Ci tədris ILI Azərbaycan bölməsi üçün (İngilis dili ixtisası) a b tərcümə fənnindən



Yüklə 210,1 Kb.
səhifə1/3
tarix06.05.2018
ölçüsü210,1 Kb.
#42275
  1   2   3

Azərbaycan Dillər Universiteti

Tərcümə və Mədəniyyətşünaslıq fakültəsi

German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası

Yekun Buraxılış Attestasiyası üçün imtahan sualları

2017-2018-ci tədris ili

Azərbaycan bölməsi üçün

(İngilis dili ixtisası)

A - B tərcümə fənnindən (50 mətn) (20 bal)

İngilis dilinə tərcümə edin:

Yeni xarici siyasət konsepsiyası: Rusiya daha fəal mövqeyə keçir
Moskva 2013-cü ildə xarici siyasət konsepsiyasını yeniləmişdi. O zaman sənəddə qlobal miqyasda baş verən geosiyasi dəyişikliklər xüsusi qeyd olunurdu. Cəmi üç ildən sonra Kreml növbəti dəfə xarici siyasət kursuna yenidən baxmağa qərar verib. Mütəxəssislər bunu dünya səviyyəsində ciddi miqyasda geosiyasi yeniliklərin müşahidə edilməsi ilə əlaqələndirirlər. 2016-cı ilin əvvəllərindən hazırlanan sənəddə həmin özəllik ayrıca vurğulanır. Ölkənin xarici siyasəti də ona uyğun olaraq yeniləşir. Burada müxtəlif istiqamətlərdə Rusiyanın beynəlxalq arenada daha fəal mövqe tutacağı konkret müddəalarla qeyd olunur. Belə görünür ki, Rusiya dünya liderlərindən biri kimi fəaliyyət göstərməyə qərar verib. Onun, təbii ki, müxtəlif aspektləri vardır. Həm böyük dövlətlərə olan münasibətdə, həm də regional münaqişələrin həllindəki iştiraka aid maddələr orada yer alıb. Bütövlükdə götürdükdə, sənəd maraqlı və aktual məsələlərə konkret yanaşma ilə xarakterizə olunur. Onun nə dərəcədə reallaşacağını zaman göstərəcək. Ancaq əhəmiyyətlisi odur ki, Moskva sürətlə dəyişən dünyada özünün yerini və funksiyasını çevik surətdə müəyyənləşdirməyin öhdəsindən gəlir.

Avropa İttifaqında miqrantlar problemi
2011-ci ildən başlayaraq, əvvəllər əsasən Afrikadan olan qaçqınlar Avropa ölkələrinə üz tutmağa başladılar. Suriya münaqişəsi nəticəsində öz yaşadıqları əraziləri tərk edən insanların əksəriyyəti isə Türkiyədə məskunlaşırdı. Məhz bu səbəbdən Avropa İttifaqı (Aİ) dövlətləri üçün həmin dövrdə qaçqınlar problemi mühüm əhəmiyyət kəsb etmirdi. Amma 2014-cü ildən başlayaraq, Suriyada hərbi münaqişənin alovlanması və xüsusilə İŞİD terror qruplaşmasının dinc əhaliyə qarşı törətdiyi qırğınlar nəticəsində qaçqın axını çoxalmağa başladı. Öz daimi yaşayış yerlərini tərk etmiş bu qaçqınların böyük əksəriyyətinin əsas məqsədi son məskunlaşma məntəqəsi kimi Qərbi Avropanın inkişaf etmiş dövlətlərində yerləşmək idi. Beləliklə, dünyanın bir sıra dövlətləri arasında yaşanan münaqişələrin və onların doğurduğu qaçqınlar problemlərinin həlli üçün əvvəllər bir növ vasitəçi rolunda çıxış edən Avropa İttifaqı artıq qaçqınlar problemi yaşanan tərəfə çevrildi.

Digər tərəfdən isə Afrika və Şərqdən gələn qaçqınların fərqli mədəniyyət daşıyıcıları olması və bunun Avropada yerli əhali tərəfindən birmənalı qarşılanmaması antimiqrant əhval-ruhiyyənin artmasına səbəb olurdu.



Rumıniyanın iri şəhərlərində kütləvi etiraz aksiyaları keçirilib

Rumıniyanın paytaxtı Buxarestdə və ölkənin 10-dan çox digər iri şəhərində kütləvi etiraz aksiyaları keçirilib.
Şərqi Avropa bürosunun məlumatına görə, paytaxtda təşkil olunan mitinqə 50 mindən çox insan qatılıb.
Hökumət evi və Ədliyyə Nazirliyinin binaları qarşısında keçirilən aksiyalarda etirazçılar yeni hökumətin təcili surətdə hazırladığı 2 qanun layihəsinin – Amnistiya aktı və Cinayət qanunvericiliyinə (Cinayət Məcəlləsi və Cinayət-Prosessual Məcəlləyə) dəyişikliklərin edilməsinə etirazlarını bildiriblər.
Onların fikrincə hökumətin hazırladığı qanun layihələri korrupsiyaya qarşı mübarizəyə yox, əksinə korrupsionerlərin müdafiəsini və onların cinayət məsuliyyətindən yayınmasını nəzərdə tutur.
Amnistiya aktı 5 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum olunan şəxslərə, hamilə qadınlara, himayəsində azyaşlı uşağı olan qadınlara şamil olunacaq. Xatırladaq ki, ötən bazar da paytaxt Buxarest və Rumıniyanın bir çox şəhərində analoji mitinqlər keçirilmişdi. Rumıniya prezidenti Klaus İohannis mitinqçiləri dəstəkləmək məqsədilə aksiyaya qoşulmuşdu. Dövlət başçısı bu məsələnin referendum yolu ilə həllinin tərəfdarı olduğunu bildirib və sözügedən məsələ ilə bağlı ölkə parlamentinə - Senat və Deputatlar Palatasına məktubla müraciət edib.


Almaniya kimlərə sığınacaq verir?

Yüz minlərlə miqrantın ölüm təhlükəli səfərlər edərək daha firavan Avropaya axışması qitənin müxtəlif ölkələrində ümumən qaçqınlara olan fərqli münasibətləri üzə çıxarıb. Almaniya kansleri Angela Merkel bu həftə etdiyi çıxışda hazırkı miqrant böhranını Avropanın “universal insan haqlarına” sadiqliyinin sınağı adlandırıb. Lakin hadisələrin inkişafından görünür ki, bu, bütün Avropa İttifaqında elə Almaniyanın özü üçün ən böyük sınaq olacaq. Yunanıstan və İtaliyanın sahillərinə qayıqlarda çıxan miqrantların əksəriyyəti məhz bu ölkəyə yetişməyə can atır. Təkcə bu il 800 min qaçqının Almaniyadan sığınacaq istəyəcəyi gözlənilir.

Almaniyaya axışan miqrantlar əsasən Suriya, Əfqanıstan, Eritreya, Qərbi Balkan ölkələrindəndirlər. Lakin bunların arasında Almaniyadan sığınacaq almaq üçün bəzilərinin şansları başqalarından daha az və ya daha çoxdur. Hələlik ən yaxşı şansa suriyalılar malikdir. 2014-cü ildə Almaniyadan sığınacaq istəmiş 26 min qaçqından yalnız 1 faizinə rədd cavabı verilib. Əslində Almaniya Avropa İttifaqı ölkələri arasında suriyalılara ən geniş qucaq açmış ölkədir. Suriyada 4 illik müharibə artıq 240 min insanın həyatına son qoyub. Suriyalıların 4 milyonu qaçqına çevrilib.

Suriya böhranı: Qərb daha çox qaçqın qəbul edəcək

Qərb ölkələri növbəti bir neçə ay ərzində Suriyadan 100 minədək qaçqının qəbul olunacağını vəd ediblər, qaçqınların işi üzrə BMT agentliyi bildirib. Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) bəyanatı üzv ölkələrin Cenevrədə keçən toplantısında səslənib.

Yüz min rəqəmi BMT və humanitar yardım üzrə agentliklərin gözləntilərindən xeyli aşağıdır. Sayı 3 milyona yaxın olan qaçqınların əksəriyyəti Livan, Türkiyə və İordaniyada məskunlaşıb. İndiyədək Qərb ölkələri 62 min Suriya qaçqınını qəbul edib.

Cenevrədə keçən konfransda "Oxfam" və "Save the Children" kimi humanitar təşkilatlar qərb ölkələrini qaçqınların ən acınacaqlı vəziyyətdə olan 5 faizini qəbul etməyə səsləyiblər ki, bu da 180 min təşkil edir. BBC-nin Cenevrədəki müxbiri Imogen Foulkes Cenevrədə konkret olmayan öhdəliklərin səsləndiyini bildirir. ABŞ, Britaniya və Körfəz ölkələri qaçqınların məskunlaşdığı qonşu ölkələrə dəstək göstərəcəklərini deyiblər.

Bu arada BMT agentliyi Suriya, İraq, Türkiyə, və Misirdə məskunlaşan 1,7 milyon qaçqına ərzaq yardımı göstərən proqramın yenidən fəaliyyətə başladığını elan edib.

Uşaqların hüquqlarının qorunması dövlətimizin əsas vəzifəsidir

Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir. Ölkədə uşaqların vəziyyəti ilə bağlı əsas problemlərdən biri də uşaq alveridir. Artıq bunun qarşısının alınması, kökünün kəsilməsi və cinayətkarların cəzalandırılması istiqamətində müəyyən tədbirlər görülür.


Son illər uşaqların valideynləri tərəfindən zorakılığa məruz qalması ilə bağlı halların artması da həyəcan yaradan amillərdəndir. Digər vacib problem internatlardan uşaqların ailələrə verilməsidir. Hazırda ölkədə 50-yə qədər internat məktəbi fəaliyyət göstərir . Onların himayəsində təxminən 20 mindən çox uşaq var. 5 mindən çox uşaq isə valideyn himayəsindən məhrumdur. 
Azərbaycanda 300 min qaçqın və məcburi köçkün uşağın olması da uşaq probleminin həllinə mənfi təsir göstərən amildir. Azərbaycan Respublikasında uşaq siyasətinin həyata keçirilməsinə məsul əsas mərkəzi icra hakimiyyəti orqanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Dövlət Komitəsi tərəfindən hər il 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan tədbirlərdə valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün ailələrdən olan uşaqların iştirakı xüsusi olaraq nəzərə alınır.


NATO-nun Varşava sammiti ərəfəsində Mərkəzi və Şərqi Avropada

hərbi-siyasi proseslər
Varşavada keçiriləcək NATO-nun növbəti sammiti ərəfəsində Mərkəzi və Şərqi Avropa (MŞA) ölkələrində hərbi alyans və regionda hərbi təhlükəsizlik məsələləri ilə bağlı məsələlər aktuallaşır.

Ukrayna münaqişəsi bütövlükdə NATO-nun Rusiyaya münasibətdə strateji yanaşmasının dəyişməsinə səbəb olmuş, 2014-cü ildən başlayaraq Alyans tərəfindən Şərq xəttinin gücləndirilməsi istiqamətində layihələr həyata keçirilməyə başlanılmışdır. NATO 2014-cü ildən Hazırlıq Fəaliyyət Planın icrasına başlamışdır. Plana əsasən Alyansın Şərq və Cənub sərhədlərində mümkün təhlükələrin qarşısının alınması üçün qoşunların cəld göndərilməsi və cavab tədbirləri üçün təlimlər keçirilir, Baltik ölkələrinin hava sərhədlərinin qorunması məqsədi ilə patrul uçuşları reallaşdırılır. NATO tərəfindən  böhranlara cəld cavab verə bilən Əlahiddə Hazırlıqlı Birləşmiş Tapşırıq Qüvvəsi adlı briqada yaradılmışdır. NATO-nun bu regionda yeni fəaliyyətləri sırasında 2015-ci ildə Polşa və Rumıniyada yaradılan yeni Taktiki Qərargahları da göstərmək olar.

NATO-nun regionda iştirakının güclənməsi Alyans üzvləri arasında əsasən ABŞ tərəfindən dəstəklənir. Soyuq müharibə dövrünün sona çatması və Varşava paktı blokunun süqut etməsindən sonra ABŞ Avropada hərbi iştirakını xeyli azaltmışdı.

Kobanidə son vəziyyət

ABŞ yük təyyarələri çəkinmədən kürd hərbiçilərinə humanitar yardım göstərə bilər, çünki İŞİD terror qruplaşması döyüşçüləri hava hücumundan müdafiə (HHM) vasitələrinə malik deyil. Bu barədə açıqlama bazar ertəsi ABŞ hökumətində verilib.

Bundan öncə xəbər verilmişdi ki, ABŞ-ın hərbi təyyarəsi İŞİD terror qruplaşmasının yaraqlıları tərəfindən mühasirədə saxlanılan Kobani şəhərini Suriya-Türkiyə sərhədində mühafizə edən kürd döyüşçülərinə silah, döyüş sursatı və dərman endirib.

ABŞ Hava Qüvvələrinin Mərkəzi Komandanlığının bəyanatında deyilir ki, son günlərdə Birləşmiş Ştatlar tərəfindən İŞİD yaraqlılarının Kobani yaxınlığındakı mövqelərinə endirilən 135 zərbə onların irəliləməsinin zəiflədib və yüzlərlə terrorçunu məhv edib.

Bu ilin sentyabrında ABŞ Hərbi Hava Qüvvələri beş ərəb ölkəsinin dəstəyi ilə İŞİD terror qruplaşmasının Suriyadakı mövqelərinə ilk zərbələr endirib. Bu reydlərdə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Bəhreyn və Qətərin Hərbi Hava Qüvvələri iştirak ediblər.

Kürd döyüşçüləri artıq bir aydır Kobani şəhərini müdafiə edir. Son məlumatlara görə, İŞİD terror qruplaşmasının şəhərə hücumu başladığı gündən 650 nəfər həlak olub.



Ermənistanın qanunsuz məskunlaşma siyasəti: 2334 saylı qətnamədən sonra...
BMT Təhlükəsizlik Şurası İsraillə bağlı bir sənəd qəbul edib. Orada Təl-Əvivin İordan çayının qərb sahillərində apardığı tikinti işlərini dayandırması tələb olunur. Bunun lehinə daimi üzvlərin 4-ü səs verib, yalnız ABŞ bitərəf qalıb. Buna baxmayaraq, rəsmi Təl-Əviv Vaşinqtonu sərt şəkildə ittiham edib. İsrail rəsmi dairələri qəbul edilən qətnamənin tələblərinə əməl etməyəcəklərini bildiriblər. Bu hadisənin fonunda işğalçı Ermənistanın Dağlıq Qarabağda və ətraf rayonlarda illərdir həyata keçirdiyi qanunsuz məskunlaşma siyasəti barədə BMT TŞ-nin nədən söz açmaması sualı meydana gəlir. Bununla bir tərəfdən, ermənilərin təcavüzü davam etdirməsi üçün cəzasızlıq mühiti yaradılır, digər tərəfdən isə, başqa dövlətlərin də beynəlxalq hüququ pozması üçün presedent formalaşdırılır.

BMT növbəti bir qətnamə də qəbul edib. 2016-ci il dekabrın 23-də İsrailin Fələstin ərazilərində, Şərqi Qüds də daxil olmaqla, apardığı məskunlaşma siyasətini pisləyən 2334 saylı sənəd Təhlükəsizlik Şurasından keçib. Son 8 ildə bu, TŞ-nin İsraillə bağlı səs verdiyi ilk sənəddir. Əvvəllər ABŞ bu tip qətnamələrin qəbul olunmasının qarşısını veto hüququndan istifadə edərək alırdı.



Qaçqınların 40 faizinin Avropada qaçqın statusu almaq

üçün real şansı yoxdur


Avropa İttifaqına üzv dövlətlərin xarici sərhədlərinin mühafizəsi üzrə “Frontex“ agentliyinə əsasən, Balkan marşrutu üzrə Avropaya hərəkət edən qaçqın kütləsinin milli tərkibi getdikcə dəyişməkdədir. Suriyadan olan müharibə qaçqınları artıq

qaçqın axını içərisində azlıqda qalır.

Avropa Komissiyasından mətbuata ötürülən informasiyaya görə, Balkan marşrutu üzrə Avropaya hərəkət edən qaçqınların təxminən 40 faizinin Avropa İttifaqı ərazisində sığınacaq və ya qaçqın qismində müdafiə olunmaq üçün real şansları yoxdur. Belə ki, bu ilin yanvar ayında Türkiyədən keçməklə Yunanıstana daxil olan qaçqınların 39 faizi Suriya vətəndaşları olub. Ötən ilin sentyabr ayında isə bu göstərici təxminən 69 faizə bərabər idi. Ötən aylar ərzində digər ölkələrdən olan qaçqınların sayında isə kəskin artım müşahidə olunub: iraqlı qaçqınların sayı 8 faizdən 25 faizə, əfqan qaçqınların sayı isə 18 faizdən 24 faizə yüksəlib. Həmin iki ölkədən olan qaçqınların Suriya qaçqınları ilə müqayisədə qaçqın statusu əldə etmək şansları yüksək qiymətləndirilmir.

QANUN VƏ QANUN QÜVVƏLİ AKTLAR
Davranış qaydasının hüquq norması olması üçün o müəyyən hüquqi formaya salınmalıdır. Bu dövlətin hüquqyaratma fəaliyyəti nəticəsində baş verir ki, bunun köməyi ilə qanunvericinin iradəsi öz ifadəsini icra üçün məcburi olan bu və ya digər hüquqi aktlarda tapır. Hüquq ədəbiyyatında hüququn mənbəyi kimi, adətən dövlətin qanunvericilik fəaliyyətinin zahiri forması ifadə olunur, yəni hüquq normalarını müəyyən edən, səlahiyyətli dövlət orqanlarının aktları başa düşülür. Belə orqanlara məsələn, – Azərbaycan Respublikasının Milli Məclisi, Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və b. aiddir. Xüsusən, qeyd etmək lazımdır ki, dövlətin hər bir hüquqi aktı hüquq mənbəyi ola bilməz, yalnız hüquq normalarını, ümumi davranış qaydalarını əks etdirən, başqa sözlə, normativ aktlar hüququn mənbəyi hesab olunur. Məsələn, prezidentin müxtəlif fəxri adların konkret elm, incəsənət xadimlərinə və başqalarına verilməsi haqqındakı sərəncamları hüququn mənbəyi hesab olunmur, baxmayaraq ki, onun dövlət-hüquq 5 xarakteri göz qabağındadır. Onlar hüquq mənbələri kimi çıxış edə bilməzlər, ona görə ki, onlarda ümumi qaydalar, yəni hüquq normaları yoxdur.


HÜQUQUN MƏNBƏLƏRİ
Bir sıra ölkələrdə (məsələn, Böyük Britaniya) hüquq mənbələrinə yalnız normativ aktlar yox, həm də hüquqi adətlər, məhkəmə və hüquq presedentləri daxil edilir. Hüquqi adəti (adət hüququ) belə anlamaq lazımdır ki, o, dövlətdən asılı olmayaraq təşəkkül tapmış və cəmiyyət üzvlərinin şüurunda məcburi mahiyyət kəsb etmişdir. O yerdə ki, qanun susur, orada adət hüququnun təsiri başlayır. Məsələn, inqilaba qədərki Rusiyanın tarixinə nəzər salsaq görərik ki, qanunların çatışmaması üzündən hakimlərin adət hüququna müraciət etmək ixtiyarı olmuşdur (məsələn, ticarət məsələləri ilə bağlı və s.). Adət hüququ qanuna zidd olmamalıdır. Məhkəmə presedenti o zaman hüquq mənbəyi hesab olunur ki, konkret iş üzrə məhkəmənin qəbul etdiyi qərarın gələcəkdə oxşar işlərin həllində məhkəmədə ümumi qayda ola biləcəyi qəbul edilsin. Belə hallarda məhkəmə qərarları mahiyyətcə hüquq normasına çevrilir və ona ümumməcburi qayda kimi istinad edilə bilər. Məhkəmə presedenti xüsusən Böyük Britaniyada geniş yayılmışdır. Bizim ölkədə məhkəmə praktikasına, məhkəmə qərarlarına başqa cür yanaşma var ki, bunu aşağıdakı kimi ifadə etmək olar.


HÜQUQUN MƏNBƏLƏRİ

Azərbaycan Respublikasında qanunlar Azərbaycan Respublikasının parlamenti - Milli Məclis tərəfindən Konstitusiyaya uyğun olaraq qəbul olunur. Qanun, habelə bilavasitə xalq tərəfindən - referendum (ümümxalq səsverməsi) yolu ilə də qəbul edilə bilər. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası - dövlətin ali qanunu 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmişdir. Azərbaycan Respublikasında qanunlar hüquqi əhəmiyyətinə görə aşağıdakı qanunlara bölünür:  a) Azərbaycan Respublikasının Konstitusiyası (Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunan Konstitusiya qanunları Konstitusiyanın tərkib hissəsi hesab olunduğuna və onların hüquqi qüvvəsi Konstitusiyanın hüquqi qüvvəsinə bərabər tutulduğuna görə ayrıca qanunlar kateqoriyası kimi qanunvericilik sisteminə daxil edilməmişdir); b) referendum yolu ilə qəbul olunmuş qanunlar; c) Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsində  nəzərdə tutulmuş məsələlər üzrə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul olunan qanunlar. Hüquq mənbəyi kimi qanun qüvvəli aktlar içərisində Azərbaycan Respublikası Prezidentinin fərmanları mühüm yer tutur. Hüquq mənbəyi - prezidentin o fərmanları hesab olunur ki, onlar normativ xarakterli olaraq ictimai münasibətləri nizamlamağa xidmət edir.



HÜQUQUN MƏNBƏLƏRİ

Hüquq sahələrini təşkil edən hüquq normaları aralarındakı fərqlərə baxmayaraq bir-birilə uzlaşır, sıx qarşılıqlı əlaqədədirlər, vahid bir sistem yaradırlar. İctimai münasibətlərin müəyyən növü (hakimiyyət, idarəçilik, əmlak, əmək və s.) nizamlanma predmetindən (ictimai münasibətlərin xarakterindən) asılı olaraq hüquq sahələrində qruplaşan müvafiq hüquq normaları ilə tənzimlənir. Hüquq sahəsi - cəmiyyət həyatının müəyyən sahələrində mövcud olan və xaraktercə bir-birinə yaxın, həmcins olan ictimai münasibətləri nizamlayan, bir-birilə qarşılıqlı əlaqədə olan normaların məcmusudur. Beləliklə, hüquq sahələrini hər şeydən əvvəl öz nizamasalma predmetinə görə fərqləndirirlər. Hər sahənin hüquqi nizamasalma predmetinin, yəni ictimai münasibətlərin 7 müəyyən növünün özünəməxsusluğu var ki, bu da öz növbəsində bu münasibətlərin hüquqi xüsusiyyətlərini təyin edir.Ona görə də hüququn sahələr üzrə bölüşdürülməsi üçün hüquqi nizamasalma metodu hüququn predmeti ilə yanaşı digər əsası təşkil edir. Hüquqi nizamlanma metodu - elə üsul və vasitələrin məcmusudur ki, bunların vasitəsilə hüquq ictimai münasibətlərə təsir edir. Məsələn, mülkiyyət əlaqələrinin iştirakçıları - bu bir-birindən asılı olmayan öz əmlaklarından sərbəst istifadə etməyə malik olan şəxslərdir.



HÜQUQUN MƏNBƏLƏRİ

Hüquq sistemi özündə aşağıdakı əsas sahələri birləşdirir: konstitusiya hüququ, inzibati hüquq, maliyyə hüququ, aqrar hüququ, mülki hüquq, ailə hüququ, əmək hüququ, cinayət hüququ, mülki-prosessual hüquq, cinayət-prosessual hüquq və s. Hüquq sistemində aparıcı yeri konstitusiya hüququ tutur. Bu onunla əlaqədardır ki, konstitusiya hüquq normalarında elə ilkin başlanğıclar təşəkkül tapır ki, onlar başqa hüquq sahələrinin əsasını təşkil edir. Azərbaycanın Konstitusiya hüquq normalarının əksər hissəsi Azərbaycan Respublikası Konstitusiyasında, habelə, digər qanunvericilik aktlarında (məsələn, vətəndaşlıq haqqında, yerli özünüidarələr haqqında və s. qanunlarda) ifadə olunur. Konstitusiya hüquq normaları konstitusiya quruluşunun əsaslarını, insan və vətəndaşın hüquqi vəziyyətini, dövlət hakimiyyəti və yerli özünüidarə sistemini, Azərbaycanın dövlət quruluşunu, hüquq və qanunvericilik sistemini və başqa məsələləri təsbit edir. Konstitusiya hüququ ilə, normaları icra hakimiyyəti sahəsində (hökumət, nazirlik və idarə, idarəetmənin yerli orqanları) təşəkkül tapan idarəçilik münasibətlərini nizamlayan inzibati hüquq bir-birilə sıx əlaqə təşkil edir. Maliyyə hüququ dövlətin maliyyə prosesi və büdcə fəaliyyətində, bankların və digər maliyyə idarələrinin fəaliyyətində meydana gələn münasibətləri nizamlayir                                                                                   

 


HÜQUQUN MƏNBƏLƏRİ

Cinayət hüquq normalarının köməyi ilə dövlət hansı ictimai-təhlükəli əməlin cinayət kimi tövsif olunduğu və bu əmələ görə hansı cəzanın təyin olunmasını müəyyən edir. Cinayət hüquq normaları cinayət məcəlləsində konkretləşdirilmişdir. Yuxarıda sadalanan bütün hüquq sahələri maddi hüququn sahələrini özündə ifadə etdirməklə maddi hüquq sahələri adlandırılır, bununla belə hüquq elmində prosessual hüquq sahələri də ayrılır. Bunlara mülki prosessual hüquq və cinayət prosessual hüququ aid etmək olar. Mülki prosessual hüquq normaları məhkəmələrin mülki, ailə, əmək, aqrar, maliyyə münasibətləri və s. sahələrdə meydana gələn mübahisələrə baxması ilə əlaqədar fəaliyyəti nizamlayır. Cinayət - prosessual hüququ cinayət işlərinin təhqiqatı, ibtidai istintaqı və onlara məhkəmədə baxılması ilə əlaqədar hüquq-mühafizə, istintaq, prokurorluq orqanlarının fəaliyyətini tənzimləyir. Məlum olduğu kimi, insanlar bütün həyatı boyu müxtəlif ictimai əlaqələrə daxil olurlar ki, bunların da əksər hissəsini hüquq normaları ilə tənzim edilən hüquq münasibətləri təşkil edir. Ümumi davranış qaydalarından ibarət olan ictimai münasibətlərin hüquq normaları vasitəsilə həyata keçməsi, reallaşması nəticəsində hüquq münasibətləri əmələ gəlir.



HÜQUQUN MƏNBƏLƏRİ

 Hüquq elmində «hüquq münasibətlərinin tərkibi» anlayışından istifadə olunur ki, onun da elementləri aşağıdakılardır:  a) hüquq subyekti; b) hüquq münasibətlərinin məzmunu; c) hüquq münasibətlərinin obyekti; Hüquq münasibətlərinin maddi məzmununu onun subyektlərinə tərəf kimi məxsus olan qarşılıqlı hüquq və vəzifələrin reallaşması ilə əlaqədar davranış və hərəkətlər təşkil edir. Bu mənada hüquqi əlaqələrin hüquqi məzmunu - hüquq münasibətinin subyektlərinin hüquq və vəzifələridir. Hüquq münasibətinin obyekti - hüquq münasibəti subyektlərinin fəaliyyətlərinin yönəldiyi maddi və qeyri-maddi nemətlərdir. Hüquq münasibətinin iştirakçıları, əsasən fiziki və hüquqi şəxslərdir. Fiziki şəxslər konkret dövlətin ərazisində və ya onun ərazisindən kənarda olan vətəndaşlar, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir. Hüquqi şəxslərə aiddir: bütünlükdə dövlət, dövlət orqanları, ictimai qurumlar, təsərrüfat birlikləri və s. Hüquq münasibəti iştirakçısı olmaq üçün müəyyən hüquqi keyfiyyətlərə malik olmaq vacibdir. Söhbət hüquq qabiliyyəti, yəni hüquqa malik olmaq və müəyyən hüquqi vəzifələri daşımaq qabiliyyətindən və fəaliyyət qabiliyyətindən, başqa sözlə öz hərəkəti ilə hüquqlar əldə etmək, həyata keçirmək və hüquqi vəzifələri icra etməkdən gedir. Hüquqi şəxslərdə hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti onların yarandığı andan meydana gəlir.

 

HÜQUQUN MƏNBƏLƏRİ

Azərbaycan Respublikasında ailə və nikah məcəlləsinə görə, bu barədə qərarı müvafiq yerli icra hakimiyyəti orqanı qəbul edə bilər. Hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və xitamı yalnız yuxarıda göstərilən hüquqi şərtlərlə yox, həm də hüquqi faktlarla əlaqədardır. Hüquqi fakt qanunda nəzərdə tutulan, konkret hüquq münasibətlərinin əmələ gəlməsi (həmçinin, dəyişməsi və xitam edilməsi) üçün əsas olan həyati hallar - hadisə və hərəkətlərdir. Hüquqi faktları insan iradəsi ilə əlaqəsindən asılı olaraq iki qrupa bölmək olar: hadisələr və hərəkətlər, bunlarla qanun hüquqi nəticələrin əmələ gəlməsini əlaqələndirir. Hadisələr - bir qayda olaraq insanın iradəsindən asılı olmayaraq baş verən hüquqi əhəmiyyətli faktlardır. Məsələn, insanın ölümü vərəsəliklə əlaqədar hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur. Hərəkətlər insanın iradəsindən bilavasitə asılı olan hüquqi faktlardır. Hərəkətlər qanunauyğun, yəni hüquq normalarını, onların tələblərini pozmayan (məsələn, alqı-satqı müqaviləsi) və qanuna zidd, yəni qanunu pozan, qanunla düz gəlməyən hərəkətlərə bölünür (məsələn, inzibati, cinayət hüquqpozmaları və s.). 10  Ümumi şəkildə hüquq pozuntusu ictimai təhlükəli olan, yəni cəmiyyətə ziyan vuran və qanunla cəzalandırılan əməl kimi səciyyələndirilə bilər.



HÜQUQUN MƏNBƏLƏRİ

Hüquq pozuntusunun aşağıdakı əlamətləri vardır: Birincisi, hüquq pozuntusu hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqa zidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. İkincisi, hüquq pozuntusunun subyekti qanunla müəyyən edilmiş yaş həddinə çatmış (bir qayda olaraq 14-16 yaş), hüquq qabiliyyətli, anlaqlı şəxslərdir ki, onlarda öz hərəkətlərinə hesabat vermək, öz davranışına rəhbərlik etmək qabiliyyəti vardır. Beləliklə, hüquq pozuntusu ağılla hərəkət etməyə qadir olan insanın iradəsinin ifadəsi kimi xarakterizə olunur. Ona görə də azyaşlıların və psixi cəhətdən anlaqsız olan şəxslərin törətdiyi ictimai-təhlükəli əməllər hüquq pozuntusu hesab olunmur. Azyaşlıların törətdiyi qanunvericilikdə nəzərdə tutulmuş ictimai təhlükəli əmələ görə müvafiq tərbiyəni və nəzarəti həyata keçirməməkdə təqsirkar olan şəxs cavab verməlidir. Üçüncüsü, şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz .                                                                                                


                                                                                                 

Yüklə 210,1 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə