“Dövlət və Din”.-2015.-№ 2(31).-S.9-13.
DİN VƏ TERRORİZM
Aytən Hacıyeva,
AMEA-nın Gəncə Regional Elmi Mərkəzinin elmi işçisi,
flower_212001@yahoo.com
AÇAR SÖZLƏR:
din, terrorizm, Islam, zorakılıq.
КЛЮЧЕВЫЕ СЛОВА
: религия, терроризм, Ислам, насилие.
KEY WORDS:
religion, terrorism, Islam, violence.
Terrorizm günümüzün ən aktual mövzularından biri olmaqla yanaşı, həm də müasir dünyanın ən ağrılı bəlasıdır.
Əslində, yeni hadisə olmayan terror əksər hallarda ayrı-ayrı ölkələrin daxilində cərəyan etdiyindən beynəlxalq aləmin
bir о qədər də ciddi narahatlığına səbəb olmurdu. Hazırda mütəşəkkil cinayətkar fəaliyyətin təzahür forması kimi
tanınan, milli dövlət sərhədlərini adlayan terrorçuluq qlobal təhlükəyə çevrilərək dünya ictimaiyyətini təhdid edir.
Belə bir şəraitdə beynəlxalq birlik dünyanın hər yerində terrorizmin bütün formalarına qarşı mübarizədə birləşməli
olduğu təqdirdə, bu sosial bəlanın səbəblərini hansısa dini əqidələrdə axtarırlar.
Bir çox hallarda dünyada terrorizmin kökündə dinlə bağlı amillərin dayanması fikri daha çox qabardılır. Bu
məsələdə daha çox haqsızlığa, yersiz və əsassız tənqidlərə məruz qalan din isə məhz Islamdır. Müasir dövrdə bir çox
qruplar İslam dini ilə pərdələnərək faciələrlə nəticələnən terrorlar törədirlər. Halbuki İslamın terrorizmə haqq
qazandırması fikri tamamilə yanlış və təhlükəli iddiadır. Çünki terrorizmə ən sərt şəkildə münasibətini bildirən Islam,
terrordan ən çox əziyyət çəkənlər isə müsəlmanlardır. Lakin təəssüf ki, bu gün İslamla terrorizm arasında əlaqə
qurmağa çalışan, onu zorakılığa haqq qazandıran din kimi tanıtmaq istəyənlər var.
[səh. 9-10]
İslam nəzəriyyəsində terrorizm toxumları axtaranların ən çox vurğuladıqları məsələ “Dar-ul-İslam” və “Dar-ul-
Hərb” mövzularıdır. İslam hüququna görə, müsəlman aləmi üçün dünya iki hissədən ibarətdir: “Dar-ul-İslam” -
dünyanın müsəlman olan hissəsi və “Dar-ul-Hərb” - dünyanın müsəlman olmayan hissəsi. “Dar-ul-Hərb”in olduğu
yerlərdə İslamın bərqərar olmasına və yayılmasına çalışmaq müsəlmanlar üçün vacib sayılır. Lakin bunun hansı
formada həyata keçiriləcəyi dövrün tələbinə və şərtlərinə əsaslanmalıdır [1, 10].
İslam tarixində silahlı mübarizə dövrlərinə baxsaq, terrorizmlə bağlı faktlarla rastlaşmaq mümkün deyil. Terror
mübarizə üsulu kimi İslam fəlsəfəsinə yad olduğu üçün əsl müsəlmanlar arasında qəbuledilməzdir. Digər din və etnik
qruplara humanist yanaşma İslam dininin əsas prinsiplərindəndir. İslamın ümumbəşəri humanist xarakteri ona etiqad
edən insanları irqçilikdən, faşizmdən, terrorizmdən uzaqlaşdırmış və tolerantlığa, insanpərvərliyə, ədalətliliyə,
Allahın insanlara verdiyi azad seçim və digər hüquqlara hörmətlə yanaşmağa təşviq etmişdir. Bununla belə, İslam
dininin humanist fikirlərinə kölgə salan insanlar da var. Cihad adı altında mülki obyektlər partladılır, insanlar
öldürülür. Amma bu terror qruplarının və onların törətdikləri hərəkətlərin İslam dininə nə dərəcədə aidiyyəti var?
Doğrudanmı, cihad qeyri-müsəlmanların qanını axıtmaqdır? Çox vaxt müsəlman ölkələrində fəaliyyət göstərən
sağlam dini təmayüllü qruplarla terrorçu təşkilatlar eyniləşdirilir. Halbuki dini təmayüllü qrupların terrorçu qruplarla
ortaq xüsusiyyətləri çox olsa da, aralarında fərqli cəhətlər var. Sağlam dini təmayüllü təşkilatlar məqsəd və
məramlarına çatmaq üçün fəaliyyətlərində qanunazidd metodlardan yararlanmırlar. Bir sıra Qərb dövlətləri
terrorizmlə İslamın bir araya sığmadığın bildikləri halda, onları təmsil edən bir sıra siyasətçilər bu məsələdə qeyri-
obyektiv mövqe tutur, cəmiyyətin mövqeyini olduğu kimi deyil, əksinə, görmək istədikləri kimi əks etdirirlər. Bu
gün Qərb dünyasında İslama qarşı ədalətsiz, yanlış fikir formalaşıb: guya İslam geriliyi təbliğ edir, inkişafa mane
olur və zorakılığa haqq qazandırır. Bu da öz növbəsində məsələnin mahiyyətindən xəbərdar olmayan dünya
ictimaiyyəti arasında İslam Hininin terrorizmə rəvac verən din olaraq tanınmasına şərait yaradır. Halbuki İslam
sonuncu din olduğu üçün özündən əvvəlki dinlərin bütün müsbət tərəflərini özündə birləşdirib. Hətta müsəlmanların
gündəlik həyatda görüşdükdə belə, ilk sözləri “sənə sülh olsun”dur (əssəlamu-aleykum).
1948-ei ildən sonra müsəlmanlar üçün Şərq-Qərb qarşıdurması mahiyyətcə yeni keyfiyyət almışdır.
Müsəlmanlar sadəcə Yaxın Şərqdə cərəyan edən müəyyən hadisələrdə onlara qarşı haqsızlıq edildiyini düşünərək, bu
ədalətsizliyin səbəbkarı kimi Qərbi günahlandırırlar. Bu şəraitdə Qərb cinayət törədənlərin müsəlmanlar tərəfindən
dəstəklənməsi fikrinin formalaşmasına yol açır [2, 25]. Deməli, Qərb dövlətlərini demokratiyanın, insan haqlarının
beşiyi sayaraq, müsəlman ölkələrindəki terrorçulara “İslam terrorçusu” yarlığı vurmaq qərəzlidir.
Terrorizm, xüsusilə
də “Islam terrorizmi” məfhumu müasir Qərb dünyasının həssaslıqla qoruduğu və təhlükəsizlik məsələlərini şübhə
altına aldığı üçün ortaq düşmən ola biləcək ən uyğun mövzudur. Əslində isə daxili problemləri unutdurmaq və
mövcud şəraiti qorumaq üçün xaricdə ciddi düşmən obrazı yaratmaq və bunu olduğundan daha böyük göstərmək
cəhdləri Qərb siyasətçilərinin taktiki
[səh. 10-11]
addımlarından biri olaraq dəyərləndirilə bilər. Lakin Qərb
dünyasının müsəlman dünyası ilə münasibətlərindəki problemləri sosial-iqtisadi səbəblərlə, yaxud dini məsələlərlə
bağlamaq olmaz. Zorakılığın, terrorizmin səbəblərini dində yox, dini ayrı-seçkilikdə axtarmaq lazımdır. Heç bir din
zorakılığa, dini ayrı-seçkiliyə və terrora haqq qazandırmır. Lakin təəssüf ki, dini ayrı-seçkiliyə yol verən və dini
siyasi məqsədlər üçün vasitəyə çevirmək istəyən qüvvələr var.
Bəşər sivilizasiyasının tarixi təcrübəsinə diqqət yetirsək, görərik ki, dini ekstremizm və terrorizm arasında
qarşılıqlı əlaqə mövcuddur. Ümumiyyətlə, dini amil emosional-psixoloji, ekstremist davranışın, həmçinin terror
fəaliyyətinin təşəkkülündə mühüm rol oynayır. Belə demək olar ki, dini ekstremist fəaliyyət müxtəlif təşkilatların,
qrupların cinayətkar fəaliyyətidir və bunlar din pərdəsi altında həyata keçirilərək konstitusiya quruluşunun zorakı
yolla dəyişdirilməsinə, hakimiyyətin ələ keçirilməsinə, dini ixtilafın qızışdırılmasına və siyasi məqsədlərə nail olmaq
üçün digər zorakılıq aktlarının tətbiqinə yönəldilmişdir.
Əvvəllər müxtəlif ideologiyalar altında həyata keçirilən beynəlxalq terror aktları günümüzdə şəklini dəyişərək
din pərdəsinə bürünmüşdür. Dini terrorizm müxtəlif zamanlarda, əsasən, dini təriqəti qeyri-sivil yollarla yaymaq,
eyni təriqətə sitayiş edən cəmiyyət yaratmaq, “din qardaşlarına” yönələn təzyiqlərə cavab vermək və s. üçün həyata
keçirilir. Adıçəkilən terror növünün daşıyıcıları, əsasən, müxtəlif konsepsiyalara mənsub millətçi-ekstremist və ya
dini-siyasi təşkilatlardır. Bunların arasında İslam fundamentalizminə əsaslanan təşkilatların adları daha çox hallanır.
Əfqanıstandakı əl-Qaidə təşkilatı din pərdəsi altında fəaliyyət göstərən təşkilatlara misal ola bilər [3,5].
Cihada ilk çağırış “Bəqərə” surəsində olmuşdur: “(Ey möminlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda
vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!” [4, Bəqərə, 190]. Göründüyü kimi, Allah
cihada ilk çağırışında müsəlmanlar üçün müharibənin aparılması qaydalarında məhdudiyyətlər qoymuşdur [5,18].
Məlumdur ki, müasir dövrdə bir çox terror qrupları İslam dinindən sui-istifadə edərək öz hərəkətlərinə bəraət
qazandırırlar. Halbuki Islamın mərkəzləşdiyi dövrə qədər dünya humanizm anlayışı və müharibədə mərhəmət
qaydalarından xəbərsiz idi. Qərb isə bu nəzəriyyə ilə ilk dəfə XVII əsr mütəfəkkiri Hüqo-Qrotsio vasitəsilə tanış
olmuşdur.
Hansısa dinin adının terrorla bərabər çəkilməsi yolverilməzdir. Bütün başqa dinlərdə olduğu kimi, İslam dini də
insanları sevgiyə, sülhə, qardaşlığa, qarşılıqlı inam və anlayışa çağırır. Terrorçular mənsub olduqları irqi, milli, dini,
siyasi, sosial vəziyyətindən asılı olmayaraq bütün insanları özlərinə nişan seçmiş fərdlərdir.
Terrorizm və zorakılıq bu gün bəşəriyyətin ən böyük problemlərindən, bəlkə də, birincisidir. Ən pisi odur ki,
dünyada heç bir ölkə və heç kəs terrordan sığortalanmayıb. Lakin terrorizm, separatizm və dini ekstremizmin məhz
türkdilli dövlətlər tərəfindən önə
[səh. 11-12]
çəkilməsi əbəs deyildir. Çünki Azərbaycan erməni terrorizmindən və
separatizmindən, Türkiyə PKK terrorizmindən, Mərkəzi Asiyanın türk dövlətləri isə dini ekstremizmdən əziyyət
çəkiblər.
Məlumdur ki, dinlərə və dini-fəlsəfi cərəyanlara münasibətdə tolerantlığı ilə seçilən Azərbaycan xalqında bu cür
spesifik keyfiyyətin formalaşmasında İslam dininin böyük rolu olmuşdur [6, 58]. Təcavüzkar Ermənistan
Azərbaycan xalqının milli mentalitetindən irəli gələn başqa dinlərə və xalqlara münasibətdə dözümlülük, onlarla
yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşama kimi spesifik xüsusiyyətlərindən sui-istifadə edərək dövlət
səviyyəsində etnik təmizləmə, işğalçılıq siyasəti aparmışdır və aparmaqdadır. Qeyd edək ki, Azərbaycan
Respublikası müsəlman ölkələri içərisində antiterror koalisiyasına birinci qoşulan dövlət hesab olunur.
Ümumiyyətlə, müsəlman dünyasını narahat edən problemlərin Qərb dövlətlərinin iştirakı ilə ədalətli şəkildə həll
olunması həm dünyada sülhün bərqərar olmasına, eləcə də beynəlxalq terrorizmin qarşısının alınmasına böyük təkan
verər. Terrorizmin qarşısını almaq və onu birdəfəlik ləğv etmək bir dövlətin yox, bütün bəşəriyyətin qarşısında duran
təxirəsalınmaz vəzifədir.
ƏDƏBİYYAT
1.
Həsənov A. Beynəlxalq terrorizm. I hissə. Bakı: Əbilov və Zeynalov oğulları, 2003.
2.
Sivilizasiya və terror. Bakı: Azərbaycan Universiteti, 2002.
3.
Beynəlxalq hüquq və diplomatiya. № 2. Bakı Dövlət Universiteti, 2003.
4.
Qurani-Kərim (ərəb dilindən tərcümə edənlər: Z.M. Bünyadov və V.M. Məmmədəliyev). Bakı: Qismət, 2006.
5.
Abdullayev Ə., Əhmədov X. Terrorizm və beynəlxalq cinayətkarlıq. Bakı: 2003.
6.
Beynəlxalq hüquq və inteqrasiya problemləri (elmi-analitik jurnal) № 2 (02). Bakı Dövlət Universiteti, 2005.
[səh.12-13]
Айтен Гаджиева
РЕЛИГИЯ И ТЕРРОРИЗМ
РЕЗЮМЕ
Терроризм является глобальным бедствием для современного мира. Некоторые радикальные и экстремистские
группы, прикрываясь под религиозными лозунгами, совершают теракты. К сожалению немало и таких террористов,
которые совершают преступления от имени Ислама. Автор отмечает, что они не имеют никакого отношения к Исламу и
пытается найти методы борьбы с международным терроризмом. Кроме того, рассматриваются проблемы разжигания
вражды, которые служат политическим целям.
Ayten Hajiyeva
RELIGION AND TERRORISM
SUMMARY
Terrorism is a global disaster for modem world. Some radical and extremist groups commit terrorist attacks under religious
slogans. Unfortunately, there are quite a few terrorists perpetrating crimes in the name of Islam. The author notes in the article
that these actions have no relation with Islam and tries to display the ways of combating international terrorism. Besides that the
article reviews the matters of rousing hatred which is serving to political purposes.