Böyük çaylar qərbdən şərqə doğru axır. Çin və Azərbaycan Hamlet Isaxanli



Yüklə 55,02 Kb.
tarix05.12.2017
ölçüsü55,02 Kb.
#14029

Böyük çaylar qərbdən şərqə doğru axır. Çin və Azərbaycan

Hamlet Isaxanli (Xəzər universiteti, Bakı, Azərbaycan)

www.khazar.org ; www.hisaxanli.org ; hamlet@khazar.org

Çin deyəndə yada nə düşür? Bu, əlbəttə ki, adamın kimliyi, onun savadı, dünyagörüşü, adamın yaşadığı məkan və zamandan, nəhayət onun Çinə marağı olub-olmamasından asılıdır. Bir azərbaycanlı uşaq kimi orta məktəbdə oxuyarkən (Sovet dövründə) mən Çin haqqında nə bilirdim? Çin dünyada ən çox əhalisi olan dövlətdir, sosialist dövlətidir. Çində qədim zamanlarda inşa olunmuş çox uzun Çin səddi var. Çin öz ərazisinə görə dünyanın ikinci dövlətidir...Lakin tarix və ədəbiyyat kimi dərslərdə Çin haqqında məlumat yox dərəcəsində idi, onlar tam avromərkəzçi xarakter daşıyırdı. Qalan hər şey təsadüflərə və adamın xüsusi istəyinə bağlı qalırdı...

Çinlə tanışlığımın sonrakı dövrü daha məhsuldar oldu. Tarix, fəlsəfə, ədəbiyyat kimi sahələrə marağım məni Çinə də apardı (xəyalən). Çin müdrikləri, xüsusilə Konfutsi ilə, Çin mədəniyyəti ilə, uzaqdan da olsa, tanış oldum. Azərbaycan xalqının əsas hissəsi türk dillidir, Azərbaycan türkcəsində danışır. Bu baxımdan Çin tarixi öz-özlüyündə və qədim türk xalqlarının tarixi fonunda mənə maraqlı idi. Məlum oldu ki, Çinsiz qədim türk tarixi yoxdur, necə ki, qonşularsız, qonşularla sıx, iç-içə münasibətsiz Çin tarixi yoxdur.

Çin dünyanın ilk mədəniyyət ocaqlarından biri olmaqla yanaşı onlar arasında ən davamlı olanıdır, yəni yarandığı yerlərdəki mədəniyyət arasıkəsilmədən bugünə qədər davam edib; Çin Avropa və İslam mədəniyyətlərinə qəribə və sirli görünən yazı sisteminə malikdir, yazı səsin deyil, fikrin simvolları-xarakterlər üzərində qurulub.

Çin çox uzun zaman ərzində dünyanın ən böyük iqtisadiyyatı olmuş, İslam dünyasının qızıl çağı ilə yarışmış, sonra Avropanın böyük coğrafi kəşfləri və sonrakı sənayeləşməsi ilə birinciliyi uzun müddət əldən vermişdir. Nəhayət 1980-ci illərdən başlayaraq iqtisadiyyatı güclənən, həcmə görə ondan daha böyük iqtisadi gücləri bir-bir və sürətlə arxada qoyan, hazırda ikinci böyük iqtisadiyyat olmaqla birinci olma tarixi də təqribi hesablanmış olan bir Çin var. Bu iqtisadi və onun arxasınca gələn geopolitik yarışı sanki bir olimpiya və ya dünya çempionatı yarışı kimi maraqla izləyirik.

İnsan okeanına bənzəyən, bütün çətinliklərə baxmayaraq dağılmayan, parçalanmayan, monolit bir dövlət, uzunömürlü ənənələri və çağdaş dəyişmələri özündə ehtiva edən xalq, ölkə maraq doğurmaya bilməz. Çin məşhur “pişiyin qara və ya ağ olması deyil, siçanı tutması əsasdır” fikrini həyata keçirən, “bir ölkə, iki sistem” kimi dualizmi qiymətləndirməyi bacaran, iqtisadi sərbəstlik verməklə ölkənin birliyini və gücünü qoruyan yeni dövlətçilik prinsipini nümayiş etdirdi. SSRİ və Qorbaçov bunu bacarmadılar; iqtisadi sərbəstlik vermək istəməyən, ancaq “yeni düşüncə” ilə hərəkət edən, daxili ziddiyyətləri qızışdıran siyasət öz “bəhrəsini” verdi, ölkə dağıldı. Əlbəttə ki, Çinin problemləri də az deyil, iqtisadi, siyasi, elmi-texniki, mədəni inkişaf yolundakı çətinliklər, zəifliklər aradan qaldırılmalıdır. Çağdaş inkişaf meylləri nikbin olmağa əsas verir.

* * *

Azərbaycanla Çini tarixən bir-birinə yaxınlaşdıran, bir-birinə bağlayan tellər olub. Öncə, söhbətimizin dəqiqliyi naminə Azərbaycan dövlətçiliyi haqqında çox qısa məlumat verməliyik. Azərbaycan xalqının böyük hissəsinin İranda yaşadığını qeyd edək. Müstəqil Azərbaycan Respublikası ilə yanaşı onun cənub qonşusu olan İranın şimal-qərb vilayətləri də Azərbaycan adlanır və oranın da əsas əhalisi Azərbaycan türkləridir.



Çinin şimalında və Şimal-qərbində həyat sürən qədim türklərin qurduğu Türk xaqanlıqlarının davamı olan Xəzər türkləri İslamı yayan ərəblərlə qarşı-qarşıya gəldilər, onların əsas savaş meydanı, demək olar ki, Azərbaycan idi. Hunlar və onların davamı, eləcə də Xəzərlər Azərbaycan əhalisinin türkdilli olmasında iştirak etdilər. Daha sonra - 11-ci əsrdə Orta Asiyadan Xəzər dənizinin cənubundan keçərək, qərbə və cənuba yayılan böyük türk axını - Səlcuqlar Qafqazı, Azərbaycanı da unutmadı. Beləliklə, Çinin şimalından qərbə doğru axın edən xalqlar Azərbaycanda da məskən saldılar. Orta əsrlərdə Azərbaycan İslam sivilizasiyasının tərkib hissəsi idi. İslam aləmində Çinin böyük şöhrəti vardı. “Bilik (elm) dalınca Çinə getmək gərəkirsə, çəkinmə, get” çağırışı ənənəyə görə Məhəmməd peyğəmbərə aid edilir.

Səlcuq axınları nəticəsində yeni dövlətlər yaranmış, onların bir qismini də Azərbaycanlıların əcdadları qurmuşlar. Azərbaycan və İran tarixləri bir-birinə qarışmış, Persiya və ya İran adlı dövlətin əsas əhalisi farslar və Azərbaycan türkləri olmuşlar. Azərbaycan xalqı İran, Osmanlı və Rusiya kimi iri dövlətlərin çəkişmə, savaş məkanında yaşamış, savaşlar nəticəsində ən çox İranda, ikinci olaraq Rusiyada, üçüncü olaraq Türkiyədə yer almışlar (azərbaycanlılar qonşu və qonşuolmayan digər dövlətlərdə də məskən salmış, indi isə dünyanın hər tərəfində yaşamaqdadırlar). Azərbaycanlıların 1918-ci ildə qurduqları və iki ilə yaxın bir müddətdə (28 may 1918-28 aprel 1920) mövcud olan Azərbaycan Demokratik Rüspublikası adlı dövlət bolşeviklər tərəfindən işğal olunmuş, nəticədə, Azərbaycan Sovet Sosialist Respublikası kimi Sovet İttifaqına daxil edilmişdir. Bu, məhdud olsa da, Azərbaycan dövlətçiliyini qorumuş, və nəhayət, Sovetlərin dağılması ilə müstəqil Azərbaycan Respublikası qurulmuşdur.

Sanki bir kəmər şəklində Asiyanın belinə dolanan, İran və Azərbaycanı (cənublu-şimallı), Qərbi Asiya və Avropanı Çinlə birləşdirən İpək yolundan Azərbaycan da çox faydalanıb, İpək yolunun fəal iştirakçısı olub. Azərbaycan şəhəri Təbriz (İndiki İran Azərbaycanının paytaxtı) İpək yolu üzərində yerləşən ən böyük iqtisadi və mədəni mərkəzlərdən biri idi. Arxeoloji qazıntılar və tarixi-coğrafi əsərlər qədim zamandan İpək yolu ilə Azərbaycana Çindən ipək parça və ipək materialları daxil olduğunu göstərir. Azərbaycanda, Bizans və yaxın Şərqdə ipək istehsalı yaranıb inkişaf etdikdən sonra da Çin ipəyinin gəlməsi azalmamışdı; orta əsrlərdə, xüsusilə 12-13-cü əsrlərdə artmışdı. Arxeoloji qazıntılar zamanı Azərbaycanın hər yerində Çindən gələn çini (farfor) qablara rast gəlinir. (Сара Ашурбейли. Экономические и культурные связи Азербайджана с Индией в средние века. «Елм», Баку, 1990. Səh. 19-26). Bu qabların Azərbaycan dilindəki adı Çin sözündən alınıb (bu gün də belədir)!

* * *


Çin mövzusu, Çinlə bağlı hadisələr, bənzətmələr orta əsrlər ərzində Azərbaycanda tez-tez rast gəlinir, bir sıra hallarda xüsusi yer tuturdu. Çin gözəli, “Çin müşkünün ətri”, ağ rəngin rəmzi kimi Çin... bu kimi Çini öyən ifadələrAzərbaycan şairlərinin dilindən düşmürdü. Onlar Çin kəlməsi ilə yanaşı Xatay (bir az fərqli deyilişdə “Kitay”) sözünü də işlədir, çox zaman bu iki deyiliş arasında fərq qoymurdular. Çin imperatorlarının İslam ölkələrindəki ləqəbi Fəğfur` idi (baqfur-tanrı oğlu). Bu söz həmçinin farsca farfor, yəni çini qab deməkdir. Poeziyada “Fəğfurun bilərziyi” təriflənərdi. Onu da xüsusi qeyd etmək lazımdır ki, orta əsrlər Azərbaycan ədəbiyyatında Çin hökmdarını Çin xaqanı da adlandırır, çinlilərlə Çin türklərini qarışdırır və ya eyniləşdirirdilər. Ədəbiyyatda Çin mövzusu üzrə Çinə çox maraq göstərmiş böyük şair Nizaminin yaradıcılığına müraciət etməklə kifayətlənəcəyik.

Nizami Gəncəvi (1141-1203) indiki Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, orada da dünyasını dəyişmişdir. Nizaminin ümumilikdə “Xəmsə” (beşlik) adlanan farsca yazdığı beş mənzum epik-lirik əsər və ənənəvi divan şeirləri dünya ədəbiyyatı xəzinəsində xüsusi yer tutur. Onun bütün əsərlərinə ən məşhur şairlər tərəfindən fars və türk (o cümlədən azərbaycan) dillərində çoxsaylı nəzirələr (bənzətmələr) yazılmışdır. Goethe Nizamini Şərqin (Asiyanın) yeddi ən böyük şairindən biri adlandırmışdı. Nizaminin “Xəmsə”sində “Çin! ən çox işlənən təşbehlərdən biridir. O, “Çin nigarxanası”ndan söhbət açır, bu, “gözəllər məskəni” deməkdir, digər mənası isə “incəsənət məkanı”dır. Nizami bənzətmələrində “Çin dilbərləri kimi (könülləri) qarətə gedirsən” deyir, “havadan bir toz görməmiş Çin parçası”ndan söhbət açır, Çin poladından dəbilqəni tərif edir.

Nizaminin “Yeddi gözəl” əsərində gənc şahzadə Bəhram bir gözəl qəsrdə (“Göy ona Yerin qibləsi/Kainat isə Çin baharı deyirdi”) 7 gözəl qız şəkli görür, onlara aşıq olur. Taxta çıxanda 7 iqlimdən 7 padşahın qızını gətizdirir. Biri Çin xaqanının qızı imiş. Rum gözəlini tərif edərkən də Nizami “Çin nazlı Rum gəlini” deyir. Hər gözəl Bəhram şaha bir əfsanə danışır. “Dar (uzunsov) gözlü” Çin qızının söylədiyi əfsanə məşhurdur, o, seçilib Azərbaycan orta məktəblərində tədris olunur! Çin qızı iki cavanın -Xeyir və Şərin (“əməlləri adlarına uyğun”) yola çıxması və Xeyirin səhrada susuzluq çəkməsi, susuzluqdan yanmasından danışır. Şərdən su istəyən Xeyirin yalvarışları Şərə təsir etmir; Şər “gözlərini mənə suya sat” və yalnız bu halda su verəcəyini deyir. Susuzluqdan yanan, özünü itirən və əlacsız qalan Xeyir razı olur. Şər Xeyirin gözünü deşir, su da vermir və onu səhrada qoyub gedir. Su gətirməyə gedən bir kürd qızı onu tapıb evə gətirir. Kürd (qızın atası) bir ağacın yarpağından dərman düzəldir, yaralının gözlərinə sürtür. Xeyir sağalır, gözləri açılır. Xeyir xilaskarı qızla evlənir. Sonra Xeyir şahın və vəzirin ağır xəstə olan qızlarını sağaldır, arvadının razılığı ilə onlarla da evlənir. Nəhayət, Xeyir padşah olur. Bir gün Şəri görür, onu öldürmür, bağışlayır. Şər aradan çıxır, lakin kürd arxasınca gedib onu öldürür (Nizami. Yeddi gözəl. Filoloji tərcümə. “Elm”, Bakı, 1983).

Nizaminin son əsəri“İskəndərnamə” ideallaşdırılmış hökmdar Makedoniyalı İsgəndər (Aleksandr), onun səfərləri, qələbələri və müdriklərlə, filosoflarla söhbətlərinə həsr olunmuşdur (Nizami. İsgəndərnamə. Filoloji tərcümə. “Elm”, Bakı, 1983). Nizami öz ideyalarını ortaya qoymaq üçün tarixi anaxronizmlərə yol verir, İskəndəri Azərbaycana və Çinə aparır, türklərlə görüşdürür, ruslarla vuruşdurur (İsgəndər zamanında türklər və ruslar tarix səhnəsinə çıxmamışdılar, İsgəndər Çinə gedib çatmamışdı), müxtəlif dövrlərdə yaşamış filosofları bir yerə, İsgəndərin ətrafına yığır, onlara söz verir. Əsəri yazmağa başlayarkən qoy “bostan Çin ipəyilə bəzənsin” deyir. Gözəl qızı, gəlini “Çin gözəli” bənzətməsi ilə tərif etmək Nizaminin sevimli üsullarından biridir. Hətta hindli gözəlin tərifi belə Çinsiz keçmir, Çini daha çox sevir. “Hindistandan Çinli meydana çıxdı”, “Ahutək Çində müşk bəsləmişdi/Hindistanda qərənfil yemişdi”. Çin biyabanını keçib abadlığa, behiştə meydan oxuyan bir yerə gələn “İskəndər bu gözəl diyarı görüncə/Ürəyi Hind sevdasından boşaldı”.

İskəndər Çin xaqanına, Çin türklərinin başçısına məktub yazır, tutduğu torpaqlarla, öz qələbələri ilə öyünür: “Həbəş hüdudundan Çinə gəlmişəm”, xoş məramla gəldiyini söyləyir: “Çində ağ yasəmən əkmək istəyirəm”. Öz gücünə güvənir, rəqibi hədələyir, onun başına ağıl qoyur: “ey Çin türkü, ...sən tufan qarşısında çıraq tutursan”. Məni hörmətlə qarşılamasan, “ataram bütün Çin torpağını Çin dəryasına”.

Çin Xaqanı ona ləyaqətlə cavab verir: “hiylə və əfsun işlətməklə Çindən ərzağı yox etmək olmaz”, qolun zorludur, amma zor göstərmə deyir, “çünki tanrı hökmü padşahlıqdan güclüdür”. Bununla belə, “sülh döyüşdən yaxşıdır”. Xaqan vəzirlə məsləhətləşir: Çinin alnındakı qırışığı necə açım? “Qoşunu Çin hüduduna ona görə çəkdim ki/Turan mülkünü ələ gətirim” deyən İskəndər xaqandan yeddi ilin xəracını istəyir. Xaqanın onda “mənim yeddi il ömür sürəcəyimə bir xətt (təminat) yaz” kimi mənalı cavabı İskəndərin çox xoşuna gəlir, 6 ili sənə bağışlayıram, bir ilin xəracını ver, yetər deyir. Xaqanın qoşunla gəldiyini görəndə onun savaş etmək istədiyini zənn edən (səhvən) İsgəndər hirslənir, Çinliləri tənə edir: “Fitnəsiz anadan bir türk doğmamış...Qədimdə nə qədər doğru demişlər: “çinlilərdə nə əhd var, nə də ki, vəfa”.

Dar gözlülük onların sifətidir, çinlinin ürəyi əyri-üyrüdür”. Xaqanın xoşniyyətli olduğunu anlayan İsgəndər bir il xəracı da ona bağışlayır.

Şah Xaqanın qonağı idi. Kim, hansı millət nədə mahirdir? Bu sual ətrafında gedən müzakirədə biri Rum (Bizans) rəssamlığını, digəri Çin naxışlarını təriflədi. Mübahisəni həll etmək üçün Rumlu və Çinli iki sənətkar arasında yarış elan olundu. Bir tağ quruldu, ondan pərdə asıldı. Rumlu sənətkar bir tərəfdə, Çinli sənətkar digər tərəfdə bir-birini görmədən işə başladılar. Yarış vaxtı başa çatdı. Pərdə götürüldü. Və...hər iki rəssamın çəkdiyi şəkil tamamilə eyni idi!!! Hamı heyrət içində idi, bunun necə olduğunu heç kəs anlamadı. Nəhayət, İsgəndər kələfin ucunu tapdı, yenidən aradan pərdə asılmasını əmr etdi. Və...Rumlunun naxışı parladı, Çinlinin naxışı yox oldu. Pərdəni aradan bir də götürdülər, yenidən iki eyni şəkil göründü. Çinli elə gözəl seyqəl (güzgü) düzəldibmiş ki, Rumlunun çəkdiyi şəkli olduğu kimi əks etdirirmiş! Hər iki sənətkarın alğışa layiq olduğu bilindi.

Bu yerdə Nizami daha bir əfsanə danışır. Mani rəssam idi və Reydən (İrandan) Çinə gəlib peyğəmbərlik etmək istəyirmiş. Çinlilər bundan xəbər tutanda yolda büllurvari sərt maddədən parlaq bir hovuz düzəltilər ki, sanki içində su var idi və suyun üzərində küləyə görə dalğalar yayılırdı və sanki hovuz kənarındakı otların yaşıl kölgəsi suya düşürdü. Susuzluğa dözə bilməyən Mani bura çatanda sevindi və saxsı kuzəni su ilə doldurmaq istədi. Kuzə hovuza dəyib sındı. Mani işi başa düşdü. Fırçasını işə saldı və hovuzun üstündə ölü it çəkdi, sanki itin üstündə çoxlu qurd qaynaşırdı. Çində Maninin bu “hovuzdan uzaqlaş” əsərinə yüksək qiymət verdilər.

Xaqan şaha bir kəniz bağışladı, “pəriçöhrə türk qızı”, “ağzı gözündən daha dar”. Xaqan onun çox gözəl, xoş avazlı və rud çalan və güclü döyüşçü olduğunu dedi. Sonra ruslarla ağır savaşda bu qız böyük igidlik göstərdi, eləcə də şahı vurğun etdi: “kəniz azadlığa çıxdı, şah əsir düşdü”.

İskəndərin Çin dənizinə getməsi, gəmi ilə səyahət etməsi, başına macəralar gəlməsi də maraqlıdır. Hindli müdrik qocanın “niyə Çinli ağ, zənci qara rənglidir?” sualına cavab olaraq İskəndər bunun Günəşlə bağlı olduğunu deyir. “İskəndərnamə”də böyük zəka sahibi gənc Ərşəmidəşə (Arximedə) İsgəndərin Çin kənizi bağışlaması, Ərşəmidəşin ona aşıq olması və bu səbəbdən ustad Ərəstunun, yəni Aristotelin dərsini buraxması...kimi maraqlı məqamlarla dolu daha bir hekayə də nəql olunur.

Nizami dünyasını dəyişəndən təqribən 18 il sonra Azərbaycan monqolların əlinə keçəcək, yeni dövlətlər qurulacaq, kimlərsə əzab çəkəcək, nələrsə dağılacaq, kimlərsə, nələrsə yeni həyata başlayacaqdı...Monqol dövründə Azərbaycanla Çin arasında əlaqələr geniş vüsət alacaq, iqtisadi-ticari, mədəni, elmi əlaqələr daha da güclənəcəkdi.



* * *

1206-da Ümummonqol qurultayı Temuçini Çingiz xan adı ilə Böyük xan elan etdi. Çingiz xanın fəth etdiyi ilk torpaqlar arasında Çin vilayətləri də vardı. Çingiz xanın sağlığında Orta Asiya, İranın şimalı, Azərbaycan və oradan hərəkət edərək Qıpçaq elləri və Rusiya fəth edildi. Beləliklə, şərqi Avropa ilə Beijing arasındakı torpaqlar monqolların əlinə keçdi. Çingiz xanın qurduğu və onun sələflərinin davam etdirdiyi Monqol imperiyası dünyanın ən böyük dövləti idi. Monqollar gücləndikcə onların ordusunda türklər üstünlük təşkil etməyə başladılar. Çingiz xan 1227-də öldü, lakin onun ən azı bir qismi türklərdən alınan güclü idarəetmə siyasəti onun oğulları və sonrakı nəsillər tərəfindən davam etdirildi. Çingiz xanın oğlu Ögedey 1234-də Çini məğlub etdi. Sonra Mönke (Münke, Mengü, Möngke) Böyük xan seçildi (hakimiyyəti: 1248-1257), o, Çini idarə etməyi öz öhdəsinə götürdü, qardaşı Hülaku (Hülegü) İranı və Bağdadı tutdu, xəlifəlik ləğv edildi (1268). Orta Asiyadakı Çağatay, Azərbaycan, İran və yaxın İslam ökələrini idarə edən İlxanilər, eləcə də Rusiya-Qıpçaq ərazilərini birləşdirən Qızıl Orda –bu üç faktik olaraq müstəqil olan nəhəng xanlıqlar Monqol Böyük xanlarını, o cümlədən Yuan sülaləsinin (paytaxtı - Xanbalık və ya Dadu, yəni Zhongdu və ya Beijing) təsisçisi Xubilay xanın böyüklüyünü qəbul edirdilər (bəzən könüllü, bəzən bir qədər çəkişmədən sonra). Beləliklə, Çin və Azərbaycan eyni bir dövlətdə, Böyük Monqol imperiyasında (paytaxtı - Xanbalık və ya Dadu, yəni Zhongdu və ya Beijing) birləşmişdilər!

1256-cı ildə Hülaku İsmaililərin məşhur Alamut qalasını aldı, orada astronomik cihazlar və... məşhur alim, riyaziyyatçı, astronom, filosof, təbiətşünas Nəsirəddin Tusi vardı. Bir sıra qaynaqlar Çin imperatoru Mönke xan`ın rəsədxana qurmaq üçün N. Tusini Çinə gətirmək planı olduğunu deyir. Qaynaqlar həmçinin Hülaku`nun da rəsədxana qurmaq arzusuna düşdüyünü və bunun N. Tusi`dən qaynaqlandığını deyirlər (Tusi isə təşəbbüsün Hulaku`dan gəldiyini yazır). N. Tusi Hülaku ilə söhbətində rəsədxananın əhəmiyyətini səbəb-nəticə məntiqi ilə izah etmişdi: fərz edək ki, siz bir adama dağın təpəsindən iri bir şeyin aşağı buraxılmasını əmr etmisiniz. Böyük səs-küy, gurultu yaranır və hamı qorxur, bunun nə olduğunu bilmədikləri üçün. Yalnız Siz və o şeyi buraxan adam narahat deyil, bildiyiniz üçün. Hülaku hər şeyi, hər səfərini N. Tusi ilə məsləhətləşərmiş. Azərbaycan şəhəri Marağa`da (Təbrizdən cənubda) təpə üzərində rəsədxanası qurulması işinə 1259-da başlanıldı. Mönke`nin ölüm xəbəri və Xubilayın taxta çıxması haqqında məlumat Hülaku xana çatanda Marağa rəsədxanasının qurulması işi xeyli qabağa getmişdi; bütöv qurulma 5 ildən artıq vaxt tələb etmişdi (Aydin Sayili. The Observatory in İslam. Türk Tarih Kurumu Basımevi, Ankara, 1988). Bir çox elm tarixçiləri Marağa rəsədxanasını bəşər tarixində ilk ən böyük rəsədxana və elmi institut sayırlar. Marağa rəsədxanasında əldə olunan fundamental elmi nəticələrə görə elm tarixində “Marağa inqilabı”, “Marağa məktəbi” kimi adlar yaranmışdır. Mönke`nin rəsədxana qurmaq planının müzakirəsində Cəmaləddin adlı müsəlman astronomun iştirak etdiyi deyilir. Çin qaynaqlarında anılan Ça-ma-lu-tin (Cha-Ma-Lu-Ting) adlı astronomun Xubilay`la da astronomik cihazlar barədə müzakirə apardığı söylənilir. Qaynaqlar Marağa rəsədxanasında 400 min kitab olduğunu iddia edirlər. Dünyanın müxtəlif yerlərindən gələn və müxtəlif zamanlarda Marağa rəsədxanasında çalışanlar arasında Çinli Fao-Mun-Ji`nin də adı çəkilir. Marağada tərtib olunan İlxani astronomik cədvəlinin Çində də tanındığı və istifadə olunduğu deyilir (George Sarton. Introduction to the History of Science. Robert E. Krieger Publishing Company, 1975, volume 2, pp. 1005-6).

İlxani vəziri Rəşid əl-Din Fəzlullah Həmadani (1247-1318) “Cəmi əl-Təvarix” (Tarixlər toplusu) əsərini dünya tarixi kimi fikirləşmişdi (mərkəzdə Monqol-türk tarixi olmaqla). Çin tarixi hissəsini yazmaq üçün iki Çinli tarixçi işə cəlb edilmişdi. Bu misilsiz monumental əsərin yalnız bir hissəsi qalıb. 1285-ci ildə Azərbaycana (Hülakülərin paytaxtı Təbrizə) gələn Çin nümayəndə heyətinin başçısını Rəşidəddin Bolad (Pulad) Çyen-syan adlandırır. O, Azərbaycanda qaldı (cənubda və şimalda), idarəetmə işində məsul vəzifələrdə çalışdı, Şirvanda dünyasını dəyişdi.

Hülaku ordusu ilə çoxsaylı Çin hərbi mütəxəssisləri də gəlmişdi (müxtəlif atıcı silahlar üzrə). Təbrizə Çindən həkimlərin gəldiyi (və dərmanlar gətirildiyi) də məlumdur. Gələn Çinli rəssam və digər sənətkarlar Azərbaycan-İran sənətinə təsir göstərmişdilər; miniatürlərdə Çin motivləri əks olunurdu. Əks təsir də (Azərbaycan və İranın Çinə) az olmayıb. Səyahətnamə, tarixi əsərlər və arxeoloji qazıntılar Çin-Azərbaycan əlaqələrinin sonrakı əsrlərdə də çox olduğunu deyir (Сара Ашурбейли. Экономические и культурные связи Азербайджана с Индией в средние века. «Елм», Баку, 1990. Səh. 19-26).

Yuan imperiyasında kağız pul əsas rol oynayırdı. İlxanilər Çin icadı olan kağız pul (çou) siyasətini Azərbaycan və İranda da yürütmək istədilər (1294), lakin bu baş tutmadı.

Ipək yolu ilə İslam sivilizasiyası, Avropa və Çin arasında səyahət edənlər əksər hallarda Azərbaycandan keçir, xüsusi halda Çin ilə İlxanilər sülaləsi, o cümlədən Çin ilə Azərbaycan arasında ticari və elmi-mədəni əlaqələrin yaranmasında iştirak edirdilər. Marco Polo, onun atası və əmisindən ibarət Venetsiya (İtaliya) tacirləri 1271-1295-ci illər ərzində Çinə getmiş, orada yaşamış, Dadu (indiki Beijing) şəhərində Xubilay xan sarayında olmuş, Avropa və keçdikləri ölkələr haqqında məlumat vermişlər. Qeyd edək ki, gedəndə də, gələndə də onlar Azərbaycanın və İlxanilərin paytaxtı olan Təbriz şəhərində olmuşlar; Təbriz bölgənin ən böyük şəhəri, ticarət və mədəniyyət mərkəzi idi.

13-14-cü əsrlər Monqol imperiyası sayəsində nisbi sülh hökm sürür, Avropa, İslam aləmi, Asiya, xüsusilə də Çin arasında rahat hərəkət etmək olurdu, əlaqələrin inkişafı üçün əlverişli şərait mövcud idi (Pax Mongolica). Beynəlxalq ticarətin və elmi-texnoloji ideyaların şərqdən qərbə, qərbdən şərqə hərəkətinin təhlükəsizliyi təmin olunmuşdu. Tarix boyu dünyanın ən böyük səyyahlarından biri sayılan (təqribən 120 min km yol keçdiyi deyilən) İbn Bəttutə Təbrizdə olmuş (“dünyada gördüyüm ən gözəl bazarlardan biri burdadır”, 1327), İlxani hökmdarı Əbu Səid`lə görüşmüşdü. İbn Bəttutə Cənubdan Çinə daxil olmuş, 1345-də Quanzhou (Fudan), Beijing, Hangzhou`da (“dünyada gördüyüm ən böyük şəhər”) olmuş, Çin səddi haqqında da məlumat vermişdir (Marco Polo bu barədə heç nə deməmiş, onun Çində olmasını şübhə altına salanlar bu faktı da səbəb göstərmişlər. Hərçənd ki, İbn Bəttutənin də bəzi səfərlərinə, o cümlədən Çin səfərinə şübhə edənlər var).

* * *

Tarix boyu Çin-Azərbaycan əlaqələrini diqqətlə izləmək çətindir, bu, yəqin ki, mümkün deyil. Bu əlaqələr gah zilə qalxmış, gah xəfifləmiş, gah az qala yoxa yaxın olmuşdur. Sovet İttifaqı zamanı Azərbaycanda Çin haqqında məlumatlar çoxalmış, Çinə maraq artmışdı. Sovet İttifaqının dağılması, müstəqil Azərbaycan Respublikasının tarix səhnəsinə çıxması və Çin-Azərbaycan diplomatik əlaqələrinin qurulması yeni dövrün başlanğıcı oldu. Gediş-gəliş müqayisəolunmaz dərəcədə gücləndi.



Hər iki ölkənin yeni məkan, yeni iş üçün can atan şirkətləri qarşı ölkədə fəaliyyət göstərməyə başladılar. Çin şirkətləri Azərbaycanda birinci növbədə neft və enerji ağırlıqlı sahələrə girişdilər, Azərbaycan şirkətləri Çinə hər şeydən əvvəl ticarət və daşıma üçün üz tutdular. Çin universitetlərində müxtəlif səviyyələrdə təhsil almaq istəyən tələbələrin sayı artmaqda və onların Çində yayılma coğrafiyası genişlənməkdədir. Mən Beijing`də də, Şanxay`da da çox azərbaycanlı tələbələr gördüm, onlarla görüşüb vəziyyətlərini öyrəndim, uğurlarına sevindim. Çinli tanışlarım bəzi azərbaycanlı tələbələrin Çincə danışığına valeh olduqlarını söylədilər. Çin universitetləri ilə əlaqələrimiz genişlənməkdədir. Xəzər universitetinin rəhbəri kimi mən Beijing və onun ətrafında, Şanxayda, Anhui və Guiçjou (Guizhou) əyalətlərində (paytaxt Guiyangda) fəaliyyət göstərən ali məktəblərlə tanış oldum, onların rəhbərləri və professorları ilə görüşdüm, beynəlxalq konfranslarda iştirak etdim, Çin elminin, texnologiyasının inkişafını görüb hiss etdim. Eyni zamanda Çin universitetlərinin, Çin professorlarının əməkdaşlığa ciddi maraq göstərdiyinin şahidi oldum.

Səmimi söhbətlər etdik. Çin zəka sahibləri və ziyalılarının dünyaya açıq gözlə baxdıqlarını, öz tarix və mədəniyyətlərini çox sevdiklərini gördüm, duydum, eyni zamanda onların daha yaxşı, daha güclü olmağa can atan tənqidi düşüncə sahibi olduqlarına da əmin oldum. Çinin iqtisadi yüksəlişi, elmi-texnoloji baxımdan tərəqqisi Çin gənclərində qürur hissi doğurur, onlar öz kimlikləri ilə fəxr edirlər,-bu fikri mənim həmkarım olan Çinli professorlar da təsdiq etdilər. Onladan birinin “çox xəyalpərvər olmuşuq, göylərdə uçmuşuq, indi yerdə - gerçək dünyada güclənmək lazımdır” fikri yaddaşımda həkk olundu.

Çinin təbiəti haqqında xüsusi söhbət açmaq olardı. Böyük şəhərlərdən kənara, əyalətlərə getmədən Çini tanımaq mümkün deyir. Çinin təbii gözəllikləri də əyalətlərə çağırır. Quiçjou əyalətindəki dağlar, meşələr, şəlalələr, körpülər, güllər-çiçəklər gəl-gəl deyir, insan təbiətlə qucaqlaşır, insan təbiətə qovuşur, insan rahatlaşır, riqqətə gəlir. Əlbəttə ki, dünyanın ən böyük əhalisinə malik bir ölkənin problemləri də az deyil. Yaşayış səviyyəsinin yüksəldilməsi birinci yerdə dayanır. İndi təşəbbüs göstərmək, iş qurmaq təşviq olunur. Yüksələn xətt, Çinin güclənməsi Çinliləri və Çinin dostlarını sevindirir, Çini özünə rəqib hesab edənlərdə isə qayğı yaradır, bəzilərini təşvişə salır.

Çinin dostları sırasında dayanan Azərbaycan çinlilər üçün yeni cazibə mərkəzlərindən birinə çevrilməkdədir. Çinli böyük və kiçik şirkətlər Azərbaycanda yerləşir, fəaliyyətlərini genişləndirirlər. Azərbaycanlılar Çində oxuduqları kimi Çinli tələbələr də Azərbaycan ali məktəblərində təhsil alırlar. Çin səfirliyi, Çin dilini öyrədən və yayan Konfutsi mərkəzi azərbaycanlılar arasında Çinə marağı təşviq edir, təsir və təmas dairələrini genişləndirirlər. Sadə çinlilər azərbaycanda yerləşir, işləyir, azərbaycanca danışır, evlənib çoxuşaqlı ailə sahibi olur, iki xalq arasında körpü salırlar.



Çin və Azərbaycan arasında bənzərliklər çoxdur. Çində də, Azərbaycanda da böyük çaylar qərbdən şərqə doğru axır. Çinin də, Azərbaycanın da şərqini dəniz suları yuyur. Çinlilər də, Azərbaycanlılar da zəhmətkeşdirlər. Çinlilər də, Azərbaycanlılar da dost olmağı sevir, dostluğun qədrini bilirlər. Azərbaycan-Çin dostluğunun çiçəklənməsini, bol bar verməsini arzu edirəm.
Yüklə 55,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə