Bir-birlərindən qorxurdular. Niyə? Bunu ancaq özləri bilirdilər



Yüklə 25,45 Kb.
tarix26.09.2017
ölçüsü25,45 Kb.
#2158

QORXU

Təzə binaya qapı-qonşu iki ailə köçmüşdü. Cəmisi üç aydı yaşayırdılar. Onlar hələ yaxından tanış olmamış mənzillərini dəyişmək üçün adam axtarmağa başladılar. Səbəbi?..

Bir-birlərindən qorxurdular. Niyə? Bunu ancaq özləri bilirdilər.

İlk günlər ayaqüstü söhbət əsnasında qonşulardan biri demişdi:

- Mən fəhlə adamam, həmişə halal çörək yemişəm. Əliəyriləri görən gözüm yoxdur!..

O biri qonşu isə cavabında:

- Mən də mühəndisəm, - deyə kim olduğuna işarə etmişdi. – Hələ indiyəcən qapımdan haram tikə içəri girməyib. Əlbəttə, dünyada təmizlik, doğruluq gözəl şeydir!

\İndi onları bir-birindən qaçıran da elə bu eyhamlar idi.

Məsələnin əslini bilməyən qonşular mat qalmışdılar. “Bunlar niyə başqa yerə köçməyə hazırlaşırlar? Mənzillərimi xoşlarına gəlmədi? Ya aralarında umu-küsü oldu?.. Heç kəs bu sirdən baş açmırdı. Soruşanda da hərəsi bir bəhanə söyləyirdi.

“ Bura çox səs-küylü yerdir, gecələr rahat yata bilmirik..”, “Otaqlar balacadır... tavanı alçaqdır. Biz darısqallığa öyrənməmişik...” Əlbəttə, bu sözlərə inananlar az idi.


***

Fəhlə qonşu Niyaz köhnə məhəlləyə, əmisigilə toya getmişdi. Çox oturmaq istəmədi. Axşamdan keçmiş, fürsət tapan kimi yayındı. Qapıdan çıxanda arxadan onu səslədilər. Dönüb baxdı, əmisi arvadı idi; kişinin ətəyindən tutub onu kənara çəkdi.

- Niyaz, sənə şad xəbər: evini dəyişməyə adam tapmışam... İşin düzəlib!

- Yox, əşi?

- Əziz canınçun! İkigözlü təzə mənzil! Şəhərin göbəyində! – Qadın yaxasından bükülü bir kağız çıxarıb Niyaza verdi. – Al, bu da telefon nömrəsi! Çalış, elə indi zəng vur, sonra müştərisi tapılar...

- Ay səni şadxəbər olasan, əmdostu!

Hər gün səhərdən axşamacan iri çantası əlində küçələri, mağazaları gəzib dolaşan bu qadın şəhərdəki bütün yenilikləri birinci bilirdi. Kimin vəzifəsini böyüdüblər, kimi işdən çıxarıblar, kim arvadını boşayıb, kimi infarkt vurub, kimin qızı kimin oğlunu sevir... Belə təzə xəbərləri məhəllə sakinləri ancaq Niyazın əmisi arvadından eşidərdilər. Onun üçün dəyişməyə başqa yerdə mənzil tapmaq isə olduqca asan iş idi.

Niyaz özünü telefonlu otağa verdi. Qapını örtüb yumşaq kresloda əyləşdi. Bir an nə deyəcəyini ölçüb-biçdi. Sonra dəstəyi götürdü, tələsmədən nömrəni yığdı. Haçandan-haçana cavab gəldi. Arada belə bir danışıq başladı:

- Alo!..

- Bəli, eşidirəm!

- Bağışlayın... Sizi narahat eləyən tanımadığınız hörmətli bir yoldaşdır.

- Çox gözəl... Buyurun!..

- Bilirsən... Bilirsiz... Bu nömrəni mən əmim arvadından almışam. Yəqin ki...

- Aydındır, vətəndaş! Bildim! Mənim nömrəmi ona qaynanam verib. Əlbəttə, öz razılığımla.

- Eşitdim mənzilinizi dəyişmək istəyirsiniz, doğrudur?

- Bəli, bu barədə iki aya yaxındır məsələ qaldırmışam.

- Mənim də elə bir fikrim var. Eviniz şəhərin ha tərəfindədir?

- Yaxşı yerindədir. Qaynanama verdiyim izahatımda mən hər şeyi aydın demişdim.

- Xətrinizə dəyməsin, siz lap hakim kimi danışırsınız.

- Səhv etmirsiz, hüquqşünasam.

- Çox gözəl, bunlar öz yerində, neçə otağınız var sizin?

- Üç, mətbəxi, hamamı, filanı...

- Məndə də üçdür, bütün dəm –dəsgahıynan. Ey üzünü görmədiyim qardaş, bu başdan bir şey soruşacam sizdən: gərək düzünü biləm. Çünki, örtülü bazar dostluğu pozar, - deyirlər. Düz-düznəqulu – niyə dəyişirsiz mənzilinizi? Qonşunuz pis adamdır, hə?

- Yoox... Siz nə danışırsınız, vətəndaş?.. Əksinə, qonşum son dərəcə nəcib, alicənab bir insandır.

- Elə mənimki də canlara dəyən oğlandır. Arvadı anam - bacım olsun, gözəl, göyçək, cavan, ağappaq, ipək kimi qadındır. Biz dəyişirik mənzilimizi ona görə ki, - Niyaz bir an fikrə gedib, tutarlı bəhanə axtardı. – Mən... itbazam, göz dəyməsin, yaxşı cinsdən öç köpəyim var. Köhnə məhəllədə yaşayanda saxlayırdım, həyət bacadan muqəyyət olurdular, təzə evə köçəndə gətirdim özümlə. Onları balalarından az istəmirəm. Qonşum bu üç dənəyə narazılıq – filan eləmir. Yoox... Hətta heyvanlar hürüşəndə xoşları gəlir. Məxləs, indi onlardan biri, ayıb olmasın boğazdır, bugün-sabah küçükləyəcək... Təkcə bu məsələ bir balaca narahat eləyir onları ki, itlərin sayı artacaq. Yoxsa mən mənzilimi başqa yerə dəyişərəm?!

- Gətirdiyiniz dəlillər inandırıcıdır, vətəndaş. Mən də elə təxminən o dərddəyəm. Bilirsinizmi, biz evdə şir saxlamaq istəyirik...

- Nə?.. Şir?!.

- Bəli, uşağımız yoxdur. Mən işə gedəndə arvadım evdə tək qalıb darıxır. Ona bir məşğulat lazımdır. Qonşumuz isə şir məsələsinə etiraz əlamətləri göstərir. Deyirik, əşi, narahat olmayın, sizin xətriniz üçün balacasını saxlarıq... Qorxurlar. Biz də buna görə dəyişmək istəyirik mənzilimizi.

- Şirdənsə, mənim itlərimə sənin qonşun göydə razı olar. İstəsə lap qancığı da qoyaram küçükləsin...

- Nə deyirsən ki... Mən dəyişməyə hazır. Siz köçərsiz bizim mənzilə, bir otaq arvad uşaqla sizin, iki otaqda küçüklərin. Və yaxud əksinə.

- Mən bilən elə sizin də şəraitiniz pis olmaz. İki otaq sizin, bir otaq da şirin. Gen-bol bəsinizdir.

- Qalır ancaq evlərə baxmaq.

- Haçan, harda deyirsiz, görüşək, danışaq, sövdələşək...

- Konkret olaraq sabah, işdən sonra saat altıda. Zoomağazanın qabağında, elanlar asılan yerdə.

- Lap yaxşı, bəs sizi necə tanıyım?

- Mənim əlimdə sarı portfel olacaq.

- Mən də zənbillə gələcəm. Ordan bir bazara da dəyməliyəm.

- Danışdıq! Sağ olun!

- Gecəniz xeyrə qalsın, - Niyaz telefonun dəstəyini qoyub rahatlıqla köks ötürdü.

- Oxxay!.. Bircə bu məsələ düzəlsəydi o mühəndis köpəkoğlunun zəhmindən qurtarardım. Qorxusuz, hürküsüz yaşardım.


***

“Portfellə” “Zənbil” üz-üzə gələndə, hər ikisi qəflətən diksindi. Donub yerlərində qaldılar. Bir-birlərinin sifətinə tüpürməkdən özlərini güclə saxladılar. Bunlar... təzə binada yaşayan qonşular idi!

- Adə, ay naxələf, Ələ salmısan məni? Mənzilini dəyişən sənsən?! Özü də mənimlə?

- Naxələf də varsan, beş də artıq! Ovcumun içini iynəmişdim? Mən nə biləydim ki, telefonda kiminlə danışıram?

- Sən itsaxlayansan?

- Bəs sən şir saxlayansan?

“Portfel” “Zənbilə” hədə-qorxu gəlməyə başladı:

- Atanı yandıraram, sən öl! Mənimlə “siçan – pişik” oynayana bax!.. Düzünü bilmək istəyirsənsə, mühəndis-zad deyiləm mən! Hakiməm! Sənin kimi dələduzların taleyini həll edirəm.

- Xox! Qorxdum səndən! Get özüvə, ədə! Mən bəyəm fəhləyəm?

- Zənbilindən məlumdur, alverçisən!

Hakim təsadüfən hədəfə düşmüşdü. Rəqibi sarsılan kimi oldu. Ancaq o da şəstini sındırmadı.

Özünü fəhlə adı ilə qələmə verən Niyaz həqiqətən çoxlarının möhtəkiri idi. Şəhərin univermaqlarına, mağazalarına, yaxşı nə mal gəlsəydi, əmisi arvadı bundan xəbərsiz qalmazdı. Hansı yollarlasa dal qapıdan çantasını doldurub Niyazın evinə daşıyardı. Həmin matahlar tezliklə birəbeş xırıd edilərdi...

Üç ay əvvəl köhnə evləri söküləndən sonra Niyazın təzə mənzilə köçməsi ilə hər şey dəyişmişdi. Üstəlik qonşusu da təmizlikdən, doğruluqdan dəm vuran “mühəndis” idi. Qorxu, şübhə kişinin əl-qolunu bağlamışdı. Həyatın bərkini-boşunu görmüş Niyazın özünü fəhlə kimi tanıtdırmaqdan başqa çarəsi qalmamışdı.

Bu tərəfdən isə “əliəyriləri görən gözü olmayan fəhlə” ilə qapı-qonşu yaşamaq, dolayı əməllər sahibi hakimin kürkünə birə salmışdı. O da öz işini bilən adamdı. Buna görə hər ikisi xoflanmışdı.

Indi kimin hansı məsləkə qulluq elədiyi aydınlaşanda qonşular rahatlıqla nəfəs aldılar. Elə bil tədricən doğmalaşdılar.

- Əşi, ay rəhmətliyin oğlu, o vaxtdan mən ürək-göbəyimi yemişəm, - deyə Niyaz sevindiyindən az qala qarşısındakını qucaqlamaq istədi. – Bilsəydim hakimsən, səninlə çoxdan dil tapmışdım. Biz ki, bir-birimizə lazımlı adamlarıq.

- Neyləyim... Mən də səni tanımırdım... Fikirləşirdim fəhlədir, üstümdə göz olar.

Hakimlə Niyaz qol-qola, birincisi portfelini, ikincisi zənbilini yellədə-yellədə evlərinə döndülər...





Yüklə 25,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə