Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 3,41 Mb.
səhifə1/61
tarix02.12.2017
ölçüsü3,41 Mb.
#13558
  1   2   3   4   5   6   7   8   9   ...   61

İSLAM

MƏZHƏBLƏRİ İLƏ TANIŞLIQ

http://ehliwie-samux.com


نام کتاب:................................. آشنایی با مذاهب اسلامی

مولف:...............................................گروهی ازمحققین

مترجم:................................................. آقابالا مهدی اف

ناشر:............................................................. .شهریار

تاریخ چاپ:.........................................................1384

نوبت چاپ:..............................................................اول

تیراژ:................................................................3000

Kitabın adı:....İslam məzhəbləri ilə tanışlıq

Müəllif:..................................................Tədqiqat qrupu

Tərcümə edən:...................................Ağabala Mehdiyev

Naşir:...............................................................Şəhriyar

Çap növbəsi:.......................................................Birinci

Tiraj:...........................................................................3000

Çap tarixi:.................................................................2006
964-5934-50-8

MÜQƏDDİMƏ


Peyğəmbər (s) və onun mə᾿sum Əhli-beyti (ə) Qur᾿anın elmi əsaslarını yaşadaraq, cəmiyyətdə müqəddəs İslam dininin inqilabi və parlaq mədəni təməlinin əsasını qoymuşlar. Yaşadıqları cəmiyyətdə şəriət qanunlarının əməli olaraq, öz yerini tapması üçün İslam maarifini geniş surətdə təbliğ etmiş və insanların tə᾿lim-tərbiyəsində əllərindən gələni əsirgəməmişlər.

Müasir dövrdə də istismarçı qüvvələrin ruhaniyyətə, dini-elmi mərkəz və məktəblərə qarşı qərəzli mövqe tutmalarına, həmçinin mübarizə və fəaliyyətlərin qarşısını amansızcasına almalarına baxmayaraq, o öz təkamül yolunu davam və inkişaf etdirir. Güclü elmi təməli olan bu ilahi din zühur etdiyi ilk gündən müxtəlif nəsillərin ehtiyacını ödəmiş, bəşər tarixində dost və düşmənlərin sual və şübhələrinin aradan qaldırılmasına nail olmuş və göstərilən müqavimətlər qarşısında özünün daimi irəliləyişini, bacarıq və mülayimliyini açıq-aşkar biruzə verə bilmişdir.

Böyük nailiyyətlər əldə etmiş dini-elmi məktəblər hal-hazırda aşağıdakı xüsusiyyətlərə malikdirlər:

1. İslam maarifinin bütün sahələrində ardıcıl olaraq elmi-tədqiqat və araşdırmaların aparılması;

2. İslami irs olan dərin düşüncə və təfəkkür tərzini qoruyub saxlamaqla yanaşı, bir çox elmi məsələlərdə yeni-yeni axtarışların aparılması, şagirdlərə zaman və şəraitə uyğun olan mətləblərin tədris olunması və dərsliklərin müasir tələbləri ödəyəcək üsullarla nəşr edilməsi;

3. Qur᾿anın elmi üslublarına və əqli dəlillərə istinad edərək qarşıya çıxan suallara məntiqi cavabların verilməsi, dövri təlabat və əlaqədar mövzularla tanışlıq.

Bu vaxta qədər bir çox ölkələrin elm və təhsil mərkəzləri görkəmli alim və tədqiqatçıların araşdırmalarından istifadə etməklə, təhsildə yeni-yeni tədris üslubu və proqramlar tərtib etmişlər. Müasir kitabların hazırlanması, nəşr və tədris üsullarının həyata keçirilməsində aşağıdakı qaydalara daha çox diqqət yetirmişlər:

a) Tə᾿yin olunmuş proqramlar əsasında hər bir dərsin tədris olunmasına riayət etmək;

b) Müxtəlif mərhələlərdə tədris olunan kitabların bir-biri ilə bağlılığı, ifrat və təfritə varmamaq;

v) Tədrisin bütün mərhələlərində şagird və tələbələrin elmi səviyyələrinin nəzərə alınması;

q) Tədris olunan kitabın yazı və tərtibat üslubuna diqqət yetirmək.

Qarşınızdakı bu kitab İslam məzhəbləri ilə tanışlıq məqsədilə hörmətli alim Seyyid Əhməd Mahmudi tərəfindən yazılmışdır. Müəllifə və ümumiyyətlə kitabın hazırlanmasında zəhmət çəkən bütün həmkarlara dərin minnətdarlığımızı bildiririk.



BİRİNCİ FƏSİL



KÜLLİYYAT



BİRİNCİ DƏRS

DİNİ CƏMİYYƏTLƏRDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ




1. Nə üçün dinlər və ideoloji məktəblər müxtəlif firqə və dəstələrə bölünür?

2. Din və məzhəbləri araşdıran hansı elmdir?

Bütün dinlər, məktəblər və e᾿tiqadi ayinlər daim öz inkişaf yolunda bir neçə firqəyə, məzhəbə bölünmüşdür. Bir məktəbin və ya dinin yaranmasından nə qədər çox zaman fasiləsi keçirsə, onun firqə və məzhəblərinin sayı da bir o qədər çox olur. Aydınlaşdırmaq lazımdır ki, din və məktəblərdə parçalanmanın, onun ardıcıllarının neçə-neçə dəstələrə bölünməsinin əsas səbəbi nədir?

E᾿tiqad, din, məktəb və məzhəb ardıcıllarının müxtəlif dəstələrə bölünməsinin ən mühüm səbəbləri kimi aşağıdakı amilləri qeyd etmək olar:

1. Bəşər əndişəsinin xüsusiyyəti:

İdeologiya və məktəblərdə bir neçə dəstənin yaranmasının ilkin amili kimi, bəşər əndişəsinin özünəməxsus təbiətini qeyd etmək lazımdır. Yə᾿ni, insanlar hər bir fikri və nəzəri məsələ barədə dərindən düşündükdə, müxtəlif nəticələr əldə edirlər və bu zaman müxtəlif nəzəriyyə və fikirlər meydana çıxır. Bu qanunauyğunluq riyaziyyat kimi dəqiq elmlərdən başqa, nəzəri məsələlərin hamısında doğrudur. Çünki, adətən iki alim tapmaq olmaz ki, bir nəzəri məsələ barədə ayrı-ayrılıqda fikirləşib, dəqiq şəkildə vahid bir nəzəriyyə irəli sürsünlər.

Bu amil ilahi dinlər barəsində «fikri məktəblər» adı ilə daha qabarıq şəkildə biruzə gəlmişdir. Bildiyiniz kimi, dinlər nəzəriyyə, dünya görüşü və ideologiyadan ibarət olan prinsiplər məcmuəsidir ki, bunlar da dini alimlərin vasitəsi ilə təfsir və təhlil olunmuşdur. Dini-nəzəri prinsiplər nə qədər çox və rəngarəng olsalar, bir-birindən fərqli olan təhlillərin yaranması üçün meydan daha da genişlənir. Bundan əlavə, din insanlara kütləvi şəkildə müraciət edir və onların həyatının bütün yönləri ilə maraqlanır. Buna görə də insanların hamısı bir növ özlərinə haqq verir ki, dini əsaslar və prinsiplər barədə nəzəriyyə irəli sürüb onları təhlil etsinlər. Din və məktəblərdə müxtəlif nəzəriyyələri analiz edib dəyərləndirmək, nəticədə müştərək qərar çıxarmaq üçün sabit və hamının qəbul etdiyi bir mey᾿ar olmadığından, ardıcılların mövcud me᾿yarlar əsasında yiyələndikləri nəzəriyyələr bir-birindən fərqlənir. Buna görə də ixtilaf və çəkişmələrin, eləcə də qarşıdurma və cəbhələşmənin qarşısını almaq mümkün deyildir.

2. İctimai dəyişikliklər:

Mə᾿lum olduğu kimi, cəmiyyət daim dəyişiklik və inkişafdadır; bəşər həyatında vaxtaşırı yeni ictimai şəraitlər meydana gəlir. İctimai dəyişikliklər də dini ayinlərə, e᾿tiqad və inanclara yenidən baxılmaq zərurətini yaradır. Belə bir prosesdə alimlər və ideoloqlar din barəsində yeni-yeni təhlil və təfsirlər çıxararaq, e᾿tiqadi ayinləri yeni ictimai şəraitlə uyğunlaşdırmağa çalışır, bununla da öz məktəblərinin ümumbəşəri tərəqqidən geri qalmamasını istəyirlər. Onlar öz əqidə üsullarının dövri tələbata cavab vermədiyini gördükdə, başqa sözlə desək, bu ayinlərin öz ardıcıllarının səadət və xoşbəxtliyini tə᾿min etmədiyini müşahidə etdikdə, öz din və məktəbləri barədə yeni-yeni təhlillər təqdim etməyə başlayırlar. Bu da adətən dində yeni nəzəriyyənin meydana gəlməsi və nəhayətdə yeni məzhəb və firqənin yaradılması ilə nəticələnir.

Cəmiyyətdə müşahidə olunan əsaslı yenilik və tərəqqi din aləmində yeni-yeni şübhə və suallar doğurur. Hətta, bə᾿zən e᾿tiqadi məsələlərlə bağlılığı olmayan texniki inkişaf da dini nöqteyi-nəzərdən təhlil olunmaq məcburiyyətində qalır. Məsələn, din alimlərindən yenicə kəşf olunmuş tibbi ləvazimat, metod və dərmanlar haqda soruşurlar, dinin bu məsələlərlə əlaqədar cavab və mövqeyini bilmək istəyirlər. Bu kimi hallarda da din alimləri və ideoloqların tutduqları mövqe, üslub və cavab din barədə müxtəlif fikir və nəzəriyyələrin büruz etməsinə səbəb olur.

3. Şəxsi mənafelər və məqsədlər:

Tarix göstərir ki, xalqın dini e᾿tiqadları daimi olaraq, qüdrət və sərvət sahibləri tərəfindən sui-istifadələrə mə᾿ruz qalmış, qazanc axtaranların əlində bir alət kimi istifadə edilmişdir.

Dinin bünövrəsi qoyulan zaman qüdrət sahibləri peyğəmbərlərin də᾿vətinin qarşısını almaq üçün apardıqları mübarizənin müsbət nəticə vermədiyini gördükdə, öz həqiqi niyyətlərini dindarlıq pərdəsi altında gizlədərək, dini ayinləri daxildən təhrif edərək gözdən salmağa çalışmışlar. Onlar məkirli planlarla dini prinsipləri ürəkləri istəyən kimi təfsir və təhrif etmiş, səmavi əqidələri ləkələmək üçün sə᾿y göstərmişlər. İlahi peyğəmbərlər dünyadan getdikdən sonra da bə᾿zi şəxslər mütəmadi olaraq, dini öz nəfsani istəkləri, şəxsi və dünyəvi maraqları əsasında təhlil etməyə, camaata onun məhz təhrif olunmuş simasını göstərməyə çalışmışlar.

Şəxsi, qövmi, yaxud sinfi mənafelər xatirinə həqiqi dinləri dəyişdirib, onları öz bildiyi kimi izah edən şəxslərdən əlavə, həmin hədəflə din və məzhəb yaratmağa çalışan başqa qruplar da vardır. Bunlardan biri də dünya ağalığına can atan imperialist və istismarçı qüvvələrdir. Onlar tarix boyu insanları əsarət altına almaq, onların mal-dövlət və sərvətlərini qarət etmək üçün dəfələrlə camaatın mə᾿lumatsızlığından və sadəlövhlüyündən istifadə edərək, onları özlərinin quraşdırdığı saxta e᾿tiqadlara doğru sövq etdirmişlər.



4. Azğınlıqların yeni cilvəsi:

Dinin tə᾿sis olunduğu vaxtdan uzun müddət keçdikdən, habelə din barəsində müxtəlif təfsir və nəzərlər irəli sürüldükdən sonra, ictimai dəyişikliklərin doğurduğu zərurət olaraq, dinə yenidən baxış üçün şərait yaranır. Din alimləri və dindarlar mövcud təfsirlərə şəkk-şübhə ilə yanaşaraq, dini məsələlərdə təhrif və azğınlıqların baş verməsi ehtimalını bəhanə gətirərək, onun barəsində yenidən nəzər verilməsini istəmişlər. Dində islahat aparmaq məqsədilə yenidən fikir irəli sürülməsinin özü də yeni-yeni firqə və məzhəblərin yaranmasına səbəb olur. Qeyd olunan amilin tə᾿sirinə misal olaraq, xristianlıqda meydana gələn provaslav məzhəbini göstərmək olar.

Din və məktəb ardıcılları yuxarıdakı şərait və amillərin mövcud olmasına diqqət yetirməklə, dində parçalanmanı bir növ real gerçəklik kimi qiymətləndirirlər. Amma onların hər biri sair firqə ardıcıllarının batil və səhv yolda olduğunu və yalnız öz məzhəblərinin haqq-həqiqət olduğunu hesab edirlər. Məhz bu məsələ müxtəlif firqələr arasında mübahisə və dialoqların yaranmasına, onlardan hər birinin qarşı tərəfə qələbə çalmaq üçün daha güclü sübutlar axtarmasına səbəb olmuşdur.

Bundan əlavə, bə᾿zi tədqiqatçılar öz e᾿tiqadi mövzularına diqqət yetirmədən din və məzhəblərdə parçalanmanın tarixi köklərini, eləcə də onun cəmiyyətşünaslıq nöqteyi-nəzərindən yaranma səbəblərini araşdırmaq istəyirlər. Bu iki növ sə᾿y və maraq (firqə ardıcıllarının özlərinin haqq olmasını isbat etmək cəhdi və tədqiqatçıların sırf elmi nöqteyi-nəzərdən təfriqə amillərini araşdırması) «Kəlam» və «Miləl-Nihəl» adlı iki müxtəlif elmin yaranmasına səbəb olmuşdur.

Kəlam elmi din və məzhəblərin əqidə əsasları haqda olan dəlil və sübutların araşdırılmasından bəhs edir. Hər bir din və məzhəbin kəlam alimləri (teoloqları) «bürhan» «cədəl» üslubundan istifadə edərək, öz əqidələrinin haqq, başqa məzhəblərin isə batil olmasını sübut etməyə çalışırlar. «Miləl və Nihəl» elmi də əsasən din və məzhəblərin necə yaranıb formalaşmasının tarixini araşdırır, onlar arasında müqayisəli araşdırmalar aparır.

Siz «e᾿tiqadlar» dərsində kəlam bəhslərinin aparılma üslubu ilə tanış oldunuz. Məzhəblərlə tanışlıq dərsində isə İslami firqə və məzhəblərin e᾿tiqadi əsaslarını, onların necə yaranıb formalaşmasını araşdıracağıq. Bu bəhsləri əhatə edən dərslər mahiyyətcə «miləl və nihəl» elmi ilə mütənasibdir. Buna görə də əsil mövzulara başlamazdan əvvəl, həmin elmi xülasə şəkildə şərh edəcək və bu sahənin mühüm mənbələrindən bə᾿zilərini sadalayacağıq.


MİLƏL VƏ NİHƏL ELMİ


«Miləl» - ərəbcə «millət» sözünün cəm forması olub təriqət, şəriət və din mə᾿nasını ifadə edir. İstilahda isə, Allah-taalanın peyğəmbərlərin vasitəsi ilə Öz bəndələrini hidayət etmək üçün göndərdiyi şəriətlər, qayda-qanunlar və sünnələr mə᾿nasınadır ki, onların vasitəsi ilə İlahi hədəflərə nail olsunlar. Məhz buna əsasən, «millət» kəlməsi həmişə şəriət gətirən bir peyğəmbərin adına izafət şəklində qoşulur. Məsələn, «milləti İbrahim (ə)», «milləti Məhəmməd (s)». Qur᾿ani-kərimdə də «Millətə əbikum İbrahimə»1 ifadəsi gəlmişdir.

«Millət» sözü birbaşa «Allah» kəlməsinə izafə olunmur; məsələn, «millətullah» (Allahın milləti) deyilmir. Sonralar bu ifadənin mə᾿nası ümumiləşdirilərək batil millətlərə də aid edilmişdir.

«Nihəl» sözü də «nihlət» kəlməsinin cəm forması olub dava, iddia mə᾿nasını daşıyır. (İstər haqq olsun, istərsə də batil.) Buna əsasən, miləl və nihəl elminin tə᾿rifini aşağıdakı kimi vermək olar:

«Haqq və ya batil olmasından asılı olmayaraq, e᾿tiqadi şəriətləri və onun yollarını araşdıran elmə Miləl və Nihəl elmi deyilir.»

Yaxud belə demək olar:

«Haqq və ya batil olmasından asılı olmayaraq, xalqın bir qrupunun əqidəli olduğu dini və e᾿tiqadi əsasları araşdıran elmə Miləl və Nihəl elmi deyilir.»


MİLƏL VƏ NİHƏL ELMİNİN MƏNBƏLƏRİNDƏN BƏ᾿ZİLƏRİ


Qədim miləl və nihəl elminin İslam alimləri tərəfindən qəbul olunan və istinad edilən mənbələrinin ən mühümləri aşağıdakılardan ibarətdir:

1.*«Əl-ədyanu vəl-firəq»; (Seyyid Əbdüllah ibni Musa ibni Əhməd ibni Məhəmməd ibni Musa Kazim (ə))

2.*«Əvailul-məqalat fil-məzahibil muxtarat»; (Şeyx Müfid Məhəmməd ibni Məhəmməd ibni Nö᾿man Əkbəri. h.q.413)

3.*«Bəyanul-ədyan»; (Əbul Muali Məhəmməd ibni Əbid ibni Əli. h.q.485)

4.*«Təbsirətul-əvamm fimə᾿rifəti məqalatil-imam»; (Seyyid Mürtəza ibni Dai əl-Həsəni ər-Razi.)

5.*«Məqalatul-islamiyyin vəxtilaful-müsəllin»; (Əbul Həsən Əş᾿əri. h.q.324)

6.*«Əl-fərqu beynəl-firəq və bəyanul-firqətin-naciyyəti minhum»; (Əbu Mənsur Əbdül Qahir Əş᾿əri Bağdadi. H.Q.429)

7.*«Əl-miləlu vən-nihəl»; (İbni Furək Cəmaləddin Əhməd ibni Məhəmməd İsfəhani. H.Q.451)

8.*«Əl-fəslu fil-miləli vəl-əhvai vən-nihəl»; (İbni Həzm Zahiri. H.Q.456)

9.*«Ət-təbsiru fid-dini və təmyizil-firqətin-naciyəti minəl halikin»; (Əbu Müzəffər Zahir ibni Məhəmməd İsfirayini. H.Q.471)

10.*«Firəquş-şi᾿əti»; (Əbu Məhəmməd Həsən ibni Musa Novbəxti. H.Q.300)

11.*«Əl-miləli vən-nihəl»; (Qazi Əbu Bəkr Məhəmməd ibni Təyyib Baqilani.)

12.*«Əl-miləli vən-nihəl»; (Məhəmməd ibni Əbdülkərim Şəhristani. H.Q.548)

Müasir dövrdə də bu barədə çoxlu kitablar qələmə alınmışdır ki, onların bə᾿zilərini qeyd edirik:

1.*«Tarixul-məzahibil-islamiyyə»; (Məhəmməd Əhməd Əbu Zöhrə. «Əl-əzhər» universitetinin ustadı)

2.*«Bühusun fil-miləli vən-nihəl»; (Cə᾿fər Sübhani. Qum Elmiyyə Hövzəsinin ustadı)

3.*«Məzahibul-islamiyyin»; (Əbdürrəhman Bədəvi)

4.*«Əl-miləli vən-nihəl». (Rəşid Yasimi).


SUALLAR VƏ TAPŞIRIQLAR


1. Dinlərin firqə və məzhəblərə bölünməsində tə᾿sirli olan əsas amilləri xülasə şəkildə izah edin.

2. Kəlam elminin mövzusu nədir?

3. Miləl və Nihəl elminin tə᾿rifini deyin.

4. Kəlam elmi ilə Miləl və Nihəl elmi arasındakı fərq nədir?

5. Miləl və Nihəl elminin ən mühüm mənbələrindən bir neçəsini sadalayın.

İKİNCİ DƏRS




Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə