Dövlət büdcəsinin səmərəli idarə olunması imkanları: effektiv planlaşdırma və hesabatlılıq mexanizmləri Bakı 2014



Yüklə 400,09 Kb.
səhifə1/5
tarix15.03.2018
ölçüsü400,09 Kb.
#32511
  1   2   3   4   5




Dövlət büdcəsinin səmərəli idarə olunması imkanları:  

effektiv planlaşdırma və hesabatlılıq mexanizmləri

Bakı - 2014


Bu tədqiqat Avropa Birliyi və Oksfam-Azərbaycan təşkilatının birgə maliyyə dəstəyi ilə MBQ-nin həyata keçirdiyi “Sizin pulunuz, Sizin gələcəyiniz: Azərbaycanda dövlət maliyyə siyasətinin və idarəetməsinin təkmilləşdirilməsi” layıhəsı çərçivəsində İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanmışdır. Tədqiqatın məzmununa görə Avropa Birliyi və Oksfam-Azərbaycan Təşkilatı heç bir məsuliyyət daşımır.




Tədqiqatı hazırlayan: Rövşən Ağayev

Tədqiqatın elmi redaktoru: Samir Əliyev

İcmal
Büdcə sisteminin fəaliyyətini tənzimləyən hüquqi mexanizmlərin və səmərəli büdcə idarəçiliyi sahəsində müxtəlif ölkələrin təcrübəsinin analizi aydın şəkildə göstərir ki, Azərbaycanda perspektiv dövr üçün peşəkar büdcə planlaşdırması istiqaətində əsaslı islahatların həyata keçirilməsi zəruridir. Tədqiqatın əsas tapıntıları aşağıdakılardır:

  • Hazırda Azırbaycanda mərkəzləşdirilmiş sistemdən miras qalan “smeta planlaşdrması” sistemi davam etdirilir. Bu sistem gələcək illər üzrə mümkün inflyasiya təsirləri nəzərə alınmaqla sadə hesablamalar əsasında əvvəlki illərin büdcə xərclərinin indeksasiyasına söykənir, strateji qiymətləndirmələrə və ictimai ehtiyacların obyektiv planlaşdırmasına əsaslanmır;

  • İnkişaf etmiş, həmçinin bıra sıra keçid ölkələrinin təcrübəsində uğurla sınaqdan çıxmış ortamüddətli büdcə planlaşdırılması Azərbaycanda həyata keçirilmir və qanun formatında təsdiqlənən büdcə göstəriciləri yalnız sonrakı 1 ili əhatə edir. Sonrakı 3 il üzrə büdcə zərfinə daxil edilən büdcə göstəriciləri formal xarakter daşıyır, qanun gücünə malik deyil. “Büdcə sistemi haqqında” Qanunda ümumiyyətlə ortamüddətli büdcə qanunlarının təsdiqi nəzərdə tutulmur;

  • Ölkəmizdə büdcə planlaşdırılması və büdcənin tərtibi hökumətin və onun ayrı-ayrı strukturlarının strateji planlaşıdırılma mexanizminə əsaslanmır. Hökumət strukturlarının ortamüddətli strateji hədəflərini, həmin hədəflərə uyğun fəaliyyətləri və bu fəaliyyətlərin icrası üçün ortamüddətli xərc planlaşdırılmasını nəzərdə tutan hüquqi mexanizmlər mövcud deyil. “Büdcə sistemi haqqında” Qanunda büdcə sifarişçilərinin strateji planlaşdırma əsasında öz maliyyə ehtiyaclarını planlaşdırmalarına dair mexanizmlər mövcud deyil;

  • Azərbaycanda büdcə xərclərinin son nəticəyə əsaslanan proqramlar əsasında tərtibi təcrübəsindən istifadə olunmur. “Büdcə sistemi haqqında” Qanunda ümumiyyətlə nəticələr və həmin nəticələr üzrə kəmiyyət və keyfiyyət göstəricilərinin işlənməsi, büdcə sifarişlərinin texniki-iqtisadi əsaslandırılmasının məhz həmin göstəricilərin bazasında aparılması nəzərdə tutulmur. Bu, həmçinin büdcə xərclərinin effektivliyini qiymətəndirmək üçün kəmiyyət və keyfiyyət göstəricilərindən istifadə olunması təcrübəsinin və bununla bağlı hüquqi mexanizmlərin formalaşdırəlmadığını göstərir;

  • Müxtəlif ölkələrində müvəfəqiyyətlə istifadə edilən orta müddətli xərc çərçivələri mexanizmi Azərbaycanda tətbiq olunmur. “Büdcə sistemi haqqında” Qanunda ümumiyyətlə ortamüddətli xərc çərçivələrinin tətbiqi mexanizmlərilə bağlı hər hansı müddəa yoxdur;

  • Azərbaycanda büdcə proqramlarının effektiv nəticələr verməsi üçün proqram təsnifatının tətbiqi və proqramların büdcəyə inteqrasiya edilməsi təcrübəsi yoxdur. Qüvvədə olan qanunvericilik yallnız feunksional, inzibati və iqtisadi təsnifatlaşdırmanı nəzərdə tutur. Xərclərin proqram təsnifatı mexanizmləri ümumiyyətlə nəzərdə tutulmur.

Araşdırmanın ortaya çıxardığı tapıntılar Azərbaynda səmərəli büdcə idarəçiliyinin formalaşdırılması üçün büdcə sisteminin fəaliyyətini tənzimləyən qanunvericilik bazasında aşağıdakı islahatların aparılmasını zəruri edir:



  1. Strateji və büdcə planlaşdırmasını əlaqələndirən hüquqi mexanizmlərin işlənməsinə ehtiyac var. Büdcədən sifariş almağa iddia edən hökumət təsisatları - nazirliklər, komitələr, dövlət agentilikləri və xidmətləri, müstəqil idarə və departamentlər və s. qurumlar özlərinin hökumətin sosial-iqtisadi inkişaf proqramları və müvafiq proqnozlar nəzərə alınmaqla hər bir il ayrıca göstərilməklə 5 illik strateji planlarını işləyib hazırlamalıdırlar;

  2. Büdcə proqramları ilə büdcənin xərc göstəricilərinin inteqrasiyası mexanizmi formalaşdırılmalıdır. Bunun üçün ilk növbədə qanunvericilikdə büdcə proqramlarının hüquqi statusunun müəyyən edilməsinə ehtiyac var. Büdcə proqramları dövlət orqanlarının işləyib hazırladığı strateji planlar üzrə hədəflərə, vəzifələrə və fəaliyyətin nəticələrini ölçən kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun olaraq müəyyənləşdirilən və büdcə xərclərinin istiqamətini özündə əks etdirən fəaliyyət rəsmi sənədləri kimi təsbit edilməlidir;

  3. Büdcə qanunvericiliyində proqram təsnifatının tətbiqi mexanizmləri işlənməlidir. Məhz bu təsnifat nəticə göstəriciləri əsasında proqramlarla büdcə xərcləmələrinin inteqrasiyasını təmin edə bilər;

  4. Nəticəyə əsaslanan büdcə mexanizminə keçid təmin edilməlidir. Bunun üçün ilk növbədə büdcə proqramlarının reallaşdırılmasını qiymətləndirməyə imkan verən aralıq və son nəticə göstəricilərinin, həmçinin səmərəlilik və keyfiyyət indikatorları işlənilməlidir. Keyfiyyət göstəriciləri büdcə vəsaitləri hesabına göstərilən dövlət xidmətlərinin əhalinin gözləntilərinə və bu xidmətlər üzrə dövlət standartlarına uyğunluğunu, effektivlik göstiriciləri isə minimum büdcə xərcləri ilə nəzərdə tutulan nəticələrin əldə olunmasını ifadə edir.



Mündəricat

Giriş

Bölmə 1. Səmərəli büdcə idarəçiliyi mexanizmləri: uzunmddətli büdcə planlaşdırması və nəticəyə yönəlik büdcə

1.1. Proqram əsaslı büdcə mexanizmlərinin tətbiqi

1.2. Nəticəyə yönəlik büdcə mexanizmlərinin tətbiqi

1.3. Orta müddətli xərc çərçivələrinin hazırlanması



Bölmə 2. Azərbaycanda büdcə idarəçiliyinin mövcud sistemi

Bölmə 3. Büdcə idarəçiliyi sahəsində beynəlxalq təcrübə: Azərbaycan üçün yaxşı nümunələr

Tədqiqatın əsas nəticələri

Tövsiyyələr

Giriş
Dövlət büdcəsinin effektiv, şəffaf və məsuliyyətli idarə olunması hər bir ölkənin sosial-iqtisadi sahədə strateji hədəflərinə yetişməsi üçün həlledici şərtlərdən biridir. İqtisadiyyatı və büdcə gəlirlərinin səviyyəsi təbii resurslardan asılı olan ölkələr üçün dövlət büdcəsinin səmərəli idarəçilik mexanizmlərinin yaradılması xüsusilə vacibdir (bu resursların dünya bazar qiymətlərindəki sürətli və proqnozlaşdırılmayan dəyişikliklər ölkənin maliyyə sisteminin dayanıqlığına problemlər yaradır). Bu heç də yalnız iqtisadiyyatın və dövlət büdcəsinin maliyyə mənbələrinin şaxələndirilməsinin (diversifikasayasının) təmin edilməsini deyil, həm də büdə vəsaitlərinin daha səmərəli və şəffaf idarə edilməsi mexanizmlərinin yaradılmasını zəruri edir. Belə ki, bir qayda olaraq, iqtisadi diversifikasiya ilə bağlı isalahatların nəticələrini görmək üçün onilliklər tələb olunur. Lakin, dövlət (ictimai) maliyyəsinin idarəçiliyi sahəsində islahatlar, xüsusilə büdcə xərclərinin effektivliyinin və şəffaflığının yüksəldilməsi mexanizmlərinin yaradılması ölkənin fiskal-maliyyə sistemi üçün sığorta mexanizminə çevrilir.

Müasir mərhələdə ictimai maliyyə idarəçiliyi sahəsində islahatların 3 əsas məqsədi ola bilər:



  • Birincisi, resursların strateji bölgüsü – bu, xərc prioritetlərinin son dərəcə dəqiq əsaslamdırılmasını nəzərdə tutur;

  • İkincisi, makro səviyyədə fiskal intizamın təmin edilməsi – bu, mümkün qədər bütün resursların ictimai maliyyə dövriyyəsinə cəlb edilməsini nəzərdə tutur; .

  • Üçüncüsü, ictimai maliyyənin səmərəliliyi - vəsaitlərdən maksimim nəticənin əldə edilməsi

Dünya təcrübəsinin araşdırılması göstərir ki, ictimai maliyyənin idarə olunması sahəsində isalahatların ən mühüm istiqamətlərindən biri dövlət büdcəsinin orta və uzunmüddətli planlaşdırılmasıdır. Orta və uzunmüddətli büdcə planlaşdırmasına keçidin zərurəti uzunmüddətli perspektivdə əlverşsiz faktorların, xüsusilə də demoqrafik və təbii şəraitlə əlaqəli faktorların yarana biləcəyi riskilə bağlıdır. Məsələn, əhalinin qocalması bir çox ölkələr üçün sosial xərclərin, iqlim dəyişikliyi aqrar sektorun dəstəklənməsi ilə bağlı investisiyaların, təbii resursların sürətlə tükənməsi bərpa olunan enerji mənbələrinə sərmayələrin artımını qaçılmaz edir. Bu baxımdan uzunmüddətli planaşdırma hökumətləri öz prioritetlərini dəqiq müəyyənləşdirməyə, onların reallaşdırılması üçün zəruri resursları qiymətləndirməyə, mümkün resurs mənbələrini aşkarlamağa və qarşısında duran vəzifələrin bir-birilə ziddiyət təşkil etməsinə imkan verməyə sövq edir. Bir sözlə, düzgün qurulmuş uzunmüddətli planaşdırma mexanizmləri hökumətə qərar qəbulunda daha məsuliyyətli olmağa imkan verir, onu inersiyalı yanaşmadan çəkindirir. Orta və uzunmüddətli planaşdırma mexanizmi əsaslandırılmamış xərclərdən qaçmaqla büdcə xərclərinin səmərəliliyinin yüksəldilməsi istiqamətində mühüm vasitəyə çevrilə bilər. Bununla yanaşı, belə büdcə planlaşdırması xərcləmələrin effektivliyini, şəffaflığını, əsaslandırılmasını, sabitliyini və ictimai maliyyənin idarəçiliyi sahəsində vərəsəliyi təmin etməyə zəmanət verir. Belə planlama zamanı illik dövlət büdcələrinin hökumətin qarşısında duran məqsəd və vəzifələrlə nə dərəcədə uzlaşdırılmasının təmin edilməsi büdcə strategiyasında aydın görünür.

Büdcə idarəçiliyi sahəsində proqramlaşdırma-planlaşdırma mexanizmlərinə əsaslanan islahatların zərurəti qeyd olunanlarla məhdudlaşmır: klassik sistemin çatışmazlıqları, xüsusilə də büdcə ayırmaları ilə bağlı qərar qəbulu üçün zəruri və uyğun informasiyaların yetərsizliyi, büdcə sifarişçilərinin zəif muxtariyyəti, məsuliyyətin müəyyən edilməsi üçün zəif hesabatlılıq sistemi, nəhayət zəruri informasiyalara əlçatanlığın və şəffaflığın olmaması büdcə idarəçiliyi sahəsində islahatların aparılmasını, mükəmməl mexanizmlırin yaradılmasını tələb edir.

Bu tədqiqatda dövlət büdcəsinin idarəçiliyi sahəsində mühüm islahat mexanizmlərindən biri kimi orta və uzunmüddətli büdcə planlaşdırması ilə bağlı nəzəri yanaşmalar, bu sahədə bir sıra ölkələrin təcrübəsi və Azərbaycanda büdcə planlaşdırması sahəsində mövcud durum təhlil edilib, ölkəmizdə bu istiqamətdə islahatlar üçün təklif və tövsiyələr işlənilib.

Tədqiqat 3 bölmədən, nəticə və tövsiyələrdən ibarətdir. Birinci bömədə ayrı-ayrı ölkələrin təcrübəsində tətbiq edilən və uğurla sınaqdan çıxmış səmərəli büdcə idarəçiliyi mexanizmləri barəsində məlumat verilir, bu mexanizmlərin mahiyyəti və səciyyəvi xüsusiyyətləri izah edilir. Tədqiqatın ikinci bölməsində ölkəmizdə büdcə idarəçiliyinin mövcud sistemi şərh edilir, onun üstünlükləri və çatışmazlıqları göstərilir. Tədqiqatın üçüncü bölməsində təcrübəsi ölkəmiz üçün daha faydalı ola biləcək Rusiya, Qazaxstan, Gürcüstan və Estonuyada dövlət maliyyəsinin idarə edilməsi sahəsində aparılan islahatlar barədə məlumat verilir. Sonda tədqiqatın nəticələri (tapıntıları) ümumiləşdirilib və bu sahədə həyata keçirilməsi məqsədəuyğun hesab edilən islahatlar üzrə tövsiyələr işlənilib.

Bu tədqiqat ictimai maliyyənin idarə edilməsi sahəsində islahatların həyata keçirilməsində maraqlı olan hökumət qurumlarına (Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Maliyyə Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə və s.) və Milli Məclisin deputatlarına təqdim edilmək üçün hazırlanıb. Bu tədqiqat ictimai maliyyənin səmərəli idarəçiliyi məsələləri ilə maraqlanan və bu sahəni öyrənən tələbə və araşdırmaşılar üçün də faydalı ola bilər.

Bölmə 1. Səmərəli büdcə idarəçiliyi mexanizmləri:

uzunmddətli büdcə planlaşdırması və nəticəyə yönəlik büdcə

Müxtəlif ölklərdə son onilliklərdə əldə etdiyi uğurlu təcrübələr göstərir ki, ictimai maliyyə sahəsində islahatların mərkəzində dövlət büdcəsinin perspektiv (orta və uzunmüddətli) planlaşdırılması dayanır. Bu cür planlaşdırma ölkənin gələcək dövrdə inkişafını təmin edilməsi üçün ən mühüm alətlərdən biridir. Dövlət büdcəsinin perspektiv planlaşdırılması ilk növbədə seçilmiş inkişaf prioritetlərinin hansı mənbələr hesabına maliyyələşdiriləcəyinin dəqiq müəyyənləşdirilməsini tələb edir. Çünki, əgər dövlət büdcəsinin vergi gəlirləri qarşıya qoyulan işlərin yerinə yetirilməsi üçün yetərli olmayacaqsa, hökumət kənar investisiyların axtarışına zamanında qərar verməlidir. Bu səbəbdən ictimai maliyyəninin idarə edilməsi və büdcə sisteminin təkmilləşdirilməsilə bağlı son illər dünyanın ayrı-ayrı ölkələrində aparılmış və sınaqdan uğurla çıxmış islahatların təməl istiqaməti məhz orta və uzunmüddətli büdcə planlaşdırılması mexanizmlərinin təkmilləşdirilməsilə bağlı olub.

Ötən dövrdə perspektiv büdcə planlaşdırmasına keçidin zərurəti həmçinin uzunmüddətli perspektivdə əlverşsiz faktorların, xüsusilə də demoqrafik və təbii şəraitlə əlaqəli amillərin yaranma riskilə bağlı olub. Məsələn, bir çox ölkələrdə əhalinin qocalması sosial xərclərin, iqlim dəyişikliyi aqrar sektorun dəstəklənməsi ilə bağlı investisiyaların, təbii resursların sürətlə tükənməsi isə bərpa olunan enerji mənbələrinə sərmayələrin artımını qaçılmaz edir. Bu baxımdan uzunmüddətli planaşdırma hökumətlərə öz prioritetlərini dəqiq müəyyənləşdirməyə, onların reallaşdırılması üçün zəruri resursları qiymətləndirməyə, potensial və real resurs mənbələrini aşkarlamağa və qarşıda duran vəzifələrin bir-birilə ziddiyət təşkil etməsinə yol verməməyə imkan yaradır. Bir sözlə, uzunmüddətli planaşdırma hökumətləri inersiyalı yanaşmadan çəkinməyə, qərar qəbulunda daha məsuliyyətli olmağa vadar edir.

Büdcə planaşdırması əsaslandırılmamış xərcləmələrdən qaçmaqla büdcə xərclərinin səmərəliliyinin yüksəldilməsi istiqamətində də mühüm mexanizm kimi nəzərdən keçirilir. Bir sözlə, perspektiv büdcə planlaşdırması xərcləmələrin effektivliyini, şəffaflığını, əsaslandırılmasını, sabitliyini və ictimai maliyyənin idarəçiliyi sahəsində vərəsəliyi təmin etməyə zəmanət verir. Uğurlu ictimai maliyyənin idarəçiliyi şəraitində hazırlanmış büdcə strategiyalarında bir qayda olaraq illik büdcələrin ictimai maliyyə sahəsində hökumətin məqsədlərilə necə uzlaşdırıldığını aydın görünür.

Qeyd edildiyi kimi, perspektiv dövr üçün büdcə planlaşdırması, xüsusilə də ortamüddətli (bir qayda olaraq 3-5 illik) planlaşdırma qarşıdakı bir neçə il ərzində büdcə-vergi siyasətinin dayanıqlılığını və effektivliyini yüksəltmək üçün çox mühüm sistemdir. Büdcə xərclərinin ortamüddətli planlaşdırılması (BXOP) hədəfə alınan dövrdə hökumətin prioritet siyasət istiqamətləri ilə büdcə xərclərinin əlaqələndirilməsini nəzərdə tutur. Bu zaman büdcə planlaşdırması makroiqtisadi planlaşdırmanın əsas elementlərindən biri kimi nəzərdən keçirilir. BXOP-ün əsas fərqləndirici cəhəti odur ki, o iqtisadi və ya funksional xərc istiqamətlərindən daha çox proqramlar və onların gözlənilən nəticələri üzərində qurulur. Bu sadəcə fiksə olunmuş çoxillik büdcə deyil, bir sistemdir. Beynəlxalq təcrübələrin analizi göstərir ki, BXOP-ün tətbiqi 2 halda arzulanan nəticəni verir:


  1. hökumət ən yüksək siyasi səviyyədə prosesi dəstəkləyir;

  2. bu islahata liderliyü üzrinə götürən müvafiq səlahiyyətli vəzifəli şəxs var.

Əgər hökumətin BXOP-ə ehtiyacı yoxdusa, görüntü naminə bu islahatlara start verilirisə, o zaman islahatlar kağız üzərndə qalacaq, dövlət resurslarının izafi israfı baş verəcək. Bununla yanaşı BXOP-ün tətbiqi üçün digər uğurlu şərtlər də vacibdir. Belə şərtlər sırasına aşağıdakıları aid etmək olar:

  • Dövlət gəlirlərinin sabitliyinə təminat verən diversifikasiya olunmuş iqtisadiyyat. Məsələn, Rusiya 2008-2010-ci illərdə qlobal maliyyə böhranı dövründə 3 illik büdcə ayırmalarının tədiqini dayandırdı, və bir də 2001-2013-cü illərn büdcəsinin təsdiqilə prosesə yenidən strat verdi;

  • Maliyyə resurslarının bölüşdürülməsi sahəsində nazirlik və dövlət agentliklərində çevik idarəetmənin mövcudluğu;

  • Hesabatlı və intizamlı dövlət qulluğu sisteminin mövcudluğu;

  • Büdcə ayırmalarına sərt məhdudiyyətlər qoymaq və sərt nəzarət mexanizmləri müəyyənləşdirəmək bacarığının mövcudluğu;

  • Parlamentin islahatlara maraqlı olması;

  • Büdcə icrasının nəticələrinə dair etibarlı məlumat bazası yaratmaq imkanının mövcudluğu;

  • İslahatları aparacaq peşəkar kadr heyətinin mövcudluğu.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT – OECD) tədqiqatları göstərir ki, bir sıra keçid ölkələrində nazirliklər və dövlət agentlikləri sahə proqramlarını ortamüddətli xərclərlə əlaqələndirmir, xərclərin yuxarı həddinin proqnozunun olduğunu nəzərə almır, sahə üzrə sektorial analizlər aparmır, sahə ilə bağlı aydın siyasət məqsədləri, nəticə indikatorları müəyyənləşdirmir. Bundan savayı, bəzi keçid ölkələrinin hökumətləri Maliyyə Nazirliyinin rəhbərliyilə BXOP-ün tətbiqi üzrə əlaqələndirmə komitələri yaradılıb1.

İƏİT qeyd edir ki, son illər ortamüddətli makroiqtisadi və büdcə-vergi proqnozları əksər keçid ölkələrində hazırlanır, lakin beynəlxalq praktikada sınaqdan çıxmış BXOP-ün tətbiqi bu ölkələrin heç də hamısında baş verməyib. Belə ki, xərclərin yuxarı həddi mütləq xarakter daşımır, müxtəlif vəziyyətlərdən (böhran, təbii fəlakət, prioritetlərin dəyişilməsi və s.) asılı olaraq dəyişə bilir.

Beləliklə, qeyd edilənləri ümumiləşdirsək, “dövlət büdcəsinin səmərəli idarəçiliyi” anlayışı hökumətin malik olduğu maliyyə resurslarının ölkənin strateji inkişafında rolunun dəqiq müəyyən edilməsini və effektiv istifadəsini ehtiva edir.

Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, effektiv və peşəkar planlaşdırmaya əsaslanan müasir büdcə menecmentinin ən mühüm 3 mexanizmi aşağıdakılardır:



  1. Proqram büdcələşməsi mexanizmlərinin tətbiqi;

  2. Nəticənin idarə olunması mexanizmlərinin tətbiqi (nəticəyə yönəlik büdcələşmə);

  3. Orta müddətli xərc çərçivələrinin tərtibinə əsaslanan büdcə işinin təşkili.

Beynəlxalq təcrübə göstərir ki, həm proqram əsaslı büdcələrin tərtibi, həm nəticəyə yönəlik büdcələşmə, həm də orta müddətli xərc çərçivələrinin tərtibinə əsaslanan büdcələşmə hökumətin strateji məqsdələrinə yetişmək nöqteyi-nəzərdən büdcə xərclərinin effektivliyini yüksəltməyə xidmət edir. Hər 3 büdcələşmə mexanizmi elə informasiyalar əsasında həyata keçirilir ki, nəticə etibarı ilə eyni məqsədlərə xidmət etmiş olsun: vəsaitlərin ən vacib prioritetlər üzrə bölgüsü; büdcə xərclərinin şəffaflığı və hökumətin büdcə hesabatlılığı təmin edilir.

Lakin bu sistemlər arasında prinsipial fərqlər mövcuddur. Məsələn, proqram əsaslı büdcənin formalaşdırılmasının diqqət mərkəzində dəqiq ölçülə bilən məqsədlərin müəyyən edilməsi dayanır. Lakin ortamüddətli xərc çərçivələrinin tətbiqi zamanı əsas fokus müddətə və xərclərin məbləğinin limitləşdirilməsinə yönəldilir.

Bu mexanizmlərin hər birini ayrılıqda araşdıraq.

1.1. Proqram əsaslı büdcə mexanizmlərinin tətbiqi

Orta və uzunmüddətli büdcə planlaşdırması proqram-məqsədli metoda əsaslandıqda daha effektiv olur. Bu üsul büdcə planlaşdırmasının ölkənin sosial-iqtisadi inkişafının proqnozlaşdırılması və uzunmüddətli məqdsədli proqramlarla inteqrasiya edilməsini nəzərdə tutur. Amma bəzi ölkərdə (məsələn, Rusiyada) bu metodun tətbiqi yalnız məqdsədli proqramların hazırlanması ilə məhdudlaşır. İslahatın tamlığının təmin edilməsi və daha dolğun nəticələrə nail olmaq üçün həmin proqramların formalaşması, reallaşdırılması və bu proqramların nəticələrini qiymətləndirmək üçün müvafiq metodoloji bazanın və hüquqi sənədlərin hazırlanması və qəbul edilməsi zəruridir. Proqram-məqsədli metoda əsaslanan orta və uzunmüddətli büdcə planlaşdırması sadəcə maliyyə sektoru üçün spesifik olan islahat deyil: perspektiv planlaşdırma büdcə xərclərini hökumətin prioritetlərilə əlaqələndirməklə iqtisadi inkişaf üçün hərəkətverici mexanizm rolunda çıxış edir. “Proqram əsaslı büdcələşmə” anlayışı üçün başlıca ideya budur ki, büdcə informasiyaları və və büdcə ilə bağlı qərarlar hökumətin məqsəd və hədəflərinə uyğun olaraq strukturlaşdırlır.

İctimai maliyyənin proqram idarəçiliyinə keçid ilk öncə aşağıdakı mexanizmlərin formalaşdırılmasını tələb edir:


  • Strateji planların məqsədli proqramlar əsasında qurulması və bunların uzlaşdırılması;

  • Proqramların və strateji planların işlənməsi, icrası və icrasına nəzarətlə bağlı metodoloji bazanın (normativ sənədlər formasında) hazırlanması;

  • Proqramların icrasına yönəldilən büdcə vəsaitlərinin effektivliyini və nəticəliliyini qiymətləndirməyə imkan verən oblyektiv indikatorların işlənib hazırlanmasına yardımçı olan metodologiyanın formalaşdırılması

Proqram əsaslı büdcələşmə büdcə xərclərinin idarə olunması metodlarından biri kimi hazırda dünya ölkələrində geniş yayılıb. Proqram büdcələşməsinin baza modelinə əsasən, hökumətin dövlət büdcəsi vasitəsilə maliyyəşdirdiyi proqramlar əvvəlcədən müəyyənləşdirilmiş nəticələrin əldə olunmasına yönəldilir. Bu cür büdcə idarəçiliyi şəraitində xərcləmələrin proqram strukturu dövlət büdcəsilə hökumətin ümumi strateji planlaşdırması arasında əlaqələndirici həlqə kimi çıxış edir.

Proqram əsaslı büdcələşmə üsulunun geniş yayılmasının əsas səbəbi budur ki, ənənəvi büdcə sistemi cari dövrdə qəbul olunan qərarların gələcəkdəki mümkün nəticələri barədə heç bir məlumat təqdim etmir. Proqram-məqsədli büdcələrin tərtib olunduğu ölkələrdə, bir qayda olaraq, müzakirə və debatlar xərc maddələri ətrafında yox, proqramlarda qarşıya qoyulan konkret və qiymətləndirilə bilən məqsədlər ətrafında aparılır. Belə şəraitdə büdcənin icrasına məsul qurumlar parlament və cəmiyyət qarşısında xərclərin həcmilə deyil, proqram nəticələrinə görə hesabatlı olurlar. Bu ölkələrdə, bir qayda olaraq, inzibati xərclər (əmək haqqı, ofis xərcləri və s.) və proqram xərcləri bir-birindən ayrılır. Eyni zamanda cari və kapital xərcləri də proqram xərclərinin strukturunda ayrıca təsnifləşdirilir. Proqram məqsədlərinə yetişmədikdə, növbəti mərhələdə həmin proqram üzrə xərclərin azaldılması, təftiş aparılması və nəticələri dəyişəcək qərarlar qəbul edilməsi baş verir2.



Proqram əsaslı büdcə tərtibi – büdcə xərclərinin nəticə göstəricilərinə əsaslanan vəzifələrə uyğun təsnifatını nəzərdə tutur. Proqram büdcələşməsi bütün dövlət qurumları arasında zəruri əlaqələndirməni və uzlaşdırmanı təmin edə biləcək strateji planlaşdırmanın tətbiqini tələb edir. Bu cür planlaşdırma məhz proqram alətlərinin tətbiqi sayəsində mümkündür və həmin mexanizm son nəticədə büdcə xərclərinin effektivliyini yüksəltməyə imkan verir. Proqram əsaslı büdcənin tərtibi zamanı xərclər həm iqtisadi, həm də təşkilati strukturuna görə təsnifləşdirilir.

Proqram əsaslı büdcələşmə ictimai maiyyə idarəçiliyinin hökumətlərin aşağıdakı vəzifələrin öhdəsindən gəlməsini təmin edir:



  • Büdcə xərclərinin öncədən müəyyən edilmiş nəticələrə istiqamətləndirilməsi;

  • Proqram-məqsədli alətlər əsasında büdcə siyasətini işləyib hazırlayan və rellaşdıran icra hakimiyyəti qurumları üçün dəqiq məsuliyyət və səlahiyyətlərin (o cümlədən, müstəsna səlahiyyətlərin) müəyyənləşdirilməsi;

  • Hökumətin vəzifələri arasında qarşılıqı əlaqə və razılaşdırmanın təmin edilməsi;

  • Strateji və büdcə planlaşdırmasında məqsəd və vəzifələrin ierarxiyasının formalaşdırılması;

  • Büdcə xərclərinin ehtiyaclara uyğun prioritetləşdirilməsi mexanizmlərinin formalaşdırılması, həmçinin mövcud büdcə öhdəliklərinin son nəticə göstəricilərilə əlaqələndirilməsi;

  • İnvestisiya vəsaitlərindən əldə olunan töhfənin qiymətləndirilməsi mexanizminin yaradılması;

  • Büdcə xərcləmələrinin orta və uzunmüddətli dövrdə nəticələrinin qiymətləndirilməsi mexanizminin yaradılması;

  • Büdcə xərcləmələrinin effektivliyini qiymətləndirilmək üçün alətlərin formalaşdırılması;

  • Büdcə şəffaflığının yüksəlməsi;

  • Proqram alətlərinin inteqrasiya edilməsi;

  • Strateji planlaşdırma ilə büdcə planlaşdırmasının inteqrasiya edilməsi;

  • Proqramların maliyyələşdirilməsilə bağlı qərarların büdcə xərclərinin effektivliyinin qiymətləndirilməsi əsasında qəbulu;

  • Yerli və mərkəzi səviyyədə xərcləmələrin çevik əlaqələndirilməsi.

Bu vəzifələrin effektiv reallaşdırılması hökumətin büdcə və proqram fəaliyyətinin inteqrasiya imkanlarından asılıdır. Aşağıdakı sxemdə bu cür inteqrasiyanın modeli əks olunub.

Yüklə 400,09 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə