Bəxtiyar Tuncay dnt analizləri iranşünaslarla türkoloqların mübahisələrinə son qoydu: İskitlərin etnik mənşəyi artıq məlumdur



Yüklə 47,64 Kb.
tarix11.06.2018
ölçüsü47,64 Kb.
#48083

Bəxtiyar Tuncay

DNT analizləri iranşünaslarla türkoloqların mübahisələrinə son qoydu: İskitlərin etnik mənşəyi artıq məlumdur

Rusiya Elmlər Akademiyasının Sibir şöbəsinin Genetik Sitologiya İnstitutunun və Samara Dövlər Sosial-Pedaqoqika Universitetinin aparıcı alimlərinin Almaniya, ABŞ, Fransa və başqa ölkələrdən olan həmkarları ilə birlikdə Avrasiyanın müxtəlif bölgələrinə səpələnmiş müxtəlif iskit kurqanlarından aşkar edilmiş skeletlər və onlardan götürülmüş DNT nümunələri üzərində apardıqları antropoloji və hərtərəfli genetik analizlər nəticəsində iskitlərin etnik mənşəyinə aydınlıq gətirilmişdir. Analizlərin nəticələri iranşünaslarla türkoloqlar arasında iki əsrdən bəri davam edən mübahisələrə də birdəfəlik son qoymuşdur (Поздняков Д. Скифы…).

Tədqiqatların nəticələri aşağıdakı alimlərin rəyi ilə dərc edilmişdir:

Almaniyadakı Maynts Universitetinin və Bioloji Təkamül İnstitunun əməkdaşları Martina Unterländer, Zuzana Hofmanová, Melanie Groß, Christian Sell, Jens Blöcher, Karola Kirsanow, Sandra Wilde, Adam Powell, Benjamin Rieger və Joachim Burger.

Fransadakı Paris Milli Ekoloji Antropologiya, Təbiət tarixi muzeyinin əməkdaşları Friso Palstra, Myriam Georges və Evelyne Heyer.

ABŞ-dakı Boston Tibb Məktəbinin Genetika departamentinin əməkdaşları Iosif Lazaridis, Nadin Rohland və David Reich.

Rusiya Elmlər Akademiyasının Sibir şöbəsinin Genetik Sitologiya İnstitutunun əməkdaşları Aleksandr Filipenko, Dmitri Pozdnyakov, Vyaçeslav İ. Molodin.

Berlin Azad Universitetinin Tarix və Mədəniyyət departamentinin əməkdaşları Elke Kaiser və Wolfram Schier.

Samara İctimai Elmlər və Təhsil Universitetinin əməkdaşı Aleksandr Xoxlov.

Cenevrə Birləşmiş Antropologiya Universitetinin Genetika və Təkamül departamentinin əməkdaşı Mathias Currat.

Qazaxıstandakı Astana Arxeologiya İnstitutunun əməkdaşı Zaynulla Samaşev və s. (Joachim Burger, 2017).

Tədqiqata Qara dəniz sahillərindən Altaya qədər uzanan geniş ərazidəki fərqli kurqanlardan tapılmış 96 skeletdən götürülmüş nümunələr cəlb edilmiş və nəticədə məlum olmuşdur ki, hansı bölgədə yaşamasından asılı olmayaraq, iskitləri təkcə mədəniyyət birliyi deyil, həm də qan bağları birləşdirmişdir. Eyni zamanda məlum olmuşdur ki, iskitlərlə hazırda iskit kurqanlarının yayıldığı geniş ərazilərdə yaşayan türk xalqlarının genləri eynidir, yəni bugünkü türk xalqları iskitlərin birbaşa varisləridirlər. Üstəlik də iskitlərin özləri Avrasiya ərazisində mövcud olmuş daha qədm mədəniyyətlərin birbaşa genetik davamçılarıdır (Поздняков Д. Скифы…).



Tədqiqatlara cəlb edilmiş iskit kurqanlarının yerləşdikləri coğrafi ərazilər
Yuxarıda adı çəkilən alimlər qrupunun tədqiqata cəlb etdikləri materialların bir qismi Avrasiya çöllərinin qərb hissəsində yerləşən kurqanlardan, daha dəqiq desək, Şimali Qafqaz (e.ə. VIII-VI əsrlər, erkən iskit çağı), Volqa-Don hövzəsi (e.ə. III əsr) və Cənub Qərbi Ural (e.ə. VI-V əslər, erkən sarmat çağı) bölgələrində yerləşən kurqanlardan götürülmüşdür. Avrasiya düzənliklərinin şərq hissəsindəki kurqanlar sırasından isə araşdırmalar aparmaq üçün Şərqi Qazaxıstanda (e.ə. IX-VII əsrlər), Tuvada (e.ə. VII_VI əsrlər) və Minisuinckdə (V əsr) yerləşən bəzi kurqanlar seçilmişdir.

Şərq iskitlərinə aid materialların analizi zamanı alimlər erkən və sonrakı dövr iskitləri arsında əlaqəni müəyyənləşdirə bilmək üçün «approximate Bayesian computation (ABC)» metodundan istifadə etmişlər. Bu metod əsasında aparılan analizlərin nəticəsində məlum olmuşdur ki, onlar bir-birinin sələf-xələfidirlər və iki fərqli əhali qrupunu təmsil etmirlər, yəni eyni ərazidə əsrlərlə yaşamaqda davam etmiş vahid xalqdırlar (Генетики и антропологи.., 2017).



Şərq və Qərb iskitlərinin yaşadıqları ərazilər arasındakı məsafənin min kilometrlərlə ölçülməsinə baxmayaraq bütün iskitlərin ata xətti ilə genetik cəhəddən yekcins (R1a) olmasından çıxış edən tədqiqatçılar aradakı fərqin əhəmiyyətsiz dərəcəsdə cüzi olmasını (FST=0.01733) əsas götürərək, onların ana xətti ilə də eyni xalqdan törəyib-törəmədiyini araşdırmaq üçün «АВС» modelindən istifadə etmək qərarına gəlmiş, nəticədə iskitlərin genlərində sonradan qarışaraq birləşən iki əhali qrupunun iştirak etdiyini təsbit etmişlər. Görünür, elə bu səbəbdəndir ki, Qərb iskitləri antropoloji cəhətdən bütünlüklə avropoid irqinə mənsub olduqları və onlarda monqoloidlik əlamətlərinə rast gəlinmədiyi halda, Şərq iskitlərində, azacıq da olsa, monqoloid irqin təsiri özünü göstərməkdədir. Bu iskitlərin başqa xalqlardan qız almağa məhdudiyyət qoymaması üzündən baş vermişdir (Joachim Burger, 2017).

Maraqlıdır ki, iskitlərdə aşkar edilən mitoxondrial haloqruplar bu günün özündə də həm Şərqi (HV, N1, J, T, U, K, W, I, X), həm də Qərbi (A, C, D, F, G, M, Y, Z). Avrasiyanın hazırki yerli əhalisi arasında dominantlıq təşkil edir. Alimlər qrupu tam genomlu SNP markerləri üzrə PCA analizləri aparmış, bu zaman 8 iskit genomunu, eləcə də 167 daha qədim və 777 müasir genomu əsas götürmüş və məlum olmuşdur ki, e.ə. I minillikdə Uralda, Qazaxıstanda və Qara dəniz sahillərində yaşamış iskitlər öz aralarında genetik bağlarla sıx bağlı olmaqla yanaşı, bu gün həmin ərazilərdə yaşayan türklərin ulu babalarıdırlar, özləri isə həmin ərazilərin son tunc dövrü əhalisinin, onlar vasitəsilə isə Mərkəzi Avropanın eneolit və tunc dövrləri qəbilələrinin, o cümlədən çuxur və kərtmə mədəniyyətlərini, eləcə də Samara mədəniyyətini yaratmış qəbilələrin birbaşa varisləridirlər (Генетики и антропологи.., 2017).

Alimlərin gəldikləri son nəticəyə görə, iskitlət Avropanın ən qədim mədəniyyətlərindən biri olan çuxur mədəniyyətinin birbaşa genetik varisləridirlər. Bu isə o deməkdir ki, iskitlər və onların nəvə-nəticələri olan türklər Altay deyil, Avropa mənşəlidirlər.



Bu nəticəyə təkcə yuxarıda adları qeyd edilən alimlər gəlməyiblər və onların rəyi və dəstəyi ilə Yoaxim Bürgerin qələmə aldığı elmi məqalə də (Joachim Burger, 2017) son dövrlərdə bu mövzuda dərc edilmiş yeganə sanballı məqalə deyil. Bu sırada «Scientific reports» jurnalında dərc edilmiş «Diverse origin of mitochondrial lineages in Iron Age Black Sea Scythians» (Anna Juras and so on., 2017) adlı məqaləni də xüsusi qeyd etmək lazımdır. Onun əsas müəllifləri Adam Mitskeviç adına Poznan Universitetinin Antropologiya İnstitunun əməkdaşları olsa da, bu məqalədə də beynəlxalq alimlər qrupunun tədqiqatlarının nəticələri əks olunmuşdur.

Məqaləni qələmə alan alimlər Şimali Qara dəniz bölgəsindən əldə edilmiş 19 tam sekvenləşdirilmiş qədim genomun analizləri əsasında iskitlərin ana xətti ilə mənşəyini, eəcə də Qara dəniz iskitlərinin digər bölgələrdə yaşamış iskitlərlə əlaqəsini müəyyənləşdirməyi qarşıya məqsəd qoymuşlar. Tədqiqatlara cəlb edilmiş nümunələr Aşağı Dnestr, Aşağı və Orta Dondan və Krımdan götürülmüşdür. Ümumilikdə, 21-i Moldovadan, 8-i Ukraynadan olmaqla, 29 nümunə öyrənilmişdir. Onlardan 6-sının (31.6%) U5 (U5a2a1, U5a1a1, U5a1a2b, U5a2b, U5a1b, U5b2a1a2), 2-sinin (10.5%) J (J1c2 и J2b1a6) haploqrupuna aid olduğu müəyyənləşdirilmişdir. N1b1a, W3a, T2b,  A, D4j2, F1b, M10a1a1 və H8c haploqruplarının hər birinə isə sadəcə bir nümunədə rast gəlinmişdir.

Müəlliflər müxtəlif qruplar arasındakı genetik məsafəni (Fst) hesablayaraq belə nəticəyə gəlmişlər ki, Qara dəniz iskitləri öz mənşəyinə görə, çuxur və kərtmə mədəniyyətləri ilə bağlıdırlar (Anna Juras and so on., 2017).

Yeri gəlmişkən qeyd edək ki, arxeoloji ədəbiyyatda həm cuxur, həm də kərtmə mədəniyyətin daşıyıcıları, eləcə də onların varisləri olan iskitlər hindavropalı və ya irandilli kimi qeyd olunur, bir sıra hallarda isə «arilər» adlandırılırlar. Lakin genetiklərin ortaya qoyduğu nəticələr arxeoloqların dilçilərə istinadən irəli sürdükləri bu yanlış iddianı darmadağın etmiş və bütün bu mədəniyyətləri yaradan xalqın türklər olduğunu ortaya qoymuşdur. Bütün bu mədəniyyətləri iskitlərlə, eləcə də onların birbaşa varisləri olan çağdaş türklərlə ata xətti ilə nəsildən nəslə keçən R1 (R1a və R1b) haploqrupu və ölülərini kurqanlarda dəfn etmək ənənəsi bağlayır. Ana xəttiylə, yəni mitoxondrial haloqruplara görə də onların eyni mədəniyyətlərlə bağlı olduğu öz təsdiqini tapır.

Qeyd edək ki, bu nəticəyə aşağıdakı alimlər imza atmışlar:

Adam Mitskeviç adına Poznan Universitetimdən Anna Juras, Edvard Ehler, Sylwia Łukasik, Marta Krenz-Niedbała, Miroslawa Dabert, Maciej Chyleński və Janusz Piontek.

Stokholm Universitetindən Maja Krzewińska və Anders Götherström. Grand Valley Dövlət Universitetindən Alexey G. Nikitin. Praqa Universitetindən Edvard Ehler.

Taras Şevçenki adına Tiraspol Universitetindən Vitaly Sinika.

Ukrayna Elmlər Akademiyasından Svetlana Ivanova (Anna Juras and so on., 2017).


Qaynaqça


  1. Anna Juras and so on. Diverse origin of mitochondrial lineages in Iron Age Black Sea Scythians // Scientific reports, 07 March 2017.

  2. Joachim Burger. Ancestry and demography and descendants of Iron Age nomads of the Eurasian Steppe // Nature Communications, 8, 03 March 2017.

  3. Генетики и антропологи о скифах // Генофонд РФ, 10. 03. 2017.

  4. Поздняков Д. Скифы оказались предками тюрков // Индикатор (https://indicator.ru/news/2017/03/03/skify-okazalis-predkami-tyurkov/).







Yüklə 47,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə