Bu gün uğurlu dini-elmi məktəblər aşağıdakı xüsusiyyətlərinə görə qiymətləndirilirlər



Yüklə 1,44 Mb.
səhifə1/26
tarix17.09.2017
ölçüsü1,44 Mb.
#452
  1   2   3   4   5   6   7   8   9   ...   26

İslamın əziz Peyğəmbəri (s) və mə’sum imamlar (Allahın salamı onlara olsun) Qur’anın elmi əsaslarını həyata keçirməklə cəmiyyətdə müqəddəs İslam dininin inqilabi və parlaq mədəni təməlinin əsasını qoymuşlar. O əzizlər maariflərini həyatda yaşatmaq və onun yayılması, tə`limi naminə bu işin ağır yükünü çiyinlərinə çəkməyə qüdrəti olanlardan heç nəyini əsirgəməmək üçün şəriətşünas, təmiz alimlər tərbiyə etmişlər.

Müasir dövrdə də istismarçı və zülmkarların ruhanilik, dini təhsil ocaqlarının kökünü kəsmək və ya onların inkişafına, yüksəlişinə mane olmaq, doğru yollarından sapdırmaq üçün göstərdikləri təzyiqlərə rəğmən bu müqəddəs qurum əvvəlkitək möhkəm iradə və alnıaçıqlıqla öz inkişaf və yüksəliş yolunu davam etdirir.

Bu qüdrətli elmi-dini mərkəz mövcud olduğu dövrdə müxtəlif nəsillərin ehtiyacını ödəmiş, bəşər tarixində dost və düşmənlərin sual və şübhələrinin aradan qaldırılmasına nail olmuşdur. Belə bir xüsusiyyəti isə o, daha çox mülayimlik, açıqlıq və novatorluq nümayiş etdirdiyi dövrdə kəsb etmişdir.

Bu gün uğurlu dini-elmi məktəblər aşağıdakı xüsusiyyətlərinə görə qiymətləndirilirlər:

1 .İslam elm-maarifinin bütün sahələrinə diqqət yetirmək, bu sahələrin hər birində yorulmadan araşdırma aparmaq və davamlı sə`y göstərmək;

2. Günün tələbinə uyğun və elmi inkişaf, novatorluq xüsusiyyətlərilə dərin düşüncə və qiymətli İslam mirası ilə əlaqəsinin qorunub saxlanılmasını özündə birləşdirəcək şəkildə tədris və dərsliklərin hazırlanma metodlarının mütəmadi olaraq yenidən nəzərdən keçirilməsi;

3. Günümüzün problemləri ilə tanışlıq və Qur`anın elmi prinsiplərinə, möhkəm əqli əsaslara istinad etməklə şübhə və yeni yaranan ehtiyaclara zəmanənin tələbi ilə səsləşən və hətta onu da qabaqlayacaq bir səviyyədə cavab vermək məs`uliyyətini öhdəsinə götürmək.

Belə bir şəraitdə, ölkə xaricində Dini-Elmi Müəssisələr Təşkilatı görkəmli tədqiqatçı və alimlərin əsərlərindən faydalanmaqla hazırladığı və təhsil, tədris metodları, dərsliklərin işlənməsini əhatə edən yeni təhsil planında aşağıdakı məqamları nəzərə almışdır:

a.) Hər bir dərs saatı üçün nəzərdə tutulan proqrama əsasən hər bir dərsin təhsil məqamlarına riayət olunması;

b.) Tədris pillələrinin hər birində tələbələrin elmi səviyyəsinin gözlənilməsi;

s.) Bir semestrin dərslikləri arasında bağlılıq və mütənasibliyin gözlənilməsi, materialların keçilməsində yüklənmə və səthilikdən çəkinmək;

d.) Dərsliklərin hazırlanma prinsiplərinə riayət etməli.

1. Din nədir?

2. Dinin əsas dayaqları nədən ibarətdir?

“Din” kəlməsinin müxtəlif mə’naları vardır. Onlardan: “cəza”, “itaət”, “adət”, “hökm”, “bağlılıq”, “qəhr və qələbə” və s. qeyd etmək olar. Amma, bu sözün ən mühüm və ümdə mə’nası “İtaət və əmrə tabe olmaqdır”. Əlbəttə, dinin “bağlılıq” mə’nasında olmasını da nəzərdən qaçırmaq olmaz. Bütün bu mə’nalara diqqət yetirməklə din anlamını belə tə’rif etmək olar:

1. Varlığın mənşəyinə itaət üçün insan həyatını nizama salan qanun və hökmlər toplusuna din deyilir.

Yuxarıdakı tə`rifi daha da dəqiqləşdirmək üçün dini belə də tə’rif etmək olar:

2. Din - varlığın mənşəyinə əqidə yolunda insanın rəftar və əməllərində qəbul etdiyi bir bağlılıqdır.

Bu iki tə’rifə əsasən dinin iki mühüm və əsas kökü olacaqdır:

1.Varlığın mənşəyinə əqidə;

2.Bu əqidədən doğan tələblərə əməl etmək.

İnsanların, varlığın mənşəyi haqda olan baxışları müxtəlif olduğundan, onların dinə olan münasibətləri də bir-birindən fərqlidir. Ayrı-ayrı şəxslər və ya cəmiyyətlər arasındakı dini ixtilafların da kökü məhz budur.

Mərhum Əllamə Təbatəbai din haqda belə deyir: “-Qur’an nöqteyi-nəzərindən, xalq arasında mövcud olan ictimai adət və ən`ənələrə din deyilir. Bu ictimai adət-ən`ənələr də öz növbəsində fitri və haqq dinə və bir də təhrif olunmuş və qeyri-fitri dinə bölünür.”

Digər bir cəhətdən də, ilahi dinlər ayrı-ayrı fərdlərin və cəmiyyətin islahı, təkamülü, nicat və xoşbəxtliyi üçün göndərilmişdir. Ona görə də dinin mahiyyətini başqa bir ifadə ilə belə izah edirlər: “ - Din, Allah-Təala tərəfindən bəşəriyyətin xoşbəxtliyə çatmasından ötrü haqq peyğəmbərlərə nazil olan hökmlər və göstərişlər toplusudur. Ona görə bu əmrlərə və qayda-qanunlara tabe olmağı lazım bilmişdir ki, insanlar bunlara tabe olmaqla Allahın və`d və zəmanət verdiyi səadətə çatsınlar.”

Bə’zi alimlər və tədqiqatçılar isə din haqqında belə demişlər: “ - Din elə bir ilahi quruluşdur ki, ağıl və təfəkkür sahiblərini öz iradə və ixtiyarı ilə dünyada xeyirə və axirətdə isə səadətə tərəf sövq etdirir və onları düzgün yola istiqamətləndirir.”

Qərb alimləri də din haqqında müxtəlif mülahizələr irəli sürmüşlər. Onlardan bə’ziləri deyirlər: “ - Din, yaranmışların yaradan qarşısındakı, insanın Allah, cəmiyyət və özü qarşısındakı vəzifələr toplusudur”. Yaxud, - “Din insanların öz vacib və zəruri vəzifələrini ilahi əmrlərin nəzərə alınması əsasında olduğunu dərk etmələrinə deyilir.”

Başqa bir tə`rifdə deyilir: “ - Din, həmin ibadətdir. İbadət iki məqulədən, iki ünsürdən ibarət bir əməldir.”

1.İbadət insan ağlının qəbul və təsdiq etdiyi bir əməldir. İnsan onun vasitəsilə yenilməz bir qüvvənin varlığını qəbul edir;

2.İbadət məhəbbətlə yoğrulan içəridən gələn bir əməldir. İnsan onun vasitəsilə yenilməz bir qüvvənin eşq-məhəbbətinə doğru yüksəlir.

Dinə verilən bütün bu tə’riflərin hamısında müəyyən iradlar və çatışmazlıqlar tapmaq olar. Tə’rif və izahların müştərək nöqtəsi budur ki, onların hamısı səmavi vəhyə, mütləq vücud sahibinin (yə’ni Pərvərdigarın) varlığına inama əsaslanır. Ona görə də belə tə’rifləri yalnız ilahi dinlərə aid etmək olar. Halbuki, bəşəri əqidələrin arasında qeyri-İlahi dinlər də mövcuddur. Kor- təbii surətdə yaranaraq təkcə insan ağlına əsaslanan, yaxud xəyal və gümanlardan yaranan xurafat dinlər və ümumiyyətlə bütlərə, ulduzlara, mələklərə və s. əsaslanan dinlər də vardır. Bunları nəzərə alsaq, belə dinlər yuxarıdakı tə’rifdən kənarda qalacaq. Halbuki, Qur’an nöqteyi-nəzərindən bu kimi düzgün olmayan əqidələr də “din” adlandırılmışdır. Ali-İmran surəsinin 85-ci ayəsində oxuyuruq: “ - Hər kim İslamdan başqa bir din ardınca gedərsə, heç vaxt ondan qəbul olunmaz.”

Bundan əlavə, “Kafirun” surəsinin 5-ci ayəsində buyurulur: “ - Sizin öz dininiz və mənim də öz dinim vardır.”

Yuxarıda qeyd olunan bu çatışmazlığlar, bə’zi dinşünas alimlərin dinin tə’rifini genişləndirməsinə səbəb olmuşdur. Onlar dinin tə’rifində yazırlar: “ - Din, insanların mütləq azadlığına və özbaşınalıqlarına mane olan çəkinmələr və pəhrizlər toplusuna deyilir.”

Başqa bir tə’rifdə deyilir: “ - Din, insanların müqəddəs hadisə və varlıqlarla bağlı olan əməl və e’tiqadlarından ibarətdir ki, onlar bir-biri ilə sıx əlaqədədir.”

Yuxarıdakı iki tə’rifdə mütləq vücud və varlıq sahibindən danışılmır. Bu kimi izahları qəbul edənlər, əslində qeyri-İlahi dinləri də dinin tə’rifinə daxil etmək istəmişlər. Lakin bu mövzuda başqa bir məsələyə də diqqət yetirmək lazımdır. Dinlər tarixi barədə nəzəriyyə irəli sürən tarixçilər yekdilliklə bu qənaətə gəliblər ki, bəşər tarixində formalaşan bütün cəmiyyətlərdə daimi olaraq, insan həyatının əvvəli və sonu, varlığın və yaradılışın səbəbləri haqda düşünüblər. Bu barədə onlar müəyyən fikirlər irəli sürmüş və ona e`tiqad bəsləmişlər; düzgün və ya səhv, haqq və ya batil, ağıl və məntiqə uyğun və ya xurafi olmasından asılı olmayaraq, onları qəbul etmişlər. Başqa sözlə desək, xurafi dinlərin meydana gəlməsi insanların özü barəsindəki suallara necə cavab tapmalarından asılı olub. İnsanlar daim “ - Haradan gəlmişəm?”, “ - Nə üçün gəlmişəm?”, “ - Hara gedirəm?” və bu kimi digər suallara cavab tapmağa çalışıb. İlahi və xurafi olmasından asılı olmayaraq, demək olar ki, bütün dinlər varlığın nizam və quruluşu barədə müxtəlif cür düşünüb müəyyən nəzəriyyələr irəli sürüblər. Onların arasında nəzərə çarpan fərq, yalnız bu fikirlərin məntiq və əql və ya xurafat və mövhumat əsasında olmasındadır. Gələcək dərslərdə öyrənəcəyik ki, “Buddizm”, “Caynizm” və “Konfisiyus” əqidələrində varlığın yaradanına e’tiqadın olmasını təsəvvür etmək səhv və qəbulolunmazdır. Buradan mə`lum olur ki, varlığın mənşəyinə e`tiqad bütün dinlərin əsas özəyini təşkil edir. Diqqət olunmalı başqa bir əsas da “pərəstiş və ibadətin əsasları”dır ki, yuxarıdakı tə’riflərin bə’zilərində öz əksini tapmışdır.

İnsan varlıq aləminin başlanğıcını dərk etdikdən sonra başa düşür ki, onun yaradanı sonsuz qüdrət və diqqət sahibidir. İstər-istəməz insan Onun bu əzəmət və qüdrəti qarşısında özünü zəif, gücsüz və möhtac hesab edir. Ona görə də insanda bütün qəlbi ilə əyilmə, boyun əymə, itaət hissi yaranır. Bu hisslə yanaşı insanda mütləq varlıq müqabilində ehtiyac hissi və müqəddəs bilmək, məhəbbətini izhar etmək hissi əmələ gəlir. Belə bir halətə ibadət və pərəstiş deyilir. Əslində, insan bir tərəfdən varlığın Yaradanının qəzəb və tədbirinin qorxusundan amanda qalmaq, başqa tərəfdən də Onun razılığını, lütf və mərhəmətini qazanmaq istəyir; Ondan kömək almaqla öz ehtiyaclarını tə`min etməyə çalışır. Bu iş adətən xüsusi əməl və zikrlər vasitəsilə həyata keçirilir; bu hər bir din və məzhəbdə özünə xass şəkildə, müxtəlif cür baş verir. Ona görə də hər bir dinin ibadət və mərasimləri başqa dinlərdən fərqlidir. Müəyyən bir dinə e`tiqad bəsləyən şəxsin ibadət forması onun “varlıq mənşəyini” necə tanımasını və dərk etməsini göstərir. Qeyd etmək lazımdır ki, dində boyun əymə və itaət yalnız varlığı idarə edən yenilməz qüvvə sahibinə tabe olmaqdan ibarət deyil. Çünki, varlıq aləmində yerin cazibə qüvvəsi kimi elə qüvvələr vardır ki, insanlar istər-istəməz onlara boyun əyir və tabe olur. Bu kimi hallara adətən ibadət deyilmir. İbadət elə bir tə’zim, itaət və boyun əyməyə deyilir ki, əvvəla o, tə`zim olunan və müqəddəs sanılan bir zat və həqiqi varliğın müqabilində olsun. Mə’lum olduğu kimi, varlıq aləmində heç bir qüvvə təkcə qorxulu və qəzəbli olduğu üçün müqəddəs sayılmır və tə’zim olunmur. İkincisi, elə bir zat və varlığı müqəddəs sayılır və tə’zim olunur ki, mütləq dərəcədə kamala və yenilməz vəsflərə malik olsun. Belə ki, o zat və qüdrət bütün varlıqlardan üstün olmalıdır ki, insan bu mütləqiyyətə görə özünü ona möhtac bilib onun müqabilində pərəstiş hissi keçirsin.

Beləliklə, mə’lum olur ki, hər hansı bir varlığı müqəddəs sanmaq və ya ona tə’zim etmək heç də həmişə sitayiş etməklə yanaşı olmur. Məsələn biz şərəf, namus, azadlıq, səxavət və s. bu kimi məfhumlara dərin hörmət və tə’zimlə yanaşır, lakin heç vaxt onlara ibadət və pərəstiş etmirik.

Üçüncüsü, elə bir zat və qüdrətə pərəstiş olunur ki, təbiət və maddi varlıqların növündən olmasın. Bu zat və varlıq hər bir şeydən yüksək olub, bütün varlıqlara hakim olmalıdır; bütün yaranmışlarda dəyişiklik etmək qüdrətinə malik olub, mə’nəvi və maddi ehtiyaclarımızı ödəyə bilməlidir.

Nəhayət, bu ulu və müqəddəs Zat bütün varlıq aləminin tədbirini öz üzərinə götürməlidir; varlıqlardan və mövcudatdan ayrı olmamalı, bəşəriyyətlə, bütün yaranmışlarla dərin və qırılmaz tellərlə bağlanmalıdır; onların bütün sirlərini və ehtiyaclarını bilməlidir, dərd-qəmindən və istəklərindən xəbərdar olmalıdır. O, hər bir dində mövcud olan - xüsusi şərtlərə riayət olunduqda onları istəklərinə çatdırmalıdır. Beləliklə, aydın olur ki, dində boyun əymə və tə`zim hissi əslində varlıq aləminin mənşəyi olan mə`bud kimi pərəstiş və ibadət olunan yenilməz qüvvət və qüdrət sahibini müqəddəs sayıb ona tə`zim etməkdən ibarətdir. Burada belə bir sual qarşıya çıxa bilər. Bu qayda-qanunlar bütün ilahi və qeyri-ilahi dinlərə də aiddirmi?

Mə’lum olduğu kimi, bir çox ibtidai-xurafi dinlərdə daş, ağac, çay, dəniz, ulduz, quşlar və bu kimi digər şeylər müqəddəs sayılır və insanlar onlara pərəstiş edirdilər. Amma yuxarıda sadaladığımız xüsusiyyətlərin heç biri onlarda yoxdur.

Bu sualın cavabında demək lazımdır ki, belə ibtidai dinlərin ardıcıllarının fikirlərini, düşüncə tərzlərini tədqiq etdikdə mə`lum olur ki, bizim “totem” və ya “büt” adlandırdıqlarımızın heç birinə onlar heç vaxt müstəqil bir rəbb və mə’bud inancı ilə ibadət etməyiblər. Yə’ni, heç də ibtidai insanlar daş, ağac və s. şeylərə, onların həyatında və işlərində hansısa bir ehtiyaclarını ödəyə biləcək bir tərzdə əqidə bəsləməyiblər. Onlar öz səhv e’tiqadlarına görə bütün bunları uca və yenilməz qüdrətin feyz və rəhmət vasitəsi hesab edirdilər; güman edirlərmiş ki, bu əşyaları müqəddəsləşdirməklə və onlara tə’zim etməklə həqiqi rəbbi özlərindən razı salar və yaxud onların vasitəsilə öz hacət və istəklərinə çatarlar. Onlar bu “totem” və “büt”ləri e`tiqad bəslədikləri həqiqi mə’budun xüsusiyyətlənin təcəllisi kimi düşünürdülər.

Qur’ani-Kərimdə bütpərəstlərin məntiqi və onların bütləri müqəddəsləşdirmələrinin səbəbi barəsində belə oxuyuruq: “(Bütpərəstlər) dedilər: “ - Biz bunlara (bütlərə) yalnız Allaha yaxın olmaqdan ötrü pərəstiş edirik”. Bu izahla əvvəldə dediklərimizi belə tamamlayırıq. Dinin iki əsas dayağı vardır:

1. Varlıq aləminin sahibinə e’tiqad - yə`ni öz yenilməz qüvvət və qüdrəti ilə varlıq aləmini idarə edənə e`tiqad.

2. Bu e’tiqaddan doğan tələblərə əməl etmək və onun mütləq varlıq sahibinə mə’bud, rəbb adı ilə tə’zim və pərəstiş etmək - bu yolla onun razılığını qazanıb, maddi-mə’nəvi ehtiyaclarımızı təmin etmək.

1. “Dinin” lüğəvi mə’nası nədir?

2. “Dinin” terminoloji mə’nası nədir?

3. “Dinin” əsas kökləri hansılardır?

4. Bütün dinlərdə Allaha e’tiqad inancı vardırmı?

5. Bütün dinlərdə pərəstiş və ibadət ayini vardırmı?

1. İnsan dinə, məzhəbə və Allaha e`tiqad bəsləməyə necə meyl göstərmişdir?

2. İnsanların dinə yönəlməsində cəhalət, qorxu və ictimai-əxlaqi ehtiyaclar nə kimi tə`sir göstərmişdir?

Dini anlayışlar və bu barədə aparılan araşdırmalar baxımından hər bir din tədqiqatçısı və sosioloqun qarşılaşdığı ilk sual bundan ibarətdir: Tarix boyu hansı amillər insanların dini düşüncələrə yönəlməsinə səbəb olmuşdur? Görəsən insanı dinə, mə’nəviyyata, təbiətin fövqündə olan həqiqətlərin axtarışına vadar edən səbəblər daxili bir amil və ehtiyac hissindən doğmuşdurmu? Və yaxud o, digər amillərin, ümumiyyətlə onun ixtiyarında olmayan səbəblərin tə`siri ilə bu kimi inancları qəbul etmək məcburiyyətində qalmışdır? Bundan əlavə, din elə ilk dövrlərdən insanla birlikdə yaranmışdır, yoxsa onu insanlar yaratmışdır? Qısa şəkildə desək, “din necə formalaşmışdır?” sualı din sahəsində çalışan hər bir tədqiqatçı alimin və sosioloqun rastlaşdığı ilk sualdır.

Tarixçilər və din tədqiqatçıları tərəfindən bu kimi suallara cavab verilərkən insanın dinə və dini meylliliyə yönəldən səbəblər barədə bir-birindən fərqli nəzəriyyələr irəli sürülmüşdür. Bu və gələn dərslərdə məhz həmin mövqeləri araşdırıb, mühüm nəzəriyyələri tənqid və təhlil edəcəyik.

Bu fikri irəli sürənlər sübut etmək istəyirlər ki, daim arayıb-axtaran insan ruhu hadisələrin səbəbini axtarıb - həmən hadisənin səbəbini tapmaqda aciz qaldıqda, onlar üçün qeyri-adi səbəblər təsəvvür etməyə başlamışdır. Misal üçün, ildırımın nə olduğunu bilmədiyi üçün onu allahların qəzəbi kimi başa düşmüşdür, yaxud ağcaqanad vasitəsi ilə yayılan malariya xəstəliyinin səbəbindən xəbərsiz olduğu üçün, belə bir e`tiqada malik idi ki, hər kim gölməçənin yanında yatsa - orada yaşayan cinlər onun başına yığışaraq xəstəliyə duçar edəcək. Məşhur tarixçi Vil Dorant bu barədə deyir: “ - Təsadüfən yaranan, yaxud insanın, səbəblərini aşkar edə bilmədiyi hadisələrdən doğan təəccüb hissi dini e`tiqadların meydana gəlməsinə səbəb olan amillərdəndir.”

Samuel Kinq isə deyir: “ - Elmi inkişaflar sayəsində təbii sirlərin bir çoxunun aydınlaşmasına baxmayaraq, bu amillərdən bə`ziləri elmi izahlar çərçivəsindən xaricdə qalmışdır; bu amillərin dərk olunma və onlarla uyğunlaşmaq zərurəti dinin yaranmasına səbəb olmuşdur.”

Bu nəzəriyyənin cavabında qeyd etmək lazımdır ki, Devid Hiyum, Aqost Kent və Eynşteyn kimi qərb alimləri tərəfindən irəli sürülən bu fərziyyənin bir neçə əsaslı iradı vardır:

1. Bu nəzəriyyə, səbəbləri mə’lum olmayan qeyri-təbii və təsadüfi hadisələr əsasındadır. Halbuki qədim zamanlardan indiyə qədər ilahiyyatçı filosofların əsaslanaraq istinad etdikləri sübutların ən mühümü “nəzm bürhanıdır”. Din alimləri həmişə insanları kainatda mövcud olan nəzm və harmoniya dəlili, eləcə də varlıq aləminə hakim kəsilən dəqiq və heyrətamiz səbəb-nəticə qanunu əsasında təbiətin fövqündə dayanan həqiqətlərə və Allaha doğru hidayət etmişlər.

Bu nəzəriyyənin başqa bir nöqsanı budur ki, burada maddi səbəblərlə Allah arasında bir növ qarşıdurma irəli sürülmüşdür; bu fikrə əsasən hər bir varlığın maddi və vahid bir səbəbi vardır ki, kəşf edildikdə və ya mə’lum olduqda, artıq o hadisə Allaha aid edilməyəcəkdir. Guya insan, yalnız hər hansı bir şeyin maddi səbəbini tapa bilməsə, onu Allaha və təbiətin fövqündə dayanan metafizik səbəblərə aid edir. Halbuki məsələ belə deyildir; dindar bir insan heç vaxt maddi işlərin axarında olan təbii qanunauyğunluqları və hadisələrin yaranma səbəbini inkar etməmişdir. Dini nöqteyi-nəzərdən Allah-Təala varlıq aləmində olan bütün səbəblərin əsl səbəbkarıdır. Deməli, varlıqların və hadisələrin maddi səbəbləri ilə, onların yaradılışının əsil səbəbi - yə`ni Allah - arasında heç bir qarşıdurma mövcud deyildir.

3. Bu nəzəriyyədə bir sıra xurafatçı və əsassız e`tiqadlara istinad olunmuşdur ki, adətən savadsız insanlar onlara e`tiqad bəsləyirlər; ilahi dinlərin baniləri və alimlər arasında dini inancların yaranması barədə qeyd olunan həmin e`tiqadlara rast gəlmək olmaz.

4. Dini əqidələrin yaranmasını bəşəriyyətin cəhalət və mə’lumatsızlığı ilə əlaqələndirən alimlərin müqabilində alimlərin böyük bir dəstəsinin əqidəsi belədir ki, onların elmi tədqiqatları artdıqca, varlıq aləmində son dərəcə ali bir səbəbin varlığına qarşı olan iman və e`tiqadı da artmışdır. Misal üçün, Funtetel, Burlishaman, Montnel, Herşel, Ədvinfəst, Kepler, Çestrreks, Buhler, Vinçester və s. alimlər bu qəbildəndir. Məşhur bioloq Vinçester bu barədə deyir: “ - Elm insanın bəsirətini və dünyagörüşünü artırır, şəxs öz Allahını daha yaxşı tanıyır, Onun əzəmət və qüdrətini daha yaxşı dərk edir. Elm aləmində baş verən hər bir yeni kəşf imanın dərəcəsini yüz dəfələrlə artırır; bizim inanclarımızın batinində yerləşən son vəsvəsələrin və şirkin səbəblərini aradan qaldırır, onun yerini yüksək ilahiyyat və tovhid fikirləri əvəz edir.”

İnsanlar ilk dövrlərdən başlayaraq, həmişə həyatlarını təhdid edən, qorxu və iztirab yaradan bir çox amillərlə qarşılaşmışlar. Sel, zəlzələ, tufan, vulkan, ildırım, şimşək və bu kimi digər təhlükələr daimi olaraq insana qorxu və nigarançılıq gətirmişdir. Buna görə də o, özünə bu kimi təhlükə və bəlalardan nicat verə biləcək bir sığınacaq axtarmışdır. Alimlərdən bir qrupu bu fərziyyəyə əsaslanaraq belə təsəvvür etmişlər ki, ibtidai insanlar yırtıcı heyvanların təhlükəsindən qorunmaq üçün mağaralara sığındıqları kimi zəlzələ, sel və bu kimi digər təbii fəlakətlərdən xilas olmaq üçün də təbiətin fövqündə dayanan yenilməz və qüdrətli bir qüvvə axtarmağa başlamışlar. Dinə inanan şəxslərin e`tiqadına görə təbiətin fövqündə olan bir qüvvəyə malik Allah, yaxud sair mə’budlar insanların məhz kömək və sığınacaq məqsədilə üz tutaraq sitayiş etdikləri inanc mənbələridir; mə`lum olur ki, din və Allaha e`tiqad insanın bir çox təbii hadisələr qarşısındakı acizliyi və dəhşətli hadisələrdən yaranan qorxusunun nəticəsidir.

Vil Dorant bu barədə deyir: “Romalı filosof Lukeryetus demişdir: “ - Bizim ilk qorxumuz allahlardandır; qorxunun növləri arasında ölümdən yaranan qorxu daha çox tə’sirə malikdir. İbtidai insanların həyatı hər addımda təhlükə ilə qarşılaşırdı və çox az hallarda bir şəxs təbii ölümlə dünyadan köçürdü... Məhz buna görə də ibtidai insanlar ölümün bir təbii hadisə olmasına inana bilmir, həmişə onun üçün qeyri-adi səbəblər təsəvvür edirdilər.”

Bertrand Rassel də bu barədə deyir: “ - Zənnimcə dinlərin mənşəyi hər şeydən əvvəl qorxu və vəhşət hissidir. İnsan özünü son dərəcə gücsüz hesab edir. Onun qorxusunun əsas səbəbi üç amildən ibarətdir:

1. Təbii fəlakətlər; Məsələn, insan ildırım vasitəsilə öləcəyindən, yaxud zəlzələ nəticəsində yerin altına batacağından qorxur.

2. İnsanlar arasında baş verən hadisələr; müharibədə öldürülmək, yaralanıb əlil olmaq və bu kimi digər səbəblər.

3. İnsanda olan güclü şəhvət hissi; Düzdür bu hiss insana zərər yetirir, amma ola bilsin ki, insan həyatının hansısa bir anında itirdikləri üçün peşiman olsun. Din onun bu qorxu və şəhvət hissini azaldır və bir növ müvazinət və mö`tədillik yaradır.”

Eynşteyn bu barədə deyir: “ - İbtidai insanlar ölümün, aclığın, vəhşi heyvanların, qocalığın qorxusu dinin meydana gəlməsinə zəmin yaratmışdır.”

Bu nəzəriyyəni araşdırıb təhlil edərkən bir neçə məsələni qeyd etməliyik:

1. Bu nəzəriyyədə dinə və xüsusi ilə də Allaha olan e`tiqad qorxu və vəhşət hissindən doğan bir nəticə kimi qeyd olunmuşdur. Deməli, hər yerdə qorxu olarsa, Allaha e`tiqad da olmalı və qorxu olmayan hallarda bu əqidələr mövcud olmamalıdır. Başqa sözlə desək heç bir şeydən qorxmayan şücaətli insanlar arasında Allaha inanan insan tapmaq olmaz. Halbuki heç də belə deyildir. Bu nəzəriyyəyə görə, insanın elm və mə’lumatı nə qədər çoxalsa və insanın təbii hadisələrin səbəbi haqqında mə`lumatsızlığı nə qədər az olsa - Allaha olan e`tiqad və dini meylliliyi də bir o qədər az olmalıdır. Çünki, həmin fərziyyəyə əsasən, təbii hadisələrdən yaranan qorxu hissi onların səbəbini bilməməkdən irəli gəlir. Misal üçün, insan hər hansı bir xəstəlikdən qorxa bilər, lakin onu doğuran səbəbləri və müalicə yolunu tapa bilsə, qorxusu aradan gedər. Yaxud, təbii hadisələrə qalib gəlsə, artıq bu barədə təhlükə hiss etməz. Deməli, yuxarıdakı nəzəriyyəyə əsasən, insanın qorxu yaradan amillər barədə mə’lumatı nə qədər artsa, imanı da bir o qədər azalmalıdır. Halbuki bu mətləb real gerçəkliyin əksinədir.

2. Başqa əsaslı bir irad budur ki, bu nəzəriyyəni irəli sürənlər öz tədqiqatlarının bünövrəsini ibtidai dinlər üzərində qurmuşlar. Xatırladırıq ki, əvvəla bu dinlər barəsində tam aydın bir təsəvvür və dəqiq mə`lumat mövcud deyildir; bu barədə söylənilənlərin əksəriyyəti sırf fərziyyə və güman əsasındadır. İkincisi, bu kimi dinlər əsas e`tibarilə mütərəqqi və yetkin dinlərdən hesab olunmurlar; cəhalət, mövhumat və xurafatla qarışmış inanclar silsiləsindədir. Bu sahədə tədqiqat aparan alimlər öz elmi araşdırmalarını İslam dini kimi ağıl və məntiq əsasında olan kamil bir din üzərində qursalar, alınan nəticələr tamamilə fərqli olacaqdır.

3. İkinci bənddə qeyd olunanlara diqqət yetirsək mə`lum olar ki, qorxu nəzəriyyəsini irəli sürən sosioloqlar, tarixçilər və din tədqiqatçıları onu yalnız bir nəzəriyyə olaraq qəbul etmişlər. Buna görə də hansısa bir müddəanın isbatında ondan elmi bir mətləb kimi istifadə etmək olmaz.

Samuel Kinq bu barədə deyir: “ - Dinlərin mənbə və mənşəyi müəmmalarla örtülmüşdür. Bu barədə alimlər saysız-hesabsız nəzəriyyələr irəli sürmüşlər ki, onlardan yalnız bə’ziləri ağıl və məntiqlə uyğundur; hətta ən yaxşı nəzəriyyələr belə, elmi cəhətdən isbat olunmamışdır; fərziyyə olaraq söylənən bu fikirlər məntiqi təsəvvür dairəsindən bir addım belə önə keçə bilməmişdir. Buna görə də sosioloqlar arasında dinlərin mənbəyi ilə əlaqədar kəskin fikir ayrılığı mövcuddur.”

Bu nəzəriyyənin tərəfdarları inanırlar ki, insanın bir sıra əxlaqi, ruhi və ictimai ehtiyacları vardır; bu ehtiyaclar böyük, qüdrətli, əbədi bir varlığa e`tiqad bəslənilmədən tə’min olunmur. Bu daxili tələbat insanların qüvvət və qüdrət sahibı olan Allaha e`tiqad bəsləməsinin əsasını təşkil edir. Eynşteyn bu barədə deyir: “ - Hər kəs ideoloji hərəkətlərin nəticəsini görmək istəyirsə, yadda saxlamalıdır ki, insan övladının bütün təfəkkür və sə`yləri həyatda qarşılaşdığı ehtiyacları ödəmək və problemlərini həll etmək üçün olmuşdur. İki heyrətamiz qüvvə olan eşq və arzu bəşəriyyətin hərəkətverici qüvvəsi, mübarizə və ixtiraların əsas mühərriki olmuşdur. Bundan da önə keçib bəşər həyatı üçün müxtəlif məqsədlər qeyd etmək mümkündür, lakin onlar bu iki haldan kənar olmayacaqdır...” O sonra əlavə edərək deyir: “ - İnsanın ictimai xüsusiyyəti də dinlərin yaranma səbəblərindən biridir. Hər bir şəxs öz ata-anasının, qohum-əqrəbasının, rəhbərinin və böyük şəxsiyyətlərinin ölümünü görür; buna görə də hidayət olunmaq arzusu, sevmək, sevilmək, bir şəxsə arxalanıb ümid bəsləmək onda Allaha əqidə bəsləməyə şərait yaradır. Düşünür ki, həmin Allah bağışlayan və mehribandır, insanı və sair varlıqları qoruyur, kainatı nəzm və harmoniya əsasında idarə edir, məxluqata mükafat və cəza verir. O elə bir Allahdır ki, onları sevir, həyatı, qəbiləni və irqləri qoruyub saxlayır; onlara nail olmadıqları arzularda, qane olmadıqları istəklərdə təsəlli verir; elə bir Allahdır ki, ölülərin ruhlarını məhv olmaqdan saxlayır. Bütün bunlar, ictimai, yaxud əxlaqi sahədə Allaha əqidənin yaranmasına şərait yaradır.”


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə