Cinayət hüququ və cinayət prosesi



Yüklə 21,66 Kb.
tarix26.11.2017
ölçüsü21,66 Kb.
#12894

Almaniya Federativ Respublikası və Fransa Respublikasının cinayət prosesində həqiqət problemi

 

 



“Cinayət hüququ və cinayət prosesi”

şöbəsinin aspirantı Z.N. Əzimov

 

Kontinental Avropa (roman-german hüquq sisteminin mövcud olduğu ölkələrdə) ölkələrinin cinayət mühakimə icraatında əsas diqqət hakimin işin hallarına müvafiq olaraq həqiqətin müəyyənləşdirilməsindəki rolunun aktivliyinə yönəlmişdir. Roman-german hüquq sistemin iki yarımsistemini, yəni roman və german yarımsistemlərini öz hüquq sistemində ifadə edən ölkələr olan Almaniya və Fransanın cinayət mühakimə icraatlarında həqiqət məsələsini nəzərdən keçirərkən aşağıdakıları müəyyənləşdirmək olar:



 

Almaniya Federativ Respublikasının cinayət prosesində sübutetmənin məqsədi birbaşa olaraq CPM-də ifadə edilmişdir. Belə ki, AFR CPM-in § 244-ün 2-ci hissəsinə əsasən, məhkəmə işin həll edilməsi üçün əhəmiyyətli olan bütün fakt və sübutları tədqiq etməkdə məqsədi həqiqəti müəyyənləşdirməkdir. Alman cinayət prosesində həqəqət konsepsiyasının mahiyyəti iş üzrə obyektiv həqiqətə nail olma imkanının təkzib edilməsindən ibarətdir. Alman prosessualistləri (K. Birkmeyer, V. Kesser, U. Vestxof) cinayət prosesində obyektiv həqiqətə nail olunması imkanının qeyri-mümkünlüyünü insan idrakının təbiəti ilə izah edirlər. Insan idrakı ümumi olaraq qeyri-mükəmməlik və natamamlıq xüsusiyyətlərinə malikdir. Insan idrakı qeyri-mükəmməl olmaqla yanaşı, həm də cinayət mühakimə icraatında həqiqəti dərk etməyə kifayət deyildir. Məhkəmə tədqiqi üçün bu tədqiqatı aparan şəxslə, onun şəxsiyyəti ilə, fərdi təcrübəsi ilə aradan qaldırılması mümkün olmayan asılılığın mövcudluğu xüsusiyyəti xasdır. Nəticə etibarilə hakim cinayət işinin hallarını müəyyənləşdirmiş deyil, “yaratmış” olur. Hakimin nail ola biləcəyi yeganə şey “məhkəmə həqiqətini”, “prosessual həqiqət” adlanan subyektiv həqiqəti müəyyən etməkdir.

 

Bir çox müəlliflər (A. Qutmann, Q. Şpendel, Y. Vessels) hesab edirlər ki, cinayət prosesində müəyyənləşdirilən həqiqətin xüsusiyyətlərini tam ifadə etmək üçün onun təyini kimi “subyektiv” ifadəsini qəbul etmək lazımdır. Onlar fikrini belə əsaslandırırlar ki, cinayət prosesində müəyyənləşdirilən həqiqət onu müəyyənləşdirən subyektin xüsusiyyətlərindən asılıdır. Hər bir şəxs üçün həqiqi onun gerçək hesab etdiyi şey olur. Hakim isə yalnız obyektiv həqiqətə yaxınlaşmağa cəhd edə bilər. Lakin o, həqiqətə subyektiv inanmaqdan uzağa gedə bilməz. Əslində bu heç tələb də olunmur. Biliyin bu xarakterdə olması cinayət işi üzrə ədalət mühakiməsini həyata keçirməyə kifayət edir.



 

Həqiqət anlayışı bir çox hallarda hakim inamı anlayışı ilə qarışdırılır və yerləri səhv salınır və ya bu inamın məzmununun müəyyənləşdirilməsi ilə eyniləşdirilir. Bu zaman hakim inamına psixoloji aspektdən yanaşılır. Bu, hakim inamının formalaşması probleminin xüsusi hazırlanmış müxtəlif növ şübhə konsepsiyalarının köməyi ilə - “fəlsəfi”, “abstrakt-nəzəri”, “idraki”, “təcrübi”, asanlıqla “həll edilməsi” üçün imkan yaradır.

Subyektivlik təbiətinə görə “fəlsəfi” və “idraki” şübhələr eynitiplidir. Onları təcrübi baxımdan fərqləndirmək qeyri-mümkündür. Onlar arasındakı sərhəd sürüşkəndir. Təcrübə və nəzəriyyədə(M. Finke, Q. Valter, V.Nize, F. Krauze) belə hesab olunur ki, vacib olan odur ki, hakimin inamı şübhələr qalmadan formalaşsın, onun səhv, qeyri-mötəbər olması əsas deyil.

 

Alman sübut hüququnda hakim daxili inamının formalaşması probleminin fəlsəfi irrasionalizm mövqeyindən tədqiq edilməsi geniş yayılmışdır – bu tədqiqatlar hakim inamının mahiyyətini qeyri-idrakı anlayış kimi izah edir. Bəzi müəlliflər (Q. Bone, U. Vestxof, A. Vimmer) hesab edir ki, hakim inamının formalaşması əhəmiyyətli dərəcədə emmosional, irrasional elementlərə əsaslanır ki, bunları da dərk etmək mümkün deyildir. Belə inamın formalaşma prosesi psixikanın şüur altında, rasionallıqdan kənar, insanın təbii qanunauyğunluqlarına tabe olan, rasional və məntiqi ola bilməyən təbəqələrində baş verir. Hakim yalnız rasional elementlərə əsaslanmaqla inamını formalaşdıra bilməz, çünki irrasional elementlər ona subyektiv inamını formalaşdırmağa imkan verir. Məhz irrasional ideyaları təcrübədə iki yolla şübhələrdən azad etmək olar: 1) daxili hiss etmə, 2) iradi qərar vermə, şübhəni qırağa qoymaq yolu ilə.



 

Insan idrakının qeyri-mükəmməlliyi ilə əlaqədar olaraq cinayət prosesində obyektiv həqiqətin müəyyənləşdirilməsinin qeyri-mümkünlüyü barədə müdəalar alman Ali Məhkəməsinin çoxsaylı şərhlərində ifadə edilmişdir. Hələ XX əsrin 30-cu illərində belə qərarların birində göstərilirdi: “Hadisə ilə əlaqədar digər fərziyyələri istisna edən tam dəqiq bilik insan idrakı üçün, sonuncunun qeyri-mükəmməlliyi səbəbindən mümkün deyildir. Biliyə irəli sürülən etibarlılıq tələbi bu dərəcədə yüksək olarsa, cinayət mühakimə icraatı yaxşı olduğu dərəcədə də həyata keçirilməsi qeyri-mümkün olardı. Əgər cinayət mühakimə icraatını həyatda olduğu kimi qəbul etsək, onda hakim malik olduğu sübutlardan mümkün dərəcədə, tam və vicdanlı istifadə etməklə əldə etdiyi ehtimallılıq dərəcəsi ilə kifayətlənməlidir. Ehtimallılığın belə yüksək dərəcəsi həqiqət qismində qəbul edilir”.

 

AFR Ali Məhkəməsi keçmiş alman Ali Məhkəməsinin insan idrakının qeyri-mükəmməliyi ilə əlaqədar olaraq obyektiv həqiqətin aşkara çıxarılmasının mümkünsüzlüyü barədə mövqeyini müdafiə edərək öz fikirlərində daha çox hakim inamı anlayışına diqqət yetirir, şübhə anlayışına və onun növlərinin müzakirəsinə geniş yer ayırır. Ali Məhkəmə xüsusi olaraq izah edir ki, insan idrakının mükəmməl olmaması ilə şərtlənən sadə nəzəri və ya abstrakt şübhə təqsirləndirilən şəxsin məhkum olunmasına mane olmur. Hakim inamı üçün təcrübəsi baxımından kifayət edən və barəsində ağlabatan şübhələr olmayan mötəbərlik kifayət edir və bu tələb edilir. Sübut edilməli olan faktin prosessual qaydada müəyyənləşdirilməsi üçün düşüncəsi və təcrübəsi ilə hakim tərəfindən şübhənin aradan qaldırılması tələb olunur, bunun üçün həmişə şübhələrdən tam azad olan mötəbərlik tələb edilmir.



 

Fransız cinayət mühakimə icraatı kontinental cinayət prosesi tipinə aiddir. Bu tip cinayət prosesi iş üzrə ibtidai araşdırmanı aparan orqanın (istintaq hakimi) məhkəmə icraatında aktiv rolunu təsbit edir. O, tərəflərin təşəbbüsündən asılı olmayaraq iş üzrə həqiqəti müəyyənləşdirmək vəzifəsini daşıyır və buna müvafiq olaraq müstəqil şəkildə sübutetməni həyata keçirmək səlahiyyətinə malikdir. Fransa CPM-nin 81.1-ci maddəsində xüsusi şəkildə qeyd olunur ki, “istintaq hakiminin həqiqətin müəyyənləşdirilməsi üçün zəruri hesab etdiyi bütün istintaq hərəkətlərini həyata keçirmək səlahiyyəti vardır”.

 

Fransada hakim tərəflərin mübahisəsini qərəzsiz şəkildə izləyən arbitr rolunda çıxış etmir. O, tərəflərin aktivliyinə baxmayaraq məhkəmə icraatında iş üzrə həqiqətin müəyyənləşdirilməsini təmin etməlidir. Hakimin məhz bu fəaliyyəti onun sübutların tədqiqində rolunu müəyyənləşdirir. Məsələn, hansı tərəfin təşəbbüsü ilə çağırılmasından asılı olmayaraq şahid ilk növbədə hakim tərəfindən dindirilir. Bundan başqa hakimin həm də müstəqil olaraq şahid çağırmaq, ekspertiza təyin etmək və digər sübutları toplamaq səlahiyyəti vardır.



Bütün bunlarla yanaşı qeyd olunmalıdır ki, Fransa cinayət-prosessual doktrinasının formalaşmasına klassik inglis cinayət-prosessual doktrinası böyük təsir göstərmişdir. Bu müddəanın təsdiqini Fransa cinayət prosesində həqiqət problemini araşdırdıqda daha aydın müşahidə etmək mümkündür.

Məhşur fransız prosessualisti XIX əsrdə yaşamış Helie bildirirdi ki, ümumiyyətlə həqiqəti insan idrakı dərk edə bilməz, müvafiq olaraq, hakim baxdığı işlər üzrə onu dərk edə bilməz: hakim obyektiv həqiqətin yerinə, yalnız subyektiv inama nail ola bilər. Daha sonra o qeyd edirdi ki, cinayət prosesinin məqsədi “məhkəmə həqiqətini tam şəkildə müəyyənləşdirməkdir”.



 

Digər bir fransız prosessualisti Qarroud həqiqətə özünəməxsus şəkildə anlayış verir. Ona görə özü-özlüyündə həqiqət mütləq xarakter daşıyır, çünki o gerçəkliyin ekvivalentidir. Lakin bu anlayışa biliklərimiz və anlayışlarımız baxımından yanaşdıqda o, nisbi xarakter alır. Dərk edilən və müəyyənləşdirilən maddi və ya mənəvi xarakterli faktlar o zaman nisbi olur ki, onun müəyyənləşdirilməsi üçün vasitələr səhv və ya natamam olur. Insan üçün həqiqətin ekvivalenti kimi insan tərəfindən həyata keçirilən subyektiv dərketmə nəticəsində yaranan mötəbərliyi göstərmək olar. Həqiqət və mötəbərlik anlayışları bir-birindən fərqlənir: birinci obyektiv, ikinci isə subyektivdir. Həqiqət özlüyündə mütləqdir, bizim onun haqqındakı əldə etdiyimiz mötəbərlik isə nisbidir. Qavramaq istədiyimiz maddi və ya mənəvi faktla fikirlərimiz arasında müvafiqliyi müəyyənləşdirdikdə mötəbərliyi əldə etmiş oluruq.
Yüklə 21,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə