Bir neçƏ SÖZ



Yüklə 0,68 Mb.
səhifə1/10
tarix01.12.2017
ölçüsü0,68 Mb.
#13362
  1   2   3   4   5   6   7   8   9   10


STUDENTLƏR

BİR NEÇƏ SÖZ.


“Studentlər” inqilabdan əvvəl türk (azərbaycanlı – M.A.) tələbələrin həyatını göstərir. Bu həyat çox da zəngin, mündəricəli və yüksək məfkurə izincə qoşan bir həyat deyil. Bu da babalar həyatının müasir bir şəklidir. Babalarımız əsrlər boyu dini mübahisələrlə vaxt keçirmiş, Rüstəmbəylə Əli də bu yolu davam etdirirlər; babalarımız alış-veriş edib, min bir fəsadla zəngin olur, əlsiz-ayaqsızları istismar edirdi. Qulu da eyni tipin müasirləşmişi deyilmi? O zamanın hər bir mütəxəssisi yeni sənət, yeni fənlə təchiz olunmuş birər tacir, xudmin adamlar deyilmi?

Babalarımız şəhvət üstündə vicdanlarını boğmağa alışıq idilər; çoxarvadlılıq, qadın hüququnu tanımamazlıq və bundan irəli gələn dəhşətlər adət yerini almışdı. Fərəməz, Qulamrza, Cəfər və başqaları da eyni yolla getmirlərmi?

Tələbələrimizin içində inqilab ruhlu, əməkçi kütləni düşünən, ictimai yaraların nərədən doğduğunu anlayanlar da var idi. Lakin bunların bütün fəaliyyəti irtica dövrünün qorxunc məngənəsi arasında əzilirdi. Yığılışmaq yasaq, danışmaq yasaq, hökümətə qarşı baş verə biləcək hər bir hərəkət susdurulur, insanlar həbsə və sürgünlərə sürülürdü... Səlmanla Əhməd havası xəfiyyə qoxuyan bu mühitdə yaşayır və onun dəhşətini hər an duyurdular...

O zaman tələbə həyatı və tələbə mühiti belə idi.

Bu gün tələbə həyatı bambaşqadır. Bu başqalığın səbəbi də bəllidir: elmi yalnız azlıq təşkil edən imtiyazlı bir sinfin malı edən çar höküməti təşkilatı yıxılmışdır; iş başına gələn əməkçi sinfi məktəb və bütün elmi müəssisələrin qapılarını geniş kütləyə açmışdır. Əməkçi balalarının oxuması üçün tələbə yurdları qurulmuş, təqaüd təyin edilmişdir. İndi artıq təhsilini bitirmək üçün min bir sənət dalınca qoşan Bəhramlar yoxdur.

Maddi cəhətdən təmin olunan tələbələr eyni zamanda mənəvi varlığı da duyurlar. Hər bir şura tələbəsinin qarşısında yüksək bir əməl var: bunlar mütəxəssis olaraq, ixtisaslarını sosializm quruluşuna həsr edəcəklər.

İndiki tələbələrin ruh yüksəkliyini təmin edən bir amil daha var: bunlar, doğrudan da, tarixdə əmsalı olmayan yüksək bir dövrdə yaşayırlar. Gələcək bu dövrü və bu dövrün təməl daşını atanları alqışlayacaq...

Bu mülahizələri nəzərdən keçirərək “Studentlər”i oxuyan gənclər tarixə qarışmış bir həyatı təsvir etmiş müəllifə, bir az da olsa, haqq verərlər zənnindəyəm.


Y.Vəzir

Bakı, aprel 1936.
BİRİNCİ KİTAB

BİRİNCİ HİSSƏ



1
Bir-iki dəqiqə keçmədən qapı bir az aralandı.

  • Kimdir? – deyə nazık bir səs eşidildi. Student şübhəli bir nəzər fırladaraq sordu:

  • Otaq buradamı kirayə verilir?

  • Burada verilir, - deyə qız o saat qapını açdı.

Student balaca bir koridora girdi; qulluqçu qız sol tərəfdəki qapını açıb, otağa baxmağı təklif elədi. Student papağı əlində otağın ortasında duraraq, əvvəlcə qulluqçu qızı diqqətlə nəzərdən keçirdi: orta boylu, qırmızı yanaqlı kəndli balası məlahətdən məhrum deyildi.

  • Deyin görüm, bu otaq qışda isti olurmu? Qulluqçu bir az qızararaq cavab verdi:

  • Çox isti olur. Keçən il də burada student olurdu, həmişə evdə bir köynəkdə oturardı.

Student divarın dibinə çəkildi, bir də otağa diqqətlə baxmağa başladı. Otaq pis deyildi; student otağına məxsus hər bir şey vardı: yazı masası, kürsü, əlüzyuyan, çarpayı, hətta elektrik işığı da yerində idi. Otaq bəyənilməli idi. Student qulluqçudan qiymət xəbər aldı. Qız bir az duruxdu, “qoy xanımı çağırım”, deyə otaqdan çıxdı.

Otağın rahat və uyğunluğundan, qulluqçunun safdil və gözəlliyindən başqa, student üçün bir ayrı məsələ də var: bu da xanımın xoşsifətliyidir. Bunun üçün bizim student də xanımın gəlməsini həyacanla gözlədi. Bir də qapı açıldı və içəriyə orta boylu, sarışın, dedikcə zərif bir xanım girdi. Onun gülər üzü studenti çox məmnun etdi.



  • Bağışlayın, sizə zəhmət verirəm, otağın qiymətini lütfən söyləyərmisiz?

Xanım altuna bənzər tüklərini oyan-bu yana dağıdaraq, məhcub bir tərzdə:

  • Həmişə bu otaq on yeddi manata gedir, - dedi.

Student:

  • İşıq haqqı və qulluqçu muzdu kimin öhdəsində qalır?

Xanım studentin üzünə baxmağa cəsarət etməyərək, qulluqçuya tərəf döndü:

  • İşığı biz öhdəmizə götürərik, ancaq siz qulluqçunu razı eləyin, - dedi.

Student razı oldu, bu səfər daha diqqətlə otağa baxıb soruşdu:

  • Qonşu otaqda kim olur? Səs-küy olmur ki?..

Xanım gülümsündü:

  • Arxayın olunuz, səs olmayacaq, ora yemək otağıdır. Bir ərimdir, bir də mən. Ərim də çox vaxt evdə olmur.

Student xanımla vidalaşaraq iki gündən sonra daşınacağını bildirdi.

2
Bir neçə gün idi ki, student otağa daşınmışdı. Amma ev sahibləri barəsində hələ lazımi məlumat toplamamışdı. Bircə bildiyi onların çox sakit və mehriban olmaları idi. Bir neçə günün ərzində xanıma bircə dəfə koridorda rast gəlmiş, salam verdikdə xanım başı aşağı cavab verərək dərhal uzaqlaşmışdı. Xanımın ərini hələ görməmişdi.

Bir axşam qulluqçu samovar gətirəndə student qəsdən ona bir sual verdi:



  • De görüm, yavıqda paltaryuyan varmı?

Qız ciddi bir səslə:

  • Budur, bizim küçənin tinində “Varşava paltar yuyanı” var. Orada təmiz yuyurlar, - dedi.

Student yeni bir sual olmasa, qulluqçunun gedəcəyini görərək, yenə sordu:

  • Deməli, lap yaxşı yuyurlar, eləmi?

Qulluqçu divarın bir nöqtəsinə baxa-baxa:

  • Lap yaxşı yumalarını bilmirəm, amma gərək yaxşı yusunlar.

  • Student sualların arasını kəsməmək üçün yenə soruşdu:

  • Siz də, paltarlarınızı oramı verirsiniz?

  • Yox, biz özümüz yuyuruq. Bizim elə artıq paltarlarımız olmur.

Student mətləbə yetişirdi:

  • Yaxşı, bəs xanımın uşağı yoxmu?

Qulluqçu gülümsündü:

  • Yox.

Student də gülə-gülə:

  • Bəs görəsən niyə?

  • Ərə getdiyi bir ildir...

Qulluqçu büsbütün utandı və sözünün axırını yavaşca söyləyərək qızarmış bir halda otaqdan çıxdı.

Studentin marağı bir az yatdı, ev sahiblərinin təzəcə ər-arvad olduqlarını da bildi. Bu xəbər onun ürəyində lətif bir hiss oyandırmamış olmadı: təzə ailənin gənc üzvlərinə qarşı qəlbində bir hörmət bəsləməyə başladı. Belə ki, yoldaşları, adət üzrə ondan “ev sahibi xanım gözəldirmi?” – deyə iyma ilə soruşduqda ciddi cavab verdi:



  • Çox da gözəldir! Mənə nə? Özgə arvadı barəsində belə suallara heç bir lüzum yoxdur.



3
Student özünə müvafiq bir ömür sürməkdə idi. Səhər darülfünuna, günorta aşxanaya, axşam da ya dərsləri ilə məşğul olar və ya bir yana gedərdi. Bu axşam student evdə qalaraq, atasına məktub yazmaqla məşğul idi. Məktubu yazdı, qurtardı, zərfi bağladı və sonra durub yatağında uzandı. Yatmaq vaxti deyildi; bikar uzanmaq da əl verməzdi. Qalxdı, bir az otaqda o baş-bu-başa dolandı. Kitablarını qarışdırmağa başladı. Gözünə yeni bir şey çarpmadı: hamısını oxumuş, hələ çoxunu sətir-sətir təhlil etmişdi.

Birdən-birə ev sahiblərinin qonaq otağında bir dolab kitab olduğunu xatırladı. Sevincli bir halda qulluqçunu çağırdı, xanımın yanına kitab dalınca göndərdi.

Xanım da burada kitab oxumaqla məşğul idi. Qulluqçu içəri girdikdə student qapının arxasında idi; xanım əlindəki kitabı masanın üstünə qoyub, sualverici nəzəri ilə qapıya baxdı. Qulluqçu söylədikcə onun rəngi dəyişməyə başladı. Xanım gülümsünə-gülümsünə:


  • Bilmirəm necə kitab verim ki, xoşlarına gəlsin, - dedi.

Qulluqçu döyükdü. Xanım da cəsarətsiz bir halda duruxdu. Student qapının arasından:

  • Xirda hekayələr olsa, çox məmnun olaram, - dedi. – Yoxsa işsizlikdən darıxıram.

Xanım xoş bir təbəssümlə studenti içəri çağırdı. Görüşdülər. Student həlim və cəsarətsiz səslə:

  • Bağışlayın, sizə əziyyət veirəm. Bilirsiniz, könlüm heç yana getmək istəmir. Evdə də işsiz oturmaq olmur. Bunun üçün də sizi narahat etməyə məcbur qaldım. Məni məzur görünüz.

Xanım məmnun bir halda:

  • Zərər yoxdur. Zərər yoxdur... Buyurun, əyləşin.

Student sandalya çəkib oturdu. Kitab büsbütün yaddan çıxdı. Görünür ki, xanım da evdə tək darıxırmış: bunun üçün iki tərəf də böyük bir həvəslə danışığa girişdi. Ən əvvəl xanım studentin haralı olduğunu soruşdu:

  • Yəqin, siz qafqazlısınız.

  • Bəli, qafqazlıyam.

  • Ürəyimdə bircə arzu var. O da Qafqazı görmək. Qafqaz barəsində o qədər kitab oxumuşam, oqədər qəribə sözlər eşitmişəm ki, adı gələndə ürəyim əsir.

Student bütün vücudu ilə sandalyanın arxasına söykəndi, xanımı süzərək gülümsündü. Sanki “Qafqaz gözəldir, məndə o gözəlin yavrularındanam”,- demək istəyirdi.

Xanım, görmədiyi ölkənin xəyali gözəlliyinə məftun bir halda sözünə davam edirdi:



  • Yəqin uca dağları görəndə adamın bütün kədəri yadından çıxır...

  • Xanım qulluqçuya yönəlib gülə-gülə:

  • Liza, daha bundan sonra evdə yalnız qaldıqda darıxmayacağıq: təzə kirayıçi öz ölkələrindən bizə nağıl edəcək, qəribə-qəribə şeylər eşidəcəyik.

  • Indiyə qədər divarın dibində duran Liza masanın kənarına gəldi. Xanım birdən:

  • Bağışlayın, sizin adınız nədir?

  • Mənim adım Rüstəmbəydir.

Xanım bir-iki dəfə “Rüstəmbəy” deyə təkrar etdi. Dili dürüst tutmadı. Qızardı və qayət lətif təbəssümlə Lizaya dedi:

  • Görürsən, Liza, nə çətin addır. Bizimkilər asandır. Məsələn, Sofya Sergeyevna (studentə üzünü çöndərərək), bu mənim adımdır, - dedi. – Sizin üçün yəqin çətin gəlmir.

Rüstəmbəy indiyə kimi xanımın sözlərini məcburi bir təbəssümlə qarşılayırdı; indisə ciddi bir sima ilə dedi:

  • Əlbəttə, bizlərə çətin gəlmir, çünki biz çocuqluğumuzdan rus məktəblərində oxuyuruq...



4
Söhbət qızışdı. Rüstəmbəy Qafqaz barəsində xanıma bir çox şeylər nağıl elədi, şücaət və cəngavərliyindən danışdı, qafqazlıların adət və ayinlərini təsvir edərkən, xanımın nəzərində vətənini yüksəltmək üçün quldurluq və qanlılıq kimi adətlərdən bəhs etmədi.

Xanım gözlərini Rüstəmbəydən ayırmadan onu böyük bir həvəslə dinləyir, Qafqazın şəklini xəyalına gətirərək onu füsunkar bir ölkə kimi təsəvvür edirdi. Studentin hər sözü xanımın xəyalındakı lövhəyə yeni boyalar əlavə edirdi. Xanıma hər şeydən artıq qafqazlıların şücaət və qoçaqlığı xoş gəldi. Qısqanc kişilərin qadın yolunda qan tökmələri Sofya xanıma o qədər qəribə gəldi ki, studentə bu xüsusda təkrar-təkrar sual verməyə başladı:



  • Məsələn, mən qafqazlı olsaydım və sizinlə söhbət elədiyimi ərim görsəydi, məni öldürərdimi? – dedi.

Rüstəmbəy gülümsündü və düşünə-düşünə dedi:

  • Qafqazın elə yerləri var ki, yad kişi ilə söhbət etdiyindən ər arvadını öldürər. Elə yer də var ki, öldürməz; lakin qısqanar, acıqlanar.

Xanım heyrət içində Lizanın üzünə baxdı və bir az fikirləşdikdən sonra gözlərini yenə Rüstəmbəyə döndərib ona ciddi bir nəzər atdı.

Studentin iri və hirsli gözləri, vəhşi baxışı, qara qəşəng bığları onu qorxutdu; xanım masanın üstündən kitabı götürdü, dirsəyinə dayaq verərək əlini çənəsinə söykədi. Artıq sual verməyə cəsarət etmədi.

Rüstəmbəy xanımı əyləndirmək üçün söhbətin davamına çalışırdı:


  • Sizin şimalda kişilər elə həlimdirlər ki, arvadları və ya tanış qızları özgələri ilə gəzib danışdıqda qanları əsla coşmur. Bizlərdə isə işlər tamam özgə cürdür. Qafqazlının hələ arvadı bir kənara, bir qadın tanışı özgəyə gülər bir üz göstərsə, qısqanclıqdan özünü itirər.

Rüstəmbəyin sözləri Sofya xanımın sükutunu pozdu, xanım kitabı msanın üstə atdı:

  • Qısqanclıq yaxşıdır – yerində; hər şey üstə qısqanclığa meydan verməyin, zənnimcə, mənası yoxdur.

  • Sizin sözlərinizin doğruluğunu inkar edə bilmərəm; ancaq qısqanclıq qafqazlının qanındadır; nə qədər etsə də, öhdəsindən gələ bilməz.

Xanım güldü və zaarfatla:

  • Deməli, siz də qısqancsınız?

  • Əlbəttə! Əlbəttə!

  • Yaxşı, tutaq ki, sizin məhbubənizlə bir yad kişi gəzir. Onda nə edərsiniz?

  • Nə edəcəyimi indidən deyə bilmərəm, ancaq onu bilirəm ki, hər nə olsa da, var qüvvəmlə rəqibimi məhbubəmdən uzaqlaşdırardım.

  • Necə uzaqlaşdırarsınız?

  • Boğazından yapışıb, güclə uzaqlaşdırardım! Rüstəmbəy son sözlərini elə bir qeyzlə dedi ki, o saat rəqibi ilə savaşır kimi oldu. Sofya xanım qəhqəhə ilə güldü:

  • Hələ rəqib olmaya-olmaya siz hirsinizdən alt dodağınızı gəmirirsiniz; olsaydı nə edərdiniz?

Lakin bu sırada Rüstəmbəy də artıq gülməyə başladı.

5
Zəng vuruldu. Bir neçə dəqiqə sonra qulluqçu Rüstəmbəyin yanına qonaq gəldiyini xəbər verdi. Yoldaşlar koridorda görüşdülər. Rüstəmbəy şad bir halda əlini uzatdı:

  • Ya Allah, Əli, - dedi. – Xoş gəlmisən.

Əli ortaboy, nazik bığlı, pəjmürdə tüklü bir student idi. Istər söhbətində, istərsə tərpənişində çox ağır idi. Hər bir hərəkətində əsla adi studentlərə bənzəmirdi. Fikir və xəyalı həqiqət aramaq idi. Ruhani alimlərlə görüşər, dinə dair bir çox məsələlər soruşar, zaviyyələrə gedər, rahiblərin həyatını öyrənməyə çalışardı. Bir molla, bir dərviş yox idi ki, onlarla mübahisəyə girməsin. Buna görə də sabit fikrə malik deyildi. Daima axtarış yolunda, tərəddüd içində yaşayırdı.

Rüstəmbəy Əlini otağına dəvət etdi. Əli mülayim bir sima ilə:



  • Bağışla, yoldaş, - dedi, - bəlkə sənə əziyyət verirəm. Əli sözlərini qurtararaq, elə bil oturmağa cəsarət eləmirdi. Rüstəmbəy ona kürsü göstərdi, əyləşməsini təklif etdi. Əli oturdu və əllərini ova-ova təkrar:

  • Yoldaş, sənə mane olmuram ki? – dedi.

Rüstəmbəy gülümsündü və xoşhallıqla cavab verdi:

  • Yox, qardaş. Məni yad eləməyindən çox məmnunam. Yoxsa qapımı açıb girən yoxdur. Müsəlman studentləri mənim yanıma gəlməyə qorxurlar; çünki onların ciddi söhbətlə araları yoxdur. Zavallılar kitabdan yaman ürkürlər. Tərs kimi mənim kitabxanamda da belə dolaşıq kitablar var ki, ciddən qorxmalıdır.

Rüstəmbəy gülümsündü və sonra gözlərini küncdəki kitab qəfəsinə döndərdi. Əli ciddi bir halda kitabları nəzərdən keçirdi.

  • Yoldaş, – dedi, – o iri kitab Tovratmıdır?

Rüstəmbəy gülümsündü:

  • Tövratdır; müsəlman studentlərini qorxudan Tövrat. Əli yavaşca qalxdı, kitabxanaya tərəf yönəldi:

  • Bağışla, bu “Kitabi-əqdəs”ə baxmaq olarmı? – deyə qəfəsədən nazik bir kitab çıxartdı.

  • Əli kitabı vərəqlədi. Orasına, burasına baxdı və müqəddiməsini oxumağa başladı. Bir müddət sükuta daldılar.

Qonşu otaqdan ev xanımının səsi gəlirdi: qulluqçuya sifariş verməkdə idi. Tavanın üstündə kim isə bərk tappıltı salmışdı. Aşağı mərtəbədən piano səsi gəlirdi.

Əli kitabdan aralandı. Fikirli gözlərini Rüstəmbəyə döndərərək dedi:



  • Babiliklə əsla tanış deyiləm. Amma onların tarixini oxumaq lazımdır.

Rüstəmbəy müxtəsərcə olaraq babilik və bəhailik barəsində Əliyə məlumat verdi. İranın məzhəb mənbəyi olmağından bəhs etdi. Cəfəri təriqətlərdən danışdı.

Əli Rüstəmbəyin sözlərini diqqətlə dinləyirdi. Arabir sual verir və öz rəyini bildirmək fürsətini də əldən qaçırmırdı. Birdən bəhailiyin artması barəsində soruşdu:



  • Deyirlər, Amerikada bəhailik getdikcə intişar edir.

Rüstəmbəy bu fikirlərin doğruluğuna şərik olmaq istəmədi və acıqlı bir halda:

  • Zənnimcə, - dedi, - Amerikanın yeni dinə ehtiyacı yoxdur. Amerikanın dini sənaye və ticarətdən ibarətdir. Amerikada xalq o qədər işə məşğuldur ki, başlarını qaşımağa belə macalları yoxdur. Din axtarmaq işsizlik əlamətidir. Din və məzhəb icadi şərqlilərin inhisarındadır. Ömrümüzü o qədər işsizliklə, xəyal və mövhumatla keçiririk ki...

Din haqqındakı söhbət Rüstəmbəyin ən sevdiyi məsələlərdən biri idi. Ona görə danışdıqca qızışdı və bu məsələ barəsində geniş məlumatı olduğunu göstərdi. O danışırkən tarixin qanlı səhifələri, həyatın donub, bir nöqtədə qalması... bir lent kimi Əlinin gğzü önündən keçdi. Avropanın din düşməni olan ümdə mütəfəkkirlərinin adları təkrar edildi. Axırda Rüstəmbəy xoş bir təbəssümlə dedi:

  • Avropada dünyaya hədsiz-hesabsız mütəfəkkirlər gəlmiş, orada böyük filosoflar, geniş məlumatlı alimlər olmuş; ancaq Avropa tarixində din icad edənlərə rast gəlmədim. Lüter və Qalvin kimi din islahatçıları olmuş, yeni din uyduran olmamışdır. Amma bizim Şərqdə iki eşşəyin arpasını bölməyə qadir olmayan belə peyğəmbərlik iddiasına düşmüşlər.

Rüstəmbəy bir qədər sükut etdi. Əli onun nitqinin bəxş etdiyi təsirdən fikrə dalmışdı. Yenə üst mərtəbədən tappıltı gəlirdi. Altdan piano əvəzində çocuq bağırtısı eşidilməyə başladı. əli Rüstəmbəyin üzünə baxdı, nəzərləri qarşılaşdı. Rüstəmbəy yenə başladı:

  • Mən bəhailiyi qəbul edənlərə diqqət etdim. Bunların içində bir nəfər də olsun kamil adam yoxdur, hamısı yarımçıqlardır ki , avamlıqdan aralanıb, kamilliyə də çatmayıblar. Zatən gərək belə də olsun; çünki avam dinində möhkəm olar və ayrı dini öz dininə tərcih etməz; arif və kamillərin də dinə ehtiyacı yoxdur. Onlar dinsiz də yaşayışın yolunu tapmışdırlar. Namaz, oruc, ziyarət və qeyri-bunlar lüzumsuz şeylərdir. Ona görə ariflər yeni din axtarmaq deyil, öz dinlərinə belə etina etmirlər. Bunlar dinə qul olmağı alçaqlıq bilirlər. O ki, qaldı yarımçıqlara – bunlar təzə din axtarmağa tərəqqipərvərlik iddiası edirlər. Halbuki dinlə elm bir-birinə düşməndir; həmişə vuruşublar, qiyamətədək də vuruşacaqlar.

Əli çənəsindəki yumşaq tükləri buraraq qulaq asır, onun fikirlərini təsdiq edərək başını tərpədir və bəzən də üzünün cizgilərində parlayan ifadə ilə ona şərik olmadığını duydururdu. Nəhayət, Rüstəmbəyin sükutundan istifadə edərək sözə başladı:

  • Yoldaş, - dedi, - din haqqında söylədiklərinin bir çox nöqtələri ilə razılaşıram. Bilirəm ki, din uydurma bir şeydir. Bilirəm ki, dinsiz də yaşamaq olar. Gözəlcə bilirəm ki, heç bir sağlam dimağ din səfsətələrinə inanmaz və inanmamalıdır. Lakin din bir əmri-vaqe olaraq, insaniyyətlə bərabər doğmuş və əsrlərdən bəri dolanbac tarix yollarında onu təşyi edir, ona yol göstərir. Bu gün bizim istehza etdiyimiz Konfuçi, Budda, Musa, İsa və Məhəmmədlər arxasınca milyonlarca adamlar gedir; həm də fədakar və mütəəssib adamlar. Bu hala nə deyərsən? Məsələ din icad edəndə deyil, məsələ bəşərin din axtarmasındadır. Peyğəmbər olmadan da insanın dini vardı. Oda, günəşə, aya, daşa, heyvanlara tapınan azmı olmuş?

Əli sözlərini bitirmişdi, lakin gözlərinin düşüncə içində çarpınması onun qane olmamasını göstərirdi. O sanki qaranlıq üfüqdə bəzi parıltılar sezmiş, lakin onun işıq olub-olmamasını kəsdirə bilmirdi. Rüstəmbəy də düşünürdü. Bunun da fikir sahəsində yeni hərəkət başladığı gözlərindən duyulurdu.

Əli:


  • Bəs nə etməli? – deyə məyus bir çöhrə ilə Rüstəmbəyə müraciət etdi.

Rüstəmbəy mətin bir səslə:

  • Həyatın məqsədini anlamalı!.. – dedi.

Söhbət gecə yarısına qədər çəkdi. Əli ayağa durdu, üzr istədi və axırda bir neçə kitab alıb getdi.

6
Rüstəmbəy Üçdəyirmanlı Alışbəyin oğlu idi. Bu bəy kənddən daşınıb şəhəri özünə həmişəlik qərargah tutduqdan sonra bəylik və ağalıq əlamətlərini büsbütün itirmişdi. “Bəy” ləfzi çox vaxt onun rişxəndinə səbəb olurdu: “Nə bəybazlıqdır – hər kəsin qarnı toxdur, ondan yaxşı bəy yoxdur”, - deyirdi.

Bu neçə ildəki şəhər məişəti arvadı Zeynəb xanımın tərzi-həyatını əsla dəyişməmişdi; xanımlara məxsus təmtəraq köhnə qaydası ilə gedirdi. Haraya getsəydi dalınca qulluqçu qəlyan gətirər, məclislərdə qapıda durar, xanımın başmaqlarını gözlərdi. Hamam səfəri isə daha cəlallı olardı. Görərdin, əvvəlcə xanım ahəstə-ahəstə yola düşdü, dalınca nökər Xanqulu bir qolunda iri boğça, o birisində su satılı, arxadan da qulluqçu Qızyetər çarşabın ucu ağzında, çəp gözlərini bərəldə-bərəldə bir əlində gümüş qəlyan, o birində tənbəki çanağı gedir. Qızyetərin başmağının bir tayının dabanı düşmüş olduğuna görə axsayırdı və hərdən ayağı büdrəyib, çuxura düşdükdə diksinər, duruxardı və bir neçə dəqiqə çuxura əyri-əyri baxdıqdan sonra nə fikir elərdisə, axırda: “Buy, qadan alım”, - deyə yola düşərdi.

Hamama yavıqlaşdıqda Qızyetər özünü cəld içəri salar, “Xanım hamama gəlir”, - deyə hamını xəbərdar edərdi. Hamamçı Hürzad əl-ayağa düşərdi; cansürtən Şərəf haman daş döşəməni yumağa başlardı; hamamçı Tükəzban xanımın arxası üçün həcəmət hazırlardı... Bir dəqiqədə səkiyə süzəni salınardı. Ondan sonra albuxara suyunun tədarükünə düşərdilər ki, xanım hamamdan çıxandan sonra içib sərinlənsin.

Bu həngamə bir neçə saat çəkərdi. Biçarə Xanqulu hamamın çöl divarına söykənər, mürgü döyərdi.

Hamam səfəri kimi fövqəladə hadisələr tez-tez ittifaq düşməzdi; həftədə bir dəfə olardı. Bəlkə, demirəm, xeyir-şər işi düşsəydi, onda yenə Qızyetərlə Xanqulunu səfərbərlik halına gətirərdilər. Səfərbərlik də bu idi ki, Xanquluya uzunboğaz çəkmə geydirərdilər (adi vaxtlarda, Xanqulu başmaqlı olardı), belinə bir uzun xəncər bağlardılar. O ki qaldı Qızyetərə, bunun da rəsmi libası gümüş düyməli çəpkəndən ibarət idi. Bir də üstü güllü qara çitdən bir dizliyi var idi ki, onu da hər yerə qıyıb geyməzdi.

Qalan vaxtlar isə hərəsi öz işinə məşğul olardı.

Ağalar nökər və qulluqçuya donluq vermirdilər. Bunlar qarınlarının çörəyinə və əyinlərinin paltarına qulluq edirdilər. Bir də ki, özlərinə məxsus müftə otaqları var idi. Kənddən şəhərə bəhrə az gəldiyinə görə ağaların həyatı yavaş-yavaş sadələşir və əsnaf dolanışığına dönürdü; nökərə qədimdə libas bağışlardılar, indi isə bu qayda dəbdən düşürdü. Libas dursun kənarda, ona çörək verməyə imkan yox idi. Odur ki, Xanqulu neçə il idi ki, özü üçün qazanc yolu tapmışdı. Ağasının həyətində kələm əkər, göyərti becərər, tut çırpar, tutundan sirkə qayırardı. Beləliklə, əyninin libasını və cib xərcliyini təmin elərdi. Asudə vaxtı yenə bəylərin və xanımın qulluğunda olardı.

Zeynəb xanım Ağqoyunlu Cahangirbəyin qızı idi. Cavankən “diribaşlığı” və müdrikliyi ilə ata-anasının heyrətinə səbəb olardı. Həmişə hazırcavab, sözü üzə dik söyləyən idi. Cahangirbəy deyirdi: “Arvad, Zeynəbə heç kəs yiyə durmayacaq. Atamın yatdığı yer haqqı, hansı qapıya getsə, geri qaytaracaqlar”. Arvad isə ayrı fikirdə idi; bilirdi ki, qızlarının içində ərə gedib, əvvəl oğul və qız anası olan Zeynəb olacaq. Necə fikir eləmişdi, elə də oldu – on altı yaşında ikən Alışbəyə qoşuldu, qaçdı.

Alışbəy onda iyirmi üç, ya iyirmi dörd yaşında qaraqaş-qaragöz bir igid idi. Həmişə at belində, qolunda qızılquş, yanında tulaları – peşəsi ova getmək idi. Bir gün Alışbəyin yolu Ağqoyunludan düşdü. Bağların arasında fışdırıqlaya- fışdırıqlaya getdikdə, gözü bağda gəzən iki qadına sataşdı. Biri, görünür ki, xanım idi, o biri qulluqçu. Xanım ağ, totuq qız idi. Səliqə ilə geyinmişdi. Ortadan ayrılmış saçlarının üzərində qızıl pərəkli araxçın yan qoyulmuşdu; ağ kəlağayı qulağlarına dolanmış qara zülfünü və uzun gərdənini qucaraq aşağı sallanmışdı; çəhrayı arxalıq sinəsində yarımdairə təşkil edərək, qızıl toqqa sarılmış incə belində düymələnmişdi. Tafta köynək köksünün lətif yuvarlaqlarını əks eidirirdi. Ətəyində bir sıra əşrəfi, boynunda qızıllı şəvəsi vardı. Arxalığın geniş qolundan çıxıb zövqlə sallanan köynək qolları çəhrayı boyası ilə ağ biləklərə çox yaraşmış və sanki bir-birinə rəng verib, rəng alırdı... Bağın yabanı çiçəkləri arasında bu da çiçək kimi zəngin və gözəldi. Alışbəyi görüncə qaşlarını qaldırdı, fitnəli gözlərini süzdü və işvəkar bir səslə qulluqçuya dedi:


  • Ovçuluq gözəl işdir.

Qulluqçu üzündən dünyagörmüş və çoxbilmiş adama bənzəyirdi. Çox fikir eləməyərək cavab verdi:

  • Gözəl işdir, ovçuda hünər olsa.

Alışbəy kinayəni anladı və qızın gözəlliyindən, ruhluluğundan valeh oldusa da, özünü itirmədi:

  • Ovçuda hünər olar, - dedi. – Sonada vəfa olsa.

Zeynəb xanım bu cavabdan xoşlanaraq yenə də gözlərini süzdü və gözəl bir təbəssümlə Alışbəyin ürəyini ələ aldı. Alışbəy ova əhəmiyyət vermədi. Bir-iki qırqovul ovladı, çayın kənarına göy ot üstdə uzandı – fikri Ağqoyunluda idi. Qızın tərpənişi, sözləri və təbəssümü zehnində canlanırdı. Ürəyi sızıllamağa başladı. “Ovçuluq gözəl işdir”, - deyə qızın sözlərini təkrar elədi, gözləri doluxdu, durdu və mətanətsiz bir halda ata mindi, öz-özünə: “Ev basmaq, adam öldürmək də lazım gəlsə, qız gərək mənim olsun”, - deyə qərar verdi.

Getdikcə Alışbəyin cəsarəti artdı. Bir də Ağqoyunlunun damları gözünə sataşdı. Alışbəyin cürət və cəsarəti yox oldu: bədəni keyidi, qız olan bağı gördükdə ürəyi sürətlə döyünməyə başladı.

Bağda heç kəs yox idi. Atın üzərindən boylanıb baxdı. Istədiyini görə bilmədi. Qızın bir neçə saat əvvəl durduğu otluq bir az əzilmiş, çiçəklər yerə yatmışdı... Alışbəyin ürəyindəki fərəh və ümid söndü; o, acı bir tənhalıq duydu. Ona əvvəlcə şən və süslü görünən çiçəklər indi qəmgin və solğun kimi idi.

Ayaqları ilə atı tərpətdi: sanki yiyəsinin məyusluğunu duyaraq, at da məyus və könülsüz addımlarla yürüməyə başladı. Alışbəyin gözləri həp bağda idi, uzaqlaşdıqca sanki canı, həvəsi və şövqü də ondan ayrılıb, yar bağında dolaşmada idi. Çəpərin dibi ilə axan arxın həzin səsi kədər saçırdı.

Başqa bağlar başlandı. Iki yol ayrıcındakı yosma dəyirmanın yanında atı geri döndərdi. Yenə fərəh və ümid canlandı. Yar bağına yaxınlaşdıqda atı yavaşıtdı. Yenə yəhərdən boylanıb baxdı.

Kolun dalından qulluqçunun qalxıb yaşmanmasını sevinclə gördü. Alışbəy atı saxladı. Qulluqçu gülümsənə-gülümsənə çəpərə yavıqlaşıb əlini uzatdı. Yavaş səslə:



  • Ay bəy, - dedi, - ala bunu

Alışbəy döyükdü və əlini uzatdıqda qulluqçu ona bir tərəfi dişlənmiş bir alma verdi.

Alışbəy heyrətlə almadakı xırdaca diş yerinə diqqət etdikdə qulluqçu başladı:



  • Bunu xanım göndərdi, bir də bir sifariş elədi.

  • Nə sifariş?

  • Dedi bəyə deyinən ki:

Ağ almanı dişlədim,

Dişlədim gümüşlədim;

Qardaş gəldi – qıymadım,

Yar gəldi – bağışladım.
Bu dəfə də Zeynəb xanımın kəskin oxu hədəfə isabət etdi. Alışbəyin ürəyi təzədən yaralandı və qan damcıları axıb cəmi bədənini ağzına aldı. Nitqi kəsildi. Dili ağzında qurudu. Axırda:


  • Sabah səhər ertə burada hazır olsun, gəlib onu aparacağam, - deməyə qadir oldu.

Qulluqçu çəpərdən aralandı və uzaqlaşdıqca Alışbəyin ağlı başına gəlməyə başladı. Bir də onu çağırdı:

  • Mən Üçdəyirmanlı Həsən ağanın oğlu Alışbəyəm. Sonra elə bilər, görəsən kiməm.

Qulluqçu güldü:

  • Başına dönüm, elə Zeynəb xanım da sənin tayın, bərabərindir: Cahangirbəyin qızıdır. Bu bağ-bağat, ilxı, əkin, biçin – hamısı onundur.

Alışbəyin Zeynəb xanımdan üç qızı və iki oğlu var idi. Qızının böyüyünü Sarıhəsənli Nəsirbəyə vermişdi. Lakin az çəkmədi öldü və yerinə ikinci qızını verdi. Üçüncü qızı isə Sığırlı Laçınbəydə idi. Deməli, şəhərdə Alışbəyin ailəsi bir o qədər də böyük deyildi: Zeynəb xanım, böyük oğlu Səmədbəy və özü idi.

Yay vaxtları Rüstəmbəy də təhsilindən qayıdardı və qızlar da övladları ilə yaylamağa gələrdilər. Onda ailə böyüyər, həyatın yektərzliyi pozulardı.

Qış fəsli isə Alışbəyin ailəsində bir dəyişiklik olmazdı. Zeynəb xanım həmişə qəlyan damağında, pəncərənin içində arxasını püştiyə söykəyib oturardı. Qızyetər ona şəhərin övza və əhvalatından nağıl elər; Alışbəy də məscid həyətinə gedər, qazının hücrəsinin qabağında oturaraq dini mübahisələrə qulaq verərdi. Səmədbəy isə qulluğunda olardı – şəhər naçalnikinin dəftərxanasında mirzə idi.

Yeri gəlmişkən, Səmədbəy barəsində də bir neçə söz:

Alışbəy kənddə Səmədbəyin tərbiyəsi üçün bir dayə tutmuşdu. Bu dayə pak ürəkli, saf bir qadındı və bu saflığı ilə də Səmədbəyə düzlük və doğruluğu təlqin eləmişdi. Lakin iradəsiz olduğu üçün balaca Səmədi öz təsirində lazımınca saxlaya bilməmişdi. Səməddə bir inadlıq və istədiyini yerinə yetirmək adəti baş vermişdi. Burada Səmədin ilk övlad olması da bir rol oynamışdı.

Nə qədər Səməd ev dairəsində idi, onun inadı, təbii, nəticəsini büruzə vermirdi. Elə ki, böyüdü, evdən uzaqlaşdı, həyatla qarşı-qarşıya gəlməyə başladı, onda tərbiyəsinin fənalığı məhsul verməyə üz qoydu. Məktəbdə uşaqlarla düz yola getməzdi. Hamını öz fikrinə, öz arzusuna tabe etmək istərdi. Bu isə baş tutmayacaq bir iş idi. Müəllimlərlə də rəftarı yaxşı olmurdu: hazırcavablığı ilə onları da zara gətirirdi. Odur ki, oxuya bilmədi, orta məktəbin dördüncü sinfində dərsi tərk etdi.

Əvvəlllər cavanlarla bir az dağda-bağda gəzdi, dolandı, boş ömür keçirdi. Sonralar təngə gələrək qulluğa girmək istədi. Alışbəy onu pristavın dəftərxanasına qoydu. Bir müddət yazdı.

Lakin çox çəkmədən oradan da çıxdı.

Bir ildən sonra imtahan verdi, kənd müəllimi oldu. Burada da övc eləyə bilmədi. Müəllimlik işinin zəhmət və əziyyəti Səmədbəyi təngə gətirdi. Şəhərə qayıtdı.

Hər nə də olsa bəy uşağı olduğundan bu dəfə naçalnikin dəftərxanasına girməyə nail oldu. Səmədbəyin dost və yoldaşı olmaması onu faydalı bir yola sövq etdi: o, kitaba sarılaraq mütaliəyə başladı.

Rüstəmbəy əvvəlllər böyük qardaşına əsla bənzəmirdi. Nə qədər uşaq idi, öz xüsusi işləri ilə məşğul idi – məktəbə gedərdi, dərslərini lazımınca hazırlardı. Qalan vaxtı evdə oturardı, küçəni və onun müzür təsirini milmərrə tanımazdı. Alışbəyin səmimi ibadəti pak əxlaqılı Rüstəmbəyin ürəyində dindar hisslər oyatmamış olmadı.

Allah ona ən yavıq, ən sevimli bir hami, bir dost, bəlkə bir qardaş kimi görünürdü. Ümidlərini ona bağladı, fikrini və xəyalını ona həsr elədi. Atası namaz qıldıqda Rüstəm də onun arxasında namaza durardı, mənasını anlamadığı sözlər əsrarəngizliyi ilə onun ürəyini oxşardı.

Səməd həmişə Rüstəmin ibadətinə rişxəndli bir təbəssümlə tamaşa edərdi:


  • Rüstəm, - deyərdi, - balam səndən yaxşı molla çıxar. Nahaq yerə də realniyə gedirsən. Yaxşısı budur ətəbata get.

Qardaşının sözləri Rüstəmin xətrinə dəyərdi.

  • Canım, mənim işimə qarışma. Allahımla mənim arama niyə girirsən?

  • Ay axmaq, Allahınla sənin aranda yer yoxdur ki, girim. Allah bütövdür, dibsiz və kənarsızdır. Ondan ayrı bir şey yoxdur; daha sən niyə özünü Allahdan ayırırsan.

Rüstəmbəy Səmədbəyin ciddi sözlərinə qulaq verər, mənasını dərk etməyə qadir olmaz və çox vaxt düşünməyə belə cəsarət eləməzdi. Bununla belə, qardaşının sözləri Rüstəmə təsir bağışlardı.

Gecələr yatağında onun sözlərini xatırlayaraq fikrə dalardı. Əvvəllər qorxa-qorxa, sonralar hər bir fikri açıqca təhlil və tənqid etməyə adət edərdi. Allah, onun peyğəmbərləri və tarixi-müqəddəsdəki möcüzələr barəsində çox düşündü. Anlamadığı məsələləri Səməddən soruşdu.

Səməd də onu başa salmağa çalışdı. Rüstəmi bu məsələlər artıqlığınca həvəsləndirdi. Tez-tez qardaşına müraciət elədi. Mübahisəyə girişdilər. Səməd fikirlərini təlqin etmək üçün ona kitablar verdi. Kitablar Rüstəmin fikir dairəsini genişləndirdi, lakin qəti olaraq onun köhnə əqidəsinə xələl vura bilmədi. Yenə adəti üzrə Rüstəm ibadətinə davam edirdi.

Rüstəmbəyin əmisi Bakıda qulluq edirdi. O sonsuz olduğu üçün Rüstəmi Bakıya göndərməsini Alışbəyə yazdı. Rüstəmbəy altıncı sinifdən Bakıda oxumağa davam etdi. əmisi Baxışbəy və arvadı Nabat xanım onun və xətrini çox istərdlər. Rüstəm də onlara öyrənişib, qarşılıqlı hörmət və məhəbbətdə davam edirdi.

Bakı həyatı Rüstəmbəyin dəruni aləminə böyük təsir buraxmamış olmadı. Özünəməxsus dərs otağında fikir və xəyalına geniş meudan verməyəy müvəffəq oldu. Yavaş-yavaş Səmədin sözlərini zehnində ehya edib təhlilinə çalışdı və onları fikir dairəsində həzm eləməyə cəhd etdi. Bir gün Rüstəm öz-özünə:


  • Allah doğmayıb və doğulmayıb, - dedi, - deməli, var imiş, var və olacaq. Böyükdür və küllün cəmidir. Ondan ayrı bir şey yoxdur; hamısı onda mövcuddur, hamıya da o nüfuz elər... Allah hər şeyə etidalidəmlə baxır; acıq və intiqam, rəhm və əvəz onda yoxdur. Günah, savab Allah yanında bərabərdir; onun üçün “fərq” mənası mövcud deyil.

Bu qərarla Rüstəmbəy uzun-uzadı özü ilə mübahisə elədi və axırda dərin bir əqidə ilə:

  • Belə olduqda, - dedi, - Allah bizim ibadətimizə möhtəc deyil. Onun üçün bizim dua və diləyimizi eşitmək də ağıla müvafiq gəlməyən işlərdəndir; çünki Allah qanunu, təbiət nizamı sabit və sarsılmazdır...

Belə-belə fikirlər Rüstəmbəyi artıqlığınca məşğul edirdi. Həllinə aciz olduğu məsələlərdə məlumatlı adamlara və kitabxanalara müraciət edərdi. Onu çox həvəsləndirən məsələlərdən biri də möcüzə idi. Qardaşı ona demişdi ki, möcüzə ola bilməz, ona inanmaq, sağlam ağıllı adamların işi deyil. Möcüzə adamları aldatmaq üçün icad olunmuşdur.

Rüstəmbəy bu sözləri fikrinə gətirdi. Təkrar-təkrar öz-özünə söyləndi, şərh elədi:



  • Möcüzə, - dedi, - yəni imtiyaz. Imtiyaz, yəni təbiət müvazinəsini pozmaq. Təbiət müvazinəsini pozulduqda əbədi qanunun sabitliyi sarsılır. Bu da ola bilməz; çünki əbədi qanunun sabitliyi Allahın ədalətinə dəlildir. əbədi qanun qeyri-sabit olduqda Allahın ədaləti şübhə altına düşür.

Bu məsələni Rüstəmbəy həll olunmuş ədd edərək o birisinə keçdi.

  • Həzrət İsanın göyə çəkilməsinə, - dedi, - necə inanmaq olar?

Bu sözləri huşsuz bir halda deyərək Rüstəmbəy yazı masasına yavıqlaşdı, oradan hirslə bir mədən daşı götürdü və yuxarı qaldırıb, əlindən saldı. Daş sürətlə aşağı endi və tappıltı ilə döşəməyə düşdü.

  • Daş aşağı düşdü. – Rüstəmbəy dərin bir əqidə ilə dedi, - çünki əbədi qənun belə qayda qoymuşdur. Daş göyə qalxsaydı, bu imtiyaz olardı. Təbiət imtiyaz tanımaz, daş da adam kimi durduğu yerdən özü özbaşına göyə qalxmaz: hər kəs əksinə etiqad eləsə, imtiyaza iman etmiş olur və bununla da Allahın ədalətinə inanmır...

Realni məktəbin son sinfində Rüstəmbəyi həvəsləndirən məsələlərin hamısı həll olunmuşdu. Bunun nəticəsi olaraq Rüstəmbəy namazdan və orucdan əbədi əl götürmüşdü. Onun inanıb iman etdiyi bircə Allah idi. Onu özünə, əzəmətli ağıl, zəka, yaradıcı bir qüvvə kimi təsəvvür edir, lakin lazımınca tərif və tövsif edə bilmirdi: Tövrat, İncil, Quran və qeyri din mənbəyi olan kitabları oxumaq, fəlsəfə ilə dürüst tanış olmaq lazım gəlirdi.

Rüstəmbəy üçün bu yeni dövr studentliklə başlanmışdı.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə