Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri şöbəsinin baş elmi işçisi



Yüklə 44,34 Kb.
tarix08.01.2018
ölçüsü44,34 Kb.
#20007

F.ü.e.d. Aydın Əlizadə

Dinşünaslıq və mədəniyyətin fəlsəfi



problemləri şöbəsinin baş elmi işçisi”

Aydın Əlizadə

Dini dözümlülük: inanc və inancsızlıq kateqoriyalarının yeni anlamı

 

Müasir dünyanın ən böyük problemlərindən biri dini ekstremizmin mövcud olmasıdır. Belə ki, dini terror tarixin müasir mərhələsində dünyada təhlükəsizliyin qarşısında əsas maneələrdən birinə çevrilmişdir. Təqdim olunan məqalədə bu problemin səbəblərinin təhlili aparılır. Burada qeyd olunur ki, ekstremizmin mövcudluğunun əsas səbəbi inanc və inancsızlıq məsələsinə münasibətdədir. Bu anlayışların anlamı ortaəsr səviyyəsindəkindən fərqlənməli və müasir dünyanın tələblərinə uyğun olmalıdır. Bu proses yeni ilahiyyatın yaradılması ilə paralel getməlidir.



Religious toleration: A new meanings of belief and disbelief categories

One of the biggest problems of the modern world is religious extremism. So that, religious terror overturned one of mainly barriers of security in the world in modern part of history. In the submitted article indicated causes of this problem. Here noted that mainly causes of existence of extremism is relation to problem of belief and disbelief. In this article emphasized that it needs to differentiate of meaning of this conceptions and it should be reasonable of the demands of the modern world. This process must go together with the creation of a new theology.

Dini dözümlülük: inanc və inancsızlıq kateqoriyalarının yeni anlamı
İnancla bağlı məsələlər çox mürəkkəbdir və onlara birmənalı qiymət vermək olmur. Çünki inanc insanın mənəvi aləminin göstəricisi olduğu üçün, onu heç bir ölçü ya da cihazla ölçmək olmur. İnanca kimisə zorla gətirmək da olmaz, çünki o insanın ruhunda yoxdursa, onu basqı altında ruhda həkk etmək olmaz. Digər tərəfdən, insan inanclı ola bilər, ancaq o inanc cəmiyyətdə qəbul olunmuş kimi deyil, başqa bir şəkildə özünü göstərə bilər.Belədirsə, onda fərqli inanan adamlara qarşı dözümlülük zamanımızın ən aktual problemlərindən biridir. Çünki bu amil insanların, millətlərin, müxtəlif dinlərin, məzhəblərin, cəmiyyətlərinin birgəyaşamasının əsasında durur. İnanc məsələləri ilə bağlı fərqliliyə dözümlülük müasir dünyada sabitliyin qorunması yolunda ən əsas faktorlardan biridir.

Bu problem üzrə əsasları qədim zamanlarda formalaşan təməlçi dini ədəbiyyatda, terminologiyada, təhsildə bir çox problemlər vardır ki, bizim zamanımızın tələbləri ilə kəsişməkdədir. Belə ki, orada insanları yalnız “inanan” (mömin, müsəlman) və “inanmayan”lara (kafir, münafiq) bölürlər. Bu çür bölgü qədim zamanların bəzi bölgələrdə olan reallıqlarını əks etdirirdisə, müasir zamanımızda təfəkkürlərdə qarşıdurma yaradır və bu qarşıdurma praktik həyata da təsir edir. Çünki bu kimi anlayışlar yalnız bir-birinə zidd olar iki qütblərdir. Hər şeydə olduğu kimi, bura da bu qütblər arasında çoxlu mərhələlər vardır. Kimsə “inanmır” deyəndə, ortalığa“nəyə inanmır?” sualı çıxır. Kimsə Tanrının varlığına inanır, dinin isə yanlış olduğunu iddia edir. Başqası Tanrınan varlığını tanıyır, ancaq onun insan həyatına təsir etmədiyi fikrindədir. Bir başqası Tanrının varlığına inanır, ancaq dünyada şər qüvvələrin hökm sürdüyünü iddia edir. Daha birisi dində müqəddəs kitablara inansa da, rəvayətləri rədd edir. Bu kimi örnəkləri çox gətirmək olar. İndi bunların hamısını “inanmayandır” (kafir və münafiqdir) adlandırmaq nə dərəcədə doğrudur? Bu kəslər bir şeyə inanmırlarsa, başqa şeyə inanırlar.

Ya da kiməsə “o inanandır”deyəndə yenə də “nəyə inanandır?” sualı yaranır. Burada həmən örnəkləri gətirmək olar. Biri Allaha inanır, ancaq onun dinə baxışları ənənəvi baxışlardan fərqlidir. Başqası dinə inanır, ancaq ənənədən aralanaraq onu təkmilləşdirmək, modernləşdirməyin vacibyini iddia edir. Daha biri inanandır, ancaq onun məzhəbi ya da dini başqadır.

Bu kimi məqamlara hələ antik dövrlərdə diqqət yetirmişdirlər. Məsələn neoplatonçu filosof Yamblix hesab edirdi ki, Tanrının birliyi və tanrıların çoxluğu arasında fərq də yoxdur (12). Çünki bir olan yaradan çoxlu sifətlər və adlarda təzahür olunur. Onlar tanrılar kimi sayılsa da, bir Tanrının hissəcikləridir.

Azərbaycan fəlsəfə tarixində də buna bənzər fikirlər səsləndirilmişdir. Məsələn Mahmud Şəbüstəri bütün insanların eyni dəyərlərə, eyni əqidəyə xidmət etdiyini iddia etmişdir. Məqsəd Haqqı dərk etməkdir. Şəbüstərinin fikrincə, bu yolda də istənilən inancyetərlidir. O yazırdı:

"Büt eşqin məzhəri ya rəmzi-vəhdət,

Və zünnar bağlamaq bir əhdi-xidmət.

Küfürlə dinə Haqdır təkcə malik,

Demək, tövhidlə birdir bütpərəstlik.

Bütün əşyalar eylər Haqqı zahir,

O əşyadan biri bütdür ki, axır.

Düşün diqqətlə büt haqda, ey aqil,

Deyil büt Haq cəhətdən bil ki batil.

Onu xəlq eyləyən Adil gözəldir,

Gözəldən hər nə gəlsə bil gözəldir.

Nədə vardırsa Haqq ol xeyrə təndir,

Əgər şərdirsə qeyri mənbədəndir". (7, 88)

Deməli “inanclı-inanmayan” (mömin-kafir) qütblülüyü heç də həqiqi mənzərəni əks etdirmir. Çünki inancla inancsızlıq konkret anlayışlar deyil. Bu kateqoriyalarla gedilsə, onda qarışıqlıq və qarşıdurma yaranır. Gündəlik həyatımızdadünyada baş verən olaylara baxış yetirəndəbiz bunun şahidi oluruq.

Yuxarıda göstərilən örnəklərə görə, hər bir inancın içində inancsızlıq, hər bir inancsızlığın isə içində bir inanc vardır.Deməli, inanca bu kimi qütblülük baxımından baxılırsa, həqiqi mənzərə alınmır və yanlış obrazlar ortalığa çıxır. Bu da cəmiyyət üçün böyük təhlükədir. Kimsə özünü “inanclı” (mömin) sayıb, başqasını “inancsız” (kafir) adlandırmağa meylli olur. Bunu da öz inancının əsasında edir. Deməli bu kimi insanın inancına uyğun gəlməyən hər bir başqa inanc olur “inancsızlıq” (küfr). Bu kimi yanaşmaların kütləviləşməsi isə hər bir ölkə və toplum üçün çox təhlükəli olur. Çağdaş Yaxın Şərqdə gedən proseslərin örnəyində onu görmək olar ki, bu kimi “inanclı-inancsız” (mümin-kafir) qütblüyü ilə düşünənlər ölkələri və millətləri faciələrlə gətirir, terrorla üz-üzə qoyur.

Bu faciələrin kökü də bir şox insanların modern düşüncələrdən, çağdaş dünya reallıqlarından uzaq düşməsindədir. Məsələ burasındadır ki, dini mətnlər keçmiş reallıqları, sami (yəhudi və ərəb) xalqlarının iptidai və quldarlıq dövrlərindəki həyatını və dünyagörüşünü təsvir edir. Bu heç də o demək deyil ki, o zamanın bütün reallıqları indi də güvvədə qalmaqdadır. Zaman keçdikcə inkişaf edən insanlıq quldarlıqdan feodallığa, sonra kapitalizmə və sosializmə, indi isə post-industrializmə və liberal dünyaya doğru inkişaf edib. Məişət və həyat tərzi dəyişib, şəhərləşmə, elmlərin inkişafı prosesləri gedib. Bizim zamanda irəliləmiş insanlar artıq qəbilə həyatı sürmürlər. Dini mətnlər isə keçmiş qəbilə həyatının olaylarını əks etdirir.

Buna görə də daim inkişafda olan dünyada dini mətnlərə münasibət dəyişməli,yorumlar yenilənməlidir. Zaman keçdikcə hər şey dəyişirsədinə münasibət də zamana uyğunlaşaraq dəyişməlidir ki, həm tərəqqi əldəedilsin, həm də ixtilafların qarşısı alınsın. Bu fikirləri müasir müsəlman ilahiyyatçılarının da bir çoxları də dəstəkləyir. Məsələn, tanınmış ilahiyyatçı Yusif Kərdavi yeni fikhin (dini qanunun) yaradılmasının zərurəti haqqında söhbət açmışdır (8). Bundan başqa Əl-Əlvani (9), H. Karaman (4) və başqa ilahiyyatçılar da klassik müsəlman anlayışlarının yenilənməsi, zamana uyğunlaşması haqqında fikirlərini öz kitablarında açıqlamaqdadırlar.

İslamın ilk mənbələrinə gəldikdə demək olar ki, Quranda “inanclı-inancsız” problemi Məhəmməd peyğəmbərin həyatında baş vermiş hadisələr baxımındandəyərləndirilir. O zaman ərəb cəmiyyətində iki qütb yaranmışdır: bir tərəfdən ənənəyə sadiq olan bütpərəstlər (kafirlər) və onlara qarşı olan müsəlmanlar (möminlər). O zaman və məkan üçün “mömin-kafir” problemi doğru qoyulmuşdur, çünki bu iki qütb arasında mübarizə gedirdi.

Digər tərəfdən demək olar ki,Quran və hədislərdə “ateist” termininə və anlayışına rast gəlinmir. Çünki o zamanın olaylarında ateistlər iştirak etməmişdirlər. Məhəmməd peyğəmbər İslam dinini ateistlərlə deyil, bütpərəstlərlə mübarizədə qururdu. Buna görə də “ateizm” anlayışı İslam mətnlərində yoxdur. Müsəlmanlar ateizmlə sonrakı dövrlərdə tanış oldular. Eləcə dəbu səbəb üzündənbaşqa müasir anlayışlar da Quran və hədislərdə yoxdur. Çünki o zaman onlar haqqında ərərblərin xəbəri olmayıb, ya da onlar ərəblərin həyatında əhəmiyyətli rol oynamayıb.

Qədim dövrün olaylarından artıq yüzilliklər keçib, ictimai həyat və dünyagörüşüdəyişib, insanlıq qloballaşan dünyada yaşayır. Bu günün gerçəklikləri VII əsr Ərəbistan yarımadasının reallıqlarından fərqlidir.Quranda sözü keçən olaylara hərfi yanaşılsa və zamanımızın özəllikləri nəzərə alınmasa cəmiyyətdə problemlər yarana bilər. Çünki VII əsrin hərfi anlayışları ilə XXI yüzilliyin gerçəkliklərini ölçmək olmur.

Beləliklə, müsəlman ilahiyyatında işlənilən anlayışların bir çoxunun çağdaş gerçəkliyə uyğunlaşdırması probleminə xüsusi diqqət yetirilməlidir. Təəssüf ki, bir çox hallarda çağdaş müsəlman toplumlarında inancla bağlı təriflər orta əsrlər səviyyəsində qalmış, bizim zamanımıza uyğun olan kateqoriyalar tətbiq edilməmişdir. Təfəkkürdə kök salmış“inanclı-inancsız” (mömin-kafir)dözümsüzlüyə, məzhəb təəssübkeşliyinə, modern düşüncəli adamların təqib olunmasına və son nəticədə müsəlman cəmiyyətlərinin geridə qalmasına gətirib çıxardır.

Qeyd edildiyi kimi,bir tərəfdən inanc (möminlik) və inancsızlıq (kafirlik) müasir zamanda nisbi anlayışlardır. Digər tərəfdən isə bu qütblü anlayışların arasında çoxlu mərhələlər vardır. Bunlardan bəzilərinin konkret tərifləri vardır. Örnək üçün, Tanrının dünya işlərinə qarışmamasına inananlar “deist” (2), dinin bu və ya digər müddəasına şübhə ilə yanaşanlara “aqnostik” (şübhəçi) (1), insanın ilham vasitəsilə Tanrı ilə münasibətdə olduğuna inananlara “qnostik” (5), dünya güclərini “xeyir-şər” cütlüyündə görənlərə “dualist” (3), elmin güçünü hər şeydən üstün bilənlərə “pozitivist” (6) deyirlər. Bu kimi terminlər indiki müsəlman təfəkküründə də yer almalıdır ki, yeni zamanla uyğunluğa nail olunsun və başqa insanlara, fərqli düşünənlərə və başqa mədəniyyətin təmsilçilərinə qarşı dözümlülük mühiti yaransın.

Həm də onu da qeyd etmək lazımdır ki, bu anlayışların daşıyıcıları müsəlmanların özləri də ola bilərlər. Çünki həmin anlayışlar heç də dinlər deyil, sadəcə dünyagörüşləridir. Buna görə onları İslamın daxilində də işlətmək olar. Məsələn, “müsəlman pozitivisti”, “müsəlman deisti” və s. kimi terminlər də tətbiq edilə bilər. Çünki bu kimi insanların bir çoxu müsəlman dünyagörüşündən imtina etmirlər, özlərini müsəlman mədəniyyətinin təmsilçiləri kimi təsəvvür edirlər. Sadəcə dünyagörüşləri həm də başqa bu kimi modern anlayışlarla qarışıq şəkildə özünü göstərir ki, bu da müasir zamanın tələblərinə uyğundur.

Göründüyü kimi, inancın və dünyagörüşün mərhələləri də zamana uyğun inkişaf etmiş və bu gün artıq inancla bağlı məsələlərdə ənənəvi yanaşmaların dəyişməsi zərurəti yaranmışdır. Məsələn, xristianların çoxu artıq bu kimi modern anlayışlarından geniş istifadə edirlər. Onlarözlərini artıq “aqnostik”, “deist”, “pozitivist” kimi təqdim edirlər. Bununla belə, özlərini xristian sayırlar və bu baxımdan çox irəliləyiblər. Zamana uyğunlaşaraq onlar dini dözümlük mühitini qoruyub saxlaya bilirlər.

Ancaq təəssüf ki, müsəlman cəmiyyətlərində hələ də inanca baxışlar köhnə “kafir-mömin” qütblü çütlüyü ilə olçülür. Bu da çox vaxt insanların bir-birinə qarşı kəskin olması ilənəticələnir, qarşıdurmalar yaranır. Belə olanda da dini dözümlülük və ictimai tarazlıq şəraiti pozulur.Bir çox hallarda dözümsüzlük o həddə gəlib çatır ki, ənənəvi müsəlman məzhəblərinin nümayəndələri bir-birlərini inancsızlıqda (küfrdə) ittiham edirlər.

Bununla belə, müsəlman toplumlarında çox sayda modern düşünən, müasir təfəkkürə yiyələnən adamlar da vardır ki, öz mədəniyyətlərini müsəlmanlıqla bağlasalar da, ənənəyə yeni baxışlarla baxırlar, bəzi hallarda ona tənqidi yanaşırlar. Bəzən onlara Qərb mədəniyyətinə meylli adamlar, müsəlman həyat tərzindən imtina etmiş insanlar kimi baxırlar. Halbuki bu kimi damğalar həqiqəti əks etdirmir. Sadəcə modernçiləröz dünyagörüşünü yeni və çağdaş kateqoriyalar əsasında formalaşdırırlar. Ənənəvi müsəlmanlar isə yeni terminologiyalardan istifadə etmədikləri üçün onların dünyagörüşünü aqnosizmə, deizmə, postmodernçiliyə, modernizmə, qnostisizmə, pozitivizmə və s. aid etməyərək, onlasrı birbaşa dindən çıxmışlar kimi baxırlar.Bu da son nəticədə müasirlikdəngeri qalmaya, cəmiyyətdə dözümsüzlük abhavasına gətirib çıxardır.

Bunun da səbəbidüşüncənin köhnə kateqoriyalar əsasında qurulmasında, çağdaş zamana uyğunlaşmamasındadır. Bəzi istisnalara baxmayaraq, müsəlman toplumlarındainanc məsələsinə hərtərəfli baxış bucağı hələ də inkişaf etməmiş, hələ də orta əsrlər səviyyəsində qalmışdır.

Burada həm də daha bir problemə tə toxunmaq yerinə düşərdi. İnancsız (kafir) anlayışının günümüzdə konkret anlayış olmadığına görə, onun kiməsə qarşı ünvanlandırılmanın doğru olub-olmaması məsələsi də ortalığa çıxmaqdadır.

Məsələ burasındadır ki, İslamın ilk mənbələrində “kafir” anlayışı peyğəmbərə və müsəlmanlara qarşı olan ərəb bütpərəstlərinə ünvanlanmışdır. Elə bu amili nəzərə alaraq belə bir sual yaranır ki, bu sözü başqa zaman və məkanda yaşayan insanlara aid etmək olar ya yox? Bu da heç də birmənalı məsələ deyil.

İslam sivilizasiyanın parlaq dövründə (orta əsrlərdə) müsəlmanlar “kafir” sözünü “cəhalət” sözünün sinonimi kimi işlədirdilər. O zamanlar müsəlmanlar mədəniyyət baxımından öz qonşularınıgeridə qoymuşdular. Ona görə də onlara “kafir” (cahil) deyirdilər. Antik dövrdə də belə olmuşdur. O zaman yunanlar, sonra isə romalılar daha mədəni olduqlarına görə öz qonşularını “barbar” adlandırırdılar (11, 475).

Zaman keçdikcə müsəlman mədəniyyəti çökdü və onlar dünya üzərində üstünlüklərini itirmiş oldular.Qeyri-müsəlman millətlər daha böyük uğurlar əldə etmiş, sivilizasiya baxımından müsəlman xalqlarını geridə qoymuşdular. Buna görə də müsəlmanların onları “kafir” adlandırması artıq həqiqəti əks etdirməməkdədir. Çünki o millətlər artıq cəhalətdə (barbarlıqda) olmamış, hər bir sahədə müsəlmanlar üzərində üstünlük əldə edə bilmişdirlər. Öndə gedənə isə cahil, kafir, barbar demək məntiqə sığmır. Bizim zamanımızda da bu sözü inkişaf etmiş cəmiyyətlərin nümayəndələrinə ünvanlandırmaq məntiqsizdir.

Hətta ilahiyyat baxımından da irəliləmiş insanlara və xalqlara “kafir” deyilməsi sual doğurmaqdadır. Çünki yalnız düşüncəsiz və geri zəkalıinsan bütün tanrı olmasını zənn edə bilər. Hətta qədim yunanların da inkişaf etmiş insanları bütpərəst olmamışdırlar. Məsələn filosof Heraklit deyirdi ki, bütlərə yalvarmaq divarla danışmaq kimi bir şeydir (10, 45). İnkişaf etmiş müasir insan bütlərə tapınmaz, hətta bütpərəst ənənədə tərbiə alsa belə. Ona görə də ona “kafir” sözünü aid etmək olmur.

Beləliklə, terminoloji baxımdan müsəlman dünyagörüşündə yuxarıda səsləndirilənproblemlərortalığa çıxmaqdadır. Bu problemlərin çözülməsi də dini dözümlülük, tolerantlıq, gələcək tərəqqi baxımından çox vacibdir. Müasir dövrdə inanclı-inancsız (kafir-mömin) anlayışlarının tətbiqi birinci növbədə müsəlmanların öz aralarında böyük problemlərə gətirib çıxardır və tolerantlıq mühitinə xələl gətirir. İnsan inancına bu cür ikiqütblü yanaşma məzhəblərarası qarşıdurmalara təkan verir, həmçinin terror və hətta vətəndaş savaşlarına yol açır. Başqa cəmiyyətlərin təmsilçilərinə də “kafir” kimi dözümsüz və aşağılayıcı kəlmələrin işlənməsi insanlar arasında münasibətlərin qurulmasına imkan vermir. Müasir dünyada inteqrasiya proseslərigedənzaman yadlaşdırıcı terminlərdən çəkinilməlidir.

Beləliklə, müasir dövrdə başqa insanlara və mədəniyyətlərə qarşı münasibətlərin tənzimlənməsi müsəlman dünyagörüşünün ən önəmli problemlərindən biridir ki, bu sahədə islahatların aparılması zəruridir. Bir çox anlayışlar bu günün tələblərinə və məntiqinə uyğun olmasa müsəlman toplumlarının surətlə irəliləyən dünyaya inteqrasiyası mümkün olmayacaq.


Ədəbiyyat:


  1. Aqnostisizm // Azərbaycan Sovet Ensiklopediyası. C. I. Bakı, 1976.

  2. Deizm // Azərbaycan Sovet Ensiklopediyası. C. III. Bakı, 1979.

  3. Dualizm // Azərbaycan Sovet Ensiklopediyası. C. III. Bakı, 1979.

  4. İrtidad`ın (din değiştirmenin) cezası ölüm müdür? URL: www.hayrettinkaraman.net/sc/00228.htm (istinad tarixi 6. II. 16).

  5. Qnostsizm // Azərbaycan Sovet Ensiklopediyası. C. III. Bakı, 1979.

  6. Pozitivizm // Azərbaycan Sovet Ensiklopediyası. C. VII. Bakı, 1983.

  7. Şeyx Mahmud Şəbüstəri. Gülşəni-Raz / Fars dilindən tərcümə edən: Rüstəm Tofiq. Bakı, “Elm və təhsil”, 2013.

  8. Yusuf el-Kardavi: Yeni bir Fıkıh lazım URL: www.haber7.com/guncel/haber/100082-yusuf-el-kardavi-yeni-bir-fikih-lazim (istinad tarixi 6. II. 16).

  9. Аль-Альвани Е. Д. Достижение фикха для меньшинств. Некоторые размышления по проблеме мусульманского права. Баку: Идрак, 2008.

  10. Ориген. Против Цельса, апология христианства Оригена, учителя александрийского / Перевод Л. И. Писарева. Одесса: Экуменический центр апостола Павла, 1996.

  11. Политика / Перевод С. А. Жебелева // Аристотель. Сочинения в 4 томах. Т. 4. М.: Мысль, 1983.

  12. Ямвлих // Энциклопедический словарь Ф.А. Брокгауза и И.А. Ефрона. С.-Пб.: Брокгауз-Ефрон. 1890-1907.














Yüklə 44,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə