Böyük maarifçi ədib və müasirlik Böyük mütəfəkkir ədib Məhəmməd Tağı Sidqi görkəmli bir maarifçi və tanınmış yaradıcı



Yüklə 82,53 Kb.
tarix25.06.2018
ölçüsü82,53 Kb.
#51405


“Azərbaycan”.-2015.-14 yanvar.-N 9.-S.10. 

Böyük maarifçi ədib və müasirlik 

Böyük  mütəfəkkir  ədib  Məhəmməd  Tağı  Sidqi  görkəmli  bir  maarifçi  və  tanınmış  yaradıcı 

şəxsiyyət  kimi  Azərbaycan  ədəbiyyatının  və  ictimai  fikrinin  inkişafında  mühüm  yer  tutur.  Onun 

çoxcəhətli  ədəbi-pedaqoji  və  elmi  fəaliyyəti  milli  maarifçilik  hərəkatının  və  ədəbiyyatımızın 

tarixində  Seyid  Əzim  Şirvani  dövrünün  davamı,  Abdulla  Şaiq,  Süleyman  Sani  Axundov 

mərhələsinin  ərəfəsi  və  başlanğıcıdır.  Beləliklə,  M.T.Sidqinin  çoxcəhətli  fəaliyyəti  maarifçi  ədəbi-

ictimai  mühitin  inkişafı  tarixində  xüsusi  mərhələ  təşkil  edir.  Bu  mənada  Məhəmməd  Tağı  Sidqi 

özündən  əvvəlki  maarifçi  nəslin  layiqli  xələfi,  sonrakı  yaradıcı  qüvvələrin  isə  ustadı  və  sələfidir. 

Milli maarifçiliyin məktəb, dərslik, teatr, ədəbiyyat və mətbuatın inkişafı ilə bağlı ən yaxşı ənənələri 

bir çox görkəmli ziyalılarla yanaşı, həm də M.T.Sidqinin adı ilə bağlıdır. 

 

Məhəmməd  Tağı  Sidqi  1854-cü  ildə  Ordubad  şəhərində  anadan  olmuşdur.  O,  ilk  təhsilini  Molla 



Məhəmməd  Tağı  adlı  bir  axundun  yanında  almışdır.  Sonra  Şah  Hüseyn  Soltan  mədrəsəsində  oxuyan 

Sidqi  bilik  və  məlumatlarını  bir  qədər  də  təkmilləşdirmişdir.  Gənclik  illərində  qısa  müddət  Cənubi 

Azərbaycanda yaşamış, burada təhsilini dərinləşdirməklə yanaşı, ordubadlı tacirlərin yanında ticarətlə də 

məşğul olmuşdur. Təxminən 1885-ci ildə İrandan Ordubada qayıtmışdır. 10 ilə yaxın bu şəhərdə yaşamış, 

maarifçilik və bədii yaradıcılıqla məşğul olmuşdur. Onun ailəsini dolandırmaq üçün açdığı çayxana yerli 

ziyalıların  əsas  ictimai  müzakirə  meydanına  çevrilmişdir.  Oğlu,  tanınmış  publisist  və  tərcüməçi 

Məmmədəli Sidqi Səfərov 5 fevral 1951-ci ildə yazdığı “Tərcümeyi-halım” adlı avtobioqrafik xarakterli 

xatirəsində  atasının  çayxanasını  aşağıdakı  kimi  səciyyələndirmişdir:  “O  zaman  atamın  çayçı  dükanı 

Ordubad ziyalılarının yığıncaq yeri olur... Haman çayçı dükanında Sədi, Hafiz, Firdovsi, Nizami Gəncəvi 

kimi  şairlərin şeirləri oxunur və təhlil  olunurmuş. Eyni zamanda, atam o  zaman  İrandan,  Rusiyadan  və 

Türkiyədən qəzetlər də alıb oxuyarmış... Bu qəzetlər çox zaman atamın həmməsləkləri arasında gizlində 

oxunarmış. Çünki avam camaat qəzet oxumağı böyük günah və qəzet oxuyanları kafir... hesab edirdi”. 

1892-ci  ildə  açıqfikirli,  rus  və  Avropa  mədəniyyətinə  dərin  rəğbət  bəsləyən  Hüseyn  Sultan 

Kəngərlinski ilə birlikdə Ordubad şəhərində açdığı “Əxtər” adlı yeni üsullu məktəblə M.T.Sidqi pedaqoji 

fəaliyyətə başlamışdır. Şəriət fənnindən başqa ana dili, hesab, coğrafiya dərslərinin milli dildə keçirildiyi 

bu məktəbdəki səmərəli məktəbdarlıq işləri onu daha da məşhurlaşdırmışdır. “Əxtər” məktəbinin şagirdi 

M.S.Ordubadi  həmin  tədris  müəssisəsini  “gələcək  üçün  üsuli-cədid  müəllimləri  hazırlayan”  ciddi  təhsil 

ocağı adlandırmışdır. 

Təcrübəli müəllimin pedaqoji fəaliyyəti Naxçıvan ziyalılarının diqqətini cəlb etmişdir. O, 1894-cü ildə 

Naxçıvan şəhərinə dəvət olunub “Tərbiyə” məktəbinin əsasını qoymuşdur. “Məktəbi-Tərbiyə”də dünyəvi 

elmlərin  tədrisinə  ciddi  fikir  verilmiş,  rus  dili  və  ədəbiyyatı  da  öyrədilmiş,  tərcümə  dərsləri  təşkil 

olunmuşdur. “Tərbiyə” məktəbi Azərbaycan məktəbi tarixində ilk milli məktəblərdən biridir. Məsələnin 

bu  cəhəti  vaxtilə  Cəlil  Məmmədquluzadənin  də  diqqətini  cəlb  etmiş  və  o,  “Tərbiyə”  məktəbindən  bəhs 

edərkən  “Naxçıvan  şəhərində  haman  məktəbi  həzrəti-Sidqi  təsis  edən  zaman  belə  qaydalı  müsəlman 

mədrəsəsi  nəinki  İrəvanda,  bəlkə  Qafqazın  böyük  müsəlman  şəhərlərinin  çoxunda  yox  idi”  qənaətinə 

gəlmişdir.  M.T.Sidqinin  səyi  nəticəsində  az  vaxtda  “Tərbiyə”  məktəbi  ədəbi-mədəni  fikrin  əsas 

mərkəzlərindən  birinə  çevrilmişdir.  Cəlil  Məmmədquluzadə,  Qurbanəlibəy  Şərifzadə,  Cümşüd-Paşa 

Sultanov, Mirzə Nəsrulla Əmirov, Əbülqasım Sultanov, Mirzə Cəlil Şürbi, Mirzə Ələkbər Süleymanov və 

başqaları burada Sidqinin elmi-ədəbi söhbətlərinə qulaq asmış, şeirlərini dinləyib müzakirə etmiş, Rusiya, 

Qafqaz  və  Şərq  mətbuatını  mütaliə  etmək  imkanı  qazanmışlar.  Məktəbdə  qabaqcıl  ziyalıların  iştirakı  və 

təşəbbüsü  ilə  teatr  tamaşaları  göstərilmiş,  ədəbi  müsabiqələr,  müzakirə  və  yubiley  gecələri  təşkil 

olunmuşdur.  Buna  görədir  ki,  böyük  demokrat  ədib  Cəlil  Məmmədquluzadə  “Tərbiyə”  məktəbini 

“yeniyetmə müəllim və ədiblər üçün darülürfan”, yəni universitet kimi qiymətləndirmişdir. Hüseyn Cavid 

məktublarında bu məşhur məktəbin yaradıcısı M.T.Sidqiyə “böyük ustad və cəlallı atamız” deyə müraciət 

etmişdir.  N.Nərimanov,  S.M.Qənizadə,  F.Köçərli,  R.Əfəndiyev,  Ə.Axundzadə,  Ə.Cəfərzadə  kimi 

görkəmli  maarifçi  ziyalılar  M.T.Sidqi  və  onun  “Tərbiyə”  məktəbinin  fəaliyyəti  ilə  maraqlanmış,  ədəbi-

pedaqoji ideyalarına rəğbət bəsləmiş, yüksək qiymət vermişlər.  Yeni maarifçi gəncliyin böyük bir nəsli 

“Tərbiyə” məktəbindən çıxmışdır. Sonralar görkəmli yazıçı, şair, alim, publisist, sənətşünas, aktyor kimi 

tanınmış  Hüseyn  Cavid,  Əziz  Şərif,  Əliqulu  Qəmküsar,  Rza  Təhmasib,  pedaqoq  Əli  Səbri  Qasımov, 

Ələkbər  Abbasov,  Məmmədəli  Səfərov,  Əbülqasım  Sultanov,  Xəlil  Hacılarov  və  onlarla  başqaları  kimi 

tanınmış  simalar  Məhəmməd  Tağı  Sidqi  müəllimin  məktəbinin  təkcə  məzunları  yox,  həm  də  ardıcılları 



idilər.  Faydalı  olduğunu  nəzərə  alaraq,  Məhəmməd  Tağı  Sidqi  tərəfindən  1901-ci  ildə  hazırlanmış 

“Məktəbi-Tərbiyə” şagirdlərinin “Fehrist dəftəri”ni olduğu kimi təqdim etməyi zəruri hesab edirəm: 

 

Mübtədi şagirdlərin isimləri 

 

Birinci sinfin birinci şöbə  



şagirdlərinin isimləri və qiymətləri 

 

1. Əxlaq 



2. İlahiyyat elmi və şəriət qaydaları 

3. Türk dili 

4. Xəttatlıq, hüsnxət 

 

1. Ələkbər Namazzadə - 5, 3, 3, 3 



2. Bəhlul Xəlilzadə - 5, 3, 3, 3  

3. Yusif Əlizadə - 5, 4, 4, 4 

4. Yusif Bağırzadə - 5, 4, 4, 4 

5. Abbasqulu Rasizadə - 5, 4, 4, 4 

6. Heydər Pirməhəmmədzadə - 5, 4, 4, 3 

7. Həsən Qəmbərzadə - 5, 3, 3, 3 

8. Bəhlul ağa Kəngərli - 5, 3, 4, 3 

9. Məhəmməd Tağı Hacı  

Məhəmmədzadə - 5, 5, 4, 4 

10. Həsən Şeyxzadə - 5, 3, 3, 3 

11. Hüseynəli Heydərzadə - 5, 4, 3, 3 

12. Əsəd Şatırzadə - 5, 3, 3, 3 

13. Əliqulu Rasizadə - 5, 4, 3, 3 

14. Məmməd Məmmədzadə - 4, 3, 3, 3 

15. Yusif Sadıqzadə - 5, 3, 3, 3 

16. Abbas Rzazadə - 5, 4, 4, 4 

17. Süleyman ağa Kəngərli - 5, 4, 4, 4 

18. Kərim ağa Allahverdizadə -5, 4, 4, 4 

19. Mirzəli Əlizadə - 5, 3, 3, 3 

20. Abbas Abbaszadə - 5, 3, 3, 4 

21. Ələkbər Abbaszadə - 5, 3, 3, 3 

22. Cabbar Əmirzadə - 5, 4, 4, 4 

23. Xəlil ağa Hacılarzadə -  

5, 4, 4, 4 

24. Vəliqulu bəy Kəngərli - 5, 4, 4, 3 

25. Möhsün Möhsünzadə - 5, 3, 3 

26. Mir Ələkbər Mirzadə - 5, 3, 3 

27. Əlibəy Əzimbəyzadə - 5, 3, 3 

28. Hüseyn ağa Kəngərli - 5, 3, 3 

29. Məşədi Zeynalabidin  

Əhmədzadə - 5, 4, 3 

30. Mahmud Kərbəlayi  

Əhmədzadə - 5, 4, 4 

31. İsmayıl Şeyxzadə - 5, 3, 3 

32. Həbib İsmayılzadə - 5, 4, 4 

33. Məşədi Əli Dayızadə - 5, 4, 4 

34. Müseyib Məmmədzadə - 4, 3, 3 

35. Məhəmməd Rəhimzadə - 5, 4, 4 

36. Tağı Fərraşzadə - 5, 3, 3 

37. Fərman Paşa Kəngərli - 5, 4, 4 

38. Ağa Mirkərim Mirsalehzadə -  

5, 3, 3 


39. Əbdülqasım Sultanov - 5, 4, 4 


40. Əsgər Şatırzadə - 5, 3, 3 

41. Heydər Qasımzadə -  

səbəbsiz gəlməmişdir 

42. Rza Təhmasib Bəyzadə - 5, 3, 3 

43. Həbib Müzəffərzadə - 5, 3, 3 

44. Məşədi Əli Hamamçızadə  

45. Əli Səbri Qasımov 

46. Məhəmmədəli Sidqizadə 

47. Əliqulu Nəcəfov 

48. Hüseyn Rasizadə 

49. Ələkbər Məmmədquliyev 

50. Əli Qasımov 

 

Böyük  pedaqoq  M.T.Sidqi  Azərbaycan  məktəbi  və  pedaqoji  fikri  tarixində  ilk  dəfə  olaraq  rəhbərlik 



etdiyi  məktəbin  daxili  nizamnaməsini  və  nümunəvi  hesabatlarını  hazırlamışdır.  Sidqi  tərəfindən  tərtib 

edilmiş  “Məktəbli  üçün  yaddaş”,  “Məktəbi-Tərbiyə”  şagirdlərinin  tapşırıqları”  kimi  əhəmiyyətli 

sənədlərdə  ümumən  məktəbin,  müəllimin  cəmiyyətdəki  yeri  və  mövqeyi  və  vəzifələri,  xüsusən  yeni 

nəslin  tərbiyələndirilməsinin  əsas  prinsipləri  və  vəzifələri  öz  əksini  tapmışdır.  Öz  dövründə  məktəb 

şagirdləri  üçün  nümunəvi  qaydalar  kimi  ciddi  marağa,  böyük  əks-sədaya  səbəb  olan  həmin  yaddaş  və 

tapşırıqlar indiki dövr üçün də əhəmiyyətlidir. Bəzi örnəklərə nəzər salaq. 

 

“Məktəbi-Tərbiyə” şagirdlərinin tapşırıqları 



 

1.  Şagirdlərdən  hər  birisi  dərs  günlərində  əmri-zəruri  və  kari-vacibi  cəhətinə  məktəbə  gəlməsə, 

gərəkdir  həmin  gün  və  ya  o  günün  sabahı  öz  atasının  və  ya  vəlisinin  tərəfindən  məktub  ilə  müəllimə 

məlum eləsin. 

2. Dərs əsnasında bir-birinin kitabına, dəftərinə baxmaq və yoldaşı ilə danışmaq və yoldaşının səhvini 

gizli demək mövcibi-tənbih və toqifdir. 

3.  Bir-birinin  kitabın,  dəftərin,  qələmin,  qələmdanının  və  sair  təlim  şeylərini  qaralamaq,  cırmaq, 

sındırmaq, töküb-dağıtmaq, oğurlayıb satmaq barəsində hər kəs cəsarət etsə, toqifi-tam cəzasını alacaqdır. 

4.  Məktəbin  divarlarını  yazmaq,  cırmaq,  qaralamaq,  qara  lövhə,  stol,  skameyka,  qapı  və  akoşkaları 

bıçaq  ilə  kəsmək  və  sair  bu  növ  qaydasız  hərəkətlərlə  hər  bir  şagird  iqdam  etsə,  layiqincə  tənbih 

olunacaqdır. 

5.  Papiros  və  tənbəki  çəkmək  bilmərrə  qadağan  olunur.  Bu  əmələ  cəsarət  edənlərə  tənbihi-səxt 

olunacaqdır. 

 

Pedaqoji fəaliyyətlə yanaşı publisistika ilə də məşğul olan M.T.Sidqi Baxçasarayda çıxan “Tərcüman”, 



Kəlküttədə  nəşr  edilən  “Həblül-mətin”,  Tehranda  çap  olunan  “Əxtər”,  Tiflisdə  yayılan  “Şərqi-Rus”, 

Bakıda  fəaliyyət  göstərən  “Kaspi”  qəzetləri  ilə  yaxından  əlaqə  saxlamış,  həmin  mətbuat  orqanlarında 

məqalələrlə  çıxış  etmiş,  “əsl  mənada  qəzetçi”  (Ə.Mirəhmədov)  kimi  tanınmışdır.  Onun  “Qəzet,  yainki 

qəzetə  nədir?”,  “Təəssüf,  yenə  təəssüf”  kimi  məqalələri  yeni  dövr  Azərbaycan  publisistikasının  dəyərli 

nümunələrindəndir. 

M.T.Sidqi  hələ  Ordubadda  yaşadığı  illərdə  buradakı  “Əncüməni-şüəra”  ədəbi  məclisinin  ən  fəal 

iştirakçılarından və rəhbərlərindən  biri olmuş, klassik  üslubda yazdığı lirik şeirləri  ilə tanınmışdır.  XIX 

əsrin  axırlarından  etibarən  cəmiyyət  həyatında  müşahidə  olunan  canlanma,  dirçəliş,  məktəbdarlıqla 

əlaqədar  yiyələndiyi  maarifçi  ideyalar  onun  qəzəllərinə  ictimai  məzmun  gətirmişdir.  O,  təkcə  aşiqanə 

məzmunu deyil, ictimai mətləbləri də klassik üslubda yazdığı şeirlərində mənalandırmağı bacarmışdır.  

Böyük müəllim, görkəmli pedaqoq kimi şöhrət qazanan M.T.Sidqi həm də tanınmış uşaq yazıçısıdır. 

Onun qələmindən çıxmış uşaq ədəbiyyatı nümunələrində mütərəqqi maarifçi ideyalar öz əksini tapmışdır. 

Məktəbə və elmə rəğbət, müəllimə hörmət, yeni nəslin tərbiyəsi, insanı və cəmiyyəti dərk etməyə çağırış 

maarifçi  yazıçının  əsərlərində  qabarıq  şəkildə  ifadə  olunur.  M.T.Sidqi  uşaq  ədəbiyyatının  müxtəlif 

janrlarında  maraqlı  bədii  əsərlər  yazmışdır.  M.T.Sidqinin  nəsihətləri  oğlu  Məhəmmədəlinin  timsalında 

yeni  nəslə  poetik  xitab  formasında  yazılmışdır.  M.T.Sidqinin  “Oğlum  Məhəmmədəliyə  nəsihət” 

şeirindəki  maarifçi-poetik  düşüncələr  geniş  mənada  gənc  nəsillər  üçün  faydalı  öyüdnamələrdən 

yoğrulmuşdur: 

 

Nə qədər ki var əlində fürsət, 




Dərsinə eylə hər zaman diqqət. 

Yetişibdir zəmani-elmü ədəb. 

Mənzilin eylə guşeyi-məktəb, 

...Dini-dünyanı elm edər abad, 

Özünü eylə cəhldən azad. 

Ruzigarın keçirmə qəflətlə, 

Elm təhsil elə diqqətlə. 

 

Şairin  “zəmani-elmü  ədəbin”  yetişdiyindən  müjdə  gətirən  maarifçi  şeirləri  uşaq  poeziyamızın 



S.Ə.Şirvani  dövrünün  davamı,  A.Səhhət,  M.Ə.Sabir,  A.Şaiq  mərhələsinin  ərəfəsidir,  bu  mərhələlər 

arasında  etibarlı  körpüdür.  M.T.Sidqinin  maarifçi  şeirləri  indiki  ibtidai  məktəb  dərsliklərində  də 

özünəməxsus yer tutmağa layiqdir.  

Azərbaycan uşaq ədəbiyyatının əsas janrlarından olan mənzum hekayət janrı da M.T.Sidqinin “Kəblə 

Nəsir”  əsərinin  timsalında  yeni  ənənələrlə  zənginləşdirilmişdir.  Belə  ki,  Q.Zakir  və  S.Ə.Şirvaninin 

mənzum  hekayələrində  təsvir  olunan  ibrətamiz  əhvalat  finalda  yığcam  əxlaq-tərbiyəvi  mühakimələrlə 

yekunlaşmışdır.  “Kəblə  Nəsir”  isə  iki  müstəqil  hissədən  ibarətdir:  isfahanlı  dəlləyin  başına  gələn 

əhvalatın  təqdimi  və  şərhi.  Əhvalatın  təqdimində  klassik  mənzum  hekayələrin  xüsusiyyətləri  özünü 

göstərir. Burada qədim zamanlarda baş vermiş ibrətamiz bir hadisə nağıl edilir. Məlum olur ki, usta Əmir 

kişinin  oğlu  dəllək  Kəblə  Nəsir  səfərə  çıxan  zaman  öz  avamlığının  ucbatından  ulağını  və  keçisini 

oğruların  güdazına  verir.  Hələ  bu  azmış  kimi,  yolda  oğrulardan  biri  onu  aldadıb,  guya  itirmiş  qiymətli 

daş-qaşlar  aşkar  etmək  məqsədilə  quyuya  saldırır,  paltarlarını  götürüb  aradan  çıxır.  “Kəblə  Nəsir” 

mənzum  hekayəsinin  şərhlər  hissəsində  isə  şair  təqdim  etdiyi  hadisəni  həm  həyati  mövqedən,  həm  də 

maarifçi  baxımdan  aydınlaşdırmağa  və  yekunlaşdırmağa  çalışmışdır.  Burada  “Kəblə  Nəsir”in  həyati 

qayəsinin  əsasında  dayanan  “bir  gözəl  ad  qalır  cahanda  nişan”  misrasının  aşıladığı  ideya-məzmun 

hekayətin maarifçi istiqaməti vasitəsilə daha da dərinləşdirilmişdir: 

 

Ta ki millətdə olsun istiqlal



Etməsin cəhl bizləri pamal. 

Olmasın ömrümüz cahanda tələf, 

Elm təhsilinə edək məsrəf. 

Aç bu əbnayi-millətə məktəb, 

Orda təhsil olunsun elmü ədəb. 

Zikri-xeyr ilə bəlkə yad olasan

Dinü dünyada qəlbi şad olasan. 

 

“Kəblə  Nəsir”  mənzum  hekayəti  təkcə  ideya  məzmununa  görə  deyil,  forması,  quruluşu  etibarilə  də 



orijinal  xüsusiyyətlərə  malikdir.  Çünki  həmin  poetik  mənzumə  bədii  forma  etibarilə  məktəbdə  təşkil 

olunmuş  mənalı  bir  dərsin  imkanlarını  və  xüsusiyyətlərini  özündə  cəmləşdirir.  Bu  “dərsdə”  şair  özü  də 

müəllim  sifətində  iştirak  edir.  Təkcə  müəllif  -  M.T.Sidqi  deyil,  onun  canlandırdığı  bədii  obraz  da  XIX 

əsrin  son  rübü  üçün  səciyyəvi  olan  müəllim-yazıçı  tipinin  qabarıq  nümayəndəsi  kimi  diqqəti  cəlb  edir. 

Təlimlə tərbiyəni, biliklə əxlaqı vəhdətdə aşılamağı qarşısına məqsəd qoyan şair-müəllim öz şagirdlərini 

“zəmanədə bir ad”, nişanə qoymaq nümunəsində tərbiyə etməyə səy göstərir.  

Keçəcəkdir tamam yaxşı-yaman, 

Bir gözəl ad qalar cahanda nişan. 

Ömür bihudə keçməmiş bada, 

Biz də bir ad qoyaq bu dünyada. 

... Millətin haqqını əda eylə, 

Məscidi-mədrəsə bina eylə. 

 

M.T.Sidqi milli uşaq nəsrinin də ilk nümunələri sayıla biləcək kiçik hekayələr yazmışdır. Lakin onun 



hekayələrindən  elmi  şəkildə  söz  açılmamışdır.  M.T.Sidqinin  uşaqlar  üçün  hekayələri  əsasən  “Əxlaq 

nümunələri”  və  “Qızlara  hədiyyə”  dərsliklərində  toplanmışdır.  “Əxlaq  nümunələri”  dərsliyindəki  əksər 

uşaq  hekayələri  müəllim-yazıçının  pedaqoji  düşüncələrinin  tərkibində  verilmişdir.  Həmin  hekayələr 

müəllifin maarifçi baxışlarını əyani şəkildə əsaslandıran bədii yazılardır. Lakin imla mətni kimi verilmiş 

nümunələrdən pedaqoji fikir-mülahizə qatını ayırıb, hekayə hissəsini ayrıca oxuduqda bunlar bitkin uşaq 

hekayələri  kimi  səslənir.  “Məktəbə  davam”,  “Gözü  tox  olan  uşağın  hekayəti”,  “Yalançı  uşaq”  və  s. 

hekayələr  bu  qəbildən  olan  maraqlı  ədəbi  nümunələrdir.  Dərsliyin  tələblərinə  uyğun  olaraq  həmin 



hekayələrdə əxlaqi məsələlər ön mövqeyə çəkilmişdir. “Qızlara hədiyyə” dərsliyindəki hekayələrin böyük 

əksəriyyətində isə hekayəyə məxsus xüsusiyyətlər maarifçi-pedaqoji mülahizələri üstələmişdir. Bunların 

çoxu  indiki  ibtidai  məktəb  dərsliklərinə  salınmış  kiçik  hekayələr  kimi  sadə  dildə  yazılmış,  yığcam, 

maraqlı  hadisələri  əks  etdirən,  əxlaqi-tərbiyəvi  qənaətlər  aşılayan  yaddaqalan  müstəqil  bədii  əsərlərdir. 

Dərslikdəki “Rübabə”, “Sitarə ilə xalası”, “Ruqiyyənin söhbəti”, “Övlad məhəbbəti” və s. hekayələr milli 

uşaq  nəsrinin  ilk  bitkin  nümunələridir.  İdeya-məzmununa  görə  bunları  “məktəb  hekayələri”  kimi  də 

dəyərləndirmək  olar.  Forma  baxımından  isə  həmin  nümunələr  miniatür  hekayə  adlandırıla  bilər. 

Təxminən  bir  əsrə  yaxın  bundan  əvvəl  hazırlanmış  “Qızlara  hədiyyə”  dərsliyindəki  kiçik  hekayələr 

hazırkı  mərhələdə  də  şagirdlər  üçün  faydalı  xüsusiyyətlərə  malikdir.  Məsələn,  “İki  bacının  söhbəti” 

hekayəsində əks etdirilmiş aşağıdakı nəsihətlər bu gün üçün də müasir səslənir: “Balaca bacım, sən hələ 

kiçiksən. Elmin məzyətini və faydasını bilmirsən. Elə bil ki, dünyada heç bir şey elmsiz əmələ gəlməz... 

İnsanın hər işində və əməlində elmə ehtiyac vardır. İnsanın şərafəti və heyvan ilə insanın təfavütü elm ilə 

bilinir. Sən elm təhsil elə, təki dünya və axirətdə səadətmənd olasan”. 

Maarifçi şair və yazıçı olmaqla yanaşı, M.T.Sidqi həm də tanınmış alim-pedaqoq, əxlaq nəzəriyyəçisi 

və görkəmli məktəbşünasdır. Bununla belə, onun elmi fəaliyyətində ədəbi-fəlsəfi  məsələlər də öz  əksini 

tapmışdır. Sidqinin “Heykəli-insana bir nəzər” əsəri nəsrlə yazılmış kiçik ədəbi-fəlsəfi traktatdır. Burada 

müəllifin  həyat  və  cəmiyyət,  ictimai-mədəni  tərəqqi  haqqındakı  fikir  və  düşüncələri  əks  etdirilmişdir. 

Sidqinin  insanın  formalaşması  və  bəşər  cəmiyyətinin  keçdiyi  inkişaf  mərhələləri  barədəki  elmi 

mülahizələri öz dövrü üçün yeni və cəlbedici idi. Buna görə də həmin əsər M.T.Sidqinin vəfatından sonra 

1912-ci ildə Bakıda “Ziya” mətbəəsində kitab halında çap olunmuşdur. 

M.T.Sidqinin elmi irsində onun “Puşkin” adlı kitabı xüsusi yer tutur. Bu kitab müəllim-şairin 26 may 

1899-cu  il  tarixdə  Naxçıvanda  “Tərbiyə”  məktəbinin  pedaqoji  kollektivi  və  şəhər  ictimaiyyətinin 

nümayəndələri  qarşısında  A.S.Puşkinin  anadan  olmasının  100  illik  yubileyi  münasibətilə  oxuduğu 

məruzənin mətnindən ibarətdir. Əsər Azərbaycanda Puşkinə həsr olunmuş ilk elmi mənbələrdən biri kimi 

mühüm  əhəmiyyətə malikdir.  Kitab  1914-cü  ildə Bakıda İsabəy Aşurbəylinin “Kaspi”  mətbəəsində çap 

olunmuşdur.  Adından  da  göründüyü  kimi,  “Puşkin”  kitabında  rus  ədəbiyyatının  ən  görkəmli 

nümayəndələrindən  olan  A.S.Puşkinin  həyatı  və  yaradıcılıq  yolu  işıqlandırılmışdır.  M.T.Sidqi  Puşkinin 

ədəbi  xidmətlərinə  yüksək  qiymət  vermişdir:  “Zəkavətli  A.S.Puşkin  rus  şairlərinin  hamısından  sahibi-

imtiyaz və cümləsindən sərəfraz və süxənpərdaz hesab olunur”. 

Kitabda  Puşkinin  həyatı  və  fəaliyyəti  onun  sələfləri  və  müasirləri  ilə  əlaqəli  şəkildə 

dəyərləndirilmişdir.  Burada  rus  ədəbiyyatının  görkəmli  nümayəndələrindən  N.M.Karamzin,  İ.A.Krılov, 

A.S.Qriboyedov,  M.Y.Lermontov  və  başqaları  haqqında  da  məlumat  verilmiş,  Puşkinin  yaradıcılığında 

geniş  yer  tutan  Qafqaz  mövzusuna  da  toxunulmuşdur.  M.T.Sidqinin  məruzəsində  deyilir:  “Qafqazın 

fərəhfəza  havası  və  mənzəreyi-dilguşası  Puşkini  özünə  valeh  və  heyran  eylədi.  Odur  ki,  Puşkin  Qafqaz 

dağlarına  şairlik  nöqteyi-nəzərindən  baxıban  bir  neçə  müəssər  və  ibrətəngiz  şeirlər  inşad  edibdir  ki,  o 

şeirləri oxuyub dəryaft edən əhli-zövq Puşkinin süxənfərin (ustad - İ.H.) olmağını ... etiraf eylər”. 

“Puşkin” əsəri ilə Sidqi həm də ciddi, səriştəli bir ədəbiyyatşünas olduğunu isbat etmişdir.  

Sidqinin elmi irsində “Müxtəsər coğrafiya risaləsi” əsərinin xüsusi yeri vardır. Xalq müəlliminin hələ 

XIX  əsrin  sonlarında  böyük  çətinliklə  coğrafi  məlumatları  toplayıb  sistemləşdirməsi,  müstəqil  bir 

dərslikdə  əks  etdirməsi  mütərəqqi  elmi  hadisədir.  Onun  hazırladığı  “Müxtəsər  coğrafiya  risaləsi” 

Azərbaycanda  ilk  coğrafiya  dərsliyidir.  Bu  dərslik  Sidqinin  həm  də  yüksək  hazırlıqlı  və  məlumatlı  bir 

coğrafiyaşünas olduğunu da isbat edir. 

Müşahidələr  göstərir  ki,  M.T.Sidqi  nəinki  Naxçıvanda,  Azərbaycanın  hər  yerində,  İranda,  Cənubi 

Qafqazda  və  Krımda,  hətta  Misirdə  və  Hindistanda  belə  tanınmış,  hörmət  və  nüfuz  qazanmışdır.  Cəlil 

Məmmədquluzadə kimi qüdrətli bir sənətkarın M.T.Sidqiyə özünün “barmaq ilə göstərilən”, “adı zərbül-

məsələ”  çevrilən  mənəvi  rəhbəri  kimi  qiymət  verməsi  yüksək  səviyyənin  göstəricisidir.  O,  təkcə 

Naxçıvan  ədəbi-ictimai  mühitində  deyil,  Azərbaycanda,  hətta  Cənubi  Qafqazda  söz  sahibi  olan  böyük 

maarifçi  mütəfəkkir  kimi  qəbul  olunmuşdur.  Nəriman  Nərimanov,  Cəlil  Məmmədquluzadə,  İsmayılbəy 

Qaspıralı,  Məhəmmədağa  Şahtaxtlı,  Əlimərdanbəy  Topçubaşov,  Soltanməcid  Qənizadə,  Əhmədbəy 

Ağayev, Rəşidbəy Əfəndiyev və başqaları kimi görkəmli şəxslərlə məktublaşması, məsləhətləşməsi, fikir 

mübadiləsi aparması Sidqinin geniş dairədə dərk və qəbul olunduğunu, dəyərləndirildiyini təsdiq edir.  

M.T.Sidqi 1903-cü ilin dekabr ayında vəfat etmiş və Naxçıvan şəhərində dəfn olunmuşdur. Görkəmli 

ziyalılardan  C.Məmmədquluzadə,  M.S.Ordubadi,  H.Nəcəfzadə  və  başqaları  o  vaxt  Azərbaycan  dilində 

yeganə  mətbuat  orqanı  olan  “Şərqi-Rus”  qəzetində  Sidqinin  vəfatına  həsr  olunmuş  nekroloq,  müxtəlif 

şeirlər,  məqalə  və  məktublar  dərc  etdirmişlər.  C.Məmmədquluzadənin  “vida  sözü”ndə  M.T.Sidqinin 

maarifçilik  hərəkatındakı  əvəzsiz  xidmətləri  ehtiramla  yad  olunmuş,  ədəbi  portreti  canlandırılmışdır: 

“Mərhumun şəxsi  sifətləri misilsiz idilər:  təmkinli,  mömin,  sadiq,  sakit, xoşəhval, rəhmdil  və xeyirxah. 



Gözəl-gözəl  xasiyyətlər  Sidqini  Naxçıvanda  zərbül-məsəl  eləmişdilər.  O  hörmət  və  məhəbbəti  ki 

camaatımız  mərhuma  göstərirdi,  -  indiyə  kimi  heç  bir  şəxsə  göstərməyib...  Küçə  və  bazarda  Sidqini 

barmaq  ilə  göstərirdilər.  Mərhumun  vəfatı  günü  çox  kişilər  göz  yaşı  töküb.  Cənazəsini  dəfn  eləməyə 

gedən  camaatı  küçələr  tutmurdu  və  yəqinül-yəqin,  bu  camaatın  hamısı  başını  aşağı  dikib,  qəlbində 

deyirdi: “Getdi cahandan həzrəti-Sidqi, yüz min heyf, yüz min əfsus!” 

Görkəmli  pedaqoq  və  maarifçi  yazıçı  M.T.Sidqinin  həyatı,  pedaqoji  fəaliyyəti  və  yaradıcılıq  yolu 

müəyyən səviyyədə öyrənilmişdir. Vaxtilə İbrahim Mollayev  ədibin pedaqoji görüşləri və məktəbdarlıq 

fəaliyyətindən,  Yavər  Eyvazov  ədəbi-publisist  yaradıcılığından  namizədlik  dissertasiyaları  müdafiə 

etmişlər. Bir çox görkəmli alimlərin - Feyzulla Qasımzadə, Məmməd Cəfər Cəfərov, Əziz Şərif, Firidun 

Köçərli, Abbas Zamanov, Əziz Mirəhmədov, Kamal Talıbzadə, Bəkir Nəbiyev, Şıxəli Qurbanov, Qulam 

Məmmədli, Xeyrulla Məmmədov, Şamil Qurbanov, Lətif Hüseynzadə, Əsgər Qədimov, Fərman Xəlilov, 

Rüfət  Hüseynzadə,  Şövqü  Novruzov,  Mirabbas  Aslanov  və  başqalarının  monoqrafik  tədqiqatlarında  və 

məqalələrində  M.T.Sidqidən  bəhs  olunmuşdur.  Bununla  belə,  fikrimizcə,  M.T.Sidqinin  həyatı  və 

fəaliyyətinin tam halda, bütün yönləri ilə tədqiq olunmasına ehtiyac vardır. 

Möhtərəm  ədibin  əsərlərinin  nəşri  sahəsində  də  müəyyən  işlər  görülmüşdür.  Məşhur  ədəbiyatşünas 

F.Köçərli  1911-1914-cü  illərdə  Qoridən  Məmmədəli  Sidqiyə  göndərdiyi  məktublarında  atası  Sidqinin 

əsərlərini  “Millət  malı”  etmək  üçün  bunları  toplayıb  nəşr  etdirməyi  vacib  saymışdır.  Məmmədəli  Sidqi 

Səfərov  (1888-1956)  böyük  maarifçinin  “Kəblə  Nəsir”  (1910),  “Heykəli-insanə  bir  nəzər”  (1912), 

“Puşkin”  (1914)  əsərlərini  ayrıca  kitab  halında  nəşr  etdirmişdir.  “Kəblə  Nəsir”  mənzum  hekayəti 

“Azərbaycan  uşaq  ədəbiyyatı  antologiyası”na  daxil  edilmişdir.  1967-ci  ildə  isə  görkəmli  pedaqoqun 

“Seçilmiş pedaqoji əsərləri” (Mirabbas Aslanov) nəşr olunmuşdur. “Məktəb hekayətləri” (1996) kitabında 

(İsa  Həbibbəyli)  böyük  ədibin  uşaq  hekayələri  və  elmi-ədəbi  irsindən  nümunələr  toplanılmışdır.  Artıq 

Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Əlyazmalar  İnstitutunun  fonunda  və  müxtəlif  arxivlərində 

saxlanan  materiallar  əsasında  maarifçi  ədibin  “Əsərləri”  kitabı  (toplayanı,  tərtib  edəni  və  ön  sözün 

müəllifi  İ.Həbibbəyli)  da  2004-cü  ildən  oxucuların  istifadəsindədir.  Ümid  edirik  ki,  görkəmli  maarif 

xadimi,  böyük  mütəfəkkir,  maarifçi  ədib  Məhəmməd  Tağı  Sidqi  haqqında  müstəqillik  işığında  sanballı 

elmi  əsərlər  meydana  çıxacaq,  onun  gələcək  külliyyatları  yeni  axtarışların  sayəsində  daha  da 

zənginləşdiriləcəkdir.  

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun görkəmli maarifçi şair və böyük 

pedaqoq Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 illik yubileyi ilə əlaqədar imzaladığı 20 avqust 

2014-cü  il  tarixli  sərəncamda  böyük  mütəfəkkirin  genişmiqyaslı  xidmətləri  yüksək  qiymətləndirilmiş, 

maarifçi  ədibin  çoxcəhətli  fəaliyyətinin  müasirlik  imkanlarına  xüsusi  diqqət  yetirilmişdir:  “Məhəmməd 

Tağı  Sidqi...  Azərbaycan  uşaq  ədəbiyyatının  və  poeziyasının  inkişafında  mühüm  xidmətlər  göstərmiş, 

maarifçi-realist  ədəbiyyatın  yaradıcılarından  biri  kimi  ədəbiyyat  tariximizdə  öz  yerini  tutmuşdur. 

Görkəmli  pedaqoqun  qələminin  məhsulu  olan  uşaq  nəsrinin  ilk  mükəmməl  nümunələri,  ədəbi-fəlsəfi 

traktat,  poeziya  və  tərcümə  materialları  Azərbaycanda  maarifçi  ədəbiyyatın  inkişafında  mühüm  rol 

oynamışdır”. 

Bundan başqa,  Naxçıvan MR  Ali Məclisinin  Sədrinin  Məhəmməd  Tağı Sidqinin  Ordubad şəhərində 

anadan  olduğu  qədim  binada  ev-muzeyinin  yaradılması  haqqında  17  sentyabr  2014-cü  il  tarixdə 

imzaladığı sərəncam əsasında həmin mədəniyyət ocağının qurulması prosesi atrıq tamamlanmaq üzrədir. 

Məhəmməd  Tağı  Sidqinin  anadan  olmasının  160  illik  yubileyi  Naxçıvan  Muxtar  Respublikasında  geniş 

qeyd edilmiş, müasir mərhələdə yeni maarifçilik ideyalarının milli əsaslar üzrə genişləndirilməsinə təkan 

vermişdir.  Naxçıvan  MR  Ali  Məclisinin  M.T.Sidqiyə  həsr  etdiyi  “Naxçıvan”  jurnalında,  AMEA 

Naxçıvan Bölməsinin “Taleyi və sənəti” kitabındakı sanballı məqalələr böyük maarifçi ədibdən söz açan 

yeni  tədqiqatları  özündə  əks  etdirir.  Ordubad  şəhərində  M.T.Sidqinin  adını  daşıyan  məktəbin  əsaslı 

şəkildə  yenidənqurulması  və  müasir  texnologiya  ilə  təchizi  klassik  maarifçilik  ənənəsinin 

müasirləşdirilməsi deməkdir. M.T.Sidqi adına Naxçıvan Uşaq Teatrının inkişaf etdirilməsi yeni maarifçi 

dövrün nailiyyətidir. 

Böyük  ədib  və  ictimai  xadim  Məhəmməd  Tağı  Sidqi  maarifçi  ideyaları  və  əsərləri  ilə,  meydana 

çıxardığı işıqlı ideyalarla, əsərlərinin və ideyalarının müasirlik imkanları ilə yaşayır və müstəqillik dövrü 

Azərbaycanın yeni maarifçilik hərəkatına, uşaq ədəbiyyatının, maarifçi şeirin inkişafına xidmət edir. 

 

İsa HƏBİBBƏYLİ, 



Azərbaycan Milli Elmlər  

Akademiyasının  

vitse-prezidenti, Milli Məclisin  

deputatı, akademik 

Yüklə 82,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə