Birinci fəsil: İslam, İslam inqilabı, İslam Respublikası quruluşu



Yüklə 1,5 Mb.
səhifə1/17
tarix06.05.2018
ölçüsü1,5 Mb.
#42563
  1   2   3   4   5   6   7   8   9   ...   17


166 SUAL


İslam İnqilabının Böyük Rəhbərinə suallar

Tərtib edən: "Vilayət" Mədəniyyət İnstitutu

Birinci fəsil: İslam, İslam inqilabı, İslam Respublikası quruluşu


Sual: Din nədir və dinə düzgün baxış hansıdır?

Cavab: Mənim əzizlərim! Bəzi adamlar bilmədən, bəziləri də bilərəkdən dini bir sıra qadağa və məhdudiyyətlər toplusu kimi tanıtdırırlar. Din budur?! Bu, hər hansı dinə, xüsusən də İslam dininə insafsız və avamcasına yanaşmadır. Aydın etiqad, imandan irəli gələn təravət, əqidədən doğan hərəkət, dünyada hər şeyə dair aydın və şəffaf görüş və ağıl - dinin təməli bunlardır. Din birinci növbədə bir etiqad və dərkdir; bu dünyaya, insana, vəzifəyə, yola və məqsədə dair dərk. Bu düşüncələrin məcmusu dinin əsasını təşkil edir. Din insanı dünyanın əsas fiquru sayır, kainatı Allahın qüdrətinin, lütf və mərhəmətinin tərənnümü bilir, onun yaranmasında və nəhəng varlıq aləminin ərsəyə gəlməsində Allahın qüdrət və xilqət əlini yeganə amil hesab edir.

Elm nə qədər inkişaf etsə, imanın təməlləri bir o qədər möhkəmlənər. Sizin bir qədər torpağa, yaxud bir daş parçasına bəsit bir əşya kimi baxıb "bunu Allah yaratmışdır" - dediyiniz zaman bir növ imanınız var, bu əşyada olan bütün molekulları, bütün zərrəcikləri, atomları, onun nizam-intizamını, hərəkətini, mürəkkəb quruluşunu, təsir və xüsusiyyətlərini öyrənərək "Allah bunun yaradanıdır" - dediyinizdə isə başqa bir növ.

Elm nə qədər inkişaf etsə, kainat nə qədər artıq tanınsa, dənizlər, səhralar, zərrəciklər, insan vücudunda olan çoxsaylı qüvvələr elmə nə qədər dəqiq bəlli olsa, bu əzəmətli və mürəkkəb quruluşu yaradan Allaha iman daha güclü olar. Bəzilərinin əzilib-bükülmüş bir kağız parçasına kiçik və artıq bir şey kimi baxması mümkündür, amma başqa birisi bu kağızı açıb onun qatlarını düzəldə, böyük bir vərəqə çevirə, sonra isə yazılanları bir-bir oxuyub sözlərini anlaya bilər. Bu gün elm insanın məhdud vücudunda yatan möhtəşəm qüvvələri, sinir sistemində, orqanizmdə, başdan-ayağa qədər bütün molekullarda, beyində olanları kəşf edir. Alimlər etiraf edirlər ki, insan beynini, insanın potensiallarını, dəqiq mərkəzləşdirmə sistemini hələ tam öyrənməyiblər. İnsan bunları biləndə imanı güclənir.

Din ilk növbədə bir dünyagörüşüdür. Bu əzəmətli dünya Allahın tükənməz qüdrəti ilə yaranmışdır və insan bu böyük çərçivədə düşüncə fəaliyyəti ilə məşğul ola, ağlını işlədə və tanınmaz məsələləri kəşf edə bilən yeganə qəhrəmandır. İnsan özünün həqiqi təkamülünü bu dünyada əldə edə və Allaha yaxınlaşa bilər. Bu dünyada olanlar insanın təkamülü üçün onun ixtiyarına buraxılmış vasitələrdir. Bu düşüncələr dinin bünövrəsidir. Fərd və toplumun həyat tərzi bunların əsasında formalaşır. Həm fərdin, həm də toplumun üzərinə bəzi vəzifələr düşür, hər bir vəzifə də bir növ çətinlik yaradır. İnsan idmanı özünə asanlaşdıra bilər. İdmançıların çoxu çətinliklərə dözürlər. Savalanın zirvəsinə qalxmaq, alpinistlik, güləş və digər idman növlərinin hər biri çətindir. Bu çətinliklərə dözməyən adam idmanın xeyirlərinə nail olmur, onun verdiyi fiziki güc, sinir qüvvəsi, gözəl bədən quruluşu və digər faydalardan uzaq qalır. Dini vəzifələr də belədir. İnsan namaz qılmaya, oruc tutmaya, sədəqə verməyə və zəhmət çəkməyə də bilər. Bu daha asandır, amma bu zaman insanın həyatı və taleyi üçün lazım olan nəticələr də hasil olmaz. İslam quruluşu insanın fiziki, psixoloji, maddi və mənəvi ehtiyaclarını təmin edən quruluşdur. İslam quruluşuna dair belə təsəvvürə malik olduqda onu yaratmaq və qorumaq ən böyük dəyər sayılar. Məhz buna görə imam buyurdu ki, İslam quruluşunu qorumaq ən vacib əməllərdəndir. Həqiqətən də belədir.1
Sual: İslam inqilabının və quruluşunun təməli olan İslam dini haqda bizə məlumat vermənizi xahiş edirik.

Cavab: İslam tövhid dinidir. Tövhid isə insanın Allahdan başqa hər bir şeyin və hər bir kəsin qarşısında bəndəlikdən, itaətdən və təslimçilikdən qurtuluşu deməkdir. Tövhid bəşəri quruluşların istismarına son qoymaq, şeytani və maddi güclərdən qorxu tilsimini qırmaq, Allahın insanın daxilində yaratdığı və işlətməsini tələb etdiyi tükənməz potensiala güvənmək, qiyam, mübarizə və müqavimət şərti ilə məzlumların zalım və hegemonlar üzərində qələbəsinə dair ilahi vədə inanmaq, Allahın mərhəmətinə bel bağlamaq, məğlubiyyət ehtimalından qorxmamaq, ilahi vədin həyata keçməsində insanı təhdid edən təhlükə və zəhmətlərə qatlanmaq, problemləri Allaha tapşırmaq, qəti və son qələbəyə ümidvar olmaq, mübarizədə cəmiyyətin hər növ zülm, ayrıseçkilik, cəhalət və şirkdən qurtuluşuna dair yüksək məqsədi diqqətdə saxlamaq, yarıyolda baş verən şəxsi uğursuzluqların əvəzini Allahdan istəmək - xülasə, özünü Allahın tükənməz qüdrət və hikmət okeanına bağlı bilmək, uca məqsədə sarı ümidlə və qorxmadan irəliləməkdir. Müsəlmanlara vəd edilən bütün izzət və şərəf tövhidə dair belə inamın, aydın və güclü dərkin nəticəsidir. Tövhidi düzgün dərk etmədən, etiqad və əməldə ona sarılmadan Allahın müsəlmanlara dair heç bir vədi həyata keçməyəcək.

Hegemonluğun istismarı dövründə əsl İslam tövhidinin və onun həyati məfhumunun unudulması müstəmləkə bütlərinə yol açdı, qızıl və güc sahiblərinə soyğunçuluq imkanı verdi. Düşmənlər əvvəlcədən hazırladıqları proqramlarla müsəlman ölkələrində dini cəmiyyətdən sıxışdırıb çıxardılar, dinin siyasətdən ayrı olmasına dair planı həyata keçirdilər. Nəticədə Qərbin elmi inkişafı bu ölkələri bütünlüklə sənaye ölkələrinə tabe etdi, onların siyasi və iqtisadi taleyini uzun müddət və islahedilməz şəkildə qərbli soyğunçulara tapşırdı.

Bu gün İslam ölkələrinin əksəri, Qərbin kompaniya və dövlətlərinin cibini doldurduqdan on illər sonra hələ də inkişafdan uzaq sərgərdan qalmışlar, hələ də Qərbdən gələn sənaye, elm və məhsula möhtac, siyasətdə hələ də tüfeyli və onların zavallı ardıcılıdırlar. Bu, ilk gündən İslamın təməl prinsipi olan tövhidə qarşı diqqətsizliyin təsirindən yaranmış, zaman ötdükcə, elm inkişaf etdikcə, digər dövlət və ölkələr daha mütərəqqi imkanlara yiyələndikcə, İslam ölkələri daha gücsüz, daha asılı, daha cəsarətsiz olmuş və təşəbbüsdən uzaq qalmışdır.

Çıxış yolu budur ki, müsəlmanlar tövhidin və Allahdan qeyrisinə bəndəliyin inkarının hər bir şeydən daha qabarıq və daha parlaq olduğu əsl İslama qayıtsınlar, öz şərəf və qüdrətlərini İslamda axtarsınlar. Bu, İslam əleyhinə təxribatların müəlliflərinin daim qorxduğu və qarşısında ciddi maneələr törətdiyi məsələdir. İranda İslam inqilabı qələbə çalanda proqnoz verirdilər ki, inqilabın gözəlliyi müsəlman və hətta bəzi qeyri-müsəlman xalqları İslama yönəldə bilər. Buna görə bütün müstəmləkəçilər işə girişib İslamın mənəvi nüfuzunun qarşısını almağa başladılar. Hegemonluğun İslamın nüfuzu qarşısında geniş və hərtərəfli fəaliyyətinin yeganə səbəbi budur ki, İslamın və İslam təlimlərinin dünyanın hər hansı bir yerinə yayılması həmin yerdə hegemonluğun və onun əlaltılarının istismarının sona çatması deməkdir.

İslam inqilabı tövhidin, Allahdan qeyrisinə bəndəliyin inkarının və Allahdan başqa hər bir kəsin və hər bir şeyin önündə başucalığının düzgün mənasını praktik və real şəkildə hamıya göstərdi. Bu inqilabın qələbəsindən dərhal sonra dünyanın bir çox bölgələrində yaşayan müsəlmanlar şəxsiyyət və ucalıq hiss etdilər, hegemon və zalımlara qarşı çıxdılar, müsəlman xalqların yeni mübarizə dövrü başlandı. Əfqanıstanda müsəlman xalqın möhtəşəm hərəkəti, Fələstində xalq mübarizəsinin başlanması, müsəlman və mübariz Fələstin xalqının sövdəgər təşkilatlara qarşı çıxması, Afrikanın, Asiyanın və hətta Avropanın müsəlman ölkələrində çoxlu İslam hərəkatlarının yaranması İslamın gözəlliyinə, onu xilaskar bildiklərinə görə və ilahi hökmlərin həyata keçməsinə həvəslə baş verdi.

İslam Respublikasından öncə dünyanın müsəlman xalqlarını inandırmışdılar ki, İslam onlara şərəf və əzəmət bəxş etməyə qadir deyil, onlar səadət üçün ya Qərb modelinə, Avropa və Amerika mədəniyyətinə üz tutmalı, ya da marksizmin puç və uydurma nəzəriyyələrinə müraciət etməlidirlər. İranda İslam inqilabının qələbəsi, İslam Respublikasının yaranması və İslamın İran xalqına şərəf və əzəmət bəxş etməsi Qərb müstəmləkəçilərinin köhnə yalanlarının üstünü açdı, İslamın bir xalqı zəiflikdən, passivlikdən və məzlumluqdan xilas edib ucalığın, şücaətin və özünəinamın zirvəsinə çatdıra, dünyanın maddi gücləri ilə vuruşmağa qadir olan güclü bir quruluş bəxş edə, müstəmləkə və hegemonluğun zülmkar və təhqiredici istismarına son qoya bildiyini əməldə göstərdi. Beləliklə İslam Respublikası İslamın sayəsində dünya miqyasında güclü sosial dəstək qazandı. Bu da öz növbəsində dünyanın bütün istismarçılarının qarşı çıxdığı İslam Respublikasının qüdrətini və toxunulmazlığını artırmışdır.1
Sual: İslam inqilabında mərhum imam tərəfindən "əsl Məhəmməd İslamı" və "Amerika İslamı" sözləri işlədildi. Belə nəzərə çarpır ki, inqilabı aktiv şəkildə və qüdrətlə inkişaf etdirən amil əsl İslamın xüsusiyyətidir. Bu barədə və əsl İslamın Amerika İslamı ilə fərqinə dair nə deyə bilərsiniz?

Cavab: Əsl İslam gözəl xüsusiyyətləri ilə qərəzliliyə və kin-küdurətə bulaşmayan qəlbləri özünə cəlb edir. Bizim inqilabımız və imamımız bunu dünyada yenidən gündəmə gətirdi, ehtiyaclı və araşdırıcı insanlara təqdim etdi. Əsasını bizim imamızın qoyduğu inqilab məktəbində Əbu Süfyan və Mərvan İslamına, məzmunsuz mərasimlər İslamına, qızıl və gücün xidmətində duran İslama, xülasə, böyük güclərin əlində alət və xalqların canına bəla olan İslama son qoyuldu, Quran və Məhəmməd (s) İslamı, əqidə və cihad İslamı, zalıma düşmən və məzluma yardımçı olan İslam, firon və qarunlarla vuruşan İslam, xülasə, zalımları məhv edib məzlumların hakimiyyətini bərpa edən İslam meydana çıxdı.

İslam inqilabında kitab və sünnə İslamı xurafat və bidət İslamını əvəz etdi; cihad və şəhadət İslamı sükut, əsarət və zillət İslamını əvəz etdi; bəndəlik və məntiq İslamı eklektizm və cəhalət İslamını əvəz etdi; dünya və axirət İslamı dünyagirlik və tərki-dünyalıq İslamını əvəz etdi; elm və bilgi İslamı qapalılıq və qəflət İslamını əvəz etdi; dindarlıq və siyasət İslamı laqeydlik və biganəlik İslamını əvəz etdi; qiyam və əməl İslamı halsızlıq və passivlik İslamını əvəz etdi; fərd və cəmiyyət İslamı formal və təsirsiz İslamı əvəz etdi; məhrumların xilaskarı olan İslam supergüclərin əlində oyuncaq olan İslamı əvəz etdi; xülasə, əsl Məhəmməd (s) İslamı Amerika İslamını əvəz etdi. İslamın bu formada, bu reallıq və ciddiliklə ortaya qoyulması İranda və bütün müsəlman ölkələrində İslamın məhvinə çalışan, yaxud ondan təkcə məzmunsuz adın qalmasını, insanları axmaq və qafil saxlamaq üçün bir vasitə olmasını istəyən şəxslərin iztirab dolu dəlisov qəzəbinə səbəb olmuşdur. Buna görə inqilabın qələbəsindən bu günədək İslam Respublikasına və qlobal İslam hərəkatının mərkəzinə - yəni İrana qarşı hücuma keçmək, zərbə vurmaq, təxribat aparmaq və bədxahlq etmək üçün heç bir fürsəti əldən verməyiblər.1


Sual: Həzrət İmam Xomeyni İslam inqilabının qələbəsini nurun partlayışı adlandırmışdır. Bu söz İslamın və onun mənəviyyatının sökdüyü dünya zülmətini xatırladır. Dünyada hansı xüsusiyyətlər var idi ki, İslam inqilabının qələbəsi partlayış və möhtəşəm hadisə sayıldı və düşmənlər də bunu etiraf etdi?

Cavab: Biz çox həssas zamanda yaşayırıq, dövrümüz qəribədir. Ən azı iki əsr öncədən dünyada sənaye sivilizasiyası adlı bir proses başlandı. Bu söz mədəniyyət, inam, elm, zirvə, yamac - hər şeyə dair çoxlu mənaları ehtiva edir. Hazırlığı çox əvvəldən başlansa da, özü ən azı iki əsr öncədən başlayan, bu ad və xüsusiyyətlərə malik olan prosesin bir neçə səciyyəsi vardı: elm və sənayeyə, yeni həyat tərzlərinə və materialist əsaslara malik fəlsəfələrə təmayül. Yəni bu iki əsrdə meydana çıxan düşüncə və fəlsəfələrin əksəri mənəvi və dini təfəkkürün ziddinə olmuşdur. Ən çox şöhrət qazanmış marksizm onlardan biridir. 19 və 20-ci əsrlərdə geniş yayılmış digər fəlsəfi və ictimai məktəblər tamamilə, yaxud əsasən materialist, qeyri-dini və ya antidin istiqamətə malikdir. Bu qeyri-mənəvi və antimənəvi təmayül kiçik səviyyədə başlayıb anbaan artaraq genişlənən bir proses kimi xalqın həyatına, düşüncəsinə, ailəsinə və ictimai münasibətlərinə daxil oldu.

Bu elmi prosesin kənarında siyasi qüvvələr din və mənəviyyata qarşı paralel hərəkətə keçdilər. Bu siyasətlərin bəzisi zahirdə bu fəlsəfələrlə əlaqədar deyildi. Bəlkə də bilirsiniz ki, bəzi şəxslər hətta ən solçu materialist təfəkkülərin də filosofların deyil, siyasətçilərin düşüncəsinin məhsulu olduğuna inanırlar. Onlara görə bütün bu işlər tamamilə siyasi, həmçinin dünyada günbəgün artan sərvətin, kapitalın və kapitalizmin inkişafına xidmət göstərən iqtisadi işlər idi. Hər halda, siyasətçilər də mənəviyyatla zidd düşdülər və bu qarşıdurma günbəgün artmağa başladı.

İslam dini kimi harada mənəviyyat çox idisə, daha çox hücuma məruz qaldı. Dünyanın hər bir yerində İslam düşüncələrinə hücuma keçdilər. Bu hücum İslam dünyasının şərqindən - yəni Hindistandan, onun qərbinə - yəni Əlcəzairə qədər hər yerdə həyata keçdi. Fransalılar Əlcəzairə daxil olub İslama qarşı mübarizə apardılar. Hindistanda da ingilislər eyni işi gördülər. Müstəmləkə işində İngiltərə və Fransa rəqib olsalar da, rəqibləri, düşmənləri və vurduqları nöqtə bir idi. Onlar dünyada din və mənəviyyatı günbəgün zəiflətdilər, əxlaqı insan həyatından çıxardılar. Xristian dünyası da belə oldu, İslam dünyası da. Onlar imanı maddiyyatın ağır məngənəsi arasında əzdilər, zəiflətdilər. Ən azı iki əsrdə dünyada bu proses getdi. Bu kiçik məsələ deyil.

Bu maddi proses beləcə sürət və sərtliklə zirvəyə doğru hərəkətə başlayıb, son iki əsrdə günbəgün genişlənmişdir. Cəmiyyətlərdə materialist təfəkkürün, siyasətin və rəftarın bu yüksəlişi ilə bir zamanda uyğun siyasətləri aparan mərkəzlərin sərvəti, elmi, ixtirası və çeşidli inkişafları da hər gün artmışdır. Yəni elm sarıdan bugünkü Amerika əlli il öncəki Amerika ilə müqayisəolunası deyil. Avropa da belədir. Onlar pulları, elmləri, ixtiraları və müxtəlif imkanları ilə materializm prosesini gücləndirdilər.

Bu yüksələn proses təsəvvürolunmaz zirvəyə çatdıqda sonrakı addım dini mənəviyyatı və əxlaqı tamamilə məhv etmək idi; yəni bunlardan bir əlamət belə qalmasın. Bu mənim sözüm deyil. Dünya ədəbiyyatında və elmi-fantastik romanlarda adətən gələcək dünyanı, məsələn əlli ildən sonranı təsvir etməyə çalışırlar. Yazılanların hamısı artıq heç bir mənəvi hissin qalmadığı dünyanı göstərir. Mən bu romanların bəzisini özüm görmüş və oxumuşam. Təsvir olunan dünya atom, kompüter və möhtəşəm kosmik inkişaflar əsrindən sonrakı dünyadır. O zaman görüləcək iş nədir? Dünyanın mənəvi və dini düşüncələrdən, onların sözü ilə desək, mövhumatlardan tamamilə uzaqlaşması. O zaman görüləcək iş kimi bundan başqa bir şey təsəvvür olunmur.

Bütün maddi proqnozlar bəşəriyyətin materializmə doğru getdiyini göstərərkən qəfildən bir hadisə baş verdi. Bu hadisə əvvəldə dünyanın diqqətini çox da cəlb etmədi, lakin analitik və müşahidəçilərin gözlədiyinin əksinə olaraq, onun həcmi, məzmunu və əhatə dairəsi günbəgün genişləndi və gözlənilmədən dünyanın bir nöqtəsində partlayışla nəticələndi. O zaman qlobal güclər indiyədək bu fenomeni yanlış dəyərləndirdiklərini anladılar. Buna çarə qılmağa çalışdılar, amma bacarmadılar. O hadisə nə idi? 1967-ci ildə İranda başlayan din və ruhani hərəkatı.

Bu hadisə baş verəndə dünyada heç kim onun əhəmiyyətini dərk etmədi. Hətta 15 Xordad hadisəsi baş verəndə və məlum qırğınlar törədiləndə də dünyada rezonans doğurmadı; nə kimisə çox ümidləndirdi, nə də kimisə qorxutdu, sonra bir qığılcım kimi söndüyünü düşündülər. Sanki bir talaşa, saman, çubuq və ya karton tez alışır, bir neçə andan sonra da sönür. Hamı onun bitdiyini düşünür, lakin bu şölənin altında çox qalın və quru odunların olduğunu bilmir. Onlar heç kim bilmədən alışır və hər an uzun müddət yanan alov istehsal edir. Bu alovlar yarandı və 11 fevralda İslam Respublikasının yaranması ilə nəticələndi. Gözlənilmədən din və mənəviyyat əsasında analoqu olmayan bir quruluş meydana çıxdı. Yəni bu quruluş yarananda din və mənəviyyat düşmənləri üçün artıq gec idi. Onlar nə qədər zərbə vurdularsa və zülm etdilərsə, dünyadakı mənəvi nüfuzu və müsəlmanların ona diqqəti daha da artdı, müxtəlif yerlərdə alovlar yanmağa başladı. Onların bəzilərinin bəlkə heç özləri də haradan qaynaqlandığını bilmirlər.

Afrikada və Şimali-Afrikanın fransızdilli bölgəsində hansı hadisələrin baş verdiyini xəbərlərdə gördünüz və eşitdiniz.1 Təəssüf ki, avropalılar orada çoxlu mədəni işlər də görmüşlər. Mən oranın xalqının vəziyyətini və müsəlmanlığını yaxından görmüşəm. İslam dünyasının şərqində - Hindistanda, Kəşmirdə və Şərqi Türküstanda da müsəlmanların hisslərini görürsünüz. Daha iş-işdən keçmiş, sona çatmaqda olan proses dayanmışdır. Biz bu prosesin sonunu yaşadıq: "Sonra sizi yer üzünün varisləri təyin etdik"2. Biz düzgün hərəkət etsək, əməlimiz, qərarımız, qətiyyət və iradəmiz bu yolu təsvir, onun həmişəyaşarlığını və sağlamlığını təmin edə biləcək.

Bunu bilin ki, dünya dəyişəcək və mənəviyyat dünyada öz haqqını əldə edəcək. Bunda heç bir şübhə yoxdur. Amerika kimi böyük güclərin dünyada sürətli mənəviyyat hərəkətini məhv etmələri daha imkansızdır. İslam Respublikası quruluşuna nə etsələr, bu quruluşun məzlumluğunun və müqavimətinin əks-sədası İslam dünyası miqyasında daha oyadıcı və daha yaşadıcı təsirlər buraxacaq, insanları oyadacaq. Necə ki, bu günə qədər hər bir hadisədə belə olmuşdur.

Bizi məcburən müharibəyə çəkdilər. Biz müharibədən çoxlu maddi və mənəvi zərbələr aldıq, amma ziyan etmədik. Çünki bu zərbələrə rəğmən, İslam ucaldı və dünyada hamı bildi ki, Allaha, Qurana, qiyamət gününə etiqad bəsləyən və gəncləri qeyri-bərabər müharibədə rəşadətlə vuruşub düşməni nakam qoyan mömin xalq başıuca və qalibdir. Dünyanın bütün gücləri İslam quruluşunu devirmək, ölkənin bir hissəsini ayırmaq və İranın ərazi bütövlüyünü pozmaq məqsədi ilə birləşdilər, amma bacarmadılar. Bu, böyük güclərin məğlubiyyəti deyil?! Bu, bizim xalqımızın qələbəsini, başucalığını və qüdrətini göstərmir?!

Biz avropalıların, amerikalıların, rusların və digər bir çox ölkələrin İraqa kömək etdiyini bilirdik; bilmədiklərimiz də vardı. Bu gün bu ölkələrin özləri müharibə ərzində İraqa nə qədər kömək etdiklərini etiraf edirlər. Yəni üç əsas hərbi güc mərkəzi ola NATO, ABŞ və Varşava Müqaviləsi Təşkilatı əlbir olub digər tərəfi məğlub etmək, hökumətini devirmək və torpağını parçalamaq üçün bir tərəfə kömək etdilər, amma bacarmadılar. Bu, həqiqətən çox möhtəşəm məsələdir və İslamın əzəmətini göstərir. Deməli, bu müharibədə İslam ucaldı və müsəlmanlar İslamın bir xalqa nə verdiyini anladılar.1


Sual: Əziz atam! Mən dünyaya gələndə inqilabdan bir neçə il ötmüşdü, amma bununla yanaşı əziz imamın rəhbərliyi, sizin, eləcə də bütün əziz və qeyrətli xalqımızın səyi nəticəsində baş verən inqilabla fəxr edirəm. Mən qəhrəmanlıq illərindən, inqilabdan sonrakı gənclərdənəm və inqilabı möhkəmləndiyi, qüdrətləndiyi zaman dərk etmişəm.

Məndə həmişə bu sual olub ki, bizim inqilabımız nə üçün baş verdi? O qədər qadın, kişi, qoca və gənc necə küçələrə çıxıb sizlərin rəhbərliyi ilə bu böyük qələbəyə nail oldular? Sizdən xahiş edirəm mənim arzumu yerinə yetirib ürəkaçan sözlərinizlə cavabımı verəsiniz. Minnətdaram.

Cavab: Bu indiki gənclər üçün yaranan ən təbii və ən məntiqli suallardan biridir. Bu əziz qızımız sualı çox yaxşı şəkildə, səlis və könülaçan sözlərlə bəyan etdi. Allah onu işlərində müvəffəq etsin! Mən də məclisin imkan verdiyi həddə cavab verəcəyəm.

Bizim inqilabımız pis hökumətin təxminən bütün xüsusiyyətlərinə malik olan bir rejim əleyhinə əzəmətli xalq hərəkatı idi. Bu rejim həm fəsadlı, həm asılı idi, həm zorla və çevriliş nəticəsində yaradılmışdı, həm də bacarıqsız idi. Mən bu dörd xüsusiyyəti qısa şəkildə izah etmək istəyirəm.

O hökumət əvvəla fəsadlı hökumət idi; maliyyə fəsadı vardı, əxlaq fəsadı vardı, idarə fəsadı vardı. Maliyyə fəsadları barədə bunu demək kifayətdir ki, şahın özü və ailəsi bu ölkənin böyük iqtisadi işlərinin çoxuna ortaq idilər. Onun özü, qardaşları və bacıları ən çox şəxsi sərvət toplamış şəxslər idilər. Rza xan özünün 16-17 illik səltənəti dövründə böyük sərvət topladı. Bilməyiniz pis deyil ki, bu ölkənin bəzi şəhərləri sənədlərdə bütünlüklə Rza xana məxsus idi. Misal üçün, Fəriman şəhəri bütünlüklə Rza xanın mülkü idi. Bu ölkənin ən yaxşı torpaqları ona məxsus idi. O, mal-mülkü, ləl-cəvahiratı sevirdi. Uşaqlarının tamahı isə daha çox idi. Onlar hər növ sərvəti sevir və toplayırdılar. Ən yaxşı dəlili budur ki, onlar bu ölkədən getdikdə xarici banklarda milyardlarla dollar həcmində sərvət yatırmışdılar. Bəlkə bilirsiniz, biz inqilabdan sonra şahın sərvətlərinin qaytarılmasını istədik və təbii ki, vermədilər. O zaman bu ailənin ümumi əmlakının təxmini miqdarı on milyardlarla dollar edirdi. Gedib dünyanın müxtəlif yerlərində sakin oldular və hamısı milyarderlərdən sayıldılar. Külli miqdarda olan bu pulları zəhmətlə əldə etməmiş, qanuni ticarətlə qazanmamışdılar, qeyri-qanuni işlərlə toplamışdılar. Zirvəsində bu qədər maliyyə fəsadı olan bu rejim görün xalqla necə rəftar edirdi!

Əxlaqi baxımdan da fəsad içində idi. Qaçaq alveri ilə məşğul olan cinayətkar bandalar bu şəxsin qardaş və bacılarının nəzarətində idi. Əxlaq və cinsi məsələlər baxımından elə işlər görülürdü ki, insan deməyə xəcalət çəkir. Bu xatirələrin bəzisini sonralar öz yaxınları və köməkçiləri yazıb nəşr etdirdilər.

İdarəetmədə də vəziyyət acınacaqlı idi, səlahiyyətlərə riayət etmirdilər. Özlərinə sadiqliyi, əcnəbilərin təhlükəsizlik və casus şəbəkələrinin əmrlərini meyar seçib lazımi adamları vəzifəyə təyin edirdilər. Zirvəsində rüşvət alan, sərvət toplayan, qaçaqmalçılıqla məşğul olan və xalqa xəyanət edən adamların durduğu hökumət necə ola bilər?! İnsan bunları dəlil və əsaslarla yazsa, cildlərlə kitab olar.

Onlar asılı idilər; xalqdan çox uzaq düşdüklərinə görə hakimiyyətlərini qorumaq üçün xaricilərə arxalanmağa məcbur olurdular. Rza xanı ingiltərəlilər hakimiyyətə gətirdilər. Bu, dəqiq və aydın məsələdir. Məhəmmədrzanı da ingiltərəlilər möhkəmlətdilər. Doktor Müsəddiqin hökuməti vaxtı amerikalılar çevriliş etdilər, İranı ingiltərəlilərin əlindən aldılar və özləri hökmranlıq etdilər. Bunlar bu ölkənin əksər işlərində qeyri-müstəqil idilər. Amerika müstəşarları və on minlərlə amerikalı məmur bu ölkənin ən mühüm hərbi, təhlükəsizlik, iqtisadi və siyasi mərkəzlərində həssas və çox gəlirli postlarda çalışır, əslində bütün işləri görür, onlara istiqamət verirdilər. Bu ölkənin təhlükəsizlik qurumunu amerikalılar və israillilər yaratmışdılar, siyasətdə ingilislərin, son zamanlarda isə amerikalıların fikirlərinə tabe idilər. Regional və qlobal sahədə, hətta iqtisadi məsələlərdə, misal üçün, neftin qiymətində, satış formasında, xarici şirkətlərin İrandan neft almasında - bütün bu mühüm və həssas məsələlərdə onların istədiyi işi görürdülər. Əlbəttə, öz maraqlarını da nəzərə alırdılar, xaricilər üçün fədakarlıq göstərmirdilər, öz hakimiyyətlərini qorumaq üçün əcnəbilərə hər bir şəraiti yaradır, bu ölkəyə və bu xalqa təcavüz etmək imkanı verirdilər.

Bu rejim zorla və çevriliş nəticəsində yaradılmışdı, çevrilişlə hakimiyyətə gəlmişdilər; həm Rza xan çevrilişlə gəlmişdi, həm də Məhəmmədrza. Çevriliş hökumətinin necə olması da bəlli məsələdir; özlərini zorla xalqa sırımışdılar, xalqın səsindən, fikrindən, istəyindən, mədəniyyətindən, məhəbbətindən və iradəsindən heç bir əlamət yox idi. Onlar xalqın iradəsinə, istəyinə, etiqadlarına, din və mədəniyyətinə əsla hörmət etmirdilər, xalqla heç bir səmimi və dost münasibətləri yox idi. Münasibət düşmən münasibəti, ərbab və rəiyyət münasibəti, ağa və nökər əlaqəsi idi. Hər halda, şahlıq idi. Sultanlığın və padşahlığın mənası budur: xalqın qarşısında heç bir öhdəlik götürməyən avtoritar hakimiyyət. Pəhləvi ailəsi bizim ölkəmizdə 50 il belə hökm sürdü.

Və nəhayət, bacarıqsız idilər. Siz ölkənin indiki vəziyyətini görürsünüz. Şübhəsiz, bu ölkədə hər kəs, xüsusən də siz gənclər bilirsiniz ki, dünyanın elm, sənaye və texnologiya sahələrində, elm və tədqiqat inkişafında özümüzü layiqli səviyyəyə çatdırmaq üçün illərlə çalışmalı olan ölkələrindənik. Bu vəziyyət ölkənin və xalqın böyük potensialından istifadə edə bilməyən bacarıqsız rejimin əlliillik hakimiyyətinin nəticəsidir. Siz bugünkü istedadlara baxırsınız. Görün bizim gənclərimiz dünyanın elmi olimpiadalarında necə iştirak edirlər! Keçmişdə isə istedadlardan istifadə olunmurdu, onlara diqqət yetirilmirdi. Yalnız özlərinin qanunsuz məqsəd və istəkləri üçün onlardan istifadə edirdilər. Bəziləri buraxıb gedir, çoxları isə qalırdılar, lakin istedadlarında heç bir çiçəklənmə baş vermir və bir iş görülmürdü.

Məmləkəti xaraba duruma salmışdılar. Müharibədən sonra bizim ən böyük işlərimizdən biri müharibənin xarabalıqlarını aradan qaldırmaq idi. Amma görürdük ki, müharibənin bu xalqın başına gətirdiyi fəlakət Pəhləvi sülaləsinin uzun illər hökuməti dövründə yaranandan azdır. İllərlə xalqa belə bir hökumət başçılıq etdi.

1962-ci ildə imamın fəryadı ucalanda isə xalqın qəzəbi partladı. On illər ərzində xalqın qəzəbi toplanmışdı. Bəziləri həmin vəziyyətə alışmış, bir çoxları isə qəzəblə dayanmışdılar. İmamın sözü qəlblərə oturdu. Bilin ki, imam bu işə başlayanda hələ məşhur təqlid müctəhidi deyildi. Düzdür, Qumda alimlər, böyük şəxsiyyətlər, hövzənin müəllim və tələbələri arasında böyük hörməti və tərəfdarları vardı, amma ölkə əhalisi arasında elə də tanınmırdı. Bu iş başlananda isə düzgün və haqq olduğuna, xalqın istəklərinə və əslində İslama və dinə söykəndiyinə görə təbii olaraq dərhal hər yerə yayıldı, ağız-ağız gəzdi, qəlbləri doyurdu və imamı sevdirdi. Mübarizənin başlandığı 1962-ci ildə çox da tanınmayan böyük imamımız bir ildən sonra xalq tərəfindən elə sevildi ki, Tehranda 15 Xordad hadisəsi baş verdi və minlərlə insan imamdan ötrü canını fəda etdi. Bu həmin işin haqlı olduğuna görə idi.

İmam xalqa İslam təlimlərini bəyan etdi, hökumətin, insanın mənasını açıqladı, nə baş verdiyini və xalqın nə etməli olduğunu izah etdi. O, insanların deməyə cürət etmədiyi həqiqətləri gizlicə, proklamasiya formasında, qrup və partiyaların bağlı otaqlarda öz tərəfdarlarına söylədiyi tərzdə yox, bütün xalq üçün açıq şəkildə və anlaşılan dillə bəyan etdi. Və məhz buna görə xalq müsbət cavab verdi.

Düzdür, imamın başladığı gündən inqilabın qələbə çalmasına qədər ağır keçən on beş il sürdü. İmamın şagirdləri, dostları, yetirmələri, adi camaat, cəmiyyətin aydın insanları bu sözün dərinliyini və ruhunu dərk və onu qəbul etdilər, müxtəlif yerlərdə, müxtəlif məclislərdə, müxtəlif təbəqələr arasında söylədilər. Bu sözlərin çox deyilməsi və arxasında durulması böyük problemlər yaratdı - minlərlə insan şəhid oldu, bundan bir neçə dəfə artıq adam işgəncələrə məruz qaldı, çox çətin dövr keçdi. Bəzi adamlar bu on beş il ərzində bir gecə evlərinə rahat və təhlükəsiz gedə bilmədilər, bir gün arxayınlıqla evlərindən çıxmadılar. İmam bütün bu dövrdə şücaətli və hikmətli mürşid kimi rəhbərlik edirdi. Nəhayət son bir-iki ildə etiraz dalğası gücləndi. İnsanlar harada dini və ilahi məqsədlər naminə maddi maraq güdmədən meydana atılsalar, heç bir güc onların qarşısında dayana bilməz. İmamın buyurduğu kimi, onlar bütün dəm-dəsgahlarına rəğmən, bizim əliboş xalqımızın önündə dura bilmədilər. Bu inqilab baş verdi və qələbə çaldı.1


Sual: Ümumiyyətlə, inqilab nədir və İslam inqilabı nə üçün baş verdi? Biz ictimai-siyasi dəyişiklikdə nə üçün Şərqdən, yaxud Qərbdən örnək götürmədik?

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə