Cənub bölgəsində Lənkərandayam: vaxtilə zəhmətsevərliyilə Azərbaycanda tanınan bu diyarda indi bərəkətli torpaqlar əkilmir kəndlilər qoyduqları zəhmətin əvəzinə qəpik-quruş almaqdan beziblər



Yüklə 155,97 Kb.
səhifə1/4
tarix26.09.2017
ölçüsü155,97 Kb.
#2211
  1   2   3   4

www.kitabxana.net
Milli Virtual Kitabxana
ELÇİN

SOSREALİZM BİZƏ NƏ VERDİ?

Sovet dövrü ədəbiyyatı haqqında
Məsələnin qoyuluşuna dair

Birinci məqalə

XX əsr Azərbaycan ədəbiyyatı zaman baxımından böyük, yaradıcılıq baxımından zəngin bir dövrü ən sıxı (müəyyənedici!) tellərlə sosialist realizmi (sosrealizm) ədəbi metodu ilə bağlı olub, başqa sözlə desək, ədəbiyyatımız 70 il məhz həmin dövrün bədii məhsulu olub. Sosrealizm Azərbaycan ədəbiyyatına və ictimai fikrinə təbii şəkildə gəlmədi, inzibati yolla gətirildi və SSRİ məkanını, sosialist ölkələrini çıxmaqla dünya ədəbiyyatı tarixində belə bir hadisənin analoqu yox idi. Sosrealizm ədəbiyyatımızın axtarışları, istəyi, bədii-estetik ehtiyacı ilə yox, sovet (Stalin) sisteminin zoru ilə bədiiyyata tətbiq edildi.

Bəli, bütün bunlar danılmaz həqiqətdir, ancaq o da həqiqətdir ki, ədəbiyyatımızın 70 illik tarixi, yuxarıda dediyim kimi, bu ədəbi metodun daxilində cərəyan edib, 70 illik ədəbi vaqeəmiz istəsək də, istəməsək də bu çərçivəyə pərçim olunub. Odur ki, biz sosrealizmə (və Sistemə!) qarşı kin-küdurəti, qərəzi bir tərəfə qoyub, onun ədəbi irsini obyektivcəsinə təhlil etməli, elmi-nəzəri təsnifatdan keçirməliyik.

Sənətkar azadlığının, ümumiyyətlə, sənət spesifikasının ilkin şərti ondadır ki, həmin sənətkarın istedadı onun yaradıcılığının estetik təmayülünü, yönünü müəyyən edir, yəni istedadın nüvəsi yaradıcılığı realizmin, yaxud impressionizmin, yaxud postmodernizmin və s. təzahürünə çevirir; yeni bədii-estetik cərəyanlar yaradır; yəni bu – istedadın axtarışlarının, seçiminin nəticəsidir.

Bir küll halında götürsək, sovet dövrü ədəbiyyatının əgər belə demək mümkünsə (elə bilirəm ki, mümkündür), bədii-estetik faciəsi onda idi ki, fərdi səciyyəli bu seçimi istedadlar yox, Sistem etmişdi: sosrealizmi məcburi ədəbi metod kimi hakimliyə gətirmişdi və təxminən 1924-56-cı illər arasında – Sistemin ədəbi ideologiyası formalaşdığı vaxtdan Sov.İKP-nin XX qurultayında Nikita Xuruşşovun Stalin kultuna qarşı söylədiyi məruzəyə qədərki dövrdə – yaradıcılığa başlamış yazıçılar (eləcə də rəssamlar, bəstəkarlar, memarlar, rejissorlar və s.) sosrealizmə məhkum edilmiş yaradıcı insanlar idi.

Sistem ədəbiyyatı dövlətin – Sovet İttifaqının – icra qurumlarından birinə çevirməyə çalışırdı və bu çalışma, bu cəhd SSRİ tarixinin müəyyən dövrlərində güclü və yaxud nisbətən zəif effektlə sovet quruluşunun sonuna kimi davam etdi. 1925-ci ildə Sistem Proletar Yazıçılarının Birinci Ümumittifaq konfransını keçirərək, RAPP-ı (rusca abbreviatura, yəni Rusiya Proletar Yazıçıları Assosiasiyası) yaratdı və bu, əslində gələcəkdə güclü bir ədəbiyyat komissarlığı (nazirliyi) kimi düşünülmüş qurumun başlanğıc mərhələsi idi.

RAPP-çılığı təbliğ edən “Na literaturnom postu” jurnalını vərəqləsəniz görəcəksiz ki, “proletar ədəbiyyatı”nın nə olduğunu izah etməyə çalışan dolaşıq, çiy, bir-birini inkar edən ziddiyyətli “nəzəri” fikirlərlə, ədəbiyyatı tamam siyasiləşdirən vulqar sosioloji çağırışlarla bərabər, RAPP-ın əsas məqsədlərindən biri də “trotskiçilik” adı ilə şəxsən Lev Trotskiyə qarşı mübarizə idi. Məncə, təsadüfi deyil ki, İosif Stalin Lev Trotskini tamam sıradan çıxartdıqdan sonra RAPP ləğv olundu və SSRİ Yazıçılar İttifaqı timsalında, dediyim həmin ədəbiyyat (sosrealizm) nazirliyi yaradıldı. Yazıçılar İttifaqı ideoloji baxımdan RAPP-ın davamı və inkişafı idi və təsadüfi deyildi ki, RAPP-ın liderlərindən olan Vladimir Stavski və Aleksandr Fadeyev uzun müddət SSRİ Yazıçılar İttifaqına rəhbərlik etdilər.

Stalinin əmri ilə RAPP ləğv edilərkən Nikolay Erdman sonradan ona çox baha başa gələn məşhur epiqrammasını yazmışdı:


Əmr etdi qorxunc satrap,

Bağlandı RAPP.

Sevinməyin ki, bağlandı RAPP.

Hələ sağdır satrap.


(Orijinalı belədir:
Po vole qroznoqo satrapa

Ne stalo RAPPa.

Ne raduysya, çto umer RAPP.

Ved jiv satrap.)


Satrap da, ondan əvvəlkilərin, ondan sonrakıların və onun özünün də əməlləri bir küll halında, əslində, Sistem demək idi. Sistemi həmin əməllər yaratmışdı və bütün icra qurumlarını idarə etdiyi kimi, Sistem ədəbiyyatı da idarə etməyə çalışırdı, çox zaman da buna nail olurdu: bədii yaradıcılığın taleyi (senzuradan keçməsi, çap olunması, “tərif”, yaxud “ifşa” edilməsi və s.) tam şəkildə Sistemdən asılı idi; mükafatları, o cümlədən Stalin mükafatı laureatlarını ədəbi-bədii meyarlar deyil, Sistemin qəliblərinə uyğunluq müəyyən edirdi; bütün SSRİ və müttəfiq respublika deputatları kimi, yazıçıları da Sistem deputat təyin edirdi, onları MK tərkibinə salıb-çıxarırdı; onların yazıları Sistemin göstərişi ilə dərsliklərə salınırdı; onların yubileylərini Sistem keçirirdi, məişət qayğılarını Sistem həll edirdi, öldükdən sonra kitablarını Sistem çap etdirirdi (ya da etdirmirdi), heykəllərini Sistem qoydururdu (ya da qoydurmurdu) və s., və i.a.

Get-gedə bədii-estetik meyarlar tamam bir tərəfə atıldı və ədəbiyyatın taleyini “ifşa”çılıq həll etməyə başladı. “İfşa”çılıqla Sistemin tələb etdiyi səviyyədə məşğul olmayan vətəndaşlar, o cümlədən yazıçılar “çürük liberallar” adlandırıldı və “çürük liberal” ilə “xalq düşməni” arasında məsafə çox qısa və sürüşgən olduğu üçün, “ifşa”lardakı qan hərisliyi daha artıq bir enerji ilə fəaliyyət göstərdi.

Və 1937-ci il gəldi.

“Böyük terror” – 1937-ci il haqqında, bu terrorun ədəbiyyata vurduğu sarsıdıcı zərbələr haqqında mən də daxil olmaqla çox yazılıb, ona görə də yenidən bu mövzunun üzərində xüsusi dayanmayacağam. Ümumi bir təəssürat yaratmaq üçün, mən yanlız ədəbiyyat sahəsində normal ağıla sığışmayan, tamam sürrealist (və müdhiş!) mahiyyətli “37 parodoksları”na toxunmaq istəyirəm.

Mən indiki halda “37 paradoksları”na ona görə toxunmaq istəyirəm ki, sosrealizm nəzəri müddəalarındakı çiylik, ziddiyyətlər, anlaşılmazlıqlar, qeyri-konkretlik ilə Sistemin yaratdığı və cəmiyyətdə hökm sürən dəhşətli xaos bir-birini tamamlayırdı, hər sahədə olduğu kimi, ədəbiyyatda da proqnozlaşdırılması mümkün olmayan xəstə bir vəziyyət yaradırdı.

Vladimir Leninin məlum şüarı var idi: “Rədd olsun bitərəf ədəbiyyatçılar!” (“Daloy literatorov bespartiynıx!”), gerçəklik isə bəzən buradakı “rədd” sözünü “məhv” sözü ilə əvəzləyir və bu şüara da əməl edirdi. 1920-ci ildə Firudin bəy Köçərlinin güllələnməsini (əslində, Azərbaycan ədəbiyyatında terror da elə həmin tarixdən başlayır), yaxud 1921-ci ildə böyük rus şairi Nikolay Qumilyovun (Anna Axmatovanın əri idi) güllələnməsini xatırlayaq. Yəni “37”-yə qədər də sovet dövrü ədəbiyyatında terror gözlənilməz bir şey deyildi, ancaq “37”-də vəziyyət elə bir məqama (mərhələyə!) gəlib çadı ki, Sistem həm ideoloji, həm də həqiqi mənada, yəni ölüm-itim mənasında daha partiyalı ilə partiyasız arasında fərq qoymadı.

Baxın, 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqının məşhur “ifşa” plenumunda Yusif Vəzir Çəmənzəminli məhkum bir insan kimi xahiş edəndə ki (əslində, yalvaranda!..), “bizi tərbiyə edin” (yəni bizi ölümə göndərməyin), İttifaqın sədri və plenumun aparıcısı Seyfulla Şamilov idi, vaxtilə ətraflı yazdığım kimi, Əli Nazim siyasi baxımdan Əhməd Cavadı ən çox tənqid (hətta ittiham!) edən, məqalələrindən birində Mikayıl Müşfiqi “molla şairi” adlandıran tənqidçi idi, “daloy Füzuli!”, “daloy Vaqif!”, “daloy tar!” deyib, sinəsini qabağa verərək, “proletar ədəbiyyatı”nın, “proletar sənəti”nin müdafiəsinə qalxanların başında Mustafa Quliyev dururdu, Hüseyn Cavidi Sistemə münasibət baxımından kəskin tənqid edənlərdən biri Xəlil İbrahim idi.

Ancaq nə oldu?

Sistem Əli Nazimi də Əhməd Cavad və Mikayıl Müşfiqlə, Seyfulla Şamilovu da Yusif Vəzirlə bir yerdə, Mustafa Quliyevi də, Cavidi də, Xəlil İbrahimi də məhv etdi, Sibirə göndərdi.

O dövrün mətbuatını vərəqləsəniz, görəcəksiz ki, ən çox tənqid (“ifşa”) olunan iki nəfərdən biri “uzun zaman kontrrevolyusioner Əhməd Terinclə həmfikir olan”, “əxlaqsız Talıblını maraqlı yazıçı adlandıran” (“Kommunist” qəzeti, 27 may 1937), “alçaq və əclaf Mustafa Quliyev, Hacıbaba Nəzərli, Əhməd Terinc, Əli Nazim, Xəlil İbrahim və başqa nacinslərlə birlikdə, qəddar averbaxçı Mehdi Hüseyn” (“Kommunist” qəzeti, 31 dekabr 1937) idi. İkincisi isə “Firudin bəy Köçərlinin əsərlərinin ziyankar ideyasını, reaksion mahiyyətini gizlətdiyinə”, “pantürkist ideyaların təbliğinə” görə, “kontrrevolyusioner, satqın Ruhulla Axundovun yaxın dostu” olduğu üçün Yazıçılar İttifaqı üzvlüyündən çıxarılmış Mikayıl Rəfili idi (Mehdi Hüseyn üzvlükdən namizədliyə keçirilmişdi). Həmkarlarından biri partiya mətbuatında belə bir açıq-aydın (və qorxunc!) çağırış edirdi: “İfşa edilmiş xalq düşməni Hacıbaba Nəzərlinin, bu alçağın həmfikri Mehdi Hüseynin hələ də sovet yazıçıları sıralarında qalması təəccüblü deyilmidir?” (“Kommunist” qəzeti, 27 iyul 1937.)

Ancaq Mehdi Hüseyn də, Mikayıl Rəfili də salamat qaldı və onların sağ qalmağı, “xalq düşməni” kimi güllələnməməsi həmin paradoksun nümunəsi, qorxunc püşkatma oyununun nəticəsi idi.

Orası da yəqin səciyyəvidir ki, bir tərəfdən elə həmin 30-cu illərdə Mehdi Hüseynin və Mikayıl Rəfilinin özləri də sosrealizm iddialarını doqmaya çevirmiş, ədəbiyyata, klassik irsə münasibətdə vulqar-sosioloji mövqe tutmuş tənqidçilər idi. Misal üçün, Mehdi Hüseyn Cavidi, Cavadı “burjua millətçisi”, “nasional demokrat”, Hacı Kərim Sanılını “qolçomaq sosializm” carçısı adlandırır, sovet ədəbiyyatında “musavatizm” axtarırdı. Digər tərəfdən isə Mehdi Hüseyn və Mikayıl Rəfili də eyni platformadan bir-birini kəskin tənqidə tutur, bir-birini qəbul etmirdi (onların ədəbi diskussiyası sonrakı illərdə də bitmədi).

Başqa səciyyəvi bir paradoks: Məmməd Səid Ordubadi və Abdulla Şaiqdən başqa, 1920-ci ildən əvvəl yazmağa başlamış qələm sahiblərinin hamısı – Hüseyn Caviddən, Əhməd Cavaddan, Seyid Hüseyndən, Yusif Vəzir Çəmənzəminlidən, Kantemirdən tutmuş Salman Mümtaza və Əli Səbriyəcən – “ifşa” olunur, güllələnən güllələnir, güllələnməyən gedər-gəlməzə göndərilir, Sibirə sürgün edilir, amma heç bir yerdə – “ifşa” məqalələrində də, “ifşa” toplantılarındakı alovlu çıxışlarda da, cürbəcür qərarlarda, rəsmi məruzələrdə, sənədlərdə də Əliağa Vahidin adı çəkilmir, elə bil, bu adda şair yoxdur, halbuki Vahid o zaman da xalq arasında ən tanınan şairlərdən biri, aşiq ilə məşuqdan, gül ilə bülbüldən yazan qəzəl ustadı idi və həmin populyar qəzəllər sosrealizmin heç yanından da keçmirdi.

Orasını da deyim ki, bu cür qara “37” paradoksları yanlız Azərbaycan üçün deyil, bütün Sovet İttifaqı üçün xarakterik idi. Sistem hərdən qələmini pornoqrafiyada da sınayan qraf Aleksey Tolstoyu sosrealizmin klassiki elan etdi, ancaq hələ 20-ci illərin əvvəllərində Lenin haqqında şeirlər kitabı nəşr etdirmiş kəndli Nikolay Klyuyevi güllələdi. Yaxud Gürcüstana nəzər salaq: XX əsr gürcü ədəbiyyatının klassikləri Konstantin Qamsaxurdia (1891-1975; müstəqilliyini bərpa etmiş Gürcüstanın ilk prezidenti Zivad Qamsaxurdianın atası) knyaz idi, amma Sistem ona imkan verdi ki, 84 il yaşasın, ya da Qalaktion Tabidze (1892-1959) “37”-ni adlayaraq, gələcəyin akademiki kimi öz əcəli ilə ölmək səadətinə nail oldu, ancaq yaşca onlardan cavan və sosrealizm yolu ilə gedən Tsisian Tabidze güllələndi, Paola Yaşvili isə Sistemin təhriki ilə özünü güllələdi.

Ədəbi cərəyan, metod kimi sosrealizmin bədii-estetik əmsalı çox aşağı idi və bunun səbəbi də aydındır: dünya ədəbiyyatı tarixində siyasət, rəsmi ideologiya heç bir ədəbi cərəyana sosrealizm dərəcəsində müdaxilə etməyib. Bu cəhətə biz 30-40-50-ci illərin kontekstində baxsaq, o zaman həmin siyasi müdaxilə, eyni zamanda, inzibati müdaxilə, ağır, sarsıdıcı fiziki və mənəvi zərbə idi: Sistem sosrealizmdən istifadə edərək, nəinki ədəbiyyatın, həm də bir insan kimi yazıçıların taleyini həll etdi, onları fiziki cəhətdən məhv etdi (Osip Mandelştam və İshaq Babel, Mixail Cavaxişvili, Saken Seyfullin və Qalimcan İbrahimov, bizim yuxarıda adlarını çəkdiyim və çəkmədiyim qələm sahiblərimiz, bir çox b.) və həmin yazıçıların yaradıcılığı da 20 il yasaq (dustaq!) olunaraq, yeni-yeni nəsillərin yetişməsində, ictimai fikrin inkişafında rol oynamadı.

Əlbəttə, tarixə gümanla yanaşmaq olmaz, tarixlə danışıq dili – faktdır, amma hər halda güman edirəm ki, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, yaxud da Cəfər Cabbarlı öz əcəlləri ilə vəfat etməsəydilər, “37”-ni adlamaq onlar üçün çox çətin, hətta mümkünsüz olacaqdı və bu, Azərbaycan mədəniyyətinə, ictimai fikrinin inkişafına çox ciddi də zərbə vuracaqdı, milli mənəviyyatı xeyli dərəcədə kasıblaşdıracaqdı, çünki o qələm sahiblərinin repressiyası yalnız onların fiziki məhvi yox, eyni zamanda yaradıcılıqlarının iyirmi il (1956-57-yə qədər) dustaq edilməsi demək idi. Təsəvvür edin, hərgah Cavidlə, Yusif Vəzirlə, Müşfiqlə, Cavadla, Çobanzadə ilə, Əli Nazimlə, başqaları ilə bərabər, Mirzə Cəlilin də, Əbdürrəhim bəyin də, Cabbarlının da əsərləri çap olunmayacaqdısa, tədqiq edilməyəcəkdisə, məktəblərdə keçilməyəcəkdisə, teatr səhnələrində tamaşaya qoyulmayacaqdısa, filmlər çəkilməyəcəkdisə, o zaman nə qalacaqdı? Bizim milli ədəbiyyatşünaslığımız, sənətşünaslığımız, təhsilimiz, ana dilimiz, teatr və kino sənətimiz – xüsusən 40-50-ci illərdə – XX əsr Azərbaycan ədəbiyyatının bu böyük simalarının yaradıcılığını tədqiq və təhlil edə-edə, öyrənə-öyrənə, səhnədə tamaşaya qoya-qoya inkişaf etmişdir və onlar da qadağan edilsəydi yeni nəsillər – söhbət yalnız yeni ədəbiyyatçı, sənətşünas, aktyor, rejissor və s. nəslindən yox, ümumiyyətlə, peşəsindən asılı olmayaraq millətin yeni nəsillərindən, genefondundan gedir! – hansı istiqamətdə yetişəcəkdi?

Ədəbiyyatımızın, ümumiyyətlə, filologiyamızın Məmməd Səid Ordubadi və Abdulla Şaiq, Səməd Vurğun və Süleyman Rəhimov, Süleyman Rüstəm və Əbülhəsən, Rəsul Rza və Mir Cəlal, Əli Vəliyev və Osman Sarıvəlli, Mirzə İbrahimov və Məmməd Rahim, Mirvarid Dilbazi və Nigar Rəfibəyli, Sabit Rəhman və Əhməd Cəmil, Həmid Araslı və Məmmədağa Şirəliyev, Məmməd Arif və Feyzulla Qasımzadə, Məmməd Cəfər və Cəfər Cəfərov, Əzəl Dəmirçizadə və Muxtar Hüseynzadə, Əli Sultanlı və Mirzağa Quluzadə, Məmməd Hüseyn Təhmasib və Cəfər Xəndan, yuxarıda dediyim kimi, Mehdi Hüseyn və Mikayıl Rəfili və başqaları kimi sosrealizm dövrü nümayəndələrinin o qorxunc püşkatma oynundan salamat çıxması yalnız ədəbiyyatımızın, filologiyamızın yox, ümumiyyətlə, mədəniyyətimizin, ictimai fikrimizin xoşbəxtliyi oldu. Bir anlıq bunu da təsəvvür edək ki, bu qələm sahiblərinin 1937-ci ildən sonrakı yaradıcılıqları və fəaliyyətləri yoxdur, o zaman hansı bir boşluğun, mənəvi uçurumun yaranacağını görmək üçün xüsusi bir zərrəbin lazım deyil.

İkinci məqalə


Sosrealizmin inzibati surətdə ədəbiyyata tətbiqində, ölkəni bürümüş “ifşa”çılıq kompaniyasında, Sistemin öz meyarları ilə ədəbiyyatı qiymətləndirmə prosesində və s.-də Yazıçılar İttifaqının iştirakı barədə danışmaq açıq qapını döymək kimi bir şeydir, ancaq bütün bunlarla bərabər, Sistemin yaratdığı və daimi diqqətlə nəzarət etdiyi həmin Yazıçılar İttifaqının SSRİ miqyasında, xüsusən müttəfiq (misal üçün Azərbaycan), eləcə də muxtar respublikalarda (Tatarstan, Başqırdıstan, Dağıstan və s.) gördüyü işi, göstərdiyi fəaliyyəti bu gün yalnız tənqid obyekti kimi təqdim etmək tarixi obyektivlikdən uzaqdır və məsələyə üzdən yanaşmanın göstəricisidir. Mən müttəfiq və muxtar respublikalarda Yazıçılar İttifaqlarının əhəmiyyətini xüsusi vurğuladım, çünki bu yerdə söhbət milli dillərin inkişafında, hətta bəzi bölgələrdə yazılı ədəbiyyatın ilk nümunələrinin yaradılmasında bu təşkilatın fəaliyyətindən gedir. Hərgah hər hansı bir dildə ilk dəfə hekayə yazılırsa, bu hadisənin əhəmiyyəti müqabilində onun hansı ədəbi metodda – indiki halda sosrealizmdə – yazılması, mənim fikrimcə, əhəmiyyətsiz bir şeydir.

Mən Azərbaycan Yazıçılar İttifaqının milli mənliyimizin, ədəbi-bədii dəyərlərimizin nəinki qorunub saxlanmasında, bunların inkişaf etdirilməsində oynadığı müstəsna rol barədə ayrıca yazmışam (bax: “Yazıçılar Birliyi, ədəbiyyatımız və özümüz”, “525-ci qəzet”, 18 fevral 2010) və yenidən təkrara varmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, Azərbaycanı müstəqilliyinin bərpasına aparan keşməkeşli yolda bütün ziddiyyətləri, mürəkkəbliyi, paradoksları, bəzi hallarda eybəcərlikləri ilə bərabər, Sistemin tüğyan etdiyi 1930-40-50-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının yeganə milli özünüifadə mənbəyi kimi əhəmiyyətli və əlamətdar fəaliyyəti şəxsən mənim üçün mübahisəsizdir.

“Əlamətdar” sözünü də təsadüfən işlətmirəm.

Ədəbiyyat nədir?

İkicə sözlə desək: istedadın ifadəsi.

Sistemin sosrealizm vasitəsilə ədəbiyyatı idarə etməyə çalışması, əslində, istedadı idarə etmək istəyi və hərisliyi idi.

İstedad sahibini məhv etmək olar (Mikayıl Müşfiq), onu siyasi-ideoloji baxımdan fanatikləşdirmək olar (Mehdi Hüseyn), istedadın müəyyən hissəsini “özününküləşdirmək” olar (ədəbiyyatımız partiya rəhbərlərinin, yaxud da Kreml ulduzunun vəsfi əvəzinə daha artıq “Vaqif”lərə,Səməd Vurğun; “Cənub şeirləri”nə, Süleyman Rüstəm; “Rənglər”ə, Rəsul Rza; sahib ola bilərdi), ancaq sosrealizmin təcrübəsi bir daha sübut etdi ki, istedadı tam şəkildə ram etmək mümkün deyil.

Elə buna görə də bu gün – Sistemin (və sosrealizmin) süqutundan 20 il keçəndən sonra da Mikayıl Müşfiqin və Səməd Vurğunun, Süleyman Rüstəmin və Rəsul Rzanın, Süleyman Rəhimovun və Mir Cəlalın, Mirzə İbrahimovun və Əbülhəsənin, Əli Vəliyevin və Osman Sarıvəllinin, Mehdi Hüseynin (ilk əsərlərindən olan “Kin” povestini və son romanı olan “Yeraltı çaylar dənizə axır”ı xatırlayaq) və İlyas Əfəndiyevin, İsmayıl Şıxlının və İsa Hüseynovun, Bəxtiyar Vahabzadənin və Əli Kərimin, Məmməd Arazın və İsa İsmayılzadənin və başqalarının yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatının (və ümumiyyətlə, Azərbaycan ədəbiyyatının!) bədii-estetik baxımdan bu və ya digər dərəcədə ciddi faktları olaraq qalır və şəxsən mənim buna şübhəm yoxdur ki, həmişə də qalacaq, çünki ədəbiyyat dilində yazıldığı və varlığını ifadə etdiyi xalqın tarixi və taleyi kontekstində qiymətlidir.

Əlbəttə, sistem güclü idi və onun həmləsinə tab gətirmək üçün həmin gücə də ekvivalent istedad tələb olunurdu. Bəzən, qəribə bir mənzərə yaranırdı: eyni bir əsərdə həm sosrealizmin tələbləri, həm də istedadın təhriki ilə sosrealizmin tələblərinə o qədər də doğma olmayan bədiiyyat tələbləri öz ifadəsini tapırdı. “Bir gəncin manifesti” (Mir Cəlal) romanını xatırlayaq: bir tərəfdən fon olaraq inqilabi mövzu, o biri tərəfdən, misal üçün, Bahar kimi neçə-neçə nəsillərin sevimlisi olan Azərbaycan Qavroşunun bədii-emossional təsir gücünə malik faciəsi.

Yaxud, “Bahar suları” (İlyas Əfəndiyev) pyesini xatırlayaq: bir tərəfdən fon olaraq kolxoz quruluşu. O biri tərəfdən isə kolxoz sədri Alxan kişinin zəngin daxili aləminin bədii-psixoloji təhlili (sonralar Mirzə İbrahimov Rüstəm kişi (“Böyük dayaq”) obrazı ilə ədəbiyyatımıza bu mövzunu davam etdirməyə çalışdı), Uğur ilə Şəfəqin insani hisslər dünyası və elə məhz bunlara görə də 1948-ci ildə – müharibədən sonra stalinizmin (Sistemin!) yenidən fironluq etdiyi bir dövrdə yazılmış bu pyes bu gün də teatrlarda tamaşaya qoyulur, müstəqil Azərbaycan respublikasının tamaşaçıları tərəfindən hərarətlə qarşılanır.

Sosrealizmin daxilində istedadsız konyuktura ilə bərabər, istedadlı konyuktura (!) da mövcud idi.

“İstedadlı konyuktura” – mən bu ifadəni yazıram və başa düşürəm ki, nə qədər qəribə səslənir, amma güman edirəm ki, nə qədər qəribə səslənsə də, dəqiq ifadədir.

Konyuktura (söhbət siyasi konyukturadan gedir) sosrealizmi yaradan və meydana çıxarıb formalaşdırmağa cəhd edən əsas komponentlərdən (gizli meyarlardan!) biri idi. Sosrealizm çərçivəsindəki yaradıcılıqda – hərgah sən həmin çərçivədən kənara çıxmamısansa – konyukturasız ötüşmək mümkün deyil, ona görə də istedadsız konyuktkura ilə bərabər, bu və ya digər dərəcədə istedadlı konyukturanın da bədii ifadəsi yaranırdı. Hər halda “Böyük dayaq”la (Mirzə İbrahimov), yaxud “Tamaşa qarının nəvələri” ilə (Əbülhəsən), yaxud da “Səhər”lə (Mehdi Hüseyn) “Mingəçevir”i (Əvəz Sadıq), “Yerin sirri”ni (Manaf Süleymanov), ya da ki, “Nina”nı (Sabit Rəhman) bədii cəhətdən eyniləşdirmək elmi obyektivlik baxımından düzgün deyil.

Bəli, siyasi konyuktura baxımından bu əsərlər eyni məqsədə – bolşevik inqilabının qələbəsini, sosializm cəmiyyəti və bu cəmiyyətin xoşbəxt inkişafını göstərmək məqsədinə xidmət edir, ancaq bədiilik baxımından onlar heç vəchlə eyni deyil və elə bilirəm ki, bizim postsovet ədəbiyyatşünaslığımız bu məsələdən sərf-nəzər etməməli, ona ciddi diqqət yetirməlidir. “Mingəçevir”, “Yerin sirri”, “Nina” tipli romanlar hakim ideologiyanın tələb etdiyi mövzuların zövqsüz afişası, ən yaxşı halda plakatı idisə, “Böyük dayaq”, “Tamaşa qarının nəvələri”, “Səhər” kimi romanlar həmin mövzularda bədii söz demək cəhdlərinin ifadəsi idi.

Ən maraqlı (və qəribə!) cəhətlərdən biri budur ki, istedadla yazılmış sosrealizm nümunələri ədəbiyyatın inkişafından qat-qat artıq dərəcədə cəmiyyətin inkişafında rol oynayırdı, həm də bu – xalqın milli-mədəni inkişafı baxımından vacib və əhəmiyyətli bir rol idi.

“Sevil”i (Cəfər Cabbarlı) xatırlayaq.

Bir obraz kimi bədii-estetik baxımdan Sevil (eləcə də Gülüş) kimi elə həmin pyesdəki Balaşa, yaxud Dilbərə, yaxud da Əbdüləli Məmmədəli cütlüyünə nisbətən uduzur, bu surətlə – Sevillə bağlı irad tutmaq olar ki, qurudur, plakat səciyyəlidir, onu dövrün bədiidən artıq, sosioloji ifadəsi səhnəyə çıxarıb, Sevil təbəddülatı bədii cəhətdən zəif əsaslandırılıb və s. Ancaq Sevil azərbaycanlı qadınların cəmiyyətdə öz yerlərinə sahib çıxmasında müstəsna rol oynadı, nisbətən zəif bədii surət güclü ictimai stimula çevrildi. Bu gün bütün dünya gender problemi ilə məşğuldur, Sevil isə bu işə elə səhnəyə çıxdığı 1928-ci ildən başladı. Bakıda ucaldılmış “Azad qadın” heykəlinə xalq indiyə qədər “Sevilin heykəli” deyir.

Vaxtı ildə mən – xüsusən gənclik illərimdə – Pavel Korçaginə (“Polad necə bərkidi”, Nikolay Ostrovski) ironiya ilə yanaşırdım və doğrudan da o, bədii surət kimi bariz sosrealizm qəhrəmanıdır. Sosrealizm SSRİ ilə birlikdə getdikdən sonra “Polad necə bərkidi” bizim tənqidimizdə də, rus tənqidində də və güman edirəm ki, digər postsovet ölkələrinin tənqidində də antisənətin simvoluna çevrildi. Ancaq, baxın, SSRİ-nin süqutundan və sosrealizmin iflasından artıq iyirmi il keçib, Korçagin isə unudulmur və fikir versəniz, görəcəksiniz ki, rus ədəbi tənqidinin ona münasibəti də get-gedə yumuşalır, artıq əvvəlki aqresivlik yoxdur.

Nə üçün?

Çünki Korçagin bədii-estetik hadisə olmasa da, çox effektli sosioloji hadisəyə çevrildi.

Artur (“Ovod”, Etel Voyniç) bir bədii surət kimi canlı insandır, fanatiklikdən qat-qat artıq dərəcədə romantikdir (sərt romantik!), onun Cemma ilə sevgisi, Montanelli ilə münasibəti incə, zərif və dəqiq psixoloji detal və ştrixlərlə işlənib. Korçagini isə bolşevik fanatizmi robota çevirib, onun insani xüsusiyyətlərini bütün həyat hadisələrinə sinfi münasibət əvəz edib, Korçaginin sərtliyində romantiklikdən əsər-əlamət yoxdur, o, realistdir və onu yalnız yalandan romantik donuna geyindirmək mümkündür ki, sosrealizm müddəaları da uzun müddət bu işlə, yəni ədəbi falsifikasiya ilə məşğul oldu.

Artur surətinin yaranması bədii-estetik hadisə olmaqla bərabər, eyni zamanda yeni-yeni nəsillərin formalaşmasında mərdlik, prinsipiallıq, şəxsi igidlik, vətəndaşlıq baxımından güclü sosial təsirə malik ictimai hadisə idi. Ancaq məsələ (və sosrealizmin qəribəlikləri!) də burasındadır ki, bədiilik baxımından birdən yüzə kimi Artura uduzan Korçagin də güclü sosial təsirə malik ictimai hadisəyə çevrildi.

Baxın, “Almas”da (Cəfər Cabbarlı) bir bədii surət kimi İmamyar, yaxud Şərif, yaxud da Mirzə Salman Almasa nisbətdə nə qədər canlı, dolğun, koloritlidirlər, ancaq Almas sosial baxımdan Azərbaycan qadınının hüquqlarının qorunmasında, cəmiyyətin inkişafında vətəndaş kimi rol oynamasında 1930-cu illərdə (əsər 1932-ci ildə tamaşaya qoyulmuşdu) çox mühüm ictimai stimula, hadisəyə çevrildi.

Sevil, Almas, Çapayev (“Çapayev”, Dmitri Furmanov), Levinson (“Tarmar”, Aleksandr Fadeyev), Mehman (“Mehman”, Süleyman Rəhimov), Mixaylo-Mehdi Hüseynzadə (“Uzaq sahillərdə”, İmran Qasımov və Həsən Seyidbəyli) və b. kimi obrazlar belə bir nəticə çıxarmaq üçün münbit zəmin yaradır ki, sosrealizmin özü filoloji-estetik hadisədən xeyli artıq dərəcədə ictimai-sosioloji hadisədir. Sosrealizm Sistemin qorunub saxlanmasında effektli bədii rol oynaya bilmədi, ancaq cəmiyyətin ümumi inkişafında onun ciddi xidmətləri oldu.


Yüklə 155,97 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə