Dədə Qorqud ● 2015



Yüklə 1,39 Mb.
səhifə1/17
tarix23.10.2017
ölçüsü1,39 Mb.
#6407
  1   2   3   4   5   6   7   8   9   ...   17

Dədə Qorqud 2015/IV


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU



DƏDƏ QORQUD


DADA GORGUD


Elmi-ədəbi toplu
İldə 4 sayı buraxılır


IV (57)

BAKI - 2015

Toplu Azərbaycan Milli Elmlər Akademiyası

Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunur.


Baş redaktor: Ramazan QAFARLI
Redaksiya heyəti:

Kamal Abdulla, Anar, Şükrü Haluk Akalın (Türkiyə), Amanmırat Bay­mıradov (Türkmənistan), Cəlal Bəydili, Nizami Cəfərov, Özkul Ço­banoğlu (Türkiyə), Ali Duymaz  (Türkiyə), Metin Ekici (Türkiyə), M.Ocal Oğuz (Türkiyə), Kamran Əliyev, Əfzələddin Əsgərov, İsa Həbib­bəyli, Muxtar İmanov, Teymur Kərimli, Sərxan Xavəri, Ağaverdi Xəlil, Rüstəm Kamal (Rəsulov), Şakir İbrayev (Qazaxstan), Tofiq Məlikov (Rusiya), Elxan Məmmədli, Törə Mirzəyev (Özbəkistan), Oljas Süleymenov (Qazaxıs­tan), Sadık Tural (Türkiyə), Fikrət Türkmən (Türkiyə)
Baş redaktorun müavini: Seyfəddin Rzasoy

Baş redaktorun müavini: Nail Qurbanov

Məsul katib: Tahir Orucov


Nəşrinə məsul: Əziz Ələkbərli

Dədə Qorqud”. Elmi-ədəbi toplu, IV. Bakı, “Elm və təhsil” nəşriyyatı, 2015, 170 səh.

ISSN 2309-7949

© Folklor İnstitutu, 2015



Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar




Ləman VAQİFQIZI (SÜLEYMANOVA)

filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Folklor İnstitutunun

Dədə Qorqud” şöbəsinin aparıcı elmi işçisi



e-mail: lemansuleymanova@rambler.ru
XOCAVƏND RAYONUNDAN TOPLADIĞIMIZ FOLKLOR MƏTNLƏRİNDƏ QARACA ÇOBAN OBRAZI
Xülasə

Azərbaycanın müxtəlif bölgələrindən “Kitabi-Dədə Qorqud”la ya­xın­dan səsləşən mətn­lər tez-tez qeydə alınır. Bunların arasında Təpəgöz və ya Kəl­ləgözlə bağlı süjetlər, can yerinə can vermə motivi, Əzrayılın quş for­ma­sın­da təsəvvürləri daha çoxdur. Ancaq bu gün “Kitabi-Də­də Qorqud”da möv­cud olan obrazlarla bağlı mətnlərin xalq arasında yaşaması məsələsi nis­bə­tən az rastlanan haldır. Bu baxımdan Xocavənd rayonu1 sakinləri arasında Qa­ra­ca çobanla bağlı söylənən mətnlər olduqca diqqətçəkicidir. Biz bu obrazla bağ­lı ilk məlumatları hələ Xoca­vənd Rayon İcra Hakimiyyəti ilə görüşümüzdə al­dıq. Ancaq söhbətləşdiyimiz şəxslərin ali təh­silli ol­ma­sı səbəbindən onların sa­dəcə olaraq buradakı dağın Qaraçuq adının daşıdığı üçün belə da­nış­dıq­­­la­rı­nı güman etdik. Söyləyicilərimizlə görüşlərimiz zamanı isə yanıldığımızı an­la­dıq. Söy­lə­yi­cilər bu obrazı gah Qara Çoban, gah da Qa­­­raca Çoban adlan­dı­rır­dı­­lar. Hal-hazırda er­mə­ni iş­ğa­lın­da olan Qaraçuq dağının Qaraca çobanın ya­şa­yış yeri olması topladığımız mətn­lərdə tez-tez vur­­ğulanır. Topladığımız ör­nək­lərdə Qaraca çobanın boy-buxunundan, güc-qüvvə­sindən, qəb­rin­dən, qoyun arxacından və s.-dən də tez-tez bəhs olunur. Bu bölgədən qeydə aldığı­mız mətn­lərdə “Ki­tabi-Də­də Qorqud” dastanı ilə səsləşmələr çox olsa da, Qaraca çoban dastan qəh­rə­manı ol­maq­dan daha çox mifoloji obraz kimi özünü göstərir.



Açar sözlər: Qarabağ, Xocavənd, “Dədə Qorqud kitabı”, Qaraca çoban, sa­pand
IMAGE GARAJA CHOBAN IN THE TEXTS WE GATHERED FROM KHOJAVAND REGION
Summary

It is often collected texts from different regions of Azerbaijan related with "Kitabi Dede Gorgud". These plots: with related Tapagoz and Kallagoz, sacrifice themselves for others, description Azrayil as birds are more among gathered texts. But images existing in "Kitabi Dede Gorgud " and related texts we are faced relatively low. From this point of view, spoken texts related Garaja Choban among Khojavand people are very striking. We have gained first facts from the Executive Power Khojavand region related this image. We met people were educated, therefore, we believe that, this people say that, because people called the local mountains as Garachug. When we meet local people, we realized that we were wrong. Local people call this image then Gara Choban, or Garaja Choban now. Armenians occupied these places now and we gained facts it was place of residence of Garaja Choban. In our example, Garaja Chobans height, strength, grave, sheep back, and others often described. In our text gained from this region though there are many relations with the epos "Kitabi Dede Gorqud", Garaja Choban shows himself more like mythological image.



Key words: Karabakh, Khojavand, "Dada Gorgud book", Garaja Choban, sapand
ОБРАЗ КАРАДЖА ЧОБАНА В ФОЛЬКЛОРНЫХ ТЕKСТАХ

СОБРАННЫХ В ХОДЖАВЕНДСКОМ РАЙОНЕ
Резюме

Очень часто встречаются схожие по содержанию тексты в «Китаби Деде Горгуд», собранных в различных регионах Азербайджана. В данном случае имеет место связь персонажей между собой, такие как Темеглазый и Лобоглазый, такой мотив как быть жертвой вместо кого-то и часто встречается воображение смерти в облике птицы. Но се­годня, в текстах связанные с существующими образами в «Китаби Деде Горгуд» не так час­­то глаголет уста народа. В этом плане, образ Караджа Чобана рассказанное жителями Ходжа­вендского района весьма интересна. Первые сведения об этом образе мы получили при встрече с представителями Исполнительной власти Ходжавендского района. Учи­ты­вая тот факт, что наши собеседники были люди с высшим образованием, то название го­ры Караджук мы представили таковым, но при встрече со сказителями мы поняли, что оши­ба­лись. Сказители этот образ называли либо Кара Чобан, либо Караджа Чобан. В соб­ран­­ных нами материалах упоминается гора Караджук, где проживал Караджа Чобан, ко­то­рый по сей день находится в руках армянских оккупантов. В собранных нами образ­цах, образ Караджа Чобана часто представляется как высокий, неимоверно могучий и т.д. Текс­ты собранные в данном регионе часто перекликается с содержанием дастана в «Ки­та­би Деде Горгуд», здесь образ Караджа Чобана больше выявляется как мифо­ло­ги­чес­кий об­раз, нежели как образ дастанного героя.



Ключевые слова: Карабах, Ходжавенд, «Китаби Деде Горгуд», Караджа Чобан, праща.
Qaraca Çoban və yaxud Qara Çoban. Bölgədən qeydə aldığımız ma­teriallar arasında xey­li sayda mi­­­foloji mətn var. Bunların bir qismi bütün bölgə­lə­rimiz üçün xa­­­rakterik olan mi­fo­lo­ji rəvayətlərdir. Xocavənd sakin­lərindən top­la­­­dı­ğımız rəvayətlərin bir qismini də Qaraca Ço­ban­la bağlı söylənən mətn­­­lər təş­kil edir. Qeyd edək ki, “Dədə Qorqud kitabı” ilə səsləşən mətn­lər həm bizim tə­rə­fimiz­dən, həm də digər folklorçular tərəfindən başqa bölgələrdən də qeydə alı­nıb. Bun­la­rın arasında “can yerinə can vermə”, “ölümdən qaçma” motivləri, Tə­pəgöz və ya Kəl­ləgözlə bağlı süjetlər, eləcə də Əzrayılın quş formasında təsəv­vür olunmasına dair materiallar da­ha çoxdur [Şəki folklor örnəkləri II ki­tab, səh.79, 81-82; Şəki folklor örnəkləri III kitab, səh.9-14, 64-71; Şirəliyev, səh. 367; AFA. Zəngəzur folk­loru, 50; AFA. Ağdaş folkloru, 398-401 və s.]. Bu­­­nun­la yanaşı, müxtəlif bölgə­lə­rimizdə elə alqış, qarğış, ağı və s. mətnlərlə üz­lə­şirik ki, bu mətn­lərin bəzən ru­hun­da, bəzən də qafiyələnməsində “Dədə Qor­qud”­la mü­əy­­­yən səsləşmələr özü­nü göstərir:

Axar sular həmməşə axsın [Qarabağ, VI c., səh. 391].


Üzün ağ olsun,

Yediyin yağ olsun.

Mindiyin bir köhlən daylağ olsun,

Gəzdiyin yaylağ olsun! [Qarabağ, VI c., səh. 393].

Atının dalınca qulun səhməsin [Qarabağ, VI c., səh. 393].

Yükün binə tutmasın.

Yükün kölgə salmasın.

Yükün yığılmasın [Qarabağ, VI c., səh. 393].


Duranda yerə naz eliyən,

Gedəndə boyuna naz eliyən,

Gedəndə yerişi göyçək,

Gələndə gülüşü göyçək,

Gözəlliyi güldən götürən,

Ağlığı qardan götürən ... [Qarabağ, VII c., səh.349] və s.

Xocavənd sakinləri arasında Qaraca Çobanla bağlı mətnlər olduqca məş­hur­­dur. Qaraca Ço­ban obrazının bu bölgədə mövcud olması ilə bağlı ilk məlu­mat­lara mərhum folklorşünas Şamil Cəm­şidovun “Kitabi-Dədə Qorqud”u vərəq­ləyər­kən” adlı əsərində rast gəlirik. Təəssüf ki, Şamil Cəmşidov o zaman topla­dığı mətnləri nəşr et­dirməyib, yalnız yığcam məlumat verməklə kifayətlənib [Cəm­şidov, səh.91-92]. Bölgəyə səfər etdiyimiz zaman bu obrazla bağ­lı ilk mə­lu­matları hələ Xocavənd Rayon İcra Hakimiyyəti nümayəndələri ilə görüşü­müz­də al­dıq. Ancaq söhbətləşdiyimiz şəxslərin ali təhsilli olması səbəbindən on­la­rın sadəcə olaraq bu­ra­da­kı dağın Qaraçuq adını daşıdığı üçün belə danışdıq­larını gü­man etdik. Söyləyicilərimizlə gö­rüş­lərimiz zamanı isə yanıldığımızı an­la­dıq.

Onu da qeyd edək ki, bütün xocavəndlilər bu obrazla bağlı mətnləri danışa bilmirlər. Xo­ca­vənd rayonunun Muğanlı, Əmirallar, Qaradağlı kəndlərinin ca­ma­­atı arasında bu mətnlərin daha ge­niş yayıldığının şahidi olduq. Xocavənd və Kuropatkin kəndlərindən olan söyləyicilərimiz Qa­raca Çobanla bağlı bir neçə mətn danışdılar. Onlar bu mətnlərin yuxarıda adlarını qeyd et­di­yim kəndlərin sa­­kin­ləri olan qonşularından eşitdiklərini qeyd edirdilər. Rayonun Tuğ, Sala­kə­tin, Axul­lu, Günəşli kənd sakinlərindən isə bu obrazla bağlı heç nə toplaya bilmədik.

Mətni danışan şəxslərin demək olar ki, hamısı söylədikləri mətnləri vaxtilə öz ata-ba­ba­la­rın­dan və yaxud kəndin yaşlı sakinlərindən eşitdiklərini deyirdilər. Bu faktın özü ərazinin iş­ğa­lın­dan qabaq həmin mətnlərin bölgədə nə qədər yay­ğın olduğunu göstərən faktdır. Biz sa­kin­lər­dən bu obrazla bağlı topladığımız mətn­­lərin hamısını Xocavənd rayonunun sakinlərindən toplayıb tərtib etdiyimiz kitabda vermədik. Onlardan yalnız doq­qu­zu­nu seçib ora saldıq [Qarabağ, VII c., səh. 21-25]. Qalanlarını isə bir-birini təkrarladıqları üçün, bəzilərini isə zəif ol­ma­­sı səbəbindən kitaba daxil etmədik.

Söyləyicilərə Qaraçuxa ilə bağlı sual ünvanladığımızda onlar bəzən Qara­çu­xanı Qaraca Ço­banla dəyişik salır, onun haqqında məlumat verməyə baş­la­yır­dılar. Söyləyicilər bu obrazı gah Qa­ra Çoban, gah da Qa­­­raca Çoban adlandırır­dılar [Qarabağ, VII c., səh.21-24]. Maraqlıdır ki, “Də­də Qorqud kitabı”nın özün­də də Qaraca Çobanın müxtəlif cür adlandırıldığının şahidi olu­ruq. Dastan­da Qa­ra­ca Çobanın adı 45 dəfə çəkilib ki, onlardan yalnız beşində obraz Qaraca Ço­­­ban adlandırılıb, beş dəfə Qaracıq Çoban, bir dəfə Qaracuq Çoban, bir dəfə Qa­rıcıq Çoban, otuz üç dəfə isə sadəcə çoban formasında işlədilib.

Şamil Cəmşidov Martuni, Ağcabədi və Jdanov1 rayonlarının əhalisinin Qa­­­­ra­­­­ca Çobanın adı­nı Qaraçuq Çoban, Qaraçuq dağını isə eyni zamanda “Qara­çu­ğun dağı”, yaxud “Qara Çoban da­ğı” şəklində tələffüz etdiklərini yazır [Cəm­şi­dov, səh.91].

Xocavəndli söyləyicilərimiz Qaraca Çobanın Qaraçuq dağının ətəyində ya­­­­şa­­dığını, orada qo­yunlarının yataq yerinin, su kəhrizinin olması haqqında mə­lu­­mat verir, Qaraca Çobanın bütün var-dövlətinin bu dağda olmasını deyirdilər [Qa­­rabağ, VII c., səh.21-24]. Qaraçuq dağının da “Də­də Qorqud kitabı” ilə bağlı to­­po­nim olması məlum həqiqətdir. Bu obrazın məşhur qəh­rə­man­­­la­rından biri olan Qazan xanın epitetlərindən biri də “Qaraçuğun qap­lanı”dır. Qaraca Çoba­nın Qa­raçuq dağından əyilərək Xonaşen çayından su içməsi, çox böyük olduğu üçün öləndə bir qəb­rə yerləşməməsi, bölünərək 3, 7, bəzən də 40 qəbirdə dəfn olun­­ması, məzarının uzunluğunun 200-300 metr olma­sı­nın vurğulanması nə­həng­­­lərlə bağlı təsəvvürlərin bölgədə bu obraza trans­for­­ma­si­­­ya olunduğunun sü­bu­tudur.




Qaraçuq dağı. Hazırda ermənilər tərəfindən işğal olunmuş ərazidədir.
Qaraçuq dağının ətəyində salınmış Avşar qəbiristanlığında iri qara daşlar vardır. Yerli sa­kin­lərin dediyinə görə, bu daşlar çox ağırdır, qaldırmaq olmur. Həm də bu daşların yalnız burada möv­cud olması, yaxın ərazilərdə rast gəlin­mə­məsi ilə bağlı məlumatlarla da tez-tez qarşılaşırdıq. Xo­cavəndlilərin dediyinə gö­rə, bu daşlar vaxtilə Qaraca Çobanın atdığı daşlardır.



Xonaşen çayı. Uzaqdan Qaraçuq dağı görünür.


Nərgiztəpədə olan bu daş qalağını əhali Qara çobanın sapandından

atılmış daşlar hesab edir.
“Dədə Qorqud kitabı”nda Qaraca Çobanın Dəmirqapı Dərbənddə Qazan xanın on min baş qo­yununun ardınca gələn kafirlərlə döyüşü zamanı və Qazanın evini qurtarmağa getdiyi zaman ka­fir çəngəlinə vurulan Uruzu qurtarmaq üçün sapanddan daş atdığından bəhs olunur. Dastanda Qa­raca Çobanın sapandı belə təsvir olunur: “Çobanın üç yaşar dana dərisindən sapanınını aya­sıy­dı, üç keçi tüyindən sapanını qollarıydı. Bir keçi tüyindən çatlagucıydı. Hər atanda on iki batman daş atardı. Atdığı daş yerə düşməzdi. Yerə dəxi düşsə, toz kibi savrılırdı, ocaq kibi obrılur idi. Üç yı­ladaq daşı düşdügi yerinı otu bitməzdi. Semiz qoyun, arıq toqlı bayırda qalsa, qurt gəlib ye­məz­di sapanını qorqusundan” [Kitabi-Dədə Qorqud, səh. 51]. Xocavənd sakinlərindən qeydə al­dı­ğımız mətnlərdə Qaraca Çobanın həmin daşları bir neçə səbəblə atması vurğulanır. Bu mətn­lər­dən birində göstərilən səbəb “Dədə Qorqud kitabı”ndakı sapanddan daş atma məsə­ləsi ilə çox ox­şardır. Yəni burada da Qaraca Çobanın dağın başında daya­na­raq üs­tü­nə gələn düşmən qo­şu­nu­na sapandla daş atmasından söhbət açılır, amma düş­mənlərin nə səbəbə gəlməsi göstərilmir [Qarabağ, VII c., səh.21]. Digər mətndə Qaraca Ço­banın ölülərini çox ağlayan avşar camaatını qə­biristanlıqdan qovmaq üçün Qa­raçuq dağında dayanaraq buranı daşladığından bəhs olunur [Qa­rabağ, VII c., səh.23]. Başqa bir mətndə Qaraca Çobanın Qaraçuqda daya­na­raq Nooruz də­rə­si­nə daş atmasından söhbət gedir. Qaraca Çobanın daşının bö­yük­lüyünü nəzərə çarpdırmaq üçün söy­ləyici “Savet dövründə nə qədər texnika varıydı, onu sahədən çıxara bilmədi, güjü çatmadı çı­xart­mağa. Heylə böyüh qa­yay­dı” [Qarabağ, VII c., səh. 21] kimi cümlələrdən istifadə etdi. Mətn­lər­dən birində isə camaatın torpaq payı böldüyü zaman Qaraca Çobanın daş atması, daşın getdiyi mə­safə qədər ərazini özünə yataq yeri götürməsi qeyd olunur [Qarabağ, VII c., səh.24].

“Yerli əhalinin Qaraçuq ərazisində Qaraçuq Çobanın adı ilə əlaqədar ola­raq göstərdiyi coğ­rafi əlamətlərindən “Qaraçuq Çobanın qoyun arxacı”, “Qa­ra­çuq Ço­banın köç yolu”, “Qa­ra­çuq Çobanın bulağı”, “Qaraçuq Çobanın ulaq daşı”, “Qa­­raçuq Çobanın sapand daşları” və nə­ha­yət, “Qaraçuq Çobanın 6 hissə­dən ibarət nəhəng “qəbri” diqqəti cəlb edir. Martunu, Ağcabədi və Jda­nov ra­yon­­larında ya­şa­yan Allahverdi Xəlilov, Həmid Xəlilov, Xanlar Məmmədov, Qa­raş Cə­fə­rov, Sur­xay İsmayılov, Xanış Məmmədov, Hüseyn Məmmədov, Hey­dər Na­ğıyev və baş­qa­la­rı­nın ata-babalarından Qaraçuq Çoban haqqında eşit­dikləri rəvayətlərdə deyi­lir: “Qaraçuq Çoban son dərəcə nəhəng bir adam imiş, o öz doğ­­ma məskəni olan Qaraçuq dağının zirvəsindən əyilib, da­ğın yaxın­lığından axan Xonaşin çayından su içərmiş, o bir pud saqqızı bir dəfəyə ağzına alıb çey­nə­yərmiş. Onun çomağı o qədər iri imiş ki, yanınca sürüyərkən yerdə xış kimi cız salarmış. Qa­raçuq Çoban özünün zəncir qollu sapandına böyük qoyun boyda daş­ları qoyub atmaqla basqın edən düşmənləri qovar­mış....”. Şamil Cəmşidov Mar­tuni, Ağcabədi və Jdanov ra­yonlarının əha­li­sinin Qa­raca Çobanın adını Qa­raçuq Çoban, Qaraçuq dağını isə ey­ni zamanda “Qaraçuğun da­ğı”, yaxud “Qara Ço­ban dağı” şəklində tələffüz etdik­lərini yazır [Cəmşidov, səh.91]. Ş.Cəm­şido­vun verdiyi məlumatların böyük bir qismi bu gün də bölgə əhalisi arasında yaşa­yır, bir qis­minə isə təəssüf ki, rast gəl­mədik. “Qaraçuq Çobanın qo­yun arxacı”, “Qa­raçuq Çobanın sa­pand daşları”, “Qa­raçuq Çobanın 6 hissə­dən ibarət nəhəng “qəbri” Qaraçuq dağının zir­vəsindən əyi­lib, dağın yaxın­lığın­dan axan Xonaşen ça­yın­dan su içməsi ilə bağlı mə­lumatlar böl­gə əhalisi ara­sında bu gün də yay­ğın­dır. “Qaraçuq Çobanın köç yo­lu”, “Qa­raçuq Çobanın bu­lağı”, “Qa­ra­çuq Çoba­nın ulaq daşı”, bir pud saqqızı bir dəfəyə ağzına alıb çey­nəməsi, böyük çomağı ilə bağlı mə­lumatlarla isə rastlaş­ma­dıq.

Söyləyicilərdən biri Qaraca Çobanın dəfnindən danışarkən qeyd etdi ki, o zaman yazı-pozu ol­madığından, dəfndə kimlərin iştirak etdiyini bilmək üçün gə­lən­lərin hamısı əllərində bir dənə qa­ra daş gətirib qəbrin üstünə qoyublar [Qa­ra­bağ, VII c., səh.24].


Afşar qəbiristanlığında Qaraca Çobanın qəbrinin yerləşdiyi ərazi
Şamil Cəmşidovun yazdığına görə, bölgə əhalisi Qaraca Çobanın ölümü haq­qında belə mə­lumat verir: “Qaraçuq Çoban peyğəmbər əyyamında yaşamış­dır. Lakin o, Allahı, peyğəmbəri ta­nımazmış. Bir gün iki dərviş onun yanına gə­lib, peyğəmbər adından danışaraq, qoyunlardan qur­ban kəsməyi tələb edir. Bunu qəbul etməyib dərvişləri qovduğu üçün Allahın Qaraçuq Ço­ba­na acığı tutub, özünü və qoyunlarını daşa döndərmişdir” [Cəmşidov, səh.91].


Nərgiztəpə ərazisində yerləşən Afşar qəbiristanlığı
Başqa bir rəvayətdə isə onun öz əcəli ilə öldüyü göstərilir. “Qaraçuq Ço­ban ölümünün ya­xınlaşdığını duymuş, Qaraçuq dağının başında dayanıb, sapan­dı­na böyük bir daş qoyub atmış və demişdir: “Sapandın daşı hara düşsə, məni orada dəfn edərsiniz”. Daş gəlib Qaraçuqdan təx­mi­nən 15 kilometr aralı olan Nərgiztəpəyə düşmüşdür. Odur ki, öləndə onu burada dəfn etmişlər. La­kin Qara­çuq Çobanı nə götürmək, nə də bir qəbrə yerləşdirmək mümkün olmadı­ğın­dan baş, bə­dən, iki qol, iki qılça olmaqla 6 hissəyə bölüb ayrı-ayrı qəbirlərdə bas­dırmışlar” [Cəmşidov, səh.91].

Hazırda Qaraçuq Çobanın qəbri deyə göstərilən Nərgiztəpə adlı bu yer çox qədim bir qə­bi­ristanlıqdır. Burada köhnə qəbirlərin sinə və baş daşları üzə­rin­də ox-kaman, at, atlı, ev, kuzə və s. şəkillər həkk edilmişdir.

Söyləyicilər bəzən bu obrazı müasir dövrlə əlaqələndirirlər. Qaraca Ço­ban haqqında in­for­masiya verən söyləyici sonda mətnə təəssüf hissiylə belə bir əlavə etdi: “Onnan sora Qara Ço­ban çıxdı getdi, erməni gəldi ora yelihləndi” [Qa­ra­bağ, VII c., səh. 22]. Erməninin bu ərazilərə yer­ləşməsi çox yaxın tarixin məh­suludu. Mifoloji obraz olan Qaraca Çobanın bəzən belə “mü­a­sir­ləşdiril­mə­si” son dövr hadisələri ilə əlaqədar olaraq olduqca təbii görünür, söyləyici öz yer-­yurd nisgilini məhz bu formada büruzə verir. Bəzi mətnlərdə söyləyicilər Qaraca Çobanın yataq ye­rinin və qoyun arxacının ermənilər tərəfindən əkilərək məhv edilməsini də vurğuladılar [Qa­ra­bağ, VII c., səh.23].

Sonuc. Bütün bu deyilənlərə əsasən belə bir nəticəyə gələ bilərik ki, bu böl­gədə mövcud olan Qa­raca Çoban obrazı ilə bağlı mətnlərdə “Dədə Qorqud ki­tabı” ilə bağlı səsləşmələrin olması ilə bə­rabər, Qaraca Çoban və yaxud Qara Ço­ban mifoloji obraz kimi də özünü göstərir.
ƏDƏBİYYAT
1. Azərbaycan folkloru antologiyası. XII cild. Zəngəzur folkloru / Top­layanlar: Nəbioğlu V., Kazımoğlu M., Əsgər Ə., Bakı, Səda, 2005

2. Azərbaycan folkloru antologiyası. XVI cild. Ağ­daş folkloru / Top­layıb tərtib edən: Rüstəmzadə İ. Bakı, Səda, 2006

3. Kitabi-Dədə Qorqud ensiklopediyası. I cild. Bakı, “Yeni nəşrlər evi”, 2000

4. Cəmşidov Ş. “Kitabi-Dədə Qorqud”u vərəqləyərkən. Bakı, Gənclik, 1969

5. Qarabağ: folklor da bir tarixdir. VI kitab. (Cəbrayıl, Kəlbəcər və Tərtər rayonlarından toplanmış folklor örnəkləri). Toplayıb tərtib edən: L.Vaqifqızı (Süleymanova). Bakı, “Zərdabi LTD” MMC, 2013

6. Qarabağ: folklor da bir tarixdir. VII kitab. (Xocavənd rayonundan toplanmış folklor örnəkləri). Toplayıb tərtib edən: L.Vaqifqızı (Süleymanova). Bakı, “Zərdabi LTD” MMC, 2014

7. Şəki folkloru örnəkləri. II kitab. Toplayıb tərtib edən: L.Vaqifqızı (Süleymanova). Bakı, “Elm və təhsil”, 2014

8. Şəki folkloru örnəkləri. III kitab. Toplayıb tərtib edən: L.Vaqifqızı (Süleymanova). Bakı, “Elm və təhsil”, 2016

9. Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Bakı, Maarif, 1967
Çapa tövsiyə edən: fil.ü.e.d. Seyfəddin Rzasoy

Folklorşünaslıq: problemlər, tədqiqlər




Ramazan QAFARLI

filologiya üzrə elmlər doktoru, professor

AMEA Folklor İnstitutunun

Dədə Qorqud” şöbəsinin müdiri



e-mail: ramazanqafar@yandex.ru
MifİK dünya modelinin kəmiyyət strukturu
Xülasə

Məqalədə mifik dünya modelinin kəmiyyət strukturunun atributları ilk dəfə olaraq sistemli şəkildə araşdırılır. Mifik dünya modelinin müxtəlif strukturlarını öyrənəndə görürük ki, ilk əvvəl o iki hissəyə bölünür – gerçək dünya və xarüqüladə dünya. Dünya şaquli xətt üzrə ən azı üç hissəyə, üfüqi xətt iləsə mərkəzi dayaq nöqtəsi qatılmaqla dörd istiqamətə ayrılır: şərq, qərb, şimal, cənub. Dünyanın əsas ölçülərinin cəmi yeddidir: 4 (yer üzünün dörd istiqaməti) + 1 (mərkəz) + 1 (yuxarı) + 1 (aşağı). Məqalədə Azərbaycan-türk mifologiyasında bir – sakral kosmoqonik başlanğıc, iki – dual kosmoqonik başlanğıc, üç – dünyanın şaquli struktur modeli, dörd – dünyanın üfüqi struktur modeli, beş – dünyanın zaman modeli, altı –dünyanın üfüqi və şaquli modeli, yeddi – dünya vəhdətinin struktur modeli, doqquz – dünyanın bütövlük modeli, on iki – dünyanın zooastral modeli, qırx – mediativ ritual modeli kimi tədqiqata cəlb edilir.



Açar sözlər: mifik dünya modeli, sakral rəqəmlər, kosmoqonik başlanğıc, dual kosmo­qo­nik başlanğıc, dünyanın şaquli struktur modeli, dünyanın üfüqi struktur modeli, dünyanın za­man modeli, dünyanın üfüqi və şaquli modeli, dünyanın zooastral modeli, mediativ ritual mo­deli
THE QUANTITY STRUCTURE OF THE MYTHICAL WORLD MODEL
Summary

In the article the attributes of the quantity structure of the mythical world model are investigated for the first time systematically. Investigating the different structures of the mythical world model we see that first of all it is divided into two parts – the real world and the unreal world. According to the vertical line the world is divided at least three parts, but accor­ding to the horizontal line it is divided into four directions including the central foothold: east, west, north, south. The sum total of the main measures of the world is seven: 4 (four directions of the Earth) + 1 (centre) + 1 (up)+ 1 (down). In the article some numbers are invest­tigated as the models such as one – the sacred cosmogony beginning, two – dual cosmogony beginning, three – the vertical structure model of the world, four – the horizontal structure model of the world, five – the time model of the world, six – the vertical and horizontal model of the world, seven – the structure model of the world unity, nine – the integrity model of the world, twelve – the zoo astral model of the world, forty – the meditative ritual model.



Key words: the mythical world model, the sacral numbers, the cosmogony beginning, the dual cosmogony beginning, the vertical structure model of the world, the horizontal structure mo­del of the world, the time model of the world, the horizontal and vertical model of the world, the zoo astral model of the world, the meditative ritual model
Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə