BəxtiyarTuncay Kimmer xanları Tuqdamme (Toxtamış) və Sandakşatranın (Sandaqaçın) kurqanları Türkiyədədir



Yüklə 90,07 Kb.
tarix15.03.2018
ölçüsü90,07 Kb.
#31817

BəxtiyarTuncay

Kimmer xanları Tuqdamme (Toxtamış) və Sandakşatranın (Sandaqaçın) kurqanları Türkiyədədir

http://img-fotki.yandex.ru/get/9800/32225563.cc/0_c33b3_f78136c1_orig

Bintəpə kurqanların bir qismi qədim Lidiyanın paytaxtı Sardın 12-15 km şimalında yerləşən Bintəpə ərazisində qeydə alınıb. Onların sayı həddən artıq çoxdur. Bu kurqanlar e.ə. VII-VI əsrlərə aid edilirlər. Onların bəzsis olduqca böyükdür və dünyanın ən böyük kurqanları cərgəsinə daxildir. Çox təəssüflər olsun ki, bu kurqanlar dünyaya «Lidiya kurqanları», onlardan ən böyüyü isə «Lidiya şahı Aliattın məzarı» kimi saxta adlarla tanıdılmaqdadırlar (Древняя традиция).

Aliatt haqqında nə bilirik?

Tarixdə bu adda bir neçə Lidiya hökmdarı olub. Bu halda söhbət Lidiyanın axırdan əvvəlki şahından gedir. Bintəpədəki ən böyük kurqanın onun məzarı olduğu iddia edilir (Древняя традиция).

Əldə olan mənbələrdən belə məlum olur ki, Aliatta (e.ə. 617-560) işquzların yardımı ilə kimmerlərin Lidiya üzərindəki hakimiyyətinə son qoymuşdu. Midiya şahı Kiaksar Midiyadan qaçaraq Aliatta sığınan işquz xanlarının qaytarılmasını tələb etmiş, o isə buna etiraz etdiyi üçün Lidiya ilə Midiya arsında savaş başlamışdı. Tərəflərdən heç birinin qalib gələ bilmədiyi bu savaş günəş tutulması səbəbindən dayandırılmış, Aliatta qızını Kiaksarın oğlu Astiaqa ərə verməklə iki ölkə arasında sülhə nail olmuşdu (Алиатт, 1973-1982). İşquz xanlarının bir qismi Lidiyada qalmış, digər qismi isə kimmerləri təqib edərək Qara dənizin şimal sahillərinə getmişdilər. Herodot onları «skif» adlandırır.

Bu məlumatı əldə əsas tutaraq, Bintəpədəki e.ə. VII əsrə aid kurqanları kimmerlərə, e.ə. VI əsrə aid kurqanları isə işquzlara, başqa sözlə skiflərə aid edə bilərik. Onlardan ən böyüyünün isə guya Aliatta aid olması hər daşın altında hindavropalıların izini axtaran avroplaı alimlərin uydurmasından başqa bir şey deyildir.

Aliattaya aid edilən kimmer kurqanı dünyanın ən böyük kurqanıdır. Onun hündürlüyünün 70 m çatdığı məlumdur. Digər kimmer kurqanlarında olduğu kimi, burada da tək dəfn etmə adətinin icra edildiyi düşünülür. Çünki kimmer kurqanlarında kollektiv dəfnin izlərinə, demək olar ki, rast gəlinməmişdir. Bu kurqanların, demək olar ki, hamısı, o cümlədən Aliatta aid olduğu iddia edilən kurqan hələ qədim zamanlarada talan edilmişdir. Bu kurqandan nəinki hər hansı bir arxeoloji material, skelet belə tapılmamışdır.


http://img-fotki.yandex.ru/get/9818/32225563.cb/0_c333f_a578e853_orig
Kimmer xanı Tuqdammenin (Toxtamışın) kurqanı. Bu kurqanın Aliatta aid olduğu iddia edilir
Fikrimizcə, bu kurqan kimmer xaqanı Tuqdammeyə (Toxtamışa) aid olmalıdır və Aliatta hec cür aid ola bilməz. Çünki Herodotun təsvirinə görə Aliattın məzarı daş plitələrdən qurulmuşdu və o, açıqda idi, yəni gözlə görünürdü (Древняя традиция). Kurqanların qəbir kameraları da daş pilitələrdən qurulur. Amma onlar torpaq altında qaldığından görünmür. Bir də Aliattın məzarının yaxınlığında suyu heç vaxt qurumayan göl olub (Древняя традиция). Bintəpədə isə heç bir göl yoxdur. Bu halda söhbət Bozdağdakı Gölvükdən, və ya bir vaxtlar Manisanın Sarıgöl elçəsinin yerində mövcud olmuş eyniadlı göldən gedə bilər. Həmin elçənin Sarıgölün qurudulmasından sonra qurulduğu məlumdur. O da məlumdur ki, həmin ərazi Lidiya dövlətinin ərazisinə daxil idi. Əldə olan məlumata görə, Saiyra (İzmir) Magnesia (Manisa), Sardes (Sard), Filedelfia (Alaşehir) ve Hiyerapolisə (Pamukkale) ulaşan quru yolu Sarıgöln kməktə ve Sarıgöl bu yol üzerinde üçüncü qonaqlama yeri olaraq istifadə edilməkdəydi. (Sarıgöl). Odur ki, Lidiya krallarının məzarlarını, o cümlədən Aliattın məzarını oralarda axtarmaq daha doğru olar.

Məlumat üçün bildirək ki, bu böyük türk hökmdarı haqqında ilk məlumatlarda onun Kiçik Asiyanın qərb sahillərindəki yunan şəhərlərini ələ keçirməsindən bəhs edilir. Bundan sonra o, Assuriyaya üzərinə hücuma keçmiş, assurları tabe etmişdir (e.ə. 653-cü il). Assur mənbələri ondan «sakların və qutilərin hökmdarı», «kimmerlərin şahı», «Umman-Manda şahı» və «dünyanın hökmdarı kimi» bəhs etmişdir.

Daha sonra üsyan edən Lidiya üzərinə hücuma keçən Tuqdamme onun paytaxtı Sard şəhərini ələ keçirmiş, Artemida mədəni yandırmış və Lidiya şahı Qiqi məhv etmişdir (e.ə. 644). Elə həmin dövrdə də İoniya və Efesdə kimmer hakimiyyətini bərqərar etmişdir. Ondan sonra kimmerlərin taxt-tacına oğlu Sandakşatra yiyələnmişdir (Rea Cam., 2008, pp. 127-144).

Tuqdamme özündən əvvəlki kimmer hökmdarı Teuşpanın fəthlərini davam etdirmiş, Anadolunun qərb sahillərinədək gəlib çıxa bilmişdi. Onun və Sandakşatranın hakimiyyəti dövründə, demək olar ki, Anadolunun tamamı kimmerlərin əlinə keçmişdi. Tarixi mənbələrdən bunlardan sonuncusunun VII əsrin sonlarında yaşadığı bilinməkdədir (Rea Cam., 2008, pp. 140, 144). Çox güman ki, Bintəpədəki kurqanlardan biri Sandakşatraya aiddir. Görünür, məhz onun hakimiyyəti dövründə Aliatt işquzların (skiflərin) köməyi ilə kimmerlərin hakimiyyətinə son qoya bilmişdir.

Burada işquzlar və saklar mövzusuna da ayrıca toxunmaq lazımdır.

Saklar barədə Yeni Türk Ensiklopediyasında yazılmışdır: «Saklar (e.ə. Vll-lll əsrlər) türklərin tarix öncəsinin, Teoman və Metedən öncəki türk tarixinin ən mühüm siyasi quruluşudur, sakların qurduğu dövlətdir... Yunanların "ska" dediyi qövmdür. Xanədan və hakim ünsür türkdür... Sakların ən böyük hökmdarı iranlıların Əfrasiyab dedikləri Alp Ər Tonqadır. Türkləin yetişdirdiyi ilk böyük tarixi şəxsiyyətdir» (Yeni Türk Ansiklopedisi, 1985, Xl, s. 4363).

Artıq qeyd edildiyi kimi, Herodot yunanların "skif" çağırdıqları xalqlara farsların "sak" dediklərini yazmışdır. Bunun gerçəkdən də belə olduğunu fars-Əhəməni şahı Daranın Nəqşi-Rüstəmdəki kitabəsi də sübut etməkdədir. Bu kitabədə üç növ saklardan söhbət açılmaqdadır: xaumvarqa sakları (şərab bişirən saklar), tiqraxauda sakları (oxpapaq və ya şişpapaq saklar) və taradrava sakları (dənizin arxasında yaşayan saklar) (Гасанов З., 2000, s. 54).

Daha qədim mənbələrdə, yəni e.ə.Vlll-Vll əsrlərə aid mənbələrdə isə əsasən iki sak xalqından söhbət açılır. Onlardan biri kimmerlərlə eyniləşdirilir (Грантовский Э. А.,1960, c. 84), digəri isə həm də "işquz" adı altında yad edilir. Birincilərdən Manna sakinləri kimi söhbət açılır: «Manna ölkəsində oturan...Mana ölkəsindən çıxıb Urartuya hücum edən... Aşşur (Assuriya) sınırlarını aşıb yağmalar edən» (Ağasıoğlu F., 2005, s. 106).

Bunlar kimmerlərdir, çünki eyni xalqdan ll Sarqonun kitabəsində "qamir" (kimmer) kimi söz açılır: «Qameraa (kimmelər) mannalıların ölkəsindən çıxıb Uratuya daxil oldu... bütün Urartu qorxu içindədir» (Ağasıoğlu F., 2005, s. 107).

Maraqlıdır ki, Assur mənbələri onlardan qəsbkar, yağmalar törədənlər kimi söz açır. Bisitun kitabəsinin farsdilli hissəsində də saklardan qəsbkar kimi söz edilir və məhz həmin saklar eyni kitabənin akkad variantında "kimmer" adlandırılır: «Saklar qəsbkar idilər və Ahura Məzdaya hörmət etmirdilər.Mən Ahura Məzdaya hörmət edirdim. Ahura Məzdanın mərhəmətilə mən onlarla öz istəyimə uyğun rəftar etdim» (Oğuz Y., 2002, s.105).

Artıq qeyd etdiyimiz kimi, bu sakların kimmerlərlə eyniləşdirilməsi keçmişin ənənələri ilə bağlı olmuşdur. Yəni bir zamanlar bu saklar kimmerlərin hakimiyyəti altında yaşamış olduqları üçün uzun müddət xüsusi "sak" (şakı) adı ilə yanaşı ümumiləşdirici "kimmer" adını da daşımışlar. Bu saklar utilərin, yəni paytaxtı Bərdə (Partav) şəhəri olan Uti vilayətinin qonşuluğunda yaşayan saklar idi ki, b.e. Vll əsrinə qədər Kür və Araz çayları arasında yaşamaqda davam edirdlər və həmin ərazidəki Sakasena (Şakaşen) ölkəsinin sakinləri idilər. Lakin belə olan halda, həmin sakların Mannaya heç bir dəxli olmur. Çünki belə hesab edilir ki, Manna Cənubi Azərbaycanda, Urmiya gölünün cənubunu və şərqini əhatə edən bir ölkə idi (Azərbaycan tarixi, 1994, s. 86; Qaşqay S., 1993, s. 48) və Quzey Azərbaycan ərazisi onun sınırlarına daxil deyildi. Əgər bu fikir doğrudursa, o zaman birmənalı şəkildə söyləmək olar ki, iki müxtəlif (biri quzeydə, biri isə güneydə) Sakasena olduğunu iddia edən Qiyasəddin Qeybullayev (Гейбуллаев Г. А., 1991, c. 321) haqlıdır və sözügedən Sakasenanın Manna ərazisindəki Sakasenaya, birinci Sakasenada yaşayan sakların isə "Manna sakları"na heç bir aidiyyatı yoxdur.

Lakin Solmaz Qaşqay arxeoloji materiallara istinadən, haqlı olaraq göstərir ki, müəyyən dövrlərdə Mannanın sərhədləri Araz çayından şimala uzanmış və Manna dövləti özünün gücləndiyi dövrlərdə geniş bir ərazini əhatə etmişdir (Qaşqay S., 1993, s. 69). İlkin mənbələrin diqqətlə incələnməsi bu müddəanın tam doğru olduğunu, Manna ərazisinin düşünüldüyündən çox-çox böyük olduğunu, təkcə Güney və Quzey Azərbaycanı deyil, eyni zamanda bugünki Dağıstan və Çeçenistanı da içinə aldığını göstərir. Bu məsələyə keçməmişdən öncə qeyd edək ki, mütəxəssislərin, demək olar ki, hamısı (V. Struve, İ. Dyakonov, K. Trever, İ. Əliyev, V. Minorski, A. Novoseltsev) tək bir Sakasenadan söhbət açmış və onun Gəncə ilə Urmiya gölü arasında uzandığını, yəni həm Quzey, həm də Güney Azərbaycanı əhatə etdiyini qeyd etmişlər (Гейбуллаев Г. А., 1991, c. 321). Məsələn, İ. Dyakonova görə, skiflərin məskənini Manna torpaqlarının şimal sərhəddində, Araz çayı və ondan şimaldakı torpaqlarda lokalizə etmək lazımdır (Дьяконов И. М., 1956, c. 250). İ. Əliyev isə qeyd edir ki, skiflərin məskəni Azərbaycanın həm cənubunu, həm də şimalını əhatə etmişdir (Алиев И., 1960, c. 230, qeyd 5). M. İsmayıl da eyni fikirdə olmuşdur (İsmayıl M., 1955, s. 11). Arxeoloji tədqiqatlar nəticəsində isə məlum olmuşdur ki, sakların yaşayış arealına bugünkü Gürcüstan ərazisi də daxil idi (Пирцхалава М.С., 1975).

Məlum olduğu kimi, "Sakasena" adına antik müəlliflərin, "Şakaşen" adına isə erməni müəlliflərinin əsərlərində rast gəlinmişdir. Saklardan gen-bol söz açan assur mənbələrində isə bu toponimə rast gəlmirik. Əvəzində isə assur və Urartu mənbələrində paytaxtı Parda (Bərdə) olan Saqarta (Zikertu) toponimi ilə rastlaşırıq və bu toponim mənbələrdə Mannanın əyalətlərindən biri kimi qeyd edilir (Qaşqay S., 1993, s. 63).

Doğrudur, həmin ölkənin Cənubi Azərbaycanda Miyanə və Ərdəbil arasında yerləşdiyi hesab edilir (Qaşqay S., 1993, s. 63), lakin faktlar bu ehtimalı nəinki təsdiqləmir, əksinə söhbətin məhz Bərdə ətrafındakı ərazilərdən getdiyini sübut edir. Məsələ burasındadır ki, saqartalılardan söhbət açan Herodot onları utilərlə birlikdə yad edir (Гейбуллаев Г. А., 1991, c. 147), utilərin isə Araz çayı yaxınlarında yaşadıqlarını göstərir (Гейбуллаев Г. А., 1991, c. 143). Və məsələ təkcə bu faktla bitmir.

Məlum olduğu kimi, Mannanın əyalətlərindən biri də Andiya idi. Bu əyalətin adına ilk dəfə lll Salmanasarın, daha sonra isə lll Adadnerarinin kitabələrində rast gəlinir (Qaşqay S., 1993, s. 64). Mütəxəssislər lll Adnerarinin kitabəsində söylənilənlərə istinadən, Andiyanın Xəzər sahillərində yerləşdiyi fikrində yekdil olmuşlar (Меликашвили Г. А., s. 75 сн 2; 132.165).

Q. Melikaşvili Saqartanın (Zikkertunun) paytaxtı Parda şəhəri ilə Azərbaycandakı Bərdə, eləcə də Andiyanın adının Dağıstandakı Andi toponimi ilə eynilik təşkil etdiyinə diqqət çəkmiş, fəqət bunu mannalıların guya qafqazdilli olduqlarını "sübut" etmək üçün etmişdir (Меликашвили Г. А., s. 60). Bu alim Andiya və Andi toponimləri arasındakı eyniliyi göstərməklə, əslində bizə Andiyanın harada olduğunu göstərmişdir. Biz də bu fikirdəyik ki, Andiya əyaləti Xəzər dənizi sahilində yerləşən bugünkü Dağıstan ərazisini əhatə etmişdir və qafqazdilli andi (andiyalı) xalqının adı ilə bağlı olmuşdur. Məlimat üçün bildirək ki, andilər (andiyalılar) Dağıstan xalqlarından biridir və bu gün də varlıqlarını sürdürməkdədirlər. Fəqət sovet dövründə onların milli kimlikləri inkar edilmiş və avarların bir qolu olduqları iddia edilmişdir (Брук С. И.,1986, c. 166). Hazırda Dağıstanda mövcud olan iki Göysu çayından biri avarların adı ilə "Avarskoye Koysu", digəri isə andilərin adı ilə "Andiyskoe Koysu" adlanmaqdadır.

Maraqlıdır ki, ll Sarqonun müttəfiqi kimi çıxış edən Manna hökmdarına qarşı Urartu çarının təhriki ilə üsyan edən Saqarta (Zikkertu) və Andiya əhalisini cəzalandırmaq üçün bu ölkələrə hücuma keçən ll Sarqon öncə saqartalı, daha sonra isə andiyalı üsyançıları məhv etmişdir. Yəni o, öncə Saqartaya (Zikkertuya) gəlmiş, daha sonra isə Saqartadan keçərək Andiyaya daxil olmuşdu (Azərbaycan tarixi, 1994, s. 98-99). Bu da təbiidir, çünki Dağıstana getmək üçün mütləq Quzey Azərbaycandan keçmək lazımdır.

Mannanın digər bir əyalətinin də "Durdukka" olduğu və burada eyniadlı şəhərin bulunduğu məlumdur (Azərbaycan tarixi, 1994, s. 96). Q. Melikaşvili haqlı olaraq göstərmişdir ki, Durdukka çeçenlərin əski adı olan "durdzuk" (Dağıstanda bu gün də çeçenlərə "durdzuk" deyirlər) etnonimi ilə bağlıdır (Меликашвили Г. А., s. 60). Eyni etnonimə Xl əsr gürcü tarixçisi Leonti Mrovellidə də rast gəlmək mümkündür (169. 85). O, eyni zamanda durdzuklarla yanaşı, andilərin, daha doğrusu, andiyalıların bir qolu olan didoyların da (Брук С. И.,1986, c. 166) adını çəkmişdir (Ковалевская В. Б.,1984, c. 85).

Bütün bu faktlar sübut edir ki, Manna gücləndiyi vaxtlarda Quzey Azərbaycan ərazisi ilə yanaşı, Dağıstan və Çeçenistanı da öz sərhədləri içərisinə daxil edə bilmişdi. Saqarta da Mannanın bir parçası idi. Onun mərkəzi Bərdə olsa da, ərazisi Azərbaycanın həm quzey, həm də güney ərazilərini əhatə edirdi. Mənbələrdən belə aydın olur ki, həmin dövrdə "sak" adı Azərbaycan əhalisinin mühüm bir hissəsinin ümumiləşdirici adı kimi çıxış edirmiş (Azərbaycan tarixi, 1994, s. 127-128). Məsələn, Aşşur mənbələrində Bərdənin Uti vilayətinin deyil, Saqartanın (Zikkertunun) mərkəzi kimi göstərilməsi o deməkdir ki, həmin dövrdə utilər (udulular) üçün də "sak" adı ümumiləşdirici ad idi. Yəni utilər də sak ittifaqına daxil idilər.

Mənbələrdən belə aydın olur ki, Azərbaycanın şimal-qərbində, Xəzər sahillərində yaşamış massagetlər də bir vaxtlar bu ümumiləşdirici ad altında çıxış etmişlər (İsmayıl M., 1955, s. 11-12). Sonrakı dövr mənbələrində "maskutlar" adlandırılan bu xalqın bəzi mütəxəssislərin fikrincə, Dərbəndlə Beşbarmaq dağı arasında (Еремян С. Т., 1958, c. 304), digər mütəxəssislərin fikrincə isə, Kür çayına qədər olan ərazilərdə və Muğanda (Ашурбейли С. Б., 1985, c. 19) yaşadıqları bildirilimişdir. Antik müəlliflərin massaget kimi söz açdıqları həmin xalqın adı ilk dəfə Sasani şahının Paykulidəki yazısında, daha sonra isə isə erməni müəlliflərinin əsərlərində "maskut" kimi çəkilməkdədir (Касумова С. Ю., 1985, c. 53). Ammian Marselinin yazdığına görə, massagetlər alanların əcdadları olmuşlar, Valeriy Flak isə massagetləri midiyalılarla birlikdə yad etmişdir (Гейбуллаев Г. А., 1991, c. 174-175).

Herodot massaget tayfaları barədə yazırdı ki, «bu xalq qədərsiz və cəsur hesab edilir, şərqdə Araz çayının o tərəfində issidonlarla üzbəüz yaşayır. Bəzilərinin ikrincə, bu skif xalqıdır» (Azərbaycan tarixi, 1994, s. 124). Dion Kassi Arazdan şimalda yaşayan albanları massaget mənşəli hesab edirdi. Strabon qeyd etmişdir ki, skiflərin böyük bir hissəsi massaget və sak adını daşıyırdılar (Azərbaycan tarixi, 1994, s. 124) və Araz çayı sahilində yaşayırdılar (Алиев К., 1987, c. 25). Əhəməni şahlarının yazılarında ayrıca "massaget" adına rast gəlinmir və onlar da ümumiləşdirici "sak" adı altında tanınırdı. Və maraqlıdır ki, Prokopiy, Musa Kağankatlı, Dionisiy Perieqet və erməni mənbələri massagetləri hunlarla eyniləşdirmişlər (Azərbaycan tarixi, 1994, s. 118; 66. l, XlV fəsil; Гейбуллаев Г. А., 1991, c. 177; Пигулевская Н. В.,1939, c. 114).

Yuxarıda qeyd edildiyi kimi, Əhəməni şahı Daranın Nəqşi-Rüstəmdəki kitabəsində üç növ saklardan söhbət açılmaqdadır: xaumvarqa sakları (şərab bişirən saklar), tiqraxauda sakları (oxpapaq və ya şişpapaq saklar) və taradrava sakları (dənizin arxasında yaşayan saklar) (Гасанов З., 2000, s. 54).

Daha qədim dövrə aid aşşur mənbələrindən belə aydın olur ki, bunlardan biri kimmerlərlə eyniləşdirilən saklar idi. Həmin mənbələr sayəsində bu sakların hökmdarlarının adı da dövrümüzədək ulaşmışdır. Bunlar Teuşpa, İşpakay, Tuqdamme və onun oğlu Sandakşatradır. Aşşur hökmdarları Teuşpa ilə e.ə. 678-ci, Mannalıların köməyinə gələn İşpakayla e.ə. 670-ci ildə döyüşmüş və onlara qalib gəlmişdilər (Ağasıoğlu F., 2005, s. 107).

Asarhaddonun kitabəsindən belə məlum olur ki, aşşurlar saklardan çəkinirmişlər: «Müəyyən edilmiş bu müddət ərzində Manna vilayətində yaşayan və Manna ölkəsinin hüdudlarına gəlmiş sak ordusu bir qəsd hazırlayırmı? Bir şey fikirləşirmi? Hubuşkiya şəhərinin keçidini... keçəcəklərmi, gələcəklərmi, Aşşur sərhəddindən böyük qənimət, əsirlər aparacaqlarmı?» (Azərbaycan tarixi, 1994, s. 105).

Eyni kitabədən belə aydın olur ki, döyüşdə saklar məğlub olurlar və bu Manna dövlətinin süqutu ilə nəticələnir: «Mən Manna ölkəsinin sakinlərini, dinc oturmayan kutiləri darmadağın etdim, onu xilas edə bilməyən müttəfiqini - sak İşpakayın ordusunu əzdim» (Azərbaycan tarixi, 1994, s. 105).

Mannanın süqutu kutiləin Cənubi Azərbaycanda hakimiyyətinin süqutu anlamına gəlməkdəydi və bu üzdən də adı mixi yazılarda Tuqdamme kimi çəkilən sak hökmdarı mənbələrdə "Saka və Qutium hökmdarı" kimi yad edilir. Bu isə o anlama gəlir ki, kutilər artıq həmin dövrdən saklara tabe olmuşlar. Yəni saklar (kimmerlər) Mannanın hakiminə çevrilmişlər (Azərbaycan tarixi, 1994, s. 105).

Təqribən eyni dövrdə Mannanın siyasi arenasında daha iki qüvvə hakimiyyət uğrunda mübarizəyə atılır. Bu, madaylar (midiyalılar) və bir müddət saklardan asılı vəziyyətdə yaşadıqları üçün ümumiləşdirici "sak" adı ilə yanaşı özlərinin əsl adı ilə də yad edilən işquzlar idilər. Mənbələrdə Partatua (Prototiy) və oğlu Madiy işquzların hökmdarı kimi təqdim olunurlar. Bunlar psevdo, yəni yalançı saklar idilər. Beləcə, Azərbaycanın üç qədim türk boyu arasında Mannanın və kutilərin mirası, yəni taxt-tac uğrunda amansız, qanlı mübarizə başlayır.

Madaylar (midiyalılar) ilk öncə Mannanın tərkibində, Cənubi Azərbaycanın Zəncan, Qəzvin və Həmədan şəhərləri ilə bugünkü Tehran arasında yerləşən ərazidə məskun idilər (Гейбуллаев Г. А., 1991, c. 250). Assur mixi kitabələrində onlar haqqında ilk məlumat e.ə. 835-ci ilə aiddir (Дьяконов И. М., 1951, c. 34-35). Həmin mənbədə və sonrakı mənbələrdə onlar "maday" (amaday, matay) olkələri də "Maday" adları ilə yad edilirlər. Antik müəlliflərin əsərlərində isə "Midiya" və "midiyalı" adları keçərlidir. Azərbaycan elmi ədəbiyyatında da bu adlar daha çox işlənir. Hərçənd ki, assur mənbələrindəki ad daha doğrudur.

Əslində mübarizənin əsas hissəsi midiyalılarla işquzlar arasında getmişdir. Çünki saklar (kimmerlər) bu mübarizədə tez bir zamanda məğlub olaraq Qara dəniz sahillərinə qaçmağa məcbur olmuşlar. Hadisələr isə belə cərəyan etmişdir.

Manna uzun müddət Assurla ittifaqa sadiq qalsa da, güclənməkdə olan kimmer-iskit-sak qəbilələrinin təhriki ilə bu ittifaqı pozmalı oldu. Bu Manna hökmdarı Ahşerinin dövründə (e.ə.675-650) baş verdi. Aşşur hökmdarı Aşşurbanipal Mannaya qarşı müharibəyə başladı və qələbə çaldı (Azərbaycan tarixi, 1994, s. 101).

Əslində həmin dövrdə Assurların vəziyyəti də yaxşı deyildi. Beləki, bu hadisədən çox-çox öncə, daha dəqiq desək, e.ə.VIII əsrin ikinci yarısından etibarən güclənməyə başlayan babillilər Assura qarşı üsyan etmiş və elamlılarla birləşmişdilər.

E.ə. 720-ci ildə Der qalası yaxınlığında elamlılarla assurlar arasında qanlı müharibə baş verdi və assurlar məğlub oldular. E.ə. 716-cı ildə Urartu kökmdarı Rusa assurların zəifləməsindən istifadə edərək, onların müttəfiqi Mannaya hücuma keçdi və 22 Manna şəhər-qalasını işğal etdi, e.ə.715-ci ildə isə Manna hökmdarı Dayukku əsir alındı (Дандамаев М. А., 1980, s. 73). Həmin döyüşdə Mannadan müstəqilliyə can atan Saqarta (Zikkertu) və Andiya əhalisi, yəni saklar (kimerlər) və andiyalılar urartulularla eyni mövqedən çıxış edirdilər.

Belə bir vəziyyətdə Manna ilə ittifaqa sadiq qalan Assur hökmdarı II Sarqon Saqarta və Andiyaya hücum edərək üsyançıları darmadağın etdi. II Sarqon Urartu ordusunu da məğlub edərək, itirilmiş 22 şəhər-qalanı mannalılara geri qaytardı. Üstəlik də 55 Urartu istehkamı və 11 Urartu qalası Mannanın tərkibinə keçdi. Bu döyüşdə Dayukku əsirlikdən azad edidi, əvəzində isə Uratu hökmdarı I Rusa əsir edildi (Azərbaycan tarixi, 1994, s. 98-99). Həmin döyüşdə psevdosaklar da (işquz - iç oğuzlar) Manna tərəfdən Uratuya qarşı çıxış edirdilər və Rusanın məğlub edilməsində böyük rol oynamışdılar. Qələbədən sonra Kappadokiya və Uratunun böyük bir hissəsi sakların (kimmerlərin) hakimiyyəti altına keçdi. Saklar arasında heç bir fərq qoymayan Strabon bu barədə belə yazır: «Saklar da kimmer və trerlər kimi bəzən uzaq, bəzən də yaxın məsafəli yü-rüşlər təşkil edirdilər. Beləcə. onlar Baktriananı (indiki Əfqanıstanın şimalı) və Ərməniyyənin (Uratu, yəni Van gölü ətrafı nəzərdə tutulur) torpaqlarının önəmli bir hissəsini tutaraq oranı öz adları ilə Sakasena (qədim Saqarta) adlandırdılar. Onlar Kappadokiyaya... qədər çatdılar» (Алиев К., 1987, c. 24).

E.ə. 710-ci ildə II Sarqon Elama hücum etdi, Elam hökmdarı Şutruk-Naxxunte dağlara qaçdı. Onun müttəfiqi, Babil hökmdarı Marduk apla-iddina isə cənuba qaçmaq məcburiyyətində qaldı. E.ə. 709-cu ildə kimmer-saklardan qoruna bilmək üçün Friqiya şahı Midas ll Sarqona kömək üçün müraciət etdi (Дандамаев М. А., 1980, s. 76). Fəqət kimmer-saklar o qədər güclənmişdilər ki, Assurun özü də onlardan çəkinirdi.

E.ə. 705-ci ildə, ll Sarqonun ölümündən sonra Babil hökmdarı Marduk-aplaiddina Aşşurun bütün düşmənləri ilə ittifaq yaratdı. Bu koolisiyaya Elam, Yəhuda və Tir, Arad və Askalon kimi Finikiya şəhərləri daxil idilər. Fəqət bu dəfə də aşşurlar qalib gəldilər. E.ə. 700-cü ildən sonra müharibələr yenidən qızışdı və e.ə. 693-cü ildə, Aşşur hökmdarı Sinaxxeribin dövründə müttəfiqlər növbəti dəfə məğlub oldular (Дандамаев М. А., 1980, s. 74).Məhz həmin dövrdən etibarən Manna, Urartu ilə yanaşı müstəqil və güclü Sak dövlətinin mövcud olduğunu söyləmək olar. Artıq qeyd etdiyimiz kimi, mənbələrdən sakların İşpakay, Tuqdamme və Sandakşatra kimi hökmdarlarının adı məlumdur.

Bir sözlə, bütün Ön Asiya böyük müharibələr meydanına çevrilmişdi. Və bu müharibələrdə midiyalılar da, saklar da, yəni həm kimmer-saklar (şakılar), həm də işquzlar tədricən əsas tərəflərə çevrilirdilər. Sakların Midiya ilə İttifaqda Assur və Urartuya qarşı eyni cəbhədə yer aldıqları, işquzların hökmdarı, Assur şahı Asarhaddonun kürəkəni Partatuanın isə assurların müttəfiqi kimi çıxış etdiyi məlumdur (Azərbaycan tarixi, 1994, s. 105).

Alimləin bir çoxu haqlı olaraq, Assur mənbələrindəki işquzları "Kitabi Dədə Qorqud"dakı İç Oğuzla, başqa sözlə, oğuzlarla eyniləşdirmişlər (Süleymenov O., 1993, s. 224; Azərbaycan tarixi, 1994, s. 118; Гасанов З., 2000, s. 122-124). Məhəmməd Hatəmi Tantəkin assur, yunan və qədim fars mənbələrini tutuşduraraq təkzibedilməz şəkildə sübut etmişdir ki, adına Assur mənbələrində "Partatua", Herodotda "Prototiy", Avestada "Tranqrasyan", Firdovsinin "Şahna-mə"sində "Əfrasiyab" kimi rast gəldiyimiz işquz (İç oğuz) xaqanı, böyük Turan hökmdarı Alp Ər Tonqadır. Onu öldürmüş şəxs isə Firdovsinin İran şahı kimi qələmə verdiyi və Keyxosrov adlandırdığı Midiya hökmdarı Kiaksardır (Tantəkin M. H., 2002).

Bəzi mütəxəssislər qədim mənbələrdə işquzların həm də "sak" adlandırılması faktından çıxış edərək Alp Ər Tonqanı sak hökmdarı, onun xaqanı olduğu Turan dövlətini isə skif-sak dövləti saymışlar (Гейбуллаев Г. А., 1991, c. 326-329; Əlibəyzadə E., 1998, s. 241; Anadol C., 1991). Eyni fikrə Yeni Türk Ensiklopediyasında da rast gəlirik (Yeni Türk Ansiklopedisi, 1985, Xl, s. 4363). Camal Anadol yanlış olaraq, Alp Ər Tonqanı Partatuanın oğlu Madiy ilə eyniləşdirmişdir (Anadol C., 1991). Eyni səhvi Məhəmməd Tağı Zöhtabi və Elməddin Əlizadə də təkrarlamışlar (Əlibəyzadə E., 1998, s. 241). Gerçək isə budur ki, Alp Ər Tonqanın mixi yazılardakı adı Partatuadır və bu ad böyük türk qəhrəmanı və hökmdarının adının assur dilindəki cüzi təhrifi ilə ortaya çıxmışdır.


Qaynaqça


  1. Ağasıoğlu F. Azər xalqı, B. 2005.

  2. Azərbaycan tarixi, B.,"Azərnəşr", 1994.

  3. Anadol C. Tarihe hökm edəm millet: Türkler.-"Aydınlıq" qəzeti, 1991, 10 avqust.

  4. Əlibəyzadə E. Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi. "Gənclik", B., 1998.

  5. İsmayıl M. Azərbaycan xalqının yaranması. "Azərbaycan Dövlət Nəşriyyatı", B.,1955.

  6. Qaşqay S. Manna dövləti. "Azərbaycan Dövlət Nəşriyyatı", B.,1993.

  7. Oğuz Y. Qədim Azəbaycan və Anadolu türkləri."Azərbaycan Milli Ensiklopediyası" NPB., B., 2002.

  8. Rea Cam. The Assyrian Exile: Israel's Legacy in Captivity. June 2008, pp. 127-144.

  9. Sarıgöl. Vikipedi (https://tr.wikipedia.org/wiki/Sar%C4%B1g%C3% B6l).

  10. Süleymenov O. Az-Ya. "Azənəşr", B.,1993.

  11. Tantəkin M.H. Midiya hökmdarları Fraort və Kiaksar "Avesta"da. "Mövqe qəzeti, 2002, №3.

  12. Yeni Türk Ansiklopedisi. 12 c. "Ötüken", Ankara, 1985.

  13. Гейбуллаев Г. А. К Этногенезу азербайджанцев. "Элм", Б.,1991.

  14. Алиатт // Советская историческая энциклопедия. М., 1973-1982.

  15. Алиев И. История Мидии. Б.,1960.

  16. Алиев К. Античные источники по истории Азербайджана. "Элм", Б.,1987.

  17. Ашурбейли С. Б. Государство Ширваншахов. Б., 1985.

  18. Брук С.И. Население мира-этнодемографический словарь. "Наука", М.,1986.

  19. Гасанов З. Царские Скифы. "Liberty Publishing House", New York, 2000.

  20. Гейбуллаев Г. А. К Этногенезу азербайджанцев. "Элм", Б.,1991.

  21. Грантовский Э.А. Индо-иранские касты у скифов. XXV Международная конференция востоковедов. Доклады делегации СССР, М.,1960.

  22. Дандамаев М. А., Луконин В. Г. Культура и экономика древнего Ирана. "Наука", М., 1980.

  23. Древняя традиция строить курганы: Бинтепе - турецкие пирамиды (http://sibved.livejournal.com/77544.html).

  24. Дьяконов И. М. Ассиро-вавилонские источникн по истории Урарту. ВДИ,1951, №2.

  25. Дьяконов И.М. История Мидии от древнейших времен до конца lV в. до н.э., Москва-Ленинград,1956.

  26. Еремян С.Т. Раннефеодальные государства Закавказья в lll -Vll вв. Очерки истории СССР, (lll-lX вв), М.,1958.

  27. Касумова С.Ю. Азербайджан в lll-Vll вв.,Б.,1985.

  28. Ковалевская В.Б. Кавказ и аланы. "Наука", М.,1984.

  29. Меликашвили Г.А. Некоторые вопросы Маннейского царства,M.,1978.

  30. Пигулевская Н.В. Сирийские источники Vl в о народах Кавказа. ВДИ,1939, №1.

  31. Пирцхалава М.С. Памятники скифской архаики (Vlll-Vlвв. до н. э.) на территории древней Грузии. Афтореф. канд. дис.,Тбилиси, 1975.


Yüklə 90,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə