Birinci fəsil: İnqilabı, quruluşu və ölkəni müdafiə etməkdə fəhlələrin rolu



Yüklə 0,66 Mb.
səhifə1/10
tarix05.10.2017
ölçüsü0,66 Mb.
#3318
  1   2   3   4   5   6   7   8   9   10



Əmək və Fəhlə

İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin baxışında

Toplayan: Məhəmməd Bitərəfan


Birinci fəsil: İnqilabı, quruluşu və ölkəni müdafiə etməkdə fəhlələrin rolu



Birinci bölmə: İnqilab tarixi boyu İslam Respublikası quruluşunun qorunmasında və möhkəmlənməsində fəhlələrin rolu

Fəhlələrin inqilabın və ölkənin həyatına təsiri

Bizim fəhlələrimiz bu inqilabın və bu ölkənin həyatında mühüm amil olmuşlar. Yəqin bilirsiniz ki, inqilabın əvvəlində bizim zavodlarımızı tətil etdirmək üçün nə qədər zəhmətlər çəkildi. Biz işin içində idik. İndi bu məclisdə onun xırdalıqlarını açıqlamaq istəmirəm. Bu başqa yerlərdə və xüsusi məclislərdə bəyan olunmalıdır. Mən inqilabın qələbəsindən öncə və mübarizələrin qızğın çağında gördüm ki, bəzi adamlar zavodların qapısını kərpiclə hörmək istəyirlər. Məqsəd bu idi ki, İslam Respublikası qurulanda əsla işləyə bilməsinlər. Niyyətləri bu idi. Bəs onların qarşısında kim müqavimət göstərdi? Fəhlələr. Mən həmin günlərdə bir zavoda getdim. Bəlkə də o zavodun fəhlələri burada iştirak edirlər, yaxud bu görüş efirdən yayımlananda eşidəcəklər. O zavodda kommunistlər, solçular, dırnaqarası və özləri demiş, fəhlə təbəqəsinin tərəfdarları məni məhv etmək üçün başıma tökülüşdülər. Bilmişdilər ki, mən onların pozucu fəaliyyətlərinin qarşısını almaq üçün gəlmişəm. Lakin solçuların ələ keçirdiklərini zənn etdikləri fəhlələr məni müdafiə etdilər. Ertəsi gün də gedib gördük ki, onların hamısını zavoddan çıxarıblar.1


Bizim fəhlələrimiz iş yerlərində təxribat törədənləri rədd edirlər!

Bizim fəhlələrimiz belədirlər. Düşmən bu gün də çalışır, bunu bilin. Bilirlər ki, İslam Respublikası ABŞ-ın, düşmənin müqabilində möhkəm və qüdrətlə dayanmışdır. Onu diz çökürmək üçün bu gün də ölkə proqramlarını pozmağa çalışırlar. Əgər Qərb, ABŞ, bizim düşmənlərimiz, münafiqlər və digərləri zavodlarımızı dayandıra bilsələr, güclü zərbə vurmuş olarlar və bu gün bu zərbəni vurmağa çalışırlar. Bu gün onların qarşısında kim dayanmışdır? Bizim müsəlman və vicdanlı fəhlələrimiz. İnqilabın qələbəsindən bu günə qədər belə olmuşdur. Bu gün də belədir, gələcəkdə də Allahın lütfü ilə belə olacaq. Bizim fəhlələrimiz istehsal mərkəzlərimizdə təxribat törədən naməhrəmləri həmişə rədd edəcəklər.2


Düşmənlərin ölkənin işini dayandırmağa dair səyləri həmişə nakam qalmışdır!

Mən Fəhlə günü münasibəti ilə təşkil olunan bugünkü toplantıya görə fəhlə toplumuna bir məsələni xatırlatmaq istəyirəm. Mənim fəhlə toplumuna birinci sözüm hörmət və sevgi ifadəsi, "yorulmayasınız" və "Allah qüvvət versin" sözləridir. Mən ölkənin fəhlə təbəqəsinə ürəkdən və səmimi şəkildə təşəkkür edirəm. Mən bilirəm ki, bizim düşmənlərimiz bu böyük toplumu xalqdan və inqilabdan ayırmaq üçün nə qədər çalışdılar, lakin bu toplumun müqaviməti onların səyini zərərsizləşdirdi. Ölkənin işlərini dayandırmaq üçün fəhlələr arasında çoxlu şübhələr də yaydılar.

...Bu günə qədər Allahın lütfü ilə, bu toplumun qəlbində mövcud olan imana və işığa arxalanmaqla bacarmayıblar və mən əminəm ki, gələcəkdə də bacarmayacaqlar. Bunun üçün mən Allaha şükür və sizə təşəkkür etməliyəm.3
Fəhlələr cəmiyyətin ayıq qruplarındandır!

Fəhlələr cəmiyyətdə ayıq təbəqə sayılırlar. İnqilabın əvvəlində amerikaçı marksistlər bu təbəqə üzərində işləməyə başladılar. Onların məqsədi bu işgüzar əli və güclü qolu inqilabdan almaq, bacardıqları təqdirdə quruluş əleyhinə işlətmək idi. Çox təbliğat apardılar. Əgər bu təbliğatlar təsirli olsaydı, ən azı inqilabın ilk 1-2 ilində ölkənin sənaye mərkəzlərində işsizlik hökm sürəcəkdi.4


Fəhlələrin İslam Respublikasına qarşı misilsiz vəfadarlığı

O günlərdə aparılan təbliğata cavab olaraq fəhlə təbəqəsinin yumruğu İslam və inqilab düşmənlərinin başına elə dəydi ki, onlar məyus olub uzun müddət bu təbəqəyə sarı gəlmədilər. Dünyada belə əhval-ruhiyyənin misli azdır. Hətta yalnız fəhlənin adına diqqət yetirilən fəhlə quruluşlarında da inqilaba vəfadarlıq bizim fəhlələrimizin İslam Respublikasına vəfadarlığı kimi deyil. Buna əsasən, bizdə fəhlələrin rolu dəyərli və böyükdür.5


Fəhlələrin zavodların tətil edilməsinə qarşı mübarizəsi

Həmçinin fəhlələr həm inqilabdan öncə, həm məcburi müharibə dövründə müxtəlif sahələrdə öz imtahanlarını verdilər. Onlar səhnədə iştirak etdilər, aza qane oldular, zavodların tətil olunmasına qoymadılar və biz çətin keçidlərlə dolu olan bu 21 illik yolu keçib buraya çata bildik. Buna əsasən, bu təbəqə yaxşı imtahan vermişdir.

Bu təbəqənin mühüm işlərindən biri zavod və sexləri tətil etdirmək istəyən şəxslərlə mübarizə idi. Sizin bəziləriniz mütləq bilirsiniz ki, İslam Respublikasını fəhlə tətilləri ilə üz-üzə qoymaqdan ötrü çox səy göstərildi. Bunların qarşısında kimlər dayandılar? Fəhlələrin özləri... Bunun Allah yanında çoxlu əcr və dəyəri var. Bu gün də belədir. Bu gün də insan hansısa məsələ, qanun, bəhanə münasibəti ilə bəzi zümzümələr eşidir, bəzi adamlar, yaxud mərkəzlər mütəşəkkil surətdə ölkənin fəhlə korpusunu iflic etməyə çalışırlar. Bilirsiniz ölkənin başına nə gələr? Onlar bunu istəyirlər. Onlar fəhlə hüquqlarını istəmirlər. Onlar istəyirlər ki, bu gün hökumətin və məmurların qarşısında olan, tər tökə-tökə, çalışa-çalışa, Allaha təvəkküllə bütün bu təxribatlar yığnağının - iqtisadi blokadaların, qlobal hegemonizmin xəbisliklərinin, əngəl və maneələrin qarşısında irəlilədikləri bu çətin yolu dayandırsınlar. Necə? Ölkədə işin görülməsinə qoymasınlar, fəhlələri işdən ayırsınlar. Əgər cəmiyyətdə iqtisadi rövnəqlənmə olmasa, iş və sərvət istehsalı olmasa, birinci və ən çox zərər çəkənlər yoxsul və məhrum təbəqələr, xüsusən də fəhlələr olacaqlar. Düşmən bunu istəyir.

Bu gün bəzi adamlar sadəlövhcəsinə gözlərini bağlayıb düşməni görməməyə çalışırlar. Lakin həqiqət budur ki, düşmənin əli işləyir və İslam Respublikasının hərəkətini nə ilə bacarsa - təbliğatla, siyasi ajiotajla, hay-küylə, müxtəlif təbəqələrə havadarlıq iddiası ilə saxlamağa çalışır. Çalışırlar ki, İslam Respublikasında işlər iflic olsun və görülməsin.6



İkinci bölmə: Müqəddəs müdafiədə fəhlələrin əməyi

Fəhlələrin müxtəlif cəbhələrdə tarixi və ölməz iştirakı

İran İslam İnqilabının səciyyələrindən biri budur ki, fəhlələr inqilaba qarşı xüsusi və müstəsna hissə malik idilər. İslam Respublikası quruluşunda fəhlə iki cəbhədə - hər ikisinin mənşəyi bir əsas idi – həqiqətən tarixi və yaddaqalan rol ifa etdi. Bu iki cəbhədən biri əmək və istehsal cəbhəsi, digəri isə inqilabı müdafiə idi. Ötən on ildə əmək cəbhəsində ixlas, fədakarlıq və yorulmazlıq nümayiş etdirən inqilabçı və müsəlman fəhləmiz eynilə müharibə, yaxud inqilabı müdafiə cəbhəsində müqavimət göstərdiyi hisslə işləyirdi.

Müharibəyə baxdıqda orada fəhlələrin rolunu aşkar və aydın şəkildə görürük. Mən müharibə cəbhələrində çox vaxt Bəsic üzvü olan əzizlərin arasında olmuşam. Onlardan kim olduqlarını, haradan gəldiklərini və peşələrinin nə olduğunu soruşduqda görürdük ki, şəhərdən, kənddən və ölkənin ucqar nöqtələrindən cəbhəyə gəlmiş zəhmətkeş fəhlələrdir. Müharibənin əvvəllərində cəbhələr zəif və sakit olanda onların bir neçə min nəfərinin iştirakı təyinedici idi və hərbi qüvvələrə böyük kömək göstərirdi.

Müharibədə müxtəlif təbəqələr iştirak edirdilər, lakin cəbhələr əsasən zəhmətkeş fəhlə təbəqəsi ilə dolurdu. Bəzən bir neçə nəfərlik ailəsi olan bir fəhlə öz həyatını buraxıb döyüşdə iştirak edirdi. Öz cismi və əli ilə istehsalı artırıb xalqın ehtiyaclarını təmin edən bu zəhmətkeş təbəqənin rolu bütün səhnələrdə nəzərəçarpan və aktivdir. Məlumatı olmayanlardan başqa heç kəs bu həqiqəti inkar edə bilməz. Bəzən inqilabı müdafiə cəbhələrində fəhlələr elə fədakarlıqlar göstərirdilər ki, insan bu ixlasa görə həqiqətən xəcalət çəkirdi. Misal üçün, müharibənin qızğın çağında xəbər alırdıq ki, bir zavodun fəhlələri öz maaşlarının bir hissəsini müharibənin hesabına köçürmüşlər. Məgər bir fəhlənin maaşı nə qədər idi ki, özünü müharibə xərclərinə ortaq etsin?!7


Müharibə boyunca fəhlələrin həmişəyaşar fəailiyyətləri

Bizim fəhlələrimiz iki tarixi iş gördülər. Biri budur ki, mümkün olan həddə işin dayanmasına qoymadılar. Müvafiq məmurların bəzi imkanları və xammalı təmin edə bilməmələri başqa məsələdir. Lakin xammalın, alətlərin, texnikanın və fəhlənin olduğu yerdə fəhlə işin ləngiməsinə imkan vermədi.8


Fəhlələr - quruluşun müdafiəçiləri və keşikçiləri

İkinci iş döyüşdə iştirak etmək idi. Ən ağır müdafiəni fəhlələr – istər şəhər, istər kənd fəhlələri etdilər. Xalqın ümumi səfərbərliyində çox zaman cəmiyyətin aşağı və məhrum təbəqələri, o cümlədən böyük əksəriyyəti təşkil edən fəhlə təbəqəsi iştirak edirdi. Yəni iqtisadi döyüşdən əlavə hərbi döyüşə də girişirdilər. Bunun çox dəyəri var. Bunu qoruyun.9


İnqilab boyunca fəhlə problemimiz olmayıb!

Bu on bir il boyunca bizim bir gün də düşmənin istədiyi mənada fəhlə problemimiz olmamışdır. Bu, fəhlələrin İslama və inqilaba imanına, eşqinə və onların Böyük İmama sədaqətli sevgisinə görə idi. Fəhlələr və digər təbəqələr o ruhani və ilahi kişiyə həqiqətən, səmimi-qəlbdən eşq bəsləyir və onun inciməsini istəmirdilər.10


İmam buyururdu: "Bu quruluşun mühafizəçiləri ayaqyalınlar və yoxsullardır!"

Həzrət imamın dəfələrlə buyurduğu bir cümlə bu 11 ildə dəfələrlə sınaqdan keçdi. İmam həmişə təkrarlayırdı ki, bu inqilab və bu quruluş ayaqyalınlara borcludur və onu qoruyacaq qüvvə həmin ayaqyalınlar və cəmiyyətin yoxsul təbəqələridir.

Fəsadçı Pəhləvi hakimiyyəti zamanı dərdsiz-qəmsiz, rifah içində yaşayan təbəqələr, azğın oliqarxlar, qanunsuz şəkildə, siyasi yollarla və fəsadla əldə etdikləri pula güvənənlər cəmiyyətdə fəsad yayırdılar. Həmin rejimin devrilməsinə onlar bais oldular. Çünki mənfur Pəhləvi rejimi onlara arxalanırdı.

Bu quruluşu isə əksər möminləri təşkil edən kasıb və orta səviyyəli təbəqələr qurdular, dəstəklədilər və müdafiə etdilər. Bunlar vəfalıdırlar. Bu quruluşun dayağı bunlardır. Odur ki, bu quruluş bu mömin xalqın himayəsi ilə həmişəyaşar, güclü və davamlı olacaq.11


Fəhlələr ölkələrinin xeyri üçün düşmənlərin təxribatları qarşısında dayanmışlar!

Həqiqət budur ki, ölkəmizdə və quruluşumuzda fəhləlik fəxr sayılmalıdır. İnqilabın əvvəlindən çox çalışdılar ki, fəhləni işdən uzaqlaşdırsınlar, iş yerlərində iğtişaş törətsinlər. Lakin siz müqavimət göstərdiniz. Müsəlman və mömin fəhlə ölkəsinin xeyri üçün düşmənlərin təxribatları qarşısında müqavimət göstərdi, möhkəm dayandı. Bu günə qədər də Allaha şükür olsun ki, istehsal, sənaye, inkişaf, ixtira və yenilik sahələrinin hər birində vücuda gələnlər həmin müqavimətin sayəsində əldə olunmuşdur.12


Hegemonizmin inqilabın inkişafından və möhkəmlənməsindən qorxusu

Bizim böyük İslam inqilabımız dünyanın zülm saraylarını titrədən möhtəşəm və tufanabənzər bir inqilabdır. O, bu gün elə bir inkişaf səviyyəsinə çatıb ki, hegemon düşərgəni bütün vücudu ilə və ciddi qorxuya salmışdır. Əvvəldən bu inqilabdan qorxmuşlar, lakin özlərinə təsəlli verib deyirdilər ki, bu inqilab qalmayacaq, məhv olacaq. Sonra bir-birinin ardınca sınaqlar qarşıya çıxdı. İnqilab qələbə çalanda deyirdilər ki, altı aydan artıq sürməz. Sonra dedilər iki ildən artıq çəkməz. Məcburi müharibə başlayanda dedilər ki, çox çəkməz müharibə inqilabı diz çökürər. Sonra səkkiz il bütün vücudları ilə və hər cəhətdən bu ölkəyə hücum edənə kömək etdilər. Gördülər ki, müsəlman İran dağ kimi möhkəm dayanıb bir qarış torpaq belə itirmədən işğalçıları qovdu, fəxrlə öz sərhədlərini möhkəm qorudu. Bu, zarafat deyil.

Onlar müharibədən sonra yenə könüllərini xoş edib dedilər ki, o zaman müharibə vardı, həyəcan və coşqu vardı, bir iş görmək olmurdu, amma quruculuq dövründə onları özümüzdən asılı edəcəyik; quruculuq dövründə onları o tərəfdən çevirib qaytaracaq, inqilabdan bezdirəcək və ona yadlaşdıracağıq. Səkkiz il də quruculuq dövrü çəkdi. Quruculuq insanları, bu səkkiz ildə ölkə üçün işləyə bilən həvəskar və mömin insanlar - onlar da öz növbəsində bu böyük sahənin sərkərdələri sayılırlar - möhkəm, qüdrətlə və əcnəbilərə söykənmədən iş gördülər. Nəticə etibarilə, quruculuq dövründə də bu ölkəni özlərindən asılı edə bilmədilər. Hər tərəfdən sınadılar, yoxladılar, amma hər dəfə aciz qaldılar.13
Hegemonizm bütün vücudu ilə inqilabın və xalqın heybətindən qorxur!

Bu gün hegemon düşərgə həqiqətən bütün vücudu ilə bu möhtəşəm inqilabın və bu böyük xalqın əzəmət və heybətindən qorxur. Bu böyük xalq 19 il bütün bu çətinliklərə sinə gərmişdir. Gördünüz ki, bu il inqilabın ildönümü olan 22 Bəhməni necə təntənə ilə qeyd etdi. Gördünüz ki, bu xalq inqilabın əlamətlərini necə uca tutur. Gördünüz ki, düşmənlərin bütün səylərinə rəğmən, bizim gənclərimiz, tələbələrimiz, fəhlələrimiz və xalqın müxtəlif təbəqələri məzhəb, din və bəndəlik əlamətlərini necə uca tuturlar. Bunları düşmən də gördü. Düşmən də tələbələrin Tehran Universitetindəki etikafını, əksəriyyəti gənclərdən ibarət etikafçılarla dolmuş məscidləri gördü. Düşmən bunlardan qorxur. Bunların hamısı bu inqilabın əzəmətinin, o sözün və o imamın əzəmətinin müxtəlif cəhətləridir.14


Xalqın müqavimət sirri onun möhkəm imanıdır!

Mənim əzizlərim! Döyüş cəbhələrində bir əsgər düşmənə arxa çevirəndə onun məğlubiyyət səbəbi daxili səbəb olur. Bir şəxs qəlbən və mənən məğlub olmasa, fiziki baxımdan məğlub olmaz. Ruh, qəlb və ürək necə məğlub olur? İman zəiflədikdə. Bu günə qədər bütün sahələrdə möhkəm dayanmış böyük xalqımız güclü imanına görə dayanmışdır. Gənclərin, yeniyetmələrin imanı vardı – indinin özündə də Allaha şükür olsun ki, var; ataların, anaların və müxtəlif təbəqələrin imanı vardı. Bəli, çirkin Pəhləvi dövrünün o gün də dinlə və imanla arası olmayan və fəsada qərq olan bəzi tör-töküntülərinin imanı yoxdur. Siz haradasa müxalifət gördünüzsə, eşitdinizsə, çox zaman belə şəxslər tərəfindən oldu. Lakin ölkəmizin əhalisinin qəlbində iman möhkəmdir.

Bu təbliğatın və təbliğat blokadasının hədəfi həmin imandır. Bu imanı zəiflədib sıradan çıxarmaq istəyirlər. Necə? Yalan təbliğatla, yalan sözlərlə, dinə, inqilaba və şəxsiyyətlərə dair ziddiyyətli və qərəzli təlimlərlə, həqiqətləri dəyişdirməklə, xalqa, xüsusən də gənclərə yanlış təhlillər verməklə. Bu gün proqram budur. Bu, güman deyil, yəqindir.

Mənim dünyada pərdə arxasında görülən işlərdən xəbərim var. Allaha şükür olsun ki, bizim informasiya kanallarımız imkanlı və güclüdür, dünyada nə baş verdiyini anlaya bilirik. Dünyada bu, baş verir. Əlbəttə, bəzilərini özləri də elan edib xəbər vermişlər ki, bu işi görmək istəyirik, o işi görmək istəyirik. Sözlərinin arxasındakı həqiqi məqsədləri də bəlli və aydındır.

Mənim əzizlərim! Bu gün iman və haqq cəbhəsini möhkəmlədə bilən amil İslam sayəsində söz birliyinə sarılmaqdan ibarətdir; Hüseyn ibn Əli (ə) sayəsi altında, uca İslam təlimlərinin sayəsinin altında. Bu günlərdə bizim xalqımızın yad etdiyi Şəhid Mütəhhəri kimi şəxsiyyətlər bunu öz kitablarında xalqa izah etmişlər. Bu parlaq günəşlər şüasında birliyə sarılmaq Allahın lütfü ilə bu ölkəni keşmiş mərhələlərdə olduğu kimi bu mərhələdən də keçirəcək və düşməni nakam qoyacaq. İnşallah xalqımızın, gənclərimizin müqaviməti, onların güclü və dərin imanı sayəsində bu ölkənin və bu xalqın sabahı elə olacaq ki, həm düşmənləri nakam qoyacaq, həm dostları sevindirəcək, həm də Allahın lütfü ilə xalqları bu örnəyə sarı sövq edəcək.

Ümidvarıq ki, inşallah sizin hamınız bu parlaq və yaxın günü görə və onun reallaşması üçün böyük səyinizi göstərəsiniz.15


Bu xalq güclü, canlı və mömindir!

Biz öz zəif cəhətlərimizi bu xalqın ayağına yazmamalıyıq. Bu xalq güclü, canlı və mömindir. Bizim gənclərimiz mömindirlər. Bu ölkənin müxtəlif təbəqələri bu inqilabın və bu xalq quruluşunun qədrini bilirlər. Düşmənin təbliğatı daim səslənir ki, bu quruluş xalq quruluşu deyil. Dünyada kim inansa da, bu xalqın özü bu məmləkətdə nə baş verdiyini görür. Bu quruluşun xalqın səsinə, duyğusuna, imanına və iradəsinə söykəndiyini görür. Belə bir quruluş möhkəmdir. Bu quruluş elə quruluş deyil ki, hansısa gücün, hansısa rəsmi şəxsin təhdidi ilə, hansısa prezidentin, yaxud siyasətçinin üz turşutması ilə tərpənsin və zəifləsin. Çıxış yolu xalqın və hökumətin ABŞ-ın və hər bir əluzun və hegemon gücün tamahkarlığı qarşısında müqavimətidir. Bir zaman dünyada iki supergüc vardı: ABŞ və SSRİ. Onların hər ikisi İrana müxalif idilər. Məcburi müharibədə İrana qarşı dayandılar, amma İslam Respublikası heç birinə bac vermədi, öz ayağı üstə durdu, məqsədlərinə çatdı və heç kəs heç bir qələt edə bilmədi. Bundan sonra da belə olacaq. Bizim xalqımız canlı və ayıq xalqdır.16


Hegemonizmin İrandan qorxması xalqa və İslama görədir!

Bu gün ölkədə bizim belə asanlıqla dediyimiz və xalqımızın özünün sayıq şəkildə dərk etdiyi həqiqətləri dünyada demək imkanı yoxdur. Əgər kimsə bir yerdə bu həqiqətləri bəyan etsə də, informasiya qurumları onu tamamilə təcrid və boykot edir, bu sözlərin yayılmasına imkan vermirlər; özü də böyük bir xalq miqyasında. Onların İrandan qorxusu xalqa, İslama görədir, səhv başa düşülməsin, fərdlərdən qorxmurlar. Mən və mənim kimilər xalqın dəstəyi və dərin imanı olmadan heçik. Siyasətçilər nazik və dayaqsız bir divar kimidirlər; onları bir təkanla uçurmaq olar.17


Xalqların iştirakı hegemonizm qarşısında möhkəm səddir!

Bunların qarşısında dayana bilən amil xalqların möhkəm səddidir. Xalqlar oyanmalıdırlar. Bu gün dünyada İslam xalqları oyanmaqdadırlar. Düşmənlər həmin coşqudan, fəallıqdan, imandan, sayıqlıqdan və sizin səhnədə iştirakınızdan qorxurlar. Ötən seçkilərdə sizin iştirakınız onları qorxutdu və ruhdan saldı. Qarşıdan daha bir seçki gəlir. Mən bir neçə gündən sonra seçki keçiriləcək dairələrin əhalisinə təkidlə tövsiyə edirəm ki, çox ciddi şəkildə seçkilərdə iştirak etsinlər. Hər yerdə seçki keçirilməsə də, parlamentə onlarla deputat gedəcək. Qoyun seçkilərin nəzərdə tutulduğu bölgələrdə xalqın fəallığı və qəhrəmanlığı yenə də bütün xalqın möhtəşəm iştirakından əlamət olsun. Digər yerlərdə də xalqın səhnədə iştirakı və sayıqlığı ilk və son sözü deyir və bu, İslamın, İslam təlimlərinin və İslam hidayətinin sayəsində əldə olunmuşdur. İslam hidayəti olmadan, dərin din və İslam inancı olmadan nə belə bir müqavimət formalaşardı, nə düşmənlərin təxirbatları və hiylələri qarşısında bu dəstək qalardı. Bizim xalqımızın belə möhkəm dayanması həmin mənəvi imana görədir və bu davam edəcək. Allahın lütfü, qüvvəsi və qüdrəti ilə və düşmənlərin acığına, xalqın imanı günbəgün dərinləşəcək, onun quruluşa verdiyi dəstək daha da artacaq.18


Xalq bu beynəlxalq İslam inqilabını qorumalıdır!

Siz xalqımız, beynəlxalq İslam inqilabının sütunları, siz şahid xalq – "insanlara şahid olmanızdan ötrü"19; siz cəmiyyətə şahidlərsiniz - üzərinizə düşən bu ağır əmanəti qoruyub saxlaya, bütün dünya məzlumlarının gözünü və və hər hansı bir şəkildə mənfur hegemonizm sistemi tərəfindən yaralanmış şəxslərin qəlbini alıb onları ümidvar saxlaya bilməlisiniz.

Fəhlələr də belədir. Bir cəmiyyətin tarixində elə bir zaman və an olur ki, bir fərdə, yaxud təbəqəyə ehtiyac çox mühüm və təsirli olur. O zamanı və o anı tanımaq bəzən çətin olur. Mən deyirəm: Bu xalqın sədaqətli, sağlam və mömin işçi qüvvəsinə ehtiyacının inqilab dövrü, xüsusən də indiki dövr qədər olduğu zaman az olmuşdur.20



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə