin ucaldılmasını şəhidlərin qarşısında Azərbaycan
xalqının müqəddəs və mənəvi borcunun yerinə yetirilməsi kimi dəyərləndirirdi. 1998-ci ilin oktyabrında
abidənin açılışında Heydər Əliyev dedi: "Mən çox məmnunam ki, ötən illərdə şəhidlərin xatirəsini
əbədiləşdirmək üçün və onların qəhrəmanlıq nümunələrini Azərbaycanda təbliğ etmək üçün, gənc nəslə,
yeni-yeni nəsillərə çatdırmaq üçün bütün işləri görmüşük və bundan sonra da görəcəyik".
Ölkə rəhbəri tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsi daim əziz tutulmuş, onların adlarının
əbədiləşdirilməsi məqsədilə bir sıra sərəncamlar imzalanmışdır. 2000-ci il 17 yanvar tarixli fərmana
əsasən 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan
Respublikası vətəndaşlarına "20 Yanvar şəhidi" fəxri adı verilmişdir. "1990-cı il 20 Yanvar hadisələri
zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında" 2003-cü 15 yanvar tarixli sərəncamla
əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılmışdır.
Prezident İlham Əliyev də bu ənənəyə sadiq qalaraq Vətənin azadlığı uğrunda canından keçmiş
şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün
bütün zəruri tədbirləri həyata keçirir. Dövlət başçısının "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan
Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" 19 yanvar 2006-cı il tarixli fərmanı bu
baxımdan müstəsna əhəmiyyətə malikdir. Bundan başqa, dövlət başçısı hər il Azərbaycanın azadlığı,
müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin dövlət səviyyəsində böyük
ehtiramla yad edilməsi üçün müvafiq qərarlar qəbul edir.
20 Yanvar tarixi xalqımızın qan yaddaşı kimi bu gün respublikada böyük ehtiramla anılır. Orta
ümumtəhsil məktəblərinin şagirdlərinə, ali məktəb tələbələrinə hadisənin baş vermə səbəbləri, mahiyyəti
geniş izah edilir, bütün bunlar da gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir göstərir.
Bütövlükdə Azərbaycan xalqı onun milli mənliyini qorumaq üçün öz canını fəda etmiş vətəndaşları ilə
fəxr edir, onların xatirəsini əziz tutur.
İradə ƏLİYEVA.