Dövlət və Din. 2009.№4. S. 55-58. Tolerantliğin psixoloji keyfiYYƏt kiMİ İNKİŞafi və formalaşdirilmasi



Yüklə 27,37 Kb.
Pdf görüntüsü
tarix17.09.2017
ölçüsü27,37 Kb.
#593


Dövlət və Din.-2009.-№4.-S.55-58. 

 

TOLERANTLIĞIN PSİXOLOJİ KEYFİYYƏT KİMİ İNKİŞAFI VƏ FORMALAŞDIRILMASI 

MƏSƏLƏLƏRİ 

 

Lalə CABBAROVA, 

Bakı Dövlət Universitetinin dosenti, 

psixologiya elmləri namizədi 

 

Tolerantlıq  sivil  cəmiyyətin  göstəricisi,  inkişaf  və  tərəqqinin,  insanların  mədəniyyət  səviyyəsinin 



əsas əlamətlərindəndir. Bu termin respublikamızda son illər, yəni ötən əsrin 90-cı illərindən etibarən elmi 

aləmdə, KİV-də, hətta bəzi hallarda gündəlik danışıq leksikonumuzda da geniş istifadə olunmağa başlayıb. 

Biz adətən bu anlayışı «dözümlülük» mənasında tərcümə edir və işlədirik. 

Bu  terminin  ümumi  məzmunu  saxlanılsa  da,  ауrı-ауrı  ixtisas  sahələrindən  asılı  olaraq  onun 

mənalandırılmasında fərqlilik özünü göstərir. Məsələn, tibb sahəsində tolerantlıq  – orqanizmin müxtəlif 

təsirlərə  (adətən,  bioloji,  kimyəvi,  fiziki  təsirlər  nəzərdə  tutulur)  fizioloji  dayanıqlığını  nəzərdə  tutursa, 

humanitar elmlər sahəsində fərdin və ictimaiyyətin sosial-mədəni müxtəlifliyə, başqasının fikrinə, inancına 

və davranış formalarına dözümlülüyü, hörmətlə yanaşılmasını nəzərdə tutur. 

Psixologiyada  ətraf  mühitə,  sosial  şəraitə  adaptasiyasının  başlıca  göstəricisi  kimi  qəbul  olunan 

tolerantlıq аnlayışı insanın psixoloji keyfiyyəti kimi nəzərdən keçirilir və ümumən həmin termin (psixoloji 

ədəbiyyatlarda) frustrasiya yaradıcı amillərin (frustratorun) mövcudluğu şəraitində insanda kəskin və ağır 

yaşantıların  olmaması,  stress  və  frustrasiya  şəraitinə  dözümlülüyü  ifadə  edir.  Gündəlik  həyatımızda 

stressogen  və  frustrasiya  yaradıcı  amillərin  artmasını  nəzərə  alsaq,  psixoloji  tolerantlıq,  dözümlülük 

probleminin müasir dövr üçün nə dərəcədə aktual olduğunu görmək olar. 

Bir məsələni diqqətə çatdırmaq istərdik ki, tolerantlıq anlayışına sosial-psixoloji kontekstdə daha tez-

tez rast gəlinir. Sosial psixoloji ədəbiyyatlarda bu termin cəmiyyətdəki müxtəlifliyə, etnik, mədəni, sosial 

və dünyagörüşlərdəki fərqliliyə dayanıqlıq, dözümlülük mənasında işlədilir. 

Ümumiyyətlə, tolerantlıq (latın sözü tolerantia – dözümlülük mənasını ifadə edir) – fərqli düşüncəyə, 

baxışlara,  davranışa,  hərəkətlərə,  mövqeyə,  dəyərlərə,  dinə,  inama  malik  olan  insanlara  tənqidə  qarşı 

dözümlülüyü ifadə edir. Lakin tolerantlıq əqidəsizlik, mövqesizlik, biganəlik, ikiüzlülük, qanunsuzluğa və 

haqsızlığa  göz  yummaq,  dözmək  demək  deyil.  Nəyəsə  qarşı  dözümlülüyün  nümayiş  etdirilməsi, 

tolerantlığın  göstərilməsi  insanın  öz  şəxsi  dəyər  və  əqidələrinin  itirməsini  nəzərdə  tutmur.  Bu  termin 

insanlardakı  fərqliliyə  hörmətlə  yanaşılmasını,  başqalarının  baxışlarını  anlamaq  və  qəbul  etməklə  öz 

mövqeyini dəqiqləşdirmə, dünyagörüşünü və dəyərlərini, daxili aləmini zənginləşdirməyə olan qabiliyyəti 

ifadə edir. 

Tolerantlığın  dilimizə  adətən  «dözümlülük»  kimi  tərcümə  olunmasına  baxmayaraq,  psixoloji 

baxımdan  hesab  edirik  ki,  onun  Azərbaycan  dilində  «psixoloji  dayanıqlıq»  kimi  ifadə  olunması  daha 

məqsədəuyğundur. 

Psixoloji  dözümlülük,  sabitlik,  dayanıqlıq  –  hansı  formada  ifadə  olunmasından  asılı  olmayaraq 

tolerantlıq emosional və mənəvi cəhətdən yetkin şəxsiyyətin başlıca keyfiyyət göstəricisidir. Buna görə də 

bizim bir vətəndaş, ailə başçısı, psixoloq, pedaqoq kimi ən ümdə vəzifələrimizdən biri cəmiyyətimiz üçün 

yetkin şəxsiyyətlər yetişdirmək olduğu üçün, bu  keyfiyyətin formalaşdırılması və tərbiyəsi məsələlərinə 

diqqət ayırmamız zəruridir. 

İnsanlarda tolerantlığın humanist keyfiyyət kimi mövcudluğu probleminə dair bəzi fikirlər var ki, 

onlardan  birinə  görə,  tolerantlıq insana  anadangəlmə  verilir.  İnsan  doğulandan bu  keyfiyyət  onda  hazır 

olduğundan, ona nəyisə aşılamağa ehtiyac yoxdur. Sadəcə, dünyaya gələn hər insanın həyatını elə qurmaq 

lazımdır ki, o, intolerant təsirlər altına düşməsin və onda müvafiq keyfiyyətlər yaransın. 

Digər bir ideyaya görə isə hər insanın təbiətində aqressivlik və intolerantlıq var. Lakin sosializasiya 

prosesində sıxışdırılmalarına baxmayaraq, onlar özlərinə xaricə çıxmaq üçün yol tapırlar. Həmin fikirə görə 

əsas problem insanların tolerantlığa öyrədilməsi və buna nə dərəcədə nail olunması məsələsidir. 

Göründüyü kimi bu fikirlər bir-birindən fərqlənir. Lakin insanın intolerant təsirləri altına düşməməsi 

ona  tolerantlığın  öyrədilməsi  fikirlərinin  reallaşdırılması  müvafiq  keyfiyyətlərin  formalaşdırılması  və 

tərbiyəsini tələb edir. 

Tolerantlığın formalaşdırılması məsələsini nəzərdən keçirərkən məlum olur ki, onu özlüyündə ayrıca 

bir keyfiyyət kimi formalaşdırmaq qeyri-mümkündür. Çünki o, bir sıra vacib psixoloji cəhətləri özündə 

ehtiva  edən  kompleks  keyfiyyətdir.  Bura  şəxsi  və  qrup  dəyərləri  sistemini,  pozitiv  yönəlişlər,  psixoloji 

sabitlik, fərdi-psixoloji keyfiyyətləri aid etmək olar. 



Buna  müvafiq  olaraq  hesab  edirik  ki,  tolerantlığın  formalaşdırılması  prosesi  eyni  zamanda  iki 

istiqamətdə aparılmalıdır: 



1.  Kütləvi,  qrup  səviyyəsində.  Burada  bütövlükdə  cəmiyyətin  dəyərlər  sisteminə,  dünyagörüşünə, 

münasibətlərinə və s. tolerantlıq məsələlərinə mane olan mövcud stereotiplərin dəyişdirilməsini nəzərdə 

tuturuq. Bu səviyyədə məqsədlərə çatmaq üçün KİV-dən, sosial reklamlardan, bədii əsər nümunələrindən, 

kinofilmlərdən və cəmiyyətə təsir effektinə malik digər vasitələrdən istifadə oluna bilər. 

2. Fərdi səviyyədə. Burada tolerant şəxsiyyət üçün müvafiq keyfiyyətlərin formalaşdırılması nəzərdə 

tutulur. Bunun üçün qrup psixoterapiyası və sosial-psixoloji treninqləri ən effektiv metod hesab edirik. 

Bu məqamda qarşıya belə bir sual çıxa bilər: «Tolerant şəxsiyyət üçün müvafiq keyfiyyətlər» dedikdə 

nə nəzərdə tutulur? Biz bu keyfiyyətləri təmkinlilik, səbrlilik, nikbinlik, hər şeydə müsbət tərəfi görə bilmə, 

özünəinam, empatiya, sülhsevərlik, nəzakətlilik, humanizm, əməkdaşlığa meyllilik kimi müəyyən etmişik. 

Həmin cəhətlərin şəxsiyyətdə inkişafı və formalaşdırılması tolerantlıq istiqamətində atılmış addım hesab 

oluna bilər. 

Beləliklə də, tolerantlığın cəmiyyətdə artırılması üçün onun ayrı-ayrı komponentlərinin insanlarda 

inkişaf etdirilməsi və formalaşdırılması prosesinə diqqət ayrılmalıdır. 

Bütün bu qeyd etdiklərimizdə biz «tolerantlıq prinsipindən» çıxış edərək yalnız pozitiv cəhətlərin 

üzərində  mərkəzləşsək  də  bu  prosesin  uğurlu  alınması  üçün  neqativ  məqamları  da  nəzərdən  qaçırmaq 

olmaz. Yəni şəxsiyyətin tolerantlığına mane olacaq psixoloji keyfiyyətlərin aradan qaldırılması məsələsi 

tolerantlığın inkişafı və formalaşdırılması prosesində diqqət mərkəzində saxlanılmalıdır. Lakin intolerant 

keyfiyyətlər kimi nəzərdə tutulan səbrsizlik, konfliktə, stereotipləşdirməyə meyllilik, eqoizm, eqosentrizm, 

kinlilik, kobudluq, paxıllıq və s. kimi mənfi xüsusiyyətlərin aradan qaldırılması, hansısa müsbət cəhətlərin 

formalaşdırılmasından  daha  çətin  və  mürəkkəb  bir  prosesdir.  Bunu  nəzərə  alaraq,  bu  istiqamətdə 

psixoprofilaktika tədbirlərin görülməsi daha məqsədəuyğun olardı. 

İntolerantlığın  sosial  münasibətlərdə  təzahür  edən  ən  kəskin  forması  ksenofobiya  hesab  olunur. 

Ksenofobiya – fərqli millətə, dinə, adət-ənənələrə, mədəniyyətə, düşüncəyə və s. malik ayrı-ayrı insanlara, 

bütöv qruplara qarşı qorxu, düşmənçilik, nifrət hissinin bəslənilməsidir. Bu təzahürün psixoloji funksiyası 

başqalarından müdafiə olsa da, məqsədi – qismən, yaxud mütləq mənada təcrid olunmadır. Ksenofobiya 

xurafatın formalaşmasının əsas  psixoloji  mexanizmidir.  Bu  münaqişə  və  müharibələrin  psixoloji səbəbi 

hesab olunur, çünki ksenofobiyaya həmişə cavab reaksiyası gəlir. 

Sosial  münasibətlərdə  dözümsüzlük  bəşəriyyət  tarixində  həmişə  mövcud  olmuş  və  bir  çox 

müharibələrin, dini və ideoloji qarşıdurmaların əsasında dayanmış, onları şərtləndirmişdir. 

Bu  sahədə  aparılan  tədqiqatlar  göstərir  ki,  insanlardakı  intolerantlığın,  dözümsüzlüyün  kökləri 

aşağıdakılara gedib çıxır: 



■  Cəhalət  və  qorxu.  Dərk  etmədiyi,  məlumatsız  olduğu  şeylər,  başqa  mədəniyyətlər,  millətlər  və 

dinlər qarşısında qorxu. 

Bəzən  həmişə  ehtiyat  etdiyi,  qeyri-adi  bir  mədəniyyət,  dinin  daşıyıcısı  hesab  etdiyi  insanların 

içərisində yaşamaq məcburiyyətində qalması, insanın cahillikdən, qorxulardan azad olmasına, «Onlar da 

mənim kimi, insandır» fikrinə gəlib çıxmasına səbəb olur. 



■ Özünü, öz dəyərlərini, millətini, dinini hipertrofik dərəcədə yüksək qiymətləndirmə, müştəbehlik. 

İnsanlar  arasındakı  fərqlər,  müxtəlifliyin  necəliyindən  asılı  olmayaraq,  dil,  din,  rəng,  cins  və  s. 

təhlükə, qorxu hissi yaratmaq əvəzinə, maraq oyatmalı və insanı zənginləşdirməlidir. 

İrqi, dini, ideoloji mövzularda fanatizm, stereotiplər, təhqir və ya istehza, zarafatlar – bütün bunlar 

sosial  münasibətlərdəki  dözümsüzlüyün  konkret  nümunələridir.  Dözümsüzlük  qarşılıqlı  dözümsüzlük 

yaradır. Burada məhz «Nə əkərsən, onu da biçərsən» deyimi prosesin mexanizmlərini açmış olur. 

Cəmiyyətdəki  dözümsüzlüklə  mübarizə  aparmaq  üçün  cəmiyyətin  hər  vətəndaşı  öz  davranışı, 

düşüncələri,  münasibətləri  üzərində  düşünməli,  inamsızlıq  və  zorakılığın  bumeranq  effektinə  malik 

olmasını dərk etməlidir. Bu inamsızlıq, dözümsüzlük, nifrət, kin, düşmənçilik halqası haradasa qırılmasa, 

o, elə beləcə də dövr edəcəkdir. Bizim hər birimiz cəmiyyətdəki dözümsüzlüyün, zorakılığın, inamsızlıq 

zəncirinin bir halqasında durduğumuzun məsuliyyətini tam şəkildə dərk edərək, onları qıra bilsək, bir çox 

problemlərdən qurtulmuş olarıq. 



 

Yüklə 27,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə