Beynəlxalq cinayət məHKƏMƏSİNİn nizamnaməSİNDƏ TƏSBİt ediLƏN İnsanliq əleyhiNƏ CİnayəTLƏR



Yüklə 252,32 Kb.
Pdf görüntüsü
tarix25.07.2018
ölçüsü252,32 Kb.
#58833


«Dirçəliş XXI əsr».–2009.-№139-140.–S.268-276.

BEYNƏLXALQ CİNAYƏT MƏHKƏMƏSİNİN NİZAMNAMƏSİNDƏ 

TƏSBİT EDİLƏN İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR

Hüseyn MƏLƏKİ,

AMEA-nın İnsan Hüquqları İnstitutu

Beynəlxalq  Cinayət  Məhkəməsi  təsis  etmək  ideyası  ilk  dəfə  1937-ci  ildə  Millətlər  Liqası  beynəlxalq

terrorçuların  mühakimə  edilməsi  haqqında  qanun  layihəsi  hazırlayarkən  irəli  sürüldü.  Nürnberq  və  Tokio  hərbi

tribunallarından  sonra  Birləşmiş  Millətlər  Təşkilatının  1948-ci  ildə  Soyqırımı  Konvensiyasında  da  Beynəlxalq

Cinayət  Məhkəməsinin  təsis  edilməsinin  zəruriliyi  qeyd  edildi.  BMT-nin  Beynəlxalq  Hüquq  Komissiyası sonrakı

illərdə  belə  bir  məhkəmənin  layihəsini  hazırladı.  Lakin  məsələnin  mahiyyəti  "soyuq  müharibə"  zamanı  tezliklə

unuduldu və bu vəziyyət 1980-ci illərə qədər davam etdi. Daimi Beynəlxalq Cinayət Məhkəməsinin təsis edilməsi

ideyası 1980-ci illərdə Trinidad və Tobaqonun başçılığı ilə Latın Amerikası ölkələrinin və Qorbaçovun terrorizmə

qarşı  mübarizə  təkliflərinin  müzakirəsi  zamanı  yenidən  gündəmə  gəldi.  Baş  Assambleyada  həmin  ölkələr  daimi

məhkəmənin təsis edilməsini beynəlxalq narkotik və psixotrop malların qaçaqmalçılığına qarşı son vasitə kimi irəli

sürdülər. Baş Assambleya həmin məsələ ilə məşğul olmağı Beynəlxalq Hüquq Komissiyasına tapşırdı. 1993-cü ildə

Baş Assambleya Komissiyadan məhkəmənin  nizamnaməsini  hazırlatmağı xahiş  etdi.  Əsasən,  keçmiş  Yuqoslaviya

hərbi  tribunalının  nizamnaməsinin  təsiri  altında  tərtib  edilmiş  layihənin  hazırlanması  1994-cü  ildə  başa  çatdı.

Həmin  il  Baş  Assambleya  nizamnamənin  layihəsində  əks  olunmuş  məsələləri  araşdırmaq  üçün  xüsusi  komissiya

təşkil etdi.

Bundan əvvəl, yəni 1991-ci ildə Beynəlxalq Hüquq Komissiyası o zamankı Baş Assambleyanın 1948-ci ildə

ona  tapşırdığı  Sülh  və  bəşəriyyətin  təhlükəsizliyi  əleyhinə  cinayətlər  layihəsini  başa  çatdırmışdı.  Həmin  layihə

rəylərini  bildirmək  üçün  üzv  dövlətlərə  göndərilmiş  və  1996-cı  ildə  alınmış  rəylər  nəzərə  alınmaqla  təshih

edilmişdi. Beynəlxalq Cinayət Məhkəməsinin 1994-cü ildə, Sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlərin

isə 1996-cı ildə hazırlanmış layihəsi gələcək beynəlxalq Cinayət  Məhkəməsinin Statusunda qeyd olunan ünsürlər,

yurisdiksiya  və  cinayətlər  baxımından  bütövlükdə  bir-birinə  uyğun  idi.  Qeyd  edilən  1996-cı il  layihəsi  müəyyən

edir  ki,  sülh  və  bəşəriyyətin  təhlükəsizliyi  əleyhinə  cinayətlər  beynəlxalq  hüquqa  uyğun  olaraq  cinayət  sayılır  və

milli  qanunvericiliyin  belə  cinayətlərə  görə  cəza  müəyyən  edib-etməməsindən  asılı  olmayaraq  bu  cür  əməllər

törədilməsinə görə məsuliyyət daşıyan şəxslər cəzalanacaqlar.

1993 və 1994-cü illərdə müvafiq olaraq keçmiş Yuqoslaviya və Ruan da tribunallarının təsis edilməsi daimi

Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasının zəruriliyinə və mümkünlüyünə inamı gücləndirdi. Nəticədə, Baş

Assambleya  Beynəlxalq  Cinayət  Məhkəməsinin  təsis  edilməsi  üçün  "Hazırlıq  Komissiyası"  adlı  başqa  bir

komissiya  təşkil  etdi.  Həmin  Komissiya  1996—1998-ci  illər  ərzində  Beynəlxalq  Cinayət  Məhkəməsinin  Təsis

Konvensiyasının mətnini hazırlamaq üçün 6 iclas keçirdi. Bütün bu səylər 1998-ci il iyun ayının 15-dən iyul ayının

17-nə  qədər  160  ölkə  nümayəndələrinin  iştirakı  ilə  keçirilmiş  Roma  konfransı  ilə  yekunlaşdı  və  həmin  ölkələr

konfransın axırıncı günü Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinin mətnini qəbul etdilər(4, s. 13-17).

Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aşağıdakı cinayətlər aid edilmişdir: soyqırımı, insanlıq

əleyhinə  cinayətlər,  müharibə  cinayətləri  və  təcavüz  cinayətləri  (1,  s.  149-152).  Nizamnamənin  müqəddiməsi  və

5-ci  maddəsində  həmin  cinayətlər  "bütün  beynəlxalq  birliyin  mənafeyinə  toxunan  ən  təhlükəli  cinayətlər"  kimi

xarakterizə  olunmuşdur.  "Beynəlxalq  cinayətlər"  anlayışı  uzun  müddətdir  ki,  müzakirə  olunur.  Həmin  cinayətlər

prinsip  etibarı  ilə  beynəlxalq  miqyasda  aradan  qaldırılmalı  olan  cinayətlərdir.  Misal  olaraq,  dəniz  quldurluğunu

qeyd  etmək  olar,  dəniz  quldurluğu  azad  və  bitərəf  sularda  baş  verir,  belə  cinayətlər  dünya  dövlətlərinin

əməkdaşlığını zəruri  edən  xüsusi  səlahiyyət  normalan  tələb  edir.  Kölə,  qadın  və  uşaq  alveri,  narkotik  maddələrin

qeyri-qanunu  dövriyyəsi,  hava  gəmilərinin  qaçırılması,  terrorçuluq  və  çirkli  pulların  yuyulması  kimi  cinayət

sahələrində  də  oxşar  vəziyyət  mövcuddur.  Məhz  belə  cinayətlər  1989-cu  ildə  Trinidad  və  Tobaqonun  təklifindən

sonra  BMT-nin  Baş  Assambleyasını  yenidən  Beynəlxalq  Cinayət  Məhkəməsi  məsələsinin  aktuallaşmasının

vacibliyinə  inandırdı.  Beynəlxalq  Cinayət  Məhkəməsinin  təsis  olunmasına  qədər  bu  qəbildən  olan  cinayətlər

sazişlərdə qeyd olunurdu, buna görə Roma Nizamnaməsini hazırlayarkən onları "saziş  cinayətləri" adlandırırdılar.

Beynəlxalq  Cinayət  Məhkəməsinin  yurisdiksiyasına  aid  edilən  cinayətlər  beynəlxalq  xarakter  daşıyır.  Bu,  təkcə

onunla bağlı deyil ki, cinayətkarların cəzalandırılması beynəlxalq əməkdaşlığı zəruri edir, hərçənd bu, öz-özlüyündə

çox  mühümdür,  daha  vacib  olan  bütün  beynəlxalq  birliyin  mənafeyinə  toxunan  həmin  cinayətlərin  faciəvi

mahiyyətidir. Bu cür cinayətlərə "saziş  cinayətləri"nə nisbətən gec diqqət yetirilmişdir və prinsip etibarı ilə həmin

cinayətlər  məsələsi  İkinci  dünya  müharibəsindən  sonrakı  illərdə  baş  vermiş  insan  haqları  hərəkatının  ardınca

qaldırılmışdır. Bu cür cinayətlər ona görə təhqiq olunmalıdır ki, onların qurbanı bütün bəşəriyyətdir. Bundan əlavə,

bütün bəşər cəmiyyəti bir zamanlar milli dövlətlərin suveren səlahiyyətlərinə aid olan insan hüquqlarının pozulması

halları ilə əlaqəli olduğundan belə cinayətlərin araşdırılmasını tələb etmək haqqına malikdir (5, s. 27-28).

Nəhayət, bir daha qeyd etmək lazımdır ki, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aid edilən və

Məhkəmənin Nizamnaməsinin 5-ci maddəsində təsbit edilmiş cinayətlərin sayı dörddür və Nizamnamənin 6, 7, 8-ci



maddələrində  daha  geniş  şəkildə  əks  olunmuşdur.  Bunlar  soyqırımı,  insanlıq  əleyhinə  cinayətlər,  müharibə

cinayətləri və təcavüz cinayətlərindən ibarətdir.

Məqalədə  Beynəlxalq  Cinayət  Məhkəməsinin  Nizamnaməsində  insanlıq  əleyhinə  cinayət  anlayışı  yığcam

şəkildə araşdırılır.



İnsanlıq əleyhinə cinayətlər. 

İnsanlıq əleyhinə cinayət anlayışı Beynəlxalq hüquq tarixi ilə çulğalaşmışdır. Onun kökləri təbii hüquqları

ədalətlə  eyni  hesab  edən  Sokrat,  Platon,  Aristotelin  etik  təlimlərində,  müqəddəs  Avqustin,  müqəddəs  Akvinalı

Foma  və  b.-nın  dini  əqidələrində  müşahidə  edilir.  1868-ci  ildə  Sankt-Peterburq  bəyannaməsində  açıq  şəkildə

insanlıq  əleyhinə  cinayətlərə  yer  ayrıldıqdan  sonra  həmin  anlayışın  tərifi  daha  geniş  miqyasda  tanındı  və  qəbul

edildi.  Haqqında  danışılan  anlayış  1899-cu  ildə  birinci  Haaqa  konfransı  Marteris  Klause  şərtlərini  quru

müharibələrinin qanun və qaydaları haqqında Haaqa Konvensiyasının müqəddiməsinin bir hissəsi kimi yekdilliklə

qəbul etdikdən sonra daha geniş tərəfdar tapdı. Amma həmin anlayış özünün hazırkı anlamında ilk dəfə 1915-ci il

may ayının 24-də Fransa, Britaniya və Rusiyanın bəyanatında təsbit edilmişdir.  Bəyanatda Osmanlı imperiyasının

ermənilərə qarşı "soyqırımı" əməli pislənir və "bəşər və in san sivilizasiyasına qarşı" cinayət adlandırılır. "İnsanlıq

əleyhinə cinayətlər" anlayışı, həmçinin 1945-ci ildə Nürnberq tribunalının səlahiyyətlərinə aid edilən üç cinayətdən

biri  kimi  qeyd  olunmuşdur.  İkinci  dünya  müharibəsindən  sonra  insanlıq  əleyhinə  cinayətlər  məsələsi  dəfələrlə

beynəlxalq qanunların tərkib hissəsi olan beynəlxalq sənədlərdə hərtərəfli şəkildə təsbit olunaraq tanınmışdır (3, s.

121-126).

Məqalənin davamında əvvəlcə insanlıq əleyhinə cinayətlərin tərifi, son ra həmin cinayətlərin baş verməsinə

təsir edən amillər və onların dəlilləri araşdırılır.



1. İnsanlıq əleyhinə cinayətlərin tərifi. 

İnsanlıq əleyhinə cinayətlərə çoxsaylı mənbələrdə tərif verilmişdir.

İnsanlıq  əleyhinə  cinayətlərə  tərif  verilmiş  ən  mühüm  sənədlərdən  Nürnberq  tribunalının  nizamnaməsi,

Tokio  tribunalının  nizamnaməsi,  keçmiş  Yuqoslaviya  tribunalının  nizamnaməsi  (maddə  5),  Ruanda  tribunalının

nizamnaməsi  (maddə  3)  və  Beynəlxalq  Hüquq  Komissiyasının  1996-cı  ildə  hazırladığı  sülh  və  bəşəriyyətin

təhlükəsizliyinə qarşı cinayətlər layihəsini (maddə 18) və s. qeyd etmək olar.

1.  Beynəlxalq  Cinayət  Məhkəməsinin  Nizamnaməsində  verilmiş  tərif.  Beynəlxalq  Cinayət  Məhkəməsinin

Nizamnaməsinin  7-ci  maddəsinə  uyğun  olaraq,  insanlıq  əleyhinə  cinayətlər  bir  cümlədə  belə  xarakterizə  olunur:

"İstənilən  mülki  şəxsə  qarşı şüurlu  şəkildə  yerinə  yetirilən  genişmiqyaslı, sistematik  hücum  zamanı baş  verir"  və

aşağıdakı əməllərdən ibarətdir:

1) adamöldürmə;

2) kütləvi qırğın;

3) kölə vəziyyətinə salma;

4) deportasiya və ya əhalinin məcburi köçürülməsi;

5)  beynəlxalq  hüququn  əsas  normalarına  zidd  olaraq  həbsetmə  və  ya  istənilən  formada  azadlıqdan  kobud

şəkildə məhrumetmə;

6)  zorlama,  cinsi  kölə  vəziyyətinə  salma,  fahişəliyə  məcburetmə,  hamiləliyə  məcburetmə,  məcburi

sterilizasiya və istənilən oxşar cinsi zorakılıq;

7)  hər  hansı əhali  qrupunu  və  ya  müəyyən  bir  sosial  birliyi  siyasi,  irqi,  milli,  etnik,  mədəni,  dini,  cinsi

(gen der)  və  ya  bu  bənddə  göstərilən  əməllərlə  bağlı,  yaxud  beynəlxalq  hüquqa  uyğun  olaraq  bütün  dünyada

qadağan olunmuş və məhkəmənin yurisdiksiyasına aid edilən cinayətlərlə bağlı səbəblərdən əzab-əziyyət vermək və

təqib etmək;

8) adamların zorakılıqla yoxa çıxarılması;

9) aparteid cinayəti;

10)  qəsdən  ağır  iztirab  vermək  və  ya  insan  bədəninə,  psixi  və  fiziki  sağlamlığa  güclü  zərər  yetirmək

məqsədilə törədilən oxşar qeyri-insani əməllər (5, s. 84-86).

Qeyd edilən tərifi təhlil etmək üçün əvvəlcə cinayətlərin törədilməsinə təsir edən amillər, sonra onların hər

biri ayrılıqda araşdırılmalıdır.



2. İnsanlıq əleyhinə cinayətlərin baş verməsinə təsir edən amillər.

İnsanlıq əleyhinə cinayətlərin baş verməsinə təsir edən üç amil nəzərdən keçirilməlidir:

a) Mülki əhaliyə qarşı hücumun baş verməsi.

Hər  hansı  bir  əməlin  insanlıq  əleyhinə  cinayət  hesab  edilməsi  üçün  həmin  əməl  "mülki  şəxslərə  qarşı

hücum"  çərçivəsində  baş  verməlidir.  Nizamnamənin  7-ci  maddəsinin  2-ci  bəndinin  "a"  yarımbəndində  "mülki

əhaliyə qarşı hücum"a tərif verilərkən deyilir: "Dövlətin və ya təşkilatın belə hücum həyata keçirilməsinə yönəlmiş

siyasətinin  reallaşdırılması və  ya  həmin  siyasətə  yardım etmək  məqsədilə  1-ci  bənddə  göstərilən  əməllərin  mülki

şəxslərə qarşı dəfələrlə törədilməsi nəzərdə tutulur". Burada bir neçə məsələyə diqqət yetirilməlidir.

Əvvəla,  "hücum"  dedikdə  güc  tətbiq  etmək  və  ya  məcburetmə  ilə  baş  verməsindən  asılı  olmayaraq

qurbanlarına hər cür xəsarət yetirilməsinə səbəb olan hər cür fəaliyyət nəzərdə tu tulur. Buna görə burada nəzərdə

tutulan  "hücum"  mütləq  hərbi  əməliyyat  yerinə  yetirmək  mənasında  deyildir.  Çünki  insanlıq  əleyhinə  cinayətlər

"silahlı münaqişə"dən kənarda baş verə bilər, başqa sözlə, insanlıq əleyhinə cinayətlər sülh vaxtı da törədilə bilər.




İkincisi, "hücum" mülki əhaliyə qarşı olmalıdır.  Mülki əhali dedikdə, hərbçi olmayan insanlar, silahlı münaqişədə

iştirak etməyən hərbçilər nəzərdə tutulur.

1977-ci  il  1  saylı  Cenevrə  Protokolunun  50-ci  maddəsində  beynəlxalq  silahlı  münaqişə  qurbanlarının

himayə edilməsi haqqında deyilir: "Mülki cəmiyyət bütün əhalini əhatə edir". Mülki əhali arasında ayrı-ayrı mülki

olmayan  şəxslərin  olması  onun  mülki  olmaq  xüsusiyyətinə  xələl  gətirmir.  Belə  əhali  qrupuna  hücum  insanlıq

əleyhinə cinayət hesab edilir. "Mülki əhaliyə hücum" eyni zamanda digər xüsusiyyətlərə də malik olmalıdır.

b) Hücumun genişmiqyaslılığı və ya sistematikliyi.

Mülki  əhaliyə  qarşı  hücumun  insanlığa  qarşı  cinayət  hesab  edilməsi  üçün  o,  "genişmiqyaslı"  və  ya

"sistematik" olmalıdır. Bu meyarlar xüsusi şəkildə yalnız Beynəlxalq Ruanda tribunalının Nizamnaməsində (maddə

3)  nəzərdə  tutulmuşdu,  amma  keçmiş  Yuqoslaviya  tribunalında  (maddə  5)  belə  meyarlar  təsbit  olunmamışdır.

Hazırlıq komissiyası Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsini hazırlayarkən hücumun "genişmiqyaslılığı"

və  "sistematikliyi"  meyarları  nisbətən  geniş  şəkildə  dəstəklənmişdi.  "Genişmiqyaslılıq"  hücumun  nisbətən  geniş

miqyasda  mülki  əhalinin  xeyli  hissəsinə  qarşı  yönəlməsini  nəzərdə  tutur.  Çünki  pərakəndə  əməllər  nəticəsində

törədilmiş cinayətlər insanlıq əleyhinə cinayətlər hesab edilə bilməz.

"Sistematiklik" dedikdə hücumun hər hansı bir siyasət və ya tənzim olunmuş  və koordinasiya edilmiş  plan

əsasında  baş  verməsi  nəzərdə  tutulur.  Beynəlxalq  Cinayət  Məhkəməsi  Nizamnaməsinin  7-ci  maddəsinin  birinci

bəndində  qeyd  olunduğu  kimi,  hücum  "genişmiqyaslı"  və  "sistematik"  olmalıdır.  Deməli,  bu  iki  haldan  biri  baş

versə  kafidir.  Əgər  cinayət  əməli  təqib  və  ya  hər  hansı bir  siyasətin  və  ya  planın  icrası üçün  törədilirsə,  əməlin

"genişmiqyaslılıq"  meyarı  əhəmiyyətsizdir  və  ya  yalnız  cinayət  əməlinin  ölçülməsi  üçün  ixtiyari  miqyas  kimi

istifadə oluna bilər. Hücumda bir və ya hər  iki  xüsusiyyətdən  əlavə  "şüurluluq" ünsürünün  iştirak  etdiyi  də  sübut

olunmalıdır.

c) Hücumun şüurluluğu. Məhkəmənin nizamnaməsinin 7-ci maddəsi birinci bəndinin son hissəsində deyilir

ki,  təqsirkar  "hücumu  şüurlu"  həyata  keçirməlidir.  Başqa  sözlə,  hücum  "genişmiqyaslı"  və  ya  "sistematik"

olmasından, "mülki əhaliyə qarşı" yönəlməsindən əlavə, şüurluluq ünsürünə də malik olmalıdır, yəni əməl törədən

7-ci  maddənin  birinci  bəndində  insanlıq  əleyhinə  cinayət  ki mi  təsbit  edilən  əməllərdən  birini  törətmiş  olsun.

Deməli, subyektin "genişmiqyaslı" və ya "sistematik" cinayət əməli törətmək qəsdi olduğunu və ya xəbəri olduğunu

sübut etməyə ehtiyac yoxdur. Belə xüsusiyyətlərə malik olub mülki əhaliyə qarşı hücumun insanlıq əleyhinə cinayət

hesab edilməsi üçün həmin cinayətlərdən biri ilə nəticələnməsi lazımdır.



3. Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsində İnsanlıq əleyhinə cinayətlərin dəlilləri.

İnsanlıq əleyhinə cinayətləri üç qrupa ayırmaq olar:

- insanların fiziki və psixi bütövlüyünə qarşı cinayət;

- insanların azadlığına qarşı cinayət;

- insanlığa qarşı digər əməllər. Yuxanda qeyd edilənlər ardıcıl ola raq araşdırılır.

a) İnsanların fiziki və psixi bütövlüyünə qarşı cinayətlər.

İnsanlıq  əleyhinə  cinayətlər  çərçivə-sində  insanların  fiziki  və  psixi  bütövlüyünə  qarşı  cinayətlər

aşağıdakılardan ibarətdir:

1) adamöldürmə;

2) kütləvi qırğın;

3) işgəncə;

4) 3-cü bənddə göstərildiyi kimi. hər hansı bir əhali qrupunu və ya müəyyən sosial birliyi siyasi, irqi, milli,

etnik, mədəni, dini, cinsi (gender) və ya bu bənddə göstərilən əməllərlə bağlı və ya beynəlxalq hüquqa uyğun olaraq

bütün  dünyada  qadağan  olunmuş  və  məhkəmənin  yurisdiksiyasına  aid  edilən  cinayətlərlə  bağlı səbəblərdən  təqib

etmək və əzab-əziyyət vermək. Bütün bu cinayətlər qurbanların fiziki və psi xi bütövlüyünə xəsarət yetirmək kimi

ümumi  cəhətə  malik  olsa  da,  onların  hər  birinin  özünəməxsus  xüsusiyyətləri  vardır.  Birinci  və  ikinci  sıradakı

cinayətlər zamanı qurbanların hamısının və ya bir hissəsinin tamamilə məhv edilməsinin şahidi olmaq olar. Belə ki,

onlar ya qətlə yetirilirlər, ya da həyatları üçün ərzaq və dərmandan məhrum etməklə elə şərait yaradılır ki, ölümə və

kütləvi qırğına məruz qalırlar. Üçüncü və dördüncü sıradakı cinayətlər zamanı qurbanlar tamamilə məhv olmasalar

da  ağır  əzab-əziyyətə  düçar  olurlar,  belə  ki,  insanlara  ya  həbsxanada,  ya  da  nəzarət  altında  ağır  iztirablara  səbəb

olan işgəncə verilir və ya beynəlxalq hüququn əsas normalarını pozmaqla əhali qrupunun üzvlərinin və ya müəyyən

əhali birliyinin əsas hüquqlarının ciddi və ümumi şəkildə rədd edilməsi ilə onlara iztirab verilir.

b) İnsanların azadlıqlarına  qarşı cinayətlər. İnsanlıq əleyhinə cinayətlər  çərçivəsində  insanların azadlıqları

əleyhinə cinayətlər aşağıdakılardır:

1) kölə vəziyyətinə salmaq;

2) deportasiya və ya əhalinin məcburi köçürülməsi;

3)  beynəlxalq  hüququn  əsas  normalarına  zidd  olaraq  həbsetmə  və  ya  fiziki  azadlıqdan  sərt  şəkildə

məhrumetmə;

4) zorlama, cinsi köləlik, fahişəliyə məcburetmə, məcburi hamiləlik, məcburi sterilizasiya və bunlara bənzər

hər cür digər seksual zorakılıq;

5) adamların zorakılıqla yoxa çıxarılması;

6) aparteid.




Göründüyü kimi, bu qrup cinayətlər ümumi şəkildə qurbanları fərdi azadlıqlardan məhrum edən cinayətdir.

İnsan kəramətinin qorunması azadlığın mövcudluğunu zəruri edir. Azadlıq insan kəramətinin hamısı deyildir, amma

həmin cəhəti nəzərə almadan demək lazımdır ki, bu iki əsas amil yəni azadlıq və kəramət bir-birindən ayrılmazdır.

Bu  cinayətlərin  bəziləri  -  mülkiyyət  üzərində  hüququn  tətbiq  edilməsinin  qadağan  edilməsi  və  insanlar

üzərində  ondan  irəli  gələn  hakimiyyət,  o  cümlədən  kölə  vəziyyətinə  salma,  adamların  alınıb-satılması,  köçməyin

qadağan  edilməsi,  əhalinin  məcburən  köçürülməsi,  adamların  qeyri-qanunu  həbsə  alınması,  irqi  ayrı-seçkilik

(aparteid) və belə ayrı-seçkiliyə əsaslanan quruluşun qədimdə uzun müddət mövcud olması beynəlxalq sənədlərdə

qeyd edilmişdir, lakin cinayətlərin bəziləri, o cümlədən zorlama və adamların zorakılıqla yoxa çıxarılması müəyyən

dərəcədə yenidir, ona görə də sonuncu cinayətlər haqqında qısa izahat verməklə kifayətlənirik.

1. Zorlama.

Zorlama  və  cinsi  zorakılıq  əsasən  keçmiş  Yuqoslaviyada  böhran  zamanı əvvəlki  dövrlərə  nisbətən  özünü

da ha  şiddətlə  göstərmiş  və  dünya  birliyi nin  diqqətini  cəlb  etmiş  hadisədir.  Zorlama  Yuqoslaviya  tribunalının

Nizamnaməsinin  5-ci  maddəsində  insanlıq  əleyhinə  cinayətlər  sırasında  təsbit  edilmişdir  və  Ruanda  tribunalının

nizamnaməsinin 3-cü maddəsində təkrar olunmuşdur.  Roma konfransında digər hallar da nəzərdə tutuldu, belə ki,

zorlamadan  başqa  cinsi  köləlik,  fahişəliyə  məcburetmə,  məcburi  hamiləlik,  məcburi  sterilizasiya  və  cin si

zorakılığın  digər  formaları da  təsbit  olundu.  Bunların  arasında  zorlama,  məcburi  hamiləlik  daha  çox  mübahisəyə

səbəb oldu. Roma konfransının gedişində iki fikir formalaşmışdı:

- məcburi hamiləliyin insanlıq əleyhinə cinayət hesab edilməsi;

- məcburi hamiləliyin insanlıq əleyhinə cinayət hesab edilməməsi.

Çünki ananın xahişi əsasında aborta "icazə verilməsinə müncər edilir". Həmin mövqeyi müdafiə edənlərdən

bir qrupunun fikrinə görə, məcburi hamiləliyin insanlıq əleyhinə cinayət hesab edilməsi aborta qarşı çıxanların da

cinayətkar kimi təqib olunmasına əsas verir.

Nəhayət, geniş müzakirələrdən sonra məcburi hamiləliyin insanlıq əleyhinə cinayət olması dövlətlərin abort

haqqında qanunvericiliyinə təsir göstərməməsi şərti ilə qəbul olun du. Beləliklə, "məcburi hamiləlik yəni məcburi

hamilə olan qadını hər hansı bir əhalinin etnik tərkibini dəyişmək məqsədilə və ya beynəlxalq hüququ ciddi şəkildə

pozmaqla azadlıqdan məhrumetmə" insanlıq əleyhinə cinayət kimi təsbit edildi.

2. Adamların zorakılıqla yoxa çıxarılması.

İnsanların  zorakılıqla  yoxa  çıxarılması kimi  dəhşətli  hadisə  dünyanın  müxtəlif  regionlarında,  o  cümlədən

Cənubi  Amerikada,  xüsusən  Çili  və  Argentinada  özünü  göstərmiş  və  təəssüf  ki,  miqyası genişlənmişdir.  Belə  ki,

həmin  hadisəni  dünyanın  digər  regionlarında  da  müşahidə  etmək  olar.  Buna  görə  də  beynəlxalq  birlik  bu

xoşagəlməz hadisənin qarşısını almaq üçün onu insanlıq əleyhinə cinayətlər sırasına daxil etmək qərarına gəldi.

Beynəlxalq  Cinayət  Məhkəməsi  nizamnaməsinin  layihəsində  qeyd  edilən  bu  cinayət  cüzi  dəyişikliklərlə

nizamnamənin  son  mətnində  yer  aldı.  Məhkəmənin  nizamnaməsinə  görə,  adam ların  zorakılıqla  yoxa  çıxarılması

"dövlət  və  ya  siyasi  təşkilat  tərəfindən  və  ya  onların  icazəsi,  dəstəyi  və  ya  razılığı  ilə  adamların  həbs  olunması,

saxlanması və  ya  oğurlanması, sonradan  onları uzun  müddət  qanunun  himayəsindən  məhrumetmə  məqsədilə  belə

azadlıqdan  məhrum  etmək,  onların  taleyi  və  ya  saxlandığı  yer  haqqında  hər  hansı  məlumat  verməkdən  imtina

etmək"dir.

Göründüyü kimi, saxlama, həbsetmə və ya oğurlama insanları uzun müddət qanunun himayəsindən məhrum

etmək  məqsədilə  törədilən  əməllərdir,  buna  görə  insanların  müvəqqəti  saxlanması  adamların  zorakılıqla  yoxa

çıxarılması zümrəsinə və nəticədə, bəşəriyyət əleyhinə cinayətlər sırasına aid edilmir.

3. İnsanlıq əleyhinə digər əməllər. Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsində "insanlıq əleyhinə

digər  əməllər"  termininin  işlədilməsi  yenilik  deyildir,  çünki  həmin  termin  bundan  əvvəl  Yuqoslaviya  tribunalının

5-ci maddəsinin axırıncı bəndində və Ruanda tribunalının 3-cü maddəsinin axırıncı bəndində təsbit edilmişdir. Bu

normanın yaranmasının nəzəri  əsası beynəlxalq birliyə  baş  verə  biləcək və  bəşəriyyətin  vicdanını mütəəssir  edən,

lakin insanlıq əleyhinə cinayətlər siyahısına daxil edilməmiş hər cür zorakılığı cəzasız qoymamaq imkanı yaratmaq

ideyası ilə  bağlıdır.  Məhz  buna  görə  həmin  termin  Beynəlxalq  Cinayət  Məhkəməsinin  Nizamnaməsində  də  təsbit

edilmişdir.  Nizamnamənin  7-ci  maddəsinin  birin ci  bəndinin  axırıncı  yarımbəndində  deyilir:  "Analoji  xarakterli

digər  qeyri-insani  əməllər,  yəni  ağır  əzab  vermək  və  ya  ciddi  bədən  xəsarəti  yetirmək,  yaxud  psixi  və  fiziki

sağlamlığa ciddi zərər yetirmək".

Həqiqətdə beynəlxalq birlik bununla gələcəkdə ciddi bir problem yarada biləcək qanunvericilik boşluğunu

doldurmağa  çalışır.  Amma  bu  növ  normalara  iradlar  da  mövcuddur.  Məsələn,  bilirik  ki,  cəza  normalarında

analogiya qadağan edilmişdir və "cinayət və cəzanın qanuni olması prinsipi tələb edir ki, cəza hökmləri istintaqa və

aşkarlığa  əsaslanmalıdır.  Bu  prinsipə  nizamnamənin  22-ci  və  23-cü  maddələrində  diqqət  yetirilmişdir.  Halbuki,

haqqında  danışılan  norma  belə  əsasa  malik  deyildir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  Nürnberq  tribunalının

təşkilindən sonra beynəlxalq cinayət məsələlərində bu və ya digər formada analogiya qəbul olunmuşdur. Lakin cəza

verilməsi mümkün qədər tam aşkarlıq şəraitində olmalıdır  ki, prokuror öz vəzifəsini asanlıqla yerinə yetirə bilsin.

Həmin normaya qeyd edilən iradlar edilsə də, onun belə bir müsbət  cəhəti  də  vardır  ki,  ola  bilsin  bəzi  əməllər,  o

cümlədən  insanın bədən  üzvlərinin  getdikcə  genişlənən  alınıb-satılması insanlıq  əleyhinə  cinayətlər  sırasına  daxil

edilib cəzalandırıla bilər.

Beynəlxalq Cinayət Məhkəməsinin yaranma tarixini və onun Nizamnaməsində insanlıq əleyhinə cinayətlər




bölməsinin araşdırılması aşağıdakı nəticəyə gəlməyə əsas verir:

Silahlı  münaqişələr  zamanı  çoxsaylı  mülki  şəxslərinin  heç  bir  əsas  olmadan  müxtəlif  növ  zorakılıqlara

məruz  qalmaları  beynəlxalq  birliyi  həmin  zorakılıqları  planlaşdıran  və  həyata  keçirən  vəzifəli  şəxslərə  qarşı

tədbirlər  görməyə  vadar  etmiş  və  həmin  məqsədlə  konkret  zorakılıq  əməlləri  ilə  bağlı  cinayət  tribunalları  təşkil

edilmiş,  bir  çox  cinayətkarlar  layiqli  cəzalarına  çatdırılmışdır.  Silahlı  münaqişələrin  davam  etməsi,  həmin

münaqişələrdə mülki əhaliyə qarşı zorakılığın daha geniş vüsət alması daimi fəaliyyət göstərən Beynəlxalq Cinayət

Məhkəməsinin təsis edilməsini zəruri etmişdir. Uzun hazırlıqdan sonra təşkil edilən Beynəlxalq Cinayət Məhkəməsi

Nizamnaməsində  məhkəmənin  səlahiyyətləri  və  yurisdiksiyasına  aid  olan  cinayət  əməlləri  təsbit  olunmuşdur.

Beynəlxalq  Cinayət  Məhkəməsinin  yurisdiksiyasına  aid  edilən  cinayət  əməllərindən  biri  də  insanlıq  əleyhinə

cinayətlərdir.  Nizamnamədə  toplanmış  təcrübəyə  əsaslanaraq  insanlıq  əleyhinə  cinayət  əməllərinə  tərif  verilmiş,

cinayətin  növləri,  cinayət  əməllərini  ağırlaşdıran  amillər,  cinayətin  müəyyən  edilməsində  zəruri  olan  sübut  və

dəlillər  öz  əksini  tapmışdır.  Beynəlxalq  Cinayət  Məhkəməsinin  Nizamnaməsində  tribunalların  nizamnamələrində

qeyd  olunmayan  iki  cinayət  növü  -  cinsi  zorakılıq  və  adamların  zorakılıqla  yoxa  çıxarılması  insanlıq  əleyhinə

cinayətlər siyahısına əlavə edilmişdir. 

Nizamnamədə  tribunalların  nizamnamələrində  yer  almış "insanlıq  əleyhinə  digər  cinayət  əməlləri"  ifadəsi

təsbit  olunmuşdur.  Həmin  ifadə  gələcəkdə  insanlıq  əleyhinə  meydana  gələ  biləcək  cinayətlərə  qarşı  mübarizə

aparmaq  üçün  hüquqi  baza  yaratmaq  məqsədi  daşıyır.  Bu,  qadağan  olunmuş  "analogiya  üzrə  qərar  vermək"

prinsipinə zidd olsa da, insanlıq əleyhinə yeni cinayətlərə qarşı yönəldiyin-dən məqbul hesab edilir.



İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. Əli Reza Deihim. An introduction to the international criminal Law. Tehran: Intişarati dəfateri meotalaati

siyasi və beynəlmiləliyi nəzarəti omuri xarece, 1380, 441 s.

2.  Ibrahim  Biqzade.  Bərrəsiyi  cinayati  nəslkoşi  və  cinayati  bar  ziddi  bəşəriyyət  dər  əsasnameyi  divani

keyfəriyi beynəlmələli, Məcəlleyi təhqiqqati hoquq. Tehran, '№ 21-22, 2001, 78-93 s.

3.  Krianqsak  Kiffichaisuree.  Qanuni  keyləriyi  beynəlmiləli,  tərcomeyi  Behnam  Yusifıyan,  Məhəmməd

İsmaili. Tehran: İntişarati Danişvər, 1382, 435 s.

4.  Uilyam  A.  Şabas.  Divani  kefəriyi  beynəmiləli,  tərcomeyi  Behnam  Yusifıyan.  Tehran:  Intişarati  cəngəl,

1384, 330 s.

5.  Uilyam  A.Şabas.  Dəramədi  be  divani  keyfəriyi  beynəlmiləli,  tərcomeyi  Yusifıyan.  Tehran:  Intişarati

cənqəl, 1384, 548 s.

CRIMES  AGAINST  HUMANITY  IN  STATUTES  OF  INTERNATIONAL  CRIMINAL  COURT.

Husseyn  Meleky.  The  article  examines  main  stages  of  formation  and  work  of  International  criminal  court  as

international-legal  institution  in  the  context  of  broadening  its  powers  and  distinctions  from  international  criminal

tribunals.  The  author,  while  considering  the  sphere  of  jurisdiction  of  International  criminal  court,  pays  special

attention  to  definition  of  the  enumeration  of  crimes  against  humanity  and  gives  legal  estimation  of  the  factors

burdening fault while defining the character of the crimes.

ПРЕСТУПЛЕНИЯ

 ПРОТИВ

 ЧЕЛОВЕЧНОСТИ

 В

 УСТАВЕ

 МЕЖДУНАРОДНОГО

УГОЛОВНОГО  СУДА.  Гусейн  Мелеки.  В  статье  исследуются  основ ные  этапы  становления  и

деятельности  Международного  уголовного  суда  как  меж дународно-правового  института  в  контексте

расширения  его  полномочий  и  отли чий  от  международных  уголовных  трибуналов.  Автор,  рассматривая

сферу  юрис дикции  Международного  уголовного  суда,  особое  внимание  уделяет  определению  перечня

преступлений  против  человечности,  проводит  правовую  оценку  факторов,  отягощающих  вину  при

определении характера преступлений.



Yüklə 252,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə