Cənubi azəRBAYCANDAN azərbaycan ssr-ə MÜhaciRƏTİN (1946-1954-cü İLLƏR) HÜquqi aspektləRİ Xaqan balayev



Yüklə 62,57 Kb.
Pdf görüntüsü
tarix17.11.2017
ölçüsü62,57 Kb.
#11008


«Dirçəliş XXI əsr».–2010.-№147-148.–S.171-178.

CƏNUBİ AZƏRBAYCANDAN AZƏRBAYCAN SSR-ə MÜHACİRƏTİN 

(1946-1954-cü İLLƏR) HÜQUQİ ASPEKTLƏRİ

Xaqan BALAYEV,

AMEA-nın İnsan Hüquqları İnstitutu

1946-cı  ilin  dekabrında  Cənubi  Azərbaycandakı  demokratik  hərəkat  İran  silahlı  qüvvələri  tərəfindən

məğlubiyyətə  uğradıldıqdan  sonra  minlərlə  insan  təqibdən  qurtulmaq  üçün  Azərbaycan  SSR-ə  keçməyə  məcbur

olmuş  və  SSRİ  hökuməti  buna  icazə  vermişdi.  1946-cı il  dekabrın  12-dən  1947-ci  il  yanvarın  1-dək  5.824  nəfər

sərhədi  keçmişdi  (1).  Mühacirlərin  gəlişi  sonrakı  illərdə  də  davam  etmiş  və  1954-cü  il  aprelin  15-dək  onların

ümumi sayı 9.022 nəfərə çatmışdı (2).

Hər  bir  mühacirət  insanların  sadəcə  mexaniki  yerdəyişməsi  yox,  siyasi  və  sosial-iqtisadi  həyatın  müxtəlif

sahələrinə  təsir  göstərən  mürəkkəb  ictimai  prosesdir,  özünəməxsus  siyasi,  hüquqi,  etnik-milli,  sosial,  iqtisadi,

demoqrafik, hətta ekoloji aspektlərə malik olur və müvafiq problemlər doğurur.

Mühacirətin  siyasi  aspektləri  haqqında  "Cənubi  Azərbaycandan  Azərbaycan  SSR-ə  mühacirətin  siyasi

aspektləri" adlı məqaləmdə bəhs etmişəm (Milli dövlətçilik: özümüzü və dünyanı dərketmə yolunda. AMEA İnsan

Hüquqları İnstitutunun aspirant və dissertantlarının elmi nəşrləri, dekabr, 2009, s. 61-69). Bu məqalə mühacirətin

hüquqi aspektlərinə həsr olunur.

Siyasi  mühacirlər  haqqında  SSRİ-də  qanunvericilik  bazası  olmadığından,  hüquqi  məsələlər  nazirliklər

səviyyəsində  müntəzəm  dəyişməkdə  olan  normativ  aktlarla  tənzimləndiyinə  görə,  əslində,  uzun  illər  (1961-ci

ilədək) hüquqi nizamsızlıq hökm sürmüşdü.

1936-cı ilin əvvəlində siyasi mühacirlər haqqında ÜİK(b)P MK Siyasi Bürosunun qərarını hazırlamağa cəhd

göstərilmiş,  lakin  bu  da  qanunvericilik  aktının  qəbul  edilməsinə  gətirib  çıxarmamışdı  (SSRİ-də  bütün

qanunvericilik  sənədləri  ÜİK(b)P  MK  Siyasi  Bürosunun  qərarı  ilə  hazırlanır  və  qəbul  edilirdi).  İlkin  layihədə

"Siyasi  mühacirlərin  SSRİ-yə  gəlməsi  qaydaları  haqqında"  adlanan  qərar  fevral  ayında  qəbul  edilərkən,  casus

axtarmaq  mərəzinə  mübtəla  olmuş  rejimdə  tamam  fərqli  ad  almışdı:  "SSRİ-ni  casus,  terrorçu  və  təxribatçı

ünsürlərin  ölkəyə  soxulmasından  qorumaq  tədbirləri  haqqında".  Qərar  məzmun  və  mahiyyətcədə  ilk  layihəyə

nisbətən ciddi dəyişikliyə məruz qalmışdı və bunda qərarın hazırlanmasına məsul şəxs kimi təyin olunmuş ÜİK(b)P

MK  katibi  Yejovun  xüsusi  fəaliyyəti  olmuşdu.  Qərarın  hazırlanması prosesində  o,  Kommunist  İnternasionalının

İcraiyyə  Komitəsindən  və  Xalq  Daxili  İşlər  Komissarlığından  daxil  olmuş  məlumatları  şişirdərək  Stalinə

çatdırmaqla qərarın son şəklində qəbul edilməsinə nail olmuşdu (Görünür, Stalin Yejovun casus axtarmaq xislətini

nəzərə alaraq, onu 1937-ci ildə SSRİ xalq daxili işlər komissarı təyin etmişdi).

Qərarda qeyd olunurdu ki, SSRİ-də çoxlu sayda siyasi mühacir cəmlənmişdir ki, onların da müəyyən hissəsi

kapitalist  dövlətlərinin  kəşfiyyat  və  polis  orqanlarının  bilavasitə  casuslarıdır.  Qərara  əsasən,  bütün  xaricilərin,  o

cümlədən siyasi mühacirlərin ölkəyə buraxılmasına icazə verilməsi yalnız SSRİ Xalq Daxili İşlər Komissarlığının

səlahiyyətinə aid edilmişdi (22).

Lakin  həmin  qərarın  real  həyati  qüvvəyə  malik  olmaması  sonralar,  xüsusən  də  Cənubi  Azərbaycandan

mühacirlərin  böyük  axını gəlməyə  başlayanda  özünü  aydın  göstərdi.  Bütün  məsələlər  dövlət  funksiyasını yerinə

yetirən ÜİK(b)P MK Siyasi Bürosunda və MK aparatında həll olunurdu.

Rəsmi  sənədlərdə  mühacirlərin  adlandırılması  ilə  əlaqədar  müxtəliflik  və  qeyri-müəyyənlik  mövcud  idi.

Azərbaycan  KP  MK-nın  birinci  katibi  M. C. Bağırov  1946-cı  il  dekabrın  20-də  mühacirlərlə  əlaqədar  Stalinə

göndərdiyi  sənəddə  onları  "İran  Azərbaycanından  gələnlər",  "sərhədi  keçənlər"  adlandırmışdı.  Stalin  tərəfindən

həmin sənədin yeni variantda təsdiq edilmiş  1-ci maddəsində Cənubi Azərbaycandan gələnlərə aid ilk dəfə "siyasi

mühacir" istilahı işlənmiş (20, s.323) və sonrakı sənədlərdə bu cür davam etmişdi. 1948-1949-cu illərdə İranda baş

verən  aclıq  zamanı  Azərbaycan  SSR-ə  pənah  gətirənlər  də  siyasi  mühacirlərə  əlavə  olunanda  rəsmi  və  statistik

sənədlərdə  onlardan  cəm  şəklində  bəhs  edilərək,  gah  qoşa  adla  "siyasi  mühacirlər  və  qaçqınlar"  (rus  dilində

sənədlərdə  "perebejçiki"  sözü  işlənmişdir;  halbuki,  "perebejçik"  sözünun  lüğəti  mənalarına  nəzər  salsaq  [fərari,

qaçaq; düşmən tərəfinə keçən adam; xain, satqın, düşmənə satılmış adam], onlardan heç birinin İrandan gələnlərin

statusuna  uyğun  olmadığı  aydınlaşar;  buna  görə  də,  biz  Azərbaycan  dilində  "bejenets"  sözünün  mənasını  verən

"qaçqın"  sözünü  işlətdik),  "mühacirlər  və  qaçqınlar",  gah  da  hamısı  bir  yerdə  "siyasi  mühacirlər",  "mühacirlər"

adlandırılmışdı.  Misal  üçün,  Azərbaycan  KP  MK-nın  birinci  katibi  İ. Mustafayevin  1956-cı  il  avqustun  3-də

"Azərbaycan  Demokrat  Partiyası  və  İrandan  gələrək  Azərbaycan  SSR  ərazisində  yaşayan  siyasi  mühacirlərin

vəziyyəti  haqqında"  Sov.İKP  MK-ya  göndərdiyi  arayışda  "hazırda  Azərbaycan  SSR-in  ərazisində  10  mindən  çox

siyasi mühacirin yaşadığı" qeyd olunurdu ki, bu da real vəziyyəti əks etdirmirdi (3).

Vətəndaşlığı olmayan hesab edilən mühacirlərin bir hissəsinə "yaşayış hüququ olan" ("вид на жительство")

statusu  verilmiş,  digər  hissəsi  bundan  məhrum  olmuşdu.  Azərbaycan  SSR  daxili  işlər  nazirinin  müavini

X. Məmmədovun Azərbaycan KP MK-ya göndərdiyi 22 aprel 1957-ci il tarixli məktubda mühacirlərin artıq 6.500




nəfərindən çoxuna yaşayış hüququ verilməsi göstərilir (4).

Vətəndaşlığı  olmayan  şəxslərə  yaşayış  hüququ  verilməsi  və  onunla  əlaqədar  məsələlər  SSRİ  Daxili  İşlər

Nazirliyinin 28 yanvar 1948-ci il tarixli 00105 nömrəli əmri ilə tənzimlənirdi. Yaşayış hüququ bir illik müddətə və

hər üç aydan bir milis orqanında qeydiyyatdan keçmək şərti ilə verilirdi.

Mühacirlər  üçün  müəyyən  edilmiş  bu  xüsusi  rejim  sərbəst  yerdəyişmənin  yasaq  edilməsi,  hər  üç  aydan  bir

milis  orqanlarında  qeydiyyatdan  keçmək,  müəyyən  şəhərlərə  səfər  üçün  Moskvadan  icazə  alınması  kimi

məhdudiyyətlər onları mənəvi sıxıntıya məruz qoyurdu. Mühacirlərin Moskva, Leninqrad, Soçi və Yalta şəhərlərinə

işgüzar və elmi məzuniyyətlərə, istirahətə getməsi üçün SSRİ DİN-in icazəsi alınmalı idi. Bundan əvvəl Azərbaycan

DİN hər bir halda məsələni respublika dövlət təhlükəsizlik orqanı ilə razılaşdırandan sonra xüsusi icazə üçün SSRİ

DİN  Baş  Milis  İdarəsinin  Viza  və  Qeydiyyat  Şöbəsinə  müraciət  etməli  idi.  Moskvadan  icazə,  bir  qayda  olaraq,

gecikdiyinə görə mühacirlər elmi ezamiyyətlərə, işgüzar səfərlərə, istirahətə vaxtında gedə bilmirdilər. 1955-ci ilin

iyul  ayında  Azərbaycan  SSR  daxili  işlər  naziri  Bulıqa  SSRİ  Daxili  İşlər  Nazirliyinə  məktub  göndərərək,  bir  sıra

belə  faktları konkret  nəzərə  çatdırandan  sonra  xahiş  etmişdi ki,  "Mühacirlərə  Moskva,  Leninqrad,  Soçi  və  Yalta

şəhərlərinə  getmək üçün  icazə  vermək səlahiyyəti  Azərbaycan  SSR  Nazirlər  Soveti  yanında  Dövlət  Təhlükəsizlik

Komitəsi  ilə  razılaşdırmaqla  Azərbaycan  SSR  daxili  işlər  nazirinə  verilsin"  (5).  Məsələ  müsbət  həll  olunmuş,

mühacirlər bu məhdudiyyətdən azad edilmişdilər.

1955-ci  ilin  iyul  ayında  İ. Mustafayevin  imzası  ilə  qeydiyyatın  da  ildə  bir  dəfə  keçirilməsi  üçün  Sov.İKP

MK-ya müraciət hazırlanmış, lakin məktub göndərilməmişdi (6).

Bu  cür  qeyri-müəyyənliklər  1961-ci  ilə  qədər  davam  etmişdi.  1961-ci  il  aprelin  3-də  Sov.  İKP  MK-nın

Rəyasət  Heyəti  "SSRİ-də  siyasi  mühacirlərin  hüquqi  vəziyyəti  haqqında"  qərar  qəbul  etmiş,  SSRİ  Ali  Sovetinin

Rəyasət Heyəti "SSRİ-də siyasi mühacirlər haqqında qaydalar"ı təsdiq etmişdi.

"SSRİ-də siyasi mühacirlərin hüquqi  vəziyyəti  haqqında" qərarda  göstərilirdi  ki,  "SSRİ-yə  İran, Əfqanıstan

və Türkiyədən siyasi motivlərə görə deyil, başqa səbəblər üzündən gələnlərin, həmçinin, SSRİ sərhədini özbaşına

keçənlərin siyasi mühacirlərlə eyni dərəcədə güzəştlərdən istifadəetmə faktları məlumdur" (7).

Azərbaycan KP MK bürosu mayın 19-da "SSRİ-də siyasi mühacirlərin hüquqi vəziyyəti haqqında" Sov. İKP

MK-nın qərarı haqqında" məsələ müzakirə edərək,  heç  bir  konkret  tədbir  nəzərdə  tutmayan  natamam  qərar  qəbul

etdiyinə görə, 1962-ci il yanvarın 16-da Sov. İKP MK-nın "SSRİ-də siyasi mühacirlərin hüquqi vəziyyəti haqqında"

3  aprel  1961-ci  il  tarixli  qərarının  icrasının  gedişi  haqqında  yeni  qərar  qəbul  etmişdi.  Məhz  bu  qərarla

müəyyənləşdirilmişdi  ki,  "Qırmızı  Aypara  Cəmiyyətinin  Mərkəzi  Komitəsi  SSRİ-yə  1946-cı  ildə  mütəşəkkil

qaydada  gəlmiş  mühacirlərin  hər  birinə  şəxsi  iş  açmaqla  onların  siyasi  mühacirətə  mənsubiyyətinin

müəyyənləşdirilməsi  üçün  sənədlərini  1962-ci  il  iyulun  1-dək  siyasi  mühacirətə  mənsubiyyəti  müəyyənləşdirən

Mərkəzi  Komissiyaya  göndərsin.  1946-cı ildən  sonra  gələn  mühacirlərin  sənədlərinin  tərtibatı  işini  1963-cü  ilin

birinci yarısında başa çatdırsın" (8).

Bu qərardan sonra uzun sürən bürokratik proses başlanmış və Azərbaycan KP MK-nın öz qərarı ilə müəyyən

etdiyi  icra  müddətlərinin  qeyri-real  olduğu  aydınlaşmışdı.  Arxiv  sənədlərindən  göründüyü  kimi,  Qırmızı  Aypara

Cəmiyyətinin  Mərkəzi  Komitəsi  minlərlə  insandan  ayda  yalnız  25-30  nəfərin  siyahısını (MK-nın  mühacirlərlə  iş

üzrə  qurumunun  və  təhlükəsizlik  orqanının  razılığını  alandan  sonra)  komissiyaya  göndərirdi.  Qırmızı  Aypara

Cəmiyyəti  Mərkəzi  Komitəsinin  1973-cü  ilin  yekunları haqqında  Azərbaycan  KP  MK-ya  təqdim  etdiyi  arayışda

göstərilirdi  ki,  il  ərzində  224  şəxsin  sənədləri  SSRİ  Qırmızı  Aypara  Cəmiyyəti  İcraiyyə  Komitəsinin  nəzdində

Siyasi Mühacirət  Məsələləri  üzrə Komissiyaya göndərilmiş, onlardan 126 nəfəri  siyasi  mühacir  statusu,  98  nəfəri

siyasi  mühacirə  bərabər  tutulan  status  almışdır  (9).  Əks  proses  də  gedirdi.  Xəta  etmiş,  cinayət  törətmiş  siyasi

mühacirlərin statusdan məhrum edilməsinə də bu qayda ilə baxılırdı.  Bu iş  uzun illər davam etmişdi. Azərbaycan

KP MK Xarici Əlaqələr Şöbəsinin MK rəhbərliyi üçün hazırladığı 22 fevral 1985-ci il tarixli arayışda 18.207 nəfər

mühacirdən 3.845 nəfərə siyasi mühacir və ona bərabər tutulan status verildiyi göstərilirdi (10).

Mühacirlərə aid mühüm hüquqi aspektlərdən biri də onların sovet vətəndaşlığına qəbul edilməsi məsələsi idi.

Bu  məsələ  ilk  dəfə  S. C. Pişəvəri  tərəfindən  hələ  1946-cı  ilin  aprel  ayında  qaldırılmışdı.  Həmin  il  aprelin  7-də

Pişəvəri  ilə  görüşündən  sonra  Bağırov  Moskvaya  hesabatında  yazırdı  ki,  demokratların  liderləri  Cənubi

Azərbaycanda demokratik hərəkatın bəzi iştirakçılarına, xüsusən əvvəllər İran təbəəsi kimi Sovet Azərbaycanından

çıxarılanlar arasından bəzilərinə  sovet  vətəndaşlığı verilməsini  təklif  edirlər  (21,  s.325).  Lakin  bu  təklif  o  zaman

baxılmamış qalmışdı.

Mühacirlərin  Azərbaycana  gəldikləri  ilk  illərdə  sovet  vətəndaşlığına  qəbul  olunmaq  üçün  müraciətlər

olmamışdı.  Lakin  sonrakı  illərdə  onların  İrana  qayıtmaq  ümidləri  zəiflədikcə  məhdudiyyətlərdən  xilas  olmaq

məqsədilə  müxtəlif  orqanlara  müraciət  etməyə  başlamışdılar.  Digər  mühüm  səbəb  mühacirlərin  yerli  əhali  ilə

qaynayıb qarışması idi. 1954-cü il avqustun 15-nə olan məlumata görə, 1200-dən artıq mühacir sovet vətəndaşları

ilə ailə həyatı qurmuşdu. Onlarıın  çoxu özlərinə ev almış, ya da şəxsi mülk tikdirmişdilər. Mühacirlərin ailəsində

Sovet Azərbaycanında doğulan uşaqların sayı 3 min nəfərə çatmışdı (11).

Azərbaycan  Demokrat  Firqəsi  (ADF)  Komitəsinin  Məsələlərinə  Baxılması  üzrə  Komissiyanın  22  may

1954-cü  il  tarixli  iclasında  "Siyasi  mühacirlər  arasında  sovet  vətəndaşlığını  qəbul  etmək  meyillərinə  münasibət

haqqında"  məsələ  müzakirə  olunmuşdu.  Qeyd  edilmişdi  ki,  siyasi  mühacirlərin  sovet  vətəndaşlığını qəbul  etmək



cəhdi təbiidir. Çünki Sovet İttifaqında olduqları illər ərzində onların çoxu yalnız təhsil almaq və ixtisas qazanmaqla

kifayətlənməyərək,  yerli  əhali  ilə  qohumluq  əlaqələrinə  də  girmişdir.  Bununla  belə,  komissiyanın  qəbul  etdiyi

qərarda  göstərilirdi  ki,  Cənubi  Azərbaycan  xalqlarının  siyasi  azadlığı  uğrunda  mübarizənin  perspektivləri

baxımından  bu  meyli  təşviq  etmək  lazım  deyildir;  ADF  Komitəsi  hazırkı  dövrdə  bu  məsələnin  qaldırılmasının

məqsədəuyğun olmadığı haqqında siyasi mühacirlər arasında hökmən izahat işi aparmalıdır (12).

Lakin  Azərbaycan  KP  MK  fərqli  mövqe  tutmuşdu.  Mustafayev  1954-cü  il  avqustun  16-da  mühacirlərlə

əlaqədar  Sov.  İKP  MK  katibi  M. A. Suslova  göndərdiyi  məktubda  "İran  siyasi  mühacirləri  tərəfindən  sovet

vətəndaşlığına  keçmək  haqqında  yazılı ərizə  ilə  müraciət  olacağı təqdirdə  bunun  rəsmiləşdirilməsi  üçün  müvafiq

təşkilatlara göstəriş verilməsini" də xahiş etmişdi (13).

ADF Komitəsinin Məsələlərinə Baxılması üzrə Komissiya 5 yanvar 1955-ci il tarixli iclasında "İrandan olan

siyasi  mühacirlərin  sovet  vətəndaşlığına  qəbul  olunmaları ilə  əlaqədar  ərizələri  haqqında  Azərbaycan  SSR  DİN

Milis İdarəsinin məktubu" adlı məsələ müzakirə edərək, Azərbaycan KP MK-nın mövqeyinə müvafiq qərar qəbul

etmişdi: "Komissiya hesab edir ki, ümumi əsaslarla sovet vətəndaşlığına qəbul olunmaq üçün rəsmi ərizə verən İran

demokratlarının  sənədlərinin  rəsmiləşdirilməsi  işində  süni  maneələr  olmamalıdır".  Bununla  belə,  komissiyanın

qərarında yenə təkrar olunurdu ki, "ADF siyasi mühacirlər arasında sovet vətəndaşlığına  qəbul olunmaq haqqında

məsələ  qaldırmağın  gələcək  mübarizənin  mənafeyi  naminə  məqsədəuyğun  olmaması  haqqında  izahat  işi

aparmalıdır" (14).

ADF  Komitəsinin  Məsələlərinə  Baxılması  üzrə  Komissiya  7  aprel  1955-ci  il  tarixli  iclasında  bir  daha

"Demokratların  sovet  vətəndaşlığına  qəbul  olunmaları  ilə  əlaqədar  ərizələri  haqqında"  Azərbaycan  SSR  DİN

Mİ-nin  03.12.1954-cü  il  tarixli  məktubu"  adlı  məsələ  müzakirə  edərək,  belə  qərar  qəbul  etmişdi:  "ADF  MK-ya

tapşırılsın ki, sovet vətəndaşlığına qəbul olunmaq haqqında ərizə vermiş ADF üzvlərinin hər biri ilə söhbət edib, öz

təkliflərini versin (15).

ADF MK bürosunun aprelin 26-da Mustafayevə göndərdiyi məktubda  partiyanın mövqeyi şərh  olunmuşdu:

"Sizə  məlum  olduğu  kimi,  son  vaxtlarda  ADF-nin  bəzi  üzvləri  və  partiya  üzvü  olmayanlar  SSRİ  Ali  Sovetinə  və

müvafiq milis orqanlarına müraciət edərək, onlara sovet pasportu verməyi xahiş edirlər. Bu məsələnin əhəmiyyətini

nəzərə alaraq, biz onu komissiyanın iclasında müzakirə etdik (ADF Komitəsinin rəhbərliyi komissiyanın tərkibində

təmsil olunmurdu, onlar komissiyanın iclaslarında "dəvət olunan" statusunda iştirak edirdilər - X. B.) və bu qərara

gəldik ki, həmin şəxslərlə fərdi söhbətlərdə onların fikrini öyrənək və aşağıdakıları onlara izah edək: birincisi, sovet

pasportu alan şəxslər ADF-də qala bilməzlər; ikincisi, vətənə qayıdarkən vətəndaşlığı olmayan şəxs hüquqlarından

istifadə edə bilməzlər.

Sovet pasportu almaq üçün müraciət edən şəxslərlə söhbət zamanı aydınlaşdı ki, onların bir qismi mühacirlər

üçün  qoyulmuş  məhdudiyyətlərdən  xilas  olmaqdan  ötrü  bu  xahişlə  müraciət  etmişlər.  Həmçinin  məlum  oldu  ki,

bəziləri  sovet  pasportu  alacaqları təqdirdə  belə,  vətənə  dönə  biləcəklərini  düşünürlər.  Mühacirlərin  bir  hissəsi  öz

ailə  üzvlərinin  sovet  vətəndaşı  olduğuna  görə  vətənə  qayıtmaq  istəmədiklərindən  sovet  vətəndaşlığına  keçmək

istəyirlər.  Bəziləri  də  belə  düşünürlər  ki,  sovet  vətəndaşı  olub,  ADF-dən  çıxdıqdan  sonra  Sov.  İKP-yə  üzv  ola

bilərlər.

Yuxarıda  göstərilənləri  və  məsələnin  ADF  MK  bürosunda  müzakirəsinin  nəticələrini  nəzərə  alaraq,  bizim

kontingentdən olan yoldaşlara sovet vətəndaşlığı Verilməsi aşağıdakı motivlərə görə məqsədəuyğun deyildir:

Birincisi,  əgər  bir  sıra  adamlar  sovet  pasportu  alsalar,  digərləri  də  sovet  vətəndaşlığını  qəbul  etmək

istəyəcəklər  ki,  bu  da  bizim  təşkilatımızın  mövcudluğunu  təhlükə  qarşısında  qoyar.  İkincisi,  sovet  pasportu  almış

demokratlar sovet cəmiyyətinin içərisində əriyib gedəcəklər ki, bu da bizim qarşımızda duran vəzifələr baxımından

məqsədəuyğun deyildir. Məsələnin yuxarıdakı həlli baxılmaq üçün sizə təqdim olunur" (16).

Mustafayev məktuba "Aydınlaşdırmaq üçün komissiyanın müzakirəsinə çıxarılsın" dərkənarı qoysa da, arxiv

materiallarında məsələnin ADF Komitəsinin Məsələlərinə Baxılması üzrə Komissiyada müzakirəsinə aid məlumat

yoxdur. Lakin təxminən bir il sonra, Azərbaycan KP MK-nın mühacirlərlə iş  üzrə məsul təşkilatçısı S. Xalıqovun

MK rəhbərliyi üçün "Azərbaycan Demokrat Firqəsi haqqında" hazırladığı 9 may 1956-cı il tarixli arayışda yazırdı:

"Azərbaycan SSR ərazisində yaşayan demokratların müəyyən hissəsi göndərildikləri yerlərdə əsaslı məskunlaşmış,

ailə qurmuş, əmlak sahibi olmuş  və demək olar  ki,  İrana  qayıtmaq  barədə  düşünmürlər.  Demokratların bu  hissəsi

arasında  sovet  vətəndaşlığını  qəbul  etmək  əhval-ruhiyyəsi  güclüdür.  Ayrı-ayrı şəxslər  bu  barədə  rəsmi  müraciət

etmişlər.  Lakin  bir  çoxu,  əsasən  ADF  üzvü  olanlar  dönüklükdə  günahlandırılacaqlarından  ehtiyat  edərək,  rəsmi

ərizə  verməkdən  çəkinirlər.  Eyni  zamanda,  mövcud  məhdudiyyətlər  (sərbəst  yerdəyişmənin  yasaq  edilməsi,  milis

orqanlarında vaxtaşırı qeydiyyatdan keçmək zəruriyyəti) onları mənəvi sıxıntıya məruz qoyur.

Həmin adamların sovet vətəndaşlığına qəbul ediləcəkləri təqdirdə başqa kommunist və fəhlə partiyalarından

çıxanların Sov. İKP-yə qəbul olunması haqqında Sov.İKP MK-nın qərarı onlara da şamil edilə bilərdi" (17).

Mühacirlərin  sovet  vətəndaşlığına  qəbul  edilməsi  məsələsi  sonrakı illərdə  müzakirə  obyekti  olsa  da,  arxiv

sənədlərindən  ADF  MK-nın  mühacirlərə  sovet  vətəndaşlığının  verilməməsi  haqqındakı  mövqeyinin  səksəninci

illərin  əvvəllərinədək  qüvvədə  olduğu  görünür.  1980-ci  il  yanvarın  1-nə  olan  məlumata  görə  yalnız  48  siyasi

mühacir və 8 nəfər onların ailə üzvü sovet vətəndaşlığına qəbul edilmişdi (18). Sonrakı illərdə mühacirlərin sovet

vətəndaşlığına qəbul edilməsi sürətlənmişdi. 1985-ci il fevralın 22-nə olan məlumatda onların sayının - 680 nəfər

olduğu göstərilir (19).




Yuxarıda qeyd etdiyimiz hüquqi aspektlərin mövcud olmasına baxmayaraq, mühacirlərin əksər hissəsi sovet

rejimini qəbul etmək məcburiyyətində qalaraq siyasi loyallıq nümayiş etdirmiş, praqmatik mövqe tutaraq cəmiyyət

həyatının müxtəlif sahələrində fəaliyyət göstərmişdilər.

İstifadə olunmuş ədəbiyyat

1.

Azərbaycan  Respublikası Prezidentinin  İşlər  İdarəsinin  Siyasi  Sənədlər  Arxivi  (ARPİİSSA): f.l  siy.  89,  iş



196, v. 86

2.

ARPİİSSA: f.l, siy. 89, iş 196, v. 75



3.

ARPİİSSA: f.l. siy. 89, iş 203, v. 21

4.

ARPİİSSA: f. 1, siy. 44, iş 177. v.



5.

ARPİİSSA: f.l, siy. 89, iş 196. v. 33

6.

ARPİİSSA: f. 1, siy. 89, iş 196, vv. 30-31



7.

ARPİİSSA: f.l, siy. 49, iş 21, v. 1

8.

ARPİİSSA: f.l, sıy. 49. iş 21. vv. 278 - 279



9.

ARPİİSSA: f.l, siy. 61, iş 160, v. 14

10.

ARPİİSSA: f.l, siy, 74. ış 60, v. 59



11.

ARPİİSSA: f.l, siy. 89, iş 187. v. 174

12.

ARPİİSSA: f.l, siy. 89. iş 198. v. 188



13.

ARPİİSSA: f.l, siy. 89, iş 187, v. 173

14.

ARPİİSSA: f.l, siy. 89, ış 198. v. 158



15.

ARPİİSSA: f.l. siy. 89. iş 198. v. 137

16.

ARPİİSSA: f.l, siy. 89. iş 198. v. 108-109



17.

ARPİİSSA: f.l. siy. 89, iş 197, vv 114-115

18.

ARPİİSSA: f.l, siy. 67. iş 188, v. 26



19.

ARPİİSSA: f.l. siy. 74. iş 60. v. 60

20.

Həsənli C. "Soyuq müharibə"nin başlandığı yer: Güney Azərbaycan - 1945-1946. Bakı. 1999. 354 s.



21.

Гa c a нлы Дж. "CCCP-İpan: Aзербайджанский кризис начало холодной войны. 1941-1946. M.: Герои

отечества, 2006. 560 c.

22.


Xaустов  В. Н.   Из  предыстории  массовых  репрессий  //www.memo.  py./  щисторй/

полиъй/ыщауъорр.щтм.



LEGAL ASPECTS OF EMIGRATION FROM SOUTH 

AZERBAIJAN TO AZERBAIJAN SSR (1946-1954).

Khagan Balayev. 

The  article  basing  on  archive  materials  studies  legal  aspects  of  political  emigration  from  South

Azerbaijan  to  Azerbaijan  SSR.  Special  place  in  the  research  is  paid  to  the  problems  of  violation  of

international legal norms in the field of political emigration from the side of USSR government.



ЮРИДИЧЕСКИЕ АСПЕКТЫ ЭМИГРАЦИИ ИЗ ЮЖНОГО АЗЕРБАЙДЖАНА В

АЗЕРБАЙДЖАНСКУЮ ССР (1946-1954 гг.).

Хаган Балаев. 

В статье на основе архивных материалов исследуется юридические аспекты политической эмиграции

из  Южного  Азербайджана  в  Азербайджанскую  ССР.  Особое  место  в  исследовании  уделено  вопросам

нарушения  международных  правовых  норм  в  области  политической  эмиграции  со  стороны  правительства



СССР.

Yüklə 62,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə