Bəxtiyar Tuncay «Kür-Araz eneoliti» və Kür-Araz mədəniyyətini protooğuz-qıpçaqlar və protoqıpçaq-bulqarlar birlikdə yaradıblar: Erkən kurqanlar bunun sübutu və etnik kimliyimizin genetik pasportudur



Yüklə 219,93 Kb.
tarix24.10.2017
ölçüsü219,93 Kb.
#6490

Bəxtiyar Tuncay

«Kür-Araz eneoliti» və Kür-Araz mədəniyyətini protooğuz-qıpçaqlar və protoqıpçaq-bulqarlar birlikdə yaradıblar: Erkən kurqanlar bunun sübutu və etnik kimliyimizin genetik pasportudur

распространенность гаплогруппы r1b
Qərbi Azərbaycanda tədqiq edilən və radiokarbon analizlərinin nəticələrinə görə e.ə. 3700-cü illərə (e.ə. IV minillik) aid edilən 5 və 6 №-li Sərdarabad (Aknaliç // Talin) (Muradyan F., 2014, s. 339-369), eləcə də e.ə. 2619-2465-ci illərə, yəni e.ə. III minilliyə aid olduğu radiokarbon analizləri ilə təsbit edilən Əmirxeyir (1991-ci ildə adı dəyişilərək Kalavan qoyulub) kurqanlarını etnik kimliyimizin DNT analizləri ilə tam təsdqlənmiş pasportu adlandırsaq, qətiyyən səhv etmərik. Bu kurqanlardan tapılmış sümük qalıqlarının DNT analizi onların R1b və R1a haploqrupunun daşıyıcısı (İain Mathieson, et al., 2016), yəni türk olduqlarını ortaya qoymuşdur.

Şübhəsiz ki, bunlardan daha qədim olması baxımından Sərdarabaddan (Armavir rayonunun Talin şəhəri yaxınlığındakı Alkaniç kəndindən) tapılan 5 və 6 №-li kurqanlar daha böyük önəm daşıyır. Lakin ilk tunc dövrünə aid Əmirxeyir (Kalavan) kurqanı onlardan az önəm daşımır.

Qeyd edək ki, əldə edilən nəticələr təkcə bu kurqanlarla sınırlı deyil. Orta tunc dövrünə (e.ə. II minillik) aid Adyaman (hazırki adı Getaşen-Nerkin) və Qafan yaxınlığındakı son tunc dövrünə aid kurqanlaran (Пиотровский Б. Б., 1949) əldə edilmiş nümunələrin DNT analizləri də eyni nəticəni vermiş və onlardan da R1b Y-xromosomu tapılmışdır (Morten E., 2015).

Əldə edilən bu nəticələr Güney Qafqaz ərazisindəki orta eneolit və tunc mədəniyyətlərinin eyni xalq tərəfindən yarandığını və bölgədə qırılmayan, davamlı vahid bir etnik mədəniyyətin mövcud olduğunu sübut edir. Lakin çox təəssüflər olsun ki, bənzər araşdırmalar Azərbaycanda aparılmayıb və biz qədim kurqanlarımızda dəfn edilmiş meyitlərin etnik mənsubiyyətini, daha doğrusu, protoqıpçaq-bulqar (R1a) və ya protooğuz (R1b) olduğunu onun qəbirə qoyulma vəziyyətinə əsasən müəyyən etmək məcburiyyətindəyik. Meyit arxası üstə oturmuş vəziyyətdə, yəni dizləri bükülmüş vəziyyətdə uzadılıbsa o, protooğuz (və ya protooğuz-qıpçaq), böyrü üstə uzadılıbsa, protoqıpçaq-bulqar mənşəlidir. Sol böyrü üstədirsə qadın, sağ böyrü üstədirsə kişidir. Eyni sözlər, təbii ki, Soyuqbulaq kurqanları üçün də keçərlidir.


2006-ci ildə qazılmış 19-21 №-li Soyuqbulaq kurqanlarının əsas xarakteristikaları (qəbir kameraları materikin üstündə qurulan kurqanlar sarı, iki qəbrə sahib olan kurqanlar qırmızı rənglə işalənmişdir)


Sıra nömrəsi

Hündürlüyü

(m)

Diametri

(m)

Kromlexinin diametri (m)

Kamerasının

ölçüləri (m)

19

0,7

14-15

-

2,6 x 1,9 x 0,6

20

-

5,3-6,8

-

1,2 x 0,9

21

0,6

11-17




0,8 x 0,5 x 0,9 və 1 x 0,7 x 0,9

Soyuqbulaq kurqanlarının əksəriyyətindən tapılan skeletlər həddən artıq çürüdüyü, aşınmaya məruz qaldığı və anatomik vəziyyəti pozulduğu üçün onların vəziyyətini müəyyən etmək mümkün olmamışdır.

Soyuqbulaq kurqanlarında dəfn etmə adətlərindən söhbət açan N. Müseyiblinin yazdıqlarından belə aydın olur ki, bir neçə qəbirdə (№ 1, 9, 10, 15) insan sümüklərinin üstü nazik gil qatı ilə suvanmışdır. «Yalnız bir qəbirdə (№ 9) oxra aşkar edilmişdir. Ölülərin üstünə oxra səpilməsi Maykop mədəniyyətində geniş yayılmışdır (Корневский, 2004, с. 19)…

Soyuqbulaqda qazılmış kurqanlardan yalnız bir neçəsində (№ 5, 20, 21) anatomik baxımdan tam skelet aşkar edilmişdir. Bu kurqanlarda meyitlər sağ və ya sol böyrü üstə bükülü vəziyyətdə dəfn edilmişlər (Müseyibli N. Ə., 2014, s. 47). Bu o deməkdir ki, həmin kurqanlarda dəfn edilənlər protoqıpçaq-bulqar olmuş və R1a Y-xromosomunu daşımışdır. 9 №-li kurqandakı skeletin vəziyyətini müəyyən etmək mümkün olmasa da, qəbirdən oxra çıxması orada basdırılanın protooğuz (protooğuz-qıpçaq), yəni R1b haploqrupunun daşıyıcısı olmasını ehtimal etməyə əsas verir. Amma dəqiq cavabı yalnız DNT analizləri aparıldıqdan sonra bilmək olar. Əgər analizlər aparılarsa və ehtimalımız özünü doğruldarsa, bu o demək olacaq ki, eneolit dövründə Azərbaycanda protooğuz-qıpçaq və proto qıpçaq-bulqarlar, eynən Xvalınsk mədəniyyəti dövründə olduğu kimi, bir yerdə yaşamışlar. Bu birgəyaşayış ilk, orta və son tunc dövrlərində də davam edib.

Azərbaycan ərazisindən tapılan, «Kür-Araz eneoliti» dövrünə aidliyi elmi ədəbiyyatda heç bir şübhə doğurmayan daha bir kurqan Xaçmaz rayonu ərazisində, Seyidli kəndi yaxınlığında, 1990-cı ildə T. Dostiyevin rəhbərlik etdiyi «Müşkir» ekspedisiyası tərəfindən tədqiq edilən Seyidli kurqanıdır. «Bir qədər oval planlı kurqanın diametri 32 m, hündürlüyü 2 m-dən artıq olmuşdur. Onun torpaq örtüyünün mərkəzi çökmüşdür. Kurqan örtüyü qazılarkən onun maraqlı struktura malik olduğu müəyyən edilmişdir.

Qəbir kamerasının üzərində 1 m qalınlığında, 4,5 m enində xırda çay daşları-çınqıl təbəqədən dairəvi zolaq salınmışdır. Çınqıl zolağın cənubunda eni 1.2 m, qalınlığı 40 sm olan çay daşları yığını aşkar edilmişdir. Burada daşlar üst-üstə 10 sıra düzülmüşdür» (Dostiyev və b. 1990, s. 25).



Seyidli kurqanının planı (N. Müseyibli)
Arxeoloqların təsvirindən belə anlaşılır ki, sözügedən kurqanın örtüyündə iki sallama qəbir aşkar edilmişdir. «Kurqanın əsas qəbir kamerası mərkəzdə yerləşmişdi. Kamera düzbucaqlı formalı olub uzunluğu şərq-qərb istiqamətində 4,3 m, eni şimal-cənub istiqamətdə 2,7 m olmuşdur. Qəbir kamerası çınqıl qatında qazılmışdır. 1 m dərinlikdən sonra qəbir kamerasında qazıntı yalnız qərb tərəfdə 2,7 x 1,3 m ölçüdə davam etdirilmişdir. Həmin hissədə dərinlik aşkar edilmişdir. Cənub-şərq küncdə oturmuş insan fiqurunu xatırladan iri çay daşı qoyulmuşdur. Kameranın şərq tərəfi bir növ səki formasında qalmışdır. Onun üzərində saxsı qab parçaları səpələnmiş halda aşkar edilmişdir. Belə bir vəziyyət qazıntı müəlliflərinə qəbrin qarət edilməsi qənaətinə gəlməyə əsas vermişdir» (Müseyibli N. Ə., 2014, s. 6-7).

P. Qasımovun yazdığına görə, qəbir kamerasından tapılmış keramika məmulatı qazıntı müəllifləri tərəfindən iki qrupa ayrılıb: kobud və zərif saxsı qablar. «N. Müseyibliyə görə, Seyidli kurqanından aşkar edilmiş qablar “bardaq” deyil, kuzə tipli olmuşlar (Müseyibli N. Ə., Ağalarzadə A. M., 2013, s. 6-7). Beləliklə, Seyidli kurqanının Leylatəpə mədəniyyətinə aid edilməsi üçün taksonomik əlamət kimi kurqanın əsas dəfnindən aşkar edilmiş keramikadır» (Qasımov P., 2017, s. 17).

Alim bildirir ki, «Seyidli kurqanı və Soyuqbulaq kurqanlarının konstruktiv xüsusiyyətləri, dəfn inventarı, dəfn olunmuşların skeletlərinin istiqamətlənməsi və b. xüsusiyyətlər əsasında Se Girdan (İran), Arslan təpə (Turkiyə) və Maykop kurqanları (Rusiya) arasında oxşarlıq izlənilməkdədir. Bunu N. Museyibli (Müseyibli N. Ə., 2014, s. 41-42), B. Lyonet, X. Alməmmədov, B. Cəlilov (Лионне Б., Алмамедов К., Буке Л., Курсье А., Джелилов Б., Хусейнов Ф., Лут С., Махарадзе З., Рейнард С., 2002, c. 48-61), S.N. Korenevski (Корневский, 2004, s. 103-104) qeyd edirlər» (Qasımov P., 2017, s. 17).


1 və 2 № -li Kudurlu kurqanlarının planı (V. Baxşəliyev)
Maraqlıdır ki, Seyidli kurqanı eneolit dövrünə aid olsa da, onu tədqiq edən arxeoloqlar abidənin dövrünü yanlış olaraq e.ə. III minillik kimi göstərmişlər (Dostiyev və b., 1990, s. 26). «Yalnız Soyuqbulaq kurqanlarının… aşkar edilərək qazılmasından sonra Cənubi Qafqazdakı belə kurqanlar eneolit dövrünə aid edilmişdir (Müseyibli N. Ə., 2014, s. 7). Eyni sözləri Üçtəpə, Telmankənd, Küdürlü və Dübəndi kurqanlarına, eləcə də Gürcüstandakı Kavitsxevi kurqanına da aid etmək lazımdır. Təsadüfi deyil ki, T. Axundov və V. Mahmudova belə də hərəkət etmiş, birlikdə qələmə aldıqları «Cənubi Qafqaz IV minillikdə Qafqaz - Ön Asiya etnomədəni proseslərində» adlı çox dəyərli əsərdə Üçtəpə, Telmankənd, Küdürlü və Dübəndi kurqanlarını eneolit dövrü kurqanları kimi təqdim etmişlər (Ахундов Т., Махмудова В., 2008). Qeyd edək ki, bu kitaba rəyi dünyada kurqanlar üzrə ən tanınmış mütəxəssislərdən biri hesab edilən S. Kornevski vermişdir.

Şübhəsiz ki, etnik tariximizi öyrənmək baxımından bu kurqanların hər biri çox böyük elmi əhəmiyyətə malikdir. Genetik tariximizi öyrənmək baxımından isə Qərbi Azərbaycandakı 5 və 6 №-li Sərdarabad (Aknaliç // Talin) (Muradyan F., 2014, s. 339-369), Əmirxeyir, Adyaman və Qafan kurqanları isə əvəzsizdir. Çünki həmin kurqanlardan əldə edilmiş DNT nümubələrinin analizlərinin nəticələri məlumdur (İain Mathieson, et al., 2016). Bu isə təkzibedilməz fakt deməkdir.





5 №-li Sərdarabad kurqanı
Bunlardan ən cavanları Adyaman və Qafan kurqanlarıdır.

Göyçə gölünün cənub-şərqində yerləşən, 1991-ci ildə adı ermənilər tərəfindən «Getaşen-Nerkin» kimi dəyişdirilən Adyaman kəndinin ərazisində aşkar edilərək qazılan Adyaman (Getaşen-Nerkin) kurqanı e.ə. II minilliyə aid edilir. Hələ 1908-ci ildə tədqiq edilmiş bu kurqan strukturuna və dəfn adətinə görə Ördəkli (Lçaşen), Muxan və Trialeti kurqanlarını xatırladır. Burada da ölü öküzə qoşulmuş arabada dəfn edilib. Kurqandan çox sayda tunc əşya tapılıb (Пиотровский Б. Б., 1949).

E.ə. II minilliyin sonlarına aid Qafan kurqanlarından (Artsvanik və Tandzaver) da çox sayda tunc bəzək əşyası tapılıb (Хникян О., 1973, с. 238; Хникян О., 1975, с. 241).

6 №-li Sərdarabad kurqanı
Sərdarabad kurqanları eyni adlı rayonun Aknaliç kəndinin şimal tərəfində aşkar edilmişdir. Burada altı kurqan üzə çıxarılmış və onların qazıntısı 2007 və 2011-ci illərdə Ermənistan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası tərəfindən aparılmışdır. F. Muradyanın başçılıq etdiyi alimlər qrupunun çalışmaları sonucunda kurqanlardan ikisinin – 5 və 6 №-li kurqanların eneolit, digər dördünün isə (1-4 №-li kurqanlar) son tunc və dəmir dövrlərinə aid olduğu müəyyən edilmişdir.

5 və 6 №-li kurqanların Azərbaycandakı Üçtəpə, Soyuqbulaq, Telmankənd, 1 və 2 №-li Küdürlü, Dübəndi, Seyidli, eləcə də Gürcüstandakı Kavitsxevi, Şimali Qafqazdakı Kişpek kurqanları (Иессен А. А., 1965; Chechenov 1987; Makharadze 2007; Лионне Б., Алмамедов К., Буке Л., Курсье А., Джелилов Б., Хусейнов Ф., Лут С., Махарадзе З., Рейнард С., 2002; Lionnet 2008; Махмудов Ф. Р., Баку, 2008; Ахундов Т., Махмудова В., 2008; Мунчаев Р. М., 1982; Кореневский С. Н., 2012; Museyibli 2013; 2014) ilə ümumi özəlliklərə sahib olduğunu qeyd edən ekspedisiya üzvləri ən başda bu kurqanların da e.ə. IV minilliyə aid ola biləcəyini düşünmüş və onların bu zənni özünü bütünlüklə doğrultmuşdur. Belə ki, aparılmış radiokarbaon analizlərinin nəticəsində kurqanların e.ə. 3700-ci illərə aid olduğu təsdiqlənmişdir (Muradyan F., 2014, s. 347).

Örtük hissəsi dairəvi formda olan və təqribən eyni ölçülü kobud bazalt daşlarından qurulan 5 №-li kurqanın diametri şərq-qərb istiqamətində 11m, şimal-cənub istiqamətində 11,5 m, maksimal hündürlüyü isə 1,1 m idi. Kurqan örtüyü götürüldükdən sonra onun altında qara rəngli tuf parçasına rast gəlinib. Örtüyün təmizlənməsi zamanı üst qatlarında son tunc, aşağı qatlarında isə erkən tunc və son eneolit dövrlərinə aid keramika qalıqları aşkar edilib.

Oval formalı əsas qəbir kamerası kurqanın mərkəzindən bir qədər şimalda yerləşirdi. İçi qamış və daşlarla dolmuşdu. Şimal-cənub – qərb-şərq istiqamətli kameranın uzunluğu 1,43 m, eni 0,93 m, dərinliyi isə 0, 75 m idi. Kamera təmizlənərkən oradan saman, keramika və obsidan qırıqları tapılmışdır. Skelet kameranın döşəməsində sağ böyrü üstə, bükülü vəziyyətdə idi. Başının altına daş parçası qoyulmuşdi.

Əsas kameradan bir qədər aralıda olan ikinci kamerada skeleteə rast gəlinməyib. Orada sadəcə sınmış bir küp var idi (Muradyan F., 2014, s. 339-341).

Strukturu və ölçüləri baxımından 5 №-li kurqandan, demək olar ki, heç nə ilə fərqlənməyən 6 №-li kurqanın da iki kamerası olub. Bunlardan birində skelet sağ böyrü üstə, bükülü vəziyyətdə, digərində isə arxası üstə basdırılmışdı (Muradyan F., 2014, s. 341-342).

Eyni kurqanda həm böyrü, həm də arxası üstə basdırılmış skeletlərə rast gəlinməsi ilk dövrlərdən etibarən protooğuz-qəpçaqlarla protoqıpçaq-bulqarların bir yerdə yaşadıqlarından xəbər verməkdədir və bu hal VII əsrə qədər, yəni İslama qədər, başqa sözlə, vahid Azərbaycan xalqının formalaşması başa çatana qədər belə davam etmiş, yalnız xristian qıpçaqlar (albanlar) bu prosesdən kənarda qalmış, XVIII əsrə qədər müsəlman Azərbaycan türkləri ilə birlikdə yaşasa da, XIX əsrdə sonra erməniləşmişlər (haylaşmışlar). Elə bu səbəbdən də hazırda ermənilərin (hayların) genetik yapısında R1b 28 % təşkil edir, Zəngəzur və Qarabağ erməniləri (hayları) içərisində isə bu göstərici 40 %-dən də çoxdur.

Maraqlıdır ki, bu gün bir vaxtlar İslamı qəbul edib türklüyünü qoruyan və Azərbaycan xalqının tərkib hissəsinə çevrilən və xristian qalaraq erməniləşən eyni nəslin nümayəndələri də məlumdur. Bu baxımdan Məliakaslanov və Məlikaslanyanları, Məlikyeqanov və Məlikyeqanyanları və s. misal çəkmək olar.

Aşağıda təqdim edilən sənəd Marneulidə (Gürcüstan) yaşayan bir nəfər Azərbaycan türkünün ən yaxın qohumlarını tapmaq məqsədi ilə verdiyi gen analizinin cavabıdır. Analizlər onun ən yaxın qohumunun bir nəfər erməni, daha doğru erməniləşmiş alban olduğunu göstərmişdir.
c:\documents and settings\администратор\рабочий стол\19665453_1740811982613970_7957313443187123364_n.png

Eyni alban nəslinin İslamı qəbul edərək türklüyünü qoruyan və Azərbaycan xalqının tərkib hissəsinə çevrilən nümayəndəsi ilə xristianlığını qoruyan və erməniləşən (haylaşan) iki nümayəndəsinin genetik qohumluğunu təsdiq edən sənəd
Beləliklə, 5 və 6 №-li Sərdarabad (Aknaliç // Talin) kurqanları türklərin Cənubi Qafqazda ən azı e.ə. 3700 il öncə, yəni 5700 il bundan əvvəl yaşadıqlarının olduqca önəmli genetik pasportudur .

Küdürlü və Dübəndi kurqanlarının eneolit dövrünə aid etməyin doğru olub-olmamasından asılı olmayaraq, qeyd etməliyik ki, Güney Qafqaz ərazisindən e.ə. IV minilliyə aid çox sayda kurqan aşkar edilib ki, onlardan bir qisminin dəqiq yaşı aparılmış radiokarbon analizləri nəticəsində müəyyən edilmişdir. Bu da bizə erkən tunc mədəniyyətinin, başqa sözlə, Kür-Araz mədəniyyətinin başlanğıc dövrünü dəqiq müəyyən etməyə imkan verir.

Bu barədə söhbətə keçməmişdən öncə Cənubi Qafqazda mövcud olmuş daha bir eneolit abidəsi – Gürcüstan ərazisindən tapılmış Kavtisxevi kurqanı barədə bir iki söz deməyə ehtiyac var.

Tiflisdən 45 km şimal-qərbdə yerləşən Kavtisxevi kurqanı 1995 və 1998-ci illərdə Z. Maxaredze tərəfindən qazılmışdır. Öncə sözügedən abidəni ilk tunc dövrünə aid edən arxeoloq Soyuqbulaq kurqanlarının aşkarlanmasından sonra səhvini başa düşmüş və kurqanın eneolit dövrünə aid olduğunu bəyan etmişdir.

Kurqanın üst örtüyü önəmli ölçüdə zədəli olsa da, onun ölçülərini müəyyən etmək mükün olmuşdur. Z. Maxaradzenin yazdığına görə, onun hündürlüyü 1,5 m, diametri 25 m olub. Örtüyün aldında materikdə qurulmuş 1 m hündürlüklü, 4,4 m x 45 m ölçülü qəbir kamerasında skeletə rast gəlinməyib. Döşəməsinə gil qatı çəkilmiş kameranın şərq küncündə sadəcə bir saxsı qabın üst hissəsi aşkar edilib (Makharadze, 2007, p. 123).

Dəqiq yaşı radiokarbon üsulu ilə müəyyənləşdirilmiş və IV minilliyə aid olduğu heç bir şübhə oyatmayan, Kür-Araz mədəniyyətinə abidə olduğu təsbit edilən Uzun Rəmə, 1 №-li Şadılı və Menteştəpə kurqanları mövzumuz baxımından daha böyük önəm kəsb edir. Onların ilk ikisi B. Cəlilovun başçılıq etdiyi Göygöl-Goranboy arxeoloji ekspedisiya tərəfindən tədqiq edilmişdir.



1 №-li Şadılı kurqanının planı (B. Cəlilov)
Kürəkçayın sağ sahilində, Goranboy rayonunun Şadılı kəndi ərazisində aşkar edilmiş Şadılı kurqanı 2011-ci ildə qazılmışdır. B. Cəlilovun yazdığına görə, sözügedən kurqanın örtük hissəsinin diametri 11 m, hündürlüyü isə 1 m, 1,4 m dərinlikdə qazılmış qəbir kamerasının uzunluğu 5.5 m, eni isə 4.5 m idi. O, eni 1,4 metr, uzunluğu 2,5 m, hündürlüyü isə 1.2 m olan dromosa sahib olub. Alim bildirir ki, sərdabə formalı qəbir kamerasının örtüyünün bir hissəsi açılmış və oradan od vurularaq içərisi alova qərq edilmişdir. Giriş hissənin açıq saxlanılması səbəbindən dromos tərfdən daxil olan hava axını odu daha da gücləndirmiş və alov qərb divarında açılan hissədən çölə sovrulmuşdur (Cəlilov B. M., 2012, s. 146-152).

Goranboy rayonunun Qaradağlı kəndi ərazisində yerləşən Uzun Rəmə kurqanı da eyni ekspedisiya tərəfindən 2012-ci ildə tədqiq edilib. Onun örtüyünün diametri 17 m, hündürlüyü isə 1.2 metr olub. Kurqanın üst örtüyünü 2-3 cərgə şəklində yan-yana düzülmüş çay daşları - kromlex əhatə edirdir. Kamerasının ölçüləri 5,5 m x 6,5 m x 1,7 m idi. Ona bitişən dromos 1,3 m x 2,4 m x 1,6-1,4 m ölçüsündə olub. Sərdabə tipli qəbir kamerası bütünlüklə dolduqdan sonra ona od vurularaq yandırılmışdır (Cəlilov B. M., 2012, s. 128-134).

P. Qasımovun yazdığına görə, Şadılı və Uzun Rəmə kurqanlarından əldə edilmiş kül və kömürün radiokarbon analizi onların e.ə. IV minilliyin II yarısına, başqa sözlə, e.ə. XXXIII – XXXII əsrlərə aid olduğunu göstərmişdir. Azərbaycan-Fransa birgə arxeoloji ekspedisiyasının 2008-2015-ci illərdə Tovuz rayonunun Aşağı Eyyublu kəndi ərazisindəki Menteştəpə məzarlığında apardığı tədqiqatlar nəticəsində iki qədim kurqan aşkarlanmışdır ki, onlardan birincisi də e.ə. IV minilliyin ikinci yarısına aid edilir (Qasımov P, 2017, 27-28).


Uzun Rəmə kurqanının planı (B. Cəlilov)
Şübhəsiz ki, Cənubi Qafqazda aşkar edilmiş Kür-Araz mədəniyyəti kurqanları yalnız yuxarıda adları çəkilən abidələrdən ibarət deyil. Bura III minilliyə aid çox sayda kurqan da daxildir ki, onların əksəriyyətindən çıxan materialların radiokarbon analizi aparılmadığından yaşları təqribən, sadəcə keramika nümunələrinə, dəfn adətlərinə və kurqanların struktur özəlliklərinə görə müəyyənləşdirilmişdir. Bu sırada araşdırılma tarixinin daha əvvəlki illərə aid olması baxımından Mil-Qarabağ kurqanlarını xatırlatmaq, fikrimizcə, daha məqsədəuyğundur.

Xaçınçay kurqanları. Xaçınçayın sağ sahilində, Dovşanlı kəndi yaxınlığında aşkar edilib. Bu abidələri 1879-cu ildə E. Resler aşkar etmiş və elə həmin il də onlardan beşini tədqiq etmişdir (ДАК.1897, листы 208-216; ОАК за 1897, с. 149-255).

H. Cəfərovun yazdığına görə, kurqanların əsasən yayğın dairəvi formada olan örtükləri çay daşlarından və qum qarışığından ibarət olub. Onların diametrləri 10 m-lə 20-25 m, hündürlükləri isə 1,25m-lə 2,5 m arasında dəyişir (Cəfərov H., 2000, s. 29).


B. Piatrovski Xaçınçay kurqanlarını erkən tunc dövrünə aid etmişdir (Пиотровский Б.Б., 1949) və onun bu fikrini sonrakı tədqiqatçılar da təsdiq etmişlər (Кушнарева К., 1954, с. 165-179).

Bu kurqanlar üçün həm inqumasiya, yəni ölünün olduğu kimi basdırılması (№ 1, 2, 3), həm də kremasiya, yəni ölüyandırma (№ 4, 5) adətləri xarakterik idi.

1 №-li kurqanın örtük hissəsində, eynən e.ə. 2900-cu ilə aid olduğu radiokarbon analizləri ilə təsdiqlənmiş Arslantəpə (Türkiyə) kurqanında olduğu kimi, üzü şərq istiqamətində oturdulmuş vəziyyətdə dəfn edilmiş 4 skelet üzə çıxarılmışdır. Bundan başqa kurqanda heç bir arxeoloji materiala rast gəlinməmişdir (ДАК, 1897 г., с. 157).

2 №-li kurqanın qəbir kamerası dördkünc formada idi. Burada ölü arxası üstdə (R1b) dəfn olunmuşdur (Cəfərov H., 2000, s. 29). 3№-li kurqandakı qəbirdə də arxası üstə uzadılmış iki skelet (R1b) aşkar edilib (ДАК, 1897 г., с. 157).

4 №-li kurqanda yanmış insan, at, bison və qunduz sümükləri tapılıb (Cəfərov H., 2000, s. 29).

5 №-li kurqanda skeletə rast gəlinməyib (ДАК, 1897 г., с. 157).



Xankəndi kurqanları. Yevlax-Şuşa yolunun kənarında aşkar ediliblər. Bu kurqanlar ilk dəfə Y. Hümmel tərəfindən tədqiq edilmiş və alim bu kurqanları ilk tunc dövrünə aid etmişdir (Гуммель Я. И., 1938, с. 82-88).

Xankəndi kurqanları əsasən eyni tipdədirlər, kiçik ölçülərə sahibdirlər, örtükləri müxtəlif ölçülü çay daşı və gilli torpaqdan ibarət olublar. Onlardan yalnız dördü (№ 103, 119, 125 və nömrəsiz kurqan) qazılıb. 103 №-li kurqanda qazıntı işləri 1938, digərlərində isə 1939-cu ildə aparılmışdır.

Y. Hümmelin təsvirinə görə, 103 №-li kurqanın daş örtüyü dairəvi plana sahib idi. Onun diametri 15 m, hündürlüyü isə 1,5 m olub. Kurqanın qəbir kamerası dairəvi formada və 4, 5 m diametrində idi. Kamera 1,5 m dərinlikdə qazılmışdı. Kameranın şərq tərfində 1,5 m enliyində giriş yolu var idi, qəbir kamerasının və giriş döşəməsinin divarları 0,2 m enində və 0,5 m dərinlikdə xəndəklə əhatələnmişdi. Xəndək xırda çınqıl daşları və gillə doldurulmuşdu. Burada 48 nəfərin müxtəlif vəziyyətlərdə dəfn olunduğu aşkar edilib. Onlardan 12-si oturdulmuş, 14-ü sağ, 15-i sol böyrü üstə, bükülü vəziyyətdə (R1a), 5-i isə arxası üstə uzadılmışdı (P1b) (Гуммель Я. И., 1938, с. 82-88). Bu isə o deməkdir ki, həmin dövrdə protooğuz-qıpçaqlaral qıpçaq-bulqarlar iç-içə yaşayır, hətta eyni kurqanlarda belə dəfn edilirdilər.

119 №-li kurqan barədə daha öncə məlumat verdiyimizdən onun üzərində xüsusi durmaq fikrimiz yoxdur. Sadəcə qeyd edək ki, onun hündürlüyü 1,5 m, diametri isə 24 m olub, təpəsi çuxur şəklində qurulduğundan zamanla dağılmışdır. Xatırladaq ki, Y. Hümmelin fikrincə, üç təbəqəli dəfn olunmanın gerçəkləşdiyi bu kurqandakı ilk dəfn neolit dövründə icra edilmişdir (Гуммель Я. И., 1948, с. 15-19, рис. 6). Bu məsələ etnik tariximiz baxımından o qədər önəmlidir ki, fikrimizcə, alimlərimiz nəsələnin üzərinə bir də qayıtmalıdırlar.

125 №- li kurqan həcmcə kicik olub və orada da üçtəbəqəli dəfn müşahidə edilib. Burada ilk tunc dövrunə aid kollektiv dəfn olduğu müəyyən edilsə də, orada yalnız bükülü vəziyyətdə, sol yanı üstə uzadılmış (R1a) bir insan skeleti aşkarlanmışdır. Onun baş və ayaq tərəfilərində keçi skeletləri üzə çıxıb (Гуммель Я. И., 1948, с. 20, рис. 8, № 2, 6, 10).

Nömrəsiz kurqanda əvvəlkilərdən fərqli olaraq, kremasiya adəti qeydə alınmışdır. Bu kurqan düzgün olmayan dairəvi planlı örtüyə sahib idi. Örtüyün diametri 10 m, hündürlüyü isə 2 m olub. Onun qəbir kamerası da, eynən örtüyü kimi, düzgün olmayan dairəvi formada və 3.5 m diametrdə idi. Kameranın giriş yolu da olub. Burada, aşkar edilmiş insan kəllələrinin sayı əsasında, 48 meyidin dəfn edildiyi hesab edilir (Cəfərov H., 2000, s. 31).



Borsunlu kurqanları. Tərtər rayonu ərazisində, Borsunlu nekropolunda aşkar ediliblər. Nekropol Borsunlu kəndi ətrafında, İncəcayın orta axarlarından tapılıb. Kurqanların bir hissəsi 1984-cü ildə kiçik fasilələrlə, 1981-1987-ci illərdə isə sistemli şəkildə H. F. Cəfərov tərəfindən tədqiq edilmişdir (Джафаров Г. Ф., 1983, с. 421; Джафаров Г. Ф., 1986, с. 56-61; Cəfərov H., 1985, s. 79-88). Onların torpaq və xırda çınqıl qatışığından, bəzi hallarda isə çınqıl və çay daşlarından qurulmuş kromlexləri var idi. Kromlexlərin bir qismi bir, digər qismi isə iki cərgə təşkil edirdi.

H. Cəfərovun müşahidələrinə görə, qruplar halnda aşkar edilən bu kurqanların ən maraqlı cəhətlərindən biri o idi ki, qruplarda bir və ya iki böyük ölçülü kurqanı kiçik və orta həcmli kurqanlar əhatələyirdi. «Təbii ki, mərkəzdə yerləşmiş böyük kurqanlar tayfanın varlı üzvləri, onun ətrafındakı kurqanlar isə sıravi üzvlər üçün etibarlıdır. Kurqan qruplarına İncəçayın həm sol sahil (Qara su, Ağ qaya, Məlikli dərəsi, Gön dərə, Qara yol, Acı dərə, Arxaşan dərəsi, Mil dərəsi, Arpa dərəsi, Çəmənlik), həm də sağ sahil zonasında (Göllər, Səlbi dərəsi, Qazaxlar, Sulu dağ, Narlı dərə, Şorsu və s.) mövcuddur» (Cəfərov H., 2000, s. 32-33).

Borsunlu nekropolunda tədqiq edilmiş 30-dan çox kurqanın yalnız beşinin ilk tunc dövrünə aid olduğu müəyyən edilib. Bu kurqanlardan ilki, yəni 7 №-li kurqan 1981-ci ildə qazılıb. Onun, hündürlüyü 1 m, diametri 12 m olan örtüyü çay daşlarından, çınqıldan və torpaqdan ibarət idi. Qəbir kamerası kurqanın mərkəzində, yer səthindən 1,4 m dərinlikdə qazılmışdı. Uzunsov düzbucaqlı formaya və 3,5 x 2,5 x1,4 m ölçülərə sahib idi. Orada 19 ölünün dəfn olunması müəyyən edilmişdir. Onlar üç təbəqə şəklində dəfn edilmişdilər. Birinci təbəqədə sağ böyrü üstə bükülü vəziyyətdə dəfn olunmuş (R1a) bir skelet, 50 sm dərinlikdə yerləşən ikinci qatda 8 skelet, ondan da 50 sm aşağıdakı üçüncü təbəqədə 10 skelet aşkar edilib. «Ölülərin hədsiz sıx dəfn olunması, habelə gəc qatının tərkibinə daxil olan duzun dağıdıcı təsirindən, nəhayət qəbrə doldurulmuş daşların ağırlığından insan sümükləri parçalanmış və çürümüş, beləliklə, ölülərin anatomik quruluşunu bərpa etməyi çətinləşdirmişdir» (Cəfərov H., 2000, s. 33).

9 №-li kurqan 1983-cü ildə qazılmışdır. Diametri 14 m, hündürlüyü 1 m idi. Düzgün dairəvi quruluşa sahib örtüyü daş və gəc təbəqəsindən tökülmüş, ətəyi kromlexlə əhatə olunmuşdu. Qəbir kamerası örtüyün 0, 6 m dərinliyində, mərkəzdə aşkar edilib. Onun ölçüləri 3m x 2m x 1,4m idi. Buradakı ölü sağ böyrü üstə, bükülü vəziyyətdə uzadılmışdı (R1a) (Cəfərov H., 2000, s. 33-34).

Eyni ildə tədqiq edilmiş 12 №-li kurqanın örtüyü qara torpaq və böyük ölçülü daşlardan ibarət idi, 22 m diametrə və 2m hündürlüyə sahib idi. Ətrafı 2-3 cərgə kromlexlə əhatələnmişdi. Qərb-şərq istiqamətli qəbir kamerasının ölçüləri 6m x 5,5m x 1,5m idi və ona şərqdən 2,2m x 2m x 1m ölçülü giriş yolu bitişirdi. «Qəbrin müxtəlif hissələrində ölüyandırma (kremasiya) adəti ilə dəfn olinmuş beş insan skeletinin qalıqları tapılmışdır. Qalıqlar odun təsirindən yanıb kömürləşmiş kəllə və lülə sümüklərinin kiçik fraqmentlərindən ibarətdir. Görünür ölüyandırma mərasimi qəbir kamerasının içərisində icra olunmuşdur. Buna qəbir çalasının bütün dərinliyi boyu izlənilmiş qalın kül qalığı, qəbirə doldurulmuş daşların və kameranın divarının yanğın təsirindən qızarmış qırmızı rəng alması da sübut edir. Kremasiya üçün yanacaq kimi istifadə olunmuş ağac qol-budaqları axıradək yandığından kömür parçalarına təsadüf edilməmişdir». Kurqanda sallma qəbrə də rast gəlinib. Bu qəbir e.ə. XV əsrə aiddir (Cəfərov H., 2000, s. 34-35).

20 №-li kurqan da 1983-cü ildə tədqiq edilmişdir. Onun hündürlüyü 1,5 m, diametri 18 m olub, örtüyünün üst hissəsini daşlar, aşağı hissəsini isə boz rəngli gəc təşkil edib. Örtüyün aşağı qatında bükülü vəziyyətdə uzadılmış (R1a) uşaq skeletinin qalıqlarına rast gəlinib.

Kurqanın qərb-şərq istiqamətli, 3m x 1,7m x 1,4m ölçüyə sahib qəbir kamerasında heç bir qəbir avadanlığı tapılmayıb (Cəfərov H., 2000, s. 35).

26 №-li kurqanın hündürlüyü 0,6 m, diametri 8 m olub. Onun örtüyü qaratorpaq və gəc qarışığından ibarət idi. H. Cəfərovun yazdığına görə, düzbucaqlı quruluşlu, qərb-şərq istiqamətli qəbir kamerası (2,0 x 1,8 x 6m) kurqan örtüyünün altında, mərkəzi hissədə yerləşmişdir. «Qəbrin divarı gəc məhlulu ilə bərkidilmiş və əlavə olaraq çay daşları ilə «üzlənmişdir». Xatırladaq ki, 7 saylı Borsunlu kurqan qəbrinin divarı da bu üsulla bərkidilmişdir».



Alim yazır ki, kameranın döşəməsi yastı çay daşları ilə döşənmiş və burada sağ yanı üstdə (R1a), başı qərb istiqamətində, çox bükülü vəziyyətdə olan ölü dəfn olunmuşdur. «Qəbir avadanlığı ölünün kəlləsi yaxınlığında qoyulmuş qırmızı rəngli, düz və geniş ağızlı camdan ibarətdir. Qabın tək qulpu lentvaridir. Oturacağı qalın, dar və yastıdır. Cam bütün əlamətləri ilə (rəngi, hazırlanma texnologiyası, qulpunun quruluşu və s.) tunc dövrünün erkən mərhələsi materiallarının xüsusiyyətlərini təkrar edir» (Cəfərov H., 2000, s. 35).
Qaynaqça


  1. Cəfərov H. Borsunludailk tunc dövrü kurqanı. Azərb. EA Xəbərləri (tarix, fəlsəfə, hüquq seriyası) 1985, N 3, s. 79-88.

  2. Cəfərov H. F. Azərbaycan e.ə. IV minilliyin axırı - I minilliyin əvvəllərində. Bakı, 2000. 187 s.

  3. Cəlilov B. M. Göygöl-Goranboy arxeoloji ekspedisiyasının Goranboy rayonu ərazisində apardığı tədqiqatlar (Göygöl, Goranboy rayonları) // Azərbaycanda arxeoloji tədqiqatlar , 2011, Bakı, “Xəzər Universiteti” nəşriyyatı, 2012, s. 146-155.

  4. Dostiyev T. M., Orucov A. Ş., Rəsulova M. M. «Müşkür» ekspedisiyasının 1990 –cı il arxeoloji tədqiqatlarının hesabatları. 1990.

  5. İain Mathieson, et al. The genetic structure of the world's first farmers // BioRxiv, June 16, 2016.

  6. Qasımov P. Şimali Azərbaycanın tunc dövrü kurqan dəfn ənənəsinin mədəni mənsubiyyəti. Tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı, 2017.

  7. Lyonnet B., Akhundov T., Almamedov K., Bouguet L., Jelilov B., Huseynov F., Loute S., Makharadze Z. and Reynard S. Late Chalcolithic Kugans in TransCaucasia. The Ceneteri from Soyug Bulag (Azerbaijan) // Arxaologicshe Mittelungen aus İran und Turan. Band 40, 2008, pp. 27-44.

  8. Makharadze Z. Nouvelles donnes sur le Chalkilithque en Georgie orientale // Les cultures du Caucase (VI e-IIIe millenaires avant notr ere). Leurs relations avec le Proche-Orient. Paris, 2007. p. 33-54.

  9. Morten E. Allentoft, Martin Sikora, Andrey Epimakhov et al. Population genomics of Bronze Age Eurasia, 2015.

  10. Muradyan F. Discovery of the First Chalcolithic Burial Mounds in the Republic of Armenia // A Guide-book to the Stone Age Archaeology in the Republic of Armenia. Monograph of the JSPS-Bilateral Joint Research Project Center for Cultural Resource Studies, Kanazawa University, 2014, s. 339-369.

  11. Müseyibli N. Ə., Ağalarzadə A. M. Həsənsu kurqanı. Bakı, Nafta-Press, 2013, 92 s.

  12. Müseyibli N. Ə. Leylatəpə mədəniyyətinin qəbir abidələri və dəfn adətləri. Bakı, Nafta-Press, 2014, 140 s.

  13. Ахундов Т., Махмудова В. Южный Кавказ в кавказско-преднеазиатских этнокультурных процессах. Баку, 2008.

  14. Гуммель Я. И. Раскопки в Нагорно-Карабахской автономный области в 1938 г. Изв. Аз ФАН СССР, 1938, N 4.

  15. Гуммель Я. И. Некоторые памятники раннебронзовой эпохи Азербайджана. КСИИМК, 1948.

  16. ДАК, 48/1897.Л. 212-213 с обороте, ОАК за1897 г.

  17. Джафаров Г. Ф. Исследование в бассейнe Инчечай. АО 1981, М., 1983.

  18. Джафаров Г. Ф. Археологические исследования в бассейне р. Тертерчай АЭИА (1980-1981). Б., 1986, с. 56-61.

  19. Иессен А.А. Раскопки большого Кургана в урочище Уч-тепе. МИА, 125, М-Л, 1965, səh, 153-193.

  20. Kорневский С. Н. Древнейшие земледельцы и скотоводы Прелкавказья: Майкопско-новосвободенская обшность, проблемы внутренней типологии. М., 2004.

  21. Кореневский С. Н. Рождение кургана (погребальные памятники энеолитического времени Предкавказья и Волго-Донского междуречья), М: ТАУС, 2012, 256 s.

  22. Кушнарева К. Х. Памятники медного века в Нагорном Карабахе. СА, ХХ, 1954, с. 165-179.

  23. Лионне Б., Алмамедов К., Буке Л., Курсье А., Джелилов Б., Хусейнов Ф., Лут С., Махарадзе З., Рейнард С. Могильник эпохи энеолита Союг Булаг в Азербайджане // Российская Археология, 2002, № 1, М, c. 48-61.

  24. Махмудов Ф. Р. Культура юго-восточного Азербайджана в эпоху бронзы и раннего железа, Баку, 2008, «Нафта-Пресс», 216 с.

  25. Мунчаев Р. М. Энеолит Кавказа // Археология СССР. Энеолит. М. 1982.

  26. ОАК за 1897, с. 149-255.

  27. Пиотровский Б. Б. Археология Закавказья с древнейших времен до I тысячелетия до н. э. Л., 1949.

  28. Хникян О. Разведочные раскопки в Кафанчком районе // Историко-филологический журнал АН Арм. ССР, 1973, № 3.

  29. Хникян О. Раскопки близ сел Тапдзавер и Шикахох // Историко-филологический журнал АН Арм. ССР, 1975, № 2.



Yüklə 219,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə