«Biz insana ata-anası ilə gözəl davranmağı buyurduq.»



Yüklə 47,37 Kb.
tarix03.10.2017
ölçüsü47,37 Kb.

Mərhəmətli, Rəhmli Allahın adı ilə!

«Biz insana ata-anası ilə gözəl davranmağı buyurduq.» (əl-Ənkəbut, 8.)


1 – Əbu Amr əş-Şeybani əli ilə Abdullah ibn Məsudun (r.a) evini göstərib dedi: «Bu evin sahibi bizə belə rəvayət etdi:
Mən Peyğəmbərə (s.a.s) dedim: “Qüdrətli və əzəmətli Allahın ən çox xoşuna gələn (ən yaxşı əməl) hansı əməldir?” O buyurdu: “Vaxtında qılınan namaz”. Mən dedim: “Sonra hansıdır?” O buyurdu: “Sonra valideynlərin qayğısına qalmaqdır”. Mən dedim: “Bəs sonra hansıdır?” O buyurdu: “Sonra Allah yolunda cihad etməkdir”.
(Hədisi rəvayət edən) deyir ki, o mənə bunları söylədi. Əgər soruşsaydım, yenə əlavə edərdi».
[ Səhihdir]

2 – Abdullah ibn Ömər (r.a) demişdir:
«Rəbbin razılığı valideynin razılığına görə, qəzəbi də valideynin qəzəbinə görədir!»
[ Həsəndir ]

3 – Bəhz ibn Həkim atasından, o da babasından (r.a) rəvayət edir ki, mən Peyğəmbərdən (s.a.s) soruşdum: “Ey Allahın elçisi! Ən çox kimə qayğı göstərilməlidir?” Dedi: “Anana!” (Yenə) soruşdum: “Ən çox kimə qayğı göstərilməlidir?” Dedi: “Anana!” (Yenə) soruşdum: “Ən çox kimə qayğı göstərilməlidir?” Dedi: “Anana!” (Yenə) soruşdum: “Ən çox kimə qayğı göstərilməlidir?” Dedi: “Atana! Sonra da ən yaxın və ən yaxın olanlara”.
[Həsəndir]

4 – İbn Abbas (r.a) rəvayət edir ki, bir kişi onun yanına gəlib dedi: “Mən bir qadına elçi göndərdim, o isə mənə ərə gəlməkdən imtina etdi. Lakin başqa birisi ona elçi göndərdi, ona ərə getməyə razılıq verdi. Mən də qısqanclıq üzündən qadını öldürdüm. Hərgah tövbə etsəm, qəbul olarmı?” İbn Abbas (r.a) soruşdu: “Anan sağdırmı?” O: “Xeyr!”- deyə cavab verdi. İbn Abbas (r.a) dedi: “Qüdrətli və əzəmətli Allaha tövbə et və bacardığın qədər Ona yaxınlaş!”
(Əta ibn Yəsar deyir ki,) mən gedib ibn Abbasdan soruşdum: “Nə üçün ondan anasının sağ olub-olmadığını soruşdun?” O dedi: “Çünki mən qüdrətli və əzəmətli Allahın yanında ana qayğısını çəkməkdən daha yaxın bir əməl bilmirəm”.
[Səhihdir]

5- Əbu Hureyra (r.a) rəvayət edir ki, bir nəfər Peyğəmbərdən (s.a.s) soruşdu: “Ey Allahın elçisi! Mən kimə qayğı göstərməliyəm?” O dedi: “Anana!” Yenə soruşdular: “Sonra kimə?” O dedi: “Anana!” Bir də soruşdular: “Sonra kimə?” O dedi: “Anana!” (Dördüncü dəfə): “Sonra kimə?”- dedikdə, o: “Atana!”- dedi.
[ Səhihdir ]

6- Əbu Hureyra (r.a) rəvayət edir ki, bir kişi Allahın peyğəmbərinin (s.a.s) yanına gəlib dedi: “Mənə nə əmr edirsən?” (Peyğəmbər (s.a.s)): “Ananın qayğısına qal!”- dedi. O, (sualını) təkrar etdi. (Peyğəmbər (s.a.s)): “Ananın qayğısına qal!”- dedi. O, (sualını) təkrar etdi. (Peyğəmbər (s.a.s)): “Ananın qayğısına qal!”- dedi. O (dördüncü dəfə sualını) təkrar etdi. O beşinci (dəfə sualını) təkrar etdi. (Peyğəmbər (s.a.s)): “Atanın qayğısına qal!”- dedi.
[ Səhihdir ]

7 – İbn Abbas (r.a) dedi: “Savab qazanmaq üçün səhər-səhər müsəlman valideynlərinin hər ikisini sevindirən elə bir müsəlman yoxdur ki, Allah (ona) Cənnətdən iki qapı, – və əgər onlardan biri sağdırsa –, bir qapı açmasın. Əgər onlardan birini qəzəbləndirsə, valideyn ondan razı qalmayınca Allah da ondan razı qalmaz”.
Soruşdular: “Valideynlər ona zülm etsələr belə?” O: “Valideynlər ona zülm etsələr belə!”- dedi.
[ Zəifdir ]

8 – Teysələ ibn Məyyas rəvayət edir ki, “Mən Nəcdatlarla (Nəcdat – hərurilərdən olan Nəcdə ibn Amir əl-Xaricinin havadarlarıdır) həmrəy idim. Bir gün böyük günahlardan hesab etdiyim bir günahı işlətdim, sonra da bunu ibn Ömərə (r.a) dedim. İbn Ömər: (r.a): “Nədir onlar?”- deyə soruşdu. Mən dedim: “Filan, filan (işləri görmüşəm)”. O dedi: “Bunlar ki, böyük günahlardan deyil. Böyük günahlar doqquzdur; Allaha şərik qoşmaq, adam öldürmək, cihaddan qaçmaq, ismətli qadına böhtan atmaq, sələm yemək, yetimin malını yemək, məsciddə günah işlətmək, (dini) məsxərəyə qoymaq və valideynlərin üzünə ağ olub onları ağlatmaq”. (Sonra) ibn Ömər (r.a) mənə dedi: “Cəhənnəm odundan çəkinib Cənnətə girmək istəyirsənmi?” Mən: “Bəli, vallahi ki, (istəyirəm)”- deyə cavab verdim. O soruşdu: “Valideynin sağdırmı?” Dedim ki: “Yalnız anam yanımdadır!” O dedi: “Allaha and olsun ki, əgər onunla mülayim danışsan və ona yemək-içmək versən, böyük günahlardan çəkinsən, mütləq Cənnətə girəcəksən.”
[ Səhihdir ]

9 – Urva (r.a):
“Onların hər ikisinə rəhm edərək mərhəmət qanadının altına al.” (əl-İsra, 24.) ayəsini izah edib demişdir: “Onların istədiyinə mane olma!”
[ İsnadı səhihdir ]

10 – Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) belə dedi: “Övlad valideynə onun üçün etdiklərinin əvəzini (heç nə ilə) qaytara bilməz. Yalnız onu kölə ikən alıb azad etməsi istisnadır.
[ Səhihdir ]

11 – Əbu Burdə (r.a) deyir ki, mən ibn Ömərlə (r.a) bir yerdə idim. Yəmənli bir kişi öz anasını kürəyində daşıyaraq Kə'bəni təvaf edir və deyirdi:

Doğrusu, anamın müti dəvəsiyəm,


Dəvə yorulsa da yorulan deyiləm.

Sonra kişi dedi: “Ey ibn Ömər! Bir de görüm, anamın mənə elədiklərinin əvəzini verdimmi?” İbn Ömər (r.a) dedi: “Xeyr! (Bu elədiyin, heç doğuş zamanı olan) bir iniltini belə əvəz etmir”.


Bunun ardından ibn Ömər (r.a) təvaf etdi. (Kə'bəni təvaf edib bitirən kimi) İbrahim məqamına gəlib iki rükət namaz qıldı. Sonra da dedi: “Ey ibn Əbu Musa! Həqiqətən, hər iki rükət namaz onlardan öncəki günahları silir”.
[ İsnadı səhihdir ]

12 – Mərvan (hərdən) Əbu Hureyranı (r.a) başçı təyin edərdi. O zaman Əbu Hureyra (r.a), zil-Huleyfədə olarkən, anası bir evdə, özü də başqa bir evdə olardı. Bayıra çıxmaq istəyəndə anasının qapısı önündə durub deyərdi: “Sənə salam olsun, ay ana! Allahın mərhəməti və Onun bərəkəti (sənə yetişsin)” Anası isə deyərdi: “Sənə də salam olsun, ey oğlum! Allahın mərhəməti və Onun bərəkəti (sənə də yetişsin)!” O yenə deyərdi: “Məni körpəliyimdən tərbiyə edib bəslədiyin kimi Allah da sənə rəhm etsin!” Anası isə deyərdi: “Sən mənə qocalığın ən düşkün dövründə qayğı göstərdiyin kimi Allah da sənə rəhm etsin!” Sonra (Əbu Hureyra (r.a) evinə qayıtdıqda bunları eynilə təkrar edərdi.
[ İsnadı zəifdir ]

13 – Abdullah ibn Amr (r.a) demişdir: “Bir kişi ata-anasını gözüyaşlı qoyub Peyğəmbərin (s.a.s) yanına gəldi ki, hicrət (cihad) etmək üçün ona bey'ət (Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) dəvətini qəbul edərək ona tabe və sadiq olma. ) etsin. Peyğəmbər (s.a.s) dedi: “Onların yanına qayıt! Onları necə ağlatmısansa, eləcə də güldür”.
[ Səhihdir ]

14 – Ummu Haninin (r.a) himayəsində olan Əbu Murra rəvayət edir ki, mən Əbu Hureyra (r.a) ilə birgə onun yaşadığı yerə Əqiqə (zil-Huleyfəyə) gəldim. O, yaşadığı yerə gəlib çatdıqda uca səslə çağırıb dedi: “Sənə salam olsun, ay ana! Allahın mərhəməti və Onun bərəkəti (sənə yetişsin)!” Anası dedi: “Sənə də salam olsun! Allahın mərhəməti və Onun bərəkəti (sənə də yetişsin)!” O dedi: “Məni körpəliyimdən tərbiyə edib bəslədiyin kimi Allah da sənə rəhm etsin!” Anası dedi: “Oğlum! Sən mənə qocalığın ən düşkün çağında qayğı göstərdiyin kimi Allah da səni xeyirlə mükafatlandırsın və səndən razı qalsın!”
[İsnadı həhihdir ]

15 – Əbu Bəkrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) üç dəfə dedi: “Sizə günahların ən böyükləri barədə xəbər verimmi?” (Səhabələr): “Əlbəttə, ya Rəsulallah!”- deyə cavab verdilər. O: “(Ən böyük günah) Allaha şərik qoşmaq, valideynlərin üzünə ağ olmaqdır, – (deyib) söykəndiyi yerdən qalxıb oturdu (və) –, yalan söz danışmaqdır”- dedi. O bunu dalbadal o qədər təkrar etdi ki, mən öz-özümə dedim: “Nə olaydı o susaydı”.
[ Səhihdir ]
(16) – Vərrad deyir ki, Muaviyə (r.a) Muğiraya (r.a) belə bir məktub yazdı: “Mənə Peyğəmbərdən (s.a.s) eşitdiyin hədislərdən (birini) yaz”. Muğira (r.a) mənə diktə etdi, məndə bu əllərimlə yazdım: “Həqiqətən, mən ondan; çox sual verməyi, var-dövləti israf etməyi və söz gəzdirməyi qadağan etdiyini eşitdim”.
[ Səhihdir ]

17– Əbu Tufeyl deyir ki, Əlidən (r.a) soruşdular: “Peyğəmbər (s.a.s) sizə məxsusi olaraq elə bir şey ayırıb veribdirmi ki, onu başqa insanlara vermiş olmasın?” O dedi: “Peyğəmbər (s.a.s) başqa insanlara deyil, yalnız bizə məxsusi olaraq elə bir şey qoymamışdır. Yalnız qılıncımın qınındakı istisnadır”. Sonra o, (qılıncının qınından) bir vərəq çıxartdı. Ora yazılmışdı: “Allahdan başqasına qurban kəsənə Allah lənət eləsin. Yer üzündəki sərhədləri pozana Allah lənət eləsin. Valideynlərinə lənət oxuyana Allah lənət eləsin. Cinayətkara yardım edənə Allah lənət eləsin”.
[ Səhihdir ]

18 – Əbud-Dərda (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) mənə doqquz şeyi tövsiyə etdi: “Tikə-tikə edilsən, yaxud yandırılsan belə heç nəyi Allaha şərik qoşma. Bilərəkdən vacib namazları tərk etmə. Belə ki, bilərəkdən onu tərk edən kimsə xata-baladan qorunmaz. Şərab içmə. Çünki o, hər bir şər əmələ açardır. Valideynlərinə itaət et. Əgər sənə dünya işlərindən əl çəkməyi əmr etsələr, onlara görə (bundan) əl çək. Özünün haqq olduğunu bilsən də ixtiyar sahibləri ilə mübahisə etmə. Həlak olsan da, yoldaşların cihaddan qaçmış olsa da sən qaçma. Varından öz ailənə xərclə, dəyənəyini onların üzərindən qaldırma və onları qüdrətli və əzəmətli Allahla qorxut”.
[ Həsəndir ]

19 – Abdullah ibn Amr (r.a) rəvayət edir ki, bir kişi Peyğəmbərin (s.a.s) yanına gəlib dedi: “Mən ata-anamı gözüyaşlı qoyub gəlmişəm ki, hicrət (cihad) etmək üçün sənə beyət (Peyğəmbərin (s.a.s) dəvətini qəbul edərək ona tabe və sadiq olma.) edim”. Peyğəmbər (s.a.s) dedi: “Ata-ananın yanına qayıt! Onları necə ağlar qoyubsansa, elə də güldür”.
[ Səhihdir ]
20 – Abdullah ibn Amr (r.a) rəvayət edir ki, bir kişi Peyğəmbərin (s.a.s) yanına gəlib cihada getmək istədiyini ona bildirdi. Peyğəmbər (s.a.s) soruşdu: “Valideynlərin sağdırmı?” O: “Bəli!”- deyə cavab verdi. Peyğəmbər (s.a.s) dedi: “Elə isə onlar üçün çalış”.
[ Səhihdir ]

21 – Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Zəlil oldu, zəlil oldu, zəlil oldu!” (Səhabələr) dedilər: “Kim, ya Rəsulallah?” O dedi: “Valideynləri, yaxud ikisindən biri qocalanadək onlarla yaşayıb, sonra da (üzlərinə ağ olub) Cəhənnəmə girən kəs”.
[ Səhihdir ]
22 – Muaz ibn Ənəs (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Kim valideynlərinin qayğısına qalsa, ona xoş güzəran nəsib olar, qüdrətli və əzəmətli Allah onun ömrünü uzadar”.
[ Zəifdir ]

23 – İbn Abbas (r.a) demişdir: “Qüdrətli və əzəmətli Allahın - “Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək mərhəmət qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”- de” ayəsi, (əl-İsra, 23-24.)

Bəraə surəsindəki “Müşriklərin Cəhənnəm sakinləri olduqları onlara (iman gətirənlərə) bəlli olduqdan sonra, qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz.” (ət-Tovbə, 113.) ayəsi ilə ləğv edilmişdir.


[ İsnadı həsəndir ]

24 – Səd ibn Əbi Vəqqas (r.a) demişdir: “Uca Allahın Kitabında mənim barəmdə dörd ayə nazil olmuşdur;
Birincisi: Anam and içdi ki, mən Muhəmməddən (s.a.s) ayrılmayınca yeməyəcək, içməyəcəkdir. Qüdrətli və əzəmətli Allah da bu ayəni nazil etdi:

“Əgər (valideynlərin) bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səninlə mübarizə aparsalar, onlara itaət etmə. Dünyada onlarla gözəl davran.” (Loğman, 15.)

İkincisi: Mən (qənimətdən) xoşuma gələn bir qılıncı götürüb: “Ey Allahın elçisi! Bunu mənə bağışla”- dedim. Bu vaxt ayə nazil oldu:

“Səndən qənimətlər (onların bölünməsi) haqqında soruşurlar...” (əl-Ənfal, 1.)

Üçüncüsü: Mən xəstələnmişdim. Peyğəmbər (s.a.s) mənə baş çəkdi və mən soruşdum: “Ey Allahın elçisi! Mən varımı bölmək istəyirəm. Yarısını vəsiyyət edə bilərəmmi?”
O: “Xeyr!”- deyə cavab verdi. Mən yenə soruşdum: “Bəs üçdə birini?” O susdu.Bu hadisədən sonra malın üçdə birinin vəsiyyət edilməsinə izn verildi.

Dördüncüsü: Mən ənsarla (Peyğəmbərə (s.a.s) və mühacirlərə sığınacaq verib kömək edən Mədinə sakinləridir) birgə şərab içdim. Onlardan biri (Mədinə yaxınlığındakı) Luha-Cəməldə mənim burnuma vurdu. (Ertəsi gün) mən Peyğəmbərin (s.a.s) yanına gəldim. Bu vaxt qüdrətli və əzəmətli Allah şərabın haram olması barədə ayə (əl-Maidə, 90-91.) nazil etdi.
[ Səhihdir ]

25 – Əsma bint Əbu Bəkr (r.a) rəvayət edir ki, Peyğəmbərin (s.a.s) dövründə anam mənimlə görüşmək üçün yanıma gəldi. Mən Peyğəmbərdən (s.a.s): “Onunla görüşümmü?”- deyə soruşdum. O: “Bəli!”- deyə cavab verdi.
(Hədisi danışan ravi) ibn Uyeynə deyir ki, qüdrətli və əzəmətli Allah onun barəsində ayə nazil etdi.

“Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etmir. Həqiqətən, Allah ədalətli olanları sevir!” (əl-Mumtəhinə, 8.)
[ Səhihdir ]

26 – İbn Ömər (r.a) rəvayət edir ki, Ömər (r.a) satılan siyra bürüncəyini (Tərkibində ipək olan bir libasdır.) görüncə dedi: “Ey Allahın elçisi! Bunu al. Sən onu həm cümə günü, həm də yanına (qəbilələrdən) nümayəndələr gəldikdə geyinərsən”. O dedi: “Bunu ancaq (Axirətdə) heç bir payı olmayanlar geyinər!” Sonra həmin bürüncəkdən bir neçəsini Peyğəmbərə (s.a.s) gətirdilər. O da Ömərə (r.a) bir bürüncək göndərdi. Ömər (r.a) dedi: “Mən onu necə geyinə bilərəm ki, sən onun haqqında dediyini artıq demisən.” O dedi: “Mən onu sənə verməmişəm ki, geyinəsən. Vermişəm ki, onu satasan ya da başqasına bağışlayasan”. Ömər (r.a) onu Məkkədə yaşayan doğma qardaşına göndərdi. Qardaşı isə hələ İslamı qəbul etməmişdi.
[ Səhihdir ]

27- Abdullah ibn Amr (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “Kişinin öz valideynlərini söyməsi böyük günahlardandır”. (Səhabələr) dedilər: “Heç (adam da öz valideynini) söyərmi?” O dedi: “Birisini söyür, o da onun ata-anasını söyür”.
[ Səhihdir ]

28- Abdullah ibn Amr (r.a) deyirdi ki, kişinin öz valideynlərini söydürməsi Uca Allah yanında böyük günahlardandır”.
[ İsnadı həsəndir ]

29- Əbu Bəkrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “(Allah tərəfindən) günah sahibinə verilən cəzanın (Axirət gününə) saxlanılması ilə yanaşı (həmin cəzanın dünyada da) ona tezliklə verilməsi üçün (ata-anaya qarşı) azğınlıq etmək və qohumluq əlaqələrini kəsmək kimi günahdan daha münasib bir günah yoxdur”.
[ Səhihdir ]

30- İmran ibn Hüseyn (r.a) rəvayət edir ki, Peyğəm¬bər (s.a.s) demişdir: “Zina, şərab içmək və oğurluq barədə nə deyə bilərsiniz?” Biz dedik: “Allah və Onun elçisi daha yaxşı bilir!” O buyurdu: “Bunlar çirkin əməllərdir və onların cəzası vardır. Sizə ən böyük günahlar barədə xəbər verimmi? (Ən böyük günah) Allaha şərik qoşmaq və valideynlərin üzünə ağ olmaqdır”. Sonra söykəndiyi yerdən qalxıb dizi üstə oturdu və əlavə etdi: “Yalan söz danışmaqdır”.
[ İsnadı zəifdir ]

31-İbn Ömər (r.a) demişdir: “Valideynləri gözüyaşlı qoymaq nankorluq və böyük günahdır”.
[ Səhihdir ]

32- Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) demişdir: “Üç (kimsənin etdiyi) dua var ki, onların qəbul olunmasına heç bir şəkk-şübhə yoxdur; məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua”.
[ Həsəndir ]

33- Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbərin (s.a.s) belə dediyini eşitdim: “Doğulan körpələrdən beşikdə ikən ancaq Məryəm oğlu İsa – Allahın ona salavatı və salamı olsun , və Cureycin sahibi danışmışdır”. (Səhabələr) soruşdu: “Ey Allahın peyğəmbəri! Cureycin sahibi kimdir?” O dedi: “Cureyc rahib olub. Onun bir koması var idi. O vaxtlar mal-qara otaran naxırçı onun komasının aşağı tərəfinə gələr, kənd sakinlərindən olan (pozğun) bir qadın da həmin naxırçı ilə yaxınlıq edərdi. Günlərin bir günü (Cureycin) anası gəlib: “Ey Cureyc!” deyə onu çağırdı. Bu vaxt o, namaz qılırdı. Odur ki, namazda ikən öz-özünə: “Anammı ya namazmı?”- dedi, sonra da namazı (anasından) üstün tutmaq qərarına gəldi. Anası ikinci dəfə onu çağırdı. O yenə də öz-özünə: “Anammı ya namazmı?”- dedi, sonra da namazı üstün tutmaq qərarına gəldi. Anası üçüncü dəfə onu çağırdı. O yenə də öz-özünə: “Anammı ya namazmı?”- dedi, sonra da namazı üstün tutmaq qərarına gəldi. Elə ki anasına cavab vermədi, anası: “Ey Cureyc! Zinakar qadınların üzünə baxmayınca Allah səni öldürməsin!”- dedi, sonra da çıxıb getdi. (Naxırçı ilə yaxınlıq etmiş) o qadını (zinadan doğulmuş) körpəsi ilə birgə padşahın yanına gətirdilər. Padşah soruşdu: “(Uşaq) kimdəndir?” Qadın: “Cureycdəndir!”- deyə cavab verdi. Padşah yenə soruşdu: “Komanın sahibimi?” Qadın: “Bəli!”- deyə cavab verdi. Padşah dedi: “Onun komasını dağıdın, özünü də yanıma gətirin!” Onun komasını yerlə yeksan olana qədər balta ilə qırıq-qırıq etdilər. Əllərini iplə boynuna bağladılar. Sonra da onu (padşahın yanına) apardılar. Cureyc zinakar qadınların yanından keçərkən onları görüb gülümsədi. Onlar da camaatın arasında ona baxırdılar. Padşah dedi: “Bilirsənmi bu qadın nə iddia edir?” Cureyc soruşdu: “Nə iddia edir ki?” Padşah dedi: “İddia edir ki, uşağı səndəndir”. Cureyc (qadına) dedi: “Doğrudanmı sən (belə) iddia edirsən?” Qadın: “Bəli!”- deyə cavab verdi. Cureyc soruşdu: “O körpə haradadır?” Dedilər: “Budur, qadının otağında!” Cureyc ona yaxınlaşıb soruşdu: “Atan kimdir?” (Körpə): “Naxırçıdır!”- deyə cavab verdi. Padşah (Cureycin taqsırı olmadığını anlayıb) dedi: “Komanı qızıldan düzəldəkmi?” O: “Xeyr!”- deyə cavab verdi. Padşah dedi: “Bəs gümüşdən necə?” O yenə də: “Xeyr!”- deyə cavab verdi. Padşah dedi: “Bəs necə edək?” O dedi: “Onu əvvəlki şəklinə qaytarın!” Padşah dedi: “Bəs nə üçün gülümsədin?” O: “Bildiyim bir şeyə gülümsədim, anamın duası mənə yetişdi”- dedi, sonra da (başına gələni) onlara danışdı”.
[ Səhihdir ]

34-Əbu Hureyra (r.a) demişdir: “Mənim barəmdə eşidən elə bir yəhudi, yaxud nəsrani yoxdur ki, məni sevməsin. Mən anamı İslam dininə dəvət edirdim, o isə bunu rədd edirdi. Bir gün yenə dəvətimi rədd etdikdə Peyğəmbərin (s.a.s) yanına gəlib dedim: “Onun üçün Allaha dua et”. O da dua etdi. Sonra mən anamın yanına qayıtdım. Anam qapını üzümə bağlamışdı. O dedi: “Ey Əbu Hureyra! Mən müsəlman oldum”. Bunu Peyğəmbərə (s.a.s) xəbər verdikdən sonra dedim: “Mənim üçün də anam üçün də Allaha dua et”. O da dua etdi: “Allahım! Qulların olan Əbu Hureyra və onun anasını insanlara sevdir!”
[ Həsəndir ]

35- Əbu Useyd Malik ibn Rabia (r.a) camaata rəvayət edib dedi: “Biz Peyğəmbərin (s.a.s) yanında idik. Bir kişi belə dedi: “Ey Allahın elçisi valideynlərimin vəfatından sonra onlar üçün edə biləcəyim elə bir yaxşılıq qalıbmı?” O dedi: “Bəli dörd şey; onlar üçün dua etmək və bağışlanma diləmək, onların verdiyi əhdi yerinə yetirmək, onların dostuna yaxşılıq etmək, onlar tərəfdən olan qohumlarla əlaqələri möhkəmləndirmək”.
[ Zəifdir ]

36 -Əbu Hureyra (r.a) dedi: “Ölən adamın dərəcəsi onun vəfatından sonra da qaldırılar. O da: “Ey Rəbbim! Bu nəyə görədir?” deyə soruşar”. (Ona) “Övladın sənin üçün bağışlanma diləmişdir”- deyirlər”.
[ İsnadı həsəndir ]

37- Muhəmməd ibn Sirin rəvayət edir ki, bir gecə biz Əbu Hureyranın (r.a) yanında idik. O dedi: “Allahım! Əbu Hureyranı, onun anasını və onlar üçün bağışlanma diləyən kimsələri bağışla!” Biz onlar üçün bağışlanma dilədik ki, Əbu Hureyranın duası bizə də yetişsin.
[ İsnadı səhihdir ]

38- Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “Bəndə ölən kimi onun bütün əməlləri kəsilir. Yalnız üç şey istisnadır; Davamlı sədəqə, yaxud fayda verən elm və ya onun üçün dua edən əməlisaleh övlad”.
[ Səhihdir ]

39- İbn Abbas (r.a) rəvayət edir ki, bir kişi dedi: “Ey Allahın elçisi! Anam vəfat etmiş və heç nə vəsiyyət etməmişdir. Anamın əvəzinə sədəqə verməyim ona fayda verərmi?” Peyğəmbər (s.a.s) : “Bəli”- deyə cavab verdi.
[ Səhihdir ]

40- İbn Ömər (r.a) rəvayət edir ki, bir bədəvi ərəb səfərdə ikən onunla rastlaşdı. Bədəvinin atası Ömərin dostu olmuşdu. Bədəvi dedi: “Sən filankəsin oğlu deyilsənmi?” İbn Ömər: “Bəli”- dedi. Sonra da əmr etdi ki, ehtiyat üçün saxlanılan uzunqulağı ona versinlər. Üstəlik əmmaməsini də başından çıxarıb ona verdi. İbn Ömərlə birlikdə olanlardan bəzisi dedi: “Ona iki dirhəm bəs etməzdimi?” O dedi: “Peyğəmbər (s.a.s) demişdir: “Atanın dostuna sadiq ol, onunla əlaqəni kəsmə ki, Allah sənin nurunu söndürməsin”.
[ Zəifdir ]

41- İbn Ömər rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Həqiqətən də ən gözəl yaxşılıq adamın öz atası ilə dost olmuş insanlarla olan əlaqələrini möhkəmləndirməsidir”.
[ Səhihdir ]

42-Ubadə əz-Zuraqi demişdir: “Amr ibn Osmanla birgə Mədinə məscidində oturmuşdum. Abdullah ibn Səlam bizim yanımıza qardaşı oğluna söykənərək gəldi. Abdullah məclisdən çıxıb getdikdə geriyə döndü və iki yaxud üç dəfə dedi: “Ey Amr ibn Osman, nə istəyirsən? Muhəmmədi (s.a.s) haqq ilə göndərənə and olsun ki, bu qüdrətli və əzəmətli Allahın kitabındadır. Atanın dostları ilə əlaqəni kəsmə ki, nurun sönməsin”.
[ İsnadı zəifdir ]

43- Peyğəmbərin (s.a.s) səhabələrindən biri deyir ki, Rəsulullahın be¬lə deməsi sənə kifayət edər: “Sevgi irsən keçir”.
[ Zəifdir ]

44- Əbu Hureyra (r.a) iki kişiyə nəzər salıb onlardan birinə dedi: “Bu sənin nəyindir?” O da: “Atamdır”- deyə cavab verdi. Əbu Hureyra (r.a) dedi: “Onu adı ilə çağırma, onun önündə getmə və ondan qabaq oturma”.
[ İsnadı səhihdir ]

45- Şəhr ibn Həuşəb rəvayət edir ki, biz ibn Ömərlə (r.a) birgə səfərə çıxdıq. Səlim ona dedi: “Ey Əbu Abdurrəhman! Namazdır!”
[ İsnadı zəifdir ]

46 -İbn Ömər (r.a) dedi: “Lakin Əbu Həfs – Ömər (r.a) hökm verdi”.
[ İsnadı səhihdir ]

47- Kuleyb ibn Mənfəa rəvayət edir ki, babam dedi: “Ey Allahın elçisi! Ən çox kimə qayğı göstərilməlidir?” Dedi: “Anana, atana, bacına, qardaşına və himayəndə olan yaxınlarına. (Budur,) vacib haqq və qohumluq əlaqəsi!”
[ Zəifdir ]

48- Əbu Hureyra (r.a) rəvayət edir ki,
“Və ən yaxın qohumlarını qorxut!” ayəsi nazil olduqda Peyğəmbər (s.a.s) ayağa qalxıb uca səslə çağırıb dedi: “Ey Kə'b ibn Luey oğulları! Özünüzü Oddan xilas edin. Ey Abdumənaf oğulları! Özünüzü Oddan xilas edin. Ey Haşim oğulları! Özünüzü Oddan xilas edin. Ey Abdulmuttalib oğulları! Özünüzü Oddan xilas edin. Ey Muhəmmədin qızı Fatimə! Özünü Oddan xilas et. Çünki mən səni Allahın əzabından qorumağa qadir deyiləm. Yalnız sizinlə qohumluq əlaqələrim olduğu üçün sizə yaxşılıq edirəm”.
[ Səhihdir ]

49- Əbu Əyyub əl-Ənsari (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) səfərdə ikən bir bədəvi gəlib ona dedi: “Mənə, məni Cənnətə yaxınlaşdıran və Cəhənnəmdən uzaqlaşdıran əməl barədə xəbər ver”. O dedi: “Allaha ibadət et, Ona heç bir şeyi şərik qoşma, namaz qıl, zəkat ver və qohumluq əlaqələrini möhkəmləndir”.
[ Səhihdir ]

50- Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Qüdrətli və əzəmətli Allah məxluqu yaratdı. Yaradılışı başa çatdırdıqdan sonra qohumluq əlaqəsi ayağa qalxdı. (Allah) dedi: “Dayan!” O dedi: “Bu, qohumluq əlaqələrini kəsməkdən Sənə sığınanın məqamıdır”. (Allah) dedi: “Səni birləşdirəni birləşdirməyimə, kəsəni də kəsməyimə razı deyilsənmi?” O dedi: “Əlbət ki (razıyam), ya Rəbb!” (Allah) dedi: “Sənin üçün məhz belə olacaq!”
Sonra Əbu Hureyra (r.a) dedi: “İstəyirsinizsə bu ayəni oxuyun:
“Əgər siz başçılıq etsəniz, (yaxud haqdan üz döndərsəniz), ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsəsiniz”. (Muhəmməd, 22.)
[ Səhihdir ]


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə