Dilənçi gəlin Döyüldü qapımız bir səhər erkən



Yüklə 207,88 Kb.
Pdf görüntüsü
tarix12.10.2018
ölçüsü207,88 Kb.
#73252

background image
Dilənçi gəlin 

Döyüldü qapımız bir səhər erkən, 

Tələsdim açmağa təlaş içində. 

Qaranlıq dəhlizdə onu görərkən 

Işıqlı bir dünya uçdu içimdə. 

Dayanmışdı sakit, məhzun, utancaq, 

Soyuqdan, şaxtadan büzüşmüşdü bərk. 

Böyrünə qısılmış beş yaşlı uşaq 

Sallaq qaş altından baxır da hürkək. 

Bir kömək... söylədi, qırıldı səsi, 

Cevirdi üzünü xəcalətindən, 

Sındı ürəyimin kövrək şüşəsi 

O cavan gəlinin bu halətindən. 

Nə qədər qəşəngdir boyu-buxunu! 

Uyuşa bilmirdi bu sur-sinciyə. 

Qəbahət olardı oxşatsam onu 

Sırtılmış, adətkar bir dilənçiyə. 

Yox, yox! Tanımadım mən...O, köçgün idi. 

Tapdaqda qalmışdı yurdu-yuvası, 

Götürüb qaçmışdı nə mümkün idi... 

Hələ üzündəydi həya urvası. 

Vaxt vardı, bilməzdi nədir qara gün, 

Hamı bəxtəvərdən o, bəxtəvərdi. 

Qayğısız keçərdi gənc ömrü bütün, 

Naz-ne`mət gölünə düşüb üzərdi. 

Xoşuna gəlməzdi zəfəranlı aş, 

Yavanca çörəklə girlənir indi. 

Saçları pırtlaşıq, paltarı nimdaş, 

əlində torbayla hərlənir indi. 

Ah, həyat! Nə yaman dönükmüş üzün? 

Dünənin bu günə yoxdur bənzəri. 

Ağlayır bir gözü, gülür bir gözü, 

Sən necə bölürsən xeyirlə şəri?! 

Eşit diləyimi, ey Ulu Tanrı! 

Ölüm bıçağını vurma iliyə. 

Yetər zillətlərin... lütf eylə barı, 

Öyrətmə bu xalqı dilənçiliyə. 

Əgər dilənirsə bircə gözəli 

Demək, o millətin catıb əcəli. 

İlahi, amandı xar etmə bizi, 

Qoru təcavüzdən ismətimizi!!! 

19 yanvar 1994. 



Babanlı V. Dilənçi gəlin : şeir // Azərbaycan. – 1994. – 16 mart. – S. 4. 

Yüklə 207,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə