Buxari Səhihi



Yüklə 303,5 Kb.
səhifə1/3
tarix15.07.2018
ölçüsü303,5 Kb.
#55797
  1   2   3

nundu Buxari Səhihi


ORUC

bölməsi

MÜXTƏSƏR

Tam variantlı “Buxari Səhihi”

toplusundan


Türk dilindən

Fərahim Sələfi

tərəfindən tərcümə və tərtib

edilmişdir
Bakı – 2005

Türk dilindən tərcümə və tərtib edən: Fərahim Sələfi

Redaktor: Pənah Mehdi

Texniki redaktor: İbrahim İman

Dizayn: Azər Qurban

Buxari Səhihi. Oruc. 2005, səh.

Buxari kimi tanınan Əbu Abdullah Məhəmməd b. İsmail əl-Buxari hicri 194 – miladi 810-cu ildə anadan olmuş və 256/870-ci ildə vəfat etmişdir.

Azərbaycan oxucusuna təqdim olunan bu əsər, İslam aləmində və bütün dün­ya­da ən görkəmli hədis alimi sayılan Əl-Buxarinin məşhur “Buxari Səhihi” əsərinin türk dilinə çevrilmiş “müxtəsər tam variantından” əxz edilərək dilimizə ilk dəfə olaraq bu formatda tərcümə edilmişdir.

(Hələ yaşadığı dövrdə imam əl-Buxari İslam dünyasının hədisşü­nasları (mühəd­disləri) arasında tayı-bərabəri olmayan və inkaredilməz nüfuz sahibi kimi tanınmışdır. “Buxari Səhihi” on bir əsrdən çoxdur ki, müsəlmanlar üçün Quran­dan sonra bütün məsə­lələr üzrə ikinci nüfuzlu əsas mənbədir.)

Əsər, “Buxari Səhihi”nin oruc bölməsini özündə əks etdirir.

Kitabda Allahın Elçisi Məhəmməd Peyğəmbərin (s.ə.s.) orucla bağlı hədis­ləri verilmişdir.

Buxari Səhihindən bu tərcümə İslamın biliklər xəzinəsinə yiyələnmək istə­yən bütün oxucular üçün nəzərdə tutulmuşdur.

İslamın ən mühüm mənbəyi

Buxari Səhihi

ORUC

bölməsi
RƏRCÜMƏ EDƏN



FƏRAHIM


BAKI-2006
BİSMİLLƏHİR RAHMƏNİR RAHİM!

Mərhəmətli və Rəhimli Allahın adı ilə!

ÖN SÖZ

Uca Allahın qüdrəti və əzəməti sayəsində gerçəkləşdir­di­yimiz səylərimizlə Azərbaycan dilində mütaliə edən oxu­cu­lar dün­ya şöhrətli İslam alimi imam əl-Buxari (810-870-ci illər) tərəfindən tə­r­tib edilmiş peyğəmbərimiz Məhəmmədin (ona Allahın salamı və sala­vatı olsun) hədislər məc­mu­əsi olan Buxari Səhihinin bir müx­tə­sər bölməsi olan oruc tutmaqla bağlı hədisləri ilə tanış olmaq imkanı əldə edirlər.

Buxari Səhihindən əxz etdiyimiz bu ikinci1 kitabçamızın əvvəlkin­dən bir sıra prinsipial fərqləri var – tərcümə bilavasitə türk mətnin­dən həya­ta keçirilmiş, hədislərə dair mətndə verilmiş açıq­la­ma və şərhlərlə yanaşı, tərəfimizdən sətiraltı izahlar da əlavə edilmiş­dir ki, onlar oxucuları hədislər haqqında daha geniş məlu­matlan­dıracaq.

İslamda müsəlmanların həyat fəaliyyəti üçün hədislərin əhə­miy­yəti haqqında deyə bilərik ki, onlar, Allahın Sözü olan Müq­əddəs Quranla yanaşı dinimizin əsas ikinci qaynağıdır.

İslamın iki mənbəyi – Quran və hədislər – Peyğəmbər Sün­nəsi, ilk nə­zər­də, mü­stəqil olaraq təzahür etsələr də, əslində bir-biri ilə ayrılmaz vəhdət təşkil edir. Hədis­lər Qurana uyğun gəlir, onun ayələrini şərh edir və onlara aid müddəaları açıqla­ya­raq Allahın Kitabında kon­kret göstərilmiş məsə­lələri təfərrüatı ilə mənalandırır.

“Hədis” – sözün dar mənasında Məhəmməd Peyğəmbər­in (ona Allahın salamı və salavatı ol­sun) imana, İslam şəriə­tinə və müsəl­ma­nın yaşayış tərzinə məxsus məsələlərə dair Quran prinsiplərini açıq­layan kəlamlardan ibarətdir. Geniş məna­da isə, bu kitabdan göründüyü kimi, “hədislər” kimi qəbul edilən təkcə Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) kəlam­ları deyil, həm də konkret hallarda onun hərəkət tərzi, ayrı-ayrı səhabələrə, tərəfdaşlarına və düşmənlərinə münasibətidir. Onun müsəlmanlar üçün mühüm hə­ya­ti əhə­miyyət kəsb edən məsələlə­rinin həllinə dair göstə­riş­ləri, baş vermiş hadisələrə verdiyi izahları və habelə Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) sə­habələrinin möminlər üçün dav­ranış nümunəsi rolunu oynaya bi­lən, onun (rəy söylə­mədən bəyəndiyi və) hüzurunda deyilən söz­ləri və yol verdikləri hərəkət­ləri də hədis sayılır.

Tamamilə şəriətə, müsəlman hüququna, uyğun gələrək, hə­dislər müsəlmanlar üçün hüquqi məna daşıyıcıları funksiyasını yerinə yetirir.

Müsəlmanların həm dini və həm də gündəlik həyatda Müqəddəs Quranla bərabər Məhəmməd Peyğəmbərin (ona Allahın salamı və sala­vatı olsun) hədislərinə də əsaslanmasını nə ilə izah et­mək olar? Məgər təkcə Quran onlara kifayət deyilmi? Allahın Sözü olan Quranı şərh etmək lazımdırmı?

Quran “müttəqilərə doğru yol göstərən” (Bəqərə, 2/2) Kitabdır. Quran – məhz “hida­yət­dir” (Fussilət, 41/44), “doğru yo­lu” (Loğman, 31/3), “Allahın hidayətini” (Zumər, 39/23) göstərir. O, İslam və müsəlmanlar üçün din haqqında, insa­nın bu dünya­da­kı həyatı­nın mənası, insanın Allaha ya­xın­laş­ma­sının yolları, Yaradan­in iltifatına və mərhəmətinə nail olmaq haqqında prinsipial müd­də­aları müəyyənləşdirir. Quran müsəlma­nın həyatında baş ve­rən konkret hadisələr zamanı onun necə davranmasını müəyyən etmir və məhz bu baxımdan onun yığcam­lığı, hökmlərinin afo­riz­mi, bu və ya digər məsələlərlə bağlı müddəalarda təfərrüata varıl­maması təbiidir.

Təbii ki, müsəlmanlar Quranın bu və ya digər ayələrinin mə­­nala­rının şərh edilməsinə, dini məsələlərdə və məişətdə Quranın hökmlərinin yerinə yetirilməsi ilə bağlı aralarında yaranan sualların düzgün həllinə ehtiyac duyurdular. Allah Peyğəmbərə (ona Allahın salamı və sala­vatı olsun) elə xüsusi səlahiyyətlər vermişdi ki, ölümlü olanlardan heç kimdə onlar olmamış və ola da bilməzdi: “Allaha və Peyğəmbərə ita­ət edənlər (axirətdə) Allahın ne­mətlər verdiyi nəbilər (peyğəm­bər­lər), siddiqlər, şahidlər və sa­lehlərlə bir yerdə olacaq­lar” (Nisa, 4/69); “Allaha, Peyğəmbər­­inə və özü­nüz­dən olan ixtiyar sahib­lə­rinə itaət edin!” (Nisa, 4/59); “... (Məhəmməd Peyğəmbər­ – F.S.) nəyi qadağan edirsə, ondan əl çəkin” (Həşr, 59/7).

Uca Allah Öz Elçisinin (ona Allahın salamı və salavatı olsun) hə­rə­kətlərini və kəlamlarını, həyat tərzini bütün müsəlman­lar üçün örnək, nümunə etdi: “Allahın Elçisi Allaha, qiyamət gününə ümid bəslə­yənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (Əhzab, 33/21). Uca Allah Peyğəmbərə (ona Allahın salamı və salavatı olsun) Quranı izah etmək, İslamın Müqəddəs Kitabında olmayan sualları cavab­landırmaq haqqı verdi: “Sənə də Quranı nazil etdik ki, insanlara onlara gön­dəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edə­lər!” (Nəhl, 16/44); “Ey iman gətirən­lər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahib­lərinə itaət edin! Əgər bir iş barəsində müba­hisə et­səniz, Allaha və qiyamət gününə inanırsınız­sa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır”. Yenə də: “Amma, xeyr! (Ya Rəsu­lum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (mün­sif) təyin et­məyincə və verdi­yin hökmlərə görə özləri­n­də bir sıxıntı duyma­dan sənə tam bir itaətlə boyun əymə­yin­cə, (həqiqi surətdə) iman gə­tir­miş olmazlar” (Nisa, 4/65).

Beləliklə, Uca Allah müəyyən etmişdir ki, müsəlmanlar hə­yatda həm Müqəddəs Quranı – Onun Kəlamını, həm də Sünnəni – Məhəmməd Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) müdriklik təcəssü­mü­nü əldə rəhbər tutmalıdırlar.

“Hədis” anlayışı və onun sinonimi olan “sünnə” Müqəddəs Quranın nazil olması və VII əsrin başlanğıcında ərəb cəmiyyətində İslamın bərqərar olması, yeni dinin Ərəbistan hüdudla­rından kə­na­ra çıxması ilə bağlıdır. Bu ərəb sözləri İslama qədər də mövcud idi. İslamın təşəkkül tapması gedişində isə onlar, dinin özəllikləri ki­mi, yeni dini dünyagörüşün və ayinlərin düzgün anlaşılması üçün birinci dərəcəli əhəmiyyət kəsb edən istilahlarına çevrildilər. Özü də, “hədis” və “sünnə” sözləri Müqəddəs Quranda həm ilkin (is­la­ma­qədərki) və həm də yeni mənada, İslam anlayışı kimi istifadə edilir.

Allahın Kitabının təbliğ etdiyi yeni dini təlim olan Qurana uy­ğun olaraq, Məhəmməd Peyğəmbərə (ona Allahın salamı və salavatı olsun) İslam təbliğatının ümumi anlaşılmazlıqla qarşılan­dığı bir dövrdə Məkkədə nazil olan ayədə “hədis” sözünə rast gəlinir. Bu ayədə Uca Allah buyu­rur ki, Peyğəmbər (ona Allahın salamı və salavatı olsun) hədisə - yeni təlimə inanmayanların rəftarına görə ürəyin­də təəs­süf­lənməməlidir (Kəhf, 18/6).

Quranda ərəb sözü olan “hədis” nə isə bir yeniliyi ifadə et­mək, şərh etmək, bəyan etmək, söyləmək mənalarını bildirir. De­məli, bu mə­nada “hədis” müsəlmanlara indiyədək məlum olma­y­an, onların qəbul etmədiyi hansısa bir yenilikdir. Məhəmməd Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) təbliğat fəaliyyəti apar­dığı dövrdə ərəblər üçün Quran və İslamın məhz belə namə­lum və qəbulolunmaz bir nəsnə olma­sı, düşünmək olar ki, təəc­cüb­lü deyil. Çünki İslam, kökləri qədim əsirlə­rin dərinliklə­rinə apa­ran ənənəvi dini təlimləri sıxışdırıb aradan çıxarmalı idi.

İslamın təşəkkülü və yayılması onun ardıcıllarının dünya­baxı­şın­da və davranışında çox böyük mənəvi-ruhani dəyişikliklərin yaranmasına səbəb oldu. Quran prinsipcə çoxsaylı yeni ənənələr, norma və adətlər təbliğ edirdi. O, özünün, ərəblərə, İslamı qəbul etmiş digər xalqlara xas olmayan xüsusi əxlaq dəyərlərini yaratdı və həyata tətbiq etdi.

Beləliklə, ərəblərin və digər xalqların çoxtanrıçılıqdan va­hid Allaha ibadətə keçmələri onların həyatında çoxsaylı kəşflərin – “hədis­lərin” tətbiqi ilə müşayiət edilirdi. Onlar üçün, yuxarıda qeyd edildiyi kimi, yeni (hədis) olan şey Quran və onun özü ilə gə­tirdiyi təlim idi. Quran təlimi və normaları müsəlmanların həya­tın­da başlıca yer tutaraq, onlar üçün gündəlik norma rolunu oyna­ma­lı, onların adətinə (adət - ərəbcə - sünnə) çevrilməli idi.

İslama qədər sünnə ərəblərin arasında hökm sürən, on­la­­rın hə­yat yolunu müəyyənləşdirən adi məişət normaları, qayda­ları və üsul­ları idi. İslam ona qədər olan heç nəyi əsaslandırmadan inkar etmirdi və etmir, öz ardıcıllarının həyat tərzində əsrlər boyu bərqərar olmuş və adə­tə çevrilmiş dəyərlərə tamamilə etinasız yanaşmaq mövqeyində də durmur.

İslam bu dəyərləri heç avtomatik olaraq da “özününküləş­dirmirdi”. İslam, onun əxlaqi təsəvvürlərinə, əxlaqi məqsədlərinə uyğun gəlməyən dəyərlərin qadağan edilməsi prinsipinə əsaslanır. Xalqın həyat fəaliyyətində qalan nə varsa, hətta İslamda nəzərdə tutulmasa belə, hör­mətə layiqdir və müsəlmanların gündəlik hə­yatı və məişətində öz ye­rini tuta bilər: “Allah sizə (bilmədik­lərinizi) bildirmək, sizdən əv­vəlkilərin getdiyi yolları (ərəbcə mətndə - “sünnə”) sizə göstər­mək... istər” (Nisa, 4/26).

Eyni zamanda, Quran öz dəyərlərinə uyğun gəlməyən keç­­­miş­dən qalma nə varsa qətiyyətlə pisləyir və rədd edir. Allah alkoqollu içkilərin qəbulunu, yeni doğulmuş qız uşaqlarının diri-diri basdırılmasını, kişi və qadın arasında qaydasız cinsi münasibətləri, donuz əti yemək kimi adəti və s. pisləyir və qadağan edir.

Bizim, Peyğəmbərə (ona Allahın salamı və salavatı olsun) aid edilən hədislərin həqiqiliyinə ina­mımız və onlarda bu gün də bizi narahat edən çoxsaylı suallara cavab axtarmağımız bir sıra tək­zibolun­maz sübutlara əsaslanır.

Peyğəmbər (ona Allahın salamı və salavatı olsun) Quranın ayə­lə­rinin qorunub saxlanmasına, onların dəqiqliklə qeyd edilmə­sinə bö­­yük diqqət yetirməklə yanaşı, özünün ilk təbliğat fəaliyyəti illə­rin­də hədislərin yazıya alınmasını qadağan etmişdi. O hesab edirdi ki, hədislər dindar­ların diqqətini haqsız olaraq çox cəlb edə və on­ları Müqəddəs Qurandan yayındıra bilər. Lakin müsəlman­ların sayı getdikcə artırdı, İslam artıq Mə­­dinənin hüdudlarından uzaqlara çıx­­­mışdı. Bu, təbii olaraq müsəlman­ların adi və dini həya­tının hər­tərəfli yenidənqurulması gedişində qarşıya çıxan məişət məsələlə­rinin həlli üçün məsuliyyət daşıyan şəxslərin onları tən­zim­ləyən göstərişlərə olan ehtiyacının artmasına səbəb oldu. Bu tələbatı ancaq Peyğəmbər (ona Allahın salamı və salavatı olsun) təmin edə, din­darların çoxsaylı suallarına cavab verə bilərdi. Onun hədislərinə olan marağın daima artmasına əhəmiyyətli dərəcədə təsir göstə­rən amil­lərdən biri də müsəlmanların Quranı öyrənməyə və əz­bərləməyə can atmaları idi. Bu isə, öz növbəsində, onların qar­şı­sında çoxlu suallar qo­yurdu ki, cavabı da onlara təkcə Peyğəmbər (ona Allahın salamı və sala­vatı olsun) verə bilərdi.

Bütün bunları görərək, Allahın Elçisi (ona Allahın salamı və sa­la­­vatı olsun) ətrafındakılara hədisləri yazmağa icazə verdi. Tə­əc­cüb­lü deyil ki, bəzi müsəlmanlar o saat bundan istifadə etdilər. Hədis mətnləri şəxsi istifadə üçün onunla yaxın münasibətdə olan bütün şəxslərdə var idi. Bu barədə çox yəqinliklə şahidlik edə bi­lən sü­but­lar ondan ibarətdir ki, məhz Peyğəmbərə (ona Allahın salamı və sa­la­vatı olsun) yaxın olan şəxs­lər hədislərin ötürülməsi və tərtib edil­məsində ən başlıca mənbələr olmuşlar.

Hədislər Peyğəmbərin (ona Allahın salamı və salavatı ol­sun) ölü­mündən sonra müsəlmanlar arasında geniş yayılmağa başladı. Özü də onlar təkcə şifahi formada yayılmırdı. Ona yaxın olan adamların əksəriy­yətinin əlində yazıya köçürülmüş hədislər var idi. Ən ilkin hədis toplula­rını gələcək xəlifə Əli ibn Əbu Talib (hicri 40-cı ildə vəfat edib) və İbn Abbas (Allah onların hər ikisin­dən razı olsun) (hicri 68-ci ildə vəfat edib) tərtib etmişdilər. Onlar – “Əl-Kədeyyə”1 adlandı­rıl­mış­dı.

Yazılmış hədis mətnləri, bir də qeyd edək ki, nəinki ərəb­lərin ara­sında, həm də nəhəng müsəlman dövlətinin hər tərəfinə yayılmışdı. Onların geniş yayılmasına səbəb Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) onunla birgə din uğrunda müba­rizə­sində iştirak etmiş səhabələrinin və ya onunla yaxın ünsiyyət saxlamış şəxslərin müsəlman döv­lətinin müxtəlif ucqarlarında ya­şa­mağa başlamaları olmuşdur.

Qeyd edək ki, yeni hədis topluları əməli ehtiyaclar üçün, yəni, əzbərləmək və əldə rəhbər tutmaq üçün tərtib edilirdi. Lakin onları toplayanlar qarşılarında yeni, əvvəllər məlum olmayan hə­dislərin axtarışı məqsədini qoymurdular. Yeni hədislərin yazıya al­ınması ilə ancaq ayrı-ayrı adamlar məşğul olurdular ki, onlar hə­disləri nə təsnifləşdirməyə, nə də onları sistem halına salmağa ça­lışmırdılar. Bu sırada istisna təşkil edənlər nadir insanlardı. Belə ki, Əbu Hureyrənin (Allah ondan razı olsun) sözlərindən hədislər rəva­yət etmiş Həmmam bin Münəbbihin tərtib etdiyi ən səhih hədis top­lu­su sonralar hədisşünaslar - mühəddislər tərəfindən klassika­ya çev­rilmiş məcmuələrin tərtib edilməsində istifadə olunmuşdur.

İslam o vaxtlar, təxminən yüz il və ya bir əsr ərzində dün­ya dininə çevrilmiş, Qərbdə Hibraltardan başlayaraq, Şərqdə Qaş­qara qədər yayılmışdı. Dünyada ən nəhəng müsəlman dövləti olan Ərəb xilafətinin tərkibinə çoxsaylı xalqların məskunlaşdığı ərazilər daxil idi. Onlar müxtə­lif dillərdə danışır, ən müxtəlif ən­ənələrə, xa­siyyətlərə və adətlərə malik idilər. Onların böyük bir hissəsi mü­səlmanlığı qəbul edərək, əksəriyyəti ancaq hədislərdə öz əksini tapmış yeni qanun və qaydalara müvafiq yaşamalıydılar. Kağız üzərinə köçürülmüş və hamı üçün əlverişli olan hədislərə tələbat gün kimi aydın idi.

İlkin olaraq bu tələbatı nəinki dərk etdi, hətta onu təmin etmək məqsədilə bir sıra addımlar atan xəlifə Ömər Əbdüləziz (681-720) oldu. O, Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) ən yaxın səhabəsi ikinci xəlifə Ömər ibn əl-Xəttabın (Allah ondan razı olsun) nəticəsi idi. O hə­dis bilicilərini xilafətinin bütün ucqarlarına yollayaraq onlara həm Peyğəmbərin (ona Allahın salamı və salavatı ol­sun) kəlamlarını yaymağı, həm də onları toplamağı tapşırırdı. Onun nümayəndəsi imam əz-Zohri (hicri 50-124-ci illər) Sünnə­ni rəsmi qay­dada yazıya köçürməklə məşğul olanlardan birincisidir. O, öz­ün­dən əvvəl tərtib olun­muş əlyazma hədis­ləri əhəmiyyətli dərə­cədə genişləndirmişdir.

İslam dünyası həm keçmişdə bilirdi və həm də bu günü­müzdə bir çox hədis topluları haqqında məlumata malikdir. Amma onlardan ancaq ikisi “Səhih” adlanır və təkcə onlar mötəbər və eti­barlı hədislər­dən ibarətdir. Bunlar təkcə – imam əl-Buxarinin “Sə­hi­hi” və imam Müslimin “Səhihi”-dir.

İmam əl-Buxari (tam adı Məhəmməd ibn İsmail ibn İbrahim ibn əl-Muğirə ibn Bərdizbah Əbu Abdullah əl-Cufi əl-Buxaridir) 810-cu ildə (hicri 194-cü ildə) Buxarada doğulmuşdur. Erkən uşaqlıq dövründən onun dini tərbiyəsi ilə şəhər məscidlə­rindən birinin imam xətibi olan babası məşğul olmuşdur.

Gələcək dünya şöhrətli hədisşünasın istedadı hələ onun lap er­kən yaşlarında özünü biruzə vermişdi. Artıq altı yaşında olarkən o, Quranın bir çox surələrini əzbər oxuyurdu. Onu din­ləmək üçün uzaq yerlərdən gəlirdilər.

9 yaşında yeniyetmə Məhəmməd ibn İsmail hədisləri əz­bər­­lə­mə­yə və toplamağa başladı və onları mövzular üzrə ayır­ma­ğa cəhd gös­tərdi. Tezliklə o bu məsələdə uğurlar qazan­mağa, öz müəllimlərinin səhvlərini və yanlışlıqlarını görməyə başladı.

O, 16 yaşında, həcc ziyarətindən sonra, dörd il Məkkədə məşhur hədisşünas, o zaman üçün ən böyük – 30 min hədis siya­hı­sına malik olan Əhməd ibn Hənbalın rəhbərliyi altında hədisləri öyrənmiş, tanınmış ilahiyyat alimləri ilə görüşmüş, dini mövzular üzrə aparılan diskussiya­larda iştirak etmişdir.

Sonra Məhəmməd ibn İsmail öz müəllimi ilə Ərəb xilafə­ti­nin paytaxtı, öz tədris və elmi ocaqları ilə geniş tanınan Bağdadda bir-neçə il keçirmişdir.

Daha sonra o, Misirdə, Suriyada, Səmərqənddə və Nişa­pur­da yaşamışdır. Olduğu bütün yerlərdə o, yeni hədislərin top­lanması və onla­rın sistemləşdirilməsi ilə məşğul olmuşdur. O, cəmi 600 min hədis yaza bilmiş və onlardan 200 minini şəxsən özü toplamışdır. 300 min hədisi əzbər bilirdi. Onlardan 100 minini “əsl”, yəni “səhih”, 200 minini isə əsli, həqiqi olmayan, səhihliyi şüb­hə doğuran sayırdı.

İmam əl-Buxari həyatının əsas hissəsini Səmərqənd ya­xın­lığın­dakı Xartanqi kəndində keçirmişdir. Burada o, topladığı bütün hədisləri qaydaya salmış, əzbər bildiklərini isə yazıya almışdır.

İmam əl-Buxari ilk dəfə olaraq özündən əvvəlki hədis top­layan­ların ümumi çatışmazlığı olan – bütün məlum hədislərin hə­dis toplularına daxil edilməsini aradan qaldırmışdır. Özü də onlar hə­disləri ayrı-ayrı mə­sələlər və suallar üzrə təsnifləşdirmir­dilər. Bu isə öz növbəsində hədislər­dən istifadə etməyi olduqca çətin­ləş­dirirdi.

İmam əl-Buxari çoxillik işinin gedişində elə bir metod iş­ləyib hazırladı ki, onun tətbiqi hədislərin top­lan­ması və sistem­ləş­dirilməsi üzrə bütün işləri ciddi elmi əsaslarla aparmağa imkan ya­ratdı. O ilk dəfə olaraq hədisləri doğru, gerçək (səhih) və qeyri sə­hih, doğru olmayan, uydurulmuş kimi iki qismə böldü. Onun baş­lıca metodu isnad oldu. İsnad – konkret hədisi sonuncu ötürü­cü­dən (rəvayətçidən) onun birinci ötürücüsünədək rəvayətçi həlqələ­rinin müəyyənləşdirilməsidir. Bu zaman o, əsas diqqəti ilk ötürücü qaynağı rolunu oynamış, hədisi yazıya köçür­müş şəxslərin müəy­yənləşdirilməsinə, onu sonradan ötürmüş şəxslərin adlarının bir-bir sadalanmasına xüsusi diqqət yetirirdi. Əsli olan, dəqiq, etibarlı hədislərə o hədislər aid edilirdi ki, onları rəvayət edənlər Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) davranışının bilava­sitə şahidi və yaxud onun kəlamlarını, şərhlərini şəxsən eşitmiş olsunlar. İmam əl-Buxari üçün istisnasız vacib olan məqam – hə­dis ötürücülərinin mənəvi-əxlaqi siması idi; yaramaz hərəkətlərlə, sənədi aşınmalarla bağlı olan şəxsdən rəvayət edilən hədis, səhih hədislər sırasından çıxarılırdı.

Bu və digər üsulların, üslubların tətbiqi imam əl-Buxariyə im­kan verirdi ki, hədisin həqiqiliyini və ya uydurulmuş (saxtalaş­dırılmış) olduğu­nu aşkar etsin. Onun metodları etibarlı sipər rolu­nu oynadı ki, onların vasitəsi ilə Allah Sünnəni qorudu. Allah heç kimə istədiyini və Allahın Elçisinə (ona Allahın salamı və salavatı olsun) məxsus olmayanı Peyğəmbə­rin (ona Allahın salamı və salavatı olsun) adından danışmağa yol verməmişdir.

Hədislərin, qaynağına mənsub olmasını nəzərə almaqla təsnifləş­dirilməsinə imkan verən prinsip­lə­rin işlənib hazırlanma­sında və tətbi­qində aparıcı rol imam əl-Buxariyə məxsusdur. O habelə, birincilər sıra­sında məqbul sayılan və rədd edilən hədis­lərin və onların rədd edilməsi səbəblərinin bölgü tipologi­ya­sını iş­ləyib hazırlamışdır.

Hədislərin seçilməsi üzrə belə bir həqiqətən nəhəng miq­yaslı tənqidi əsər parlaq nəticələr verdi. İmam əl-Buxariyə məlum olan 600000 hədisdən səhih olanların siyahısına ancaq 7275-i daxil oldu ki, bu da 1 faizdən bir az çox idi. Əvəzində isə, bu hə­dislər Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) onlarla həqi­qətən mükalimə apardığı 208 şəxsdən rəvayət edil­mişdir.

İmam əl-Buxari səhih hədislər kimi seçdiklərini “Əl-Cəmi əs-Səhih” (“Səhih toplu”) adlandırdığı dörd cildliyə daxil etmişdir. Onlarda, hədislərlə yanaşı fiqh (müsəlman hüququ), müsəlman ən­ənələri, islam əxlaqı və tərbiyəsi üzrə və həmçinin o zamanın ta­rixi-etnoqrafik məz­munlu nadir məlumatlar öz əksini tapmışdır.



Hələ yaşadığı dövrdə imam əl-Buxari İslam dünya­sının hədisşü­nasları (mühəddisləri) arasında tayı-bərabəri ol­ma­yan və inkaredilməz nüfuz sahibi kimi tanınmışdır. “Əl-Cəmi əs-Səhih” on bir əsirdən (onun müəllifi 870-ci il­də vəfat et­mişdir) çoxdur ki, müsəlmanlar üçün Quran­dan sonra bü­tün məsələlər üzrə ikinci nüfuzlu əsas mənbədir.

Bu əsərdən istifadə etməyi əhəmiyyətli dərəcədə asan­laş­dıran amil, hədislər toplusunun konkret mövzulara bölünməsi ilə bağlıdır. Bölmələrin adları hədislərin məzmununun çoxcəhətli sə­ciy­yəsi, İslam dini və şəriətinin izah edilməsi üçün onların böyük əhəmiyyəti haqqında fikri əyani surətdə təsdiq edir. Onlar, müsəlmanın gündəlik həyatına dinin irəli sürdüyü tələbləri, əldə rəhbər tutmaq üçün zəruri olan təlimatları aydın şəkildə ifadə edir.

Bir-neçə nümunə gətirək.

Toplu, “Vəhyin başlanğıcı” fəsli ilə açılır. Fəsil yeddi hədis­dən ibarət­dir. Bu fəsillər olmadan biz Məhəmməd Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) vəhyləri Uca Allahdan havaxt və harada almağa başla­dığını, Quran ayələrinin ona mələk Cəbrail tərəfindən necə verildi­yini, bu zaman onun hansı vəziyyətə düşdü­yünü, dini təbliğatı fəaliyyə­tinə baş­lamasına ətrafdakıların necə münasibət bəsləməsini müəyyənləş­dirə bil­məzdik.

Buxari Səhihində İslamın Quranda ümumiləşdirilmiş şəkil­də veril­məmiş beş əsasının tam ifadəsi öz əksini tapmışdır. Quranda müsəlman­ların bu əsaslara necə riayət etmələri də gös­tərilməmişdir. Əvəzində isə onlar Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) hədislərində verilib ki, bunu əsərin “Dəs­təmaz kitabı”, “Qüsl kitabı”, “Namazın vaxtı haqqında kitab”, “Azan kitabı”, “Na­mazın qısaldılması kitabı”, “Zəkat kitabı”, “Həcc kitabı”, “Oruc ki­tabı” və b. fəsilləri yəqinliklə təsdiq edir.

Hədislərin əhəmiyyətli bir qismi müsəlmanların qarşılıqlı münasi­bət­lərinə, onların davranışına, gün­dəlik həyati problemlə­rinə həsr edil­miş­dir. Bu qəbildən olan hədislər şərti olaraq iki qru­pa bölünə bilər: Quranda olan müddəaları şərh edən hədislər; Quranda bəhs edil­məmiş, lakin müsəlmanlar üçün böyük ma­raq doğuran və əhəmiyyət kəsb edən məsələlər haqqında məlu­mat verən hədislər.

Bəşər fəaliyyətinin ticarətlə bağlı nümunəsinə aid hədis növlərin­dən ən birincisini qısaca səciy­yələn­dirək. Quranda ticarətə bir-neçə ayə (Bəqərə, 2/276, 282; Cümuə, 62/9-11; Nisa, 4/33) həsr olun­muşdur. Onlar İslamın ticarətin aparılmasına münasibə­tini ümumi şəkildə ifadə edir. Ticarətə, icazə verilməsinə baxma­yaraq, fərz na­­mazları başlayan kimi, ona fasilə vermək tələb olunur. Ticarət nağd pulla aparılmalıdır. Sələm – faizlə pul vermək (sələmçilik) qa­da­ğandır. Diqqət, müsəlmanları namazdan sonra Allahın mər­hə­mətini qazanmağa çağıran, yəni öz dini vəzifələrini unutmadan gündəlik işlərlə məşğul olmağı davam etdirməyi tələb edən Allah Sözünə yönəldilir. Ayələrin məzmunundan görünür ki, onlar mü­səl­manların ictimai həyatının belə bir mürəkkəb sahəsi olan tica­rətin tənzimlənməsi üçün açıq-aşkar kifayət etmir. Məlum olduğu kimi, ilk müsəlmanların həyat fəaliyyətində ticarət aparıcı yer tu­tur­du. İslamın gəlməsi ilə ticarətlə məşğul olanlar mürəkkəb və­ziy­yətə düşmüş­dülər: keçmişdəki kimi ticarət münasibətlərinə qoş­ulmaq olmazdı, ticarət münasibətlərində baş verən çoxsaylı məsə­lələrə Quranda cavab veril­mir­di. Və, təbii ki, yeni şəraitdə mey­dana çıxan bütün suallarla müsəlmanlar Peyğəmbərə (ona Allahın salamı və salavatı olsun) müraciət edirdilər, alış-veriş məsələ­lərində onun necə hərəkət etdiyinə diqqət yetirir, onun bəyən­məsini və ya pisləməsini gözləyirdilər.

Belə sualların və onlara verilən cavabların səciyyəsi, tica­rətə münasibət haqqında Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) müsəlmanlar qarşısında buyurduqları barədə “Buxari Səhihi” fəsillərinin adlarına görə (“Ticarət sövdələşmələri kitabı”; “Öncə­dən ödəmə kitabı”; “Muzd və icarə kitabı”; “Borc­ların köçürülməsi haqqında kitab”; “Borc, borcların ödənilməsi, əşyalara həbs qoyulması və müflis hesab olunma haqqında kitab”; “Şəriklik haqqında kitab”; “Girov kitabı”; “Şəhadət kitabı”; “Və­siyyətnamələr kitabı” və b.) mühakimə yürütmək olar.

Sonda bir xüsusiyyəti də qeyd etmək lazımdır ki, imam əl-Buxa­ri­nin məcmuəsinin əksər hədisləri müsəlmanların gündəlik həyati tələ­batlarına cavab verən qayda-qanunlardan ibarətdir ki, onların haqqında Qurani Kərimdə ya birbaşa açıqlama verilməyib, ya da onlara ümumiyyətlə toxunulub (bax: “Ye­mək haqqında kitab”; “Əqiqə (yeni doğulmuş körpəyə adqoyma) haq­qında kitab”1; “Kəsilən heyvanlar və ov haqqında kitab”; “İçkilər haq­qında kitab”; “Xəstələr haqqında kitab”; “Tibb kitabı”; “Geyim haqqında kitab”; “Ədəb-ərkan haqqında kitab”; “Əhkamlar haqqında kitab”; “Sınaq kitabı” və b.).

Əvvəlki (rus dilindən çevirdiyimiz) ilk təşəbbüsümüzdən (Buxari, Namaz, Bakı, 2005) fərqli olaraq, Buxari Səhihinin Türk dilindəki nəş­rin­dən azərbaycancaya tərcümə etdi­yimiz bu - oruc­lu­­ğa aid hədis­lər kitabçası bütövlükdə, müəllifinin vəfatından altı əsr keç­dikdən sonra, müsəlman ilahiyyatçı alimi əz-Zübeydi tərəfin­dən, tərtib ed­ilmiş müxtə­sər tam variantın bölməsidir.

Xüsusilə vurğulamaq istəyirəm ki, “Oruc” kitabçası adı al­tında ha­zırla­dığımız səhih hədislər toplusunun bu müstəqil fraq­menti bütün müsəl­man camaatımız üçün dəyərli və vacib töhfədir.

Bu əsərdə toplanmış Quran ayələrinin türkcədən tərcümə­si üç­ün Z. Bünyadov və V. Məmmədəliyevin çevirdiyi Quranın mətnindən istifadə edilmişdir.

Buxari Səhihinin Azərbaycan dilində və həm də ayrı-ayrı müs­təqil kitablar formatında nəşri ölkəmizdə İslamın elmi əsas­larının, dərin­dən öyrənilməsinə, Quranla bərabər İslamın ikinci əsas qaynağı olan Sünnənin – hədislər toplusunun daha geniş küt­lələr tərəfindən Ana dili­mizdə oxunub başa düşül­mə­si­nə səbəb olmasını bir olan Allahdan arzu edirəm.


Yüklə 303,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə