Bəxtiyar tuncay



Yüklə 0,83 Mb.
səhifə1/14
tarix14.12.2017
ölçüsü0,83 Mb.
#15624
  1   2   3   4   5   6   7   8   9   ...   14

BƏXTIYAR TUNCAY



ALBAN (QAFQAZ) TÜRKCƏSİ SÖZLÜYÜ

÷

(ƏLYAZMA HÜQUQUNDA)

I Bölüm (A – Azulaxlat)


BAKI 2012
ÖN SÖZ
Məlum olduğu kimi, Qafqaz Albaniyasında 26 soy və xalq yaşamaqda idi ki, bunlardan albanlar, massagetlər, qarqarlar, saklar, utilər (onları çox vaxt udinlərlə qarışıq salırlar), kəngərlər, çullar, beçeneqlər (oğuzlar), kumanlar, kerqillər, suvarlar, bulqarlar, hunlar, xəzərlər, dondarlar, labanlar (lpinlər), qaytaqlar və s. türk soy və boyları idilər və ölkə əhalisinin böyük əksəriyyətini təşkil edirdilər. Eyni zamanda dağlıq bölgələrdə, əski Andiya və Mazamua ərazisində udinlər, ciqblər, silvlər, herlər, qatlar (xınalıqlılar və buduqlar), leqlər (ləzgilər və laklar), boxlar (ubıxlar), saxurlar və digər qafqazdilli tayfalar da yaşayırdılar. Bu xalqlar azsaylı idilər və ölkənin siyasi, iqtisadi və mədəni həyatında önəmli bir rola sahib deyildilər. Onlar bu gün də Dağıstanda və Azərbaycanın şimaldakı dağlıq ərazilərində yaşamaqdadırlar.

Azərbaycanda yaşayan və sonradan qazaxların, qırğızların, özbəklərin, eləcə də qaraqalpaqların etnogenezində yaxından iştirak etmiş soylardan biri olan albanların adı ilk dəfə miladdan sonrakı yazılı mənbələrdə qeyd edilsə də, onlar eradan əvvəl IV əsrin sonlarında baş vermiş olaylarla əlaqədar yad edilirlər. Azərbaycan türklərinin etnogenezində yaxından iştirak etmiş albanlar əsasən Quzey Azəbaycanda, o cümlədən Qərbi Azərbaycanda (bugünkü Ermənistanda), eləcə də Dağıstanda və bugünkü Gürcüstanın Borçalıdan Tiflisə qədər uzanan geniş ərazilərində məskun olmuş və bu ərazilərdə yaşayan digər türk soylarını – qarqarları, utiləri, massagetləri, dondarları və sairə, eləcə də bir sıra qafqazdilli tayfaları - udinləri, çilbləri, qatları, leqləri, ubıxları, herləri və sairə öz ərafında birləşdirərək, tarixi mənbələrdə "Albaniya" adı altında yad edilən dövlət qurmuşdular.

"Kitabi-Dədə Qorqud"da albanlardan türk xalqlarından biri kimi söhbət açılır və əsərin baş qəhrəmanlarından Qazan xan alpanların, yəni albanların başçısı kimi yad edilir. Şərqşünas alim Süleyman Əliyarov bu barədə yazır:

"Dədəm Qorqud" kitabının araşdırılması Azərbaycanda uzun sürən etno-tarixi inkişafın yeni, "gözlənilməz" bir axarını üzə çıxarmışdır. Drezden nüsxəsində 4-cü boyda Qazan xan ovda olarkən cəsus öz taqavoruna belə bir xəbər gətirir: "Hey, nə oturursan? İtüni ulatmayan, çətügini mövlatmayan alpanlar başı Qazan oğlancuğu ilə sərxoş olub yaturlar."

"Alpanlar" etnik adının başqa bir yerdə də işlənməsi bu anlayışa diqqətlə yanaşmağı tələb edir. 7-ci boyda oxuyuruq: "Ağ-boz atlar çapdırur alpanlar gördüm, ağ işıqlı alpları yanıma saldum”. Bütün tədqiqatçılar sanki gözlərinə inanmayaraq burada işlənən "alpanlar" sözünü "alplar" kimi oxumuşlar. Kitabın rusca çapında isə alpın sinonimi olan "vityazi" şəklində çevrilmişdir. Türkiyəli tədqiqatçı Ergin Drezden nüsxəsində felən rastlaşdığı "alpanlar" sözünü "alplar" sözü ilə əvəz emişdir. Lakin ədalət xatirinə söyləyək ki, o öz kitabının müvafiq yerlərində səhifəaltı elmi-tənqidi çıxarışlarında Drezden əlyazmasında hər iki halda "alpanlar" yazıldığını bildirmişdir.

Kitabda "alpanlar" etnoniminə rast gəlinməsi onun Azərbaycanda baş verən hadisələrlə bağlı olduğunu və Azərbaycanda ərsəyə gəldiyini sübut edən dəlildir. Bu xalq eradan əvvəl IV əsrdən etibarən X yüzilliyə qədər 1500 illik bir vaxt ərzində Azərbaycanda yaşamışdır. Qədim albanların adı bu gün Qubanın "Alpan" kəndinin adında yaşamaqdadır. Qədim albanların birbaşa varisləri olan bu kəndin sakinləri türkdürlər və Azərbaycan türkcəsində danışırlar. Nəzərə alsaq ki, Quba rayonu ərazisində yaşayan bütün qafqazdilli xalqlar, o cümlədən sayları bir neçə min olan xınalıqlılar və buduqlar öz dillərini qoruyub saxlamışlar, albanların başqa bir dildə danışdığı və guya sonradan türkləşdiyini düşünmək, əlbəttə ki, gülüncdür.”

Albanların ən azı erkən orta əsrlərdən Azərbaycan hüdudlarını aşaraq Türküstan tərəflərə də yayıldığını söyləmək olar. Məsələ burasındadır ki, VI əsr müəllifi İordan İskitlər ölkəsinin çox böyük ərazini əhatə ediyini, hunların, sirlərin və albanların gedib çatdıqları uzaq hüdudlara qədər uzandığını yazır. Bu məlumatdan açıq - aydın görünür ki, albanlar da iskitlər kimi Türküstanın son hüdudlarına qədər, yəni Çinə qədər yayılmışdılar. Təsadüfi deyil ki, bu gün qazaxların "alban" adlandırılan qolu məhz Çindəki Uyğur Muxtar Vilayəti ərazisində, başqa sözlə, Şərqi Türküstanda və Monqolustanda, eləcə də Qazaxıstanın Çinlə sərhəd bölgələrində yaşayırlar. Alban-türk xalqının qazax türklərinin etnogenezində yaxından iştirak etdiyini sübut edən məlumatları görkəmli qazax maarifçisi Çokan Vəlixanovun "Seçilmiş əsərləri"nin 4-cü cildinin 326-cı səhifəsində, qırğızların etnogenezində oynadıqları rol barədə məlumatları isə Abromzonun "Qırğızıstan arxeoloji və etnoqrafik ekspedisiyası" məcmuəsinin 1960-cı il, 4-cü buraxılışında dərc edilmiş "Qırğızların etnik tərkibi..." adlı məqaləsində tapmaq olar. Karmışevanın "Tacikistanın özbək-lokay xalqı" kitabının 16-cı səhifəsindəki 2-ci cədvəlində isə albanların özbək türklərinin etnogenezində oynadığı rol barədə mütəxəssisləri maraqlandıra biləcək məlumat bulunmaqdadır. Jdanko özünün qaraqalpaqların tarixi etnoqrafiyasına həsr

etdiyi kitabının 41-ci səhifəsində albanların qaraqalpaq türklərinin də etnogenezində iştirak etdiyini bildirir.

Qiyasəddin Qeybullayevin tədqiqatları nəticəsində məlum olmuşdur ki, alban tayfalarından qarqarlar da türk idilər və onların dili qıpçaq türkcəsi olub. Görünür, qədim Azərbaycanda oğuz türkcəsi ilə yanaşı qıpçaq türkcəsi də yayğın olmuşdur. Hər halda, "Kitabi- Dədə Qorqud"da oğuzlarla yanaşı qıpçaqlardan da gen – bol danışıldığı, bu iki türk xalqı arasında güclü rəqabət hissi olduğu danılmaz faktdır. O da faktdır ki, alban əlifbası məhz qıpçaq - qarqar dili əsasında yaradılmışdı və bu dil Albaniyanın ədəbiyyat və dövlət dili funksiyasını ifa etmişdir. Doğrudur, əski rus-sovet elmindən gələn ənənəyə əsaslanaraq, bir çoxları qarqarları qafqazdilli xalq hesab etməkdə davam edirlər. Lakin cənab fakt tamam başqa şeyi diktə edir.

Fakt budur ki, məşhur qırğız-türk dastanı "Manas"da əsərin qəhrəmanı Manasın atasının mənsub olduğu xalq dastanda gah qarqar, gah da qıpçaq adlanır. Bu fakt akademuk Bartoldun əsərlərinin toplandığı 4 cildliyin 2-ci cildinin 1-ci hissəsinin 541-ci səhifəsində, 55-ci qeyddə təsbit edilmişdir. Abramzonun "Qırğızlar və onların etnoqrafik və tarixi-mədəni əlaqələri" adlı kitabının 46-cı səhifəsində isə XVI əsrdə Qaraqışlaqda baş verən hadisələrlə əlaqədar qıpçaq-qarqar xalqının adı çəkilir.

Çox təəssüflər olsun ki, Musa Kağankatlının “Alban tarixi” və Mxitar Qoşun "Alban salnaməsi" adlı kitabları, bəzi qısa fraqmentlər istisna olunmaqla, dövrümüzədək orijinalda yox, erməni, rus və ingilis dilinə tərcümələrdə gəlib çıxmışdır. Daha doğrusu, onların orijinalları ermənilər tərəfindən gizlədilir. Bu kitablar haqqında bizdə olan təsəvvür Azərbaycan türkcəsinə Ziya Bünyadovun etdiyi tərcümələrə və çətinliklə əldə edə bildiyimiz qısa fraqmentlərə əsaslanır.

Tanınmış dilçi alim Firidun Ağasıoğlunun yazdğına görə, ermənilər “Alban tarixi” kitabını rus dilinə çevirərkən bilərəkdən bir necə ciddi təhrifə yol vermişlər. Onlardan 2-si üzərində xüsusi durmağımıza ehtiyac var.

1. Mesrop Maştots ermənilərə əlifba düzəltdikdən sonra Albanyada qarqarların dilinin bəzi səsləri üçün xüsusi işarələr (nşanqirs) yaradır. Tərcümədə isə qarqar dili əsasında ayrıca bir əlifba yaradıldığı bildirilir.

2. Qarqarların dili ağ xəzərlərin dili (akxazur) ilə eyniləşdirilir. Tərcümədə "akxazur" etnonimi əvəzinə "son dərəcə uyumsuz bir dil" ifadəsi işlədilmişdir.

Deməli, Musa Kağankatlının sözündən belə çıxır ki, Maştots artıq ermənilər üçün yaratmış olduğu əlifbanı bir qıpçaq xalqı olan qarqarların (ağ xəzərlərin) dilinə uyğunlaşdırır. Bunun üçünsə erməni dilində olmayan bəzi qıpçaq səsləri üçün ayrıca işarələr yaradır. Daha doğrusu eyni işarələr bəzi hallarda alban əlifbasında bir, erməni əlifbasında isə digər bir səsi ifadə etmişdir. Bu isə o deməkdir ki, "Alban yazılı ədəbiyyatı" adlandıra biləcəyimiz şey qıpçaq dilində və erməni əlifbasından sadəcə səslənişi baxımından bir neçə işarə ilə fərqlənən əlifba ilə yazılmış mətnlər olmalıdır. Xoşbəxtlikdən bu mətnlər günümüzədək qorunub saxlanmışdır. Fəqət bu yazılı mətnlərin Alban ədəbiyyatının nümunələri olduğu heç kəsin ağlına gəlməmiş, onlar elmi ədəbiyyata, yanlış olaraq, "erməni qıpçaqcası" adı altında daxil edilmişdir. Bu mətnlər barədə Azərbaycan elmi ictimaiyyətinə ilk dəfə görkəmli Azərbaycan türkoloqu mərhum Fərhad Zeynalov məlumat vermişdir:



"Xalis qıpçaq abidələri azdır. Qərbi qıpçaq tayfalarının dilini əks etdirən "Kodeks-Kumanikus", Məmlük qıpçaqcasını əks etdirən ərəbcə-qıpçaqca lüğətlər və eləcə də erməni qıpçaqcasına aid abidələr bir növ istisnalıq təşkil edir...

Xalis qıpçaq xüsusiyyətləri daşıyan abidələrdən bir qismi də erməni qıpçaqcası kimi tanınan abidələrdir. Bu abidələrin əksəriyyəti Ukraynada, Kiyev Universitetinin kitabxanasında mühafizə olunurdu. Onların böyük bir qismi 1944-cü ildə alman - faşist işqalçıları tərəfindən məhv edilib. İndi isə cəmi 28 erməni qıpçaqcası ilə yazılmış abidə qeydə alınıb."

Yeri gəlmişkən qeyd edək ki, mərhum türkoloq ana dilimizin oğuz mənşəli olması, lakin qıpçaq təsirinin də açıq - aydın şəkildə sezilməsi barədə də maraqlı fikirlər söyləmişdir:



"Bugünkü müasir dilimizin spesifik fonetik, leksik və qrammatik xüsusiyyətləri, əlbəttə, onun xalis oğuz mənşəli olmasını sübut edir. Lakin unutmaq olmaz ki, Azərbaycan dili təkcə oğuz dilləri qrupu əsasında formalaşmayıb və formalaşa da bilməzdi. Hələ bu gün də dilimizdə qıpçaq və qismən də karluq-uyğur qrupu dillərinin ünsürləri də qalmaqdadır."

Moisey Xorenatsi və Musa Kağankatlının sözlərindən belə çıxır ki, qarqarların daha bir adı olmuşdur - ağ xəzərlər. Xəzərlərə xüsusi kitab həsr etmiş rus alimləri Artomonov və Pletneva, eləcə də əsərlərində xəzərlərə geniş yer ayırmış Lev Qumilyov ərəb mənbələrinə istinadən xəzərlərin ağ xəzərlər və qara xəzərlər deyə iki əsas yerə bölündüyünü qeyd etmişlər. Əlbəttə ki, bu halda söhbət Albaniya xəzərlərindən-ağ xəzərlərdən, yəni qarqarlardan getməlidir. Erməni tarixçisi Moisey Xorenatsi Azərbaycan ərazisində xəzərlərin adını III əsrdə, gürcü tarixçisi Leonti Mrovelli isə eradan əvvəl VII əsrdə baş vermiş hadisələrlə əlaqədar çəkmişdir. Xəzərlərin adı bugünədək Lerik rayonu ərazisindəki Xəzəryaylaq, Ordubad rayonu ərazisindəki Xəzəryurd, Hadrut və Füzuli rayonları ərazilərindəki Xəzərdağ toponimlərində və ən nəhayət, Xəzər dənizinin adında yaşamaqdadır. Maraqlıdır ki, şərti olaraq "erməni qıpçaqcası" adlandırılan qıpçaqdilli alban ədəbiyyatı nümunələrinin bir qismi - əsasən müxtəlif "İncil" nüsxələri, dua kitabları və digər xristian məzmunlu mətnlərin bir qismi Qərbi Azərbaycan ərazisində, yəni indiki Ermənistan ərazisindəki əlyazmalar fondunda qorunur.

Murad Aci yazır:

"Ermənistanda erməni qrafikası ilə, fəqət türkcə yazılmış qədim müqəddəs kitablar var. Madam ki, erkən Ermənistanda dualar türkcə yazılmışdı, deməli, ibadət heç də suryani dilində yox, türkcə edilirdi. Ermənilər üçün ilk məbədləri kimlər tikmişlər? Nə üçün onların istiqaməti şərqədir?...Bu sualların cavablarını onların divarlarında tapmaq olar-orada türk tamğaları təsvir edilmişdir. Zvartnotsda, Dvində, Cvaridə, Kotavankda, digər yerlərdə türk run yazıları var."

Şübhəsiz ki, bu gün “Ermənistan” kimi tanınan Qərbi Azərbaycandakı kilsələri türklər, yəni albanlar tikmişlər. Ermənilər isə həmin ərazilərə XlX əsrdən ruslar tərəfindən köçürülmüş və alban - türk kilsələrinə sahib çıxmışlar. Deyilənlərə ən gözəl sübut kimi Qərbi Azərbaycanın, yəni bugünkü qondarma Ermənistanın Şirak vilayətinin Artik bölgəsinin XX əsrin 40-cı illərində adı dəyişdirilərək “Ariç” şəklinə salınan qədim Xpçax (Qıpçaq) kəndindəki Xpçaxvəng adlı kilsə və monastrı (XII əsrdə tikildiyi söylənilir) göstərmək olar.

Qərbi Azəbaycanda (bugünkü Ermənistan) qıpçaq – qarqarların çox qədim zamanlardan yaşamış olduqlarını, onların torpaqlarının Ərməniyyə və Kilikiyaya qədər uzandığını erməni (hay) tarixçiləri də etiraf edirlər. Məsələn, A. Akopyan özünün “Albaniya – Aluank qədim yunan – Roma və qədim erməni mənbələrində” (İrəvan, 1987) adlı kitabının 66-67-ci səhifələrində yazır ki, Moksda Qarqar adlı vilayət, Tsopka və Qərbi Kilikiyada iki Qarqar qalası, Lori və Parisosda iki Qarqar kəndi var. Bundan başqa Meğri tərəfdə Qarqar dağının mövcudluğu da məlumdur. Hazırda Qərbi Azərbaycanın (bugünkü Ermənistanın) Zəngəzur bölgəsində qarqarlara aid bir monastır kompleksi də qalmaqdadır. Öncələr “Gərgərvəng” və ya “Qarqarvəng” adı ilə məşhur olan bu monastra bitişik Həzrət Məryəm kilsəsinin tikilməsindən sonra (1283-cü il) daha çox Məryəm kilsəsi və ya “Surb Sion” monastrı kimi yad edilməyə başlayan bu kompleks alban (həm də Azərbaycan) memarlığının ən maraqlı nümunələrindən biridir.

Qarqarlar və onların yaşayış arealı barədə əski erməni (hay) mənbələrində də söz açılmışdır. Məsələn, Moisey Xorenatsi (V əsr) alban əlifbasının qarqar dili əsasında yaradıldığını söyləmiş, Qarqar meydanından və Qarqar məlikliyindən söz açmışdır. Gevond (VIII əsr) Qarqar düzənliyinin, Böyük Vardan (XIII əsr) isə Qarqar vilayətinin adını çəkmişlər. Tovma Artsruni isə türk mənşəli ərəb sərkərdəsi Buğanın Qarqar düzənliyinə gələrək, Bərdə şəhərinə daxil olduğunu yazmışdır. Ümumiyyətlə, əski yazılı qaynaqlarda qarqarlar və onların yaşayış arealı barədə yetərincə məlumat bulunmaqdadır. Məsələn, Strabon qarqarların amazonkalarla qonşuluqda, amazonkaların isə Albaniya üzərində yüksələn dağlarda yaşadıqlarını yazmışdır. Bu xalqın adı Qafqaz və Orta Asiyanın toponomikasında geniş əks olunmuşdur. Bu sırada XIX əsrdə indiki Dağıstanın Teymurxanşura vilayətində qeydə alınmış Qarqar yer adını, Tiflis quberniyasının Tionet və Axalsix uyezdlərində qeydə alınmış Qarqar – meydan, Qarqar – Qutan, Qarqar dağı, Qarqaris və s. toponimlərini, Qəbələ rayonu ərazisində mövcud olmuş Xaraba – Qaraqarı, eləcə də Qarabağla Gədəbəy sərhəddində yerləşən bir neçə Qarqar kəndini (bu gün onlardan biri Gərgər, digəri isə Xarxar adlanır) və Naxçıvan uyezdində qeydə alınmış Xarxar kəndini göstərmək olar.

XIII əsr ərəb müəllifi Yaqut əl-Həməvi Beyləqan yaxınlığında yerləşən Qarqar şəhərini xatırlatmışdır. İbn Xordadbeh (IX əsr) isə Şabran və Dərbənd arasındakı Qarqar şəhərindən söhbət açmaqdadır. Deyilənlərə Qarabağ ərazisindəki iki ayrı Qarqar çayını da əlavə etmək lazımdır. Türkiyə və Cənubi Azərbaycan ərazisində də bir neçə Qarqar, Xarxar, Gərgər adlı yaşayış məntəqəsinin olduğu məlumdur. Qarqarların bir vaxtlar Orta Asiyada da yaşadığını söyləmək olar. Belə ki, Dionisiy Perieqet (II əsr) qarqarların Emod dağlarından Qanq çayı ilə suvarılan torpaqlara qədər geniş bir ərazidə yaşadıqlarını yazmışdır.

Türk – alban dilində, yəni “erməni qrafikası” (əslində alban əlifbası) ilə yazılmış, fəqət türkcə (qıpçaq türkcəsində) olan xristian ədəbiyyatına gəlincə, bu ədəbiyyatın yaranması barədə V əsr erməni salnaməçisi Koroyunun yazdığına görə, hələ o dövrdə Albaniya yepiskopu İremiyanın başçılığı ilə dini kitablar, yəni Bibliya alban dilinə tərcümə edilmişdi. VIII əsr erməni tarixçisi Gevond özünün “Tarix” əsərində bildirir ki, onun dövründə “İncil” bir sıra dillərlə yanaşı alban dilində də tədris edilirdi və alban dilində olan dini kitablar ciddi cəhdlə qorunurdular. Ermənistanın əlyazmalar fondunda araşdırmalar aparan A.D.Ananyan isə müqəddəs Yeliseyin Şərq ölksində - Albaniyadakı fəaliyytindən bəhs edən erməni dilində bir sənəd tapmış və dərc etdirmişdir. Həmin sənədin erməni dilinə alban dilindən tərcümə edildiyini tərcüməçilərin özləri qeyd etmişdilər.

Həmin ərazidə mövcud olan erməni qrafikalı türkdilli dini ədəbiyyata gəlincə, onlar alban ədəbiyyatı nümunələrindən başqa bir şey deyildir. Bu ədəbiyyatın qələmə alındığı əlifbanın erməni əlifbası ilə eyni mənşəli olması, eləcə də ortaq din xristian albanların müəyyən bir hissəsinin zamanla erməniləşməsinə səbəb olmuşdur. Bununla belə, çox sayda nümunəsi (onminlərcə səhifə) Polşa, Rusiya, Avstriya, İtaliya, Rumıniya, Ukrayna və Ermənistanda qorunub saxlanmış qıpçaqdilli alban ədəbiyyatını tədqiqatlara cəlb etmək, onları dərindən öyrənmək ən azı Albaniyanın tarixini, Azərbaycanda baş vermiş etnik və etnolinqvistik prosesləri dərindən başa düşmək baxımından çox vacibdir.

Əldə olan təkzibedilməz sənədlər qıpçaq mənşəli qarqar dilinin Albaniyanın dövlət dili olduğunu və bu dildə beynəlxalq yazışmaların aparıldığını söyləməyə tam əsas verir. Məsələn, 505–ci ildə bugünkü İran ərazisində yaşayan xristianlara ünvanlanmış erməni dilində olan bir məktubda deyilir:

Biz sizə daha öncə öz aramızda razılaşaraq, erməni, gürcü və alban dillərində, həmin dillərin yazısı ilə məktub yazmışdıq. İndisə eyni şeyi təkrar edirik.”

Artıq qeyd etdiyimiz kimi, sözügedən mətnlər elm aləmində “erməni qıpçaqcası” adı altında tanınmaqdadır. Bu həqiqətdən uzaq ifadənin geniş yayılmasının əsas səbəblərindən biri Ukrayna ərazisində bir vaxt özləri kimi köçkün olan ermənilərlə iç-içə yaşayan albanların (qıpçaqların) yerli erməni məhkəməsinin xidmətlərindən istifadə etməsi və onun bütün sənədlərini ana dillərində tərtib etmələri, bir qismini isə erməni dilindən tərcümə etmələri olmuşdur. Elə bu da həmin mətnlərin tədqiqatçılarını çaşdırmışdır. Halbuki, sözügedən sənədlərin bir qisminin erməni dilindən tərcümə olduğu həmin sənədlərin üzərində qeyd edilmişdir. Elə bu fakt da mətnləri ilk dəfə ətraflı tədqiq edən görkəmli rus şərqşünası, əslən karaim türklərindən olan A.Krımskini yanıltmış və o, məsləhətçiləri qismində çıxış edən erməni köməkçilərinin təlqin və təşviqi ilə bugünkü Ukrayna ərazisində yaradılmış mühacir alban ədəbiyyatının dilini “erməni qıpçaqcası” kimi təsbit etmiş, həmin ədəbiyyatın yaradıcılarının isə guya ana dillərini unudaraq, qıpçaq türkcəsinə keçən ermənilər olduğunu söyləmişdir.

Şübhəsiz ki, onun bu fikri yanlışdır. Əgər sözügedən ədəbiyyatın yaradıcıları gerçəkdən də dillərini unutmuş ermənilər olmuşsa, bəs, çox sayda erməni mətnlərini öz “yeni” dillərinə necə tərcümə etmişlər? Bilmədiyin, unutduğun bir dildən çox sayda tərcümə etmək mümkündürmü? Və niyə guya “tərcümə” edilən əsərlərin böyük əksəriyyətinin müəllifi erməni yox, məhz albanlardır? Söhbət X əsrdə özünü Albaniya xanı elan edən, çox sayda alban məktəbləri açdıraraq, həmin məktəblərdə tədris edilmək üçün alban dilinin qrammatikasını qəlmə alan Qriqori Hamama, tanınmış hüquqşünas və ilahiyyatçı alim Mxitar Qoş, onun şagirdi Vardapet Vanağan, Vanağanın şagirdi, tanınmış tarixçi Kirakos Gəncəli, Albaniya katalikosu Nerses və s. bu kimi məşhur alban müdriklərindən gedir.

Elm aləmində “Erməni qıpçaqcası” adlandırılan yazıların və ədəbiyyatın gerçəkdən də albanlara məxsus olduğunu təkzibedilməz şəkildə sübut edə bilməmiz üçün hər hansı bir alban müəllifinin həmin dildə, yəni qıpçaq türkcəsində və erməni (əslində alban) əlfbası ilə yazılmış sadəcə bircə sətirini əldə etməmiz yetərli idi. Bizim isə əlimizdə hər hansı bir alban müəllifin bircə sətri yox, çox sayda tanınmış alban müəllifinin əsərləri, eləcə də Qriqori Hamamanın “Alban dilinin qrammatikasına həsr etdiyi dialoqları, çox məşhur bir albanın, ayrıca bir “Alban salnaməsi” yazmış böyük alban maarifçisi Mxitar Qoşun “Törə bitiki” (Qanunlar toplusu) adlı kitabının bütöv bir parçası, eləcə də Kirakos Gəncəlinin “Tarix” kitabının II fəslinin böyük bir hissəsi kimi təkzibedilməz dəlillər var. Bu sıraya alban katalikosu Nersesin dövrümüzədək tam şəkildə ulaşmış moizəsini də əlavə etmək lazımdr.

Sevgidəyər oxucuların nəzər-diqqətinə təqdim edilməkdə olan bu Sözlük, müəyyən bir qismi “Qafqaz albanlarının dili və ədəbiyyatı”, eləcə də rus dilində qələmə aldığımız “Письменное наследие Кавказских албан” (Qafqaz albanlarının yazılı irsi) adlı kitablarımızda təqdim edilmiş çoxsaylı alban (qarqar-qıpçaq) mətnlərinin leksik tərkibini əks etdirməkdədir. Bu sırada “Qriqori Hamamanın “Alban dilinin qrammatikası” əsərinin dövrümüzədək ulaşmış bir fraqmentini və orada işlənmiş zəngin “söz baqajını” da yaddan çıxarmamaq lazımdır ki, həmin fraqmenti “Qriqori Hamama və onun alban (qarqar-qıpçaq) dilində qələmə aldığı “Alban dilinin qrammatikası” əsərindən bir fraqment” adlı məqaləmizdə tam olaraq vermişik.

Sözlüyə hazırda Avstriya, Ermənistan, İtaliya, Polşa, Rumıniya, Rusiya və Ukraynanın kitabxana və əlyazma fondlarında qorunub saxlanmaqda olan və ayrı-ayrı vaxtlarda müxtəlif tədqiqatçılar tərəfindən dərc edilmiş olan albandilli mətnlərdə rast gəlinən bütün türk mənşəli söz və ifadələr işləndikləri şəkilçilərlə birlikdə daxil edilmişdır.

“Alban türkcəsi Sözlüyü”:

a) sözlərin düzgün işlənmə formalarını göstərməyi;

b) onları digər türk ləhcə və şivələrindəki analoqları ilə qarşılaşdırmağı;

c) hər bir kəlmənin və ya onun mənasının işləndiyi sahənin hüdud və çərçivəsini müəyyən etməyi;

ç) sözlərin hansı anlama gəldiyini və hansı tərkiblərdə işləndiyini müxtəlif yazılı qaynaqlardan götürülmüş sitat və ya məsəllərlə göstərməyi;

d) sözlərin qrammatik izahına müəyyən yer verməyi nəzərdə öngörməkdədir.

Qafqaz albanlarının dilində işlənmiş, ümumişlərlik qazanaraq “özünküləşdirilmiş” alınmalar, yəni suryani, orta fars, yunan, ərəb, yeni fars və s. mənşəli bütün sözlər Sözlüyə daxil edilib. Azərbaycandan kənarda yaşamş mühacir albanların dilinə sonrakı əsrlərdə keçmiş çoxsaylı Avropa, xüsusən də slavyan mənşəli sözlərin də bir qismi Sözlükdə əksini tapıb. Bununla belə, əsas məqsəd oxucuları məhz Azərbaycanda və ümumilikdə Qafqaz ərazisində danışılmış alban türkcəsi və onun leksik bazası barədə maksimum məlumatlandırmaqdır.

Təqdim edilən Sözlük filoloji lüğət mahiyyəti daşıdığından onun vəzifəsi oxucunu bəhs edilən əşya və hadisənin özü ilə tanış etmək deyil, sadəcə sözün özünü anlamaq üçün yetərli olacaq bilgi verməkdən, yəni onun leksik mənasını izah etməkdən ibarətdir. Odur ki, bu Sözlükdən əşya və hadisələr haqqında tam və əhatəli bilgi tələb etmək doğru olmaz, çünki bu tip bilgiləri vermək lüğətlərin deyil, ensiklopediyaların funksiyasına daxildir. Bu səbəbdən də sevgidəyər oxucular Sözlükdə verilən sözlərin mənaları ilə tanış olarkən onların mümkün qədər qısa və yığcam mənalarının verildiyini nəzərə almalıdırlar. Lakin zəruri hallarda bəzi istisnalara da yol verilmişdir.

Yuxarda qeyd edildiyi kimi, “Alban türkcəsi Sözlüyü” indiyə qədər nəşr edilmiş bütün albandilli mətnlərin, ilk növbədə də Qriqori Hamama, Mxitar Qoş, Vardapet Vanakan (Vanağan), Kirakos (Giraqos) Gəncəli, Albaniya katalikosu Nerses, Yohannes Sarğavaq kimi tanınmış alban mütəfəkkirlərinin əsər və moizələrinin, eləcə də dövrümüzədək alban dilinə tərcümədə yetişmiş dini kitabların bütün leksikasını əks etdirməyi nəzərdə tutur. Lakin bu heç də o demək deyil ki, heç bir söz gözdən qaçmamşdır. Biz bu iddiada deyilik, çünki böyük mütəxəssislər qrupunun, institutların tərtib etdiyi ən təkmil lüğətlər belə qüsursuz deyillər və tam kamil sayıla bilməzlər. Bizim təkbaşına gerçəkləşdirməyə girişdiyimiz işdən də ideal kamillik gözləmək, əlbəttə ki, böyük səhv olar. Çünki istənilən dil elə böyük və zəngin xəzinədir ki, onu sınırlı zaman kəsimində tam qavramaq və mənimsəmək imkan xaricindədir. Hətta elə də ola bilər ki, mənasını tam qavraya bilmədiyimizdən bəzi söz və ifadələrin anlamı düzgün şərh edilməmiş olsun. Bu da oxucularımızı qane və təmin etməsin. Ümidvarıq ki, bu tip yanlışlıqları üzə çıxaracaq dostlarımız üzərimizə düşən yükün böyüklüyünü və imkanlarımızın məhdudluğunu göz önündə tutaraq bizi qınamayacaqlar.
SÖZLÜKDƏN İSTİFADƏ QAYDALARI
Sözlükdə yer alan kəlmələr aşağıdakı qruplara aiddir:


  1. Klissik alban (qarqar-qıpçaq) dilinin ayrılmaz hissəsini təşkil edən xüsusi və terminoloji sözlər;

  2. Tarixi və əfsanəvi (mifik) şəxs adları;

  3. Müxtəlif millət, xalq, tayfa və ümmətlərin adları;

  4. Dini ayinlərlə bağlı doğma və alınma terminlər;

  5. Səs təqlidi yolu ilə düzəldilmiş sözlər;

  6. Miqdar və sıra sayları;

  7. Substanivləşən (isimləşən) və ya sifət kimi işlənən feli sifətlər;

  8. Mürəkkəb sözlər və onların sözdüzəltmə baxımından məhsuldar olan tərkib hissələri;

Sözlərin Azərbaycan əlifbası sırasına uyğunlaşdırılmış ardıcıllıqla təqdim edildiyi Sözlükdə alban dilinə xas olan, fəqət Azərbaycan əlifbasında olmayan sonor “n” (səğir nun) səsini ifadə etmək üçün “nq” hərfbirləşməəsindən, eləcə də bəzi alınma sözlərdə rastlanan və dilimizdə analoqu olmayan “t+s” qarışıq səsini ifadə etmək üçün isə rus əlifbasında həmin səsi verən “ц” hərfindən istifadə edilməkdədir. Azərbaycan türkcəsində işlənməkdə olan və eyni fönetik işarə (k) ilə ifadə edilən “k” (karandaş) və “k” (kitab) səslərini, Azərbaycan oxucusunun onları bir-birindən fərqləndirməyə alışdığını və hər hansı bir mətn və ifadəni oxuyarkən bu baxımdan heç bir çətinliklə üzləşmdiyini göz önündə tutaraq, eynən Azərbaycan əlifbasında olduğu kimi bir işarə ilə verməyi lazım bilmişik.

Sözlükdə sözlər aşağıdakı hərflərə uyğun qaydada düzülmüşdür:



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə