Bəxtiyar Tuncay Tıvanın skif öncəsi və skif dövrü kurqanları və onların tarixinə dair: Aldı-Bel və Uyuq mədəniyyətləri



Yüklə 245,19 Kb.
tarix11.04.2018
ölçüsü245,19 Kb.
#36880

Bəxtiyar Tuncay

Tıvanın skif öncəsi və skif dövrü kurqanları və onların tarixinə dair: Aldı-Bel və Uyuq mədəniyyətləri

Cənubi Sibirin erkən skif abidələrinin xronologiyasının dəqiqləşdirilməsi baxımından Tıva, Altay və Xakasiyada aşkar edilmiş skif öncəsi və erkən skif dövrü abidələrinin böyük önəmi var. Belə ki, bu bizə skiflərin Cənubi Sibirdə ilk dəfə nə zaman peyda olduqları və bölgəyə hansı marşrutlarla gəldiklərini anlamağa kömək edə bilər.

Haqqında söhbət açmaq istədiyimiz ilk abidə Şərqi Tıvanın dağlıq və dağətəyi bölgəsində üzə çıxarılmış Aldı-Bel mədəniyyətinə aid edilən Kopto məzarlığındakı kurqanlardır (Чугунов К. В., 2005). Burada ard-ard düzülən və özündən əvvəlki nisbətən daha qədim kurqanların təxrib edilməsinə yol açan 3 kurqan (№ 2-4) tədqiq edilmişdir. Bunlarda 2 №-li kurqan digərlərinə nisbətən daha qədimdir. Onu o biri kurqanlardan fərqləndirən ən əsas xüsusiyyət onun bünövrəsində çınqıldan tökülmüş «meydança»ya rast gəlinməsidir.
http://rudocs.exdat.com/data/177/176256/176256_html_5235284.jpg
Kopto məzarlığının kurqanlar kompleksi
2 №-li Kopto kurqanında müxtəlif vaxtlarda icra edilmiş 5 dəfn, yəni qəbir aşkar edilmişdir. Arxeoloqların fikrincə, onlardan 1-ci qəbir 2-cidən, 4-cü isə 5-cidən daha əvvələ aiddir (Čugunov, 1998, с.273-308).

Əsasən Tıva ərazisində yayılmış Aldı-Bel mədəniyyətini bölgənin erkən skif dövrü mədəniyyəti hesab edirlər. Bu mədəniyyətə daxil olan kurqanların örtükləri daşlardan qurulmuşdur. Burada ölülər bəzən yerdə, bəzənsə materikdə qazılmış çuxurlarda, daş qutularda dəfn edilmişlər. Bəzi tədqiqatçılar məşhur Arjan kurqanını da bu mədəniyyətə aid edirlər.

Kopto kurqanları Mərkəzi Asiya ekspedisiyasının 1996-cı ildə Tıva ərazisində apardığı araşdırmalar zamanı aşkar edilmişdir. Aparılan arxeoloji kəşviyyat nəticəsində məlum olmuşdur ki, bu dəfn abidələri dağlara digər abidələrə nisbətən daha yaxın yerləşir. Elə bu da arxeoloqların marağına səbəb olmuşdu.

http://rudocs.exdat.com/data/177/176256/176256_html_m395848b7.png
2 №-li Kopto kurqanı, 1-ci qəbir
1995-ci ildə həmin ərazidə kiçik ölçülü 1 №-li kurqan tədqiq edildi və məlum oldu ki, o, orta əsrlərə aiddir. Elə həmin il arxeoloqlar 2 №-li Kopto kurqanının qazıntılarına başladılar. Bu kurqan çaya daha yaxın idi. Onun qaya parçalarından ibarət olan çiti və çınqıldan tökülmüş xüsusi «meydança»sı vardı. «Meydançanın üstündə çuxur qazıntısından sonra kənara atılmış torpağa və suvaq qalıqlarına rast gəlinmişdir.

Burada aşkar edilmiş beş qəbirdən birincisi düzbucaqlı formaya sahib idi və şimal-qərb - cənub-şərq istiqamətli idi. Onun dərinliyi 1.75 m, digər ölçüləri isə 2.15 x 1.50 m kimi qeydə alınmışdır. Qəbir üçün qazılmış çalanın dibində qəbir kamerasının vaxtilə ağac tirlərdən düzəldilmiş divarlarının və örtüyünün qalıqları aşkar edilmişdir. Burada 25-30 yaşlarında kişi (?) sümüklərinə, boyundan asmaq üçün nəzərdə tutulan və ipə keçirilmək üçün xüsusi deşikləri olan üç maral dişinə, tunc çubuq fraqmentlərinə və yastı başlıqlı sümük sancağa rast gəlinmişdir.

Sümük qalıqlarına əsasən ölünün şimal-qərb istiqamətində, sol böyrü üstə, bükülmüş vəziyyətdə dəfn edildiyi müəyyənləşdirilmişdir (Чугунов К. В., 2005). Qəbrin sol tərəfdəki ağac qalağının içində oval başlıqlı daha bir sancağa, tuncdan düzəldilmiş iki halqavari yaxalığa və nazik çubuğa rast gəlinib.

2-ci qəbir oval formalı çuxurdan ibarət idi və şimal-qərb – cənub-şərq istiqamətli idi. 0.50 m dərinlikdə qazılmış qəbrin ölçüləri 1.90 x 1.30 kimi qeyd edilmişdir. İçi ağac, torpaq və daşla dolmuş qəbrin dibində kül və kömür qalıqları aşkar edilmişdir. Burada 18-20 yaşlarında, sol böyrü üstə, bükülü vəziyyətdə dəfn edilmiş qadın skeletinə rast gəlinib. Onun sağ əli dirsəkdən bükülü idi. Sol əli isə dizinə doğru uzadılmışdı. Onun dirsəyinə yaxın yerdə kalsitdən hazırlanmış üçoluklu düymə (stiffeninq), kəlləsinin arxa tərəfində füruzədən hazırlanmış iki silindrik formalı muncuq, ombasının sol tərfində 2 diskvari tunc güzgü, qoşa qartal başlı dəstəyi olan tunc bıçaq və iki tunc halqavari asma , sağ tərfində isə iki disk şəkilli tunc güzgü və qaşov tapılmışdır. Qaşovun sümükdən olan hissələrinə naxış vurulmuşdu.

3-cü qəbir də oval formalı idi, fəqət qərb-şərq istiqamətinə yönəlmişdi. 1.45 x 0.88 m ölçülü qəbir 0.72 m dərinlikdə qazılmışdı. Orada ağac, kül, kömür və insan sümükləri qalıqları aşkar edilib (Čugunov, 1998, с.273-308).
http://rudocs.exdat.com/data/177/176256/176256_html_34b1bb07.png
2 №-li Kopto kurqanı, 2-ci qəbir
4-cü qəbir də 2 və 3-cü qəbirlər kimi olub. 0.40 m dərinlikdə qazılmış bu qəbir şimal-qərb – cənub-şərq istiqamətli idi və 1.95 x 1.30 m ölçüyə sahib idi. Burada gəmiricilər tərəfindən pis hala salınmış, başı şimal-qərb tərəfə olan, sol böyrü üstə, bükülü vəziyyətdə dəfn edilən uşaq skeleti aşkar edilmişdir. Onun sinə hissəsində tunc sinəbəndə, sümükdən hazılanmış və naxışlanmış böyunbağı fraqmentlərinə, bel tərəfində isə deşilmiş maral dişinə və sümükdən hazırlanmış iki zınqırov şəkilli, naxışlı asmaya rast gəlinmişdir.

Qəbirdə gəmiricilər tərəfindən təxrib edilmiş daha bir neçə sümük əşya da tapılmışdır.

5-ci qəbir də oval formalı idi. Şimal-qərb və cənub-qərb istiqamətli qəbrin ölçüləri 1.30 x 0.85 m, dərinliyi 0.45 m kimi qeyd edilib. Qəbir daş və torpaqdan təmizləndikdən sonra orada xəncər formalı, 56 sm uzunluğu və 6 cm eni olan yonulmuş daş aşkar edilmişdir. Burada gəmiricilər tərəfindən təxrib edilmiş körpə skeletinə də rast gəlinib. Onun başı qərb-şimal-qərb istiqamətində idi, sağ böyrü üstə, bükülü vəziyyətdə dəfn edilmişdi (Чугунов К. В., 2005).
http://rudocs.exdat.com/data/177/176256/176256_html_m218d998.png
2 №-li Kopto kurqanı, 4-cü qəbir
3 №-li Kopto kurqanı kompleksin mərkəzində yerləşirdi. Onun çitinin kənar daşları şimal-şərq tərəfdən 2 №-li Kopto kurqanına tam bitişik idi. Onun bu hissəsi daha çox dağıntıya məruz qalmışdı. Cənub-qərb tərəfi isə 4 №-li kurqanın qurulması zamanı zədə görmüşdü. Tədqiqatlar nəticəsində diametrinin təqribən 8 m olduğu müəyyən edilən bu abidədə 4 qəbir aşkar edilmişdir.

1-ci qəbir daş və torpaqdan təmizlənərkən daşların arasından boz gildən hazırlanmış küpə fraqmentləri çıxmışdır. 1.20 m dərinlikdə qazılmış qəbrin 1.95 x 1.35 m ölçülərində olduğu müəyyən edilmişdir. Döşəmədə, onun bütün perimetri boyu ağac konstruksiyanın qalıqlarına və kül izlərinə rast gəlinib.

Burada 35-40 yaşlarında qadınla 10-11 yaşlarında uşaq skeletləri aşkar edilib. Skeletlər çox dağıldığından və çürüdüyündən onların vəziyyətini müəyyən etmək mümkün olmasa da, qadının daban sümüklərinə əsasən onun sol böyrü üstə, bükülü vəziyyətdə dəfn edildiyi qənaətinə gəlinib.

İki dəfə qarət edilən qəbirdə sadəcə iki sümük sancaq fraqmenti nazik qızıl təbəqəsindən hazırlanmış üzük, qalaydan düzəldilmiş fiqurlu tikmə bəzək, boğaz və baş hissəsi xüsusi işlənmiş dördtilli tunc biz, nazik tunc çubuqdan düzəldilmiş sinəbənd fraqmentləri aşkar edilib.

Düzbucaqlı çala formasında qazılmış 1.65 x. 1.08 ölçülü 2-ci qəbir qərbə meyilli cənub-qərb və şərqə meyilli şimal-şərq istiqamətli idi. O birinci qəbirdən şimalda, iki kurqanın bitişmə yerində aşkar edilmişdir. İçi daş-kəsəklə dolu qəbrin 0.70 m dərinliyində ağac çərçivədə icra edilmiş dəfnin izlərinə rast gəlinib. Buradakı 55-60 yaşlı kişi (?) skeletinin başı qərb - cənub-qərb tərəfə idi. O, sol böyrü üstündə, bükülü vəziyyətdə dəfn edilmişdi. Onun sağ əli dirsəkdən bükülü idi, sol əli isə dizinə tərəf uzanırdı.

http://rudocs.exdat.com/data/177/176256/176256_html_med01930.png
Kopto məzarlığının planı (Roma rəqəmləri ilə kurqanların, ərəb rəqəmləri ilə isə qəbirlərin nömrələri göstərilib)
Skeletin körpücük sümüyü və boyun hissəsi tərəfdə, ənsə sümüyünün arxasında füruzədən düzəldilmiş iri muncuğa rast gəlinib. Sol obması tərəfdə eyni dəri qılafda tunc bıcaq və sümük dəstəkli tunc biz, sol biləyinin yanıda isə tuncdan altı halqavari tutacaq, müşk keyiginin dişindən hazılanmış asma və naxışlanmış sümük lövhə fraqmentləti aşkar edilmişdir. Bütün bunlardan başqa, qəbirdə gəmiricilər tərəfindən gəmirilmiş maral dişli asma və armudvari formalı dəmir başlıqlı tunc sancaq da tapılmışdır.

0.40 m dərinlikdə qazılmış oval formalı, qərb-şərq istiqamətli, 1.45 x 0.90 m ölçülü 3-cü qəbir 4 №-li kurqanın çitinin kənar daşlarının altında aşkar edilib. Qəbir içinə dolmuş daş-kəsəkdən təmizləndikdən sonra orada sol böyrü üstə, bükülü vəziyyətdə, qərb istiqamətdə dəfn edilmiş uşaq skeletinə rast gəlinmişdir.

Qəbrin şimal divarı boyu 1 m uzunluğunda yanmış kötük parçası vardı. Uşağın boyun sümüyü və döş qəfəsi tərəfdə bir neçə muncuq aşkar edilib. Onlardan biri firuzədən düzəldilmişdi və yastı formada idi. Dörd muncuq sarı şüşədən düzəldilmişdi, assemmetrik bikonik formalı idi. 30 muncuq isə ağ və mavi pastadan hazırlanmışdı. Onlardan bəziləri parçalanmışdı.

4-cü qəbir də oval formaya sahib idi. Şimal-qərbə meyill qərb və cənub-şərqə meyilli şərq istiqamətli bu qəbrin ölçüləri 1.30 x 0.80 m idi. O birinci qəbirdən cənub-şərq tərəfdə yerləşirdi və üzərində 4 №-li kurqandakı qonşu qəbirin içindən çıxarılmış torpaq qalağı vardı. Həmin kurqanın kromlexi qəbrin şimal-qərb tərəfinin üstündən keçirdi.


http://rudocs.exdat.com/data/177/176256/176256_html_m8434bab.png
2 №-li Kopto kurqanı, 5-ci qəbir
Qəbirdəki sümüklərin çoxu gəmiricilər tərəfindən ətrafa dağıdılmışdı. Bu səbəbdən burada dəfn edilmiş uşağın ilkin vəziyyətini müəyyən etmək mümkün olmayıb. Ehtimal ki, o, qərb – şimal-qərb istiqamətdə dəfn edilmişdi. Meyidin döş qəfəsi tərəfdə çox sayda muncuq tapılmışdır. Bunlardan 60-ı mavi rəngli şüşə pastadan hazırlanmışdı. Digər iki muncuqdan biri əqiqdən idi və kürə formasına malik idi. Silindrik formalı daha bir aşkar edilmiş muncuqsa firuzədən düzəldilmişdi (Čugunov, 1998, с.273-308).

Kopto məzarlığında tədqiq edilmiş kurqanlardan ən cavanı 4 №-li kurqan olub. Onun oval formalı çitini bir neçə cərgə daş əhatə edirdi. Yerüstü tikilinin diametri şimal-cənub istiqamətdə 11.30 m-ə, qərb-şərq istiqamətində 8 m-ə çatırdı. Çifti əhatə edən daş düzümünün şərq tərəfində küpə formalı keramik qab fraqmentlərinə rast gəlinmişdir. Şimal-qərb tərəfdə isə iri və kiçik buynuzlu heyvan sümüklərinin qalıqları aşkar edilmişdir.

Çiti əhatə edən daş düzümünün şimal tərəfində yerə şaquli şəkildə basdırılan, hündürlüyünə görə digər daşlardan fərqlənən və yer səthindən 0.65 m hündür olan iri daş parçası diqqət çəkirdi.

Kurqanın mərkəzi oxu üzrə dörd qəbir aşkar edilmişdir. Onların yanlarında çalalar qazılarkən çıxarılan torpaqların izləri görünürdü. Mərkəzdəki 1-ci qəbirdən cənub-şərq tərəfdə daha bir qəbir qeydə alınmışdır.



http://pandia.org/text/77/382/images/image008_12.jpg
3 №-li Kopto kurqanı, 1-ci qəbir
Digər qəbirlərdən xronoloji baxımdan daha qədim olan 2.0 x 1.50 m ölçülü 1-ci qəbir oval formaya, şimaı-şərq - şərq və cənub-qərb – qərb istiqmətinə sahib idi. Onun içinə bir vaxtlar üstünü örtən ağac tirlərin qalıqları və daş-kəsək dolmuşdu. Ağacların bəzisi yanmışdı. Çox-çox əvvəllər qərət edilmiş 1.15 m dərinlikli bu qəbirdə ətrafa səpələnmiş 9 insan skeletinə rast gəlinmişdir.

İki uşağın dəfn edildiyi 2-ci qəbir oval formalı və şimal-qərb – cənub-şərq istiqamətli idi. 1.10 x 0.60 m ölçülü qəbirin içindəki uşaqlardan biri (11-13 yaş) sol böyrü üstə, qərb istiqamətində dəfn edilmişdi. İkinci uşaqsa sağ böyrü üstündə uzadılmışdı. Onun da istiqməti qərb tərəfə idi.

3-cü qəbir də oval formalı olub. O, qərb-şərq istiqamətli idi və 1-ci qəbirdəndən cənub-qərb – cənub tərfdə yerləşirdi. 1.75 x 1.35 m ölçülü bu qəbrin bir vaxt ağac örtüyə sahib olduğu içindəki qalıqlardan bilinirdi. Burada üç adamın səpələnmiş sümüklərinə rast gəlinmişdir. Onlardan biri 35-40 yaşlı kişiyə, ikincisi 35-40 yaşlarında qadına, digəri isə 11-13 yaşlı qız uşağına aid idi.

Qəbrin döşəməsində, şimal-şərq divarının yanında, kişinin əli tərəfdə dəri oxqabının qalıqları və tunc ox ucluqları, bel tərəfində toqqa qalıqları, tunc çubuq fraqmentləri və s. aşkar edilmişdir.


http://pandia.org/text/77/382/images/image009_9.jpg
3 №-li Kopto kurqanı, 2-ci qəbir
Düz olmayan oval formalı 4-cü qəbir 2.40 x 1.80 m ölçülü və şimal-cənub istiqamətli idi. O, mərkəzdəki qəbirdən şimal-şərq tərəfdə yerləşirdi. Qəbrin qərb divarının yanında uzunluğu 1 m-ə çatan yanmış ağac oduncağının qalığına rast gəlinmişdir. Qəbirdə 6 nəfər dəfn edilmişdi. Onların sümükləri səpələnmiş və bir-birinə qarışmış vəziyyətdə idi. Sümüklər çox çürümüşdülər. Təbii ki, gəmiricilər də öz işini görmüşdü. Sümüklər əsasında dəfn edilənlərin 8-9 və 4-5 yaşlarında iki uşaq, 18-20 yaşlarında kişi və 25-30, 18-20 və 16-18 yaşlarında üç qadın olduğu müəyyən edilmişdir. Burada dəmir bıçağa və firuzədən hazırlanmış muncuğa rast gəlinib.

Şimal-qərb – cənub-şərq istiqamətli, 1.35 x 1.0 m ölçülü 5-ci qəbir 3-cü qəbirdən cənubda yerləşirdi və kurqanın çitini əhatə edən daşlara bitişik idi. Burada üç nəfərin – 35-40 və 16-18 yaşlarında iki qadının və bir uşağın dəfn edildiyi məlum olub. Onların skeletləri qəbrin içinə dolmuş daş-kəsəkdən və ağac qalıqlarından təxrib olunmuş vəziyyətdə idi. Qəbirdə sadəcə firuzədən düzəldilmiş bir silindrik muncuğa rast gəlinib (Чугунов К. В., 2005).

Kopto məzarlığının tədqiq edilmiş kurqanları komplekslərin xronoloji ardıcıllığı ilə diqqət çəkir. Buradakı kurqanlardakı 14 qəbrin düz yarısı qarət edilsə də, yarısı toxunulmamış qalmışdı. Hətta qarət edilmiş qəbirlərdə də, - 2 №-li kurqanın üçüncü qəbrindən başqa, - az da olsa arxeoloji material aşkar etmək mümkün olmuşdur. Nəticədə müəyyən fikrə gəlmək üçün yetərincə informasiya əldə edilmişdir.

http://pandia.org/text/77/382/images/image010_8.jpg
3 №-li Kopto kurqanı, qəbirlər 3 (A) və 4 (B)
İlk öncə qeyd edək ki, 2 və ya 3 kurqanın bir-birinə bitişik şəkildə qruplar təşkil etməsi Aldı-Bel mədəniyyəti üçün xarakterikdir (Грач, 1980, s. 24). Bununla belə, V. Semyonovun Sarıq-Bulun məzarlığında apardığı qazıntılar (Семенов, Килуновская, 1990, s. 36, şək. 1), eləcə də həmin məzarlığın Kopto məzarlığındakı kurqanlarla müqayisəsi göstərir ki, bu halda sohbət kurqanların bitişik olmasından daha çox, bir-birinin üstünə çıxmasından gedə bilər. Bu ehtimalın doğru olduğunu Xemçik-Bom III və V (Грач, 1980, s. 242, şək.104), Aldı-Bel, Kuyluq-Xem məzarlıqlarının planları da sübut etməkdədir.

2-ci qəbirdən Aldı-Bel mədəniyyətinin «klassik» abidələri üçün xarakterik olan bıçaq, güzgü və daraq tapılmışdır (Грач 1980, c. 128).

Qəbirdə aşkar edilən, üzləri əks istiqamətlərə yönəlmiş qoşa qartal başı formasında hazırlanmış dəstəyi olan bıçağın analoqlarına Minusinsk hövzəsi abidələrində də rast gəlinib. Onlardan bu tapıntıya ən yaxını V. Radlovun kolleksiyasındakı bıçaqdır. Bu tip bıçaqlar haqqında M. Zavituxina öz məqalələrinin birində geniş məlumat verməkdədir (Завитухина, 1983, c. 86, кат. 258).

Maraqlı tapıntılardan biri də qaşovdur ki, onun sümükdən hazırlanmış hissələri Sarı-Bulun məzarlığındakı 1 №-li kurqanda aşkar edilmiş qaşovun detalları ilə eynidir. Onlara vurulmuş naxışlar da, demək olar ki, eyni idi və ya çox bənzəyirdi.


http://pandia.org/text/77/382/images/image011_12.jpg

4 №-li Kopto kurqanı, 1-ci qəbir
Qeyd edək ki, 1 №-li Sarı-Bulun kurqanından çıxan qaşov da güzgü ilə birlikdə tapılmışdır. Oradakı güzgü isə bir qədər fərqli idi. Onun dəstəyi ayaq üstə duran qoç formasında düzəldilmişdi (Семенов, Килуновская, 1990, c. 38, şək. 2, 2). Bu tip qoç dəstəkli güzgülər son tunc dövrünə aid Orta Yenisey abidələrindən də məlumdur. Onlara Taqar mədəniyyəti abidələrində də rast gəlinmişdir. Arjan-2 kurqanında aşkar edilmiş materialdan isə belə məlum olur ki, hər iki güzgü növü Aldı-Bel mədəniyyətində yan-yana mövcud olub (Чугунов, Парцингер, Наглер, 2002).

Kompleksin qədimliyini buradan tapılmış üçqatlı kalsit toqqa da sübut edir ki, bunun bənzərinə Arjan-1 kurqanında da rast gəlinib. 2 №-li Kopto kurqanının 2-ci qəbrindəki uşağın yanında aşkar edilmiş naxışlı sümük əşyalar, o cümlədən zınqrovu xatırladan üç asma amulet daha sonrakı dövrlərə aid Uyuq-Saqlın mədəniyyətin üçün də xarakterikdir. Lakin onlara bəznər amuletlər Sayan-Altayın tunc dövrü kurqanlarından da əldə edilib və daha qədim mənşəyə malikdir (Мачинский, Чугунов, 1998, c. 183–188). İşin ən maraqlı tərəfi isə odur ki, bənzər əşyalara bir çox hallarda yaşlı qadınların qəbirlərində də rast gəlinir. Boş-Dağ yaxınlığındakı 4 №-li kurqandakı uşaq qəbrindən bənzər əşya tapılıb. Bu kurqan da Kopto kurqanları kimi Aldı-Bel mədəniyyətinə aid edilir (Савинов, 2002, s. 86). Eyni hal xeksur-kurqanlarda da qeydə alınıb.

2000-2004-cü illərdə Rusiya Almaniya birgə ekspedisiyası tərəfindən tədqiq edilmiş Arjan-2 kurqan kompleksi də Aldı-Bel mədəniyyətinə aid edilir və orada həmin mədəniyyətinin daşıyıcılarının elitar hissəsinin dəfn edildiyi hesab edilir (Čugunov, Parzinger, Nagler, 2003; Чугунов, 2004).
http://xn--80abubbalb5cgec5b4kf.xn--p1ai/find/arjan/gryaznov-mp-1980-2colors.jpg
Arjan-1 kurqanının maketi. Tıva Dövlət Muzeyi
Arjan kurqanlarını e.ə. IX-III əsrlərə aid Uyuq mədəniyyətinə aid edənlər də var. Bu mədəniyyət öz adını A. Adrianovun 1916-cı və S. Teplouxovun 1920-ci illərdə həmin mədəniyyətə aid edilən ilk nümunələrini tədqiq etdikləri Uyuq çayının (Tıvanın Piy-Xem bölgəsi) adından almışdır. Onu ilk dəfə təsvir edən və digər mədəniyyətlərdən fərqləndirən L. Kızlasov olub (Мачинский Д. А., 2009, c. 463).

Uyuq mədəniyyətinin yayıldığı areala Turan-Uyuq hövzəsindən başqa, Şərqi Altay və Şimal-Qərbi Monqolustan əraziləri də daxildir.

Orta tunc-erkən dəmir dövründən etibarən qədim Türk mədəniyyətinin əsas mərkəzlərindən biri də Yenisey ətrafı bölgə hesab edilir. Çox sayda çöllük hövzənin ərazisindən axan Yenisey çayı mənbəyini Tıva hövzədən alır və bu ərazini Turan-Uyuq hövzəsindən ayıran Uyuq silsiləsi böyu axaraq Turan-Uyuq hövzəsinin qərb tərəfindən kəsir, Sayan dağlarının arasından keçir və Böyük Minusinsk hövzəsinə çıxır. Bundan sonra Kosin silsiləsindən keçən çay Sıdo-Erbin hövzəsinə daxil olur, ardınca da Batani girişindən keçib Çulım-Yenisey hövzəsinə, oradan da Şərqi Sayana axır.

Çayın keçdiyi bütün hövzələrdən ən yüksəyi və ən soyuğu Turan-Uyuqdur. O, dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşir. Bölgənin ən gözəl otlaqları da məhz burada, Arjan qəsəbəsi ətrafında cəmləşib. Məşhur Arjan kurqanları da məhz orada aşkar edilib (Грязнов М. П., 1980, c. 3).

Arjan-2 öz ölçülərinə görə Tıvanın ən böyük kurqanıdır. Burada müxtəlif zamanlarda icazəsiz qazıntılar aparmış yerli sakinlərin, eləcə də ona baxış keçirmiş V. Derpqolts və L. Kızlasovun bildirdiklərinə görə, onun üst örtüyü bütünlüklə daşdan qurulmuşdu. Üst səthi boşqabı xatırladan kurqanın yan tərəflərdəki hündürlüyü 3-4 m-ə çatırdı. Yastı olan üstünün mərkəzi bir qədər alçaq, daha doğrusu basıq idi. Buradakı çaladan bulaq fışqırırdı. Bulağın suyu təmizliyi ilə seçilirdi. Tıvalılar onu müqəddəs sayırdılar. Ora bir növ pir idi.
http://xn--80abubbalb5cgec5b4kf.xn--p1ai/find/arjan/m-gryaznov-mp-1980-1.jpg
Uyuq hövzəsinin kurqanları və Arjan-2 kurqanının planı
Arxeoloji tədqiqatlara başlanıldığı 1971-ci ildə kurqan artıq hər tərəfi qazılmış və üst örtüyü buldozerlərlə darmadağın edilmişdi. O dövrdək hündürlüyü 1-1.5 m idi. Ətrafa buldozerlərin qopardığı ağac tirlərin qalıqları səpələnmişdi. Daşların altından görünən və hələ nisbətən salamat qalan ağac konstruksiyanın içəri daxil ola bilmək məqsədi ilə kimlər tərəfindənsə dağıdılmağa və yandırılmağa cəhd edildiyi açıq-aydın görünürdü. Lakin xoşbəxtlikdən ağac konstruksiya çox möhkəm qurulmuşdu və qarətçilərin içəri daxil olması mümkün olmamışdı. Kurqanın mərkəzi hissəsi isə bütünlüklə dağıdılmış və oradan artıq yenicə salınmış Arjan-Tarlık şosse yolu keçirdi.

Arjan-2 kurqanının örtüyü əsasəm 25-50 kq ağırlığında daşlardan qurulmuşdu. Amma burada daha ağır daşlara da rast gəlinirdi. Örtüyün altında indiyə qədər başqa kurqanlarda rast gəlinməyən çox mürəkkəb və möhkəm ağac konstruksiya aşkar edilmişdir. Bu könstruksiya həm ağır örtüyü saxlayır, həm qəbirləri əhatələyirdi. Onun diametri 60 m-ə, hündürlüyü isə 2.5-3 m-ə çatırdı


http://xn--80abubbalb5cgec5b4kf.xn--p1ai/find/arjan/m-gryaznov-mp-1980-2.jpg
Arjan-2 kurqanının qazıntılardan sonrakı görünüşü
Kurqanda yerli xanın və arvadının, 15 əyanın qəbirlərinə, eləcə də atların kütlıvi şəkildə dəfn edildikləri 7 qəbrə rast gəlinmişdir. Bundan başqa, xarici ölkə hökmdarlarının xana hədiyyə kimi göndərdikləri atların dəfn edildiyi 6 qəbir də aşkar edilmişdir. Beləliklə, Arjan-2 eyni gündə üst-üstə 29 dəfnin gerçəkləşdirildiyi mürəkkəb bir kompleks kimi gözdən keçirilməlidir.

Kurqan skif öncəsi dövrdən erkən skif dövrünə keçid mərhələsinin əsas abidəsi hesab edilir. Onu Tıvanın erkən skif dövrü abidəsi kimi gözdən keçirmək qəbul olunub. Buna səbəb oradan halqa şəkilli bəbir fiqurunun çıxmasıdır ki, bu tip fiqurlar skif incəsənəti üçün xarakterikdir və onun analoquna e.ə. VII əsrdən daha qədim dövrə aid kurqanların heç birində rast gəlinməyib. Bu tip fiqurlar ilk dəfə Cənubi Azərbaycan və Loristan abidələrində qeydə alınıb. Elə bu da «Arjanlı skiflərin» bu bölgəyə Ön Asiya və ya Qafqazdan gəldiklərini sübut edir.




http://xn--80abubbalb5cgec5b4kf.xn--p1ai/find/arjan/gryaznov-mp-1980-11s.jpg
Qəbirlərdən və ağac konstruksiyanın kənarlarından tapılmış əşyalar 


http://xn--80abubbalb5cgec5b4kf.xn--p1ai/find/arjan/gryaznov-mp-1980-10s.jpg
Yun parçadan hazılanmış geyimlərin fraqmentləri və dekorativ elementləri

http://xn--80abubbalb5cgec5b4kf.xn--p1ai/find/arjan/gryaznov-mp-1980-12s.jpg

Atların dəfn edildikləri qəbirlərdən tapılan əşyalar


http://xn--80abubbalb5cgec5b4kf.xn--p1ai/find/arjan/gryaznov-mp-1980-25s.jpg

http://xn--80abubbalb5cgec5b4kf.xn--p1ai/find/arjan/gryaznov-mp-1980-13s.jpg Atların dəfn edildikləri qəbirlərdən tapılan əşyalar


Keçi formalı ştandart başlıqları. Bu tip əşyalara Anadoludakı daha qədim dövrlərə aid Alaca-Höyük, Cənubi Qafqazdakı orta tunc dövrünə aid Kavitsxebi, Ördəkli (Lçaşen), Qaracəmirli kurqanlarında, eləcə də sonrakı dövrlərə aid sak kurqanlarında da rast gəlinib.






Arjan-2 kurqanının yerləşdiyi ərazi Tıvanın «Xaqanlar vadisi» kimi məşhurdur. Burada çox sayda böyük ölçülü kurqan silsiləsi cəmləşmişdir. Bunlar əsasən ayrı-ayrı yerli xanların, eləcə də onların qohumlarının məzarlarıdır. Zəncir şəklində uzanan bu kurqan silsilələrinin hər birinin müxtəlif nəsillərə aid olduğu ehtimal edilir. Belə silsilələrdən biri Arjan qəsəbəsinin qərbində yerləşir. Amma onlara şərq tərəfdə də rast gəlinir. Alimlər onları məntəqələr üzrə bölmüşlər. Məsələn, 4-cü məntəqə qəsəbənin 1 km qərbində qeydə alınıb. Buradakı zəncirvari silsilə 6 kurqandan ibarətdir. Bunlardan çox da böyük olmayan üçü digər kiçik ölçülü, daş örtüklü kurqanlarla yarımhalqa şəklində əhatə edilib. Onlar əsas kurqanlardan 20-70 m aralıda yerləşirlər. Əsas kurqanların örtükləri torpaqdandır. Onlar 1.5-3 m hündürlüyə, 40-50 m diametrə sahibdirlər.

http://xn--80abubbalb5cgec5b4kf.xn--p1ai/find/arjan/gryaznov-mp-1980-29s.jpg http://xn--80abubbalb5cgec5b4kf.xn--p1ai/find/arjan/gryaznov-mp-1980-15-colors.jpg
Tıvada rast gəlinən maral daşları Şimali Qafqazdakı analoji daşları xatırladır. Arjan-2 kurqanından tapılmış, halqa formasında bururlmuş heyvan fiqurlarının ən qədim prototiplərinə isə Cənubi Azərbaycan abidələrində rast gəlinib.
5-ci məntəqə Arjan qəsəbəsinin 4 km qərbində qeydə alınıb. Buradakı zəncirvari silsiləyə 11 böyük və kiçik torpaq örtüklü kurqan daxildir. Onlardan nisbətən daha böyük olan 7-sinin diametri 30-50 m-ə çatır.

6-cı məntəqə qəsəbədən 6 km qərbdə yerləşir və üç böyük kurqanı əhatə edir. Bu kurqanlar da digər kurqan silsilələri kimi qərbdən şərqə tərəf uzanan zəncirvari qaydada düzülmüşlər. Onların torpaq örtüklərində daş konstruksiyaların çölə çıxan hissələrini asanlıqla sezmək mümkündür. Bu dəfn abidələrinin cənub tərəfində onları yarımhalqa şəklində əhatə edən daş düzümləri qeydə alınıb. Kurqanların hündürlükləri 2-6.5 m, diametrləri isə 50-75 m-dir.

7-ci məntəqə Çkalovka kəndi yaxınlığında qeydə alınmış iki paralel kurqan zəncirindən ibarətdir. Torpaq örtüklü bu kurqanların 13-ü bir, 12-si isə digər silsiləni təşkil edir. Kurqan zəncirlərinin ümumi uzunluğu 3 km-ə yaxındır. Bunlardan ən böyüyü 1916-cı ildə A. Adrianov tərəfindən qazılmışdır. Onun hündürlüyü 8 m-ə çatırdı (Грязнов М. П., 1980, c. 3-5).

Bunlardan üçü xüsusi diqqət çəkir. Sohbət Arjan-1, Arjan-2 və Arjan-8 kurqanlarından gedir.

Arjan-1 kurqanı Uyuq çayının sol sahilində, Arjan qəsəbəsindən 9 km şərqdə yerləşir. Hündürlüyü 1.5 m, diametri 80 m olub. Yastı formalı idi və örtüyü daşlardan qurulmuşdu. Onun da örtüyünün altında Arjan-2 kurqanının mürəkkəb konstruksiyasına bənzər ağacdan qurulmuş mürəkkəb konstruksiya olub. Bu kurqan da digəri kimi buldozerlərlə qismən dağıdılmışdı.

Eyni sözləri Arjan-8 kurqanı barədə də söyləmək olar. O, diametri 120 m-ə çatan Arjan-2 kurqanına nisbətən bir qədər kiçik, Arjan-1 kurqanından isə daha böyük idi. Belə ki, bu dəfn abidəsinin diametri 105 m olub. Uyuq çayının sağ sahilində, Çkalivka qəsəbəsinin 3.5 km cənub şərqində yerləşən Arjan-8 kurqanının dağılmış örtüyünün hündürlüyü arxeoloji qazıntılar dövründə 1 m kimi qeydə alınıb (Грязнов М. П., 1980, c. 3-5).

Radiokarbon analizlərinin nəticələrinə əsasən Arjan-2 kurqanının e.ə. VII əsrin ortalarına aid olduğu müəyyən edilib. Bu göstərici Qazaxıstan, eləcə də Altayın onunla sərhəddə yerləşən hissəsindəki erkən skif dövrü kurqanlarının yaşı ilə eynidir (Шульга 2002, s. 187, şək. 2). Arjan-1 kurqanını isə bəzi alimlər e.ə.IX-VIII əsrlərə aid edirlər. Hərçənd ki, radiokarbon analizlərinin nəticələri çox böyük zaman intervalına, yəni e.ə. 892-552-ci illərə işarə edir (Евразия в скифскую эпоху, 2005, s. 102). Bu cür qeyri-ciddi və qeyri-elmi yanaşma Avrasiyanın şərqindəki skif kurqanlarının tarixini süni surətdə qədimləşdirərək, skiflərin Ön Asiyadan Altaylar istiqamətində deyil, Altaylardan Ön Asiya istiqamətinə hərəkət etdiklərini «sübut» etmək üçün edilir.

Tıvada Aldı-Bel mədəniyyətinin son mərhələsində fən adətlərində müəyyən dəyişikliklərin baş verdiyi müşahidə edilir. Bu dəyişiklik özünü Kopto kurqanlarında açıq-aydın göstərir. Bununla belə, Arjan-1 və Arjan-2 kurqanları Tıvanın ilk və ən erkən skif kurqanları hesab edilir. Bölgənin digər skif kurqanları e.ə. VI əsrdən daha qədim deyillər (Евразия в скифскую эпоху, 2005, s. 137).

Mövzumuz baxımından Teplaya məzarlığının da böyük önəmi var. Tıva Respublikası ilə tam sərhəddə, Us çayının sol sahilində, Us dağlararası hövzəsində (Kracnoyarsk vilayəti, Yermak rayonu) aşkar edilmiş bu məzarlıq Arjan-1 və Arjan-2 kurqanlarından 30 km şimalda yerləşir. Məzarlıq bir-birinə yaxın dövrlərdə qurulmuş üç kurqandan ibarətdir. Bunlardan ikisi 1993-1994-cü illərdə A. Bokovenko tərəfindən tədqiq edilmişdir (Bokovenko 1994a; 1994b). Bu kurqanlar talan edilsələr də, əldə edilən əşyalar onlarda dəfn edilən şəxslərin yüksək statusundan xəbər verir. Əldə edilən əşyalarsa, papaq və geyimə bərkidilən qızıl əşyalardan, tunc güzgüdən, ox ucluqlarından, dəmir akinakdan, keramika nümunələrindən və s. ibarət olub. Bu materialları təhlil edən A. Bokovenko həmin abidələri ilkin olaraq e.ə. 500-300-cü illərə aid etmişdi (Bokovenko1994a).

Buradakı materialların analogiyalarına Tıvanın erkən Uyuq-Saqlı mədəniyyətinə aid edilən Turan-4 (126 №-li kurqan) (Маннай-оол, 1970, şək. 22), Kuyluq-Xem 1 və Saqlı-Baji-2,3,4 (Грач, 1980, şək. 6, 32, 49, 86), eləcə də e.ə. VI-III əsrlərə aid edilən Aymırlıq (Мандельштам, 1983, şək. 2), Suqluq-Xem-1 və 2, Koş-Pey (Семенов, 2003, таbl. 25, 34, 55) və Kopto (Чугунов, 2000а, şək. 2) abidələrində də rast gəlinmişdir.

Teplaya məzarlığından əldə edilmiş ox ucluqları buradakı kurqanların e.ə.VI-IV əsrlərə aid olduğunu ehtimal etməyə imkan verir (Bokovenko 1994a; Bokovenko 1994b; Чугунов 2000а; 2000б). Radiokarbon analizləri üçün 1 və 2 №-li kurqanlardan götürülmüş kömür nümunələri əsasında müəyyən edilmiş tarix (2490±60 BP, Ле-5132), başqa sözlə 1σ üzrə e.ə. 770-510-ci illər, 2σ üzrə isə e.ə. 790-410-cu illər olmuşdur. Kombinə edilmiş tarix təqvim tarixi ilə çox böyük interval göstərir: e.ə. 810-540. Bu isə e.ə. VI-V əsrlər deməkdir.

Bütün bu nəticələri təhlil edən A. Bokovenko hazırda 2 №-li kurqanı e.ə. VII əsrin sonlarına aid etməyi daha doğru sayır.



Tıvanın erkən skif dövrü kurqanları Turan dövlətinin sərhədlərinin artıq e.ə. VII əsrdə Qafqazlardan Altaylara qədər uzandığını sübut edir. Eyni zamanda belə məlum olur ki, Skif dairəsi xalqlarından bölgədə ilk məskunlaşanlar işquzlar yox, saklar olmuşlar. Yəni Tıvanın erkən skif kurqanları saklara aiddir (Bokovenko 1994a).
Qaynaqça


  1. Bokovenko N. A. Tomb of Saka princes discovered in the Sayans, Siberia // New archeological discoveries in Asiatic Russia and Central Asia/ Sankt-Petersburg, 1994a, p. 48-53.

  2. Bokovenko N. A. Le kourgane “Royal» d,Arjan et son temps // Les Scythien. Les Dossiers d,Archeologie № 194. Paris, 1994b, p. 30-37.

  3. Čugunov K. V. Der skythenzeitliche Kulturwandel in Tuva. // Eurasia Antiqua. Band 4. Mainz am Rhein, 1998, c.273-308.

  4. Čugunov K., Parzinger H., Nagler A. Der ccytishe Fürstengrshügel von Arzhan // Eurasia antiqua. Bd. 9. Mainz am Rhein, 2003, s. 113-162.

  5. Грач А.Д. Древние кочевники в центре Азии. М, 1980.

  6. Грязнов М. П. Аржан – царский курган раннескифского времени. Л.: Наука, 1980. 63 с.

  7. Евразия в скифскую эпоху: радиоуглеродная и археологическая хронология (под ред. Г.И. Зайцевой, Н.А. Боковенко, А.Ю. Алексеева, К.В. Чугунова, Е.М. Скотт). СПб.: Теза, 2005. 290 с., 173 илл.

  8. Завитухина М.П. Древнее искусство на Енисее. Л., 1983.

  9. Мандельштам А. М. Исследование на могильном поле Аймырлыг: некоторые итоги и перспективы // Древние культуры евразийских степей. Л., 1983, с. 25-33.

  10. Маннай-оол М. Х. Тува в скифское время (Уюкская культура). М., 1970. 117 с.

  11. Мачинский Д. А. Некоторые предпосылки, движущие силы и исторический контекст сложения Русского государства в середине VIII — середине XI в. // Сложение русской государственности в контексте раннесредневековой истории Старого Света. Труды Государственного Эрмитажа. Вып. XLIX. СПб. 2009.

  12. Мачинский Д. А., Чугунов К. В., Атрибуты женского культа в древних культурах Саяно-Алтая (пути генезиса, археологический и семантические аспекты) // Древние культуры Центральной Азии и Санкт-Петербург. СПб., 1998, с. 183-188.

  13. Савинов Д. Т. Ранние кочевники Верхнего Енисея (археологические культуры и культурогенез). СПб., 2002. 204 с.

  14. Семенов Вл. А., Килуновская М.Е. Новые памятники раннего железного века в Туве. // Информационный бюллетень МАИКЦА. Вып. 17. М, 1990. С. 36 – 47.

  15. Семенов Вл. А. Суглуг-Хем и Хайыракан – могильники скифского времени в Центрально-тувинской Котловине. СПб, 2003. 240 с.

  16. Чугунов К. В. Бронзовые наконечники стрел скифского времени Тувы // Мировоззрение. Археология. Ритуал. Культура. Сборник статей к 60-летию М. Л. Подольского. СПб, 2000а, с. 213-238.

  17. Чугунов К. В. К вопросу о формировании колчанного набора в восточных регионах скифского мира // Сохранение и изучение культурного наследия Алтая. Вып. XI. Барнаул, 2000б, с. 165-168.

  18. Чугунов К. В. Аржан-источник // Аржан-источник в долине царей. СПб., 2004, с. 10-37.

  19. Чугунов К. В. Курганы раннескифского времени могильника Копто и вопрос синхронизации алды-бельской и тагарской культур // Археологический сборник Государственного Эрмитажа. Вып. 37. СПб, 2005, c. 66-90.

  20. Чугунов К.В., Наглер А., Парцингер Г. Элитное погребение эпохи ранних кочевников в Туве (предварительная публикация полевых исследований российско-германской экспедиции в 2001 году). Археология, этнография и антропология Евразии. 2, 2002, c.115-124.

  21. Шульга П. И. О стилизованных образах орла и грифона VII-IV вв. до н. э. в Южной Сибири //История и культура Востока Азии. Т. II. Новосибирск, 2002, с. 186-191.



Yüklə 245,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə