“Dövlət və Din”. 2010.№4. S. 85-92. XriSTİanliq və onun azərbaycanda yayilmasi lalə MÖVSÜmova



Yüklə 202,02 Kb.
Pdf görüntüsü
tarix11.09.2018
ölçüsü202,02 Kb.
#67909


“Dövlət və Din”.-2010.-№4.-S.85-92.

XRİSTİANLIQ VƏ ONUN AZƏRBAYCANDA YAYILMASI

LALƏ MÖVSÜMOVA, 

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, fəlsəfə elmləri doktoru

Xristianlıq  I  əsrdə  Roma  imperiyasının  şərq  hissəsində  meydana  gəlmişdir.  Bu  din  Roma  imperiyasının

süqutuna  gətirib  çıxarmış quldarlıq  quruluşunun  kəskin  sosial-iqtisadi,  siyasi  və  mənəvi  böhran  keçirtdiyi  dövrdə

yaranmışdı. Sosial-iqtisadi sahədəki dərin böhrana ruhani mühitindəki gərginlik də qoşulmuşdu. Odur ki, xristianlıq

tarixi şəraitdən doğan bir hadisə kimi meydana gəldi.

Xristianlığa  etiqad edənlər sosial həyat şəraitinin dəyişdirilməsini, bərabərlik və ədalətin bərqərar olmasını

arzulayırdılar. Yaranmış vəziyyətdə özünü gücsüz hiss edən yoxsullar ümidlə səmaya üz tutur və bir "qurtarıcını"

gözləyirdilər. Belə bir qurtarıcı obrazı İsa adlı bir yəhudidə təzahür etdi.

İsa peyğəmbərin (ə) b.e.ə 4-cü ildən b.e. 30-cu ilinədək ömür sürdüyü güman edilir. Xristian rəvayətlərinə

görə, o, mal-qara axurunda doğulmuş, 33 yaşında ikən xaç üzərində çarmıxa çəkilərək ölmüşdür.

Həzrət İsa (ə) bir sətir də olsun yazı yazmamışdır. Ancaq ölümündən uzun müddət sonra ardıcılları vaxtilə

onun  həyatında  baş  vermiş  hadisələri  toplamış  və  gələcək  nəsillərə  ibrət  olmaq  üçün  yazıya  almışlar.  Bu  yazılar

"İncil"lər  -  "Müjdə"lər  adlanır.  Onlardan  ən  qədimləri  təxminən  50-ci  illərə  aiddir.  397-ci  ilədək  Əhdi-Cədidin

("Yeni Əhd"in - vəsiyyətin) məzmunu tam müəyyənləşmişdi. Ora dörd İncil (Müjdə) - Mattanın, Markın, Lukanın

və  Yəhyanın  müjdələri,  onlardan  başqa  "Həvarilərin  işləri",  Pavelin  və  digər  həvarilərin  məktubları

(müraciətnamələri)  və  "Allahın  müqəddəs  həvari  Yəhyaya  (İohana)  verdiyi  vəhy"  (İohanın  yuxuları)  daxil

edilmişdir (1).

İsa  peyğəmbərin  (ə)  həyatı haqqın-da  məlumat  verən  tək  mənbə  Əhdi-Cədiddir.  Burada  Həzrət  İsanın  (ə)

anadan olmasından əvvəl baş vermiş hadisələr, bakirə halında hamilə qalmış anası Məryəm və özünün ölümün-dən

sonrakı hadisələr yetərincə geniş təsvir edilir.

Xristian  dininin  əsasında  İsa  Məsihin  (ə)  günahyuma  (kəffarə)  missiyasına,  yəni  bəşəriyyətin  günahını

yuyan bu şəxsin əzabkeş ölümünə inam durur. Bu dinə görə, gələcəkdə Həzrət İsanın (ə) ikinci gəlişi gözlənilir. O

zaman insanlar sorğu-suala çəkiləcək, hər kəs öz əməllərinə görə Uca Yaradandan cəza, yaxud mükafat alacaq və

sonda  ilahi  səltənət  bərqərar  olacaq.  Bu  doqmatik  müddəalarda  (ehkamlarda)  xristianlığın  mahiyyəti  ifadə

olunmuşdur.

Yeni  dini  sistem  bəzən  ziddiyyətli,  hətta  bir-birinə  məntiqi  cəhətdən  uyğun  gəlməyən  ideyalar

kompleksin-dən  ibarət  idi.  Bu  daha  çox  onunla  izah  olunurdu  ki,  xristianlıq  xalqların  bir-birilə  təmaslarının

gedişində inkişaf  edir və özünəməxsus sosial-iqtisadi, mədəni və etnik şəraitdə işlənib hazırlanan müxtəlif "dünya

modelləri"ni birləşdirirdi.

Deməli, xristianlıq orijinal təlim kimi yaranmamışdır. O, özündən qabaqkı dinlərin təsirindən azad deyildi.

Xristian  dini  təliminin  və  kultunun  elmi  təhlili  onda  Şərq  dini  sistemlərindən  dini-fəlsəfi  planda  çoxlu  alınma

cəhətlərin olduğunu göstərir (2).

Xristianlığı başqa dinlərdən ayıran cəhət  insanların günahlarını yumaq  üçün  özünü  könüllü  olaraq  qurban

verən vasitəçi (şəfaətçi) ideyası idi. Xristianlıq bu ideya ilə etnik mənsubiyyətindən asılı olmayaraq, bütün xalqlara

müraciət edir.

Xristian  əxlaqının  əsas  xüsusiyyətinə  misal  kimi  rifah  (nemət)  naminə  əzabkeşlik,  bütün  günahların

bağışlanması  (ümumi  əfv),  düşmənləri  sevmək,  düşmənə  və  hər  hansı  şərə  (pisliyə)  müqavimət  göstərməmək

(düşməncəsinə və pisliklə cavab verməmək) və s. haqqındakı xristian təlimini göstərmək olar. Lukanın Müjdəsində

(6:27-28)  İsaya  (ə)  məxsus  sətirlərdə  o,  deyir:  "Amma,  ey  Məni  dinləyənlər,  sizə  deyirəm:  düşmənlərinizi  sevin,

sizə nifrət edənlərə yaxşılıq edin. Sizə lənət oxuyanlara xeyir-dua verin və sizə əziyyət verənlər üçün dua edin".

Qeyd  etmək lazımdır  ki,  İsa  Məsih  (ə)  bu  təlimi  yalnız öyrətmir,  öz  həyatına  da  onları tətbiq  edirdi,  yəni

təbliğ  etdiklərinə  uyğun  həyat  sürürdü.  İsanın  ona  əziyyət  verənlər  üçün  Allaha  etdiyi  son  yalvarış  duası diqqəti

cəlb edir: "Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər" (Lukanın Müjdəsi 23:34).

Bütün  günahların bağışlanması prinsipi  Mattanın Müjdəsində  də  (5:38-48)  qeyd  olunmuşdur:  "Gözə  göz,

dişə diş - deyildiyini eşitmisiniz. Mən isə sizə deyirəm: pisliyə müqavimət göstərmə, əksinə, kim sənin sağ yanağına

vurarsa, ona sol yanağını da çevir. Və əgər biri məhkəməyə gedib, sənin köynəyini almaq istərsə, ona üst paltarını

da ver... "Qonşunu sev və düşməninə nifrət et" - deyildiyini eşitmisiniz. Mən isə sizə deyirəm: düşmənlərinizi sevin,

sizə lənət oxuyanlara xeyir-dua verin, sizə nifrət  edənlərə yaxşılıq edin, sizə əziyyət  verib təqib edənlər üçün dua

edin ki, siz Atanızın oğulları olasınız. Çünki O, Öz günəşinə əmr edir ki, pis və yaxşı adamların üzərinə doğsun...

Beləliklə, Səmavi Atanız kamil olduğu kimi, siz də kamil olun".

Xristian əxlaqı, habelə çoxlu ümumbəşəri əxlaq prinsiplərini, ən sadə mənəviyyat normalarını əhatə edir ki,

onları gözləmədən  hər  hansı birgə  yaşayışın  mövcudluğu  mümkün  deyil.  Öz  qonşusuna  qarşı  qəddarlıq,  xəyanət,

satqınlıq,  əxlaqsızlıq,  valideynlərə  (ata-anaya)  və  böyüklərə  qarşı  saymazlıq  kimi  hallar  da  xristianlıqda  kəskin

tənqid olunur. Bəzi sadə mənəviyyat normaları "ilahi nəsihətlər (ehkamlar)" şəklində Bibliyaya daxil olmuşdur.




Bibliya dini, tarixi və ədəbi abidələrin toplusundan ibarətdir.  Bunlardan  dinə  aid  olanlar  içində  apokriflər

(kilsənin  müqəddəs  kitablar  sırasına  daxil  etməyib,  qadağan  etdiyi  üçün  gizli  saxlanan  və  yayılan  ədəbiyyat)  də

vardır. Tarixə aid olanlar - İsus Navinin və Hakimlərin kitabları, Səltənətlərin və Paralipomenonun kitabları, qismən

İsaiya  və  İeremiya  peyğəmbərin,  bəzi  kiçik  peyğəmbərlərin  kitabları,  I  Yezdranın,  Neemiyanın,  Makkoveyin  üç

kitabıdır,  tarix  üçün  Zəbur  surələri  də  müəyyən  məlumatlar  verir;  ədəbiyyata  aid  olanlar  -  böyük  sayda  qədim

nağıllar və miflər - Varlıq kitabının ilk 11 fəsli və yəhudi xalqının əcdadları (ulu babaları) - qəbilə başçıları Avraam

(İbrahim), İshaq, Yəqub və onun  12  oğlu haqqında  fəsillər,  Qanunverici  Musa  haqqında  mif,  yəhudilərin  Misirdə

olmaları və b., habelə hakim İeffay və onun qızı haqqında, Tovit, İudif, Ruf, Esfir və Susanna haqqında, Əzabkeş

İov  (Eyyub)  haqqında  əzabın  mənasına  dair  poema  (qəsidə),  məhəbbət  haqqında  "Mahnılar  Mahnısı"  ("Qəzəllər

Qəzəli") poeması (qəsidəsi), təbiətə həsr olunmuş çoxlu mahnı və dastan. Bibliyada tibbə və sanitar-gigiyenaya dair

göstərişlər də var (Levitin kitabının 13-cü fəsli, Yəqubun müraciətnaməsi, 5:14-15) (3; s. 315-317).

Bibliya  bir  dəfəyə  yazılmış  kitab  deyil,  onu  15  əsr  (b.e.ə.  XIII  -  b.e.  II  əsri)  ərzində  müxtəlif  müəlliflər

yazmışlar. Onun redaktə olunması isə b.e. IV əsrinədək davam etmişdir. Bibliya 39 kitabı əhatə edən Əhdi-Ətiqdən

(Köhnə  əhddən)  və  I-II  əsrlərdə  yazılmış  27  özünəməxsus  xristian  kitabı  toplusunu  əhatə  edən  Əhdi-Cədiddən

(Yeni əhddən) ibarətdir.

Rəvayətlərə görə, Həzrət İsa (ə) vaxtının çoxunu öz şagirdlərinə ayıraraq onlara təlim keçirdi.

Həzrət İsanın (ə) nəsihətlərinin əsasını Allaha sevgi təşkil edir: "Allahın olan Rəbbi bütün ürəyinlə, bütün

canınla və bütün düşüncənlə sev" (Mattanın Müjdəsi, 22:37). İkinci nəsihətdə isə deyilir: "Qonşunu özün kimi sev"

(Mattanın Müjdəsi, 22:39).

Qeyd  etmək  lazımdır  ki,  Həzrət  İsa  (ə)  nəsihətini  qədim  yəhudilərin  "Çıxış" (Misirdən  -  M.L.)  və  "İkinci

Qanun" kitablarına daxil olan ilahi nəsihətlərdən (təqribən b.e.ə. IX-VII əsrlər) götürmüşdür. Ancaq Həzrət İsa (ə)

onları təfsir  (4;  s.  8,  24)  edərkən  dərindən  və  ətraflı  şərh  etməyə  çalışmışdır.  O,  izah  edirdi  ki,  təkcə  əməllərin

(hərəkətlərin)  deyil,  hər  şeydən  əvvəl  insan  ürəklərinin  (qəlblərinin),  onların  niyyətlərinin  vəziyyəti  mühümdür.

Burada istər-istəməz Məhəmməd peyğəmbərin (ə) məşhur hədisi yada düşür: "Əməllər niyyətlərə bağlıdır...". Xalq

dilində  dolaşan  bu  müdrik  kəlam  da,  sanki  hər  iki  dinin  irəli  sürdüyü  həmin  etik  prinsipin  təsdiqindən  ötrü

deyilmişdir: "Niyyətin hara - mənzilin ora".

Xristianlıqda  qadına  münasibət  tarixi  inkişafın  müxtəlif  mərhələlərində  eyni  deyildi.  Məsələn,  xristian

icmalarının  yaranmasının  ilkin  mərhələlərində  qadına  münasibət  daha  sonralar  olduğundan  köklü  surətdə

fərqlənmişdir.

Sözsüz,  möhkəm  ailənin  əsasını  qadın  təşkil  edir.  Böyüməkdə  olan  nəslin  mənəvi  tərbiyəsi  elə  qadınla

bağlıdır.  Xristianlıqda  bütünlükdə ailəyə dini tərbiyə aləti  kimi baxılır, onlara bacardıqca öz icmasından  olanlarla

evlənməyi məsləhət görülürdü. Əgər, belə ittifaq (evlənmə) mümkün olmazdısa, onda xristian kişi və ya qadın səy

etməli idi ki, həyat yoldaşını öz dininə gətirsin.

Əhdi-Ətiqdə  (5)  və  Əhdi-Cədiddə  (6)  imana  münasibət  bir  qədər  fərqlidir.  Məsələn,  Əhdi-Cədiddə

toplanmış  mənbələrdəki  ailə  və  nikah  haqqında  qanunlar  ilk  xristian  icmalarının  sosial  tərkibinin  rəngarəng

mənzərəsini və xristianlıq ideologiyasının mövcudluğunun birinci dövründəki mürəkkəb inkişafı əks etdirir.

Artıq  yuxarıda  qeyd  olunduğu  kimi,  ilk  xristian  icmalarına  qullar  və  azad  əhalinin  yoxsul  təbəqələrinin

nümayəndələri də daxil idi. Bunlar həm qadınlar, həm də kişilər idilər. Həvari məktublarının (müraciətnamələrinin)

xəbər verdiyi kimi, ilk demokratik xristian icmalarında nisbətən azad adətlər mövcud idi. Burada qadın mühüm rol

oynayırdı.

Deyilənlərin  təsdiqi  üçün  alman  tarixçisi  L.Fridlenderin  "Roma  adətləri  tarixi"  əsərindən  bir  fikri  misal

gətirmək istərdik: "Xristian təlimi ilk növbədə qadınların ürəklərini alovlandırdı və onun təbliğatçıları, sözsüz, yeni

dinin  yayılması  üçün  onların  həssaslığının  (onu  qavramasının)  necə  böyük  əhəmiyyəti  olduğunu  başa  düşməyə

bilməzdilər. Məlum olduğu kimi, xristianlıq əvvəllər cəmiyyətin aşağı təbəqələri arasında tanınmışdı.  Bütpərəstlər

daha  iki  əsr  boyu  istehza  ilə  deyirdilər  ki,  yeni  icmalar,  əsasən,  xırda  adamlardan,  sənətkarlardan  və  qoca

qadınlardan  təşkil  olunmuşdur,  xristianlar  yalnız  ən  sadəlövh  və  alçaldılmış  adamları,  yalnız  qulları  və  uşaqları

özlərinin dininə gətirə (inandıra) bilirlər" (7; s. 99).

Bütün bu deyilənlər islam dininin gəlişinə qədər xristianlaşmış Albaniya əhalisi, eləcə də onların qadınların

mənəviyyatının formalaşmasına a; təsir göstərməmişdi.

Xristian  kilsəsi  Azərbaycanda  feodal  istehsal  üsulunun  bərqərar  olduğu  dövrdə  meydana  gəlmişdi.  Hələ

xristianlığın  dövlət  dini  kimi  tanınmasından  əvvəl,  eramızın  ilk  əsrlərində  Azərbaycan  ərazisinə  Yerusəlimdən,

Suriyadan xristian missionerlər gələrək icmalarını yaratmışdılar.

Qaynaqlarda  I  əsrdə  apostol  Fomanın  (ona  "ilk  şərqli  [apostol]"  adı  verilmişdi)  midiyalılar  və  farslar

arasında  moizələr  oxuduğu  haqqında  çoxlu  məlumatlar  vardır.  Suriya  mənbələri  isə  göstərir  ki,  Gilan  sakinlərini

apostol Faddey xristianlaşdırmışdır. 224-cü il-də isə, artıq Deyləmdə yepiskopluq mövcud idi.

Xristianlığın  Albaniyada  yayılması  haqqında  maraqlı  məlumatlara  tarixçi  Fəridə  Məmmədovanın

tədqiqatlarında  rast  gəlirik.  Onun  fikrincə,  Albaniyada  xristianlığın  yayılması  apostol  Varfolomey  və  Faddeyin

adları ilə bağlıdır. Bununla əlaqədar tədqiqatçı alim Moisey Kalankatuklunun verdiyi bu məlumatları misal gətirir:

"Ancaq elə ki, həqiqət günəşinin zühur (üzəçıxma) zamanı gəlib çatdı və bizim xilasımız, ağlabatmaz (ağılçatmaz)

varlıq,  şöhrət  işığı  və  Atanın  varlığının  zühuru  [vaxtı]  yetişdi  və  [O]  təcəssümü  bütünlüklə  başa  vurub,  varlığın




şöhrət  zirvəsində  əyləşərək,  [bir  daha]  oranı  tərk  etmədi.  O,  şagirdlərini  moizələr  oxumaq  üçün  dünyanın  hər

tərəfinə  göndərdi.  Bizim  tərəflərin  Şərq  camaatının  qismətinə  müqəddəs  apostol  Faddey  düşdü..."  (8;  s.  213).

Alimin fikrincə, burada Şərq dedikdə Albaniya başa düşülür.

Ondan  başqa,  Moisey  Kalankatuklunun  "Ağvan  tarixi"ndə  dəfələrlə  qeyd  olunur  ki,  Faddeyin  şagirdi

Yelisey  Yerusəlimdən  göstəriş  alaraq  Albaniyada,  yəni  Zaqafqaziyada  ilk  kilsənin  əsasını qoydu.  F.Məmmədova

çoxillik  araşdırmalarının  sayəsində  bu  nəticəyə  gəlir  ki,  Albaniyada  xristianlığın  qəbul  olunub  yayılması  iki

mərhələdə  baş  vermişdir.  Birinci  dövr  sirofil  (surofil,  Suriya  missionerliyi)  dövrü,  ikinci  -  qrekofil  (yunanofil,

yunan missionerliyi) dövrüdür.

Birinci  dövr  (I-III  əsrlər)  xristianlıq  ideyalarının  əhali  arasında  sürətlə  yayılması  ilə  səciyyələnir.  Etnik

rəngarənglik,  politeizmin  (çoxtanrılığın)  hökmranlığı  bunun  üçün  əlverişli  zəmin  yaratmışdı.  Ancaq  Sasanilər

dövlətinin yüksəlişi, onun düşmənçilik siyasəti iki əsrin nəticələrini puça çıxartdı. Odur ki, xristianlıq ölkədə rəsmi

olaraq yalnız IV əsrdə (bu artıq ikinci dövrdür) tanındı.

Xristianlığın dövlət dininə çevrilməsi missioner Qriqorinin və 313-cü ildə xristianlığı dövlət dini elan etmiş

alban hökmdarı Urnayrın adı ilə bağlıdır.  Urnayrın bu addımı atması və varislərinin bu işi davam etdirməsi daxili

istəkdən,  inamdan  və  xristianlığa  olan  meyldən  daha  çox  siyasi  məqsədlərlə  bağlı  idi.  Urnayrın  rəhbərliyilə

hakimiyyətdə olan Arşakilər sülaləsi monoteist (təkallahlıq) dinin köməyilə tayfaları birləşdirib zərdüştiliyin hakim

olduğu  Sasanilərə  qarşı  çıxmaq  istəyirdi.  Sasanilərin  hakimiyyəti  altında  olan  xristian  xalqlara  qarşı  siyasəti  isə

məlum olduğu kimi, birmənalı deyildi. IV əsrin əvvəlində xristianlığın Şərqi Roma imperiyasında qələbəsilə bağlı

bu  siyasətdə  bəzi  dəyişikliklər  baş  verdi.  Dəyişikliklər  sasani  hökmdarların  rəsmi  kilsəyə  müxalif  olan  müxtəlif

xristian məzhəblərinin tərəfini saxlaması ilə nəticələndi. Bu da öz növbəsində ona gətirib çıxardı ki, V əsrin ikinci

yarısında  sasani  dövləti  xristianlığın  nəsturilik  istiqamətinə  yönəldi  (484-cü  ildə  keçirilmiş  Bet  Lapat  kilsə

yığıncağında). 

Sara Qasımova öz tədqiqatında  Şərqi Suriya kilsəsinin Azərbaycan  ərazisində  yerləşən  yepiskopluqlarının

21 addan ibarət tam siyahısını verir(9; s. 104-105).

"Ağvan  tarixi"nin  müəllifi  də  Yerusəlimdə  tikilmiş  və  başında  albanların  durduğu  Panda,  Partova,

Kalankatuka, Artsax, Amaras və s. bu kimi çoxsaylı məbədlərin adlarını çəkir.

Ərəblərin  və  monqolların  hakimiyyəti  dövründə  Azərbaycanda  xristianlıq  da  atəşpərəstlik  kimi,  geniş

yayılmış dinlərdən idi. Müstəqil alban katolikosluğunun erməni katolikosluğu ilə gərgin mübarizəsinə baxmayaraq,

o, XIX əsrədək mövcudluğunu qoruyub saxlaya bilmişdi.

Şimali  Azərbaycanda  xristianlığın  İsa  Məsihdə  (ə)  Allah  və  insan  təbiətinin  yox,  bir  Allah  təbiətinin

olduğunu  qəbul  edən  ortodoksal  monofizitçilik  (10;  s.  199)  təriqəti  qəbul  olunmuşdu.  Onun  əleyhinə  yönəlmiş

bidətçi istiqamət (cərəyan) pavlikanlıq idi.

Bu təlim ərəblərin və yerli feodalların ikiqat zülmünə qarşı yönəlmişdi. O, Azərbaycanda artıq  VII əsrdən

Girdman  və  Beyləqan  vilayətlərində  yayılmağa  başlamışdı (11;  s.  213-219).  Bu  təlimin  əsasını iki  başlanğıcın  -

xeyrin  və  şərin  mübarizəsi  təşkil  edir.  Bu  mübarizədə  kamilləşmə  yolu  ilə  yaxşı,  yəni  ruhani,  səmavi  səciyyəli

başlanğıcın qələbəsinə nail olmağı bacaran insana xüsusi yer verilir. Pavlikan təlimi başdan-başa xeyrin qələbəsi ilə

aşılanmışdı.  Bu  təlimdə  İsa  Məsihə  (ə)  mələklərdən  birinin  və  xeyir  tanrısının  oğlunun  rolu  verilir.  Ancaq  onlar

peyğəmbərlərə və müqəddəslərə sitayişi, eləcə də rahibliyi qəbul etmirlər. Azərbaycan pavlikanları məhv edilmək

qorxusu  altında  iki  düşərgəyə  bölünmüşdülər.  Onlardan  bəziləri  Bizansa  qaçmağa  məcbur  olmuş,  başqaları İslam

dinini qəbul etmişlər.

Azərbaycanda  IV  əsrin  başlanğıcında  dövlət  dini  elan  olunub,  hökmdarın, sarayın, feodal  əyanların qəbul

etdiyi, əhali arasında zorla yayılan xristianlıq ümumxalq dininə çevrilərək geniş yayılmadı.

Əsasında təbiət qüvvələrinə ibadət olan qədim yerli inanclar, Zərdüştiliyin, Maniliyin ehkamları yaşamaqda

davam edirdi. Alban hökmdarları bu inanclara qarşı amansız mübarizə apararaq onların kökünü kəsmək istəyirdilər.



ƏDƏBİYYAT

1. İncil. Əhdi-Cədid. Rəbb İsa Məsihin xoş xəbəri. Bibliya Tərcümə İnstitutu, 1995.

2.  СИ.  Ковалев.  Основные  вопросы  происхождения  христианства.  М.-Л.,  "Наука",  1964;  Я.А.

Ленцман.  Происхождение  христианства.  М.,  Изд.  АН  СССР,  1960;  М.М.  Кубланов.  Возникновение

христианства.  Эпоха.  Идеи.  Искания.  М.,  "Наука",  1974;  А.В.  Журавский.  Христианство  и  Ислам.  М.,

"Наука",  1990;  Н.Н.  Рознталь.  Христианство,  его  происхождение  и  сущ ность.  М.,  Мин.  Обороны  СССР,

1960; И. С. Свенцицкая. Раннее хрис тианство: страницы истории. М., "Политиздат", 1987.

3. Настольная книга атеиста. Издание 8, исправленное и дополненное. Изд. Полит. Литер. М., 1985.

4. Tusi N. Təzkirə (Ağazu Əncam; Mədbə və məad). Fars və ərəb dilindən tər-cümə edən Ə. Əmirəhmədov.

Bakı, "Nurlan", 2002.

5. Əhdi-Ətiq. Tövratın birinci kitabı. Yaradılış. Bakı, "Kitab" şirkəti, 2000.

6. İncil. Əhdi-Cədid. Rəbb İsa Məsihin xoş xəbəri. Bibliya. Tərcümə İnstitutu StokHolm, 1996.

7. E. Вардиман. Женщина в древнем мире. М., "Наука", 1990.

8. Məmmədova F. Azərbaycanın (Albaniyanın) siyasi tarixi və tarixi coğrafiyası. Bakı, "Azərnəşr", 1993.




9.  С.Ю.  Касумова.  Азербайджан  в  III  -  VII  вв.  (этно-культурная  и  социаль но-экономическая

история). Баку, "Элм", 1993, с. 104-105.

10. Ateistin cib lüğəti (rus dilindən tərcümə edən İzzət Rüstəmov). Bakı "Azərnəşr", 1987.

11. Bünyadov Z. Azərbaycan VII - IX əsrlərdə. Bakı, "Azərnəşr", 1989.



РЕЗЮМЕ

Христианство и его распространение в Азербайджане

Христианство зародилось в I веке в восточной части Римской импе рии. Эта религия появилась в тот

период,  когда  приведший  в  упадок  Римскую  империю  рабовладельческий  строй  переживал

социально-эко номический, политический и духовный упадок.

В  Азербайджане  христианская  церковь  зародилась  в  период  фео дального  строя.  Провозглашение

христианства  государственной  ре лигией  связано  с  именем  миссионера  Григория  и  именем  Албанского



правителя Урнайра провозгласившего христианство в 313-ом году го сударственной религией.

Yüklə 202,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə